1-6
Paul nadir hallarda bu hissədəki kimi mürəkkəb şəkildə yazırdı. İngilis ilahiyyatçısı Çarlz Dodd deyir ki, bu hissəni aydınlaşdırmaq üçün Paulun nə dediyini unudub, onun nə demək istədiyini anlamaq lazımdır.
Bu hissənin əsas fikri — ölümün bütün müqavilələrə xitam verdiyi hüquqi prinsipdir.
«Paul bu həqiqəti izah etmək üçün misalla başlayır və məsihçinin həyatında baş verənləri göstərmək üçün ondan istifadə edir. Nə qədər ki, qadının əri sağdır, o, başqa birisi ilə evlənə bilməz, əks halda, zina etmiş olar. Amma əri ölübsə, nikah müqaviləsi ləğv edilir və o, istədiyi şəxslə evlənməkdə azaddır. Paul demək istəyirdi ki, biz də günahla nikah bağlamışıq. Məsih isə günahı məhv etdi. Buna görə də biz indi azad olmuşuq və Allahla nikah bağlaya bilərik. Paul, şübhəsiz ki, bunu nəzərdə tuturdu. Lakin bu misala Qanun daxil olur. Əslində, Paul bunu daha sadə şəkildə izah edə bilərdi. O deyə bilərdi ki, biz Qanunla nikah bağlamışıq və Məsihin sayəsində Qanun təsirini itirib. İndi isə biz Allahla nikah bağlamaqda azadıq. Amma Paul bu həqiqəti başqa cür izah edir. Onun çəkdiyi misalda biz Qanun üçün ölürük.
Bu necə baş verə bilər? Vəftiz vasitəsilə biz Məsihin ölümünə şərik oluruq. Bu o deməkdir ki, biz öləndə Qanun qarşısındakı bütün öhdəliklərdən azad oluruq və yeni nikah bağlaya bilərik. Bu dəfə biz Qanunla yox, Məsihlə evlənirik. Onda məsihçinin itaəti Qanuna məcburi itaətkarlıqdan deyil, İsa Məsihə sədaqətdən irəli gəlir.
Paul iki vəziyyəti — Məsihsiz və Məsihlə olan həyatı müqayisə edir. Məsihi tanıyana qədər biz yazılı Qanunlar toplusuna itaət etməklə həyatı tənzimləməyə çalışırdıq. Bu, cismani təbiətimizə görə yaşadığımız zaman baş verir. Paul cismani təbiət dedikdə sadəcə bədəni nəzərdə tutmur, çünki insan ömrünün sonuna qədər fiziki cəhətdən bədəndə qalır. İnsanda onu günaha sövq edən bir şey var. İnsanın zəif nöqtəsi məhz həmin şeylə əlaqədardır. Paul onu cismani təbiət adlandırır. Cismani təbiət — insan təbiətidir, Allahla birbaşa əlaqəsi yoxdur, Ondan kömək görmür. Paul deyir ki, insan təbiəti Allahın köməyindən məhrum olanda, Qanun mahiyyət etibarilə, hisslərimizi günaha sövq edirdi. O, bununla nə demək istəyir? Paul dönə-dönə qeyd edir ki, Qanun, həqiqətən, günaha aparır. Çünki bir şeyin qadağan olunması ona müəyyən cəlbedicilik verir. Biz yalnız Qanuna malik olanda, günahın ümidinə qalmışdıq. Daha sonra Paul insanın Məsihlə birlikdə olan vəziyyətinə toxunur. İnsan Məsihlə vəhdətdə yaşayanda, onda günah etmək istəyini oyadan yazılı Qanuna itaət etmir. O, bütün varlığı ilə MƏSİH İsaya sədaqət göstərməklə yaşayır. Onun həyatının aparıcı motivi Qanun deyil, sevgidir. Qanun bütün məhdudiyyətləri ilə ona kömək etməkdə aciz olanda sevgi ilhama gəlir.
7-13
Burada Əhdi-Cədidin ən böyük və ən təsirli hissələrindən biri başlayır. Çünki burada Paul bizə öz ruhani tərcümeyi-halını verir və ürəyini açır.
Paul Qanunun iztirablı paradoksunu aydınlaşdırmağa çalışır. Özlüyündə Qanun gözəl və möhtəşəmdir. O, müqəddəsdir. Yəni Qanun Allahın səsidir. Müqəddəs gagios sözünün əsas mənası — başqa bir şey deməkdir. Bu söz başqa bir aləmdən gələn bir şeyi müəyyənləşdirir. Qanun ilahidir və Allahın canlı səsidir. O, salehdir. Biz gördük ki, yunanca «salehlik» sözünün əsas mənası həm insana, həm də Allaha öz haqqının verilməsi deməkdir. Buna görə Qanun bütün münasibətləri — insani və ilahi münasibətləri bərqərar edir. Əgər insan Qanuna tamlığı ilə əməl etsəydi, Allahla və soydaşları ilə gözəl münasibətdə olardı. Qanun yaxşıdır. Başqa sözlə, onun məqsədi bizim ən yüksək rifahda yaşamağımızdan ibarətdir. Qanunun məqsədi insanı mömin etməkdir.
Bütün bunlar doğrudur. Amma bu da faktdır ki, Qanun insanın ürəyində günahın daxil ola biləcəyi bir boşluğu təmsil edir. Bu necə baş verir? Qanunun günahın mənbəyi olduğunu iddia edən iki əsas var.
1) Qanun günahı təyin edir. Paulun da dediyi kimi, Qanunsuz günah mövcud deyil. Cinayət Qanunla günah kimi müəyyən edilməyincə, insan onun günah olduğunu bilə bilməz. Biz istənilən oyunda, məsələn, tennisdə uzaqdan müdafiə tapa bilərik. İdmançı topu tora qaytarmazdan əvvəl onun bir dəfədən çox sıçramasına icazə verə bilər; amma nə qədər ki, qaydalar yox idi, onu heç bir səhvə görə qınamaq olmazdı. Sonra qayda qəbul edildi ki, top yalnız bir dəfə geri qayıtdıqdan sonra tora qaytarılmalıdır və onun iki dəfə sıçramasına icazə vermək olmaz. Qaydalar səhvin nə olduğunu müəyyənləşdirir. Qaydalar qoyulmazdan əvvəl icazə verilən şeylər qaydalardan sonra səhv sayılır. Qanun günahı belə müəyyənləşdirir. Biz daha yaxşı bir bənzətmə apara bilərik.
Uşağın və ya sivilizasiyadan kənar olan adamın mədəniyyətsizliyinə bəraət qazandıran əməl sivil ölkədən olan yetkin bir insan üçün yolverilməzdir. Yetkin sivil insan uşağın və ya sivilizasiyadan uzaq olan ölkənin sakininin bilmədiyi davranış normalarını bilir. Ona görə də onlar üçün üzrlü sayılan şey sivil insan üçün mədəniyyətsizlikdir.
Günah Qanunla müəyyən olunduğuna görə onun sayəsində yaranır. Məsələn, uzun müddət küçənin hər iki tərəfində avtomobil sürmək mümkün idi. Onu birtərəfli küçə elan edəndən sonra yeni qanun pozuntusu qeydə alınır: qadağan olunmuş istiqamətdə hərəkət etmək. Yeni qanunvericilik normaları yeni cinayətlər yaradır. Qanun insanlara onun nə olduğunu başa salaraq, günaha səbəb olur.
2) Amma Allahın Qanunu daha ciddi mənada günaha səbəb olur. Qəribədir, həyat elə qurulub ki, qadağan olunmuş bir şey həmişə cəlbedici olur. Yəhudi ravvinləri və mütəfəkkirləri bunun Eden bağında necə baş verdiyini bilirdilər. Adəm əvvəlcə məsum həyat yaşayırdı. Ona qadağan olunmuş ağaca toxunmamaq əmri verilmişdi. Bu əmr yalnız onun xeyrinə idi. Lakin ilan gəldi və bu qadağanı incəliklə vəsvəsəyə çevirdi. Ağacın qadağan olunması onu arzuedilən etdi. Beləliklə, Adəm qadağan olunmuş meyvə ilə günaha sövq edildi və nəticədə bu, ölümə gətirib çıxardı.
Filon bu hekayəni alleqorik şəkildə danışır. İlan həzzi, Həvva hissləri təmsil edir. Həzz almaq istəyi çox vaxt qadağan olunanı arzulayır və hisslər vasitəsilə öz məqsədinə doğru gedir. Adəm dərrakəni təcəssüm etdirir. Qadağan olunmuş meyvə hissləri daha çox şirnikləndirdikcə, dərrakə yoldan çıxır, ondan sonra ölüm gəlir.
Avqustinin «Etiraf» əsərində qadağan olunmuş həzlərdən bəhs edən məşhur bir parça var:
«Bizim üzüm bağımızın yanında üstü meyvələrlə dolu armud ağacı var idi. Günlərin bir günü gecə vaxtı biz meyvə oğurluğuna getdik. Biz çoxlu armud yığmışdıq. Amma özümüzü doyurmaq üçün deyil, donuzlara atmaq üçün yığmışdıq. Halbuki doyana kimi qadağan olunmuş meyvədən yemişdik. Bunlar dadlı armudlar olsalar da, mənim ürəyim armud istəmirdi. Çünki evimizdə çoxlu armud var idi, onlar daha dadlı idi. Mən bu armudları sırf oğru olmaqdan ötrü yığmışdım. Bu işdə mənim üçün yeganə həzz aldığım şey qanunsuzluq firavanlığı idi. Mən ondan doyunca daddım. Oğurluqda mənə həzz verən nə idi? Mənə həzz verən qanuna əsasən cinayətkar kimi qadağan olunmuş şeyləri etməklə saxta azadlıq əldə etmək hissi idi? Oğurluq etmək istəyini oğurluğun qadağan olunması yaradırdı».
Nəyisə qadağan olunmuşlar kateqoriyasına salmaq, yaxud nəyisə əlçatmaz etmək kifayətdir ki, onlar dərhal cəlbedici olsun. Qanun məhz bu mənada özü günahı ehtiva edir.
Paul günahı müəyyən etmək üçün çox yaxşı və dəqiq bir sözdən istifadə edir. O deyir: «Günah məni azdırdı». Günahda həmişə azdırıcı bir şey var. Voyen deyir ki, günahın azdırması üç sahədə pis təsir göstərir.
1) Biz günahdan əldə edə biləcəyimiz məmnuniyyətə aldanırıq. Elə bir insan yoxdur ki, qadağan olunmuş nəyisə edəndə xoşbəxt olacağını düşünməsin. Amma heç kim günahda xoşbəxtlik tapmayıb.
2) Biz günahın xeyrinə bəraət qazandıran bəhanələrə aldanırıq. Hər bir insan pis bir iş gördüyünə görə özünə haqq qazandıra biləcəyinə inanır. Lakin istənilən insanın Allahın hüzurunda özünə bəraət qazandırması əbəs cəhd kimi görünür.
3) Biz günahın nəticələrindən qaçacağımızı güman edərək aldanırıq. İnsan günah edəndə həmişə ümid edir ki, onun nəticəsindən qaça bilər. Ancaq gec-tez günahlarımız bizi tapacaq. Onda elə çıxır ki, Qanun günaha səbəb olduğuna görə pis şeydir? Paul əmindir ki, qurulmuş bu nizamda hikmət var.
Birincisi, o, qəti şəkildə inanır ki, nəticələrindən asılı olmayaraq, günah — günah kimi müəyyən edilməlidir. İkincisi, bu nizam günahın dəhşətli mahiyyətini göstərir. Çünki günah Qanunu — müqəddəs, saleh və yaxşı olan bir şeyi götürüb, onun mahiyyətini təhrif etdi və onu şərin məqsədlərinə xidmət etdirən bir şeyə çevirdi. Günahın etdiyi elə budur. O, sevginin gözəlliyini götürüb onu şəhvətə və ehtirasa çevirə bilər. Günah müstəqil yaşamaq istəyini götürüb onu nə olursa-olsun, pul və hakimiyyət əldə etmək həvəsinə çevirə bilər. O, dostluğun gözəlliyini yoldan çıxarmaq həvəsinə çevirə bilər. Karleyl bunu «günahın sonsuz lənəti» adlandırırdı. Günahın Qanunu öz məqsədlərindən ötrü günahın meydanına çevirməsi artıq onun nə qədər dərin olduğunu göstərir. Bu dəhşətli proses təsadüfi deyil; bütün bunlar bizə günahın necə dəhşətli bir şey olduğunu göstərməlidir. Çünki o, murdar toxunuşu ilə ən gözəl şeyləri murdarlaya bilər.
14-25
Burada Paul ürəyini açır. O, hər bir insana xas olan həyat təcrübəsini bizimlə bölüşür. O bilirdi ki, yaxşılıq var və onu etmək istəyirdi, amma nədənsə heç vaxt alınmırdı. O, pisliyin də nə olduğunu bilirdi və onu etmək istəmirdi, amma nədənsə məhz onu edirdi. Paul özünü ikiləşmiş şəxsiyyət kimi hiss edirdi. Sanki bir bədəndə iki nəfər yaşayırdı, hər biri onu müxtəlif istiqamətlərə çəkirdi. O, məhv olduğunu hiss edirdi, yaxşılığın nə olduğunu bilib onu edə bilməməsi Paulu incidirdi; pisliyi bilib ondan çəkinə bilməməsi Paulu təqib edirdi. Paulun müasirlərinə bu hiss yaxşı tanış idi. Bizə də yaxşı tanışdır. Seneka «zəruri işlərdə acizliyimizdən» danışırdı. O, insanların öz günahlarına nifrət etməsindən, eyni zamanda onları sevməsindən danışırdı. Roma şairi Ovidi belə bir məşhur aforizm yazmışdı: «Mən yaxşı şeyləri görüb bəyənirəm, amma pisliyin ardınca gedirəm».
Bu problemi yəhudilərdən yaxşı heç kim bilmirdi. Onlar belə qənaətə gəldilər ki, hər bir insanda Yetser gatob və Yester qara adlanan iki varlıq yaşayır. Yəhudilər əmin idilər ki, Allah insanı yaxşılığa və şərə daim can atan varlıq kimi yaradıb.
Bəzi ravvinlər inanırdılar ki, pislik insan hələ doğulmamışdan əvvəl ana bətnində ikən rüşeymə yerləşdirilib. Bu, «ikili pis şəxsiyyət», «insanların barışmaz düşməni» idi. O, lazım gələrsə, ömrü boyu insanın daxilində qalıb insanı məhv etmək fürsətini gözləyirdi. Ancaq eyni zamanda yəhudilər başa düşürdülər ki, heç kim bu pisliyə təslim olmamalıdır. Lakin yenə də bu, sırf seçim məsələsi idi.
Sirax oğlu Yeşuanın hikmət kitabında deyilir:
«O, başlanğıcda insanı yaratdı,
Qərar verməyi onun öz ixtiyarına buraxdı.
Əgər istəsən, əmrlərə riayət edərsən,
İmanı icra etmək yaxşı əməldir.
Rəbb od və suyu sənin önünə qoyub,
Hansına istəsən, əlini uzada bilərsən.
Həyat və ölüm insanın önündədir,
Hansını arzulasa, ona veriləcək.
Çünki Rəbbin hikməti böyükdür,
O Öz hökmündə qüdrətlidir və hər şeyi görür.
Rəbbin nəzəri Ondan qorxanların üzərindədir,
O, insanların bütün əməllərini bilir.
Rəbb heç kəsə dinsiz olmağı buyurmadı,
Heç kəsə günah etməyə izin vermədi».
(Sirax 15:14-20 (yoxlama versiyası)).
İnsanı pislikdən saxlayan müxtəlif səbəblər var. Səbəblərdən biri Qanun idi. Yəhudilər Allahın belə dediyini təsəvvür edirdilər: «Mən sizin üçün pis nəfs yaratdım; pisliyə çarə olaraq sizin üçün bir Qanun verdim. Əgər Qanuna əməl etsəniz, pisliyin təsirinə düşməyəcəksiniz».
Bundan əlavə, iradə və dərrakə var.
«Allah insanı yaradanda onun daxilinə Öz hisslərini və xasiyyətini qoydu. Sonra isə bütün bunlardan daha üstün olan müqəddəs bir rəhbər — ağıl verdi».
Yəhudilər inanırdılar ki, insanı pis nəfs yoldan çıxaranda, onun ağlı və dərrakəsi Allah Kəlamını öyrənməklə pis nəfsə qalib gələ bilər. Çünki Allahın Kəlamı müdafiə və təhlükəsizliyi təmin edir; qanun qoruyucu padzəhər kimidir: günaha büdrəmək anında qorunmaq məqsədilə ona müraciət etmək olar.
Paul bütün bunları bilirdi. Onu da bilirdi ki, nəzəri cəhətdən bunların hamısı doğru olsa da, təcrübədə belə deyil. İnsan təbiətində günahın vəsvəsələrinə cavab verən şeylər mövcuddur. Paul bunları ölümə düçar olan bədən adlandırır. Bu, insana aid olan vəziyyətin bir tərəfidir: biz nəyin yaxşı olduğunu bilirik, amma pis olanı edirik; yəni düşündüyümüz qədər mömin deyilik. Eyni zamanda bizi həm yaxşılıq, həm də günah təqib edir.
Bir tərəfdən bu hissəni qüsurların kəşfi adlandırmaq olar. Çünki...
1) bu hissə insan biliyinin yetmədiyini göstərir. Əgər yaxşılığı bildiyi kimi onu etməyi də bacarsaydı, onda insan həyatı sadə olardı. Lakin yaxşılığın nə olduğunu bilmək insanı mömin etmir. Eyni şeyi hər bir insan peşəsi haqqında demək olar. Biz şahmatı necə oynamaq lazım olduğunu bilirik; amma bu, hələ yaxşı oynamaq anlamına gəlmir. Biz şeirin necə yazıldığını bilə bilərik, amma bu onu yazmaq demək deyil. Biz müəyyən vəziyyətdə necə davranacağımızı bilə bilərik, lakin bu, hər vəziyyətdə mükəmməl olacağımız anlamına gəlmir. Dinlə əxlaq arasındakı fərq elə budur. Əxlaq — kodu bilmək deməkdir; din — insan haqqında bilik deməkdir. Biz yalnız Məsihi tanıyanda nə etməli olduğumuzu edə bilərik.
2) bu hissə insan qərarlarının yetmədiyini göstərir. Nəsə etmək niyyəti onu hələ həyata keçirmək demək deyil. İnsan təbiətinin başqa zəif tərəfi də var — möhkəm iradənin olmaması. İnsan iradəsi problemlərlə, çətinliklərlə, qarşıdurmalarla qarşılaşır. Çox vaxt insanın iradəsi uğursuzluğa düçar olur. Həvari Peter bir dəfə mühüm qərar verdi. O, Məsihə dedi: «Əgər Səninlə birlikdə ölməyim lazım olsa belə, Səni əsla inkar etməyəcəyəm» (Matta 26:35). Lakin həlledici an çatanda o, dəhşətə yol verdi. Əgər insan iradəsinə Məsih tərəfindən güc verilməsə, uğursuzluğa məhkumdur.
3) bu hissə təkcə məğlubiyyətin səbəblərini müəyyən etməyin yetərli olmadığını göstərir. Paul müasir insanın və cəmiyyətin qüsurlarını yaxşı görürdü. Lakin vəziyyəti düzəltmək gücündə deyildi. O, xəstəliyə dəqiq diaqnoz qoya bilən, lakin lazımi müalicəni təyin etməkdə aciz olan həkim kimi idi. Amma İsa Məsih nəinki nəyin səhv olduğunu bilir, həm də pisi yaxşıya çevirməyə qadirdir. O, tənqid yox, kömək təklif edir.