Barclay
KİTABLARAudio kitablarHekayələrİlahilərFilmlər və cizgi filmləriXilas haqqında müjdəXoş xəbər hekayələri

Romalılara məktub: 1-ci fəsil

V. Barklinin şərhləri

1-ci fəsil

1-7

ÇAĞIRIŞ, MÜJDƏ VƏ ƏMR (Romalılara 1:1-7)

Paul romalılara məktub yazarkən şəxsən tanımadığı və heç vaxt olmadığı imanlı cəmiyyətinə müraciət edirdi. O, dünyanın ən böyük imperiyasının ən böyük şəhərində yerləşən imanlı cəmiyyətinə məktub yazırdı. Buna görə də o, sözlərini və düşüncələrini çox diqqətlə seçirdi.

Paul özünü təqdim etməklə başlayır.

1) O özünü İsa Məsihin qulu (doulos) adlandırır. «Qul» sözünün iki mənası var:

a) Paulun Məsihə müraciətinin ən sevimli forması RƏBDİR (kurios). Yunan dilində kurios sözü insana və ya əşyaya mütləq sahib olan şəxsi bildirir. Bu söz tam mənasında sahib və ya ağanı ifadə edir. RƏBB (kurios) sözünün əks ifadəsi quldur (doulos). Paul özünü İsa Məsihin qulu, Məsihi isə Ağası və Rəbbi hesab edirdi. İsa onu sevdiyinə görə onun uğrunda öldü. Buna görə də Paul hesab edirdi ki, o, artıq özünə aid deyil, tamamilə İsa Məsihə aiddir. Bir tərəfdən qul sözü — məhəbbətin ən böyük borcu deməkdir.

b) Amma qul (doulos) sözünün başqa mənası da var. Məsələn, Əhdi-Ətiqdə bu söz, adətən, müəyyən nüfuzlu adamlar üçün istifadə olunur. Musa peyğəmbər və Yeşua Rəbbin qulları (doulos) idilər (Yeşua 1:2; 24:29). Peyğəmbərlər üçün ən böyük şərəf və onları bütün insanlardan fərqləndirən cəhət Rəbbin qulları olmaları idi (Amos 3:7; Yeremya 7:25). Paul özünü İsa Məsihin qulu adlandırmaqla peyğəmbərlərin varisi kimi tanıdır. Onların böyüklüyü və Paulun izzəti artıq onların Rəbb Allahın qulları olmaları ilə müəyyən edilmişdir. Buna görə İsa Məsihin qulu adı həm ona qoyulan böyük məhəbbət vəzifəsini, həm də yüksək missiya ilə bağlı şərəfi bildirir.

2) Paul özünü seçilmiş həvari adlandırır. Əhdi-Ətiqdə böyük insanlar Allahın çağırışını eşidən və ona cavab verən adamlar idi. İbrahim peyğəmbər Rəbb Allahın çağırışını eşitdi (Yaradılış 12:1-3), Musa peyğəmbər Allahın çağırışına cavab verdi (Çıxış 3:10). Yeremya və Yeşaya da peyğəmbər idilər. Onlar, demək olar ki, öz iradələrinə zidd çıxaraq, Allahın çağırışına cavab verdilər (Yeremya 1:4-5; Yeşaya 6:8-9). Paul özünü heç vaxt şöhrət axtaran kimi deyil, tapşırıq alan adam kimi görürdü. İsa şagirdlərinə dedi: «Siz Məni seçmədiniz, Mən sizi seçib təyin etdim...» (Yəhya 15:16). Paul nə etmək istədiyini deyil, Allahın ondan nə etməsini istədiyi barədə düşünürdü.

3) Paul özünü Allahın Müjdəsinə seçilmiş biri kimi təqdim edir. O, dərk edirdi ki, həyatının iki sahəsinə görə seçilib. Həyatında iki dəfə aforoseyn sözü işlədir.

a) Paul Allah tərəfindən seçilmişdir. O əmin idi ki, Allah onu hələ doğulmamışdan öncə onun üçün müəyyən edilmiş işi yerinə yetirməkdən ötrü seçib (Qalatiyalılara 1:15). Allah hər bir insan üçün bir plan müəyyən edir. Heç bir insanın həyatı məqsədsiz deyil. Allah ona müəyyən tapşırığı yerinə yetirmək üçün həyat verib.

b) Müqəddəs Ruh Antakyadakı imanlı cəmiyyətinin rəhbərlərinə onu və Barnabanı bütpərəstlər arasında xüsusi bir missiya üçün seçməyi əmr edəndə, Paul insanlar tərəfindən seçilmişdi (Həvarilərin işləri 13:2). Paul başa düşdü ki, o, Allahın missiyasını və Allahın Cəmiyyətinin missiyasını yerinə yetirməlidir.

4) Bunun üçün o, iki ənam aldı. 5-ci ayədə o, bu iki ənama işarə edir.

a) Ona lütf nazil olmuşdu. Lütf — layiq olmadan verilən hədiyyə deməkdir. Paul Məsihə iman etməyənə qədər Qanuna əməl etməklə həm insanların, həm də Allahın gözündə tərif qazanmağa çalışırdı. Lakin bu ona rahatlıq vermədi. Sonra anladı ki, vacib olan onun nə edə biləcəyi deyil, Allahın nə etdiyidir. Çünki «Qanun insanın nə etməli olduğunu deyir; Müjdə isə Allahın nə etdiyini deyir». Paul indi gördü ki, insanın xilası onun səyindən yox, Allah sevgisindən asılıdır. Məsələ ondadır ki, lütfə nail və ya layiq olmaq mümkün deyil. Bu, Allahın ənamıdır.

b) O, tapşırıq almışdı. Paul başqa millətlərə həvari olmaq üçün seçilmişdi. Paul başa düşürdü ki, o, xüsusi vəzifə üçün deyil, xüsusi tapşırıq üçün seçilib. O bilirdi ki, Allah onu izzət üçün deyil, ağır zəhmət üçün seçib. Burada söz oyunu da ola bilər. Bir vaxtlar Paul farisey idi (Filipililərə 3:5). Farisey dünyadan təcrid olunmuş demək idi. Ola bilsin, fariseylər özlərini adi insanlardan qəsdən ayırdıqlarına və paltarlarının ətəyinin onlara toxunmasına icazə vermədiklərinə görə belə adlandırılırdılar. Onların fikrincə, Allah bütpərəstləri «cəhənnəm odu üçün yanacaq» kimi istifadə edəcək. Buna görə Allahın gözündə bütpərəstlərin lütf tapması fikri fariseyləri səksəndirirdi. Bir vaxtlar Paul da belə bir farisey idi. O özünü elə təcrid olunmuş hiss edirdi ki, bütün adi insanlara qarşı onda nifrətdən başqa heç nə yox idi. İndi isə Paul özünü o qədər təcrid olunmuş hiss edirdi ki, bütün həyatını Allahın Müjdəsini istənilən millətdən olan hər insana təbliğ etməyə həsr etməlidir. Məsihin yolu insanı həmişə imtiyaz, şöhrət və qürur naminə deyil, bütün insanlara xidmət, təvazökarlıq və məhəbbət göstərmək üçün xüsusi edir. Paul bu hissədə özünü təqdim etməkdən başqa, təbliğ etdiyi dini inancının və imanının mühüm məqamlarını qeyd edir. Bu, mərkəzində İsa Məsih olan Müjdənin özü idi (3 və 4-cü ayələr). Xüsusilə, iki ehkamın üstünlük təşkil etdiyi müjdə idi:

a) Məsihin bədəndə gəlməsi ehkamı. Paul, həqiqətən, insan kimi yer üzünə gələn İsa haqqında danışırdı. Erkən İmanlı Cəmiyyətinin böyük mütəfəkkirlərindən biri Məsih haqqında danışarkən belə demişdi: «O bizi Özü kimi etmək üçün bizdən biri oldu». Paul qeyri-real tarixdə yaşayan əfsanəvi qəhrəmanı — yarı tanrı, yarı insan olmayan Biri haqqında vəz etmirdi. O, xilas etmək üçün gəldiyi insanlarla bir Olan Şəxs haqqında vəz edirdi.

b) Ölülərdən dirilmə ehkamı. Əgər İsa gözəl bir həyat yaşayıb qəhrəmancasına ölsəydi və hər şey bununla yekunlaşsaydı, onda O, böyük qəhrəman personajlar sırasında sayıla bilərdi. Beləcə bəzi müqəddəslər kimi qalardı. Məsihin unikallığı Onun dirilməsi faktı ilə əbədi olaraq möhürlənib. Qalanların hamısı ölüb getdi və özlərindən bir xatirə qoydular. İsa yaşamağa davam edir və bizim yanımızdadır. O, əbədi olaraq Öz hökmranlığında qüdrətlidir.

8-15

ƏZƏMƏTİN NƏZAKƏTLİYİ (Romalılara 1:8-15)

İyirmi əsr keçib, lakin bu gün də bu hissə isti məhəbbət saçır. Biz həvari Paulun nəcib ürəyinin heç vaxt görmədiyi imanlı cəmiyyətinə qarşı məhəbbətlə necə döyündüyünü hiss edirik.

Bu məktubu yazarkən Paul çox çətinlik çəkdi, çünki o onların işlərinə müdaxilə etmək niyyətində deyildi. Nəsə etməzdən əvvəl yadlıq və şübhə sədlərini aşmaq üçün onlara yaxın olmalı idi.

1) Paul müdrikliyi məhəbbətlə birləşdirərək, ruhlandırma ilə başlayır. O yazır ki, onların imanı bütün dünyada elan olunduğuna görə Allaha şükür edir. Elə insanlar var ki, dilindən tərif, elələri də var ki küfr çıxır. Kiminin gözü nöqsan, kiminin də ürəyi yaxşı cəhət axtarır. Tomas Hardi haqqında deyirdilər ki, o, tarlaya çıxanda çöldəki çiçəkləri deyil, küncdəki peyin yığınını görürdü. Ancaq bu da bir faktdır ki, insanları qınamaq əvəzinə tərifləyəndə, onlardan daha çox şey əldə etmək olar. Başqalarının yaxşı cəhətlərini görməyə çalışanlar onlarda daha çox yaxşılıq hasil edəcəklər. Qədim Yunanıstanın ən yaxşı və ən yüksək sivilizasiyası qədər gözəl heç nə heç vaxt olmamışdır. Bir dəfə T.R.Qlover bunu belə ifadə etmişdi: «Yunanıstan sadə insanın kor-koranə inamı üzərində» qurulub. 1914-1918-ci illər Birinci Dünya Müharibəsinin əsas simalarından biri, «Silahlı Tələbə» kitabının müəllifi Donald Hanki insanların həm yaxşı, həm də pis cəhətlərini görürdü. Bir dəfə o, cəbhədən göndərdiyi məktubda yazmışdı: «Əgər mən bu müharibədən sağ çıxsam, «Canlı xeyirxahlıq» adlı kitab yazacağam. Orada sadə insanlara xas olan bütün fəzilətləri, nəcibliyi təhlil edib, onların bu xüsusiyyətləri İmanlı Cəmiyyətində necə əks etdirməli olduqlarını göstərməyə çalışacağam». O, həmçinin «Sevimli kapitan» oçerkini yazdı. Burada kapitanın ən yöndəmsiz insanları seçib, onları necə öyrətdiyini təsvir etdi. «Kapitan onlara baxır, onlar da kapitana baxırdılar. Beləliklə, əllərindən gələn hər şeyi etməyə hazır idilər». İnsanlara güvənməyən şəxs heç vaxt onları xilas etməyə cəhd belə edə bilməz. İnsan cəhənnəm əzabına layiq günahkardır. Amma eyni zamanda onun qəlbində bir qəhrəman yaşayır. Çox vaxt bir tərif kəlməsi belə onun daxilində yatmış qəhrəmanlığı oyada bilər. Qınaq, tənqid isə onda yalnız ümidsizlik və inciklik hissi yaradar. Uzun illər əvvəl, 630-cu ildə Sakson kralı ona Müjdəni təbliğ etmək üçün Şotlandiyanın Ayona adalarına bir missioner göndərməyi xahiş etdi. Missioner oradan qayıdanda ingilislərin inadkar və vəhşi təbiətindən gileylənirdi: «İngilislər özlərini apara bilmirlər. Onlar vəhşilər kimi davranırlar». Missioner bildirdi ki, onlara Müjdəni təbliğ etmək əbəsdir. Bu şikayətə ingilislərin həvarisi Aidan belə cavab verdi: «Qardaşım, məncə, belə cahil dinləyicilərə qarşı sən çox sərt oldun. Onlara qarşı daha yumşaq rəftar etməli idin. Onlara əvvəlcə ruhani süd, sonra isə ət verməli idin». Aidan Nortumbriyaya göndərildi. O, həlimliyi və mülayimliyi ilə missioner yoldaşının həddindən artıq sərt davrandığı insanları Məsih üçün qazandı.

2) Paul Romadakı insanları şəxsən tanımasa da, onlar üçün daim Allaha dua edirdi. Məsihçilərin imtiyazı və vəzifəsi — sevdiklərini və bütün məsihçi qardaşlarını mərhəmət taxtına doğru aparmaqdır. Mövzusu «Rəbbin Duası» olan vəzlərindən birində yunan imanlı cəmiyyətinin atası Nissalı Qriqori2 (331-ci ildə doğulub) dua haqqında lirik bir bənd verir:

«Duanın gücü Allahla vəhdətdə olur. Allahla olan insan düşməndən uzaqlaşır. Dua ilə biz iffətimizi qoruyur, xasiyyətimizi tənzimləyir və şöhrətpərəstlikdən azad oluruq. Dua bizə inciklikləri unutmağa, paxıllığa qalib gəlməyə, ədalətsizliyə tab gətirməyə kömək edir və günahlarımızı yuyur. Dua vasitəsilə biz xoşbəxt ailə və güclü, yaxşı qurulmuş cəmiyyət əldə edirik. Dua — bakirəliyin möhürü və nikahda sədaqətin təminatıdır. Dua səyyahı, yatanı qoruyar, oyaq olana cəsarət verər... Yorulanda adama güc, kədərlənəndə təsəlli verər. Dua — sevinənə həzz, əziyyət çəkənə təsəllidir. Dua — Allaha yaxın edir və gizlin olanlar üzərində düşünməyə kömək edir. Dua maddi cəhətdən təmin edir və hələ reallaşmamış şeylərin mahiyyətini zənginləşdirir».

Əgər bizə əziz olan insanlar uzaqdırsa və onlara başqa nəsə etmək imkanımız yoxdursa, onları duanın himayəsi və gücü ilə əhatə edə bilərik.

3) Paul həmişə təvazökarlıqla almağa və verməyə hazır idi. O, Romaya səfər etmək arzusunu bildirməklə, onları qüvvətləndirmək üçün onlara ruhani bir ənam çatdırmaq məqsədində olduğunu deyir. Amma sonra fikrini dəyişir. Paul Romada olmaq niyyətinə ona görə düşür ki, o və Romadakı imanlı cəmiyyəti bir-birilərini ruhlandırsınlar: axı nə qədər olmasa da hər bir imanlı digərinin imanında özü üçün qiymətli toxum tapa bilər. Müəllimlər iki cür olur. Bəzi müəllimlər öz tələbələrinə elə yanaşırlar ki, sanki onlardan üstündürlər, tələbələr isə hər şeyi imanla qəbul etməlidirlər. Amma elə müəllimlər də var ki, sanki belə deyirlər: «Gəl, bunu birlikdə öyrənək». Paul erkən məsihçiliyin ən böyük mütəfəkkiri idi. Lakin təbliğ etmək istədiyi insanlar haqqında düşünəndə, o özünü təkcə onlara nəsə verən kimi deyil, həm də onlardan nəsə qəbul edən kimi görürdü. Öyrətmək və öyrənmək üçün təvazökarlıq mütləqdir.

4) 14-cü ayə orijinal yunan dilində ikiqat məna daşıyır və demək olar ki, tam tərcümə olunmur. Azərbaycan dilində bu ayə belə səslənir: «Mən həm Yunanlara, həm də barbarlara, həm aqillərə, həm də cahillərə borcluyam».

Paul bunu yazanda iki şey haqqında düşünürdü. O, şəxsən ona göstərilən bütün yaxşılıqlara görə borcludur və onlara təbliğ etmək zərurəti hiss edir. Bu son dərəcə yığcam cümlə belə səslənir: «Onlardan aldığım hər şeyə görə və hər şeyin xatirinə — onlara borcluyam. Mən bütün insanlara borcluyam».

Paulun romalılara yazdığı məktubda yunanlardan danışması qəribə görünə bilər. Həmin dövrdə ellinlər (yunanlar) sözü irqi mənasını tamamilə itirmişdi. Bu söz artıq Yunanıstanın əsl sakinini ifadə etmirdi. Makedoniyalı İsgəndərin fəthləri yunan dilini və yunan düşüncə tərzini bütün dünyaya yaymışdı. Buna görə ellin (yunan) sözü təkcə yunan kimi doğulanlara aid edilmirdi; ellin yunanların mədəniyyətini və düşüncə tərzini bilən biri idi. Barbar sözünün hərfi mənası dildə «bar-bar» edən insandır. Başqa sözlə, bu, yunanların gözəl, çevik dilində danışan adamdan fərqli olaraq, uyğun olmayan bir dildə danışan adamdır. Ellin olmaq — müəyyən düşüncə tərzinə, ruhuna və mədəniyyətinə malik olmaq demək idi. Yunanlardan biri öz xalqı haqqında belə demişdir: «Barbarlar təsadüfən həqiqəti aşkar edə bilərlər, lakin onu anlamaq üçün yunan olmaq lazımdır».

Paul bu ayədə bildirir ki, onun xidməti, dostluğu, vəzifəsi müdrik və sadə, mədəni və mədəniyyətsiz, savadlı və savadsızlara aiddir. Onun xidməti bütün dünya üçün nəzərdə tutulub. Ancaq arzusu budur ki, Romaya da xidmət etsin.

16-17

MƏN MƏSİHİN MÜJDƏSİNDƏN UTANMIRAM (Romalılara 1:16-17)

Bu sətirlərə çatanda görürük ki, məktubun giriş hissəsi başa çatıb və artıq Paulun Müjdəsinin şeypur səsi eşidilir. Bir çox fortepiano konsertləri gurultulu akkordla başlayır, sonra isə mövzuya keçir. Bunun səbəbi ondadır ki, fortepiano konsertləri əvvəllər elit və zəngin təbəqənin evlərində özəl axşamlarda ifa olunurdu. Pianoçu alətin başına əyləşəndə ​​zalda hələ də söhbətlərin hay-küyü eşidilirdi. Toplaşanların diqqətini cəlb etmək üçün o, əvvəlcə qulaqbatırıcı akkord çalır, diqqəti özünə çəkəndən sonra isə mövzuya keçirdi. Bu iki ayəyə qədər Paul məktub yazdığı insanlarla əlaqə qurur, onların diqqətini özünə cəlb edir. İndi müqəddimə bitir və əsas mövzu başlayır. Bu hissədə yalnız iki ayə var, lakin onlar özündə Paulun Müjdəsinin əsaslarını ehtiva etdiyindən onlara kifayət qədər diqqət yetirməliyik. Paul sözünə belə başlayır ki, təbliğ etməyə çağırıldığı Müjdə ilə fəxr edir. Bu ifadənin arxasında nə dayandığını düşünsək, təəccüblənə bilərik: Paul Filipidə həbs edildi, Salonikdən qovuldu, Beriyadan gizli şəkildə çıxarıldı, Afinada məsxərəyə qoyuldu, Korinfdə onun vəzi yunanlar üçün axmaqlıq, yəhudilər üçünsə büdrəmə daşı kimi göründü. Bütün bunların fonunda o, Müjdə ilə fəxr etdiyini bəyan edir. İnsanların Paula nə etməsindən asılı olmayaraq, Müjdədə onu qələbə və fərəh hissi ilə dolduran bir şey var idi.

Bu qısa hissədə biz Paul üçün üç əsas əhəmiyyətli və xarakterik terminlə, onun düşüncə və imanının üç təməl daşı ilə qarşılaşırıq.

1. Bu, ilk növbədə, xilas anlayışıdır (soteriya). Həmin tarixi dövrdə insanların ən çox axtardıqları məhz xilas idi. Bir vaxtlar Yunanıstanda fəlsəfə mücərrəd idi. Bundan dörd-beş əsr əvvələ kimi insanlar vaxtlarını bir problemi müzakirə etməklə keçirirdilər — dünyanı əsasını nə təşkil edir? Fəlsəfə həm mücərrəd, həm təbii idi. Ancaq əsrlər keçdikcə həyat tədricən tənəzzül etdi. Köhnə sərhədlər dağıdıldı. İnsanı tiranlar, fatehlər və təhlükələr əhatə edirdi. Tənəzzül və zəiflik onu təqib edirdi. Fəlsəfə isə öz istiqamətini və metodunu dəyişməli oldu — mücərrəd olmaqdan çıxıb, praktik fəlsəfəyə çevrildi; təbii fəlsəfə olmaqdan çıxıb, əxlaq fəlsəfəsinə çevrildi. Fəlsəfənin məqsədlərindən biri «dünyada artan xaosa qarşı dairəvi müdafiə divarı qurmaq» idi. Epiktet3 öz auditoriyasını «ruhi xəstələr üçün xəstəxana» adlandırırdı. Paulun müasiri Seneka deyirdi ki, «...bütün insanlar xilas axtarırlar. Bizi ayağa qaldırmaq üçün bizə doğru bir əl uzanmalıdır». O, həmçinin aydın şəkildə başa düşürdü ki, «insanlar öz zəifliklərini və gündəlik işlərdə acizliklərini yaxşı dərk edirlər». Onlar «öz nöqsanlarını sevir və eyni zamanda onlara nifrət edirlər». Özü haqqında isə Seneka deyirdi ki, o, çox dözülməz insandır. Epiktet deyirdi: «Bu ağılsız dünyada insanlar Qeysər tərəfindən deyil, Tanrı tərəfindən elan edilən sülhü axtarırlar». Bəşər tarixində çox az olub ki, insanlar xilası bu qədər intensiv şəkildə axtarsın. Məsihçiliyin onlara təklif etdiyi də məhz həmin xilas, həmin səlahiyyət və həmin qurtuluş idi.

Gəlin o dövrdə məsihçilik xilasının (soteriya) mahiyyətinin nə olduğuna baxaq.

a) Bu, fiziki xəstəlikdən qurtuluş idi (Matta 9:21; Luka 8:36). Xilas başqa dünyadan gələn bir şey deyildi. Xilas insanın bədənini və ruhunu azad etməyə yönəlmişdir.

b) Bu, təhlükədən qurtuluş idi (Matta 8:25; 14:30). Bu o demək deyildi ki, xilas insana qorxusuz, təhlükəsiz bir həyat bəxş edir. Xilas nə olursa-olsun, insanın canını qoruyurdu. Məsihçi xilası şəraitdən asılı olmayaraq, insana təhlükəsizlik vəd edir.

c) Bu, həyatın pisliklərindən qurtuluş idi. İnsan azğın və pis nəsildən xilas olur (Həvarilərin işləri 2:40). Xilası əldə etmiş insan onu dünyanın şərinə yoluxmaqdan qoruyan immunitetə ​​malikdir. Xilas olunmamış insan yanlış yolda, yəni ölümə aparan yolda addımlayan insandır. Xilas olunmuş insan — həqiqət yolunda olan insandır.

e) Bu, günahdan qurtuluşdur (Matta 1:2). İnsanlar ağasından asılı olan və qaça bilməyən qul kimidirlər. Məsihçi xilası onları günahın zalım əsarətindən azad edir.

f) Bu, Allahın qəzəbindən qurtuluşdur (Romalılara 5:9). Növbəti abzaslarda biz bu ifadənin mənasını müzakirə edəcəyik. Burada onu qeyd etmək kifayətdir ki, bu dünyada sarsılmaz əxlaq qanunu, məsihçi inancında isə mütləq hökm elementi var. Məsihin bəxş etdiyi xilas olmasaydı, insan əbədi olaraq məhkum olardı.

g) Bu, esxatoloji4 qurtuluşdur. Bu o deməkdir ki, xilas İsa Məsihin son qələbəsində və bəxtiyarlığında özünü tam ifadə edir (Romalılara 13:11; 1Korinflilərə 5:5; 2Timoteyə 4:18; 1Peter 1:5). Məsihçi imanı ümidsizlik içində olan bir dünyaya gəldi. İnsana bu dünyada və axirətdə qurtuluş təklif etdi.

2. İkinci təməl daşı imandır. Bu söz məna baxımından çox zəngindir.

a) İmanın əsl mənası sədaqət deməkdir. Paul Saloniklilərə məktub yazanda onların imanları haqqında bilmək istəyirdi. Başqa sözlə, onların sədaqətinin sınaqlara necə tab gətirdiyini öyrənmək istəyirdi. 2Saloniklilərə 1:4-də iman və dözüm sözləri birlikdə istifadə olunur. İman — İsa Məsihin əsgərini fərqləndirən sarsılmaz sədaqətdir.

b) İman etibar deməkdir. Bir şeyin doğru olduğuna əminliyi ifadə edir. 1Korinflilərə 15:17-də Paul korinflilərə deyir ki, əgər Məsih dirilməyibsə, onda onların imanı əbəsdir və inandıqları hər şey məhv olacaq. İman — Məsihin yolunun həqiqət olduğuna dair razılıqdır.

c) İman bəzən Məsihin yolunu ifadə edir. 2Korinflilərə 13:5-də Paul ona qarşı çıxanlara deyir ki, iman yolunda olub-olmadıqlarını bilmək üçün özlərini sınaqdan keçirsinlər.

d) Bəzən iman sarsılmaz ümidə bərabərdir. Paul deyir: «Gözlə görünənə deyil, imana görə həyat sürürük» (2Korinflilərə 5:7).

e) Lakin Paul iman deyəndə daha çox Allahı qəbul etməyi və Ona tamamilə etibar etməyi nəzərdə tuturdu. Bu, «Allahın varlığına başı ilə cavab vermək» deməkdir. Bu o deməkdir ki, İsanın dediyi hər şey doğrudur və bu əminlikdən ötrü həyatını riskə atmaq olar. Stivenson deyirdi: «Mən Allaha inanıram. Hətta bir gün cəhənnəmdə oyansam belə, yenə də Ona inanacağam».

İman qəbul etməyə hazır olmaqdan başlayır. İman insanın ən azı Müjdəni dinləməyə hazır olduğu yerdə başlayır. Növbəti addım ruhani razılaşmadır. İnsan əvvəlcə dinləyir, sonra bunun doğru olduğuna razılaşır. Amma ruhani razılıq heç də həmişə özünü əməldə göstərmir. Bir çox insanlar bir şeyin doğru olduğunu bilirlər, amma bilsələr də, davranışını dəyişmirlər. Son mərhələdə bu ruhani razılıq əsl təvazökarlığa və sədaqətə çevrilir. Əgər insan Məsihin müjdəsini eşidib, onun həqiqət olduğuna razılaşarsa və sonra tamamilə ona təslim olub itaətli həyat yaşayarsa, onun imanı kamildir.

3. Üçüncü təməl daşı bəraətdir. Qeyd etmək lazımdır ki, bütün Əhdi-Cədiddə bəraət, bəraət almaq, ədalət və saleh sözlərini izah etməkdən və başa düşməkdən çətin heç nə yoxdur. Bu məktubda biz bu sözlərə tez-tez rast gələcəyik. Burada isə Paulun fikirlərini yalnız ümumi şəkildə təsvir edə bilərik.

Paulun istifadə etdiyi yunan dilində dikaiyoun feli — bəraət kimi tərcümə olunur. İndiki zamanın birinci şəxsinin xəbər forması haqq qazandırıram sözü — yunanca dikayu deməkdir. Onda başa düşmək lazımdır ki, bu halda haqq qazandırmaq, mən haqq qazandırıram feli adi mənasından tamamilə fərqli məna kəsb edir. Biz özümüzə haqq qazandıranda, haqlı olduğumuzu sübut etmək üçün dəlillər və səbəblər gətiririk. Kimsə bizə haqq qazandıranda, bizim haqlı olduğumuzu sübut etmək üçün dəlillər və səbəblər gətirir. Amma yunan dilində yu ilə bitən bütün feillər sübut etmək, insanı və ya nəyisə haqlı çıxarmaq mənasını vermir. Yu ilə bitən bütün feillər həmişə kimisə bu cür hesab etmək və ya bu cür qəbul etmək mənalarını ifadə edir. Əgər Allah günahkara bəraət qazandırırsa, bu o demək deyil ki, Allah onun haqlı olduğunu sübut etmək üçün əsaslar və arqumentlər göstərir. Heç vaxt. Bu həm də o demək deyil ki, Allah günahkarı yaxşı insan kimi təqdim edir. Bu o deməkdir ki, Allah insanla sanki o, heç vaxt günah etməyibmiş kimi rəftar edir. Allah insana bağışlanmağa ehtiyacı olan bir cinayətkar kimi davranmaq əvəzinə, sevilməyə ehtiyacı olan bir uşaq kimi davranır. Bəraət qazanmaq sözünün əsl mənası elə budur. Bu o deməkdir ki, Allah bizə düşmən kimi yox, dost kimi baxır; insanlara layiq olduğu şəkildə yox, yaxşı insana layiq şəkildə davranır; cəzaya layiq olan qanun pozucuları kimi yox, sevilməyə ehtiyacı olan kişilər və qadınlar kimi davranır. Xoş Xəbərin mahiyyəti elə budur. Bəraət qazanmaq — uzaqlaşdırılmaq, düşmənçilik və qorxu əvəzinə Allahla yeni bir münasibət — sevgi, güvən və dostluq münasibəti qurmaq deməkdir. Biz artıq dəhşətli cəzalar verən Allaha doğru getmirik. Biz bağışlanma və satınalma məhəbbəti saçan Allaha doğru gedirik. Bəraət almaq — yunanca dikayiosune — Allahla insan arasındakı həqiqi münasibətdir. Bəraət almış (dikayios) insan Allahla həqiqi münasibətdə olandır. Burada biz ən mühüm məqama toxunuruq: insan bu münasibəti Allah üçün nəsə etdiyinə görə deyil, Allahın ona etdiyinə görə qazanır. İnsan Allahla həqiqi münasibəti qanunu mükəmməl şəkildə yerinə yetirdiyinə görə deyil, imanla özünü Allahın heyrətamiz mərhəmətinə və məhəbbətinə təslim etdiyinə görə qazanır. Azərbaycan dilində olan tərcümədə deyilir ki, «saleh imanla yaşayacaq». İndi biz Paulun bu məşhur və son dərəcə yığcam ifadə ilə nə demək istədiyini görürük. Öz əməlləri ilə deyil, Allahın məhəbbətinin onun üçün etdiklərinə imanı sayəsində Allahla həqiqi münasibətdə olan insan saleh sayılır. O, bu dünyada və əbədiyyətdə həyatın nə olduğunu bilir. Paul üçün İsa Məsihin qurbanı — insanlara Allahla bu yeni və qiymətli münasibətə girmək imkanı verməkdən ibarət idi. Qorxu keçib getdi, yerinə sevgi gəldi. İnsanların düşmən saydığı Allah onlara dost oldu.

18-23

ALLAHIN QƏZƏBİ (Romalılara 1:18-23)

Əvvəlki hissələrdə Paul insanın iman vasitəsilə əldə edə biləcəyi Allahla münasibətdən bəhs edirdi. O iman ki təslim olmağa və etibar etməyə əsaslanır. İndi isə Paul həmin münasibətə qarşı Allahın qəzəbini qoyur. Bu qəzəbə o kəslər məruz qala bilər ki, qəsdən Allahı görməzlikdən gəlir, bütə və öz düşüncələrinə ibadət edirlər.

Bunu təsəvvür etmək çətindir. Ona görə də bu barədə diqqətlə düşünmək vacibdir. Çünki biz burada Allahın qəzəbi anlayışı ilə, çaşqınlıq və dəhşət doğuran bir ifadə ilə qarşılaşırıq. Allahın qəzəbi nə deməkdir? Paul bu ifadəni yazanda nə düşünürdü?

Əhdi-Ətiqin erkən kitablarında Allahın qəzəbi seçilmiş xalq ideyası ilə əlaqələndirilirdi. İsrail xalqının Allahla xüsusi münasibəti var idi. Allah bu xalqı seçdi və onlara xüsusi münasibət təklif etdi: xalq Onun Qanununa əməl etdiyi müddətcə bu münasibət qüvvədə qalacaqdı (Çıxış 24:3-8). Bunun iki mənası var:

a) Bu o demək idi ki, insanlar tərəfindən istənilən Qanun pozuntusu Allahın qəzəbinə səbəb olacaqdı və bu münasibətlərin pozulmasına gətirib çıxaracaqdı. Saylar kitabının 16-cı fəsli Qorah, Datan və Aviramın üsyanından bəhs edir. Fəslin sonunda Musa peyğəmbər Haruna xalqın günahı üçün xüsusi qurban təqdim etməyi əmr edir, çünki «Rəbb qəzəbini tökdü» (Saylar 16:46). İsraillilər Baal bütünə sitayiş etməyə başlayanda, Rəbbin qəzəbi İsrailə qarşı alovlandı (Saylar 25:3).

b) Bundan əlavə, İsrailin Allahla xüsusi münasibəti olduğuna görə başqa xalqlar israillilərə qarşı qəddar və ədalətsiz rəftar edəndə, onların üzərinə Allahın qəzəbi gəlirdi. Babillilər israillilərə qarşı pis rəftar edirdilər, buna görə «Rəbbin qəzəbi üzündən heç kəs orada (Babil torpağında) yaşamayacaq» (Yeremya 50:13).

Peyğəmbərlər də Allahın qəzəbindən bəhs edirdilər. Amma onlar qəzəb deyəndə bunun əksini vurğulayırdılar. Peyğəmbərlər dövründən bəri yəhudi dini təfəkküründə iki dövr ideyası var idi: biri tamamilə tənəzzül edən, digəri isə tamamilə gözəl olan qızıl dövr idi, yəni indiki və gələcək dövr. Bu iki dövr bir-birindən Rəbbin günü ilə ayrılırdı. Bu, Allahın Padşahlığı gəlməzdən əvvəl dünyanın məhv ediləcəyi, günahkarların məhv ediləcəyi və kainatın yenidən qurulacağı dəhşətli cəza və mühakimə günü olmalı idi.

Məhz o zaman Allahın qəzəbi gəlməli idi: «Budur Rəbbin günü gəlir, amansızlıqla, qeyzlə, qızğın qəzəblə gəlir ki, yeri səhraya döndərsin...» (Yeşaya 13:9) «Ordular Rəbbinin qəzəbi» (Yeşaya 9:19); Yezekel peyğəmbər 7:19-da «Rəbbin qəzəb günündən» danışır. Allah xalqlar «üzərinə qeyzini, qızğın qəzəbini tökəcək» (Sefanya 3:8).

Lakin peyğəmbərlər Allahın qəzəbini Qiyamət gününə qədər təxirə salınmış bir cəza hesab etmirdilər. Onlara görə, insan hər zaman Allahın qəzəbinə məruz qala bilər. İsrail Allahdan uzaqlaşanda, üsyankar və sədaqətsiz olanda, Allahın qəzəbi onların üzərinə gəlirdi və onlara fəlakət, səfalət, əsarət və məğlubiyyət gətirirdi. Peyğəmbərlərin sözlərinə görə, Allahın qəzəbi həmişə var və Rəbbin Günündə o özünün ən yüksək zirvəsinə çatacaq. Müasir ilahiyyatçılardan biri bunu belə ifadə etmişdir: «O, Allahdır. Müqəddəs olduğuna görə Allah günaha dözə bilməz. Allahın qəzəbi günaha qarşı olan «məhvedici reaksiyasıdır».

Bu həqiqəti anlamaq və qəbul etmək bizim üçün çətindir. Mahiyyət etibarı ilə, bu, Əhdi-Cədidlə deyil, Əhdi-Ətiqlə əlaqələndirdiyimiz dindir. Hətta Lüter bunu ağır həqiqət hesab edirdi. O, Allahın məhəbbətindən danışanda Onun təbiətindən danışırdı, Allahın qəzəbindən danışanda isə sanki Allahın qəribə tərəfinin olduğunu deyirdi. Məsihçi zehni üçün bunu anlamaq çətindir.

Gəlin Paulun bu anlayışı necə dərk etdiyinə baxaq. Doktor S.Q.Dogg bu mövzuda çox maraqlı və dərin şəkildə yazır. Paul tez-tez Allahın qəzəbi haqqında danışır. Amma qəribəsi budur ki, o, Allahın qəzəbindən danışsa da, heç vaxt Allahın hirsləndiyini demir. O, Allahın sevgisindən bəhs edir və deyir ki, Allah sevəndir. O, Allahın mərhəmətindən və rəhm etməsindən danışır, Allahın sədaqətindən və Öz xalqına vəfalı olmasından danışır. Amma qəribədir ki, Paul Allahın qəzəbindən danışsa da, heç vaxt Allahın qəzəbli olduğunu demir. Beləliklə, Allahın məhəbbətlə və qəzəblə necə əlaqələndirilməsi arasında müəyyən fərq var.

Paul yalnız üç dəfə Allahın qəzəbini qeyd edir. O, bir burada, daha sonra Efeslilərə 5:6-da və Kolosselilərə 3:6-da bu barədə bildirir. O, son iki halda Allahın qəzəbinin itaətsiz adamların üzərinə gəldiyini deyir. Ancaq çox vaxt Paul qəzəb haqqında yazanda bunun Allahın qəzəbi olduğunu vurğulamır. Qəzəb sözünü də böyük hərflə yazmağı lazım bilir, sanki bu qəzəb dünyada fəaliyyət göstərən bir növ şəxsiyyətsiz qüvvə kimidir. Romalılara 3:5-də hərfi tərcümədə «üzərimizə qəzəbi gətirən Allah» deyilir. Romalılara 5:9-da Paul deyir: «Onun vasitəsilə də Allahın qəzəbindən mütləq xilas olacağıq». Romalılara 12:19-da Paul insanlara qisas almağı yox, Allahın qəzəbinə yer verməyi tövsiyə edir. Romalılara 13:5-də o, qəzəbin insanları itaətdə saxlamaq üçün güclü vasitə olduğunu bildirir. Romalılara 4:15-də deyir ki, Qanun Allahın qəzəbini üzə çıxarır. 1Saloniklilərə 1:10-da Paul bildirir ki, İsa «bizi gələcək qəzəbdən qurtardı». Burada son dərəcə qəribə bir şey var: Paul qəzəbdən danışır, İsa Məsih isə insanları məhz bu qəzəbdən xilas edir.

Gəlin peyğəmbərlərə qayıdaq. Çox vaxt onların xəbərdarlığı belə olurdu: «Əgər Allaha təslim olmasanız, Allahın qəzəbi üzərinizə fəlakət və bədbəxtlik gətirəcək». Yezekel peyğəmbər bunu fərqli və daha aydın şəkildə ifadə etmişdi: «Yalnız günah işlədən adam öləcək» (Yezekel 18:4). Bu xəbərdarlığı müasir dillə ifadə etsək, belə səslənərdi: «Bu dünyada əxlaq kodeksi var və onu pozan insan gec-tez cəzasını çəkməlidir». Böyük tarixçi C.A.Froud isə belə deyirdi: «Tarixin açıq-aydın təkrarladığı bir dərs — yalnız bir dərs var: dünya müəyyən əxlaqi təməllər üzərində qurulub və sonda yaxşılar üçün yaxşı, pislər üçün pis olacaq».

Yəhudi peyğəmbərlərinin xəbərdarlığı ona gəlib çıxırdı ki, dünyada əxlaq nizamı mövcuddur. Buradan aydın bir nəticə hasil olur — həmin əxlaqi nizam Allahın daim fəaliyyətdə olan qəzəbidir.

Allah bu dünyanı elə yaradıb ki, onun qanunlarını pozmaqla üzərimizə fəlakət gətiririk. Əgər biz dəyişməz əxlaqi nizamın ümidinə buraxılsaydıq, onda bizə ölüm və məhv olmaqdan başqa bir şey qalmazdı. Dünya elə qurulub ki, əgər onda yalnız əxlaqi nizam işləsəydi, hər bir günahkar insan məhv olardı. Amma insanın bu ümidsiz vəziyyətində Allah sevgisi heyrətamiz könüllü mərhəmət aktı kimi gəlir, insanı günahın nəticələrindən azad edir və onu mütləq məruz qalacağı qəzəbdən xilas edir.

Paul sözünə davam edərək deyir ki, insan Allahı tanımadığına görə öz günahsızlığına haqq qazandıra bilməz. İnsanlar Allahın necə olduğunu görə bilirlər, çünki Onun yaratdığı dünyanı görürlər. İnsanın əlinin işini görəndə həmişə onun haqqında nəsə demək olur; eləcə də Allahın yaratdığı dünyaya baxanda Onun haqqında nəsə demək olar. Əhdi-Ətiq müəllifləri bunu bilirdilər. Əyyub peyğəmbərin kitabı (38-41-ci fəsillər) məhz bu fikri əks etdirir. Paul da bunu bilirdi. O, Listrada bütpərəstlərə müraciət edərkən əvvəlcə Allahın yaratdıqlarından danışdı (Həvarilərin işləri 14:17). Erkən məsihçiliyin böyük ruhani atası Tertullian deyirdi ki, Allahın necə olduğunu Onun yaratdığı dünyadan görmək olar. «Yaradanı ilk tanıdan Musa peyğəmbərin qələmi deyildi... Musa peyğəmbərin adını, hətta kitabı haqqında eşitməyən bir çox insanlar da Musanın Allahını tanıyırdılar». Tertullian dəfələrlə vurğulayırdı ki: «Təbiət — müəllimdir; insan — şagirddir». «Çəpərdəki tək bir çiçək — mən hələ çəmən gülündən danışmıram; tək bir dəniz balıqqulağı — mən hələ Qırmızı dənizin mirvarisini demirəm; suda gəzən bir quşun lələyi — mən hələ tovuz quşunun lələklərindən danışmıram — bütün bunlar Yaradan haqqında pis nəsə deyə bilərmi?» «Sənə bir qızılgül təqdim etsəm, onun Yaradanına xor baxa bilməzsən».

Allah dünya vasitəsilə əksini tapır. Paul tamamilə haqlı olaraq əsaslandırır ki, biz dünyanı seyr edəndə həmişə əzabla günahın yanaşı olduğunu görürük. Torpaqdan istifadə qanunlarını pozun, onda məhsul əldə etməyəcəksiniz; memarlıq qanunlarını pozun, onda tikili çökər. Gigiyena və qidalanma qanunlarını pozun, onda bədən əziyyət çəkər. Paul deyir: «Dünyaya baxın! Onun necə qurulduğuna baxın! Belə bir dünya sizə Allahın necə olduğunu açıq-aydın göstərəcək!» Beləcə günahkar üçün heç bir bəhanə qalmır.

Paul daha bir addım irəli gedir. Günahkar nə edir? Allaha bel bağlamaq əvəzinə özünə güvənir. O, mənasız mülahizələrə dalır və özünü müdrik hesab edir, halbuki ağılsızdır. Nəyə görə? Ona görə ki, Allahın iradəsini qəbul etmək əvəzinə öz ideyalarını, fikirlərini, mülahizələrini həyatın norma və qanunlarına çevirib. Günahkarların ağılsızlığı onda idi ki, onlar insanı «hər şeyin ağası» etdilər. İnsan öz normalarını Allahın Qanununda deyil, öz fikirlərində tapdı. İnsan Allahın mərkəzdə durduğu kainatda deyil, xudbin kainatda yaşayır. Allaha arxalanaraq addımlamaq əvəzinə, o özünə arxalanaraq addımlayır, ayağının altını görməyən insan kimi büdrəyir.

Bunun nəticəsi bütpərəstliyə gətirib çıxardı. O, Allahın izzətini və nurunu insanlar və heyvanlar şəklində olan bütlərlə əvəz etdi. Bütpərəstliyin əsas günahlarından biri eqoistlikdir. İnsan özü üçün bir büt yaradıb, ona qurban kəsir və dualarını ona yönəldir. Nəyə görə? Öz sistemlərini və xəyallarını dəstəkləmək üçün. Onun ibadəti Allaha deyil, özünə yönəlib.

Bu hissədə əsas fikir odur ki, günahın mahiyyəti insanın özünü Allahın yerinə qoymasındadır.

24-25

ALLAHIN DƏYİŞƏ BİLMƏYƏCƏYİ İNSANLAR (Romalılara 1:24-25)

Epitumiya sözü bu hissənin açarıdır və arzu, istək, şəhvət kimi tərcümə olunur. Aristotel epitumiya sözünün mənasını həzzə can atmaq kimi şərh edirdi. Stoiklər bu sözü hər şeyi ayaq altına alaraq həzz çəkmək istəyi kimi izah edirdilər. İsgəndəriyyəli Klement bunu məmnunluq gətirəcək şeyin ağılsızcasına axtarışı adlandırdı. Epitumiya — qadağan edilmiş həzzi ehtirasla arzulamaqdır. Bu, insanları iyrənc və ləyaqətsiz işlərə sövq edən həzz (Azərbaycan dilində — şəhvət) istəyidir. Bu, dünyaya dərindən qərq olmuş insanın həyat tərzidir. O, dünyaya elə qərq olur ki, Allahı tanımaqdan əl çəkir.

Allahın kimisə nəyəsə təslim etdiyini söyləmək dəhşətlidir. Bunun iki səbəbi var.

1) Allah insana iradə azadlığı verib və bu iradə azadlığı ilə hesablaşır. Yəni Allah da insanın azad iradəsinə müdaxilə edə bilməz. Paul Efeslilərə məktubun 4:19-cu ayəsində özlərini pozğunluğa təslim etmiş insanlardan danışır: onlar öz iradələrini murdar işlərə tabe etmişlər. Huşə peyğəmbərin kitabının 4:17-ci ayəsində dəhşətli bir söz var: «Efrayim bütlərindən yapışdı, burax onu!» İnsanın qarşısında həmişə azad seçim var; belə də olmalıdır. Seçim olmadan heç bir xeyirxahlıq ola bilməz; seçim olmadan heç bir sevgi ola bilməz. Məcburi xeyirxahlıq — həqiqi xeyirxahlıq deyil; məcburi sevgi — əsl sevgi deyil. Oğlu İsa Məsihi dünyaya göndərdikdən sonra insanlar bilərəkdən Allahdan üz çevirsələr, Allah onları dəyişə bilməz.

Paul Allahın insanları murdarlığa təslim etməsindən danışarkən, təslim etmək sözünü pis mənada işlətmir. Burada əsas məna hətta mühakimə etmək və cəzalandırmaq da deyil. Əsas məna əlindən gələni etmiş və bundan artıq heç nə edə bilməyən sevən birinin kədərlə təəssüflənməsidir. Bu məna oğlunun evindən üz döndərərək uzaq bir ölkəyə getdiyini görən atanın keçirdiyi hissləri təsvir edir.

2) Ancaq yenə də təslim etmək sözündə başqa bir şey var. Bunun cəza mənası da var. Həyatın amansız həqiqətlərindən biri də budur ki, insan nə qədər çox günah işlədirsə, onun üçün günah etmək bir o qədər asan olur. Ola bilsin, əvvəlcə nə etdiyini anlayanda, canına titrəmə düşsün. Amma sonda düşünmədən günah etməyə davam edəcək. Onu cəzalandıran Allah deyil, o özü-özünü cəzalandırır və get-gedə günahın quluna çevrilir. Yəhudilər bunu yaxşı bilirdilər və bu mövzuya uyğun atalar sözləri var idi:

«Kim yaxşılıq üçün səy göstərirsə, lütf tapır, kim də pislik axtarırsa, onu tapır».

«Günahkarlar pisliklə təqib edilir, salehlər isə yaxşılıqla mükafatlandırılır».

«Kim öz salehliyini qorumağa çalışırsa, bunun üçün qüvvət alar; murdarlığa qərq olan üçünsə, günah yolu açıqdır».

«Kim ətrafına qala çəksə, qorunacaq, özünü ifşa edən isə tərk ediləcək».

Günahla əlaqəli ən dəhşətli şey — günahı doğuran səlahiyyətdir. Məsuliyyət isə iradə azadlığı ilə əlaqələndirilir: çünki iradə azadlığı insanın sonda bunu unudub, günahın qulu olmasına, istəmədən yanlış yola qədəm qoymasına səbəb ola bilər. Günah həmişə yalandır, çünki günahkar hesab edir ki, günah onu xoşbəxt edəcək, halbuki sonda həm özünün, həm də başqalarının həyatını həm bu dünyada, həm də axirətdə məhv edir.

26-27

RÜSVAYÇILIQ DÖVRÜ (Romalılara 1:26-27)

Belə görünə bilər ki, Romalılara məktubun birinci fəslinin 26-32-ci ayələri müasir dövrünün əxlaqını hədindən artıq tünd çalarlarla çəkən isterik bir moralist tərəfindən ritorik mübaliğə ilə yazılmışdır. Bu ayələr əxlaqın bəşər tarixində analoqu olmayan tənəzzül vəziyyətindən bəhs edir. Bununla belə, Paul Yunan və Roma yazıçılarından fərqli heç nə demirdi.

1) Bu, hər şeyin sanki nəzarətdən çıxdığı bir dövr idi. Vergili5 yazırdı:

«Həqiqətlə yalan bir-birinə qarışıb; dünyada o qədər haqsızlıq, müharibələr var ki... kotana maraq itib, əkinçilər müharibəyə gedib, tarlaları alaq basıb, oraqdan qılınc düzəldirlər. Şərqdə, Fəratda, hətta qərbdə də, Almaniyada da müharibə başlayır; üstəlik, qonşu şəhərlər ittifaqlarını pozur, qılınclarını çəkirlər; müharibə tanrısının qeyri-təbii qəzəbi bütün dünyada tüğyan edir; sirkdəki döyüş arabaları açıq qapılardan içəri girən kimi, onlar da yarış meydançasına aparılır; arabaçı çarəsizcə cilovu çəkib, atlara onu daşımağa icazə verir, araba isə əmrə tabe olmur».

Bu, zorakılığın tüğyan etdiyi bir dünya idi. Tasit bu dövrün tarixini yazmağa başlayanda qeyd edirdi:

«Mən bədbəxtliklərlə dolu, müharibələrlə dağılmış, iğtişaşlarla parçalanmış, sülh vaxtı belə qəddar olan bir dövrün tarixinə keçirəm... Bu, azğınlıq, nifrət, terror dolu dövr idi. Qullara rüşvət verilirdi ki, ağalarına xəyanət etsinlər. Düşməni olmayan insanı dostları təqib edirdi».

Tarixçi Svetoni6 imperator Tiberinin hakimiyyətini təsvir edərək deyirdi:

«Elə bir gün olmurdu ki, kimsə edam edilməsin».

Bu, ifrat dərəcədə terror dövrü idi. Liviya tarixçisi deyirdi:

«Roma nə öz xəstəliklərinə, nə də bu xəstəlikləri müalicə etmək üçün olan vasitələrə dözə bilirdi».

Şair Propertius yazırdı:

«Mən Romanı, qürurlu Romanı görürəm. Öz rifahının qurbanı olan, vaxtsız məhv olan Romanı görürəm».

Bu, mənəvi intihar dövrü idi. Satirik Yuvenal yazırdı:

«Yer artıq pis insanlardan və qorxaqlardan başqa heç kəsi doğurmur. Buna görə də Allah kim olursa-olsun, onlara baxıb gülür və nifrət edir».

Düşüncəli insan üçün bu, dünyanın nəzarətdən çıxdığı və tanrıların istehzalı gülüşlərinin eşidildiyi bir dövr idi. Senekanın dediyi kimi, bu, «artıq özünü idarə edə bilməyən, təlaşla dolu» bir dövr idi.

2) Bu, misli görünməmiş dəbdəbə dövrü idi. Romadakı ictimai hamamlarda gümüş kranlardan isti və soyuq su axırdı. İmperator Kaliqula hətta sirk arenasına taxta kəpəyi əvəzinə qızıl tozu səpilməsini əmr etmişdi. Yuvenal təəssüflə deyirdi: «Dəbdəbəlik buludu müharibədən daha amansızcasına Romanın üzərini almışdı... Romada artıq yoxsulluq olmadığı kimi, günah və şəhvət sarıdan da korluq çəkmirdilər». «Pul — pozğunluğun mamaçasıdır... bolluq dövrü tənbəl dəbdəbə dövrünü gətirdi». Seneka «həqiqi şərəfin məhv edilməsinin səbəbi olan puldan» danışırdı, sonra əlavə edirdi ki, «insanlar nələrinsə əsl mahiyyətini deyil, neçəyə başa gəldiyini soruşurlar». Bu elə bir dövr idi ki, insanlar adi şeylərdən sıxılmış, qeyri-adi şeylərə can atırdı. Lukresi «həzz bulağından axan acıdan» danışırdı. O vaxtlarda cansıxıcılığın yeganə dərmanı cinayət idi. Tasitin dediyi kimi, «əməl nə qədər utancverici olurdusa, həzz bir o qədər şirin gəlirdi».

3) Bu, misli görünməmiş azğınlıq dövrü idi. Roma imperiyası tarixinin ilk 520 ili ərzində bir dəfə də olsun boşanma qeydə alınmamışdır. İlk qeydə alınmış boşanma eramızdan əvvəl 234-cü ildə, Roma vətəndaşı Sturi Karvili Ruqa həyat yoldaşından ayrıldığı zaman baş verdi. Amma Senekanın yazdığı kimi, sonra qadınlar boşanmaq üçün evlənir, evlənmək üçün isə boşanırdılar.

Zadəgan nəslindən olan Roma matronaları7 illəri konsulların adları ilə deyil, ərlərinin adları ilə təyin edirdilər. Yuvenal hətta bir iffətli matronanın olduğunu təsəvvür belə edə bilmirdi. İsgəndəriyyəli Klement Roma cəmiyyətinin tipik qadını haqqında belə deyir: «Venera kimi bellərinə əxlaqsızlığı qızıl kəmərtək bağlayır».

Yuvenal deyirdi: «İberina üçün bir ər kifayətdirmi? Onu bir gözlə qalmağa razı salmaq daha asandır, nəinki bir ərlə qalmağa». Sonra o, beş il ərzində səkkiz dəfə ərə gedən qadını misal çəkir. Yuvenal daha sonra Aqrippinanı — imperator Klavdiyin arvadını misal gətirir. Aqrippina sırf öz ehtirasını məmnun etmək üçün gecələr saraydan çıxıb fahişəxanada vaxt keçirirdi. «Onlar bunu qorxmadan və utanmadan edirdilər». Paul bütpərəstlik dünyası haqqında bütpərəst əxlaqçıların dediklərindən artıq heç nə demirdi. Lakin əxlaqsızlıq yalnız kobud və təbii pozğunluqla məhdudlaşmırdı. Pozğunluq başdan ayağa cəmiyyətin canına hopmuşdu. İlk on beş Roma imperatorundan on dördü homoseksual idi.

Hər şeyi şişirtməkdən uzaq olan Paul bu mənzərəni təmkinlə təsvir edirdi. Məhz belə bir yerdə o, Müjdəni təbliğ etmək istəyirdi. Məhz belə bir yerdə Məsihin Müjdəsindən utanmırdı. Dünyanın xilas olması üçün qüdrət lazım idi. Paul bilirdi ki, bu qüdrət Məsihdən başqa heç kimdə yoxdur.

28-32

ALLAHA YER OLMAYAN HƏYAT (Romalılara 1:28-32)

Həyatında Allaha yer olmayan insanı nələrin gözlədiyini aydın şəkildə göstərən başqa belə bir hissə çətin ki tapılsın. Allahın insanı mühakimə etməsindən daha çox insan düşüncələrində və həyatında Allaha yer verməməklə özü-özünü mühakiməyə uğradır. İnsan Allahı həyatından uzaqlaşdıranda tamamilə fərqli bir insana çevrilir. Həyatında Tanrı olmayan bir insanın kitablarda belə dəhşətli təsviri yoxdur. Gəlin bir allahsızın həyatını dolduran dəhşətlərin siyahısına nəzər salaq.

Belə adam insanlığa yaraşmayan hərəkətlər edir. Stoiklərin xüsusi bir ifadəsi var idi — ta katekonta. Bu, «insanlara yaraşan əməllər» mənasını verən söz idi. Elə əməllər var ki, insana xasdır və onun təbiətinin bir hissəsidir. Elə əməllər də var ki, insana xas deyil.

Şekspirin Makbetdə dediyi kimi:

İnsana yaraşan hər şeyi etməyə cəsarətim var;

Kim daha çox edirsə, o, heç kim olur.

Həyatında Allaha yer verməyən insan təkcə dinini yox, insanlığını da itirir.

Aşağıda qorxunc pisliklərin uzun siyahısı verilir. Gəlin onlara nəzər salaq:

Haqsızlıq (adikiya). Adikiya — diaiosunenin — ədalətin tam əksidir. Yunanlar ədaləti (diaiosune) Allaha və insana haqqını vermək kimi müəyyən edirdilər. Haqsızlıqla dolu insan — insanın və Allahın haqqını əlindən alan adamdır. O, həm insanı, həm də Tanrını istisna edərək, mərkəzdə özünə elə bir qurbangah qurur ki, yalnız özünə pərəstiş edə bilsin.

Pislik (poneriya). Yunan dilində bu söz pislikdən daha böyük məna ifadə edir. Başqasından daha çox günahkarın özünə zərər verir. Bu pislik, hər hansı bir alçaqlıq kimi, başqalarına zərər vurduqda qəsdən edilir. Yunanlar pisliyi — poneriyanı — zərər vermək istəyi kimi müəyyən edirdilər. Bu, fəsad törətmək və zərər vermək məqsədilə fəal, düşünülmüş cəhddir. Əgər yunanlar qadını ponera kimi xarakterizə edirdilərsə, onlar məsum birini düz yolundan azdıran qadını nəzərdə tuturdular. Yunan dilində iblisin ən çox yayılmış adlarından biri qo ponerosdur — mənası rəzil, yəni insanların saflığını qəsdən məhv etməyə çalışan deməkdir. Poneros — sadəcə pis insan deyil, özü kimi başqalarını da pis və rəzil etməyə çalışan insandır. Poneriya — dağıdıcı pislikdir.

Tamahkarlıq, şəhvət (pleoneksiya). Yunan dilində bu söz daha çoxuna sahib olmaq mənasını verən iki sözdən ibarətdir. Yunanlar pleoneksiyanı iyrənc sahiblənmə eşqi kimi müəyyən edirdilər. Bu, aqressiv pislikdir, yalnız öz məqsədlərini güdən, başqalarının hüquqlarını və ümumbəşəri dəyərləri tamamilə rədd edən ruhdur. Onun əsas mahiyyəti tamahdır. 5-ci əsrin qabaqcıl ilahiyyatçılarından biri olan Teodoret bu sözü (pleoneksiya) daha çox almağa, haqqı olmayanı ələ keçirməyə çalışan ruh kimi xarakterizə edir. Əgər bu istək maddi sahəyə aid edilirsə, əxlaq və dürüstlük normalarına etinasız yanaşaraq pul və əşyaları mənimsəmək deməkdir. Əgər bu istək etik sahəyə aid edilirsə, onda başqalarının haqqını tapdalayan və ona xas olmayanları əldə etmək iddiası kimi başa düşülür. Əgər əxlaqi sahəyə aiddirsə, onda həzzə nail olmaqdan ötrü cilovsuz şəhvəti xarakterizə edir. Pleoneksiya — heç bir qanun və norma tanımayan bir istəkdir.

Kin (kakiya). Kakiya — yunan dilində əxlaqsızlığı ifadə etmək məqsədilə ən çox işlənən sözdür. Bu söz bütün yaxşılıq keyfiyyətlərindən məhrum olmuş insanı xarakterizə edir. Məsələn, kakoye krites sözü — bir hakimə lazım olan bütün keyfiyyətlərdən — həm hüquqi bilikdən, həm mənəvi hisslərdən, həm də dürüstlükdən məhrum olan hakim deməkdir. Teodoret kakiya sözünü — qüsur kimi, qəlbin mənəviyyatsızlığı kimi xarakterizə edir. Teodoret bununla yanaşı pone — balanssızlıq terminindən istifadə edir. Kakoye kimi xarakterizə olunan insanın həyatında pislik hakim olur. Kakiya azğınlığın və bütün pisliklərin vacib elementidir, pisliyin toxumudur. Bu, həddindən artıq mənəvi parçalanma dərəcəsidir, buradan bütün günahlar böyüyür və çiçək açır.

Paxıllıq (ftonos). Paxıllıq həm yaxşı, həm də pis niyyətli ola bilər. Yaxşı niyyətli paxıllıq insana öz zəifliklərini və bacarıqsızlıqlarını göstərə, onda kiminsə yaxşı hərəkətlərini təkrarlamaq üçün güclü istək oyada bilər. Ancaq pis niyyətə köklənən paxıllıq da var. Pis niyyətli paxıllıq gözəl insanı görəndə onun gözəlliyinə qədər yüksəlmək istəyi deyil, ona qarşı nifrət doğurur. Bu, ən azğın, ən qeyri-təbii hissdir.

Qatillik (fonos). Yadda saxlamalıyıq ki, İsa bu sözün mənasını hədsiz dərəcədə geniş vermişdir. O, nəinki zorakılığa, həm də qəzəb və nifrət hisslərinə qarşı çıxırdı. O, nəinki pis və qəddar hərəkətlərdən çəkinməyi, həm də bu cür hissləri ürəkdən tamamilə çıxarmağı tələb edirdi. Ola bilsin ki, biz heç vaxt kiməsə bir şillə vurmamışıq. Amma kim deyə bilər ki, heç vaxt ürəyindən kimisə vurmaq hissi keçməyib? Akvinalı Foma8 bir dəfə demişdi: «İnsanlar bizim nə etdiyimizi, Allah isə niyyətlərimizi görür».

Münaqişə (eris). Bu sözün mənası paxıllıqdan, şöhrətpərəstlikdən, yaxşı yer, uğur və yüksək vəzifə uğrunda mübarizədən yaranan ədavət deməkdir. Bu cür ədavətlər, adətən, paxıllıq və qısqanclıqdan qaynaqlanır. Özünü paxıllıqdan təmizləyən insan münaqişə və ədavətlə bağlı olan hər şeydən təmizlənmiş olur. Başqa bir insanın uğuruna öz uğuru kimi sevinmək bacarığı — Allahın ənamıdır.

Hiylə (dolos). Bu sözün mənasını daha yaxşı başa düşmək üçün doloun feilinin haradan gəldiyinə baxmaq lazımdır. Doloun iki xarakterik vəziyyətdə istifadə olunur: saxta metallar hazırlamaq və şəraba su qatmaq. Dolos — aldatmaqdır. Bu, qeyri-səmimi, pis niyyətli, dürüstlüyü bacarmayan, məqsədlərinə çatmaq üçün gizli və vicdansız yollardan istifadə edən insana aid edilir. Bu söz hər bir icmada, hər bir cəmiyyətdə mövcud olan intriqaçıların məharətli hiyləgərliyini müəyyən edir.

Pis niyyət (kakoeteiya). Kakoeteiya hərfi mənada kinlilik, daha geniş mənada isə bədxahlıq deməkdir. Aristotel bu sözə daha dar mənada tərif vermişdi və bu günədək də həmin məna istifadə olunur. Aristotel kakoetiyanı «həmişə başqa insanlar haqqında pis düşünən ruh» olaraq müəyyən etmişdi. Roma yazıçısı Plini9 bu sözü «yozmaq, təhrif etmək» kimi şərh etmişdir. Ceremi Teylor bu sözün mənasını belə izah edirdi: «...insanın əsas pisliklərindən biri, həmişə hər şeyə yanlış şəkildə baxmaq və onları ən pis mənada şərh etməkdir». Ola bilsin, bu, ən tipik pislikdir. Əgər insanın hər hansı bir hərəkətinə iki tərəfdən baxmaq lazım gələrsə, insan təbiəti ən pis tərəfdən baxmağa üstünlük verəcəkdir. İnsanlar çay süfrəsi arxasında nə qədər yaxşı adları pis niyyətlə məhv edirlər. Bu barədə düşünmək adamı dəhşətə gətirir. Bu cür etmək istəyi bizdə yarananda, unutmamalıyıq ki, Allah bizim hər sözümüzü eşidir və xatırlayır.

Qeybətçi və böhtançılar (psituristes və katalalos). Bu iki söz böhtan atan insanları müəyyən edir. Lakin onların arasında fərq var. Katalalos — şər atandır: o, ittihamlarını kifayət qədər açıq şəkildə ifadə edir və öz hekayələrini danışır. Psituristes — qeybətçidir, adamı bir küncə çəkib onun qulağına kimlərinsə nüfuzuna xələl gətirən pis əhvalatları pıçıldayır. İkisi də axmaqdır. Amma qeybətcil ikisindən ən pisidir. İnsan açıq böhtandan özünü müdafiə edə bilər. Lakin insanın nüfuzuna xələl gətirməkdən həzz alan gizli qeybətçilər qarşısında aciz qalır.

Allaha nifrət edənlər (teostuqeis). Bu söz Allaha nifrət edən insana aid edilir. Çünki o, Allaha açıq şəkildə itaətsizlik etdiyini bilir. Allah onunla onun həzzi arasında maneədir. Allah — onun istədiyini etməyə mane olan buxovdur. Əgər gücü çatsaydı, o, böyük məmnuniyyətlə Allahı dünyadan uzaqlaşdırardı. Çünki Allah olmasaydı, özü azad olmasa da, azad iradəsi olardı.

Söyüşçü (qubristes). Yunanlar arasında qubris tanrıların əli ilə insana ölüm gətirən günah idi. Bu anlayış özlüyündə iki mühüm məna ehtiva edir.

1) Qubris — Allaha meydan oxuyan qürurlu insanı xarakterizə edir. Bu cür qürur büdrəmədən əvvəl gəlir. Söyüşçü Allahın yaratdığı varlıq olduğunu unudur. Bu özünə arxayın olan, həyatı tək yaşaya biləcəyini düşünən bir adamın xüsusiyyətidir.

2) Qubris — sadist dərəcədə qəddar və təhqiramiz olan insanı xarakterizə edir. Aristotelə görə, bu anlayış insana pislik və təhqir edən ruhdur. Həmin ruh intiqamı və ya intiqamdan gələn fayda üçün deyil, yalnız ağrı və zərər verməkdən həzz alır. Elə insanlar var ki, ağır təhqirdən titrəyən adamı seyr etməkdən həzz alırlar. Elə insanlar da var ki, başqalarına ruhani və fiziki ağrı verəndə, şeytani həzz alırlar. Qubris elə budur. Başqalarına ağrı verməkdən həzz almaq sadizmdir.

Məğrur (quperofanos). Bu söz Müqəddəs Yazılarda üç dəfə — Allahın qürura qarşı çıxdığı deyiləndə rast gəlinir (Yaqub 4:6; 1Peter 5:5; Süleymanın məsəlləri 3:34). Teofilakt qüruru «bütün günahların son həddi» adlandırırdı. Bir sıra məşhur xarakterlərin təsvirini verən yunan yazıçısı Teofrast quperifaniyanı — qüruru «özündən başqa hər kəsə nifrət edən» adam kimi müəyyən etmişdir. Sonra gündəlik həyatdan həmin məğrurluğu mükəmməl şəkildə göstərən nümunələr verir. Məğrur adama vəzifə təklif edəndə, o, işlərinin çox olduğunu və boş vaxtının olmadığını əsas gətirərək bundan imtina edir; küçədəki insanlar onun xoşuna gəlməyəndə, onların üzünə heç vaxt baxmır; kimisə yeməyə dəvət edir, amma özü süfrəyə gəlmir, qonağına qulluq etmək üçün xidmətçisini göndərir. O, nifrət ruhu ilə doludur, başqalarına əhəmiyyətsizliyini hiss etdirməkdən həzz alır.

Təkəbbürlü (alatson). Alatson — maraqlı tarixçəsi olan sözdür. Bu söz hərfi mənada sərgərdan gəzən adam deməkdir. Sonradan bu söz şarlatanları — yaratdıqları dərmanlar və müalicə üsulları ilə öyünən şəfaçıları, eləcə də mallarının yalandan keyfiyyətli olduğunu söyləyən, alverçiləri xarakterizə etdi. Yunanlar alatsoneiya deyəndə özündə olmayan bir şeyə sahib olduğunu iddia edən bir ruhu nəzərdə tuturdular. Ksenofona görə, bu söz özünü olduğundan daha varlı və cəsur kimi göstərən, hansısa mənfəət və ya gəlir əldə etməkdən ötrü bacardığından daha çox iş görəcəyini vəd edən adamı xarakterizə edir. Teofrast belə adamları snob adlandırır, yəni böyük iddiaları olan insan. Bu, həqiqətdə mövcud olmayan, yalnız xəyalında qurduğu ticarət sövdələşmələri, nüfuzlu adamlarla əlaqələri, heç vaxt etmədiyi və heç vaxt layiq olmadığı xeyriyyə və ictimai xidmətləri ilə öyünən bir adamdır. O, yaşadığı evin onun üçün çox kiçik olduğunu və daha böyük ev almalı olduğunu deyir. Özünü tərifləyən insan var gücü ilə başqalarını heyran etməyə çalışır. Dünya hələ də belə insanlarla doludur.

Pis işlərdə bacarıqlı (efeuretes kakoy). Bu ifadə adi günahlardan doymuş, yeni pisliklər və yeni günahlarda adrenalin axtaran insanı səciyyələndirir.

Ata-anaya itaətsiz (qoneusin apeiteis). Həm yəhudilər, həm də romalılar ata-anaya itaət etməyə böyük əhəmiyyət verirdilər. On Əmrdən biri «Atana və anana hörmət et» idi. Roma imperiyasının sübh çağında patriya potestas atanın səlahiyyəti o qədər böyük idi ki, o, ailə üzvləri üzərində həyat və ölüm gücünə sahib idi. Bu günah burada ona görə yer alıb ki, doğmalıq əlaqələrinin zəifləməsi istər-istəməz tənəzzülə və degenerasiyaya səbəb olacaq.

Axmaq (asunetos). Bu söz həyat təcrübəsindən dərs ala bilməyən, Allahın ona bəxş etdiyi ağıldan, yaddaşdan istifadə edə bilməyən insanı xarakterizə edir.

Xain (asuntetos). Bu söz romalılara xüsusi təsir göstərməli idi. Romanın əzəmətli dövründə Roma dürüstlüyü heyrətamiz idi. Romalının sözü onun vəzifə borcu qədər etibarlı idi. Mahiyyət etibarı ilə, bu, romalılarla yunanlar arasındakı mühüm fərqlərdən biri idi. Yunanlar anadangəlmə fırıldaqçı idi. Yunanlar deyirdilər ki, əgər bir valiyə və ya məmura bir talant verilsə, onu on nəzarətçi və mühasib də yoxlasa belə, bir hissəsini mənimsəməyə nail olacaq. Halbuki romalı, istər dövlət qulluğunda olan məmur, istərsə də hərbi əməliyyatda olan hərbi komandir olsun, bir sözü ilə minlərlə talantı idarə edər və bir qəpik belə itməz. Paul bu sözü yazarkən romalıları təkcə məsihçi etikasına deyil, həm də onların böyük keçmişinin dürüstlük standartlarına çağırırdı.

Şəfqətsiz (astorqos). Yunan sözü olan storqe ailə məhəbbətini ifadə etmək üçün istifadə edilirdi. Həmin dövrdə ailə sevgisi, həqiqətən də, sönürdü. Bir uşağın həyatı heç vaxt bu qədər təhlükəli və təsadüfdən bu qədər asılı olmamışdır. Uşaqlar bədbəxtlik sayılırdı. Uşaq dünyaya gələndə onu atasının ayaqlarının yanına qoyurdular. Əgər atası uşağı qucağına götürürdüsə, bu o demək idi ki, onu qəbul edir; əgər uşaqdan üz döndərirdisə, onda, sözün əsl mənasında, körpə çölə atılırdı. Roma Forumunda elə bir gecə olmayıb ki, otuz-qırx körpə birdən çölə atılmasın. Hətta böyük insan və filosof olan Seneka bu barədə belə yazırdı: «Biz quduzlaşmış iti öldürürük, vəhşi öküzü qəssabxanaya aparırıq, xəstə heyvanı kəsirik ki, sürüyə yoluxdurmasın; zəif və ya eybəcər doğulmuş uşaqları isə suda boğuruq». İnsanın təbii sevgi bağları məhv olmuşdu.

Rəhmsiz (aneleemon). Heç bir dövrdə insan həyatı bu qədər ucuz olmamışdır. Ağa öz qulunu öldürə və ya işgəncə verə bilərdi, çünki o, əşyadan başqa bir şey deyildi. Qanun ağalara qulların üzərində qeyri-məhdud səlahiyyət vermişdi. Məsələn, əgər qul zəngin evdə nimçədə büllur badələr daşıyanda ayağı büdrəyib birini sındırardısa, ev sahibi dərhal onu evin həyətindəki balıq gölünə atmağı əmr edərdi. Orada ilanbalıqları onun ətini yeyirdi. Bu, mərhəmətsiz, qəddarlıqdan həzz alan bir dövr idi. Bu, insanların bir-birini öldürməsini izləməkdən həzz aldığı böyük qladiator oyunları dövrü idi. Bu, mərhəmət hissinin itdiyi bir dövr idi.

Paul Allahdan imtina edən bu insanlar haqqında daha bir söz deyir. Elə olur ki, insan günahkar olduğunu dərk edir və hansısa günahı özünə rəva biləndə, başqa insanlarda da bunun qınanılmalı bir şey olduğunu başa düşür. Amma o dövrdə insanlar elə bir mənəvi tənəzzül səviyyəsinə çatmışdılar ki, nəinki özləri günah işlədir, başqalarını da buna təşviq edirdilər. Bernard Şou bir dəfə demişdi: «Heç bir xalq öz tanrılarının ölümünə dözə bilməz». Burada Paul bizə insanların bilərəkdən Allahı öz düşüncələrindən uzaqlaşdırdıqda baş verənlərin dəhşətli mənzərəsini təqdim edir. Vaxtı çatanda Roma süquta uğradı. Bədbəxtlik və mənəvi tənəzzül əl-ələ verib irəliləyirdi.

Azərbaycan dilində Müqəddəs Kitab

1 İsa Məsihin qulu, həvari olmağa çağırılmış, Allahın Müjdəsini yaymaq üçün seçilmiş mən Pauldan salam! 2 Allahın Öz peyğəmbərləri vasitəsilə Müqəddəs Yazılarda əvvəlcədən vəd etdiyi o Müjdə 3-4 Oğlu Rəbbimiz İsa Məsih haqqındadır. O, cismən Davud nəslindəndir, müqəddəslik Ruhuna görə isə ölülər arasından dirilərək Allahın Oğlu olduğu qüdrətlə elan olundu. 5 Biz Onun vasitəsilə lütfə və həvariliyə nail olduq ki, Onun adı naminə bütün millətlərdən olan insanları imana itaət etməyə çağıraq. 6 Siz də İsa Məsihə məxsus olmaq üçün çağırılmış o insanların arasındasınız. 7 Romada yaşayan, Allahın sevdiyi və müqəddəs olmağa çağırdığı sizin hamınıza Atamız Allahdan və Rəbb İsa Məsihdən lütf və sülh olsun!
Paulun Romaya getmək arzusu
8 Hər şeydən əvvəl, hamınız üçün İsa Məsihin vasitəsilə Allahıma şükür edirəm ki, imanınız bütün dünyada elan olunur. 9 Oğlunun Müjdəsini yaymaqda bütün qəlbimlə ibadət etdiyim Allah şahidimdir ki, mən sizi necə daim yada salıram. 10 Dualarımda həmişə yalvarıram ki, Allahın iradəsi ilə nəhayət yanınıza gəlməyə nail olum. 11 Çünki sizi qüvvətləndirmək üçün sizə ruhani bir ənam çatdırmaq məqsədindəyəm; buna görə də sizi görmək üçün həsrət çəkirəm. 12 Daha doğrusu, mən aranızda olarkən bir-birimizin imanı ilə qarşılıqlı halda ruhlanaq. 13 Ey qardaşlar, bixəbər olmağınızı istəmirəm ki, başqa millətlərdən olan digərləri arasında etdiyim kimi sizin aranızda da əməyimin bəhrəsini götürüm deyə dəfələrlə yanınıza gəlmək niyyətində olmuşam, amma indiyədək maneələrə rast gəldim. 14 Mən həm Yunanlara, həm də barbarlara, həm aqillərə, həm də cahillərə borcluyam. 15 Bu səbəbdən mən Romada yaşayan sizlərə də bacardığım qədər Müjdəni yaymağa həvəsim var.
Müjdədəki Allah salehliyi
16 Mən Müjdədən utanmıram, çünki o, iman edən hər kəsin – əvvəlcə Yəhudinin, sonra da Yunanın xilası üçün Allahın qüdrətidir. 17 Müjdədə Allahın salehliyi aşkar olur və bu salehlik tamamilə imanla əldə edilir. Necə ki yazılıb: «Saleh adam imanla yaşayacaq».
Adamların günahkarlığı
18 Həqiqətə haqsızlıqla əngəl törədən adamların hər cür allahsızlığı və haqsızlığı ucbatından Allahın qəzəbi göydən aşkar olur. 19 Çünki Allah haqqında məlum olan şeylər onlara aşkardır, Allah Özü bunu onlara aşkar edib. 20 Dünyanın yaradılışından bəri Allahın gözə görünməyən xüsusiyyətləri, yəni əbədi qüdrəti və ilahiliyi Onun yaratdıqları vasitəsilə üzə çıxır. Buna görə də onlar üzrsüzdür. 21 Adamlar Allahı tanıdıqları halda Ona nə Allah kimi izzət verdilər, nə də şükür etdilər. Əksinə, boş düşüncələrə uydular və axmaq ürəklərini qaranlıq bürüdü. 22 Müdrik olduqlarını iddia etdikləri halda ağılsız olub, 23 fani olmayan Allahın izzətini fani olan insana, quşlara, dördayaqlılara və sürünənlərə bənzəyən bütlərlə əvəz etdilər.
24 Buna görə də Allah onları ürəklərinin şəhvəti üzündən murdarlığa təslim etdi ki, bir-birlərinin bədənini rüsvay etsinlər. 25 Onlar Allahın həqiqətini yalanla əvəz etdilər, Yaradanın yerinə yaradılışa səcdə və ibadət etdilər; o Yaradana əbədi alqış olsun! Amin.
26 Bu səbəbdən Allah onları öz rəzil həvəslərinə təslim etdi. Onların qadınları təbii əlaqəni qeyri-təbii əlaqə ilə əvəz etdilər, 27 eyni tərzdə kişilər də qadınla olan təbii əlaqədən əl çəkib bir-birlərinə şəhvətlə qızdılar; kişilər kişilərlə rüsvayçılıq edib öz daxillərində rəzilliklərinə layiq cəzanı aldılar.
28 Allahı şüurlarında saxlamağı yanlış saydıqları üçün Allah da onları yanlış düşüncələrə təslim etdi ki, ədəbsiz işlər görsünlər. 29 Onlar hər cür haqsızlıq, pislik, tamahkarlıq və kinlə doldular; paxıllıq, qatillik, münaqişə ruhu, hiylə və pis niyyətlə dolub-daşdılar. Onlar qeybətçi, 30 böhtançı, Allaha nifrət edən, söyüşçü, məğrur, təkəbbürlü, pis işlərdə bacarıqlı, ata-anaya itaətsiz, 31 axmaq, xain, şəfqətsiz və rəhmsizdir. 32 Hərçənd ki belə işlərlə məşğul olanların ölümə layiq olduğu barədə Allahın ədalətli hökmünü bilirlər, amma yenə də bu işləri görürlər, hətta belə işlər görən başqalarını da alqışlayırlar.