Barclay
KİTABLARAudio kitablarHekayələrİlahilərFilmlər və cizgi filmləriXilas haqqında müjdəXoş xəbər hekayələri

Romalılara məktub: 5-ci fəsil

V. Barklinin şərhləri

5-ci fəsil

1-5

ALLAHA GEDƏN YOL (Romalılara 5:1-5)

Burada Paulun məktubunun ən lirik hissələrindən birinə rast gəlirik. O, demək olar ki, Allaha güvənməsinin sevincini tərənnüm edir. Allaha etibar edən iman Qanuna riayət etməklə əldə oluna bilməyəni etdi — yəni insanı Allah ilə barışdırdı. Məsihin gəlişindən əvvəl heç kim Allaha yaxınlaşa bilmirdi.

Digərləri isə Allahı yaxşı kimi yox, ən böyük pislik kimi görürdülər. Suinbern yazırdı:

Məgər üzünü gizlədib dəmir ayaqları ilə

Təhdid edən və hər şeyi gündən-günə əzən

O deyildimi? İnsan bunu hiss edirdi.

Məgər bizə aclıq göndərən, canımıza ehtiras hopduran

Onu çağıranların dodaqlarını susuzluqla dolduran O deyildimi?

Elə adamlar da var idi ki, Allahı tamamilə yad və əlçatmaz kimi görürdülər. H.G.Velsinin kitablarından birində zehni gərginliklə yüklənən iş adamının əsəb və psixi pozğunluq təhlükəsi ilə üzləşməsi barədə hekayə var. Həkim ona deyir ki, onu yalnız bir şey xilas edə bilər: o, Allahla yaxınlıq və dostluq hissinin yarada biləcəyi rahatlıq tapmalıdır. «Bunu necə əldə edim? — deyə iş adamı qışqırdı, — məgər O mənə yaxınlaşıb mənimlə dost olar? Onun mənimlə dostluğu qalaktikada gəzməyə və ya ulduzlarla əl sıxmağa bərabərdir!» Onun üçün Allah tamamilə əlçatmaz idi. Səyahətçi Rozita Foros deyir ki, günlərin bir günü gecə o, Çinin bütün kəndlərində yer tapa bilmədiyi üçün yalnız kilsədə sığınacaq tapa bilir. Gecə oyananda görür ki, ay işığı pəncərədən tanrıların təsvirlərinin üzünə düşür. Onların simasında insanlara nifrət edirmiş kimi eybəcər ifadə və istehza var. Dərk edəndə ki, Allah Rəbbimiz İsa Məsihin Atasıdır, onda Paulun bəraət adlandırdığı Allahla daxili ruhani yaxınlıq və Onunla yeni münasibət yaranır.

Paul deyir ki, Məsih vasitəsilə biz lütfə nail olduq. Paul «nail olduq» sözünü yunanca prosagoge ilə ifadə edir. Bu söz iki məna daşıyır:

1) Bu söz Allaha yaxınlaşan adamın padşahlara təqdim edilməsi zamanı işlədilir. Paul sanki deyir: «İsa Məsih bizi Allahın hüzuruna gətirir. O bizim üçün padşahların Padşahının hüzuruna qapı açır. Bu qapı açıq olanda isə bizi mühakimə deyil, mərhəmət qarşılayır, günahın əvəzi deyil, layiq olmadığımız Allahın lütfü qarşılayır.

2) Amma prosogoge sözünün başqa mənası da var. Yunan dilində bu söz sonralar gəmilər üçün sığınacaq, liman mənasında işlədildi. Bu mənada onu belə şərh etmək lazımdır: biz yalnız öz gücümüzə güvənəndə fırtına bizi dalğalar boyunca aparır, eynilə məhv olmaq təhlükəsi ilə üzləşən, dalğalarla mübarizə aparan dənizçilər kimi. Lakin biz Məsihin sözünü eşidəndən sonra, nəhayət, Allahın lütfünün sığınacağına çatırıq; səylərimizdən asılı olmayan, Allahın bizim üçün etdiklərindən asılı olan rahatlığı əldə edirik. İsa Məsih vasitəsilə biz padşahların Padşahının hüzuruna, Allahın lütfünün sığınacağına nail oluruq.

Lakin Paul bunu deyəndən sonra, məsələnin başqa tərəfini açıqlayır. Bütün bunlar həqiqətdir, gözəldir. Buna baxmayaraq, məsihçilər bu həyatda çətinliklərlə qarşılaşırlar. Romada məsihçi olmaq çətin idi. Bunu nəzərə alan Paul kulminasiya nöqtəsinə çatır. «Əziyyətdən dözüm yaranır». Əziyyət kimi tərcümə olunan tlipis yunan sözü hərfi mənada zülm, təzyiq deməkdir. Məsihçilər müxtəlif təzyiq və zülmlə qarşılaşa bilərlər: məsələn, ehtiyac, çətinlik, kədər, təqib, rəddolunma, tənhalıq. Bu kimi zülm və ya təzyiq məsihçilərdə səbir və güclü ruh inkişaf etdirə bilər. Səbir anlayışını ifadə etmək üçün Paul yunanca hupomone sözündən istifadə edir, bu da dözümlülükdən daha böyük məna kəsb edir. Bu söz dünyaya, həyatın sınaqlarına və iztirablarına passiv şəkildə yox, fəal şəkildə qalib gələn güclü ruh deməkdir.

Bethoven karlığa düçar olanda (bir musiqiçi üçün bu, dəhşətli bədbəxtlik deməkdir), belə demişdi: «Mən həyatın boğazından yapışacağam». Hupomone də məhz elə budur. Valter Skott naşirlərinin iflası səbəbindən müflis olanda belə demişdi: «Heç kim mənim haqqımda «Yazıq adam!» sözünü işlətməyəcək; borcumu sağ əlim ödəyəcək». Bu da hupomonedir, yəni dünyaya üstün gələn ruhun gücüdür. Hupomone yerində durub fırtınalı dalğaların onun üzərindən keçib-getməsini gözləyən adam deyil. Bu, həyatın təlatümlərinə sinə gərən və onların üzərində qələbə çalan insandır.

Paul davam edir: «...dözümdən Allaha xoş gəlmə yaranır». Paul Allaha xoş gəlmə anlayışını ifadə etmək üçün yunanca dokime sözündən istifadə edir. Bu söz bütün oksidləşdirici qatışıqlardan təmizlənmək üçün odda yanan metalı müəyyən edir. Bu termin həm də sikkələri müəyyən etmək üçün istifadə olunur, eynilə bizim dövrdə işlədilən «yüksək əyarlı» kimi. Əgər insan çətinlikdən mətanətlə çıxırsa, ruhun möhkəmliyini qoruyub-saxlayırsa, mübarizədən daha güclü, daha təmiz, daha yaxşı çıxır və Allaha daha yaxın olur.

Paul davam edir: «...Allaha xoş gəlmədən ümid yaranır». Təsəvvür edək ki, iki insan eyni vəziyyətə düşür. Biri ümidsizliyə sürüklənir, digəri isə özünü qalibiyyətə sövq edir. Bir insan üçün belə bir vəziyyət bütün ümidlərin sonu ola bilər, digəri üçün ucalmağa fürsət ola bilər. Lord Reyt deyirdi: «Mən böhranlı vəziyyətləri sevmirəm, amma onların verdiyi imkanları sevirəm». Bu fikir insanların bir-birindən fərqli olduğunu göstərir. Əgər insan zəif və xaraktersizdirsə, şəraitin onu məğlub etməsinə imkan verirsə, bədbəxtliyə düçar olanda sızlayıb özünü aciz göstərirsə, onda təhlükə anında ümidsizliyə qapılacaq. Əgər insan həyatda başını dik saxlayırsa, çətinliklərlə üzləşəndə onlara qalib gəlirsə, onda yaranan təhlükədən çıxacağı günü ümidlə gözləyir. Əzmkarlıq, güclü xarakter, imtahana sinə gərmək insanı həmişə ümidlə irəliyə baxmağa vadar edir.

Bundan sonra Paul çox vacib bir bəyanat verir. «Ümidimiz də boşa çıxmır, çünki Allah məhəbbəti bizə verilən Müqəddəs Ruh vasitəsilə ürəklərimizə tökülüb». Ömər Xəyyam ümid barədə düşünərək belə yazırdı:

İnsanların susadığı dünya ümidi ya külə dönür, ya da çiçəklənir,

Yaxud səhranın qumlu üzünə qar kimi bir-iki saat parıldayıb sönür.

Əgər insanın ümidi Allahadırsa, o, nə toza, nə də külə çevrilə bilər. Belə ümid boşa çıxa bilməz. Əgər insanın ümidi Allahın sevgisinə yönəlibsə, bu, illüziya ola bilməz. Çünki Allah bizi əbədi sevgi ilə sevir.

6-11

SEVGİNİN SON SÜBUTU (Romalılara 5:6-11)

İsa Məsihin bizim uğrumuzda ölməsi faktı Allahın məhəbbətinin son sübutudur. Saleh bir insan uğrunda kimisə ölməyə sövq etmək olduqca çətin olardı. Düzdür, insanı böyük və nəcib bir prinsip uğrunda ölməyə razı salmaq olar; əsl sevgi də insanı dostu üçün canını verməyə sövq edə bilər. Amma İsa Məsihin möcüzəsi ondan ibarətdir ki, biz hələ günahkar ola-ola və Allahla düşmən münasibətdə olduğumuz halda O bizim uğrumuzda öldü. Bu, sevginin ən böyük təzahürüdür — bundan daha böyük heç nə ola bilməz.

Rita Snoudon 1915-ci ildə bir neçə ərəblə səhranı keçən T.E.Lourensin başına gələnlərdən danışır.

«Çıxılmaz vəziyyətə düşmüşdülər. Yemək qurtarmaq üzrə idi, bir neçə damcı su qalmışdı. Onlar başlarını qum dənələrini havaya sovuran küləkdən qorunmaq üçün yaylıqla örtmüşdülər. Birdən kimsə soruşdu:

  • Jasmin haradadır?

Digəri soruşdu:

  • Jasmin kimdir?

Üçüncüsü dedi:

  • Maanadan olan sarışın. O, bir türk vergiyığanı öldürüb səhraya qaçıb.

  • Baxın, Jasminin dəvəsində heç kəs yoxdur — birinci adam dedi, — tüfəngi yəhərə bağlanıb, amma Jasmin yoxdur.

  • Görünür, onu yolda öldürüblər — deyə ərəblər düşündülər.

Onlar Jasminin taleyini müzakirə etməyə davam etdilər və belə qənaətə gəldilər ki, o, çox zəif olduğuna görə ya yolunu azmış, ya da sadəcə dəvədən yıxılmış ola bilər. Sonda belə qərara gəldilər ki, Jasmin qara qəpiyə belə dəymir, ona görə də dəvələrinə minib yollarına davam etdilər. Lourens isə dəvəsinin başını çevirdi və təkbaşına, istidə həyatını riskə ataraq gəldikləri yolla geriyə döndü. Saatyarımlıq yol gedəndən sonra qumun üzərində nəsə gördü. Bu, istidən kor olmuş və susuzluqdan huşunu itirmiş Jasmin idi. Lourens onu dəvəsinə mindirib ona bir neçə damcı su verdi, sonra öz dəstəsinə qayıtdı. O, yaxınlaşanda ərəblər ona heyrətlə baxdılar. Onlar dedilər:

  • Bu da Jasmin. Bir qara qəpiyə dəyməyən Jasmin. Ondan ötrü ağamız Lourens həyatını riskə atıb onu xilas etdi».

Bu bir nümunədir. Məsih salehləri deyil, günahkarları, Allahın dostlarını deyil, Onunla düşmənçilik edən insanları xilas etmək üçün öldü.

Paul daha da irəli gedir. İsa Məsih vasitəsilə bizim Allah qarşısında mövqeyimiz dəyişdi. Biz günahkar olsaq da, Allahla həqiqi münasibətimiz yarandı. Amma bu da kifayət deyil. Nəinki münasibətlərimiz, həyatımız da dəyişməlidir. Xilas edilmiş günahkar günahlı həyatına davam edə bilməz. O, saleh olmalıdır.

Məsihin ölümü bizim mövqeyimizi dəyişdi. Onun ölülərdən dirilməsi bizim həyatımızı dəyişdi. O, ölü deyil, diridir; bizə kömək etmək, bizə rəhbərlik etmək, bizi Öz qüdrəti ilə doldurmaq, bizi sınaqdan çıxarmaq, bizi Öz nuru ilə bəzəmək üçün həmişə bizimlədir. İsa günahkarları Allahla həqiqi münasibətə gətirir, baxmayaraq ki, onlar hələ də günahkardırlar. O Öz mərhəməti ilə onlara günahdan üz döndərib saleh insanlar olmaq üçün güc verir. Bütün bu hadisələrin teoloji adları var. Mövqeyimizin dəyişməsi — bəraət almaq deməkdir; xilas prosesi elə buradan başlayır. Həyatın dəyişməsi — müqəddəslik yoludur; burada xilas prosesi davam edir və Məsihlə üz-üzə gəlib Ona bənzəyənə qədər bitmir.

Burada çox vacib olan başqa bir məqamı da qeyd etmək lazımdır. Paul yaxşı başa düşür ki, bütün xilas prosesi, Məsihin gəlişi və ölümü Allahın məhəbbətinin sübutudur. Bəzən bütün bu proses belə şərh olunur: sanki bir tərəfdən həlim və sevən Məsih, digər tərəfdən isə qəzəbli və intiqam alan Tanrı var və sanki Məsih Allahın insanlarla münasibətini dəyişib. Amma bu, böyük yanlışlıqdır. Hər şeyin başlanğıcı Allah sevgisidir. İsa Allahın insanlara olan münasibətini dəyişmək üçün gəlmədi; O gəldi ki, insanlara bu münasibətin nə olduğunu və həmişə necə olduğunu göstərsin. O, Allahın məhəbbət olduğunu təkzibedilməz şəkildə sübut etmək üçün gəldi.

12-21

ÖLÜM VƏ XİLAS (Romalılara 5:12-21)

Əhdi-Cədidin heç bir bölməsi Allah haqqında təlimə bu qədər böyük təsir göstərməmişdir. Eləcə də Əhdi-Cədidin heç bir bölməsi müasir düşüncə tərzi üçün bundan böyük çətinliklər yaratmır. Bunu başa düşmək çətindir, çünki Paul fikrini çox mürəkkəb və çətin başadüşülən şəkildə ifadə edir. Biz görürük ki, Paul birinci fikrini tamamlamamış paralel şəkildə ikinci fikrini inkişaf etdirir. Üstəlik, o, yəhudilərə yaxşı məlum olan, onların yaxşı başa düşdüyü, lakin bizə tanış olmayan terminlərlə danışır. Bu bölmədəki fikri bir cümlə ilə ifadə etməli olsaq (Paulun yazmağa başladığı və bir çox əlavə tabeli bəndlər almış cümləni), onda o, belə görünərdi: «Adəmin günahı vasitəsilə bütün insanlar günahkar oldular və Allahdan uzaq düşdülər; İsa Məsihin salehliyi sayəsində bütün insanlar saleh oldular və Allahla olan münasibətləri bərpa olundu». Paul bu fikri 1Korinflilərə 15:21-22-də daha aydın şəkildə ifadə etmişdir: «Ölüm bir insanın vasitəsilə gəldiyinə görə ölülərin dirilməsi də bir İnsan vasitəsilə gəlir. Adəmdə hamı öldüyü kimi Məsihdə də hamı həyata qovuşacaq».

Bütün bölmə yəhudilərin iki böyük ideyasının işığında oxunmalıdır.

1) Birincisi, həmrəylik ideyasıdır. Yəhudi heç vaxt özünü bir fərd kimi görmürdü. O özünü həmişə böyük bir nəslin, ailənin və xalqın bir hissəsi kimi görürdü, onlarsız mövcud ola bilməzdi. Deyilənə görə, müasir dövrdə də avstraliyalı bir aborigendən adını soruşsanız, o öz nəslinin və ya qəbiləsinin adını çəkəcək. O özünü bir fərd kimi deyil, qəbilənin bir üzvü kimi görür. Bunun ən bariz nümunələrindən biri ibtidai xalqlar arasında olan qan davası adətidir. Tutaq ki, bir qəbilədən olan bir adam başqa tayfadan olanı öldürür. Öldürülənin qəbiləsi öldürənin qəbiləsindən qisas almağı özünə borc bilir. Zərbə bütün qəbiləyə vurulduğuna görə, qisas da qəbilənin üzərinə düşəcək.

Əhdi-Ətiqdə bunun çox aydın bir nümunəsi var. Bu hadisə Yeşua kitabının 7-ci fəslində təsvir olunan Akanla bağlı vəziyyətdir. Yerixo döyüşündən sonra Akan Rəbbin göstərişinə zidd olaraq qənimətin bir hissəsini özü üçün saxladı, halbuki hər şey məhv edilməli idi. Sonra yəhudilərin qarşısında Ay şəhərini tutmaq vəzifəsi qoyuldu. Bu elə də çətin döyüş olmamalı idi. Lakin döyüş yəhudilərin məğlubiyyəti ilə nəticələndi. Nəyə görə? Çünki Akan günah işlətmişdir, buna görə də bütün xalq günahkar kimi damğalandı və Allahın cəzasına məruz qaldı. Akanın günahı bir adamın deyil, bütöv bir xalqın günahıdır. Qədim yəhudilərin fikrincə, xalq fərdlərin toplusu deyil; o, monolit idi. Fərdin əməli xalqın əməli idi. Akan günahını etiraf edəndə tək o deyil, bütün ailəsi edam edildi. Akan ayrı bir fərd, yalnız özü üçün cavabdeh olan fərd deyildi; o, bir-birindən ayrı düşməyən insan kütləsindən biri idi.

Paul da Adəmə məhz belə baxır. Adəm fərd deyildi. O, bütün bəşəriyyətdən biri idi. Bütün bəşəriyyətdən biri olduğu üçün onun günahı bütün insanların günahı oldu. Paul deyir ki, Adəmdə bütün insanlar günah etmişdilər. Əgər bu hissədə Paulun fikrini nə vaxtsa başa düşsək, onda onun nə demək istədiyinə tam əmin olacağıq. Eyni zamanda Paulun əslində nəyi nəzərdə tutduğunu da biləcəyik. Tarix boyu Adəmin günahı ilə bütün bəşəriyyət arasında əlaqə olduğuna dair konsepsiyasını şərh etmək üçün müxtəlif cəhdlər edilib.

a) Bu hissənin mənası belə izah edilirdi ki, «hər bir insan özlüyündə Adəmdir». Bu o deməkdir ki, Adəmin günah işlətdiyi kimi, bütün insanlar da günah etmişlər. Lakin Adəmin günahı ilə bütün bəşəriyyətin günahları arasında heç bir real əlaqə yoxdur, yalnız onu söyləmək olar ki, Adəmin etdiyi günah bütün bəşəriyyətin etdiyi tipik günahdır.

b) Belə bir hüquqi şərh var: Adəm bütün bəşəriyyətin nümayəndəsidir, buna görə bütün bəşər övladları onun əməllərində iştirak edir. Lakin nümayəndəni təmsil etdiyi xalq seçməlidir. Adəm haqqında isə bunu heç bir halda deyə bilmərik.

c) Belə bir şərh də var ki, biz günah etmək istəyini Adəmdən miras almışıq. Bu, inandırıcı fikirdir, amma Paulun nəzərdə tutduğu deyil. Bu şərh sübut üçün yetərli deyil.

d) Bu hissəyə realist deyilən şərh verilməlidir. Başqa sözlə, bütün bəşər övladlarının həmrəyliyi sayəsində bütün bəşəriyyət, doğrudan da, Adəmdə günah işlətdi. Bu fikir bir yəhudi üçün qəribə və qeyri-adi səslənmirdi. Bu, yəhudi təfəkkürünün əsl mahiyyəti idi. İkinci Ezra kitabının müəllifi bunu yaxşı başa düşürdü: «Əzəldən Adəmin ürəyinə bir şər toxumu səpildi. Həmin toxum bizim dövrümüzə qədər çoxlu bədbəxtlik yaratdı. Xırmana düşənə qədər də hələ bədbəxtlik yaratmağa davam edəcək» (4:30). «Birinci Adəm şərə uyub büdrədi və məğlub oldu; təkcə o deyil, həm də ondan doğulanların hamısı» (3:21).

2) İkinci əsas fikir, Paulun arqumentinə daha yaxındır. Günahın birbaşa nəticəsi — ölümdür. Yəhudilər inanırdılar ki, Adəm günah etməsəydi, insan heç vaxt ölməzdi. Vaiz yazırdı: «Günah qadından başladı və hamı onun üzündən həlak olur». Süleymanın müdrikliyi kitabında isə deyilir: «Allah insanı ölməzlik üçün yaratmışdı, onu Öz əbədi varlığının surəti etmişdi. Lakin iblisin paxıllığı dünyaya ölüm gətirdi, onun payına aid olanlar bunun acısını çəkirlər». Yəhudi dünyagörüşünə görə, günah və ölüm ayrılmaz şəkildə bağlıdır. Paulun Romalılara 5:12-14-də çatdırmaq istədiyi fikir də məhz budur. Onun düşüncəsini bir sıra ideyalar vasitəsilə izləyə bilərik.

a) Adəm Allahın birbaşa əmrlərindən birini «qadağan olunmuş ağacın meyvəsini yemə» əmrini pozduğuna görə günah etdi və nəticədə günah işlətdiyinə görə öldü, halbuki ilkin plana görə o, ölməz olmalı idi.

b) Qanun insanlara yalnız Musa peyğəmbərin dövründə verilmişdir. Əgər Qanun yoxdursa, deməli, onun pozulması da ola bilməz. Başqa sözlə, günah da ola bilməzdi. Buna görə Adəmdən Musa peyğəmbərə qədər yaşamış insanlar əslində günah etmişlər, lakin hələ Qanun olmadığından günahkar sayıla bilməzdilər.

c) Onlar günahkar sayılmasalar da, yenə də həlak olurdular. Onlar Qanunu pozmaqda günahlandırılmasalar da, ölümün hökmü altında idilər.

d) Bəs onda nəyə görə həlak olurdular? Çünki onlar Adəmdə günah işlətmişdilər. Poza biləcəkləri Qanun olmasa da, Adəmin günahında iştirak etmələri onların ölümünə səbəb oldu. Paul bütün insanların Adəmdə günah etdiyini sübuta yetirmək üçün bu fikirdən istifadə edir.

Beləliklə, biz Paulun düşüncəsinin bir aspektinə gəlib çatdıq. Bəşəriyyətin mütləq həmrəyliyi ideyasına görə, bütün insanlar Adəmdə, sözün əsl mənasında, günah işlətdilər. Ölüm günahın zəruri nəticəsi olduğundan insanlar üzərində hökmranlıq edir. Ancaq bəşəriyyətin vəziyyətinin tamamilə ümidsiz göründüyünə dair həmin konsepsiyanın başqa işıqlı bir tərəfi də var: ümidsiz kimi görünən bu vəziyyətdə İsa Məsih zühur etdi. İsa Allah üçün kamil fəzilət gətirdi. Bütün insanlar Adəmin günahına şərik olduğu kimi, İsanın kamil fəzilətinə də şərik oldular. Eləcə Adəmin günahı ölümə səbəb olduğu kimi, İsanın kamil fəziləti ölümə qalib gəldi və insanlara əbədi həyat verdi. Paulun əsas arqumenti ondan ibarətdir ki, bəşəriyyət Adəmin günahında həmrəy olub ölümə məhkum edildiyi kimi, eynilə İsa ilə vəhdətdə olub əbədi həyat qazandılar. O vaxtdan bəri insanlara verilən Qanun günahı daha dəhşətli etsə də, Məsihin mərhəməti Qanunun insanlara gətirməli olduğu mühakiməni dəf etdi.

Paulun arqumenti elə budur və yəhudi teologiyası baxımından da təkzibedilməzdir. Lakin onun çətinliyi ilə yanaşı, üstün cəhəti də var.

1) Həmin arqumentin çətinliyi isə bundan ibarətdir: fərz edək ki, biz Adəmin hekayəsini hərfi mənada qəbul edirik, yəni Adəmlə əlaqəmiz sırf fiziki xarakter daşıyır. Uşaq atasını seçmədiyi kimi, bu məsələdə də bizim seçimimiz yoxdur. Amma Məsihlə bizim münasibətimiz könüllüdür. Məsihlə birliyi insan ya qəbul edə, ya da rədd edə bilər. Bu mənada insanın Məsihlə münasibəti Adəmlə münasibətindən fərqlənir. Bu, Paulun arqumentini başa düşməkdə çətinlik yaradır.

2) Paulun arqumentinin mühüm üstünlüyü isə budur: Paulun həqiqəti ona əsaslanır ki, bəşəriyyət qurtula bilməyəcəyi vəziyyətdə idi; insanlar günahın hökmü altında idi və vəziyyət ümidsiz idi. Məhz bu ümidsiz vəziyyətdə İsa Məsih gəldi və Özü ilə insanları ümidsizlikdən çıxaran bir şey gətirdi. Məsihin etdikləri, Onun Kim olduğu, insanlara bəxş etdikləri — bütün bunlar insana günahın hökmran olduğu vəziyyətdən çıxmaq imkanı verir. Paulun arqumentinə onu da əlavə edə bilərik ki, insanın günahı onun məhvinə səbəb oldu və o, Məsih tərəfindən xilas olundu.

Azərbaycan dilində Müqəddəs Kitab

Allahla barışmaq
1 Beləliklə, imanla saleh sayıldığımız üçün Rəbbimiz İsa Məsih vasitəsilə Allahla barışmış oluruq. 2 Elə Məsihin vasitəsilə də daxilində qaldığımız lütfə imanla nail olduq və Allahın izzətinə ümid bağlamağımızla fəxr edirik. 3 Yalnız bununla deyil, çəkdiyimiz əziyyətlərlə də fəxr edirik, çünki bilirik ki, əziyyətdən dözüm, 4 dözümdən Allaha xoş gəlmə, Allaha xoş gəlmədən ümid yaranır. 5 Ümidimiz də boşa çıxmır, çünki Allah məhəbbəti bizə verilən Müqəddəs Ruh vasitəsilə ürəklərimizə tökülüb.
6 Biz hələ gücsüz ikən Məsih müəyyən zamanda allahsız adamların uğrunda öldü. 7 Saleh bir adam uğrunda kiminsə ölməsi çətin işdir; bəlkə də yaxşı bir adam uğrunda kimsə ölməyə cəsarət edər. 8 Lakin Allah bizə olan məhəbbətini bununla sübut edir ki, biz hələ günahkar ola-ola Məsih bizim uğrumuzda öldü. 9 Beləcə Onun qanı ilə indi saleh sayıldığımıza görə Onun vasitəsilə də Allahın qəzəbindən mütləq xilas olacağıq. 10 Əgər biz Allahın düşməni olduğumuz vaxt Onun Oğlunun ölməsi ilə Allahla barışdıqsa, barışdıqdan sonra Onun həyatı vasitəsilə daha qəti olaraq xilas olacağıq. 11 Yalnız bununla deyil, Rəbbimiz İsa Məsih vasitəsilə Allahla da fəxr edirik ki, indi Onun vasitəsilə Allahla barışığa nail olmuşuq.
Adəm və Məsih
12 Beləliklə, günah bir insan vasitəsilə, ölüm də günah vasitəsilə bu dünyaya gəldi. Beləcə ölüm bütün insanlara yayıldı, çünki hamı günah etdi. 13 Qanundan əvvəl də dünyada günah var idi. Amma qanun olmayanda günah hesaba alınmır. 14 Lakin Adəmdən Musaya qədər ölüm hamıya, hətta Adəmin əmri pozmasına bənzər bir günah etməyənlərə də hökmranlıq etdi. Adəm o gələcək İnsanın əvvəlcədən göstərilən təsviri idi.
15 Amma Allahın ənamı təqsir kimi deyil. Çünki bir adamın təqsiri üzündən çox adam öldüsə də, Allahın lütfü və bir Adamın, yəni İsa Məsihin lütfü ilə verilən ənam bir çoxları üçün daha böyük təsir göstərdi. 16 Allahın ənamı həmin bir adamın günahının nəticəsi kimi deyil: bir günahdan sonra gələn hökm məhkumluq gətirdi, amma çoxlu təqsirdən sonra gələn ənam salehlik gətirdi. 17 Əgər bir adamın təqsiri üzündən ölüm həmin adamın vasitəsilə hökmranlıq etdisə, Allahın bol lütfünü və salehlik ənamını qəbul edənlər bir Adam, yəni İsa Məsih vasitəsilə daha qəti olaraq həyatda hökmranlıq edəcək.
18 Deməli, necə ki bir təqsir üzündən bütün adamlar məhkum olundu, eləcə də bir saleh əmələ görə bütün adamlara yaşamaq üçün salehlik verildi. 19 Necə ki bir adamın itaətsizliyi üzündən bir çoxları günahkar sayıldı, eləcə də bir Adamın itaəti sayəsində bir çoxları saleh sayılacaq. 20 Qanunun meydana gəlməsi təqsirin çoxalmasına səbəb oldu. Lakin günah çoxalan yerdə Allahın lütfü daha da çoxaldı. 21 Nəticədə günah ölüm vasitəsilə hökmranlıq etdiyi kimi lütf də salehlik vasitəsilə hökmranlıq edir; belə ki lütf Rəbbimiz İsa Məsihin vasitəsilə əbədi həyat versin.