Barclay
KİTABLARAudio kitablarHekayələrİlahilərFilmlər və cizgi filmləriXilas haqqında müjdəXoş xəbər hekayələri

Romalılara məktub: 3-cü fəsil

V. Barklinin şərhləri

3-cü fəsil

1-8

ALLAHIN SƏDAQƏTİ VƏ İNSANIN İMANSIZLIĞI (Romalılara 3:1-8)

Burada Paul onun üçün çox mürəkkəb və vacib bir məsələ ilə bağlı fikirlərini yığcam şəkildə ifadə edir. Paulun xəyali opponentlə mübahisə etdiyini təsəvvür etsək, onu daha asan başa düşəcəyik. Həmin mübahisə təxminən belə görünərdi:

Opponent: Dediyin hər şeydən belə nəticəyə gəlmək olar ki, bütpərəstlə yəhudi arasında heç bir fərq yoxdur və onlar tamamilə eyni mövqedədirlər. Elə deyilmi?

Paul: Xeyr, elə deyil.

Opponent: Bəs onda fərq nədədir?

Paul: Birincisi, onlarda başqa millətlərin heç vaxt malik olmadığı Allahın əmrləri var.

Opponent: Yaxşı! Əgər yəhudilərdən bəziləri bu əmrləri pozub, Allaha itaətsizlik edərsə və Onun mühakiməsinə məruz qalarsa, onda necə? Bayaq dedin ki, Allah yəhudilərə xüsusi mövqe və xüsusi vədlər verib. İndi isə deyirsən ki, onların bəziləri Allahın lənətinə məruz qalıblar. Deməli, Allah Öz vədlərini pozub, Özünü ədalətsiz və vəfasız göstərib?

Paul: Xeyr, elə deyil. Bu sübut edir ki, Allah heç kimə tərəfkeşlik etmir və günahı harada görsə, cəzalandırır. Sadiq qalmayan yəhudiləri mühakimə etməsi Onun mütləq ədalətinin ən gözəl sübutudur. Elə zənn etmək olardı ki, Allah Öz xalqının günahlarına göz yumacaq. Lakin O, bunu etmir.

Opponent: Əla! Beləliklə, sən sübut etdin ki, mənim itaətsizliyim Allaha Öz ədalətini göstərməsinə imkan verir. Mənim vəfasızlığım Allaha sədaqətini nümayiş etdirmək üçün mükəmməl fürsət verir. Deməli, mənim günahım gözəl bir şeydir! Axı günah Allaha Özünün nə qədər xeyirxah olduğunu göstərməyə fürsət verir! Mən pislik etdim, amma ondan yaxşılıq hasil oldu! Axı Allaha ədalətini nümayiş etdirmək imkanı verən insanı mühakimə etmək olmaz!

Paul: Belə bir dəlil heç nifrətə də layiq deyil! Gətirdiyin dəlili sübut etməyə çalışsan, onun əsassız olduğunu görəcəksən.

Bu hissəni belə təhlil edərək, biz orada Paulun yəhudilər haqqında bəzi fundamental fikirlərini açıqlayacağıq.

1) Paul ömrünün sonuna qədər inanırdı ki, yəhudilər Allahla xüsusi münasibətə malikdirlər. Əslində yəhudilər də buna inanırdılar. Fərq yalnız onda idi ki, Paul bu xüsusi mövqeyi yəhudilərin üzərinə qoyulan xüsusi məsuliyyətlə əlaqələndirirdi. Yəhudilər isə xüsusi mövqelərinin onlara xüsusi imtiyazlar verdiyinə inanırdılar.

Paula görə, yəhudilərin bu xüsusi missiyası nədən ibarət idi? Bu, Allahın Gələcəkdən xəbər verməsi idi. Paul bununla nə demək istəyirdi? Paul logiya sözünü istifadə edir. Bu söz Əhdi-Ətiqin yunanca tərcüməsində, adətən, Allahın qoyduğu qayda və ya Söz mənasını verir. Burada isə Paul logiya sözünü On Əmr mənasında işlədir. Allah yəhudilərə imtiyazları yox, əmrləri əmanət etmişdi. Allah onlara demişdi: «Siz xüsusi xalqsınız, ona görə də həyat tərziniz xüsusi olmalıdır». Onlara «Siz xüsusi xalqsınız, ona görə də istədiyinizi edə bilərsiniz» deməmişdi. Allah onlara tamamilə fərqli bir şey demişdi: «Siz xüsusi xalqsınız, ona görə də Mənim istədiyimi etməlisiniz». Birinci Dünya Müharibəsindən sağ çıxan Lord Danseyni bir dəfə öz-özünə belə demişdi: «Mən möcüzəvi şəkildə sağ qalmışam. Görəsən, Tanrı məndən nə istəyir? Əgər O mənim həyatımı belə qoruyubsa, nə etməyimi istəyir?» Ancaq yəhudilər belə bir fikri ağıllarından keçirmirdilər. Onlar başa düşmürdülər ki, Allah onları xüsusi bir missiya üçün seçib.

2) Paul bütün Yazılarında yəhudilərlə bağlı üç əsas fikri vurğulayırdı. Burada həmin fikirlərin ilk işartıları görünür. Düzü, bu üç əsas fikri açıqlamaq üçün Paula bütöv bir məktub yazmaq lazım gəlmişdi. Qeyd etmək lazımdır ki, Paul bu mühakiməni bütün yəhudilərə şamil edir. O, sualı belə qoyur: «Əgər onlardan bəzisi iman etmədisə, onda nə olacaq?»

a) Paul Allahın yəhudiləri mühakimə etməkdə ədalətli olduğuna tam əmin idi. Çünki onların öz xüsusi yeri var idi və onlara xüsusi vədlər verilmişdi. Məhz bu amillər onların mühakiməsini daha da sərtləşdirirdi. Məsuliyyət — həmişə imtiyazın əks tərəfidir. İnsanın doğru addım atmaq üçün nə qədər çox imkanı varsa, səhvə yol verəndə, bir o qədər çox mühakimə olunacaq.

b) Lakin bütün yəhudilər Allaha imansızlıq etmədilər. Paul Allaha sadiq qalanları heç vaxt unutmurdu. O, əmin idi ki, Allaha sadiq qalanların bu kiçik hissəsi sayca az olsalar da, əsl yəhudilərdir. Qalanları imtiyazlarını itirmiş və mühakiməyə uğramışdılar. Onlar artıq yəhudi deyildilər. Allaha sadiq qalanlar Allahın əsl xalqıdır.

c) Bununla belə, Paul əmin idi ki, Allahın yəhudiləri rədd etməsi əbədi deyil. Bu rədd edilmə bütpərəstlərin Allaha üz tutmaları üçün qapı açdı. Sonda bütpərəstlər yəhudiləri yenidən Allaha qaytaracaq, beləcə bütpərəstlərlə yəhudilər Məsihdə bir olacaqlar.

Yəhudilərin faciəsi onda idi ki, onlar dünyaya müjdə çatdırmaq kimi böyük missiyanı rədd etdilər. Buna görə də, bu tapşırıq başqa millətlərə həvalə olundu və Allahın yəhudilər üçün nəzərdə tutduğu planı kökündən dəyişdi. İndi yəhudilər bütpərəstlərə deyil, bütpərəstlər yəhudilərə müjdələyir və bu proses bu günə qədər davam edir.

Bundan əlavə, bu hissə özündə iki böyük ümumbəşər həqiqəti ehtiva edir.

1) Bütün günahların kökündə itaətsizlik durur. Yəhudilərin əsas günahı Allahın onlara verdiyi Qanuna itaətsizlikləri idi. Miltonun yazdığı kimi, «insan ilk itaətsizliyi» ilə cənnətin itirilməsinə görə məsuliyyət daşıyır. İnsan qüruruna yol verib Allahın iradəsinə qarşı çıxanda günah işlədir. Əgər itaətsizlik olmasaydı, günah da olmazdı.

2) Müasir insan öz günahına haqq qazandırmaqda mahirdir. Burada dini təfəkkürdə tez-tez rast gəlinən bir arqumentlə qarşılaşırıq: günah Allaha həm ədalətini, həm də mərhəmətini eyni vaxtda göstərmək imkanı verir. Başqa sözlə desək, günah guya yaxşı şeydir. Bu, yanlış bir arqumentdir. Bu, insanın ürəyini qırıb, ona sizi nə qədər çox sevdiyini göstərmək imkanı verməyə bənzəyir. Sanki belə davranmaq yaxşılıq hasil edir. İnsan günah işlətdiyi vaxt yüksək əqli qabiliyyətini günahına bəraət qazandırmağa deyil, təvazökarlıqla, utanaraq günahını etiraf edib tövbəyə yönəltməlidir.

9-18

ALLAHSIZ DÜNYA (Romalılara 3:9-18)

Son hissədə Paul təkid edirdi ki, heç nəyə baxmayaraq, yəhudilərin İlahi sistemdə xüsusi yeri var. Ona görə də yəhudilərin seçilmiş xalq olduğunu dəstəkləyənlər sual verir ki, bu, yəhudilərin digər xalqlarla müqayisədə daha yaxşı vəziyyətdə olması demək deyilmi? Paul cavab verir ki, yəhudilər və başqa millətlər eynidirlər, əgər onlar Məsihsizdirlərsə, günahın hökmü altındadırlar. «Günahın hökmü altında» kimi tərcümə etdiyimiz yunanca hupo hamartsian ifadəsi bizi diqqətlə düşünməyə vadar edir. Bu kontekstdə hupo sözü bir şeyin hökmü altında, kiməsə tabe olmaq deməkdir. Matta 8:9-da yüzbaşı deyir: «...mənim də tabeçiliyimdə əsgərlər var — hupo emauton. Yəni mənim hökmüm altında olanlar var. Şagird hupo paidqoqonun altındadır, yəni başının üzərində qoyulmuş xidmətçinin nəzarəti altındadır. Qul isə — hupo siqon — öz ağasının boyunduruğu altındadır. Məsihsiz olan insan günahın hökmü altındadır və onun təsirindən xilas olmaqda acizdir. Bu hissədə daha bir maraqlı söz var. Bu söz 12-ci ayədə qeyd olunur. «(Hamısı)... onlardan fayda yoxdur». Burada işlənən axreioo sözü hərfi mənada yararsız olmaq deməkdir. Bəzən turşumuş süd mənasını verir. Məsihsiz insan təbiəti — pozulur və yararsız olur.

Paul burada eynilə yəhudi ravvinlərinin etdiklərini edir. 10-18-ci ayələri o, Əhdi-Ətiqdən seçilmiş mətnlərlə əlaqələndirir. Paul ayələri tam dəqiqliklə deyil, yadında necə qalıbsa, elə də sitat gətirir. Lakin bu hissəyə Zəbur 14:1-3; 5:9; 140:3; 10:7; Yeşaya 59:7-8; Zəbur 36:1 ayələri daxildir. Bu, ravvinlər üçün adi təbliğ üsulu idi. Həmin təbliğ üsulu haraz, yəni mirvari düzmək adlanırdı.

Paul burada Məsihsiz olan insan təbiətinin dəhşətli təsvirini verir. İngilis ilahiyyatçısı Voen qeyd edirdi ki, Əhdi-Ətiqdən gətirilən bu sitatlar üç xüsusiyyəti vurğulayır:

1) Əsas xarakter xüsusiyyətləri cəhalət, laqeydlik, azğınlıq və yararsız olan şəxs.

2) Tonu kobud, hiyləgər, zərərli olan dil.

3) Zülmü, ədalətsizliyi və barışmazlığı xarakterizə edən davranış.

Bütün bunlar Allaha olan etinasızlığın nəticəsidir.

Paul qədər insan təbiətinin pisliyini aydın görən ikinci bir şəxs yox idi. Lakin qeyd etmək lazımdır ki, insan təbiətinin pisliyi Paul üçün ümidsizliyə deyil, ümidə çağırış idi. Deyəndə ki, Paul ilk günaha və insan təbiətinin pozulduğuna inanırdı, bu onun insan təbiətinə olan ümidini itirməsinə və ya ona həqarətlə baxması anlamına gəlmir. Vilyam Cey qocalanda belə demişdi: «Yaddaşım get-gedə zəifləyir, amma mən böyük günahkar olduğumu və İsa Məsihin böyük Xilaskar olduğunu heç vaxt unutmayacağam».

Paul Məsihin satınalma qüdrətini yaxşı dərk edirdi. Lankaşirdən olan Vilyam Roubi gəncliyində təbliğinin imanlı cəmiyyətinin üzvlərini təsirləndirməməsindən narahat idi. Bu onu məyus edirdi və o, xidmətdən uzaqlaşmaq istəyirdi. Ancaq sonra cənab Mudi onu məzəmmət edərək soruşdu: «Məgər onlar o qədər pisdirlər ki, onları xilas etməyə dəyməz?» Cənab Mudinin məzəmməti Vilyam Roubini xidmətinə qayıtmağa məcbur etdi. Paul hesab edirdi ki, Məsihsiz yaşayan insanlar axmaqdırlar. Lakin Paul onların xilasa layiq olmayacaq qədər pis olduqlarını düşünmürdü. O, əmin idi ki, Məsih onun üçün nə edibsə, başqalarına da edə bilər.

19-26

ALLAHIN HƏQİQƏTİNƏ APARAN YEGANƏ YOL (Romalılara 3:19-26)

Həyatın ən böyük tapşırığı Allahın həqiqətini bilməkdir. Allahla necə barışmaq olar? Allahın hüzurunda yadlıq və qorxu hissindən necə qaçmaq olar? Yəhudi dini bu suala belə cavab verir: «İnsan Qanunda yazılanları vicdanla yerinə yetirməklə Allahla düzgün münasibət qura bilər». Ancaq buradan belə nəticəyə gəlmək olar ki, insanın Allah qarşısında saleh olması, ümumiyyətlə, qeyri-mümkündür. Çünki heç kim Qanunun bütün əmrlərini yerinə yetirə bilməz.

Mən Qanunu səylərimlə

yerinə yetirə bilmərəm.

Onda Qanunun nə faydası var? Qanunun faydası odur ki, insan günahını dərk edir. İnsan yalnız Qanunu biləndə və onun tələblərini yerinə yetirməyə çalışanda dərk edir ki, heç vaxt Qanunun tələblərini yerinə yetirə bilməz.

Qanunun məqsədi insana zəif və günahkar olduğunu göstərməkdir. Onda insan Allahdan təcrid olunub? Xeyr. Çünki Allaha gedən yol Qanundan deyil — mərhəmətdən, əməllərdən deyil — imandan keçir.

Paul fikrini daha aydın izah etmək üçün üç metaforadan istifadə edir:

1) O, məhkəmə praktikasında olan bəraətdən istifadə edir. Bu metaforaya görə insan Tanrının hökmü qarşısında dayanır. Yunan mətnində bəraət anlayışını ifadə etmək üçün diakioun sözündən istifadə edilir. Yunan dilində oun ilə bitən bütün fellər kiməsə nəsə etmək deyil, kiminləsə necə rəftar etmək, onu kimsə hesab etmək deməkdir. Günahsız insan hakim qarşısına çıxarılanda, ona günahsız kimi baxmaq ona bəraət qazandırmaq deməkdir. Amma insanın Allahla münasibətindəki ən mühüm məqam odur ki, insan Allahın qarşısında böyük günahkardır, bununla belə, Allah çox mərhəmətli olduğuna görə ona təqsirsiz kimi baxar, onu təqsirsiz sayar və onunla təqsirsiz kimi rəftar edər. Bəraətin mənası budur.

Paul «Allah pislərə bəraət qazandırır» deyəndə, Allahın pislərlə yaxşı insan kimi davrandığını nəzərdə tutur. Yəhudiləri dərindən sarsıdan da elə bu idi. Onlar üçün pis adamla yaxşı insan kimi davranmaq hakimin ədalətsizliyinə dəlalət edirdi. «Şərə haqq vermək, salehi məhkum etmək — hər ikisi Rəbdə ikrah yaradır» (Süleymanın məsəlləri 17:15). «Çünki Mən haqsıza bəraət qazandırmayacağam» (Çıxış 23:7). Lakin Paul deyir ki, Allah məhz bunu edir.

Mən Allahın məhz belə olduğunu haradan bilim? Mən belə olduğunu bilirəm, çünki İsa belə deyib. İsa onun üçün gəldi ki, nə qədər pis olsaq da, bizə Allahın bizi sevdiyini desin. İsa onun üçün gəldi ki, nə qədər günahkar olsaq da, bizə Allahın nəzərində qiymətli olduğumuzu desin. Biz bunu dərk edəndə və buna inananda, Allahla münasibətimiz tamamilə dəyişir. Günahımızı dərk etməklə biz qorxudan azad oluruq və artıq Allahdan uzaq düşmürük. Peşman olan uşaq anasının yanına gəldiyi kimi, biz də Allahın yanına tövbə və peşman olan ürəklə gəlirik. Bilirik ki, üz tutduğumuz Tanrı sevgidir.

İsa Məsihə iman etməklə bəraət qazanmağın mənası budur. Bu o deməkdir ki, biz Allahla düzgün münasibətdəyik. Çünki bütün qəlbimizlə inanırıq ki, Məsihin bizə Allah haqqında dediyi hər şey həqiqətdir. Biz günahımıza görə daha Tanrının qəzəbinə və dəhşətə məruz qalan yad məxluqlar deyilik. Biz yolunu azmış, Atamızın məhəbbətinə güvənən və bizi bağışlayacağına əmin olan övladlarıq. Əgər İsa Allahın bizi necə sevdiyini söyləmək üçün bu dünyaya gəlib ölməsəydi, biz heç vaxt Allahla düzgün münasibət qura bilməzdik.

2) Paul qurban metaforasından istifadə edir. O, İsa haqqında deyir: «Allah İsanı kəffarə qurbanı olaraq təqdim etdi ki, iman edənlərin günahları Onun qanı vasitəsilə bağışlansın».

Paul burada İsanı təsvir etmək üçün yunanca hilasterion sözündən istifadə edir. Bu söz, öz növbəsində, yunanca kəffarə etmək mənasını verən feldəndir. Bu felin birbaşa qurbanla əlaqəsi var. Qədim adətlərə görə, Qanunu pozan adam Allaha qurban təqdim edirdi. Bu qurbanın məqsədi ondan ibarət idi ki, adama veriləcək cəzanı dəf etsin. Başqa sözlə, insan günah edəndə, günah onu dərhal Allahdan uzaq salır. Allahla münasibətini bərpa etmək üçün insan Allaha qurban təqdim edirdi.

Amma təcrübə göstərdi ki, heyvan qurbanı istənilən məqsədə çatmadı. «Sən qurbanlardan zövq almazsan, yoxsa kəsərdim. Yandırma qurbanlarından razı qalmazsan» (Zəbur 51:16). «Rəbbin hüzuruna nə ilə gedim? Uca Allaha necə səcdə edim? Önünə yandırma qurbanları ilə — birillik danalarla çıxımmı? Minlərlə qoç qurbanı, zeytun yağının on minlərlə seli Rəbbin xoşuna gələrmi? Üsyankarlığıma görə ilk oğlumu, günahım üçün öz övladımı verimmi?» (Mikeya 6:6-7). İnsanlar instinktiv olaraq hiss edirdilər ki, əgər onlar günah ediblərsə, onda mal-qaranı qurban vermək əməllərini islah etməyəcək. Buna görə də Paul deyir: «İsa Məsih bizi sevdiyinə görə itaətkar həyatı və ölümü ilə günahı, həqiqətən, kəffarə edən qurbanı Allaha təqdim etdi». Paul israr edir ki, Çarmıxda baş verənlər Allahla düzgün münasibətə gedən yolu yenidən açır; digər heç bir qurbanın aça bilmədiyi qapını açır.

3) Paul köləlik metaforasından istifadə edir. O, Məsih İsada satınalma haqqında danışır. Yunanca apolutrozis sözü xilas, qurtuluş, azadlıq deməkdir. Bu o deməkdir ki, insan günahın hökmü altında idi və yalnız İsa Məsih onu azad edə bilər.

Sonda Paul deyir ki, Allah bütün bunları ədalətli olduğu üçün edir və İsa Məsihə iman edən hər kəsi haqlı hesab edir. Paul bundan heyrətamiz başqa heç nə deməmişdi. Bengel bunu «Müjdənin ən böyük paradoksu» adlandırırdı. Bunun nə demək olduğu barədə düşünün. Bu o deməkdir ki, Allah ədalətlidir və günahkarı ədalətli şəxs kimi qəbul edir. Əslində «Allah ədalətlidir və buna görə də günahkarı cinayətkar kimi məhkum edir» demək daha təbii səslənərdi. Ancaq burada biz ən böyük paradoksu görürük — Allah ədalətlidir və nədənsə İsa vasitəsilə insanlara bəxş etdiyi heyrətamiz mərhəmətində günahkarı cinayətkar kimi deyil, sevdiyi bir oğul kimi qəbul edir.

Bütün bunların mahiyyəti nədir? Bəraətlə köhnə Qanun arasında fərq nədir? Əsas fərq budur: Qanuna itaət etməyin mahiyyəti insanın özü üçün nə edə biləcəyidir. Mərhəmətin mahiyyəti Allahın insan üçün nə etdiyidir.

Paul bildirir ki, biz nə etsək də, heç vaxt Allahın bağışlanmasını qazana bilmərik. Yalnız Allahın bizim üçün etdikləri bağışlanmaya nail olmaqda bizə kömək edə bilər. Buna görə Allahla düzgün münasibətə aparan yol ağılsızcasına etdiyimiz fədakarlıqdan, var-gücümüzlə etdiyimiz yaxşı əməllərdən keçmir. Allahla düzgün münasibətə aparan yol Allahın İsa Məsih vasitəsilə bizə təqdim etdiyi lütfü təvazökar şəkildə tövbə edərək qəbul etməkdən keçir.

27-31

İNSANIN ƏMƏLLƏRLƏ QAZANDIĞI YOLUN SONU (Romalılara 3:27-31)

Paul burada üç məqamı nəzərdən keçirir:

1) Əgər Allaha gedən yol imandan keçirsə, onda insanın öz gücünə qazandığı bütün nailiyyətləri boşa gedir. Yəhudilikdə elə təriqətlər var idi ki, onların tərəfdarları Allah yanında bir növ hesab dəftəri tutur, orada öz yaxşı və pis əməllərini qeyd edirdilər. Çox vaxt insan belə bir nəticəyə gəlirdi ki, Allah ona borcludur. Paul əmin idi ki, hər bir insan günahkardır və Allaha borcludur. Heç kim öz əməlləri ilə Allahı razı sala bilməz. Ona görə də artıq özündən razı olmaq və qürur üçün heç bir səbəb yoxdur.

2) Amma yəhudi etiraz edə bilər ki, bu, heç vaxt Qanunu bilməyən bütpərəst üçün belədir. Bəs Qanunu bilən yəhudilərə necə şamil edilir? Buna cavab olaraq Paul yəhudi imanının əsasını təşkil edən və sinaqoqda hər ibadətin başlanğıcında bu gün də səslənən ifadəyə diqqət çəkir: «Dinlə, ey İsrail! Allahımız Rəbb yeganə Rəbdir» (Qanunun təkrarı 6:4). Başqa millətlər üçün bir Allah, yəhudilər üçün başqa Allah yoxdur. Allah birdir. Ona gedən yol bütpərəst üçün də, yəhudi üçün də eynidir. Bu, insan nailiyyətlərinin yolu deyil; bu, güvən və iman yoludur.

3) Amma yəhudi buna etiraz edir: «Bütün bunlar Qanunun sonu deməkdir?» Pauldan «Bəli» cavabını gözləmək olardı. Mahiyyət etibarı ilə o, «yox» deyir. O, əslində bunun Qanunu gücləndirdiyini deyir. Paul məhz bunu nəzərdə tutur. Bu vaxta qədər yəhudi yaxşı insan olaraq qalmağa və əmrlərə riayət etməyə çalışırdı. Çünki Allahdan və Qanunu pozacağı təqdirdə üzərinə gələcək cəzadan qorxurdu. Amma həmin dövr həmişəlik keçib getdi. Qorxunun yerini Allah sevgisi tutdu. İndi insan Allahdan və üzərinə gələcək cəzadan qorxduğu üçün deyil, Allahın heyrətamiz sevgisinə layiq olmaq üçün yaxşı insan olmağa, Allahın qanunlarına əməl etməyə səy göstərməlidir. O, Allahdan qorxduğu üçün deyil, Onu sevdiyi üçün xeyirxah olmağa çalışır. İndi o bilir ki, günah Allahın Qanununu pozmaq yox, Allahın qəlbini yaralamaqdır. Bu isə ikiqat dəhşətlidir.

Gəlin bir analogiyaya nəzər salaq. Bir çox insanlar pis işlərə meyillənirlər, lakin bunu etmirlər; ona görə yox ki, qanunu pozmaqdan qorxurlar. Əgər onlar pis əməllərə görə cərimələnsəydilər və ya həbs edilsəydilər, təəccüblənməzdilər. Onları saxlayan yeganə şey — onları sevən insanın kədərinə tab gətirə bilməmələridir. Onları doğru yola getməyə məcbur edən qanundan qorxmaları deyil, sevgidir. Bizim də Allahla münasibətimiz belə olmalıdır. Biz Allah qarşısında lərzəyə gəlməkdən əbədi olaraq azad olmuşuq. Lakin bu o demək deyil ki, biz istədiyimizi edə bilərik. Biz heç vaxt istədiyimizi edə bilməyəcəyik, çünki məhəbbət qanununa uyğun davranmağa məcbur olacağıq. Bu qanun qorxu qanunundan qat-qat güclüdür.

Azərbaycan dilində Müqəddəs Kitab

Allahın sədaqəti
1 Bəs Yəhudi olmağın nə üstünlüyü var? Sünnətin faydası nədir? 2 Hər cəhətdən böyük üstünlüyü var. Hər şeydən əvvəl, Allahın sözləri Yəhudilərə əmanət edilib. 3 Əgər onlardan bəzisi iman etmədisə, onda nə olacaq? Məgər onların imansızlığı Allahın sədaqətini ləğv edə bilər? 4 Əsla! Bütün insanlar yalançı olsa da, Allah haqlıdır. Necə ki yazılıb:
«Sən Öz sözlərində haqlı çıxacaqsan,
Mühakimə etdiyin zaman qalib gələcəksən».
5 Bəs bizim haqsızlığımız Allahın ədalətli olduğunu üzə çıxarırsa, onda nə deyə bilərik? İnsanların düşündüyü kimi soruşuram: Allah üzərimizə qəzəbini gətirən zaman haqsızdırmı? 6 Əsla, haqlıdır! Bəs Allah dünyanı başqa cür necə mühakimə edə bilər? 7 «Bəs mənim yalanım Allahın həqiqətini ucaldıb Ona izzət gətirirsə, nə üçün mən üstəlik bir günahkar kimi mühakimə olunmalıyam?» deyə soruşa bilərlər. 8 Belə isə, «gəlin pislik edək ki, bundan yaxşılıq əmələ gəlsin» deyə bilərikmi? Bəzi adamlar bizə böhtan atıb söyləyir ki, biz belə öyrədirik. Belə söyləyənlər haqlı olaraq cəza alacaq.
Saleh olan yoxdur
9 Bəs nə deyək? Biz Yəhudilərin üstünlüyü varmı? Əlbəttə, yox! Çünki biz artıq həm Yəhudiləri, həm də Yunanları təqsirləndirdik ki, onların hamısı günahın hökmü altındadır. 10 Necə ki yazılıb:
«Saleh olan yoxdur,
Bir nəfər belə, yoxdur.
11 Dərk edən bir kəs yoxdur,
Allahı axtaran yoxdur.
12 Hamısı yoldan azıb,
Onlardan fayda yoxdur.
Bir nəfər də olsun
Yaxşı iş görən yoxdur».
13 «Boğazları açıq qəbirdir,
Dilləri yalan danışır».
«Dodaqlarında gürzə zəhəri var».
14 «Ağızları lənət və acı sözlərlə doludur».
15 «Ayaqları qan tökməyə tələsir,
16 Yollarında viranəlik və fəlakət var,
17 Əmin-amanlıq yolu nədir, bilmirlər».
18 «Onların gözündə Allah qorxusu yoxdur».
19 Biz bilirik ki, Qanunda deyilənlərin hamısı Qanunun hökmü altında olanlara aiddir; belə ki bütün dillər sussun və bütün dünya Allahın hökmünə məruz qalsın. 20 Beləliklə, Qanuna əməl etməklə heç bir insan Allahın önündə saleh sayılmayacaq. Çünki Qanun vasitəsilə günah dərk olunur.
İman və salehlik
21 Amma indi Qanuna bağlı olmayaraq Allahdan gələn salehlik zahir olub. Buna Qanun da, Peyğəmbərlərin yazıları da şəhadət edir. 22 Allahdan gələn bu salehlik İsa Məsihə iman vasitəsilə Ona iman gətirənlərin hamısına verilir. Heç kəsə fərq qoyulmur. 23 Çünki hamı günah edib, Allahın izzətindən məhrum olub 24 və Onun lütfü ilə də Məsih İsada satın alınmağa nail olaraq bir hədiyyə kimi saleh sayılır. 25 Allah İsanı kəffarə qurbanı olaraq təqdim etdi ki, iman edənlərin günahları Onun qanı vasitəsilə bağışlansın. Bunu Öz salehliyini göstərmək üçün etdi. Çünki səbirli olub qabaqca edilən günahları cəzasız qoymuşdu. 26 Bunu etdi ki, indiki zamanda salehliyini zahir etsin; beləcə Özü ədalətli olsun, İsaya olan imana əsaslananı da saleh saysın.
27 Bəs biz nə ilə öyünə bilərik? Heç bir şeylə. Hansı ehkama əsaslana bilərik? Qanuna əməl etmək ehkamınamı? Xeyr, yalnız iman ehkamına! 28 Çünki bu nəticəyə gəlirik ki, insan Qanuna əməl etməklə deyil, iman vasitəsilə saleh sayılır. 29 Məgər Allah yalnız Yəhudilərin Allahıdır? Başqa millətlərin də Allahı deyilmi? Əlbəttə, başqa millətlərin də Allahıdır. 30 Çünki yalnız bir Allah var və O, sünnətliləri imanla, sünnətsizləri də iman vasitəsilə saleh sayacaq. 31 Onda biz iman vasitəsilə Qanunu ləğv edirikmi? Əsla! Əksinə, onu bir daha təsdiq edirik.