1-4
Bu, son dərəcə yığcam formada yazıldığı üçün çox çətin hissədir. Çünki Paul bütün hissə boyu əvvəl söylədiyi fikirlərə istinad edir.
Paul bu fəsildə dönə-dönə iki sözdən istifadə edir: cismani təbiət (sarks) və ruh (pnevma). Paulun bu sözləri hansı mənada işlətdiyini anlamasaq, bu hissəni başa düşə bilmərik.
Sarks hərfi mənada bədən deməkdir. Paulun məktublarını üzdən oxuyanda belə onun bu sözü nə qədər tez-tez və necə işlətdiyini görmək olur. O, bu sözü üç fərqli mənada işlədir:
a) hərfi mənada fiziki sünnətdən, yəni «cismən» sünnətdən danışır (Romalılara 2:28).
b) o, dönə-dönə kata sarka ifadəsini istifadə edir. Bu da hərfi mənada cismə görə deməkdir. Əksər hallarda insan nöqteyi-nəzərindən işlədilir. O deyir ki, məsələn, İbrahim peyğəmbər insan nöqteyi-nəzərindən bizim əcdadımız — kata sarka-dır. İsa Məsih nəsil şəcərəsinə görə Davudun oğludur — kata sarka-dır (Romalılara 1:3). Yəhudilər insan münasibətləri baxımından Paulun qohumlarıdır — kata sarka-dır (Romalılara 9:3). Paul kata sarka ifadəsini işlədəndə, bu onun nələrəsə insan nöqteyi-nəzərindən baxdığını bildirir.
c) Bununla belə, saks sözü yalnız Paulun məktublarında rast gəlinən xüsusi bir məna ifadə edir. Paul məsihçilər haqqında danışarkən, bizim cismani təbiətdə yaşadığımız günlərdən bəhs edir (en sarki) (Romalılara 7:5). O, məsihçi həyat tərzi sürənlərdən fərqli olaraq, cismani təbiətə görə yaşayanlardan bəhs edir (Romalılara 8:4-5). O deyir ki, cismani təbiətə görə yaşayanlar Allahı razı sala bilməzlər (Romalılara 8:8); cismani təbiətə uyan fikirlər ölüm gətirir (Romalılara 8:6-8). Paul məsihçi dostlarına cismani təbiətə görə yaşanılan həyat haqqında danışır (Romalılara 8:12). «...siz cismani təbiətdə» yaşamırsınız (Romalılara 8:9).
Xüsusilə sonuncu misaldan aydın olur ki, Paul cismani təbiət sözünü ət və qan mənasında işlətmir. Bəs o, bu sözü hansı mənada işlədir? O, bütün zəiflikləri və günaha qarşı meyilliyi ilə insan təbiətini nəzərdə tutur. O, günahın insanı özünə tabe etdirdiyi insani hissəni, yəni Məsihsiz olan günahlı insan təbiətini nəzərdə tutur. Başqa sözlə, insanı Allahla deyil, dünya ilə bağlayan hər şeyi. Cismani təbiətə uyğun yaşamaq — Allahın əmri və məhəbbəti əvəzinə günahlı insan fitrətinin hökm və istəklərinin hakim olduğu bir həyat yaşamaq deməkdir. Cismani təbiət — insan təbiətində ən murdar bir şeydir. Ancaq onu da vurğulamaq lazımdır ki, Paul insanın cismani təbiətinin — sarks-ın üstünlük təşkil etdiyi həyat tərzindən danışarkən, təkcə fiziki və cinsi günahları nəzərdə tutmur. Paul Qalatiyalılara məktubunun 5:19-21-də cismani təbiətin səmərə siyahısına təkcə fiziki və cinsi günahları deyil, həm də bütpərəstlik, nifrət, qəzəb, düşmənçilik, bidət, paxıllıq, qətli daxil etmişdir. Onun anlayışında cisim təkcə fiziki deyil, həm də ruhani anlayışdır. Cismani təbiət bütün günahkarlığı və zəifliyi ilə insan təbiətidir. Başqa sözlə, Allahsız və Məsihsiz yaşayan insan deməkdir.
2) Ruh. Ruh sözü bu fəsildə ən azı iyirmi dəfə işlədilir. Əhdi-Ətiqdə onun xüsusi mənası var. Qədim ibrani dilində ruah sözü iki məna daşıyırdı:
a) o, təkcə Ruhu deyil, həm də küləyi nəzərdə tuturdu. Bu söz həmişə güclü, sürətli küləyə xas olan güc mənasında işlədilirdi.
b) Əhdi-Ətiqdə bu söz həmişə insandan daha böyük məna ehtiva edirdi. Paulun fikrincə, Ruh ilahi gücü təmsil edir.
Beləliklə, Paul bu hissədə məsihçinin günahlı insan təbiətinin tamamilə nəzarəti altında olduğu bir dövrdən bəhs edir. Belə olan halda, Qanun insanı getdikcə günaha sürükləyirdi. Təbiəti pozulmuş insan daha da pisləşirdi. Lakin o, məsihçi olandan sonra Allahın Ruhunun get-gedə artan qüdrəti onun həyatına daxil oldu və bunun nəticəsində o, qalib bir həyata qədəm qoydu. Bu hissənin ikinci yarısında Paul İsanın etdiklərinin bizə təsirindən danışır. Bu, mürəkkəb olduğuna görə çətin başa düşülür. Əvvəlcə xatırlayaq ki, məktubun əvvəlində Paul bütün insanların Adəmdə günah işlətdiyini bəyan etmişdi. Biz görürük ki, yəhudilərin həmrəylik anlayışı Paula bütün insanların, sözün əsl mənasında, Adəmin günahına və onun nəticəsi olan ölümə şərik çıxdığını iddia etməyə imkan verdi. Amma bu mənzərənin başqa tərəfi də var: bu dünyaya insan təbiətinə malik İsa Məsih gəldi; O, Allaha kamil itaət göstərib, Onun Qanununu mükəmməl şəkildə yerinə yetirərək həyat yaşadı. İsa kamil insan idi. Biz Adəmlə bir olduğumuz kimi, indi də Onunla birik. Biz Adəmin günahına şərik olduğumuz kimi, indi də Məsihin kamilliyinə şərikik! Bəşəriyyət Adəm vasitəsilə Allaha ölüm gətirən itaətsizlik göstərdiyi kimi, İsa vasitəsilə də Allaha mükəmməl itaət göstərdi. İnsanlar xilas oldular. Çünki onlar bir vaxtlar Adəmin günahına şərik çıxmışdılar, indi isə Məsihin fəzilətinə şərik olurlar. Paulun demək istədiyi məhz bu idi. Həm Paul, həm də onu eşidənlər üçün onu başa düşmək nə qədər çətin olsa da, tamamilə inandırıcı idi. İsa Məsihin etdikləri sayəsində məsihçilərin önündə cismani təbiətin deyil, Allahın Ruhunun hökmranlıq etdiyi və insanı böyük fövqəl güclə dolduran bir həyat açıldı. Keçmişin cəzası aradan qaldırıldı, gələcək üçün güc təmin edildi.
5-11
Paul iki həyat tərzi arasında aydın fərq qoyur:
1) Günahlı insan prinsipinin hökm sürdüyü həyat. Belə insanların həyatının mərkəzi özləridir. Onların yeganə qanunu — istədikləri yerdə, istədikləri vaxt öz istəklərini təmin etmələridir. Bu cür həyat tərzi müxtəlif insanlarda fərqli ifadə edilir; təmkinli ehtiras, şəhvət, qürur, ambisiya və s. Belə bir həyatın xarakterik xüsusiyyəti Məsihə malik olmayan insan təbiətinin bütün varlığı ilə özünü həsr etdiyi şeylərə qərq olmaqdır.
2) Allahın Ruhunun hökm sürdüyü həyat. İnsan Məsihə hava kimi ehtiyac duyur, Ondan heç vaxt ayrılmır. Hava insanın ciyərlərini doldurduğu kimi, Məsih də onun varlığını doldurur. O öz ağlı ilə idarə olunmur — onun ağlı Məsihdir. Onun şəxsi istəkləri yoxdur; Məsihin iradəsi onun yeganə qanunudur. O, Ruh və Məsih tərəfindən idarə olunur; onun həyatının mərkəzi Allahdır.
Bu iki yol əks istiqamətlərə aparır. Günahkar insanın istəklərinin hakim olduğu həyat ölümə aparır. Belə insanın, sözün əsl mənasında, gələcəyi yoxdur, çünki o, Allahdan getdikcə uzaqlaşır. Dünyəvi istəklərin həyatımıza tamamilə hakim olmasına icazə vermək, özümüzü məhv etmək, ruhani intihardır. Belə bir həyat yaşayan insan Allah hüzuruna gəlmək hüququnu itirir. O, Allaha düşmən kəsilib, Onun Qanununa və rəhbərliyinə qarşı çıxır. Allah onun dostu deyil, düşmənidir. Hələ heç kim Allaha qarşı döyüşdə qalib gəlməmişdir.
Mərkəzi Məsih və Allah olan, Ruh tərəfindən idarə olunan həyat, yer üzündə olsa belə, hər gün səmavi həyata yaxınlaşır. Bu həyat Allaha doğru daim irəliləyir. Belə ki, bu yolda ölüm sadəcə keçid kimi təbii və qaçılmaz mərhələdir. Belə həyat Allahla bir yol gedən və Allah tərəfindən götürülən Xanoka bənzəyir. Uşaq dili ilə desək, «Xanok Allahla yola çıxan adam idi və bir gün qayıtmadı».
Paul bunu deyən kimi, dərhal etirazla qarşılandı:
Sən deyirsən ki, Ruhla idarə olunan insan həyat yolu ilə gedir; əslində isə hər bir insan ölməlidir. Sən bununla nə demək istəyirsən?
Paul buna belə cavab verir:
Bütün insanlar eyni durumda olduqları üçün ölürlər: dünyaya günah daxil oldu və günahın nəticəsi olaraq onunla birlikdə ölüm gəldi. Buna görə də istər-istəməz bütün insanlar ölür; lakin Ruhla idarə olunan və ürəyində Məsih yaşayan insan yalnız dirilmək üçün ölür.
Paulun əsas fikri budur ki, məsihçi Məsihdən heç vaxt ayrılmır və Onunla birdir. Məsih öldü və yenidən dirildi. Ölümə qalib gələn və Məsihin qələbəsinə şərik olan insan Məsihlə birdir. Ruhla idarə olunan və Məsihə bürünən insan həyat yolundadır. Bu yolda ölüm yalnız keçilməli olan bir hissədir.
12-17
Bu hissədə Paul başqa bir mühüm metafora təqdim edir: məsihçi ilə Allah arasındakı yeni münasibəti təsvir edir. O, məsihçilərin övladlığa götürülməsindən, Allahın ailəsinə qəbul edilməsindən danışır. Bu hissənin mənasını başa düşmək üçün əvvəlcə Roma dövlətində övladlığa götürülməyin nə qədər mürəkkəb bir addım olduğuna nəzər salmaq lazımdır.
Romalıların övladlığa götürülməsi atanın səlahiyyətinə — patriya potestas-a verilən böyük əhəmiyyətə görə həmişə çox ciddi və mürəkkəb şəkildə həyata keçirilirdi. Ailə atanın səlahiyyəti altında idarə olunurdu. Romanın erkən dövründə olduğu kimi, atanın hakimiyyəti — həyat və ölüm üzərində hakimiyyəti demək idi. Bir roma vətəndaşı atasına münasibətdə heç vaxt həddi-buluğa çatmırdı. Yaşının neçə olmasından asılı olmayaraq, o, tamamilə atasının ixtiyarında, tam sərəncamında və rəhbərliyi altında olurdu. Söz yox ki, bu vəziyyət kiminsə başqa bir ailəyə övladlığa götürülməsini son dərəcə çətin və ciddi addıma çevirmişdi. Övladlığa götürülən şəxs bir atanın hakimiyyəti altından digərinə keçirdi.
Övladlığa götürülmə iki mərhələdən ibarət idi. Bunlardan birincisi mansipatsio adlanırdı və simvolik olaraq aldı-satqı şəklində həyata keçirilirdi. Həmin vaxt mis pul və tərəzidən istifadə edilirdi. Satışın simvolik aktı üç dəfə həyata keçirilirdi. Ata simvolik olaraq oğlunu iki dəfə satıb, yenidən iki dəfə geri alırdı. Lakin üçüncü dəfədən sonra o, artıq onu satın ala bilmirdi, beləcə atasının səlahiyyətinə xitam verilirdi. Daha sonra vindikatsio adlı mərasim keçirilirdi. Övladlığa götürən ata Roma məmuru olan pretorun14 yanına gedib övladlığa götürdüyü şəxsin onun atalıq səlahiyyətinə keçməsi — partiya potestas üçün məhkəmə işi açırdı. Bütün bu proseslərdən sonra övladlığa götürmə tamamlanmış hesab edilirdi. Aydındır ki, bu addım ciddi və təsirli idi. Ancaq Paulun çəkdiyi misalda ən vacib məqam övladlığa götürmə aktından irəli gələn nəticələrdir. Övladlığa götürmə aktı dörd əsas nəticəyə səbəb olurdu:
1) Övladlığa götürülmüş şəxs keçmiş ailəsində olan bütün hüquqlarını itirir və yeni ailəsində bütün oğulluq hüquqlarını alırdı. Ən əsası, hüquqi nöqteyi-nəzərdən o, yeni ata qazanırdı.
2) Beləcə o, yeni atasının mülkünün varisi olurdu. Hətta övladlığa götürən atanın sonradan başqa oğulları olsa belə, bu, övladlığa götürülən oğulun hüquqlarına heç bir təsir göstərmirdi. O, ömürlük onlarla birlikdə varis olurdu.
3) Qanuni baxımdan övladlığa götürülmüş şəxsin bütün əvvəlki həyatı tamamilə silinirdi; məsələn, onun bütün borcları silinirdi. Ona yeni həyata başlayan və keçmişlə heç bir əlaqəsi olmayan yeni bir insan kimi baxırdılar.
4) Qanuni olaraq o, yeni atasının oğlu sayılırdı. Roma tarixi bunun tam olaraq belə olduğunu göstərən gözəl nümunə verir. Məsələn, imperator Klavdi Neronu övladlığa götürdü ki, taxt-tacının varisi olsun; onların arasında heç bir qan qohumluğu yox idi. Klavdinin qohumluq əlaqələrini möhkəmləndirmək üçün artıq Oktaviya adlı qızı var idi. Neron onunla evlənmək istəyirdi. Neron və Oktaviya qan qohumu deyildilər, lakin qanunla onlar qardaş və bacı sayılırdılar. Onların evlənə bilməsi üçün senat xüsusi qanun qəbul etməli idi.
Paul Roma həyatından başqa bir metafora çəkəndə — yəni övladlığa götürmə və ailəyə daxil olma misalı göstərəndə, məhz bu barədə düşünürdü. Paul deyir ki, Allahın Ruhu bizim ruhumuza, həqiqətən, Allahın övladları olduğumuza şəhadət edir. Övladlığa götürmə mərasimi yeddi şahidin iştirakı ilə keçirilirdi. Tutaq ki, övladlığa götürən ata dünyasını dəyişib və övladlığa götürülən oğlun vərəsəlik hüququ ilə bağlı mübahisə yaranıb. O zaman bir və ya bir neçə şahid gəlib övladlığa götürmə aktının doğruluğuna and içirdilər. Beləliklə, övladlığa götürülənin hüququ təmin edilir və o, miras alırdı. Paul deyir ki, Müqəddəs Ruhun Özü bizim Allahın ailəsinə qəbul olunduğumuza şahidlik edir.
Beləliklə, biz gördük ki, Paul Allahın ailəsinə övladlığa götürülməyi romalıların övladlığa götürülməsi proseduru ilə müqayisə edir. Biz bir vaxtlar öz günahlı insan təbiətimizin ixtiyarında idik. Lakin Allah mərhəməti ilə bizi Öz ixtiyarına aldı. Köhnə həyat artıq üzərimizdə hökmünü itirib; bütün hüquqlar Allaha keçib. Keçmişimiz və borclarımız tamamilə silinib. Biz Allahla yeni həyata başladıq və Onun bütün xəzinələrinin varisi olduq. Əgər belədirsə, onda biz Allahın Oğlu İsa Məsihin həmvarisləri olduq. Məsihin miras aldıqlarını biz də alırıq. Əgər Məsih əzab çəkdisə, biz də əzabları miras alırıq; lakin Məsih həyat və izzət üçün yüksəlibsə, biz də bu həyatı və izzəti miras alacağıq.
Paul bizə məhz bu mənzərəni təsvir edir: insan məsihçi olanda Allahın ailəsinə daxil olur. İnsan buna layiq olmaq üçün heç nə etmir. Ata Allah Öz heyrətamiz məhəbbəti və mərhəməti ilə itmiş, aciz, yoxsul, borc içində batan günahkarı ailəsinə qəbul etdi. İndi onun bütün günahlarının əvəzi ödənilib və o, izzəti miras alır.
18-25
Paul indicə məsihçinin Allahın ailəsinə övladlığa götürülməsindən gələn izzətdən danışdı. İndi isə yenidən dünyanın qayğılarına qayıdır. O, böyük şair kimi bu mənzərəni təsvir edir. O, bütün təbiətin gələcək izzəti həsrətlə gözlədiyini görür. O görür ki, yer üzündəki bütün yaradılış məhvə məhkumdur.
Yer üzündəki hər şey solub yox olacaq. O, gözəlliyi solan, füsunkarlığı çürüməyə məruz qalan və ölümə doğru gedən dünyanı görür. Lakin dünya bu dəhşətli aqibətdən qurtuluşunu, təbiət də Allahın izzətini gözləyir. Bu mənzərəni təsvir edərkən Paul hər bir yəhudinin yaxşı bildiyi və başa düşdüyü fikirlərdən istifadə edir. O, müasir dünyadan və gələcək izzətdən danışır. Yəhudi təfəkkürü zamanı iki dövrə — indiki və gələcək dövrə bölürdü. Onların fikrincə, indiki dövr pisliyə, günaha, ölümə və tənəzzülə məruz qalıb. Bir gün Rəbbin günü, qiyamət günü gələcək, yer üzü bünövrəsinə qədər sarsılacaq; köhnə dünyadan yeni bir dünya yaranacaq. Dünyanın yenilənməsi yəhudiliyin ən böyük ideyalarından biri idi. Əhdi-Ətiqdə bu barədə heç bir təfərrüat verilmədən danışılır. «Budur, Mən yeni göylər və yeni yer yaradıram» (Yeşaya 65:17). Ancaq Əhdi-Ətiqlə Əhdi-Cədid arasındakı dövrdə yəhudilər istismar ediləndə, əsarət altına alınanda və təqib olunanda, onlar yeni torpaq və bu yeni dünya haqqında xəyal qururdular.
Yeni dünya arzusu yəhudilər üçün əziz idi. Paul bunu bilirdi. O, günahın gücünün məğlub olacağı, ölümün və fəsadın əbədi olaraq yox olacağı, Allahın izzətinin gələcəyi günü həsrətini çəkən təbiət haqqında düşünür. Paul məcazi mənada deyir ki, təbiət insandan daha dəhşətli vəziyyətdədir. İnsan qəsdən günah işlədi, təbiət isə istər-istəməz günaha düçar olub. Təbiət istəmədən insanın günahına batıb. Adəm günaha yıxıldıqdan sonra Allah ona belə dedi: «...Sənə görə torpaq lənətlənir» (Yaradılış 3:17). Beləliklə, Paul poetik formada insanın süqutu ucbatından dünyaya gələn ölümdən və çürümədən qurtuluşunu gözləyən təbiəti təsvir edir.
Əgər bu həqiqət təbiət üçün doğrudursa, insanlar üçün da doğrudur. Buna görə Paul sonra insanların ehtiraslı istəkləri haqqında danışır. Müqəddəs Ruhu qəbul edən bəşəriyyət gələcək izzətin müjdəçisini görür; indi o, Allahın ailəsinə övladlığa götürülmənin nəticələrinin həyata keçməsini həsrətlə arzulayır. Bu onların bədənlərinin satın alınması olacaq. Paul insanı Allahın izzətində cisimsiz ruh kimi təsəvvür etmirdi. Bu dünyada insan bədən və ruhun vəhdətindən ibarətdir; Allahın izzətində insan tamlığı ilə — həm ruhu, həm də bədəni xilas tapacaq. Onun bədəni artıq çürümənin qurbanı və günahın aləti olmayacaq; bu, ruhani insanın həyatına uyğun ruhani bədən olacaq.
Bunun ardınca vacib bir ifadə gəlir: «Biz ümidlə xilas olduq». Paulun həyatını parlaq bir həqiqət işıqlandırırdı: insanın vəziyyəti ümidsiz deyil. Paul pessimist deyildi. İngilis yazıçısı H.G.Vells bir dəfə belə demişdi: «Həyatı mağarada başlayan insan ömrünü gecəqonduların xəstəliklə dolu xarabalıqlarında bitirəcək». Lakin Paul belə deyildi. O, insanın günahını və dünyanın hansı vəziyyətdə olduğunu yaxşı görürdü; eyni zamanda Allahın xilas edən gücünü və bütün bunlardan çıxış yolunu görürdü. O, gələcəyə ümidlə baxırdı.
Məhz buna görə Paul üçün həyat günaha batmış, ölümə və tənəzzülə uğramış sonluqla bitən ümidsiz gözlənti deyildi. Onun üçün həyat Rəbbin izzəti və qüdrətinin gətirəcəyi azadlıq, yenilənmə və bərpa ilə nəticələnən gözlənti idi.
19-cu ayədə Paul ümid mənasını verən apokaradokiya sözünü işlədir. Apokaradokiya sözü boyunu uzadıb üfüqü diqqətlə izləyən və izzətin şəfəqinin əlamətlərini həvəslə gözləyən bir insanın duruşunu ifadə edir. Paul üçün həyat yorucu bir gözlənti deyil, canlı, həyəcan verici bir intizar idi. Məsihçi hamı kimi pis insani təbiəti ilə mübarizə aparmağa, ölüm və tənəzzül dünyasında yaşamağa məcburdur. Lakin məsihçi təkcə bu dünyada yaşamır, o, Məsihdə də yaşayır. O, təkcə bu dünyanı deyil, Allahın dünyasını da görür. O, təkcə insan günahının nəticələrini deyil, həm də Allahın lütfünün və məhəbbətinin gücünü görür. Buna görə də məsihçi həyatının mənası ümidsizlik deyil, ümiddir. Məsihçi ölümü deyil, həyatı gözləyir.
26-30
İlk iki ayə Əhdi-Cədidin dua mövzusunda ən mühüm hissələrindən birini ifadə edir. Paul deyir ki, zəif olduğumuza görə biz nə üçün dua etməli olduğumuzu bilmirik. Lakin etməli olduğumuz bütün duaları Müqəddəs Ruh Öz edir. Dodd duanı belə təsvir edir: «Dua içimizdə olan ilahi istəkdir və bizdən qat-qat üstün olan İlahiyə yalvarışdır». Düzgün dua edə bilməməyimizin iki əsas səbəbi var. Birincisi, gələcəyi görə bilmədiyimiz üçün düzgün dua edə bilmirik. Biz qarşıdakı ili, hətta bir saatı belə görə bilmirik. Buna görə biz bizə yalnız xeyir gətirəcək şeylər barədə dua edə bilərik və əksinə, bizə zərər gətirəcək şeylərdən qurtulmaq üçün Allaha dua edə bilərik. İkincisi, biz ona görə düzgün dua edə bilmirik ki, hər hansı bir vəziyyətdə bizim üçün nəyin daha yaxşı olacağını bilmirik. Biz çox vaxt mütləq şəkildə bizə zərər vuracaq şeyləri istəyən uşağa bənzəyirik. Allah isə övladının xahişini yerinə yetirməkdən imtina edən və ya onu istəmədiyi bir işə sövq edən valideynə bənzəyir. Çünki O, övladına nəyin fayda verəcəyini daha yaxşı bilir.
Hətta yunanlar da bunu yaxşı bilirdilər. Pifaqor şagirdlərinə özləri üçün dua etməyi qadağan etmişdi, çünki deyirdi ki, onlar cahil olduqlarına görə özləri üçün nəyin yaxşı olduğunu bilə bilməzlər. Ksenofan deyir ki, Sokrat öz şagirdlərinə sadəcə olaraq yaxşı şeylər üçün dua etməyi, istəklərini müəyyənləşdirməyə çalışmamağı, nəyin yaxşı olduğuna qərar verməyi Allaha həvalə etməyi öyrədirdi. Dodd bunu belə ifadə edir: «Biz öz real ehtiyaclarımızı bilə bilmərik. Biz məhdud ağlımızla Allahın planlarını bilə bilmərik. Biz Allaha yalnız ifadə edilməz ahları çatdıra bilərik, Müqəddəs Ruh isə lazımi şəkildə ahlarımızı Allaha çatdırır».
Paula görə, hər şey Allahdan olduğu kimi, dua da Allahdandır. Paul bilirdi ki, insan öz səyi ilə Allah qarşısında bəraət qazana və nə üçün necə dua edəcəyini bilməz. Nəticə etibarilə, düzgün dua belə səslənir: «Ey Ata, ruhumu Sənin əlinə verirəm. Mənim deyil, sənin iradən olsun!»
Lakin Paul daha da irəli gedir. O deyir: «Allahı sevənlərə Onun məqsədinə görə çağırılanlara yaxşı bəllidir ki, Allah hər şeyi onların xeyrinə edir». Məsihçilərin həyat təcrübəsi onlara göstərdi ki, sonda hər şey onların xeyrinə olacaq.
Geriyə baxıb bədbəxtlik hesab etdiyimiz şeylərin son nəticədə bizim xeyrimizə işlədiyini görmək üçün çox yaşlı olmaq lazım deyil; böyük xəyal qırıqlığı kimi görünən şey əhəmiyyətli xeyir-duaya çevrilir.
Ancaq onu da qeyd etmək lazımdır ki, belə təcrübə yalnız Allahı sevənlərə aiddir. Stoiklərin gözəl bir fikri var idi. Ola bilsin, Paul bu hissəni yazanda onu xatırlamışdı. Stoizmin mühüm anlayışlarından biri də Tanrının loqosu, İlahi ağıl anlayışıdır. Stoiklər inanırdılar ki, həmin loqos dünyaya hopub. Hər şeyə məna verən loqos-dur. Məsələn, ulduzları və planetləri öz orbitlərində saxlayan, gecə ilə gündüzün, eləcə də fəsillərin növbələşməsini müəyyən qaydada tənzimləyən loqos-dur. Loqos kainatda nizam yaradan və xaosu aradan qaldıran Allahın Ağlı və Dərrakəsidir.
Stoiklər daha da irəli gedib inanırdılar ki, loqos kainatda nizam-intizam yaratmaqla yanaşı, hər bir insan üçün həyat planı və məqsəd daşıyır. Başqa sözlə desək, stoiklər inanırdılar ki, insanın başına gələn hər şey Allahdandır və Allahın planı olmadan insanın başına heç nə gələ bilməz. Epiktet yazır: «Allaha baxıb belə deməyə cəsarət et: «Bundan sonra mənə istədiyini et. Mən Səninlə birəm, Sənə məxsusam; Sənin məsləhət bildiyin heç nədən çəkinmərəm. Məni hara istəyirsən apar, nə istəyirsən geyindir. İstəyirsən hansısa vəzifədə qalım, ya ondan uzaqlaşım; yerimdə dayanım, yoxsa qaçım; varlı, yoxsa kasıb olum? Bütün bunlara görə Səni insanların qarşısında müdafiə edəcəyəm».
Stoiklər öyrədirdilər ki, hər bir insanın qəbul edə biləcəyi öz qisməti var. Allahın ona nəsib etdiyini qəbul edən insan sülh içində yaşayır, müqavimət göstərən isə Allahın niyyətinə qarşı əbəs yerə mübarizə aparır.
Paul da eynilə bu cür düşünürdü. O deyirdi ki, sonda hər şey insanın xeyrinə olacaq, amma yalnız Allahı sevənlər üçün. Əgər insan Allahı sevir və qəbul edirsə, Ona inanırsa, əgər insan əmindirsə ki, Allah müdrik və sevən Atadır, onda Onun göndərdiyi hər şeyi təvazökarlıqla qəbul edə bilər. Həkim insana xoşagəlməz, hətta ağrılı müalicə yaza bilər. Əgər insan həkimin savadına güvənirsə, onun yazdığı müalicəyə əməl edəcək. Biz də Allahı seviriksə, eynilə bu cür edəcəyik. Lakin Allahı sevməyən və Ona inanmayan kəs, başına gələnlərə qarşı asanlıqla üsyan edə, hətta Allahın iradəsinə qarşı çıxa bilər. Yalnız Allahı sevən və iman edən bir insan üçün hər şey onun xeyrinə ola bilər. Çünki hər şey müdrikliyi, məhəbbəti və qüdrəti ilə yaxşılığa doğru aparan Atadan gəlir.
Paul daha da irəli gedir; o, hər bir məsihçinin ruhani təcrübəsindən danışır. Müqəddəs Kitabın Azərbaycanca tərcüməsində belə deyilir: «Çünki Allah qabaqcadan tanıdığı adamları Öz Oğlunun surətinə uyğunlaşmaq üçün əvvəlcədən təyin etdi ki, O, çoxlu qardaş arasında ilk doğulan olsun; əvvəlcədən təyin etdiyi adamları da çağırdı; çağırdığı adamları da saleh saydı; saleh saydığı adamları da izzətləndirdi». Bu ayələrin təfsirində ciddi səhvlər var idi. Onların mənasını düzgün başa düşmək üçün bilmək lazımdır ki, Paul onları heç vaxt öz teologiyasının və ya fəlsəfəsinin izahı kimi qəbul etməmişdir. Bu, məsihçi təcrübəsindən yaranan hisslərin lirik ifadəsidir. Əgər bu hissəni teologiya və fəlsəfənin bir ifadəsi kimi qəbul etsək və onun şərhinə quru məntiq tətbiq etsək, onda Allahın bəzilərini seçib, digərlərini seçmədiyini görəcəyik. Lakin Paulun nəzərdə tutduğu bu deyildi.
Gəlin məsihçi təcrübəsi haqqında fikirləşək. Məsihçi öz təcrübəsi haqqında nə qədər çox düşünsə, bir o qədər əmin olar ki, onun özünün edə biləcəyi heç nə yoxdur, hər şey Allahdandır. İsa Məsih bu dünyaya gəldi; O, bu dünyada yaşadı; çarmıxa çəkildi; ölülərdən dirildi. Biz bütün bunların baş verməsi üçün heç nə etmədik: bunlar Allahın işidir. Biz bu gözəl sevgi haqqında müjdəni eşitdik. Biz bu sevgini yaratmadıq, sadəcə onu aldıq. Qəlbimizdə sevgi oyandı, günahı dərk etdik, bununla da bağışlanma və xilas aldıq. Biz bütün bunlara özümüz nail olmadıq: hər şey Allahdan gəldi. Paulun bu hissədə demək istədikləri budur.
Əhdi-Ətiqdə biz qəbul etmək sözünə məcazi mənada rast gəlirik: «Mən sənə çöldə, quraq torpaqlarda göz-qulaq oldum» (Huşə 13:5). «Yer üzündəki nəsillərin arasında yalnız sizinlə ünsiyyət yaratmışam» (Amos 3:2). Müqəddəs Kitabda Allahın kimisə qəbul etdiyi deyiləndə, bu Onun həmin şəxs üçün xüsusi məqsədi, planı və tapşırığı olduğunu bildirir. Əgər bir daha geriyə dönüb məsihçi təcrübəmizə nəzər salsaq, onda yalnız deyə bilərik: «Mən bunu heç vaxt edə bilməzdim; hər şeyi Allah etdi». Bununla yanaşı, iradə azadlığından məhrum olmadığımızı bilirik.
Allah İsraili seçdi, lakin elə bir gün gəldi ki, İsrail Allahın onun üçün nəzərdə tutduğu taleyi rədd etdi. Rəbbin gözəgörünməz əli həyatımız boyu bizə rəhbərlik edir. Lakin günün sonuna qədər biz Onun rəhbərliyini rədd edib öz yolumuzla gedə bilərik. Hər bir məsihçi qəti əmindir ki, hər şeyi edən Allahdır; o, heç nə etməyib; hər şeyi Allah etmişdir. Paulun burada nəzərdə tutduğu da budur. Bu o deməkdir ki, Allah əzəldən bizi xilas üçün təyin etmişdir; bizi vaxtı çatanda çağırmışdır. Amma insanın qüruru Rəbbin planını poza bilər və itaətsizliyi ilə Onun çağırışını rədd edə bilər.
31-39
Bu, Paulun ən lirik hissələrindən biridir. 32-ci ayədə biz Əhdi-Ətiqi yaxşı bilən, hər bir yəhudiyə tanış olan gözəl bir xatırlatma görürük. Paul əslində belə deyir: «Allah Öz Oğlunu bizdən əsirgəmədi: bu, həqiqətən də, Allahın bizə lazım olan hər şeyi verəcək qədər bizi sevdiyinə zəmanətdir». Paul Allahı bir vaxtlar Onun İbrahim peyğəmbəri tərif etdiyi sözlərlə tərif edir. Allah İbrahim peyğəmbərə deyəndə ki, oğlu İshaqı qurban gətirsin, İbrahim Allaha sədaqətini sübut etdi. Allah İbrahim peyğəmbərə dedi: «...öz yeganə oğlunu Məndən əsirgəmədin» (Yaradılış 22:12). Paul sanki deyir: «İnsanın Allaha sədaqətinin ən böyük nümunəsinə nəzər salın; Allah da sizə qarşı eynilə belə sədaqətlidir». İbrahim peyğəmbər Allaha sadiq olduğuna görə ona ən əziz olanı qurban verməyə hazır idi. Allah da insanlara o qədər sadiqdir ki, yeganə Oğlunu onlar üçün qurban verdi. Həqiqətən, belə bir sədaqətə tam güvənmək olar.
Lakin 33-35-ci ayələrdə Paulun nə demək istədiyini dəqiq başa düşmək çətindir. Bu ayələri iki cür anlamaq olar, onların hər birində gözəl məna və qiymətli həqiqət var.
1) Biz bu ayələrə iki iddia kimi baxa bilərik. Bu iki iddianın ardınca iki nəticə hasil edən iki sual yaranır.
a) Allah insanlara bəraət qazandırır — bu, bir iddiadır. Əgər bu, belədirsə, o zaman insanları kim ittiham edə bilər? Əgər insan Allah tərəfindən saleh sayılsa, o, hər cür ittihamdan xilas olur.
b) Bizim çarmıxda ölən və yenidən dirilən, əbədi yaşayan Məsihə olan imanımız — digər iddiadır. Əgər belədirsə, bizi bu dünyada və ya o dünyada ölülərdən dirilən Rəbbimizdən ayıra biləcək bir şey varmı?
Əgər ayələri bu nöqteyi-nəzərdən oxusaq, iki mühüm həqiqəti dərk edərik:
a) Allah bizə bəraət qazandırdı; buna görə də heç kim bizi ittiham edə bilməz.
b) Məsih dirildi; buna görə də heç bir şey bizi Ondan ayıra bilməz.
2) Amma bu ayələri başqa cür də oxumaq olar. Allah bizə bəraət qazandırdı. O zaman bizi kim mühakimə edə bilər?
Cavab belədir ki, bütün insanların Hakimi İsa Məsihdir. Yalnız O, mühakimə etmək haqqına malikdir. Ancaq O bizi mühakimə etməkdən uzaqdır. Çünki O, Allahın sağında oturub bizim üçün vəsatətçilik edir. Bu səbəbdən biz xilas olmuşuq. Amma o da ola bilər ki, 34-cü ayədə Paul heyrətamiz vəhyləri kəşf edir.
O, İsa Məsihin etdiyi dörd şeydən danışır:
1) O öldü;
2) O dirildi;
3) Allahın sağında oturur;
4) Bizim üçün vəsatətçilik edir.
Bütün məsihçi inancları arasında hələ də vacib sayılan erkən İmanlı Cəmiyyətinin etiqadı belədir: «O çarmıxa çəkildi, öldü və qəbirə qoyuldu; üçüncü gün ölülər arasından dirildi və Allahın sağında oturdu; diriləri və ölüləri mühakimə etmək üçün məhz oradan gələcək». Paulun iddiasındakı üç element erkən məsihçiliyin inancı ilə eynidir: yəni İsa ölüb dirildi və Allahın sağındadır. Ancaq dördüncü element fərqlidir. Erkən məsihçiliyin inancına görə, İsa dirilərin və ölülərin Hakimi olmaq üçün gələcək. Paulun sözlərinə görə isə Məsih bizim üçün vəsatət etmək məqsədilə Allahın sağında oturub. Paul sanki belə deyir: «Siz İsanı mühakimə etmək üçün Allahın sağında oturan Hakim kimi düşünürsünüz; təbii ki, O, bunu edə bilər, çünki buna haqqı var. Amma səhv edirsiniz: O, Allahın sağında ittihamçı olmaq üçün deyil, bizə görə vəsatət etmək üçün müdafiəçi kimi oturub».
Məncə, ikinci variantı götürsək, daha düzgün olar. Dərin düşüncə sayəsində Paul Məsihi Hakim kimi deyil, insanları sevən Biri kimi gördü. Bu cür sevgidən vəcdə gələn Paul daha sonra poetik şövqlə belə deyir: «Heç bir şey bizi dirilmiş Rəbbimiz İsa Məsihdəki Allahın məhəbbətindən ayıra bilməz».
1) Nə əziyyət, nə sıxıntı, nə təhlükə bizi ayıra bilməz (35-ci ayə). Dünyadakı bədbəxtliklər insanı Allahdan ayıra bilməz.
2) 38-39-cu ayələrdə Paul siyahı verir. Nə həyat, nə də ölüm bizi Məsihdən ayıra bilməz. Həyatda biz Məsihlə yaşayırıq; ölümdə Onunla birlikdə ölürük; Onunla birlikdə öldüyümüz üçün Onunla birlikdə diriləcəyik. Ölüm heç də bizi Məsihdən ayırmır; əksinə, Ona daha bir addım yaxınlaşdırır. Ölüm son deyil, İsa Məsihin hüzuruna aparan «üfüqdəki qapıdır».
3) Nə mələklər, nə başçılar bizi Ondan ayıra bilməz. Paulun dövründə yəhudilərin mələklər haqqında inancı böyük idi. Hər şeyin öz mələyi var idi. Küləyin, buludun, qarın, dolunun, şaxtanın, ildırımın və şimşəyin, istinin, soyuğun, fəsillərin mələyi var idi. Ravvinlər deyirdilər ki, dünyada hər şeyin, hətta bir otun belə öz mələyi var. Ravvin nəzəriyyəsinə görə, mələklərin üç rütbəsi var idi. Birinci rütbəli mələklər taxt mələkləri — keruvlar və seraflar; ikinci rütbəli mələklər padşah səlahiyyətinə malik idi; üçüncü rütbəli mələklər — baş mələklər və başçılar idi. Paul həmin mələklər haqqında dəfələrlə danışır (Efeslilərə 1:21; 3:10; 6:12; Kolosselilərə 2:10.15; 1Korinflilərə 15:24). Ravvinlər — Paul da bir vaxtlar ravvin idi — inanırdılar ki, mələklər insanla düşmənçilik edir. Yəhudilər hesab edirdilər ki, Allahın insanı yaratması mələklərin narazılığına səbəb olub. Sanki Allahı başqası ilə bölüşmək istəmirdilər. İndi Allahın qəlbində insanın tutduğu yer onlarda paxıllıq və narazılıq yaradırdı. Ravvinlərin bir əfsanəsi var idi ki, Allah Sina dağında Musa peyğəmbərə görünüb ona və xalqa Qanun verəndə, saysız-hesabsız mələklər Allahı müşayiət edirdi. Allah İsrailə Qanun verəndə onlar həsəd aparırdı. Musa peyğəmbər dağa qalxarkən mələklər ona hücum etdi. Əgər Allah müdaxilə etməsəydi, onlar Musanı orada tərk edəcəkdi. Paul öz müasirləri kimi düşünərək deyir: «Hətta qibtə edən, qısqanc mələklər də istəsələr belə, bizi Allahın məhəbbətindən ayıra bilməz».
4) Hətta nə indiki, nə gələcək zaman bizi Məsihdən ayıra bilməz. Paul indiki və gələcək zaman haqqında danışır (38-ci ayə). Artıq bilirik ki, yəhudilər zamanı indiki və gələcək dövrə bölürdülər. Paul sanki deyir: «Bu dünyada bizi heç nə Allahdan ayıra bilməz. Gün gələcək ki, bu dünya sarsılacaq və yeni bir dövr başlayacaq. Lakin bu, məsihçi üçün heç nəyi dəyişməyəcək. Hətta bu dünya məhv olub yeni dünya yaransa da, Məsihlə olan əlaqələr dəyişməz qalacaq».
5) Heç bir dağıdıcı qüvvə bizi Məsihdən ayıra bilməz. Paul ucalıqdan və dərinlikdən danışır. O, bu anlayışları burada astroloji terminlər kimi istifadə edir. Qədim dövrdə insanlar ulduzların onlar üzərində hökmranlıq etdiyinə inanırdılar. Onlar inanırdılar ki, insan müəyyən bir ulduz altında doğulur və bu onun taleyini müəyyən edir. Bəzi insanlar bu gün də buna inanırlar; lakin qədim dövrdə bu inanc daha güclü idi. Ucalıq (qupsoma) elə bir dövrdür ki, ulduz ən yüksək nöqtədə və ən böyük təsirə malik olur; dərinlik (qatos) isə elə bir dövrdür ki, ulduz ən aşağı nöqtəsinə enib yüksəlməsini gözləyir və insanın taleyinə təsir edir. Ulduzların onların taleyinə təsir etdiyinə inanan insanlara Paul belə deyirdi: «Ulduzlar sizə zərər verə bilməz. Onların təsiri sizi Allahın məhəbbətindən ayıra bilməz».
6) Heç bir başqa aləm (39-cu ayə — heç bir başqa məxluq) bizi Allahdan ayıra bilməz. Başqa sözünün mənasını ifadə etmək üçün Paul yunan getoros sözündən istifadə edir ki, bu da əslində fərqli deməkdir. Paul sanki deyir: «Fərz edək ki, bizim dünyamızdan başqa fərqli bir dünya yaranıb. Hətta onda da siz xilas olacaqsınız: siz yenə də Allahın məhəbbətində qalacaqsınız». Burada hər kəsi tənhalıqdan və qorxudan xilas edən bir baxış var. Paul deyir: «Siz bu və ya digər dünyanın istənilən hadisəsini təsəvvür edə bilərsiniz. Lakin onların heç biri məsihçini aləmlərin Rəbbi və Hökmdarı olan İsa Məsihdəki Allahın məhəbbətindən ayıra bilməz. Onda nədən qorxmalıyıq?»