Barclay
KİTABLARAudio kitablarHekayələrİlahilərFilmlər və cizgi filmləriXilas haqqında müjdəXoş xəbər hekayələri

Romalılara məktub: Giriş

V. Barklinin şərhləri

HƏVARİ PAULUN ROMALILARA MƏKTUBU

ROMALILARA MƏKTUBUN GİRİŞİ

Başqalarından fərqli məktub

Həvari Paulun Romalılara məktubu ilə digər məktubları arasında açıq-aydın fərq var. Romalılara məktubu oxuyan hər bir oxucu digər məktublara keçəndə, məsələn, Korinflilərə məktubu oxuyanda, həm ruhən, həm də yanaşma baxımından fərqi hiss edəcək. Bu böyük fərq onunla izah olunur ki, Paulun Romadakı imanlı cəmiyyəti ilə nə birbaşa əlaqəsi olub, nə də onun yaradılmasında iştirak edib. Buna görə də Romalılara məktubda onun digər məktublarına nəzərən xüsusi məsələlərə çox az yer ayrılıb. Məhz bu səbəbdən Romalılara məktub ilk baxışdan daha mücərrəd görünür. Dibeliusun dediyi kimi: «Həvari Paulun bütün məktublarına nəzərən bu məktub indiki məqamla ən az şərtlənir». Başqa cür də deyə bilərik: həvari Paulun bütün məktubları arasında Romalılara məktub teoloji əsərə daha yaxındır. Demək olar ki, bütün digər məktublarında Paul bir sıra aktual problemləri, çətin vəziyyəti, cari səhvi və ya məktub yazdığı imanlı cəmiyyətini gözləyən təhlükəni həll edir. Romalılara məktubda həvari Paul istənilən vəziyyətdən asılı olmayaraq, öz teoloji baxışlarını sistematik şəkildə təqdim edir.

Vəsiyyətnamə və profilaktika

Bu səbəbdən iki böyük alim Romalılara məktubun iki möhtəşəm tərifini vermişdilər. Sandi onu vəsiyyət adlandırırdı. Elə təəssürat yaranır ki, sanki Paul özünün son teoloji vəsiyyətini, iman haqqında son sözünü yazır; sanki Romalılara məktubda o öz imanı və əqidəsi haqqında ürəyinin dərinliyində olanları üzə çıxarır. Roma dünyanın ən böyük şəhəri, dünyanın indiyə qədər gördüyü ən böyük imperiyanın paytaxtı idi. Həvari Paul heç vaxt orada olmamışdı və nə vaxtsa orada olub-olmayacağını bilmirdi. Lakin o, belə bir şəhərdəki imanlı cəmiyyətlərinə məktub yazanda, öz inancının əsasını və mahiyyətini izah etməsi yerinə düşərdi. Profilaktika isə infeksiyadan qorumaq məqsədi daşıyırdı. Həvari Paul yanlış təsəvvürlərin, məsihçi imanının təhrif olunmuş anlayışlarının və aldadıcı konsepsiyaların gətirdiyi zərəri tez-tez görürdü.

Buna görə də Paul o vaxtkı dünyanın mərkəzi şəhərinin cəmiyyətlərinə elə bir məktub göndərmək istəyirdi ki, onların iman təməli möhkəm olsun. Yoluxma baş verdiyi halda onlar doğru təlimə və zəhər əleyhinə vasitəyə sahib olsunlar. Paul hiss edirdi ki, yalan təlimlərə yoluxmaya qarşı ən yaxşı müdafiə həqiqətin profilaktik təsiridir.

Romalılara məktubun yazılmasının səbəbi

Həvari Paul ömrü boyu Roma haqqında düşünmüşdü. Müjdəni orada təbliğ etmək onun ən böyük arzusu idi. Efesdə olarkən yenidən Axayya və Makedoniyadan keçmək niyyətində idi. Sonra ürəyindən keçdi ki, orada olduğu üçün Romanı görsün (Həvarilərin işləri 19:21). O, Yerusəlimdə böyük çətinliklərlə üzləşəndə, həyatı təhlükə altına düşəndə və sanki sonun yaxınlaşdığını görəndə, onu ruhlandıran bir görüntü gördü. Həmin görüntüdə Allah onun yanında dayanıb dedi: «Cəsarətli ol, Yerusəlimdə Mənim haqqımda etdiyin şəhadəti Romada da etməyin lazımdır» (Həvarilərin işləri 23:11). Artıq bu məktubun birinci fəslində Paulun Romanı görməyi necə arzuladığı hiss olunur. «Çünki sizi qüvvətləndirmək üçün sizə ruhani bir ənam çatdırmaq məqsədindəyəm; buna görə də sizi görmək üçün həsrət çəkirəm» (Romalılara 1:11). «Bu səbəbdən mən Romada yaşayan sizlərə də bacardığım qədər Müjdəni yaymağa həvəsim var» (Romalılara 1:15). Əminliklə demək olar ki, «Roma» sözü həvari Paulun ürəyinə yazılmışdı.

Həvari Paul Romalılara məktubunu bizim eranın 58-ci ilində Korinf şəhərində yazmışdı. Həmin vaxt o onun üçün qiymətli bir planı yenicə tamamlamışdı. Bütün imanlı cəmiyyətlərinin anası olan Yerusəlimdəki imanlı cəmiyyəti yoxsullaşmışdı. Paul yeni yaradılmış bütün imanlı cəmiyyətlərindən buna görə pul sədəqələri toplayırdı (1Korinflilərə 16:1 və s.; 2Korinflilərə 9:1 və s.). Həmin ianələrin iki məqsədi var idi: 1) onlar gənc imanlı cəmiyyətlərinə məsihçi xeyriyyəçiliyini praktikada nümayiş etdirmək imkanı verirdi. 2) Həmçinin bütün məsihçilərə Məsihçi Cəmiyyətinin birliyini nümayiş etdirməyin ən təsirli yolu idi. Belə ki, məsihçilərə təcrid olunmuş və təkbaşına olmadıqlarını, hər bir imanlı cəmiyyətinin digərinin yükünü daşıyan böyük bir İmanlı Cəmiyyətinin üzvləri olduqlarını öyrədirdi. Həvari Paul romalılara məktubunu yazarkən, o, Yerusəlimin imanlı cəmiyyəti üçün topladığı ianələrlə oraya getməyə hazırlaşırdı: «Amma indi mən müqəddəslərə yardım etmək üçün Yerusəlimə gedirəm» (Romalılara 15:25).

Məktubun yazılma məqsədi

Nə üçün Paul belə bir məqamda bu məktubu yazdı?

a) Həvari Paul bilirdi ki, Yerusəlimə getməyin təhlükəli nəticələri ola bilər. O bilirdi ki, Yerusəlimə getməklə öz həyatını və azadlığını riskə atmış olur. O, səyahətə çıxmazdan əvvəl istəyirdi ki, Roma imanlı cəmiyyətinin üzvləri də onun üçün dua etsinlər. «Ey qardaşlar, Rəbbimiz İsa Məsihin xatirinə, Ruhun məhəbbəti naminə sizə yalvarıram, Allaha mənim üçün etdiyiniz dualarda mənimlə birlikdə mübarizə aparın ki, Yəhudeyada olan imansızlardan xilas olum və Yerusəlimə olan yardımımı müqəddəslər qəbul etsin» (Romalılara 15:30-31). O, bu təhlükəli yola çıxmazdan əvvəl möminlərin dua etməsini istəyirdi.

b) Paulun beynində böyük planlar var idi. Paul haqqında deyirdilər ki, o, «uzaq ölkələrin düşüncələri ilə yatıb-durur». O, heç vaxt gəminin lövbər atmasını görmürdü. O, həmişə borta çıxıb, dənizin o tayında yaşayan insanlara Xoş Xəbəri çatdırmağa can atırdı. O, heç vaxt üfüqdə dağ silsiləsi görmürdü. Ancaq Çarmıxa çəkilmə hekayəsini heç eşitməyən insanlara danışmaq üçün dağları aşmağa hazır idi. Eyni zamanda Paul İspaniya haqqında düşünürdü. «Buna görə İspaniyaya getmək niyyətindəyəm və ümidvaram ki, yolüstü sizi də görüm və əvvəl qısa müddət də olsa, dostluğunuzdan zövq alandan sonra məni oraya yola salasınız» (Romalılara 15:24). «Beləcə bu işi başa çatdırıb əldə olunan səmərəni onlara çatdırandan sonra sizin yerlərdən keçib İspaniyaya gedəcəyəm» (Romalılara 15:28). İspaniyaya getmək arzusu haradan qaynaqlanırdı? Bu torpağı Roma kəşf etmişdi. Böyük Roma yollarından və tikililərindən bəziləri indiyədək hələ də oradadır. O dövrdə İspaniya böyük adlarla anılırdı. Adlarını Roma tarixinə və ədəbiyyatına həkk edən böyük insanların çoxu İspaniyadan gəlmişdi. Onların arasında böyük epiqram ustası Martialis; epik şair Lukan; Roma ədəbiyyatının əsas simaları Kolumella və Pomponi Mela; Roma natiqlik sənətinin ustası Kvintillian; xüsusilə də Roma stoik filosoflarının ən böyüyü, imperator Neronun müəllimi və Roma İmperiyasının baş naziri Seneka var idi. Buna görə də Paulun fikirlərinin belə parlaq adlar pleyadasını1 doğuran bir ölkəyə yönəlməsi tamamilə təbii idi. Əgər belə insanlar Məsihə iman etsəydilər, nə baş verərdi? Bildiyimizə görə, Paul heç vaxt İspaniyaya gedib çıxa bilmədi. Çünki Yerusəlimə səfəri zamanı o, həbs olundu və heç vaxt azadlığa buraxılmadı. Amma o, Romalılara məktub yazanda bunun xəyalını qururdu. Paul gözəl strateq idi. O, yaxşı bir sərkərdə kimi fəaliyyət planını tərtib edirdi. O hesab edirdi ki, Kiçik Asiyanı tərk edəndən sonra bir müddət Yunanıstana da getməyə bilər. O, qarşısında bütün Qərbi — Məsih üçün fəth etməli olduğu toxunulmamış ərazi görürdü. Lakin Qərbdə belə bir planı həyata keçirməyə başlamaq üçün ona dayaq məntəqəsi lazım idi. Həmin dayaq məntəqəsi yalnız Roma ola bilərdi.

Paulun Romalılara məktub yazmasının səbəbi də elə bu idi. Onun ürəyində böyük arzu, beynində böyük plan yaranmışdı. Məqsədinə nail olmaq üçün ona dayaq məntəqəsi kimi Roma lazım idi. O, əmin idi ki, Romadakı imanlı cəmiyyəti onun adını bilməlidir. Lakin uzaqgörən bir insan kimi onu da bilirdi ki, onun haqqında Romaya ziddiyyətli xəbərlər çatıb. Düşmənləri onun haqqında böhtanlar və saxta ittihamlar yaya bilərdilər. Buna görə o, Romadakı imanlı cəmiyyətinə məktub yazaraq, imanının mahiyyətini izah etdi. Belə ki, məqsədini həyata keçirmək üçün Romaya gələndə onu qarşılaya bilən imanlı cəmiyyəti tapa bilsin. Həmin imanlı cəmiyyəti vasitəsilə İspaniya və Qərblə əlaqə yarada bilsin. Belə bir planı və niyyəti olduğu üçün həvari Paul Romalılara məktubunu 58-ci ildə Korinfdə yazdı.

Məktubun planı

Romalılara məktub həm çox mürəkkəb, həm də diqqətlə yazılmış məktubdur. Məktubu başa düşmək üçün onun quruluşu haqqında təsəvvürümüz olmalıdır. Məktub dörd hissəyə bölünür.

(1) 1-8-ci fəsillər — salehlik məsələsindən bəhs olunur.

(2) 9-11-ci fəsillər — yəhudilərin, yəni seçilmiş xalqın məsələsinə həsr olunur.

(3) 12-15-ci fəsillər — həyatın praktiki məsələlərindən bəhs edilir.

(4) 16-cı fəsil — imanlı cəmiyyətinin xidmətçisi olan Fibi bacı təqdim olunur və şəxsi salamlar çatdırılır.

1) Paul salehlik sözünü işlədəndə, o, Allahla düzgün münasibəti nəzərdə tutur. Saleh insan — Allahla düzgün münasibətdə olan insandır, bunu onun həyat tərzi də təsdiqləyir.

Paul bütpərəst dünyanın təsviri ilə başlayır. Orada hökm sürən əxlaqsızlığa və pozğunluğa baxmaq kifayətdir ki, salehlik məsələsinin həll olunmadığını görəsən. Sonra Paul yəhudilərə müraciət edir. Yəhudilər Qanuna ciddi şəkildə riayət etməklə salehlik məsələsini həll etməyə çalışırdılar. Paul özü onu məhvə və məğlubiyyətə aparan bu yolu keçmişdi. Yer üzündə heç bir insan Qanunu mükəmməl şəkildə yerinə yetirə bilməz. Buna görə də hər kəs Allaha borclu olduğunu düşünərək yaşamağa məhkumdur və Onun mühakiməsinə layiqdir. Bu səbəbdən Paul özü üçün salehlik yolunu — əsl iman və sədaqət yolunu tapır. Allaha qarşı yeganə düzgün münasibət — Onun Sözünə inanmaq, Onun mərhəmət və məhəbbətinə arxalanmaqdır. İman yolu elə budur. Önəmli olan Allah üçün nə edə biləcəyimiz deyil, Onun bizim üçün nə etdiyidir. Bunu bilmək vacibdir. Paulun məsihçi imanının əsası o idi ki, biz heç vaxt Allahın lütfünü qazana bilməyəcəyik və ya ona layiq ola bilməyəcəyik, onu qazanmağa heç ehtiyac da yoxdur. Bütün məsələ sırf lütflə bağlıdır. Bizim edə biləcəyimiz tək şey — Allahın bizim üçün etdiklərini sevgi ilə, heyranlıqla və minnətdarlıqla qəbul etməkdir. Lakin Allahın lütfü bizi məsuliyyətdən azad etmir və bizə öz bildiyimiz kimi hərəkət etmək hüququ vermir: bu o deməkdir ki, biz bizə böyük lütf göstərən o sevgiyə həmişə layiq olmağa çalışmalıyıq. Bununla belə, biz artıq Qanunun ciddi və sərt tələblərinə əməl etməyə çalışmırıq. Biz daha hakim qarşısında duran cinayətkar deyilik. Biz bütün həyatımızı və sevgimizi bizi Sevənə vermiş insanlarıq.

(2) Yəhudilərin məsələsi çox mürəkkəb idi. Sözün tam mənasında, onlar Allahın seçilmiş xalqı idilər. Lakin Allahın Oğlu yer üzünə gələndə yəhudilər Onu rədd etdilər. Bu ürəkağrıdan fakta necə izahat vermək olar? Paulun yeganə izahı bu idi ki, Məsihin rədd edilməsi də ilahi bir məqsəd idi. Nədənsə yəhudilərin ürəkləri sərtləşmişdi. Üstəlik, hamı Onu rədd etməmişdi — yəhudilərin bir hissəsi Ona sadiq qalmışdı. Bundan başqa, bunun da bir səbəbi var idi: çünki yəhudilər Məsihi rədd etdiklərinə görə O, bütpərəstlər üçün əlçatan oldu. Sonda bütpərəstlər yəhudiləri Allaha döndərəcək və bütün bəşəriyyət xilas olacaq.

Paul daha da irəli gedir: hər bir yəhudi — yəhudi kimi doğulduğuna görə seçilmiş xalqın üzvü olduğunu iddia edir. Bütün bunlar İbrahim peyğəmbərin nəslindən olması faktından irəli gəlirdi. Lakin Paul izah edir ki, əsl yəhudi ət və qan cəhətdən İbrahimə aid olan biri deyil. Əsl yəhudi İbrahim peyğəmbər kimi özünü imanla Allaha təslim etdirmək qərarını verən adamdır. Buna görə də Paul iddia edir ki, sözün əsl mənasında, heç də yəhudi olmayan çoxlu yəhudilər var. Eyni zamanda başqa millətlərdən olan insanların da çoxu əsl yəhudidir. Buna görə də Yeni İsrail milləti təmsil etmir. Yeni İsrail İbrahim peyğəmbərin imanına sahib olanlardan ibarətdir.

(3) Romalıların on ikinci fəslində o qədər mühüm etik ifadələr var ki, onları Dağüstü Vəzinin sırasına daxil etmək olar. Bu fəsildə Paul məsihçi imanının ləyaqətini açıqlayır. On dördüncü və on beşinci fəsillər əbədi vacib məsələdən bəhs edir. İmanlı Cəmiyyətində hər zaman müəyyən yeməklərdən və içkilərdən çəkinmək lazım olduğuna inanan, müəyyən günlərə və mərasimlərə xüsusi önəm verən kiçik qrup olub. Paul onları imanda zəif qardaş adlandırır, çünki imanları zahiri şeylərdən asılı idi. Bu qaydalara və ayinlərə ciddi riayət etməyə məcbur olmadığını düşünən başqa bir qrup da var idi. Paul onları imanda daha güclü olan qardaşlar hesab edir. Paul aydın izah edir ki, o, xurafatdan uzaq duran qardaşların tərəfindədir. Buna baxmayaraq, o, burada mühüm bir prinsipi izah edir: heç kim heç vaxt zəif qardaşı alçaldacaq, onun yoluna büdrəmə daşı qoyacaq bir şey etməməlidir. Onun əsas prinsipi bu idi ki, heç kim heç vaxt kiminsə məsihçi olmasını çətinləşdirəcək bir şey etməməlidir. Bu prinsip belə başa düşülməlidir: biz zəif qardaşımızın xatirinə özümüz üçün əlverişli və faydalı olandan imtina etməliyik. Məsihçi azadlığından başqa bir insanın həyatına və ya vicdanına zərər verəcək şəkildə istifadə edilməməlidir.

İki sual

On altıncı fəsil həmişə ilahiyyatçılar üçün problem yaratmışdır. Çoxları hesab edirdi ki, bu fəsil əslində Romalılar kitabının bir hissəsi deyil, bu, həvari Paulun məktubları toplanan zaman Romalıların məktubuna əlavə edilmiş və başqa imanlı cəmiyyətinə ünvanlanmış məktubdur. Onlar bu ehtimalı necə əlaqələndirirdilər? İlk növbədə, Paul bu fəsildə iyirmi altı nəfərə salam göndərir. Onlardan iyirmi dördünün adını çəkir. Görünür, bu adamlar ona yaxından tanışdır. Məsələn, o, Rufusun anasının onun anası da olduğunu söyləyir. Paulun heç vaxt getmədiyi imanlı cəmiyyətində iyirmi altı nəfəri yaxından tanıması necə mümkün ola bilər? Əslində, o, bu fəsildə digər məktublara nəzərən daha çox insanı salamlayır. Amma maraqlısı odur ki, o, heç vaxt Romanın qapısından içəri girməyib. Burada bəzi izahatlara ehtiyac var. Əgər bu fəsil Romadakı imanlı cəmiyyətinə yazılmayıbsa, o zaman kimə ünvanlanıb? Məhz burada Priskila və Akila adları gündəmə gəlir və mübahisələrə səbəb olur. Bildiyimizə görə, 52-ci ildə imperator Klavdi yəhudiləri qovmaq haqqında fərman verəndə, onlar Romanı tərk etmişdilər (Həvarilərin işləri 18:2). Bilirik ki, onlar Paul ilə birlikdə Efesə gəlmişdilər (Həvarilərin işləri 18:18); Paul Korinflilərə Məktubunu yazanda, onlar Efesdə idilər (1Korinflilərə 16:19), yəni Romalılara məktubu yazandan iki il əvvəl. Həmçinin bilirik ki, cəmiyyətin ağsaqqallarına məktublar yazılan zaman onlar hələ Efesdə idilər (2Timoteyə 4:9). Şübhəsiz ki, əlimizə Priskila və Akilaya salam göndərilən məktub düşürsə və həmin məktubda başqa ünvan qeyd olunmursa, o zaman onun Efesə ünvanlandığını güman etməliyik.

Yaxşı, bəs elə bir dəlil varmı ki, bizi 16-cı fəslin Efesə göndərildiyi fikrinə inandırsın? Paulun başqa yerlərə nisbətən Efesdə daha çox qalmasının müəyyən səbəbləri var. Buna görə də onun oradakı bir çox insana salam göndərməsi təbii olardı. Paul daha sonra «Asiya vilayətindən Məsih üçün ilk məhsul olan» Epenet qardaş haqqında danışır. Efes Kiçik Asiyada yerləşir, buna görə də belə bir qeyd Romaya məktub üçün yox, Efesə məktub üçün təbii olardı. Romalılara məktubda (Romalılara 16:17) «öyrəndiyiniz təlimin əleyhinə çıxaraq ayrılıq salan və büdrəməyə səbəb olan adamlara nəzarət edin və onlardan uzaq durun» deyilir. Bu cümlə elə səslənir ki, sanki Paulun təliminə itaətsizlik var idi, halbuki o, heç vaxt Romada təlim verməyib.

Beləcə on altıncı fəslin Efesə ünvanlandığını iddia etmək olar, lakin bu iddia ilk baxışdan göründüyü qədər heç də təkzibedilməz deyil. Birincisi, bu fəslin Romalılara məktubdan başqa heç bir şeylə əlaqəli olduğuna dair sübut yoxdur. İkincisi, qəribə səslənsə də, Paul yaxşı tanıdığı imanlı cəmiyyətlərinə heç vaxt şəxsi salam göndərmirdi. Nə Saloniklilərə, nə Korinflilərə, nə Qalatiyalılara, nə də Filipililərə, bir sözlə, yaxşı tanıdığı imanlı cəmiyyətlərinə yazdığı məktublarda şəxsi salam yoxdur. Eyni zamanda bu cür salamlara Kolosselilərə Məktubda da rast gəlinir, baxmayaraq ki, Paul heç vaxt Kolossedə olmamışdır. Bunun səbəbi sadədir: əgər Paul yaxşı tanıdığı imanlı cəmiyyətlərinə şəxsi salamlar göndərsəydi, o zaman cəmiyyət üzvləri arasında qısqanclıq və paxıllıq hissləri yarana bilərdi. Əksinə, heç vaxt olmadığı cəmiyyətlərə məktublar yazanda o, mümkün qədər çox şəxsi əlaqələr qurmaq istəyirdi. Paulun heç vaxt Romada olmaması faktı onu mümkün qədər çox şəxsi əlaqələr qurmağa sövq edə bilərdi. Xatırlatmaq yerinə düşər ki, Priskila və Akila, həqiqətən də, Romadan imana görə qovulmuşdular. Elə ehtimal etmək olarmı ki, onlar altı-yeddi ildən sonra, bütün təhlükələr aradan qalxanda ticarətlərini bərpa etmək üçün Romaya qayıtsınlar? Həmçinin elə ehtimal etmək olarmı ki, 16-cı fəsildə adları çəkilən adamların çoxu sürgün edilmiş, başqa şəhərlərdə yaşadıqları vaxt Paul ilə görüşüb tanış olmuş, təhlükə aradan qalxandan sonra yenidən Romaya — evlərinə qayıtsınlar? Paul Romada bu qədər şəxsi tanışlarının olmasından məmnun olar və onlarla möhkəm əlaqələr qurmaq fürsətindən istifadə edərdi.

On altıncı fəslin ətraflı tədqiqinə keçəndə görəcəyik ki, bir çox adlar — məsələn, Aristobulun, Narkisin, Ampliyatın, Nereyin ailələri və başqalarının adları Roma üçün olduqca uyğundur. Efesin lehinə arqumentlərin olmasına baxmayaraq, on altıncı fəsli Romalılara məktubdan ayırmağa ehtiyac yoxdur.

Ancaq daha maraqlı və daha vacib bir məsələ var. Qədim əlyazmalarda 14, 15, 16-cı fəsillərlə əlaqəli çox qəribə məqamlar göstərilir. Allaha izzət verməyin ən uyğun yeri məktubun sonudur. Romalılara məktubda (16:25-27) Allahı izzətləndirən həmd ilahisi var. Adətən, izzətləndirmə məktubun sonunda olur. Amma bəzi əlyazmalarda on dördüncü fəslin sonunda (24-26) yer alır. İki əlyazmada həmin həmd ilahisi hər iki yerdə — qədim əlyazmada on beşinci fəslin sonunda, daha iki əlyazmada isə heç bir yerdə qeyd olunmur, ancaq boş yer saxlanılır. Qədim Latın əlyazmalarından biri bölmələrin qısa məzmununu sadalayır. Son iki əlyazma belə görünür:

50: Qardaşını yeməkdən ötrü mühakimə edənin məsuliyyəti haqqında.

Şübhəsiz ki, bu, Romalılara Məktubun 14:15-23-cü ayələridir.

51: Rəbbin əzabından əvvəl gizli qalmış, lakin Onun əzabından sonra açılmış sirr haqqında.

Şübhəsiz ki, bu da Romalılara məktubun 14:24-26-ci ayələridir, başqa sözlə, Rəbbin izzətinə dair bir ilahidir. Aydın məsələdir ki, bu fəsillərin xülasəsi on beş və on altıncı fəsillərin əskik olduğu əlyazmalardan hazırlanmışdır. Ancaq bu məsələyə işıq salan bir şey var. Əlyazmaların birində Romanın adının qeyd edilməsi (Romalılara 1:7 və 1:15) tamamilə çıxarılıb. Orada məktubun ünvanlandığı yer ümumiyyətlə göstərilmir. Bütün bunlar Romalılara məktubun iki formada yayıldığını göstərir. Formalardan biri əlimizdə olduğu kimi on altıncı fəsil ilə birlikdədir. Digəri isə on dörd, bəlkə də on beş fəsildən ibarətdir. Bunun izahı belədir: Paul romalılara yazanda məktub on altı fəsildən ibarət idi. Lakin 15 və 16-cı fəsillər şəxsi xarakter daşıyır və xüsusi olaraq Romaya aiddir. Digər tərəfdən, Paulun başqa məktubları onun bütün təlimini bu qədər yığcam şəkildə təqdim etmir. Çox güman, Romalılara məktub başqa imanlı cəmiyyətləri arasında yayıldığından həmd ilahisi istisna olmaqla, son fəsillər çıxarılmışdı. Çünki son fəsillər sırf Romaya aid idi. O dövrdə imanlılar hiss edirdilər ki, Romalılara məktub fundamental xarakter daşıyır və Roma ilə məhdudlaşmamalıdır. Buna görə də sırf yerli xarakter daşıyan fəsillər oradan çıxarıldı və bütün imanlı cəmiyyətlərinə göndərildi. İlk vaxtlardan İmanlı Cəmiyyəti hiss etdi ki, Romalılara məktub Paulun fikirlərini mükəmməl şəkildə ifadə edir. Buna görə də o, təkcə bir icmanın deyil, bütövlükdə İmanlı Cəmiyyətinin mülkiyyətinə çevrilməlidir. Biz həvari Paulun Romalılara məktubunu öyrənərkən yadda saxlamalıyıq ki, insanlar ona həmişə Paulun Müjdə imanının təməli kimi baxıblar.