Barclay
KİTABLARAudio kitablarHekayələrİlahilərFilmlər və cizgi filmləriXilas haqqında müjdəXoş xəbər hekayələri

Romalılara məktub: 10-cu fəsil

V. Barklinin şərhləri

10-cu fəsil

1-13

BİLİYƏ ƏSASLANMAYAN QEYRƏT (Romalılara 10:1-13)

Paul yəhudilər üçün xoşagəlməz olan bir neçə fikir söylədi. O, yəhudilərin eşitməsi və qəbul etməsi çətin olan həqiqətləri söylədi. Romalılara kitabın 9-11-ci fəsilləri israillilərin Allahla münasibətini pisləyir. Amma bu, qəzəblə müşayiət olunmur, yalnız səmimi ürək ağrısı hiss olunur. Paulun yeganə arzusu yəhudiləri xilas etmək idi. Əgər biz insanları Məsihin yoluna cəlb etmək istəyiriksə, bizim münasibətimiz tamamilə eyni olmalıdır. Məşhur təbliğçilər bunu yaxşı bilirdilər. Onlardan biri «Təhqir etməyin», digəri «Heç vaxt səsinizi qaldırmağa çalışmayın» deyirdi. Müasir dahi təbliğçilərdən biri təbliği «insanların aşağılanması» kimi tərif etmişdir. İsa Yerusəlim üçün ağladı. Bizə qəzəbli sözlərlə günahkarları lənətləyən təbliğlər tanışdır, lakin Paul həmişə həqiqəti məhəbbətlə deyirdi.

Paul yəhudilərin «Allah üçün qeyrət çəkdiyini» etiraf edirdi. Amma bu qeyrətin yanlış yöndə olduğunu da görürdü. Yəhudi dini Qanuna riayət etmək üzərində qurulmuşdu. Belə bir itaəti yalnız öz dininə ciddi yanaşan insan göstərə bilərdi. Bu, asan deyildi. İtaət çox vaxt həddindən artıq çətinliklər yarada və həyatı müxtəlif xoşagəlməzliklərlə çətinləşdirə bilər.

Məsələn, Şənbə qanununu götürək. Bu qanunda insanın Şənbə günündə nə qədər yol gedə biləcəyi müəyyən edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, bir adam iki qurudulmuş üzüm giləsindən ağır olan əşyanı qaldıra və Şənbə günü yemək hazırlaya bilməz. Xəstəlik halında Şənbə günü xəstənin vəziyyətinin pisləşməsinin qarşısını almaq üçün tədbirlər görmək olardı. Amma sağlamlığını yaxşılaşdırmaq üçün heç nə edilə bilməzdi. Bu gün də İsraildə Şənbə günü ocaq qalamayan, işıq yandırmayan ortodoksal yəhudilər var. Sobadakı ocağı yandırmaq lazımdırsa, bunun üçün bir bütpərəst işə götürülür. Varlı yəhudilər Şənbə günü axşam saatlarında işıqları avtomatik yandırmaq üçün xüsusi mexanizm quraşdırırlar ki, bunu özləri etməsinlər.

Bu cür itaət heyranlığa layiqdir. Qanunun göstərdiyi yolla getmək asan deyildi. Qanuna ciddi yanaşmayan insan onun tələblərini yerinə yetirə bilməzdi. Yəhudilər həmişə qətiyyətli olublar və bu gün də belədirlər. Paul üçün onları qətiyyətinə görə tərifləmək çətin deyildi. Lakin onların qətiyyəti yanlış tətbiq olunur, yanlış istiqamətləndirilirdi.

Makkabilərin dördüncü kitabında maraqlı hadisə qeyd olunur. Yəhudi kahini Eleazar, yəhudi dininin kökünü kəsməyi qarşısına məqsəd qoyan Antiox Epifanın yanına gətirilir. Antiox Eleazara donuz əti yeməyi əmr edir. Qoca kahin imtina edib deyir: «Yox! Gözlərimi çıxarsan da, içalatımı yandırsan da, ey Antiox, Allahın qanunlarına uyğun yaşayan bizim üçün qanunumuza tabe olmaqdan başqa vacib vəzifə yoxdur». Ölmək lazım olsa belə, onda elə ölmək lazımdır ki, əcdadlar onu «müqəddəs və qüsursuz» kimi qəbul etsinlər. Antiox Eleazarı qamçılamağı əmr edir. «Qamçı onun ətini qopardır, yarasından qan axır, qabırğaları görünürdü». O, yıxılanda əsgər onu təpiklə vurdu. Onun dözümlü olması əsgərlərdə şəfqəti hissi oyatdı. Əsgərlər ona donuz əti deyil, ədviyyatlı ət gətirib dedilər ki, onu yesin. Yeyəndə isə donuz əti yediyini söyləsin. O, imtina etdi. Sonda öldürüldü. «Sənin Qanunun uğrunda əzab çəkib ölürəm» deyə dua edərək inildədi. Müəllif deyir ki, «o, Qanun naminə can verərək müqavimət göstərdi». Nədən ötrü? Donuz ətini yeyib-yeməməyə görə. Adamın belə bir Qanun naminə bu şəkildə ölməsi ağlasığmaz görünür. Ancaq yəhudilər bu şəkildə ölürdülər. Doğrudan da, onlar Qanuna qeyrətlə, canfəşanlıqla yanaşırdılar. Heç kim deyə bilməz ki, onlar Allaha ibadət etməkdə ciddi deyildilər.

Onlar hesab edirdilər ki, Qanuna belə itaət etməklə insan Rəbbin etibarını qazanacaq. Yəhudilər bəşəriyyəti üç sinfə bölürdülər. Onların etiqadını bundan daha yaxşı heç nə təsvir edə bilməz. Müsbət tarazlığa nail olan möminlər var idi; amma mənfi tarazlığı olan allahsızlar da var idi. Müsbət və mənfi tarazlıq arasında olanlar da var idi ki, bir yaxşılıq etməklə, möminlər sinfinə düşürdü. Bütün bunlar Qanuna və ona əməl etməyə əsaslanırdı. Paul buna belə cavab verir: «Qanunun sonu Məsihdir». Bununla o, demək istəyir ki, «Məsih hüquqi yanaşmanın sonudur». Allahla insan arasındakı münasibət artıq borc verən və borclu olan, məmur və işçi, hakim və cavabdeh münasibətləri deyil. İsa Məsih sayəsində insan artıq Allahın ədalətinin tələblərini təmin etmək öhdəliyi daşımır. İnsan sadəcə Onun məhəbbətini qəbul etməlidir. O, artıq Allahın rəğbətini qazanmaq üçün canfəşanlıq etməməlidir. O, tamamilə müftə verilən Allahın lütfünü, sevgisini və mərhəmətini qəbul etməlidir. Bunu sübut etmək üçün Paul Əhdi-Ətiqdən iki sitat gətirir. Əvvəlcə Levililər 18:5-dən sitat gətirir. Burada deyilir ki, insan Rəbbin qaydalarına sədaqətlə əməl edərsə, həyat tapacaq. Bu doğrudur. Amma heç kim tamlığı ilə buna əməl etməyib. Paul sonra Qanunun təkrarı 30:12-13-dən sitat gətirir. Burada Musa peyğəmbər Allahın Qanununun əlçatmaz olmadığını deyir. Allahın Qanunu insanın dilində, həyatında və ürəyindədir. Bu hissədə Paul alleqorik danışır: Məsihi bu dünyaya gətirən və Onu ölülərdən dirildən bizim səylərimiz deyildi. Mərhəmət də bizim əməllərimizə görə deyildi. Bütün bunlar bizim üçün edildi. Bizə yalnız bunları qəbul etmək qalır.

9 və 10-cu ayələrin əhəmiyyəti böyükdür. Onlarda ilk məsihçi inancının əsası açıqlanır.

1) İnsan İsa Məsihi Rəbbi kimi qəbul etməlidir. Kurios sözü Rəbb deməkdir. Kurios sözü erkən məsihçiliyin açarıdır və dörd fərqli mənaya malikdir:

(a) Bir insana hörmətlə edilən müraciət forması, Azərbaycanca «ağa» sözünə bənzəyir.

(b) Roma imperatorlarının adi titulu.

(c) Yunan tanrılarının adları çəkilməzdən öncə deyilən titul. Kurios serapis — Rəbb Allah deməkdir.

(d) Yəhudilərin müqəddəs kitablarının yunanca tərcümələrində «kurios» sözü, adətən, Yahve-ni əvəz etmək üçün istifadə olunur. Buna görə də, insan İsa Məsihi kurios adlandırırdısa, Onu imperator və Tanrı ilə eyniləşdirirdi. Bununla o, İsaya həyatında ən şərəfli yeri verir və qeyd-şərtsiz itaətini, ehtiramını vəd edirdi. İsanı «kurios» adlandırmaq Onu həyatında əzəvolunmaz Şəxs hesab etmək demək idi. Buna görə də məsihçi İsa Məsihin unikallığını başa düşməlidir.

2) İnsan İsanın ölülərdən dirilməsinə inanmalıdır. Ölülərdən dirilmə məsihçi inancının əsasını təşkil edir. Məsihçi təkcə İsanın bir vaxtlar yaşadığına deyil, indi də yaşamasına inanmalıdır. Məsihçi təkcə İsa haqqında bilməli deyil, həm də Onu tanımalıdır. Məsih nə qədər böyük tarixi Şəxsiyyət olsa da, məsihçi Ona tarixi Şəxsiyyət kimi yanaşmır. O, real Məsihlə yaşayır. Məsihçi Məsihi təkcə əzab çəkən kimi deyil, həm də zəfər çalan kimi tanımalıdır.

3) İnsan təkcə ürəyində iman etməli deyil, həm də imanını dili ilə iqrar etməlidir. Məsihçilik — bu, həm iman, həm də onun iqrarıdır. İqrar insanların qarşısında şəhadət etməkdir. Nəinki Allah, soydaşlarımız da bizim kimin tərəfində olduğumuzu bilməlidir.

Yəhudi üçün Allaha gedən yolun Qanundan keçmədiyinə inanmaq çətin olardı. Allaha gedən yolun imandan keçdiyini qəbul etmək onun üçün heyrətamiz və inanılmaz idi. Həm də Allaha gedən yolun hamı üçün açıq olduğu fikrini qəbul etmək ona çətin gəlirdi. Yəhudinin fikrincə, bütpərəstlər onlardan tamamilə fərqli mövqedə idilər. Buna görə Paul öz arqumentini Yeşaya 28:16-dan sitat gətirməklə yekunlaşdırır: «Ona iman edən hər kəs utandırılmayacaq». Burada Qanundan söhbət belə açılmır; hər şey iman üzərində qurulub. Sonra Paul Yoel 2:32-dən sitat gətirir: «Rəbbin adını çağıran hər kəs xilas olacaq». Burada heç bir məhdudiyyət yoxdur: vəd hamı üçündür; yəhudi ilə yunan arasında heç bir fərq qoyulmur.

Əslində bu hissə yəhudiləri Qanuna riayət etmək yolundan çıxıb, lütf yoluna keçməyə çağırır. Paul yəhudiləri bu həqiqəti araşdırmağa çağırır, çünki onların canfəşanlığı əbəsdir. Bu, imanın Allaha aparan yeganə yol olduğunu və bu yolun hər kəs üçün açıq olduğunu qədimdən bəri bəyan edən peyğəmbərlərin çağırışıdır.

14-21

BƏHANƏLƏRİN MƏHV EDİLMƏSİ (Romalılara 10:14-21)

Əksər şərhçilərin fikrincə, bu, Romalılar kitabının ən çətin və qaranlıq hissələrindən biridir. Elə təəssürat yaranır ki, bu hissə tamamlanmış hissədən çox xülasəyə bənzəyir. Sanki Paulun nitqi teleqram xarakteri daşıyır. Ola bilsin ki, qarşımızda Paulun yəhudiləri yanıldıqlarına inandırmağa çalışdığı müraciətdən qeydlər var. Sxem əslində belədir: əvvəlki hissədə Paul deyirdi ki, Allaha gedən yol əməl və Qanundan yox, iman və etibardan keçir. Ancaq bu fikirə etiraz etmək olar: yəhudilər bu barədə heç eşitməyiblərsə, bəs onda necə? Paulun cavabı məhz bu etiraza yönəldilib, ona təfsilatı ilə cavab verərkən, hər aspekti Müqəddəs Yazılardan sitat gətirərək təsdiqləyir. Gəlin etirazlara və Müqəddəs Yazılardan gətirilən sitatlara bir-bir baxaq.

1) Birinci etiraz belə səslənir: «Bəs onlar iman etmədikləri Şəxsi necə çağıracaqlar? Barəsində eşitmədikləri Şəxsə necə iman edəcəklər? Vəz edən olmasa, necə eşidəcəklər?» Paul bu etiraza Yeşaya 52:7-dən sitat gətirməklə cavab verir. Burada peyğəmbər qeyd edir ki, insanlar xoş xəbər çatdıranları sevinclə qarşılayırlar. Beləliklə, Paulun ilk cavabı bu cür səslənir: «Siz deyə bilməzsiniz ki, sizə xəbər çatdırmaq üçün heç kim göndərilməyib: Yeşaya peyğəmbər xoş xəbər elçilərini təsvir edir. O isə çoxdan yaşayıb».

2) İkinci etiraz: «Ancaq bu arqument doğru olsa da, İsrail Müjdəyə qulaq asmadı. Buna nə deyəcəksən?» Paul cavab verir: «İsrailin imansızlığı gözlənilən idi. Çünki hələ o dövrdə Yeşaya peyğəmbər məyusluq içində demişdi: «Xəbərimizə kim inandı, Rəbbin gücü kimə zahir oldu?» (Yeşaya 53:1).

Düzdür, İsrail Allahdan gələn müjdəni qəbul etmədi. Qəbul etməməklə taleyini müəyyən etdi. Beləliklə, tarix təkrarlandı.

3) Üçüncü etiraz birincinin təkrarıdır: «Bəs onların heç vaxt Rəbb haqqında eşitmək imkanı olmadıqlarını israr etsəm, onda necə?» Bu dəfə Paul Zəbur 19:5-dən sitat gətirir: «Amma avazları bütün dünyaya yayılır, sözləri yerin ucqarlarına çatır». Bu suala cavab belədir: «İsrailin eşitmək imkanı olmadığını söyləmək üçün heç bir əsas yoxdur. Çünki Müqəddəs Yazı açıq şəkildə bəyan edir ki, Allahın Müjdəsi yer üzündə olanların hamısına elan edilmişdir».

4) Dördüncü etiraz belədir: «Bəs İsrail Müjdəni başa düşməyibsə, onda necə?» Başqa sözlə, «Müjdə İsrail xalqının eşidəndə başa düşməyəcəyi qədər çətin olubsa, onda necə?» Bu sualın cavabını, doğrudan da, anlamaq çətindir. Lakin Paulun cavabı belə səslənir: «İsrail başa düşməmiş ola bilərdi, amma başqa millətlər Müjdəni başa düşdülər. Müjdə gözlənilmədən onlara gələndə mənasını düzgün dərk etdilər». Fikrini təsdiqləmək üçün Paul Kəlamdan iki ayə sitat gətirir. Birincisi, Qanunun təkrarı 32:21-dəndir. Burada Allah deyir ki, İsrailin itaətsizliyi və üsyanı ucbatından Öz lütfünü başqa xalqın üzərinə tökəcək, yəhudilər isə əvvəllər xalq olmayanlara həsəd aparacaq. Paul ikinci sitatı Yeşaya 65:1-dən gətirir. Burada Allah deyir ki, Onu axtarmayanlar tərəfindən tapıldı. Sonda Paul qeyd edir ki, Allah tarix boyu İsrailə əllərini uzadıb, amma xalq həmişə dikbaş və itaətsiz olub.

Bu hissə bizə qəribə görünə və inandırıcı olmaya bilər. Belə də görünə bilər ki, Paul Kəlamdakı ayələri kontekstdən ayırıb öz bildiyi kimi şərh edir, halbuki mənası tam başqadır. Bununla belə, bu hissənin vacib bir mənası var: bəzi biliksizliklər bağışlanmazdır.

1) Buraya etinasızlıqdan yaranan biliksizlik daxildir. Elə bir hüquqi prinsip var ki, həqiqi xəbərsizliyə bəraət qazandırıla bilər, biliyə qarşı etinasızlığa heç vaxt bəraət qazandırıla bilməz. İnsanı heç vaxt bilməyəcəyi şeyə görə qınamaq olmaz; lakin onun üçün əlçatan olanı öyrənməyə etinasız yanaşdığına görə qınanıla bilər. Məsələn, bir şəxs müqavilənin şərtlərini oxumadan imzalayırsa, sonradan müqavilənin şərtlərinin onun maraqlarına uyğun gəlmədiyinə görə şikayət edə bilməz. Əgər hansısa tapşırığı yerinə yetirmək üçün bizə hər cür imkan verilibsə, amma biz buna laqeyd yanaşmışıqsa, onda mühakimə olunmalıyıq. İnsan öyrənə biləcəyini öyrənmədiyinə görə məsuliyyət daşıyır.

2) Buraya qəsdən özünü korluğa vurmaqdan yaranan biliksizlik daxildir. İnsan görmək istəmədiyini görməmək, eşitmək istəmədiyini eşitməməyə meyillidir. O, müəyyən vərdişlərin, müəyyən həyat tərzinin və ya dostluqların zərərli olduğunu yaxşı bilsə də, faktlarla üzləşməkdən imtina edir. Bəzən nələrəsə bilərəkdən göz yummaq fəzilət ola bilər, amma çox vaxt bu, axmaqlıqdır.

3) Buraya mahiyyətcə yalan olan biliksizlik də daxildir. Şübhəmizə səbəb olan hallara əslində düşündüyümüzdən daha az rast gəlinir. Çox nadir hallarda deyə bilərik: «Heç vaxt ağlıma gəlməzdi ki, belə şeylər baş verə bilər». Allah bizə şüur və Müqəddəs Ruhun rəhbərliyini verib. Biz isə çox vaxt nəyisə bilmədiyimizi bəyan edirik. Amma bir qədər dürüst olsaq, qəlbimizin dərinliyində həqiqəti bildiyimizi etiraf etməli olardıq.

Bu hissə haqqında daha bir şey söyləmək lazımdır. Əslində, arqumentdə bir qədər ziddiyyət var. Bu hissədə Paul yəhudilərin məsuliyyət daşıdığını sübut etmək istəyirdi. Axı onlar həqiqətləri daha yaxşı dərk etməli idilər, lakin Allahın çağırışını rədd etdilər. Bununla yanaşı, Paul iddia edirdi ki, hər şey Allahdandır və insan hadisələrin gedişinə gil dulusçu işinə təsir göstərə bilmədiyi kimi təsir edə bilməz. O, iki vəziyyəti yan-yana qoyur: hər şey Allahdandır və insana hər vəziyyətdə seçim imkanı verilir. Paul bu dilemmanı həll etməyə cəhd də etmir, çünki bu, insan təcrübəsinin məhsuludur. Biz hər şeyin arxasında Allahın olduğunu bilirik, eyni zamanda bilirik ki, bizim azad iradəmiz var və Allahın təklifini qəbul edə və ya rədd edə bilərik. İnsanın mövqeyinin paradoksu məhz ondadır ki, hər şeyi Allah idarə edir, insanın isə iradə azadlığı var.

Azərbaycan dilində Müqəddəs Kitab

1 Ey qardaşlar, İsraillilərin xilasını ürəkdən arzulayıram və bunun üçün Allaha dua edirəm. 2 Onların barəsində şəhadət edirəm ki, Allah naminə qeyrət çəkirlər, amma bu qeyrət biliyə əsaslanmır. 3 Çünki onlar Allahdan gələn salehliyi anlamayıb öz salehliklərini bərqərar etməyə çalışmaqla Allahın salehliyinə tabe olmadılar. 4 Məsih Qanunun sonu olub ki, iman gətirən hər kəs saleh sayılsın.
Hamı üçün xilas
5 Musa Qanunla gələn salehlik haqqında belə yazır: «Bu şeyləri yerinə yetirən adam bunların sayəsində yaşayacaq». 6 Amma imanla gələn salehlik barədə belə deyilir: «Ürəyində demə ki, “Kim göylərə, yəni Məsihi endirməyə çıxacaq?” 7 ya da “Kim dibsiz dərinliyə, yəni Məsihi ölülər arasından qaldırmağa enəcək?”» 8 Bəs onda nə deyilir? «Kəlam sənə çox yaxındır, o sənin dilində və ürəyindədir». Biz elə həmin iman kəlamını vəz edirik: 9 əgər sən İsanın Rəbb olduğunu dilinlə iqrar edib Allahın Onu ölülər arasından diriltdiyinə ürəkdən inansan, xilas olacaqsan. 10 Çünki insan ürəkdən iman etməklə saleh sayılır və dili ilə iqrar etməklə xilas olur. 11 Belə ki Müqəddəs Yazıda deyilir: «Ona iman edən hər kəs utandırılmayacaq». 12 Burada Yəhudi ilə Yunan arasında fərq yoxdur, hamısının Rəbbi birdir və Onu çağıranların hamısına bol bərəkət verir. 13 Çünki «Rəbbin adını çağıran hər kəs xilas olacaq». 14 Bəs onlar iman etmədikləri Şəxsi necə çağıracaqlar? Barəsində eşitmədikləri Şəxsə necə iman edəcəklər? Vəz edən olmasa, necə eşidəcəklər? 15 Göndərilməsələr, necə vəz edəcəklər? Necə ki yazılıb: «Xoş xəbəri müjdələyənin qədəmləri necə də gözəldir!» 16 Amma Müjdəyə hamı qulaq asmadı. Çünki Yeşaya deyir: «Ya Rəbb, xəbərimizə kim inandı?» 17 Beləliklə, iman eşitməkdən, eşitmək də Məsihin kəlamı vasitəsilə yaranır.
18 Lakin soruşuram: məgər onlar eşitmədilər? Əlbəttə ki, eşitdilər:
«Avazları bütün dünyaya yayıldı,
Sözləri yerin ucqarlarına çatdı».
19 Bir də soruşuram: məgər İsrail anlamadı? Musa ilk olaraq deyir:
«Mən sizi xalq olmayanlarla qısqandıracağam,
Axmaq bir millətlə qəzəbləndirəcəyəm».
20  Yeşaya isə cəsarətlə deyir:
«Rəbb deyir:
“Məni axtarmayanlar tərəfindən tapıldım,
Məni soruşmayanlara Mən zühur etdim”».
21 İsrail barədə isə belə deyir:
«Gün boyu itaətsiz, dikbaş xalqa əllərimi uzadıb durdum».