1-5
9-11-ci fəsillərdə Paul İmanlı Cəmiyyətinin həll etməli olduğu ən çətin problemlərdən birinə — yəhudilərin probleminə toxunmağa çalışır. Yəhudilər Allahın seçilmiş xalqı idi. Onlar Allahın planında müstəsna bir yerə sahib idilər. Bununla belə, Allahın Oğlu dünyaya gələndə, yəhudilər Onu rədd etdilər və çarmıxa çəkdilər. Bu necə baş verə bilərdi? Bu paradoksu necə izah etmək olar? Sonrakı fəsillərdə Paulun həll etməyə çalışdığı məhz bu problemdir. Bunlar mürəkkəb və çətin fəsillərdir. Buna görə də onları ətraflı öyrənməyə başlamazdan əvvəl, əvvəlcə Paulun təklif etdiyi həllin əsas xüsusiyyətlərini qeyd etmək lazımdır. Paulun fikirlərini anlamağa başlamazdan əvvəl qeyd etmək yerinə düşər ki, bu fəsillər qəzəblə deyil, ürək ağrısı ilə yazılmışdır. O özünün yəhudi olduğunu heç vaxt unutmurdu. Əgər canını vermək bahasına qardaşlarını İsa Məsihin yoluna inandıra bilsəydi, böyük məmnuniyyətlə bunu edərdi.
Paul İsrailin seçilmiş xalq olduğunu heç vaxt inkar etmir. Allah yəhudiləri Özünə övladlığa götürmüşdü; O, yəhudilərə əhd, məbəd ibadəti və Qanun vermişdi; Allah onlara Öz izzətinin nurunu vermişdi; Allah onlara əcdadlar vermişdi. Ancaq bütün bunlardan ən üstünü o idi ki, İsa da yəhudi idi. Paul yəhudilərin Allahın xilas planında tutduqları xüsusi yeri bir aksioma və başlanğıc nöqtəsi kimi qəbul edirdi.
Paul sorğu-sualsız mühüm bəyanat verir ki, yəhudilər bir xalq olaraq İsanı rədd edib çarmıxa çəkdilər; lakin bu da doğrudur ki, yəhudilərin heç də hamısı Onu rədd etmədilər; bəziləri Onu qəbul edib Ona iman etdi, çünki Məsihin ilk davamçıları yəhudilər idilər. Sonra Paul tarixə nəzər salır və belə nəticəyə gəlir ki, İbrahim peyğəmbərin nəslindən olmaq hələ yəhudi olmaq demək deyil. İsrail tarixində açıq-aydın görünür ki, Allahın təqdiri təkrar-təkrar ona yönəlmişdi — Paul bunu əvvəlcədən təyinetmə adlandırır; nəticədə Allah İbrahim peyğəmbərin nəslindən bəzilərini seçib, digərlərini rədd etmişdi. Məsələn, İbrahimin bilavasitə nəslindən, Rəbbin vədi ilə doğulan oğlu İshaq seçildi, təbii istəkdən doğulan İsmail isə rədd edildi. İshaqla da belə oldu: oğlu Yaqub seçildi, onun əkiz tayı Esav rədd edildi. Allahın seçimi onların xeyirxah olduğuna görə baş vermirdi. Bu seçim yalnız Allahın xüsusi hikmətinin və səlahiyyətinin bəhrəsi idi.
Bundan əlavə, xalq heç vaxt bütövlükdə seçilmirdi; yalnız saleh hissəsi — hamı Ondan üz döndərdiyi zaman Allaha sadiq qalan bir neçə nəfər seçilirdi. İlyas peyğəmbərin dövründə belə idi: İsrail xalqı Baalın ardınca gedəndə, yeddi min yəhudi Allaha sadiq qalmışdı. Bu, Yeşaya peyğəmbərin təliminin vacib hissəsi idi. O deyirdi: «Ey İsrail, xalqın dəniz qumu qədər çox olsa belə, onlar arasından ancaq sağ qalanlar Allaha tərəf dönəcək» (Yeşaya 10:22; Romalılar 9:27). Paulun demək istədiyi odur ki, xalq heç vaxt bütövlükdə seçilmirdi. Seçim həmişə Allahın təqdirinə görə olurdu. Bəs Allah bəzilərini seçib, bəzilərini isə rədd etməkdə ədalətlidirmi? Əgər bəziləri seçilir, digərləri rədd edilirsə və bu onların səhvlərindən ya da xeyirxahlığından asılı deyilsə, onda onları Məsihi rədd etməkdə necə qınamaq olar? Yaxud da Məsihi qəbul etməkdə necə tərifləməmək olar? Paulun burada gətirdiyi arqument bizi sarsıda və şübhəyə sala bilər. Bir sözlə, Allah istədiyi hər şeyi etməkdə azaddır. İnsan gözündə Onun qərarları nə qədər anlaşılmaz görünsə də, bu qərarlar şübhə altına alına bilməz və insanın buna haqqı da yoxdur. Gil dulusçuya göstəriş vermir. Usta iki qab düzəldə bilər: biri bəzək kimi, digəri isə gündəlik istifadə üçün. Lakin qabların heç biri buna qərar verə bilməz. Allah da insanlarla məhz belə davrana bilər. Paul Misir fironunu misal gətirir və deyir ki, (Romalılara 9:17) o, tarixi səhnəyə məhz Allahın cəzalandırıcı qüdrətini göstərmək üçün çıxarılıb. İstənilən halda, İsrail xalqına başqa millətlərin də seçiləcəyi və İsrail xalqının rədd ediləcəyi barədə xəbərdarlıq edilmişdi. Huşə peyğəmbər belə yazırdı: «Onlara «siz Mənim xalqım deyilsiniz» deyilən yerdə «siz var olan Allahın övladlarısınız» deyiləcək» (Huşə 1:10; Romalılara 9:25).
Halbuki İsrail xalqının bu cür rədd edilməsi rəhmsizcəsinə və təsadüfi deyildi. Allah qapıları bütpərəstlərin üzünə açsın deyə, yəhudilərin üzünə bağladı. Allah bir məqsədlə İsrail xalqının gözlərini kor və ürəyini daş etdi ki, bütpərəstlərin imana gəlməsi üçün yol açılın. Bu, həm qəribə, həm də qorxunc arqumentdir. Bütün qeyri-vacib olanları bir kənara qoysaq, bu o deməkdir ki, Allah hər bir insana və ya xalqa istədiyi hər şeyi edə bilər. O, qəsdən İsrailin zehnini və gözlərini kor etdi ki, bütpərəstlər Onun hüzuruna gələ bilsin.
Bəs yəhudilərin əsas səhvi nə idi? Bayaq dediklərimizin fonunda bu sual olduqca qəribə səslənə bilər. Lakin paradoksal görünsə də, Paul hesab edir ki, İsrailin rədd edilməsi Allah tərəfindən olmasına baxmayaraq, bunun baş verməsi mütləq deyildi. Paul paradoksdan əl çəkmir (hətta onu kənara qoymaq belə istəmir), yəni hər şey Allahdan olsa da, insanın iradə azadlığı var. Yəhudilərin əsas səhvi onda idi ki, onlar öz gücünə və əməlləri sayəsində Allahla həqiqi münasibət qurmaq istəyirdilər. Onlar xilası qazanmağa çalışırdılar, bütpərəstlər isə Allahın onlara təklif etdiyi xilası, sadəcə olaraq, imanla qəbul edirdilər. Yəhudilər bilməli idilər ki, Allaha gedən yeganə yol — iman yoludur, insan öz gücünə heç bir yerə gedib çata bilməz. Yeşaya peyğəmbər demişdi: «Ona iman edən hər kəs narahat olmayacaq» (Yeşaya 28:16; Romalılara 10:11). Məgər Yoel peyğəmbər belə deməmişdimi: «Amma Rəbbin adını çağıran hər kəs xilas olacaq» (Yoel 2:32; Romalılara 10:13). Düzdür, heç kim Rəbbin təklifini eşitməyincə iman edə bilməz. Amma bu təklif İsrailə edilib. Onlar isə Qanuna riayət edərək, Qanuna və öz əməllərinə tamamilə arxalanaraq əməl yolundan yapışdılar. Lakin onlar bilməli idilər ki, Allaha gedən yol — iman yoludur, bunu onlara peyğəmbərlər də demişdir. Bir daha vurğulamaq lazımdır ki, bütün bunlar Rəbbin işi idi və bütpərəstlərin iman qapısından keçməsinə imkan vermək üçün edilmişdi. Buna görə də Paul bütpərəstlərə müraciət edir.
Paul onları təkəbbürlərindən əl çəkməyə çağırır. Onlar bağ ağacına calaq olunmuş yabanı zeytun budaqlarına bənzəyirlər. Onların da xilası yəhudilərinkindən çox olmadı. Əslində, onlar yəhudilərdən asılıdırlar: çünki onlar calaq olunmuş budaqlardır. Ağacın kökü və gövdəsi hələ də seçilmiş xalqdır. Onların Allah tərəfindən təyin olunması və yəhudilərin rədd edilməsi bütpərəstlərin qəlbində təkəbbür hissi oyatmamalıdır. Əgər onlar təkəbbürə yer versələr, yəhudilər kimi onlar da rədd olunarlar.
Elə bu? Xeyr. Allahın məqsədi yəhudilərdə qısqanclıq oyatmaq idi: onlar başqa millətlərin Allahla əldə etdikləri münasibəti görüb qısqanmalı, Allaha tərəf yönəlməli və Onunla münasibəti bərpa etməyi Allahdan istəməli idilər. Məgər Musa peyğəmbər demədimi ki, «Mən də onları xalq olmayanlarla qısqandıracağam, axmaq bir millətlə qəzəbləndirəcəyəm» (Qanunun təkrarı 32:21; Romalılara 10:19). Son nəticədə başqa millətlər yəhudilərin xilası üçün vasitə olacaqlar. «Beləcə bütün İsrail xilas olacaq» (Romalılara 11:26). Paul öz arqumentini belə bitirir.
Biz buradan aşağıdakı nəticələri çıxara bilərik.
1) İsrail seçilmiş xalqdır.
2) Yəhudi olmaq milli mənsubiyyətdən daha böyük mənanı ifadə edir. Xalqın arasında həmişə seçilmə baş verib. Müəyyən bir hissə həmişə Allaha sadiq qalıb.
3) Belə seçim ədalətsizlik deyil, çünki Allah istədiyini etməkdə azaddır.
4) Allah yəhudilərin ürəyini bir məqsədlə daşlaşdırdı: bütpərəstlərin üzünə iman qapısını açmaq üçün.
5) İsrailin səhvi ondan ibarət idi ki, o, Qanuna əsaslanan insan əməllərinə güvənirdi. Allaha gedən yol isə Ona tamamilə güvənən ürəkdən keçir.
6) Bütpərəstlər qürurlanmamalıdır. Çünki onlar əsl zeytun ağacına calaq olunmuş yabanı budaqlardır. Bunu unutmamalıdırlar.
7) Ancaq bu, heç də hamısı deyil: bütpərəstlərə verilən xüsusi mövqe yəhudilər arasında elə qısqanclıq yaradacaq ki, sonda bütpərəstlər onları iman yoluna döndərəcəklər.
8) Beləliklə, nəticədə hamı xilas olacaq — həm yəhudilər, həm də başqa millətlər. Paulun arqumentinin nəticəsi izzətə gətirib çıxarır. Paul əvvəlcə bəzilərinin seçildiyini, bəzilərinin isə rədd edildiyini söyləyir. Amma son sözləri budur ki, Allahın iradəsi hamının xilas olmasıdır.
Paul yəhudilərin İsa Məsihi rədd etməsinin səbəbini izah etməyə çalışır. O, bunu qəzəblə deyil, kədərlə izah edir. Burada nə şiddətli qəzəb, nə də lənət püskürməsi var; burada yalnız sınmış ürəyin acı peşmanlığı var. Paul sevdiyi və xidmət etdiyi Allah kimi günaha nifrət edir, günahkarları isə sevirdi. Heç kim insanları sevmədən xilas etməyə çalışmaz. Paul yəhudilərə qəzəblə qamçılanmağa layiq bir xalq kimi deyil, məhəbbət və mərhəmətə layiq xalq kimi baxır. Əgər Paul canını fəda etməklə onları Məsihə yönəldə bilsəydi, bunu böyük məmnuniyyətlə edərdi.
Ola bilsin ki, o, İsrail xalqının tarixindəki ən böyük epizodlardan birini — Musa peyğəmbərin Rəbdən Qanunu almaq üçün dağa çıxmasını xatırlayırdı; aşağıda qalan xalq qızıl dana düzəldərək ona sitayiş etməklə günah işlətdi. Bunu görən Allah qəzəbləndi. Onda Musa peyğəmbər fəryadla dua edib Allaha müraciət etdi: «İndi yalvarıram, onların günahlarını bağışla. Əgər belə etməsən, adımı yazdığın kitabdan sil» (Çıxış 32:32).
Paul qardaşları naminə lənətli olmağa razı idi, təki onların günahı silinsin. Paul yunanca qorxunc «anafema» sözündən istifadə edir. Anafemaya təslim edilən ya lənətlənmiş, ya Allaha həsr edilmiş, ya da tamamilə tərk edilməyə məhkum olurdu. Əgər bütpərəst bir şəhər ələ keçirilirdisə, onda olan hər şey tamamilə məhv olmağa məhkum idi, çünki hər şey murdar sayılırdı (Qanunun təkrarı 3:6; 2, 4; Yeşua 6:17; 7:1-26). Əgər bir adam İsraili həqiqi Allaha ibadət etməkdən döndərməyə çalışırdısa, o, amansızcasına tamamilə məhv edilirdi (Qanunun təkrarı 13:8-11). Paulun həyatında ən qiymətli şey o idi ki, heç nə onu İsa Məsihdəki Allahın məhəbbətindən ayıra bilməzdi. Ancaq bu onun qardaşlarının xilasına kömək edə bilsəydi, o, hətta rədd edilməyə, Allahdan uzaq düşməyə razı idi. Burada yenə böyük həqiqətlə qarşılaşırıq: günahkarı yalnız onu sevən adam xilas edə bilər. Oğul və ya qız nədəsə səhv edib cəzasını çəkəndə, əksər ata və analar bu cəzanı özləri çəkməyi üstün tutarlar.
Pavel Mayerin «Müqəddəs Paul» şeirində deyildiyi kimi:
Coşqun bir arzu — lərzə də
Truba səsi kimi bədəni dəlib keçir:
Onları xilas et! Onların xilası üçün canını ver,
Əbədi yaşamaları üçün ölümə get,
Hər kəs üçün özünü qurban ver.
Bax, Allah belə hiss edir. Paul da belə hiss edirdi. Biz də eynilə bu cür hiss etməliyik. Paul yəhudilərin Allahın planında xüsusi yer tutduğunu bir an belə inkar etmirdi. Paul onların imtiyazlarını sadalayır.
1) Onlar Allahın övladları, xüsusi seçilmişlər idilər, Allahın ailəsinə xüsusi olaraq övladlığa götürülmüşdülər. «Siz Allahınız Rəbbin övladlarısınız» (Qanunun təkrarı 14:1). «Sizi yaradan, sizə görkəm verən Atanız, Yaradanınız O deyilmi?» (Qanunun təkrarı 32:6) «İsrail Mənim oğlum, Mənim ilkimdir» (Çıxış 4:22). «İsrail uşaq ikən onu sevdim, Öz oğlumu Misirdən çağırdım» (Huşə 11:1). Müqəddəs Kitab İsrailin xüsusi övladlıq münasibəti və bu münasibəti qəbul etməkdən imtina etməsi haqqında belə fikirlərlə doludur. Borem uşaqlıqda bir dəfə dostunun evinə getməsindən danışır. Evin bir otağına girmək qadağan idi. Günlərin bir günü Borem həmin otağın qapısı ilə üzbəüz dayananda, qapı açıldı və o, otaqda yaşıdı olan, lakin dəhşətli vəziyyətə düşən bir oğlan gördü. O, anasının oğlana yaxınlaşdığını gördü. O, Boremin sağlam olduğunu gördü və sonra oğluna baxdı. Çox güman, gördükləri onun ürəyini ağrıtdı. Borem ananın ruhi xəstə oğlunun yanında diz çökdüyünü və fəryad etdiyini gördü: «Səni yedizdirdim, geyindirdim, sevdim — amma sən məni heç vaxt tanımadın». Tanrının İsrailə dediyi də məhz bu idi. Lakin nümunə çəkdiyimiz hadisə ilə müqayisədə bu, daha dəhşətli idi. Çünki İsrailin rədd edilməsi şüurlu və qəsdən idi. Allahın ürəyini yaralamaq dəhşətlidir.
2) İsrailin izzəti var idi. Şekina və ya kabof ifadələri İsrailin tarixində dönə-dönə xatırlanır. Yəni Rəbb Öz xalqını ziyarət edəndə onun üzərinə enən ilahi parıltı (Çıxış 16:10; 24:16.17; 29:43; 33:18-22). İsrail Allahın izzətini görsə də, Onu rədd etdi. Bizə İsa Məsihin simasında Rəbbin məhəbbətinin izzətini və Onun lütfünü görmək nəsib olmuşdur. Əgər bundan sonra da dünya yolunu seçsək, dəhşətli olar.
3) İsrailin əhdləri var idi. Əhd iki nəfərin bağladığı münasibətdir, qarşılıqlı fayda üçün sövdələşmə, qarşılıqlı dostluq müqaviləsidir. Rəbb dəfələrlə İsrail xalqına müraciət edib, onlarla xüsusi münasibət qurdu. O, İbrahimlə, İshaqla, Yaqubla, Sina dağında İsrailə Qanun verəndə eynilə bu cür etdi.
Lionlu İriney Allahın insanlarla müqavilə bağladığı dörd böyük əhdi müəyyən edir: birinci əhd daşqından sonra Nuh peyğəmbərlə bağlanan əhd idi; onun simvolu göy qurşağı idi. Bu da daşqının bir daha baş verməyəcəyinə dair Rəbbin işarəsi idi. İkinci əhd Allahla İbrahim arasında bağlanan əhd idi. Onun simvolu sünnət idi. Üçüncü əhd Rəbb ilə İsrail xalqı arasında Sina dağında bağladığı əhd idi. O, Qanuna əsaslanırdı. Dördüncü əhd İsa Məsihdəki Əhdi-Cədiddir.
Maraqlıdır ki, Allah insanlara üz tutub onlarla qarşılıqlı zəmanət əsasında münasibət qururdu. Allah insanları heç vaxt taleyin ümidinə buraxmayıb. O, dəfələrlə onlara üz tutdu və hələ də fərdlərə, ayrı-ayrı insanlara müraciət etməkdə davam edir. O, qapının ağzında dayanıb qapını döyür. Qapını açmaq istəməyən insan isə üzərinə dəhşətli məsuliyyət götürür.
4) İsrailin Qanunu var idi. İsrail heç vaxt Allahın iradəsini bilmədiyini iddia edə bilməzdi. Rəbb ona nə edəcəyini söyləmişdi. Əgər yəhudilər günah işlədirdilərsə, bilmədən yox, bilə-bilə günah edirdilər. Şüurlu edilən günah isə nura qarşı günahdır və ən dəhşətli günah sayılır.
5) İsrailin Məbəddə ibadəti var idi. İbadət, mahiyyət etibarilə, insan ürəyinin Allaha yaxınlaşmasını ifadə edir. Rəbb Məbəddə ibadət etməklə yəhudilərə Ona yaxınlaşmaq üçün xüsusi bir yanaşma verdi. Əgər Allaha açılan qapılar bağlı idisə, onları yəhudilər özləri bağlayırdılar.
6) İsrailin vədləri var idi. İsrail heç vaxt deyə bilməzdi ki, taleyindən xəbərsizdir. Rəbb ona vermək istədiyi tapşırığı və bunun qarşılığında alacağı imtiyaz barədə bildirmişdi. Yəhudilər bilirdilər ki, onlar Allahın planına əsasən böyük işlər görməlidirlər.
7) İsrailin əcdadları var idi. Onların ənənələri və tarixi var idi; ənənələrinə xilaf çıxan, milli mənsubiyyətindən utanan belə insanlara ancaq təəssüf etmək olar.
8) Sonda ən əsası: Məsih bədənə görə onlardan idi. Qalan hər şey buna sadəcə hazırlıq idi; buna baxmayaraq, Məsih gələndə Onu rədd etdilər. Min bir əziyyətlə övladının uğur qazanmasından ötrü qurban verən insanı ən çox məyus edən o ola bilər ki, bu qədər fədakarlığının qarşılığında övladı itaətsizlik, üsyan edib ona verilən fürsətlərdən istifadə etməsin. Faciə də elə budur. Çünki bu, sevən bir ürəyin boşa çıxmış səylərini və puç olmuş xəyallarını nümayiş etdirir. İsrailin faciəsi ondadır ki, Allah onu Oğlunun gəlişi gününə hazırlasa da, bütün bu hazırlıqlar boşa çıxdı. İsrail nəinki Allahın Qanununu pozdu, həm də Allahın məhəbbətini rədd etdi. Paulun sözləri qəzəb püskürmür, onlar Allahın sınmış ürəyini ifadə edir.
6-13
Əgər israillilər Allahın Oğlu İsanı rədd edib, çarmıxa çəkdilərsə, bu o deməkdir ki, Rəbbin niyyəti puça çıxdı və Onun planı pozuldu? Bu fikri təkzib etmək üçün Paul qəribə dəlil gətirir: israillilərin heç də hamısı İsanı rədd etmədilər; onlardan bəziləri Onu qəbul etdi, çünki İsanın ilk davamçılarının hamısı Paul kimi yəhudilər idi. Paul deyir ki, əgər İsrailin tarixinə nəzər salsaq, dəfələrlə seçim prosesinin necə baş verdiyini görəcəyik. Biz görəcəyik ki, Allahın planı heç də bütün israilliləri əhatə etmirdi. Bəziləri Onun planına daxil idi, bəziləri isə yox. Allahın planları və münasibəti bütün xalqa şamil olunmurdu. İbrahim peyğəmbərin nəslindən olduğunu iddia edənlərin heç də hamısı Onun planına daxil deyildi. Allahın planında təkcə fiziki mənşə nəzərə alınmırdı, həmişə seçim prinsipi, Tanrının seçməsi üstün tutulurdu.
Paul öz arqumentini sübut etmək üçün İsrailin tarixindən iki nümunə çəkir və onları sitatlarla təsdiqləyir. İbrahimin iki oğlu var idi: qul Həcərdən doğulan İsmail və arvadı Saradan doğulan İshaq. Onların hər ikisi İbrahimin qanından idi. Sara oğlunu elə bir ahıl yaşda doğmuşdu ki, insani nöqteyi-nəzərdən bu, mümkün deyildi. İshaq böyüyəndə İsmail bir dəfə ona rişxənd elədi. Bu, Saranı çox qəzəbləndirdi. O, İsmail və Həcərin qovulmasını, İshaqın isə yeganə varis olaraq qalmasını tələb etdi. İbrahim peyğəmbər onları qovmaq istəmirdi, lakin Allah ona bunu etməyi əmr etdi, çünki «İshaqdan törəyənlər sənin nəslin adlanacaq» (Yaradılış 21:12). İsmail təbii insan istəyinin bəhrəsi idi. İshaq isə Allahın vədinə görə doğulan oğul idi (Yaradılış 18:10-14). Əsl irsi xətt yalnız vəddən doğulan uşaqdan gəlirdi. Bu, İbrahimin fiziki nəslinin heç də hamısının seçilmiş xalqın üzvləri sayıla bilməyəcəyinə dair ilk sübutdur. Allahın seçmə prosesi xalqın arasında davam edirdi.
Sonra Paul başqa bir misal çəkir. Rivqa hamilə olanda Allah ona dedi ki, onun bətnində iki millətin atası olacaq iki oğul var. Lakin gələcəkdə onlardan böyüyü kiçiyinə qul olacaq (Yaradılış 25:23). Budur, Esav və Yaqub adlı əkizlər dünyaya gəldi. Esav böyük oğul idi. Amma Allah Yaqubu seçdi və Allahın iradəsi Yaqubun nəsli ilə həyata keçirilməli idi. Nəhayət, mübahisəyə nöqtə qoymaq və arqumentlərini gücləndirmək üçün Paul Malaki peyğəmbərin kitabından sitat gətirir. Burada Allah peyğəmbərə deyir: «...Mən Yaqubu sevdim, Esava isə nifrət etdim» (Malaki 1:2-3).
Paul iddia edir ki, yəhudi olmaq İbrahimin nəslindən olmaqdan daha böyük üstünlükdür. İbrahim peyğəmbərin bütün övladları seçilmiş xalqı təşkil etmir. Ailənin daxilində və İsrail xalqı arasında tarix boyu seçilmə prosesi getmişdir. İstənilən yəhudi bu arqumenti başa düşəcək və qəbul edəcək. Ərəblər ət və qana görə İbrahimin oğlu İsmailin nəslindəndirlər. Amma yəhudilər ərəblərin seçilmiş xalq olduğunu heç vaxt ağıllarına belə gətirmirdilər. Edomlular Esavın nəslindən idilər. Ancaq Esav İshaqın oğlu və Yaqubun əkiz qardaşı olsa da, heç bir yəhudi deyə bilməzdi ki, edomlular seçilmiş xalqdır. Malaki peyğəmbərin demək istədiyi də elə budur. Paul yəhudi nöqteyi-nəzərindən fikrini belə əsaslandırdı ki, qan bağlılığına görə İbrahim peyğəmbərin ailəsində və nəslində seçmə prosesi gedir.
Paul növbəti iddiasını səsləndirir: seçim əməllərə və fəzilətlərə görə aparılmırdı. Buna sübut kimi Paul doğuşdan əvvəl Yaqubun seçildiyini, Esavın isə rədd edildiyini göstərir. Seçim onlar hələ ana bətnində ikən edilmişdi. Bizim düşüncəmiz belə bir arqumentə etiraz edə bilər. Qarşımızda yenidən Öz iradəsinə uyğun birini seçib digərini rədd edən Allahın surəti dayanır. Bizim üçün bu arqument inandırıcı deyil, çünki o, etik cəhətdən əsassız görünən pis əməllərə görə məsuliyyəti Allahın üzərinə qoyur. Amma fakt — fakt olaraq qalır: bu arqument yəhudi üçün inandırıcıdır. Hətta bizim üçün bu arqumentin mahiyyətində böyük bir həqiqət var: hər şey Allahdandır; hər şeyi edən Odur. Hətta ilk baxışda ixtiyari və təsadüfi görünənlər də, Ondan gəlir. Bu dünyada heç nə məqsədsiz deyil.
14-18
Paul bizdə yaranan suallara və etirazlara cavab verməyə başlayır. O, İsrailin tarixi boyu seçim prosesinin davam etdiyini deyir. O, vurğulayırdı ki, bu seçim insanların xüsusi keyfiyyətlərinə əsaslanmır, yalnız Allahın iradəsinə əsaslanır. Onda qarşı tərəfdə sual yaranır: «Məgər bu, ədalətlidir? Məgər Allah birini seçib, digərini rədd etməkdə ədalətli iş görür?» Paulun bu suala cavabı belə olur ki, Allah istədiyini edə bilər. Roma İmperiyasının amansız, insanların həyatının təhlükəsiz olmadığı bir vaxtda istənilən insan xoflu və heç kimə görə məsuliyyət daşımayan bir imperatorun kefindən ölə bilərdi. Qalba imperator olan kimi dedi ki, indi o, kimə nə istəsə edə bilər. Paul bu hissədə Allah haqqında danışarkən məhz bunu nəzərdə tutur.
Öz iddiasını sübut etmək üçün o, Müqəddəs Kitabdan iki sitat gətirir. Birincisi, Çıxış 33:19-dandır. Musa peyğəmbər Allaha yalvarır ki, O, həqiqətən, İsrail xalqının yanında olduğuna dair əlamət versin. Allah ona cavab verir ki, kimə istəsə, lütf göstərər, kimə istəsə, rəhm edər.
Onun xalqa olan mərhəməti yalnız Onun Özündən asılıdır. Digər misal İsrailin Misir əsarətindən və fironun hökmranlığından xilas olmaq üçün apardığı mübarizədən götürülüb. Musa peyğəmbər ilk dəfə fironun hüzuruna gedəndə və ondan İsrail xalqını əsarətdən azad etməsini istəyəndə, firona xəbərdarlıq etdi: Allah fironu tarix səhnəsinə ona görə çıxarıb ki, Öz ilahi gücünü hər kəsə göstərsin və firon Allahın iradəsinə müqavimət göstərən insanın başına nələr gələ biləcəyinə dair nümunə olsun (Çıxış 9:16).
Yenə də bizim düşüncəmiz bu arqumenti qəbul etməkdən imtina edir. Əlbəttə, Allahın istədiyini etməyə qadir olduğunu söyləmək doğru deyil. O, təbiətinə zidd olan heç nə etməz. O, mahiyyət etibarilə, Öz qanunlarını pozan ədalətsizliyə görə heç bir məsuliyyət daşıya bilməz. Kiməsə mərhəmət edib, kimisə mərhəmətdən məhrum edən, intiqam almaq üçün Öz gücünü nümayiş etdirməkdən ötrü kukla və ya maneken kimi hansısa padşahı taxt-taca çıxaran məsuliyyətsiz Tanrını təsəvvür etmək çətindir. Hətta deyərdim ki, qeyri-mümkündür. Amma bir yəhudi üçün bu arqument ağlabatan və inandırıcı olardı, çünki yenə də hər şeyin arxasında Allah dayanır.
Yenə də bu arqumentin arxasında böyük bir həqiqət var. Allahla insanlar arasındakı münasibəti ədalət nöqteyi-nəzərindən mühakimə etmək mümkün deyil. İnsan, ümumiyyətlə, Allahdan heç nə tələb edə bilməz. Yaradılışın Yaradanından nəsə tələb etməyə haqqı yoxdur. Amma bu münasibətlər çərçivəsində ədalət məsələsi qaldırılan kimi dərhal cavab alırıq: insanın Allah qarşısında şəxsən qazandığı heç nə yoxdur və Ondan heç nə tələb edə bilməz. Allahın insanlarla münasibətində əsas ünsür — Onun iradəsi və mərhəmətidir.
19-29
Əvvəlki abzasda Paul göstərdi ki, İsrailin bütün tarixi boyu Allah tərəfindən seçilmə prosesi olub. Onda təbii bir etiraz yaranır: əgər Allah istədiyi insanı seçirsə, onda Onu inkar edən insanları necə günahlandıra bilər? Deməli, burada onların günahı yoxdur, günah Allahdadır. Paulun cavabı bir qədər sərt və kobud səslənir. O deyir ki, heç bir insanın Allahla mübahisə etməyə haqqı yoxdur. Dulusçu qab düzəldəndə, qab dulusçuya etiraz edə bilməz. Dulusçu qab üzərində tamamilə səlahiyyətə malikdir: bir gildən mərasim məqsədləri, digərindən isə gündəlik istifadə üçün qab düzəldə bilər. Gil isə buna etiraz edə bilməz və etiraz etmək haqqına da malik deyil. Əslinə baxsaq, Paul bu misalı Yeremya peyğəmbərin kitabından götürmüşdür (Yeremya 18:1-6). Bu baxımdan iki hala diqqət yetirək:
1) Fikrimizcə, bu, pis bənzətmədir. Əhdi-Cədidin məşhur şərhçilərindən biri deyirdi ki, Paul bu hissəni yazmasaydı, daha yaxşı olardı. İnsanla bir parça gil arasında əsaslı fərq var. İnsan — canlıdır, gil parçası isə əşyadır. Biz əşyalarla istədiyimizi edə bilərik, amma bir insanla istədiyimizi edə bilmərik. Gilin etiraz etmək və ya sual vermək istəyi ola bilməz. Çünki nə hiss edir, nə düşünə bilir, nə qəzəblənir, nə də əziyyət çəkir. Böyük faciə yaşamış insana «şikayət etməyə haqqın yoxdur, çünki Allah istədiyini edə bilər» söyləmək ona heç bir rahatlıq verməz. Bu, sevən Atanın deyil, tiranın əlamətidir. İncilin leytmotivi məhz budur ki, Tanrı insanlarla dulusçu gil parçası ilə rəftar etdiyi kimi rəftar etmir. Ata öz övladına mehriban davrandığı kimi, Allah da elə davranır.
2) Ancaq bunu deyərkən, bir şeyi də xatırlamalıyıq: Paul bunu ürək ağrısı ilə yazmışdı. O, Allahın seçilmiş xalqının, soydaşlarının Allahın Oğlunu rədd edib çarmıxa çəkməsindən dəhşətə gəlmişdi. Bütün bunları söyləmək heç də Paulun ürəyincə deyildi: o, bunları deməyə məcbur idi. O, bunu yalnız belə izah edə bilərdi: Allah Öz məqsədləri üçün xalqını necəsə kor edib.
Hər bir halda, Paul burada son nöqtəni qoymur. O, daha sonra deyir ki, yəhudilər tərəfindən Allahın Oğlunun rədd edilməsi bütpərəstlərin iman qapılarından içəri girə bilməsi üçün idi. Amma fikrimizcə, bu arqumenti qənaətbəxş adlandırmaq olmaz. Biri var ki, Allah faciəli vəziyyəti yaxşılığa çevirmək üçün istifadə edir, biri də var ki, yaxşılığa çevrilsin deyə faciəli vəziyyətin yaranmasına bilərəkdən izin verir. Paul deyir ki, Allah başqa millətlərə xilas qapısını açmaqdan ötrü qəsdən İsrail xalqının əksəriyyətinin zehnini bağladı, gözlərini kor etdi və ürəklərini sərtləşdirdi. Təbii ki, bu arqumenti öz kabinetində oturub nəzəriyyələr yaradan bir ilahiyyatçı irəli sürməyib. Bu, bütün varlığı ilə anlaşılmaz bir faktın izahını axtaran insanın arqumentidir. Sonda Paul yalnız bir cavab tapa bildi: bunu edən Allahın Özüdür.
Yenə də unutmayaq ki, Paul yəhudilərlə mübahisə edirdi və onların müqəddəs kitablarından sitat gətirərək öz arqumentini əsaslandırırdı. Yəhudilərin rədd edilməsinin və başqa millətlərin qəbul edilməsinin peyğəmbərlərin yazılarında əvvəlcədən deyildiyini sübut etmək üçün Paul peyğəmbərlərdən sitat gətirməyə davam edir. Huşə peyğəmbər deyir ki, Allah xalqı olmayana xalqım deyəcək (Huşə 2:23) və onlara belə söyləyəcək: «siz var olan Allahın övladlarısınız» (Huşə 1:10). Paul göstərir ki, Yeşaya peyğəmbər bütün İsrail xalqının məhv ediləcəyini, yalnız müəyyən hissəsinin xilas olacağını qabaqcadan görmüşdü (Yeşaya 10:22-23; 37:32). Paul iddia edir ki, İsrail peyğəmbərlərin dediklərini başa düşsəydi, öz taleyini qabaqcadan görə bilərdi. Bu hissəni tədqiq edərkən Paulu tənqid etmək asandır. Lakin yadda saxlamaq lazımdır ki, Paulun ürəyi xalqına görə iztirab çəkirdi və istənilən halda hər şeyin Allahın iradəsinə görə olduğuna inanırdı. Bundan başqa onun deyəcək sözü yox idi.
30-33
Burada Paul Allaha yönələn iki yolu müqayisə edir. Bunlardan biri yəhudilərin getdiyi yol idi. Yəhudilər qarşılarına məqsəd qoymuşdular ki, Allahın gözündə salehliyə nail olsunlar və bu salehliyi qazanacaqlarını düşünürdülər. Bunu başqa cür ifadə etsək, əslində nə demək olduğunu görmək olar. Yəhudilərin təməl fikri ona əsaslanırdı ki, itaətin tələblərini ciddi şəkildə yerinə yetirən şəxs özü üçün müsbət tarazlıq təmin edir. Bunun nəticəsində Rəbb ona borclu qalacaq və ona xilas verməli olacaq. Amma aydın məsələ idi ki, bu yolla qazanmaq mümkün deyildi. Çünki insanın naqisliyi heç vaxt Allahın kamilliyini təmin edə bilməz. İnsan nə etsə də, Allahın onun üçün etdiklərinin cüzi hissəsini belə əvəz edə bilməz.
Paul məhz bu nəticəyə gəldi. O, bir yəhudi kimi bütün həyatını Allahın gözündə onu saleh edəcək Qanun axtarışına sərf etdi, lakin heç vaxt tapa bilmədi, çünki belə bir Qanun, ümumiyyətlə, yoxdur. Bütpərəst isə heç vaxt belə bir Qanunun axtarışına çıxmamışdı. Lakin qəfildən İsa Məsihdə Allahın ağlasığmaz məhəbbəti ilə qarşılaşdıqda, sadəcə olaraq, imanla bu məhəbbətin iradəsinə təslim oldu. Bu, bütpərəstin çarmıxı görüb «Əgər Allah məni bu qədər sevirsə, həyatımı da, canımı da Ona etibar edə bilərəm» deməsinə bənzəyirdi.
Yəhudilər Allahı özlərinə borclu etməyə çalışırdılar; bütpərəstlər isə Allaha borclu olmağa razı idilər. Yəhudilər inanırdılar ki, Allah üçün nəsə etməklə xilas ola biləcəklər. Bütpərəstlər Allahın onlar üçün etdiklərinə heyran qalmışdılar. Yəhudilər Allaha gedən yolu əməllərdə axtarırdılar, bütpərəstlər isə Onun yanına iman yolu ilə gəldilər.
Qanuna əməl edə bilməyib,
Ölümə məhkum oldum.
Günah məni təqib etdi,
Qəlbimi yandırıb-yaxdı.
Mən rahatlığımı yalnız
Məsihin müqəddəs qayasında tapdım!
Paul burada «Amin» deyərdi.
Daş — erkən məsihçi müəlliflərinin əsərində tapılan xarakterik istinadlardan birini təmsil edir. Əhdi-Ətiqdə daşa dair bir neçə sirli istinadlar var. Yeşaya peyğəmbərin kitabı 8:14-də deyilir ki, Allah «İsrailin iki padşahlığına büdrəmə daşı və yıxma qayası» olacaq. Həmin kitabda 28:16-da Allah deyir: «Budur, Sionda təməl olaraq bir daş, sınaqdan keçirilmiş daş, qiymətli bir guşədaşı qoyuram». Daniel peyğəmbərin kitabı 2:34-35, 44-45-də sirli bir daşdan bəhs edilir. Zəbur 118:22-də belə deyilir: «Bənnaların rədd etdiyi daş guşədaşı olub».
Məsihçilər Əhdi-Ətiqdə Məsihin gəlişi ilə bağlı peyğəmbərliklər axtarmağa başlayanda, bu istinadlar vasitəsilə İsanı işarə edən möcüzəvi daşa rast gəldilər. Bunun əsası İsanın Özünü nəzərdə tutduğu (Zəbur 118:22) İncil hekayəsi idi (Matta 21:42). Etibarlı bünövrə, bütün quruluşu birləşdirən, guşədaşı olan, əvvəlcə bənnaların rədd etdiyi, sonra isə bütün daşların ən mühüm daşına çevrilən həmin daşı məsihçilər Məsihin alleqorik obrazı kimi qəbul edirdilər. Paulun burada gətirdiyi sitat Yeşaya peyğəmbərin kitabındakı 8:14 və 28:16 ayələrin birləşməsidir. Məsihçilər, o cümlədən Paul bu sitatı belə başa düşürdülər: Allah Öz Oğlunu hər bir insanın həyatının təməli olmasını nəzərdə tutmuşdur; lakin O gələndə yəhudilər Onu rədd etdilər. Buna görə də yəhudilərin xilası üçün nəzərdə tutulmuş Allahın bu hədiyyəsi onların lənətinə çevrildi. Daş obrazı məsihçiləri riqqətə gətirirdi. Biz buna Əhdi-Cədiddə tez-tez rast gəlirik (Həvarilərin işləri 4:11; Efeslilərə 2:20; 1Peter 2:4-6).
Lakin bütün bunların arxasında əbədi bir həqiqət dayanır: İsa bu dünyaya bəşəriyyətin Xilaskarı olmaq üçün göndərilmişdir; O, həm də məhək daşıdır, hər bir insanın mühakimə olunacağı meyardır. Əgər insanın ürəyi sevgi ilə Ona təslim olarsa, İsa onun xilası olacaq. Əgər insanın ürəyi üsyankar qalarsa, İsa onun üçün lənət olacaq. İsa dünyaya bizim xilasımız üçün gəldi. Amma Ona olan münasibətə uyğun olaraq O, insanın ya xilası, ya da lənəti ola bilər.