Barclay
KİTABLARAudio kitablarHekayələrİlahilərFilmlər və cizgi filmləriXilas haqqında müjdəXoş xəbər hekayələri

Romalılara məktub: 4-cü fəsil

V. Barklinin şərhləri

4-cü fəsil

1-8

ALLAHIN BİR KƏLMƏSİNƏ GÜVƏNƏN İMAN (Romalılara 4:1-8)

Paul üç səbəbə görə İbrahim haqqında danışmağa başlayır:

1) Yəhudilər İbrahimə əcdadları və əsl insanlıq nümunəsi kimi baxırdılar. Onların «Əgər dediklərin doğrudursa, Allah onu Öz xalqının əcdadı olaraq seçəndə, İbrahim peyğəmbər nə əldə etdi? Onu başqalarından fərqləndirən nə idi?» soruşmaları təbiidir. Paul məhz bu suala cavab vermək istəyir.

2) Paul sübut etməyə çalışırdı ki, insanı Allah qarşısında saleh edən onun əməlləri və Qanunun müddəalarını yerinə yetirməsi deyil, Allahın Sözünə etibar edən və tam itaətə əsaslanan sadə imanıdır. Bu cür sadə iman əmindir ki, biz bu sevgiyə layiq olmaq üçün heç nə etməsək də, O bizi sevir. Yəhudi bu fikrə dərhal etiraz edib deyərdi: «Bu, tamamilə yeni bir təlimdir və bizə öyrədilən hər şeyə ziddir. Bu, tamamilə yad təlimdir». Paul isə belə cavab verir: «Bu təlim heç də yeni deyil. Yəhudi inancı qədər köhnədir. Bu, yad təlim də deyil. Yəhudi dininin təməlində dayanan təlimdir». Paul sübut etməyə davam edir.

3) O, İbrahim peyğəmbər haqqında danışmağa başlayır. Çünki o, insanın düşüncə tərzinə bələd olan müdrik müəllim idi. O, imandan danışırdı. Lakin iman mücərrəd bir anlayışdır. Sadə insanın ağlı mücərrəd fikirləri qavramaqda çətinlik çəkir. Müdrik müəllim bilir ki, hər bir ideya konkret insanda təcəssüm olunmalıdır. Çünki bu, mücərrəd ideyanı sadə insan üçün basa düşülən etməyin yeganə yoludur. Paulun demək istədiyi budur: «Mən iman haqqında danışıram. Əgər imanın nə olduğunu bilmək istəyirsənsə, İbrahim peyğəmbərə bax».

Paul İbrahim peyğəmbər haqqında danışmağa başlayanda o, hər bir yəhudinin yaxşı bildiyi və başa düşdüyü təmələ əsaslanırdı. Çünki İbrahim peyğəmbər onların düşüncəsində xüsusi yer tuturdu. O, yəhudi xalqının banisi idi. O, Allahın çağırdığı ilk insan idi. O, Allah tərəfindən unikal şəkildə seçilmiş, Onu dinləyən və Ona itaət edən insan idi. Ravvinlərin İbrahim peyğəmbər haqqında öz mübahisələri var idi. Paul üçün onun böyüklüyünün mahiyyəti belə idi: Allah İbrahimin yanına gəlib, ona evini, dostlarını, ailəsini və güzaranını tərk etməyi təklif etdi: «Əgər sən bu böyük iman addımını atsan, böyük bir xalqın atası olacaqsan». İbrahim peyğəmbər Allaha inandı. Bəhanə gətirmədən, şübhə etmədən, hara getdiyini bilmədən yola düşdü» (İbranilərə 11:8). İbrahimi Allahla xüsusi münasibətdə saxlayan şey — onun Qanunun bütün tələblərini vicdanla yerinə yetirməsi deyil, onun Allaha tam etibar etməsi və həyatını tamamilə Ona həvalə etməsi idi. Paula görə bu, iman idi. Məhz bu imanın sayəsində İbrahim peyğəmbər Allahın gözündə saleh sayıldı.

Qabaqcıl ravvinlərin çox az hissəsi buna inanırdı. Onların belə bir şərhi var idi: «İbrahim atamız bu torpağı və o dünyanı yalnız Allaha olan imanı sayəsində miras aldı. Çünki yazılmışdır: «İbrahim Allaha iman etdi və bu ona salehlik sayıldı». Bununla belə, əksər ravvinlər İbrahim peyğəmbərin hekayəsini öz inanclarına uyğun şərh edirdilər. Onlar düşünürdülər ki, İbrahim öz nəslinin yeganə saleh adamı olduğuna görə Allahın xalqının əcdadı olmaq üçün seçilmişdir. Lakin dərhal sual yaranır: «İbrahim peyğəmbər Qanun insanlara verilməmişdən yüz illər əvvəl yaşamışdısa, Qanuna necə əməl edə bilərdi?» Ravvinlərin nəzəriyyəsinə görə, o, intuisiya, yaxud da öngörmə sayəsində Qanuna riayət edirdi. Barukun Apokalipsisində (57:2) deyilir: «O dövrdə onların arasında yazılmamış qanun var idi, bu səbəbdən qanunun tələbləri yerinə yetirilirdi». Vaiz (44:20-21) deyir: «O, Haqq-Taalanın Qanununa əməl edirdi». «Allahla əhd bağlandı... Buna görə də Allah and içərək İbrahimi əmin etdi ki, yer üzünün bütün tayfaları onun vasitəsilə xeyir-dua alacaq». Ravvinlər yaxşı əməllərə əsaslanan nəzəriyyələrini o qədər sevirdilər ki, İbrahimin məhz əməllərinə görə Allah tərəfindən seçildiyinə təkid edirdilər. Halbuki iddia etməli idilər ki, insanlara qanun verilməsə də, İbrahim peyğəmbər qanunu əvvəlcədən bilirdi.

Burada bir daha yəhudi nəzəriyyəsi ilə məsihçi inancı arasında əsaslı fərq görürük. Yəhudilərin əsas təlimi o idi ki, insan Allahın lütfünü qazanmalıdır. Lakin məsihçiliyin əsas təlimi ondan ibarətdir ki, insan yalnız Allahın Sözünə iman edə bilər və bütün imanını Onun vədlərinin doğru olduğuna əsaslandıra bilər. Paul iddia edirdi ki, İbrahim peyğəmbər Qanunun bütün müxtəlif müddəalarını yerinə yetirdiyi üçün deyil, Allahın vədlərinə inandığı üçün Allahla düzgün münasibət qurmuşdur. Paul tamamilə haqlı idi.

Məhəbbətimiz sadə və saf olarsa,

Ona olan imanımız sarsılmaz olarsa,

Onda Məsihin məhəbbətində

Həyat günəş kimi parlayacaq.

Məsihçi həyatının ən böyük kəşfi ondan ibarətdir ki, biz Allahın məhəbbətini qazanmaqdan ötrü özümüzə əzab verməyə ehtiyac duymuruq. Biz sadəcə Allahın bizə bəxş etdiyi məhəbbəti imanla qəbul etməliyik. Düzdür, bundan sonra hər bir vicdanlı insan bu sevgiyə layiq olduğunu sübut etməlidir. O, artıq yerinə yetirilməsi mümkün olmayan Qanuna əməl etməyə çalışan cinayətkar deyil. O sevən insandır, layiq olmasa da, özünü Onu sevən Şəxsə tamamilə təslim edən adamdır.

Bir dəfə Ceyms Barri Robert Stivenson haqqında bir hekayə danışmışdı: «Stivenson Samoa adasına gedəndə əvvəlcə kiçik bir daxma tikdi. Sonra isə böyük bir evə köçdü. Böyük evdə məskunlaşandan sonra ilk gecə o özünü çox yorğun hiss etdi və nökərlərindən ona qəhvə gətirmələrini istədiyini unutduğuna görə təəssüfləndi. Bu zaman qapı açıldı və otağa qəhvə gətirən yerli oğlan daxil oldu. Stivenson ona doğma ləhcə ilə dedi: «Nə yaxşı belə uzaqgörənsən». Ancaq oğlan onun sözünə düzəliş verib dedi: «Yaxşı olan sevgidir». Stivensona xidmət məcburi vəzifə borcundan deyil, sevgidən irəli gəlirdi. Sevgi həm də məsihçi xeyirxahlığının təkanverici qüvvəsidir.

9-12

MÖMİNLƏRİN ATASI (Romalılara 4:9-12)

Bu hissənin mənasını başa düşməkdən ötrü ilk növbədə yəhudilərin sünnətə verdiyi önəmi anlamaq lazımdır. Onlara görə, sünnətsiz insan mənşəyindən asılı olmayaraq, sözün əsl mənasında, yəhudi deyildi. Yəhudilər sünnət zamanı belə dua edirdilər: «Nə bəxtiyardır o kəs ki, öz sevimlisini ana bətnindən həsr edərək, onun bədəni üzərində ayini yerinə yetirir və övladını müqəddəs əhd ilə işarələyir». Ravvinlərin müqəddəs mərasimində belə deyilirdi: «Bədənində İbrahimin əlaməti olmayan heç kim Pasxa yeməyi yeməsin». Əgər bütpərəst adam yəhudi inancını qəbul edirdisə, bunun üçün üç adət yerinə yetirməli idi: vəftiz olunmaq, qurban təqdim etmək və sünnət olunmaq. Paul ilə mübahisə edən yəhudi opponenti hələ də öz mövqeyində qalaraq davam edir:

— Tutaq ki, mən sənin İbrahim peyğəmbər haqqında dediklərinlə və onun Allahla xüsusi münasibətinin olmasının imanı sayəsində olduğu faktı ilə razıyam. Amma razılaş ki, o, sünnət olunmuşdu.

Paulun yenə də təkzibedilməz cavabı var:

  • İbrahim peyğəmbərin çağırılması və onun Rəbb tərəfindən xeyir-dua alması Yaradılış 15:6-da, sünnəti isə Yaradılış 17:10-da və s. qeyd olunur. Nəticə etibarilə, o, Rəbbin çağırışına cavab verdikdən və Onunla münasibət qurduqdan on dörd il sonra sünnət olundu. Onun Allahla münasibətinə qapı açan sünnət deyildi. Sünnət yalnız bir işarə və möhür idi və onun, həqiqətən, bu münasibətdə olduğunun sübutu idi. İbrahim peyğəmbərin saleh sayılmasının sünnətlə heç bir əlaqəsi yoxdur, hər şey onun imanı ilə bağlıdır.

Bu təkzibedilməz faktdan Paul son dərəcə vacib olan iki nəticə çıxarır.

1) İbrahim sünnət olunanların deyil, onun kimi Allaha iman edənlərin atasıdır. İbrahim peyğəmbər onun etdiyi kimi, Allahın Sözünü şübhəsiz qəbul edən hər dövrdə yaşayan insanın atasıdır. Bu o deməkdir ki, əsl yəhudi hansı irqdən olmasından asılı olmayaraq, İbrahim kimi Allaha iman edən insandır. Allah bütün böyük vədləri yəhudi xalqına deyil, İbrahimin nəslindən olan insana verir, çünki o, İbrahimin inandığı kimi Allaha iman edir. Yəhudi artıq milliyyəti müəyyən edən bir söz deyil, daha çox xüsusi həyat tərzi və Tanrı ilə əlaqəni müəyyən edir. İbrahim peyğəmbərin nəsli artıq ayrı bir xalqın üzvləri deyil, onlar hər xalqdan olan və Allahın ailəsinə mənsub olanlardır.

2) Bunun əksi də doğrudur. İnsan mənşəyinə görə sünnət olunmuş xalis yəhudi ola bilər; amma İbrahimin nəslindən olmaya bilər. Onun İbrahim peyğəmbərə ata deməyə haqqı yoxdur, yaxud İbrahimin etdiyi kimi imanla hərəkət etməsə, Rəbbin vədlərinə iddia edə bilməz.

Qısa bir hissədə Paul yəhudi düşüncə tərzini tamamilə darmadağın edir. Yəhudi həmişə inanırdı ki, yəhudi olmaqla o, avtomatik olaraq Allahın xeyir-duasını qazanır və Onun cəzasından azad olur. Onun yəhudi olmasının sübutu sünnət idi. Bəzi ravvinlər bunu hərfi mənada qəbul edirdilər, yəni əgər bir yəhudi Allahın məhkumiyyətini qazanacaq qədər pis olarsa, cəzalandırılmamışdan əvvəl xüsusi bir mələk onu sünnətsiz halına geri qaytarır. Paul burada böyük prinsipi izah edir: Allaha gedən yol müəyyən bir xalqa mənsub olmaqdan, insanın bədənində daşıdığı əlamətlərdən deyil, əməllərdən asılı olmayıb, yalnız Allahın mərhəmətindən asılı olan Allaha şübhəsiz imandan keçir.

13-17

HƏR ŞEY ALLAHIN MƏRHƏMƏTİDİR (Romalılara 4:13-17)

Allah İbrahim peyğəmbərə böyük və gözəl vəd vermişdi. Allah İbrahimə ondan böyük bir xalq yaradacağını və yer üzünün bütün tayfalarının onun vasitəsilə xeyir-dua alacağını vəd etmişdi (Yaradılış 12:2-3). Həqiqətən, torpaq ona irs olaraq veriləcəkdir. Bu vəd İbrahimə imanına görə verilmişdir. Bu vəd ona yaxşı əməllərinə və ya Qanunun yerinə yetirilməsinə görə verilmədi. Bu, İbrahimin sarsılmaz imanına cavab olaraq Allahın səxavətli mərhəmətindən irəli gəlirdi. Bu vəd Paulun müəyyən etdiyi kimi, iki şərtdən — Allahın qeyd-şərtsiz mərhəmətindən və İbrahimin kamil imanından asılı idi.

Yəhudilər hələ də çaş-baş qalmışdılar: «Bu böyük vədi miras almaq üçün Allahla düzgün münasibət necə qurulmalıdır?» Onlar bu suala belə cavab verirdilər: «O, bunu Allahın lütfünü qazanmaqla, Qanunun müddəalarını yerinə yetirməklə əldə edə bilər». Başqa sözlə, o, səy göstərməklə buna nail olmalıdır. Paul açıq-aydın görürdü ki, yəhudilərin belə təfsiri vədin əsl mahiyyətini tamamilə məhv edir. Səbəbi isə budur: heç kim Qanuna tam əməl edə bilməz; buna görə də Qanunun yerinə yetirilməsindən birbaşa asılı olan vəd heç vaxt həyata keçə bilməz.

Paul hər şeyi ya ağ, ya da qara işıqda görürdü. O, Allahla həqiqi münasibətə nail olmaq üçün bir-birini təkzib edən iki yol görürdü. Nailiyyət bir tərəfdən insan səyindən, digər tərəfdən isə Allahın mərhəmətindən asılıdır. Bir tərəfdə tamlığı ilə icra edilməsi mümkün olmayan Qanuna tabe olmaq üçün davamlı uğursuz cəhdlər, digər tərəfdə isə Allahın Sözünə şübhə etmədən güvənən iman var. Hər iki tərəfdə üç konsepsiya var:

1) Bir tərəfdən — Allahın vədi. Yunan dilində vədi ifadə edən iki söz mövcuddur. Onlardan biri — huposhezis — şərti vəd deməkdir. Əgər sən filan şeyi edəcəyini vəd etsən, mən də filan şeyi edəcəyimə söz verirəm. Digəri — epaggeliya — heç bir şərt olmadan sidq ürəkdən verilən vəd deməkdir. Allahın verdiyi vədi ifadə etmək üçün Paul məhz bu sözdən — epaggeliyadan istifadə edir. Paul sanki deyir: «Allah — yer üzündə ata kimidir; O, övladlarını nə etmələrindən asılı olmayaraq, sevəcəyini vəd edir». Həqiqətən, O, bəzilərimizi Onu sevindirən, bəzilərimizi də Onu kədərləndirən sevgi ilə sevəcək. Amma hər iki halda bu bizi heç vaxt tərk etməyəcək sevgidir. Onun sevgisi bizim əməllərimizdən asılı deyil, yalnız Allahın səxavətli ürəyindən asılıdır.

2) İman — Allahın, həqiqətən də, belə olduğuna inamdır. Bu, hər şeyi Onun sevgisinə həvalə etmək deməkdir.

3) Mərhəmət — səxavətli, qazanılmayan və əvəzi ödənilməyən hədiyyədir. Məsələ ondadır ki, insan heç vaxt öz səyi ilə Allahın məhəbbətini qazana bilməz. İnsan öz izzətini Allah üçün edə bildiyi işlərdə deyil, Allahın onun üçün etdiyi işlərdə tapa bilər.

1) Digər tərəfdən, Qanun dayanır. Qanunun mahiyyəti ondadır ki, o, qanun pozuntusunu müəyyən edə bilir, lakin islahı təmin edə bilmir. Qanun insana harada səhv etdiyini göstərir, lakin ona bu pozuntunun qarşısını almağa kömək etmir. Paulun daha sonra vurğulayacağı kimi, həqiqətən də, Qanunda bəzi ziddiyyətlər var. İnsan təbiəti elədir ki, həmişə qadağan olunanı arzulayır. «Qadağan olunmuş meyvə həmişə daha şirin olur». Buna görə də Qanun insanı qanunla qadağan olunmuş nəyisə arzulamağa sövq edə bilər. Qanun məhkəmə və cəza ilə tamamlanır. Nə qədər ki, insan qanunun hakim olduğu dinlə yaşayır, o özünü Rəbb Allahın mühakimə kürsüsündə mühakimə olunmuş cinayətkar hesab edir.

2) Qanun pozuntusu da var. Qanun verilən kimi qanun pozuntusu baş verir. Heç kim mövcud olmayan qanunu poza bilməz. Heç kim mövcudluğunu bilmədiyi qanunu pozmaqda ittiham edilə bilməz. Əgər Qanunu hakim tutsaq, Qanunu yerinə yetirmək üçün dini yeganə vasitə etsək, həyat öz cəzasını gözləyən uzun cinayətlərdən ibarət olacaq.

3) Qəzəb mövcuddur. Qanun haqqında düşünən kimi, Qanunu pozmağı fikirləşən kimi, dərhal qəzəb gəlir. Əgər Allaha Qanun çərçivəsindən baxsaq, onda Onu amansızcasına cəzalandıran Varlıq kimi görəcəyik. Əgər insana Qanun çərçivəsindən baxsaq, o zaman Allahın qəzəbinə və cəzasına layiq birini görəcəyik.

Beləliklə, Paul romalılara iki yol göstərir. Bu iki yolun birində insan öz səyi ilə Allahla həqiqi əlaqə axtarır. Belə olan halda, o, uğursuzluğa məhkumdur. Digər yolda insan iman vasitəsilə Allahla həqiqi münasibət qurur. Bu yol artıq Allahın mərhəməti sayəsində mövcuddur. İnsana yalnız Allaha güvənmək qalır.

18-25

QEYRİ-MÜMKÜNÜ MÜMKÜN EDƏN İMAN (Romalılara 4:18-25)

Əvvəlki hissə İbrahim peyğəmbərin «ölülərə həyat verən, yoxluqdan varlıq yaradan» Allaha iman etməsi ilə bitir. Bu hissədə Paul İbrahimin Allaha şək-şübhə etmədən tək bir kəlməsini qəbul etməyə hazır olmasına dair başqa bir nümunə göstərir. Nəsli vasitəsilə yer üzünün bütün xalqlarının xeyir-dua alacağı vədi İbrahim peyğəmbərə qoca ikən verilmişdi. Onun arvadı Sara sonsuz idi. Budur, onun yüz, arvadının isə doxsan yaşı olanda (Yaradılış 17:17) ona vəd verildi ki, onların oğlu olacaq. Bu vədin gerçəkləşməsi nə qədər güclü imana malik olmaqdan asılı olmayaraq, ilk baxışdan ümidsiz görünürdü. Çünki İbrahimin uşaq sahibi ola biləcək yaşı çoxdan keçmişdi. Arvadının da oğlan dünyaya gətirə biləcək yaşı ötmüşdü. İbrahim yenə də Allahın tək bir kəlməsinə inandı və bu, İbrahimə bir daha salehlik sayıldı. Şək-şübhəsiz olan məhz bu iman İbrahim peyğəmbəri Allahla həqiqi münasibətə yönəltdi. Beləcə yəhudi ravvinlərinin Paulun indi istinad etdiyi bir sözü var idi. Onlar deyirdilər: «İbrahim peyğəmbər haqqında yazılanlar onun övladları haqqında da yazılıb». Onlar demək istəyirdilər ki, Allahın İbrahimə verdiyi istənilən vəd onun övladlarına da şamil edilir. Buna görə də, əgər İbrahimin Allaha qeyd-şərtsiz iman etməsi onu Allahla həqiqi münasibətə yönəldibsə, bizim üçün də belə olacaq. Allahla insanlar arasında bu əlaqənin yaranmasına səbəb olan Qanuna əməl etmək deyil, Ona iman gətirmək idi.

Belə olan halda, İbrahim peyğəmbərin imanının mahiyyəti ondan ibarət idi ki, o, Allahın qeyri-mümkün olanı mümkün edə biləcəyinə inanırdı. Nə qədər ki, hər şeyin bizim səylərimizdən asılı olduğuna inanırıq, bir o qədər məyusluğa düçar oluruq. Çünki təcrübə bizə öz səyimizlə çox şeyə nail ola bilməyəcəyimizə dair ağır dərs verib. Əgər həlledici olanın səylərimiz deyil, Allahın mərhəməti və Onun qüdrəti olduğunu başa düşsək, onda sevinc taparıq. Çünki Allah bizimlə olanda hər şeyin mümkün olduğuna inanırıq.

Deyilənə görə, mömin Tereza ana günlərin bir günü əlində cəmi iki qəpiklə monastır tikmək niyyətinə düşmüşdü. Kimsə ona demişdi: «Hətta mömin Tereza ana da iki qəpiklə çox şey edə bilməz». «Düzdür,» — deyə o cavab vermişdi, — «amma əlində iki qəpik olan mömin Tereza Tanrı ilə birlikdə hər şey edə bilər». Uzun tərəddüddən sonra insan özü böyük bir işin öhdəsindən gələ bilər. Lakin Allah onunladırsa, o, tərəddüd etməməlidir. Böyük bir missioner müəllimi olan Anna Hunter Smol özü də missioner olan atasından sitat gətirir: «Ah, falçıların kin və axmaqlığı, təslimçilər!» Özünün də sevdiyi bir ifadə vardı: «Canlı kilsə hər şeyi etməyə cəsarət göstərməlidir!» Bu cür cəsarətə yalnız Allahın Sözünə şək-şübhəsiz inanan insan və imanlı cəmiyyəti sahib ola bilər.

Azərbaycan dilində Müqəddəs Kitab

İbrahimin imanı
1 Bəs onda cismani əcdadımız İbrahim haqqında nə deyə bilərik? O nə əldə etdi? 2 Əgər İbrahim öz əməlləri ilə saleh sayılsaydı, öyünməyə haqqı olardı, amma Allahın önündə yox. 3 Müqəddəs Yazı nə deyir?
«İbrahim Allaha iman etdi və bu ona salehlik sayıldı».
4 Əməl edənin muzdu ona hədiyyə sayılmaz, bu onun haqqıdır. 5 Lakin əməl etməyib allahsız adamları saleh sayan Allaha iman edən şəxsin imanı ona salehlik sayılır. 6 Davud da o adamın bəxtiyarlığından danışır ki, Allah əməlinə baxmayıb onu saleh sayır:
7 «Üsyankarlığı bağışlanan,
Günahı əfv olunan insan
Nə bəxtiyardır!
8 Rəbb tərəfindən təqsirkar sayılmayan insan
Nə bəxtiyardır!»
9 Məgər bu bəxtiyarlıq yalnız sünnətlilərə məxsusdur, yoxsa sünnətsizlərə də aiddir? Bəli, biz deyirik ki, İbrahimin imanı ona salehlik sayıldı. 10 Nə vəziyyətdə sayıldı? Sünnət olunandan sonra, yoxsa sünnət olunandan əvvəl? Sünnət olunandan sonra deyil, sünnət olunandan əvvəl! 11 O, sünnətsiz ikən imanla malik olduğu salehliyi təsdiq edən möhür olaraq sünnət əlamətini aldı. Beləcə İbrahim sünnətsiz olaraq iman edən hamının atası oldu ki, onlara da imanları salehlik sayılsın. 12 Atamız İbrahim həm də o sünnətli olanların atası oldu ki, sadəcə sünnətli olmaqla qalmayıb, onun sünnət edilməmişdən əvvəl malik olduğu iman izi ilə gedirlər.
13 Çünki İbrahimə və onun nəslinə dünyanı irs almaq vədi Qanun vasitəsilə deyil, imanla saleh sayılmaq vasitəsilə verildi. 14 Əgər Qanuna əsaslananlar varis olsaydı, onda iman mənasız, vəd də təsirsiz olardı. 15 Çünki qanun Allahın qəzəbini üzə çıxarır. Amma qanun olmayan yerdə onun pozulması da olmur.
16-17 Buna görə də vəd imanla həyata keçir ki, Allahın lütfünə bağlı olsun və İbrahimin bütün nəslini – yalnız Qanuna deyil, İbrahimin malik olduğu həmin imana da əsaslananları əhatə etsin. İbrahim iman etdiyi Allahın – ölülərə həyat verən, yoxluqdan varlıq yaradan Allahın önündə hamımızın atasıdır. Necə ki yazılıb: «Səni çoxlu millətin atası etdim».
18 Heç bir ümid olmadığı halda İbrahim çoxlu millətin atası olacağına ümidlə inandı. Çünki ona deyilmişdi ki, «nəslin o qədər olacaq». 19 Hətta təxminən yüz yaşında ikən öz bədəninin artıq ölüyə bənzədiyini, arvadı Saranın da bətninin ölü olduğunu anladı, amma imanı azalmadı. 20 Allahın vədinə imansızlıqla şübhə etmədi, əksinə, imanında möhkəm durub Allahı izzətləndirdi. 21 Tamamilə əmin idi ki, Allah verdiyi vədi yerinə yetirməyə də qadirdir. 22 Buna görə də imanı ona salehlik sayıldı. 23 «Salehlik sayıldı» sözləri yalnız İbrahim üçün yazılmayıb; 24 Rəbbimiz İsanı ölülər arasından Dirildənə iman etməklə saleh sayılacaq bizlər üçün də belə yazılmışdır. 25 İsa bizim təqsirlərimizə görə ölümə təslim edildi və bizim saleh sayılmağımız üçün dirildi.