1-11
Bu hissədə Paul fikirlərini davam etdirərək birbaşa yəhudilərə müraciət edir. Əvvəlki hissədə o, Rəbbin lənəti altında olan qeyri-yəhudi dünyasının dəhşətli mənzərəsini təsvir etmişdi. Yəhudilər bu lənətin hər kəlməsi ilə tam razı idi. Lakin ağıllarına belə heç vaxt gətirməzdilər ki, bu lənət onlara da aiddir. Onlar elə güman edirdilər ki, xüsusi mövqeyə malikdirlər. Allah başqa millətlərin Hakimi ola bilər, lakin O, yəhudilərin xüsusi Müdafiəçisidir. Paul burada yəhudilərə göstərir ki, onlar bütpərəstlər qədər eyni dərəcədə günahkardırlar. Onlar bütpərəstləri qınayanda özlərini də mühakimə edirlər. Onlar irqi mənşəyinə görə deyil, həyat tərzlərinə görə mühakimə olunacaqlar.
Yəhudilər elə güman edirdilər ki, Allahın gözündə xüsusi imtiyazlı mövqeyə malikdirlər. Onlar iddia edirdilər ki, yer üzünün bütün xalqları arasında Allah yalnız İsraili sevir:
«Allah digər millətləri bir ölçü ilə, yəhudiləri isə başqa ölçü ilə mühakimə edəcək».
«Bütün israillilərin o dünyada yeri var».
«İbrahim peyğəmbər cəhənnəmin qapısında oturub, heç bir günahkar israillinin oradan keçməsinə icazə vermir».
Əzabkeş Yustin ilə yəhudi Trifon arasında yəhudilərin mövqeyi ilə bağlı mübahisə düşən zaman yəhudi dedi: «Cismani olaraq İbrahim peyğəmbərin nəslindən olanlar — istər günahkar, istər imansız, istərsə də Allaha itaətsiz olsun — əbədi Padşahlığa daxil olacaqlar». Süleyman peyğəmbərin «Süleymanın müdrikliyi kitabı»nın müəllifi Allahın yəhudilərə və bütpərəstlərə münasibətini müqayisə edərək deyir: «Çünki Sən İsrailliləri ata kimi dərs verərək sınağa çəkdin, amma Misirliləri padşah kimi sərtliklə sorğu edərək məhkum etdin» (Süleymanın müdrikliyi 11:10). «Beləcə, bizə dərs verərkən düşmənlərimizi min dəfə artıq cəzalandırırsan» (Süleymanın müdrikliyi 12:22). Yəhudini Allahın qəzəbindən etdiyi xeyirxahlıq deyil, yalnız yəhudi olması xilas edəcək.
Bu fikri təkzib edərkən Paul bizə dörd şeyi xatırladır:
1) O, yəhudilərə birbaşa bəyan edir ki, onlar Allahın mərhəmətindən sui-istifadə edirlər. 4-cü ayədə o, üç vacib sözdən istifadə edir. Paul yəhudilərdən soruşur: «...sən Allahın zəngin xeyirxahlığına, həlimliyinə və səbirli olmağına xor baxırsan?»
Gəlin böyük əhəmiyyətə malik bu üç sözü nəzərdən keçirək:
a) Zəngin xeyirxahlıq (krestotes). Bu söz haqqında Trenç belə deyir: «Bu, gözəl sözdür, çünki gözəl bir fikri ifadə edir». Yunan dilində iki söz var: aqatos və krestos. Aralarında belə bir fərq var: aqatos sözü ilə xarakterizə edilən insanın xeyirxahlığı sonda məzəmmət, cəza və tövbə etdirməklə nəticələnə bilər. Lakin krestos kimi səciyyələndirilən insan həmişə xeyirxahdır. İsa Məsih sərrafları və göyərçin satanları Allahın Məbədindən qovanda aqatos idi. Ayaqlarını yuyan günahkar qadına və zina üstündə tutulan qadına mehribanlıqla yanaşanda isə krestos idi. Paul sanki deyir: «Siz yəhudilər, sadəcə olaraq, Allahın böyük xeyirxahlığından istifadə etməyə çalışırsınız».
b) Həlimlik (anohe). Anohe — barışıqdır. Bu söz düşmənçiliyin dayandırılması deməkdir, lakin müvəqqəti dayandırmaqdır. Mahiyyət etibarı ilə, Paul yəhudilərə deyir: «Elə bilirsiniz ki, Allahın ədaləti sizi hələ cəzalandırmayıb deyə təhlükəsizlikdəsiniz? Xeyr. Allah sizə istədiyinizi etmək üçün azadlıq verməyib; O sizə tövbə etmək və həyat tərzinizi dəyişmək fürsəti verir». İnsan cəzalandırılmadan ömrü boyu günah etməyə bilməz.
c) Səbir (makrotumiya). Makrotumiya — insanlarla münasibətdə böyük səbri ifadə edən xüsusi bir sözdür. İoann Zlatousta görə, bu söz qisas almaq gücünə və səlahiyyətinə malik olan, lakin özünü saxlayan insanı təsvir edir. Mahiyyət etibarı ilə, Paul yəhudilərə deyir: «Əgər Allah sizi cəzalandırmırsa, elə düşünməyin ki, O, bunu edə bilmir. Günahın ardınca dərhal cəza gəlmirsə, bu Onun acizliyini göstərmir. Bu, Allahın hədsiz səbirli olmasına dəlalət edir. Siz Allahın səbri sayəsində hələ də sağsınız».
Böyük şərhçilərdən biri deyir ki, hər bir insanın cəzasız qalacağına dair cüzi də olsa ümidi, «bu mənim başıma gələ bilməz» hissi var. Yəhudilər isə hədlərini aşdılar: onlar açıq şəkildə Allahın cəzasından azad olduqlarını iddia edirdilər, Onun mərhəmətindən sui-istifadə edirdilər. Bu günə qədər bir çox insanlar eyni şeyi etməyə davam edir.
2) Paul yəhudiləri məzəmmət edir ki, onlar Allahın mərhəmətinə tövbə etmək fürsəti kimi yox, günaha həvəsləndirici kimi yanaşırlar. Bir dəfə Henri Geyneyə «Nə üçün özünə bu qədər əmindir?» sualını verəndə, o, fransızca belə cavab vermişdir: «Bu, Allahın işidir». Onu o dünya maraqlandırmırdı.
Gəlin bu barədə sırf insani baxımdan düşünək. İnsanın insani bağışlanmaya münasibəti iki cür ola bilər. Tutaq ki, gənc bir qız utancverici və ürəkağrıdan bir iş görüb. Valideynləri qızlarını sevdiyinə görə onu səmimi qəlbdən bağışlayır, bir daha bunu xatırlatmırlar. Onda qız ya valideynlərin əfvinə arxalanaraq eyni utancverici hərəkətləri davam etdirə bilər, ya da valideynlərinin onu bağışlaması onda səmimi minnətdarlıq hissi yarada bilər və o, bütün həyatı boyu onların əfvinə layiq olmağa çalışar. Bağışlanmadan sui-istifadə edib, günaha davam etmək qədər utancverici heç nə yoxdur. Yəhudilərin etdiyi də məhz bu idi. Bu gün bir çox insan da məhz bunu edir. Allahın mərhəməti və məhəbbəti insanda günah işlədib cəzasız qala biləcəyinə əminlik yaratmamalıdır. Allahın bizə mərhəmət və məhəbbət göstərməsinin məqsədi odur ki, günahdan yan qaçaq deyə qəlblərimizə təsir etsin.
3) Paul təkid edir ki, Allahın yaradılış sistemində artıq seçilmiş və seçilməyən xalqlar arasında heç bir fərq yoxdur. Elə xalqlar ola bilər ki, onlara xüsusi tapşırıq və xüsusi məsuliyyət verilsin. Amma elə xalq yoxdur ki, xüsusi imtiyazlardan istədiyi kimi istifadə etmək üçün seçilsin. Bəlkə də bu, böyük ingilis şairi Miltonun dediyi kimidir: «Allahın görəcəyi böyük bir iş olanda, onu ingilislərə həvalə edir». Lakin burada söhbət böyük imtiyazdan yox, böyük və mühüm tapşırıqdan gedir. Yəhudi inancı yəhudilərin xüsusi yeri olduğuna və onların Allahın nəzərində xüsusi lütf qazandıqlarına inam üzərində qurulmuşdu. Bizə elə gələ bilər ki, bu cür inancların hökm sürdüyü dövrlər çoxdan keçib gedib. Amma doğrudan belədirmi? Məgər bu gün «rəng baryeri» — dəri rənginə görə irqi ayrı-seçkilik yoxdurmu? Məgər indi özünü üstün sayan, başqalarını, ingilis yazıçısı Kiplinqin ifadə etdiyi kimi, «qanunsuz aşağı təbəqəli qardaşlar» görən düşüncə yoxdurmu? Biz bütün xalqların eyni dərəcədə istedadlı olduğunu iddia etmirik. Lakin bu o deməkdir ki, inkişaf etmiş xalqlar başqa xalqlara yuxarıdan aşağı baxmamalıdırlar. Əksinə, onların digər xalqların inkişafına kömək etmək öhdəliyi var.
4) Həvari Paulun fəlsəfəsini başa düşmək üçün məktubun bu hissəsi diqqətlə araşdırılmalıdır. Belə təzadlı fikirlər var ki, Paul vacib olan yeganə şeyin — iman olduğunu deyir. İnsanın əməllərinin vacibliyini vurğulayan din laqeydcəsinə kənara atılır, sanki Əhdi-Cədidlə heç bir əlaqəsi yoxdur. Ancaq bu mövqe həqiqətdən çox uzaqdır. Paul deyir: «Allah hər kəsə əməlinə görə əvəzini verəcək». Paula görə, əməllərdə təzahür etməyən iman təhrif olunmuş imandır və əsl imanla heç bir əlaqəsi yoxdur. Paul hətta deyir ki, insanın imanını yalnız onun əməlində görmək olar. İman yolunun ən təhlükəli anlayışlarından biri məhz odur ki, iman və əməl tamamilə fərqli və bir-birinə aidiyyəti olmayan iki anlayışdır. Bəhrəsiz iman olmadığı kimi, insan əməllərində özünü təzahür etdirməyən iman da ola bilməz. İnsanın əməlləri ilə imanı ayrılmaz şəkildə bir-birinə bağlıdır. Bir də, Allah insanı əməli olmadan necə mühakimə edə bilər? Biz sadəcə olaraq «iman edirəm» deyib, işimizin bitdiyini düşünə bilmərik. İmanımız əməllərimizdə təzahür etməlidir, çünki əməllərimizə görə ya mükafatlandırılacaq, ya da mühakimə olunacağıq.
12-16
Tərcümədə biz ayələrin ardıcıllığını bir qədər dəyişdik. Məna baxımından 16-cı ayə 13-cü ayədən sonra gəlir, 14 və 15-ci ayələr isə giriş hissəsidir. Nəzərə almaq lazımdır ki, Paul bu məktubu masa arxasında oturaraq hər kəlməni, hər ifadəni düşünərək yazmayıb. O, otaqda gəzişərək, katibi Tertiyə diktə edərək yazdırıb (Romalılara 16:22). Terti isə deyilənləri ciddi səylə yazmağa çalışıb. Məktubun giriş hissəsinin uzun olması bununla izah edilir. Lakin 13-cü ayədən 16-cı ayəyə keçib, sonra 14 və 15-ci ayələrə baxsaq, onun dəqiq mənasını başa düşmək daha asan olar.
Bu hissədə Paul başqa millətlərə müraciət edir. O, yəhudilər haqqında məsələni və onların xüsusi imtiyazlar iddiasını nəzərdən keçirir. Ancaq yəhudilərin bir üstünlüyü var idi — Qanun. Bütpərəstlər də eyni şəkildə cavab verib deyə bilərdilər: «Əgər Allah Qanuna sahib olub, onu bilən yəhudiləri məhkum etsəydi, daha ədalətli olardı. Heç şübhəsiz ki, biz cəzadan xilas olacağıq, çünki Qanunu bilmək imkanımız olmayıb. Olmadığına görə də yaxşısını edə bilməzdik». Buna cavab olaraq Paul iki mühüm prinsipi izah edir.
1) İnsan Qanunu bilmək imkanı olduğuna görə əməllərinin əvəzini alacaq. Əgər o, Qanunu bilirdisə, o zaman Qanunu bilən adam kimi mühakimə olunacaq. Əgər o, Qanunu bilməyibsə, onda Qanunu bilməyən adam kimi mühakimə olunacaq. Allah ədalətlidir. İsa Məsihin gəlişindən əvvəl dünyada yaşayan və Məsihin Müjdəsini eşitmək imkanı olmayanların taleyi necə olacaq deyə soruşanların cavabı isə budur: insan bildiyi ən yüksək həqiqətlərə necə sadiq qaldığına görə mühakimə olunacaq.
2) Paul daha sonra deyir ki, hətta yazılı Qanunu bilməyənlərin də ürəklərində yazılmamış qanun var. Biz bunu instinktiv olaraq xeyir və şəri bilmək adlandırırıq. Stoiklər deyirdilər: kainatda müəyyən qanunlar var ki, onların pozulması insana müxtəlif bəlalar gətirir. Məsələn, sağlamlıqla bağlı qanunlar, həyat və həyat tərzini tənzimləyən əxlaq qanunları. Bu qanunları fuzis, yəni təbiət qanunu adlandırırdılar və insanı onlara əsasən yaşamağa məcbur edirdilər. Paul iddia edir ki, insan təbiətən nə etməli olduğuna dair instinktiv biliyə sahibdir. Yunanlar bu fikirlə razılaşardılar. Aristotel deyirdi: «Mədəni və azad insan özünü elə aparacaq ki, sanki özü özünün qanunudur». Plutarx10 belə bir sual verirdi: «Hökmdarı kim idarə etməlidir?» Özü də bu suala belə cavab verirdi: «Pindarın dediyi kimi, bütün fanilərin və ölməzlərin hökmdarı olan qanun papirus vərəqlərində və taxta lövhələrdə yazılmayıb, lakin insana xas olan ağılı təmsil edir, daim onun üzərində hakim olub, onu heç vaxt rəhbərsiz buraxmır».
Paul dünyadakı insanların iki qrupa bölündüyünü görürdü. O, Allah tərəfindən verilmiş və hər kəsin onu oxuya bilməsi üçün yazılmış Qanuna malik yəhudiləri görürdü. O, yazılı Qanuna malik olmayan, lakin Allah tərəfindən onların ürəyinə qoyulan xeyir və şəri bilən başqa xalqları görürdü. Nə yəhudilər, nə də digər xalqlar Allahın cəzasından azad olduqlarını iddia edə bilməzdi. Yəhudi Allahın planlarında xüsusi yeri olduğuna görə cəzadan azad olunduğunu iddia edə bilməz. Bütpərəst heç vaxt yazılı Qanun almadığı üçün cəzadan qurtulmağa ümid edə bilməz. Yəhudi Qanunu bilən adam kimi mühakimə olunacaq; bütpərəst isə Allahın onun ürəyinə yazdığı biliklə mühakimə olunacaq. Allah insanları bildiklərinə və bilmək imkanlarına görə mühakimə edəcək.
17-29
Bir yəhudi üçün bu hissə heyrətamiz bir hadisə olmalıdır. Yəhudi əmin idi ki, Allah ona İbrahimin nəslindən olduğuna və bədənində sünnət əlaməti daşıdığına görə xüsusi lütf göstərir. Lakin Paul bir fikir irəli sürür və dəfələrlə bu fikrə qayıdır. O, israrla qeyd edir ki, yəhudi olmaq heç də irqi məsələ deyil. Bunun sünnətlə də heç bir əlaqəsi yoxdur. Bu, həyat tərzi məsələsidir. Əgər belədirsə, İbrahim peyğəmbərin nəslindən olan və bədənlərində sünnət əlaməti daşıyan yəhudilərin çoxu heç də yəhudi deyillər. Eynilə də, İbrahim peyğəmbər haqqında heç vaxt eşitməyən və sünnət haqqında heç vaxt düşünməyən bir çox millətlər, sözün əsl mənasında, həqiqi yəhudilərdir. Bir yəhudi üçün bu fikir ən dəhşətli bidət kimi səslənər və onu son dərəcə qəzəbləndirərdi.
Bu hissənin son ayəsində adekvat tərcümə etmək mümkün olmayan bir söz oyunu var: «Belə adamın tərifi də insandan yox, Allahdan gələr». Yunan dilində tərif — epainos deməkdir. Əgər Əhdi-Ətiqə qayıtsaq (Yaradılış 20:35; 49:8), yəhudi sözünün ilkin və ənənəvi mənasının — tərif — epainos olduğunu görərik. Buna görə də bu ifadənin iki mənası var: a) bir tərəfdən, «belə adamın tərifi də insandan yox, Allahdan gələr» deməkdir; b) digər tərəfdən, belə adamın yəhudilərə mənsub olub-olmaması insanlar tərəfindən deyil, Allah tərəfindən müəyyən edilir. Bu hissənin mənası ondan ibarətdir ki, Allahın vədləri müəyyən irqdən olan və ya bədənlərində müəyyən əlamətlər daşıyan insanlara aid deyil. Allahın vədləri irqindən asılı olmayaraq müəyyən həyat tərzi yaşayan insanlara aiddir. Yəhudi olmaq — nəsil şəcərəsi məsələsi deyil, şəxsiyyət məsələsidir. Çox vaxt mənşəcə yəhudi olmayan bir adam irqinə görə yəhudi olan adamdan daha yaxşı yəhudi ola bilər.
Bu hissədə Paul deyir ki, davranışları ilə başqa millətlər arasında Allahın adına küfr etdirən yəhudilər də var. Bu da tarixi bir faktdır ki, yəhudilər hələ də dünyanın xor baxdığı xalqdır. Gəlin Əhdi-Cədid dövründə bütpərəstlərin yəhudilərə necə yanaşdığına baxaq.
Bütpərəstlər yəhudi dinini «barbar xurafatı», yəhudilərə isə «ən iyrənc irq» və «ən alçaq qul cəmiyyəti» kimi baxırdılar. Yəhudiliyin mənbəyi və mənşəyi cəhalətlə təhrif edilirdi. Onlar deyirdilər ki, yəhudilərin əsli Misir fironu tərəfindən qum karxanalarına göndərilmiş cüzamlılar qrupu olub. Musa bu dəstəni toplayıb səhradan keçərək İsrailə gətirib. Onlar deyirdilər ki, yəhudilər eşşəyin başına pərəstiş edirdilər, çünki səhrada susuzluqdan öləndə vəhşi eşşək sürüsü onları suya aparıb. Onlar deyirdilər ki, yəhudilər donuz əti yemir, çünki donuzlar qotur adlanan dəri xəstəliyinə qarşı həssasdır və yəhudilər Misirdə olarkən bu xəstəlikdən əziyyət çəkiblər.
Yəhudilərin bəzi adətləri bütpərəstlər tərəfindən məsxərəyə qoyulurdu. Onların donuz ətindən tamamilə imtina etməsi şit zarafatlara səbəb olmuşdu. Plutarx hesab edirdi ki, bunun səbəbi yəhudilərin donuza tanrı kimi sitayiş etmələri ola bilər. Yuvenal bunu onunla izah edirdi ki, yəhudilərin ürəklərinin yumşaqlığı donuza qocalana qədər yaşamaq imkanı verir və donuz əti onlar üçün insan ətindən daha dəyərlidir. Şənbə gününə riayət etmək adəti sırf tənbəllik kimi qəbul edilirdi. Yəhudilərin xoşuna gələn bəzi şeylər bütpərəstləri qəzəbləndirirdi. Bununla belə, bir şey anlaşılmaz olaraq qalırdı — yəhudilər populyar olmasalar da, Roma dövlətindən qeyri-adi imtiyazlar almışdılar.
a) Onlara hər il məbəd vergisini Yerusəlimə köçürməyə icazə verilirdi. Eramızdan əvvəl 60-cı illərdə Asiyada elə bir ciddi vəziyyət yarandı ki, pul ixracı qadağan edildi. Tarixçilərin qeydlərinə görə, yəhudilərin Yerusəlimə göndərməyi planlaşdırdıqları ən azı iyirmi ton qaçaqmal qızıl ələ keçirilmişdi.
b) Onlara müəyyən qədər öz məhkəmələrinə malik olmağa və öz qanunlarına uyğun yaşamağa icazə verilirdi.
Asiyada təxminən eramızdan əvvəl 50-ci ildə hökmdar Lucius Antonius tərəfindən verilmiş bir fərmanda deyilirdi: «Yəhudi vətəndaşlarımız yanıma gəlib mənə bildirdilər ki, onların əcdadlarının qanunlarına uyğun olaraq öz toplantıları və mübahisəli məsələləri öz aralarında həll etdikləri xüsusi yerləri var. Onlar bu ənənənin davam etməsini məndən xahiş edəndə, qərara gəldim ki, onlara icazə verim». Bütpərəstlər xüsusi imtiyazlara malik olan ayrı bir qrup kimi yaşayan yəhudilərə nifrət edirdilər.
c) Roma hökuməti yəhudilərin Şənbə gününə hörmətlə yanaşırdı. Bir qayda olaraq yəhudi Şənbə günü ifadə vermək üçün məhkəməyə çağırıla bilməzdi. Əgər əhaliyə sədəqə paylanırdısa və bu proses Şənbə gününə düşürdüsə, yəhudinin öz payını növbəti gün tələb etmək hüququ var idi. Bütpərəstlərin xüsusilə həssas yanaşdığı məsələ astrateiya, yəni yəhudilərin Roma ordusunda hərbi xidmətdən azad edilməsi idi. Hərbi xidmətdən azad olma da yəhudilərin Şənbə gününə ciddi riayət etməsi ilə bağlı idi, çünki adətləri onlara Şənbə günləri hərbi xidmət keçməyə imkan vermirdi. Dünyanın qalan hissəsinin yəhudilərin bu ağır öhdəlikdən azad edilməsinə necə qəzəblə baxdığını təsəvvür etmək çətin deyil. Lakin yəhudilər iki şeydə ittiham olunurdular.
a) Onları ateotesdə — allahsızlıqda ittiham edirdilər. Qədim dünya ibadət etdikləri tanrıların təsvirləri olmadan inancın mümkünlüyünü təsəvvür etməkdə çətinlik çəkirdi. Tarixçi Kiçik Plini11 yəhudiləri «bütün tanrılara nifrətləri ilə seçilən bir irq» adlandırırdı. Tasit12 onlar haqqında belə deyirdi: «Yəhudilər Tanrını bir düşüncə ilə təsəvvür edirlər... Ona görə də onların şəhərlərində, hətta məbədlərində belə heykəllər qoyulmur. Nə padşahlara, nə də Qeysərə bu cür hörmət və ehtiram göstərilir». Yuvenal belə deyirdi: «Onlar buludlardan və səma tanrısından başqa heç nəyə səcdə etmirlər». Amma məsələ bundadır ki, bütpərəstlərin yəhudilərə qarşı antipatiyası onların inanclarına, adətlərinə görə deyil, digər dinlərə nifrətlə yanaşmalarına görə yaranmışdı. Həmvətənlərinə xor baxan missioner ola bilməz. Paul deyəndə ki, yəhudilər Allahın adına küfr etdirir, məhz onların başqalarına nifrətlə yanaşmasını nəzərdə tuturdu.
b) Onlar öz həmvətənlərinə nifrət etməkdə (mezantropiya) və qaynayıb-qarışmamaqda (amaksiya) ittiham olunurdular. Tasit onlar haqqında deyirdi: «Bir-birilərinə münasibətdə dürüstlükləri heyrətamizdir, mərhəmət hissi tez oyanır. Lakin başqa insanlara nifrət və düşmənçilik bəsləyirlər». İsgəndəriyyədə deyirdilər ki, yəhudilər bütpərəstlərə heç vaxt mərhəmət göstərməyəcəklərinə and içmiş, hətta hər il bir yunanı öz Allahlarına qurban verməyi təklif etmişdilər. Tasit deyirdi ki, yəhudiliyi qəbul edən bütpərəstə əvvəlcə başqa tanrılara xor baxmağı, milliyyətindən, valideynlərindən, uşaqlarından və qardaşlarından imtina etməyi öyrədirdilər. Yuvenal deyirdi ki, əgər bütpərəst bir yəhudidən yol soruşsaydı, ona yolu göstərməkdən imtina edərdi; bir günahkar içmək üçün bulaq axtarardısa, sünnət olunmadığına görə yəhudi onu bulağa aparmazdı. Yenə eyni şey: nifrət yəhudilərin digər insanlara qarşı əsas münasibətini müəyyənləşdir, bu da təbii olaraq, onlara nifrətlə cavab verilməsinə səbəb olurdu. Doğrudur, yəhudilər Allahın adına küfr etdirirdilər, çünki onlar özlərini kiçik, lakin güclü bir cəmiyyət halında təcrid etmişdilər, başqalarına orada yer yox idi. Onlar inanclarına görə başqa millətlərə xor baxır və onlara mərhəmət göstərmirdilər. Həqiqi iman yolu açıq ürək və açıq qapı məsələsidir. Yəhudi dini isə bağlı ürək və bağlı qapı məsələsi idi.