Barclay
KİTABLARAudio kitablarHekayələrİlahilərFilmlər və cizgi filmləriXilas haqqında müjdəXoş xəbər hekayələri

Həvarilərin İşləri: 28-ci fəsil

V. Barklinin şərhləri

28-ci fəsil

1-6

ADADA SƏMİMİ QARŞILANMA (Həvarilərin işləri 28:1-6)

Fırtına Paulu və gəmidəki hər kəsi Malta adasına atdı. Malta xalqı Müqəddəs Kitabda əcnəbilər adlandırılır. Yunan mətinin orijinalında onlara barbaroi deyilir. Onlar barbarlar deyildi. Yunanlar barbaroiləri onların gözəl yunan dilində deyil, anlaşılmaz xarici dildə danışanları adlandırırdılar. Amma yaxşı olardı ki, bu söz yerli kimi tərcümə olunsun.

Bu hissə Paulun xarakterinin gözəl tərəfini əks etdirir. Bir tərəfdən Paulu boş otura bilməyən bir adam kimi göstərir. O, ocaq sönməsin deyə çör-çöp yığır. Bir daha görürük ki, Paul nəinki uzaqgörən müqəddəs adamdır, həm də son dərəcə praktik insandır, üstəlik, o, adi, faydalı iş görməkdən utanmır. Deyilənə görə, Buker Vaşinqton gənc olanda qaradərililəri qəbul edən universitetlərdən birinə getmək üçün yüzlərlə kilometr yolu piyada qət etmişdir. Nəhayət, oraya çatanda ona demişdilər ki, boş yer yoxdur. Ona çarpayıları yığışdırmağı və döşəmələri süpürməyi təklif etmişdilər. O, bu təklifi qəbul etdi və işini o qədər yaxşı gördü ki, tezliklə ona universitetdə oxumağı təklif etdilər. O oxumağa başladı, nəticədə ən böyük zənci alimi və lideri oldu. Yalnız xarakteri zəif olan insan əhəmiyyətsiz işləri yerinə yetirməkdən imtina edir. Digər tərəfdən, biz Paulu təmkinli və özünə hakim bir insan kimi görürük. Çırpı dəstələrinin birində ilan var idi. Alovun istisindən oyanan ilan Paulun qoluna dolandı. Bunun möcüzə olub-olmadığını söyləmək çətindir. Hazırkı dövrdə Maltada zəhərli ilanlar yoxdur. Paulun dövründə Maltada gürzəyə çox bənzəyən ilanlar var idi, lakin onlar tamamilə zərərsiz idi. Bundan başqa, çox güman, ilan Paulun əlini sancmamış o, ilanı ocağa atdı. İstənilən halda, Paul elə davranırdı ki, baş verənlərin heç bir əhəmiyyəti yoxdur. Malta sakinlərinə bu, möcüzə kimi görünsə də, Paul qətiyyən təlaşa düşmədi.

7-10

KÖMƏK VƏ ŞƏFA (Həvarilərin işləri 28:7-10)

Maltadakı adanın baş məmuru Publi, görünür, Roma hakimiyyətinin adadakı valisi idi. Onun atası xəstə idi. Paul insanlara şəfa vermək ənamından istifadə edərək, onun atasına şəfa verdi. Amma 9-cu ayədə çox maraqlı fikir var. Bu ayədə deyilir ki, «...adadakı qalan xəstələr də gəlib şəfa tapdılar». Luka burada tibbi yardım mənasını verən sözdən istifadə edir. Bəzi araşdırmaçılar ehtimal edirlər ki, adamlar təkcə Paulun yanına deyil, həm də Lukanın yanına gəlirdilər. Beləcə Luka öz həkim təcrübəsindən istifadə edirdi. Əgər bu belədirsə, onda bu hissədə biz ilk dəfə missioner-həkim haqqında eşidirik. Bu ayə bizə həm də acı həqiqəti açıqlayır. Paul başqalarına şəfa verdiyi halda, özü ömrü boyu bədənindəki neştərdən əziyyət çəkirdi. Çox insan olub ki, özünün məhrum olduğunu başqalarına hədiyyə edir. Məsələn, Bethoven insanlara ölməz musiqi əsərləri bəxş edib. Amma özü onları heç vaxt eşitməyib, çünki karlıqdan əziyyət çəkirdi. Burada Allahın lütfünün möcüzəsi əksini tapır. Belə insanlar dünyadan küsmürdülər, əksinə, Allahın aləti olmaqla kifayətlənirdilər. Bu alətlər özləri həzz ala bilməsə də, insanlara xoşbəxtlik bəxş edirlər.

11-15

ROMAYA GƏLİŞ (Həvarilərin işləri 28:11-15)

Üç aydan sonra Paul və onun yoldaşları Romaya taxıl daşıyan və Maltada qışlayan başqa bir İsgəndəriyyə gəmisi ilə İtaliyaya çata bildilər. Gəmi dənizçilərin sitayiş etdiyi əkiz tanrılar — Kastor və Polluksun şərəfinə Dioskuri adlanırdı. Qeyd etmək lazımdır ki, gəminin burnu və arxa tərəfi, adətən, ağacdan oyulmuş heykəllər şəklində hazırlanırdı. Paulu Maltadan İtaliyaya gətirən gəminin burnu və arxa tərəfi Kastor və Polluksun heykəlləri ilə bəzədilmişdi. Səfərin ilk yarısı faciəli olduğu qədər ikinci yarısı da uğurlu oldu.

Puteoli Roma limanı idi. Yəqin ki, burada Paulun ürəyi çırpınırdı, çünki o, dünya paytaxtının astanasında dayanmışdı. Kiçik çadır ustası uzaq Yəhudeyadan dünyanın ən böyük paytaxtına gələndə özünü başqa cür necə hiss edə bilərdi? Puteolinin şimalında Roma donanmasının əsası olan Messina limanı yerləşirdi. Uzaqdan döyüş gəmilərini görən Paul, yəqin ki, Romanın qüdrəti haqqında düşünürdü. Puteoli yaxınlığında Roma zadəganlarının dəbli kurortu və çimərliyi olan Bayya yerləşirdi. Çimərliklər insanlarla, dəniz isə zəngin romalıların qayıqlarının rəngli yelkənləri ilə dolu idi. Puteoli gəmiqayırma tərsanələri və çoxsaylı anbarları ilə qədim dünyanın əsas ticarət limanı idi.

Yəqin ki, Paulun həyəcandan nəfəsi kəsilirdi: axı o, bu böyük Roma şəhərinə tək girməli idi. Ancaq sonra möcüzə baş verdi. Appi Bazarı Romadan təxminən yetmiş kilometr məsafədə, Üç Mehmanxana isə ondan əlli kilometr uzaqlıqda yerləşirdi. Onlar Roma ilə sahilləri birləşdirən Appi yolunda idilər. Burada Paulu Romadan gələn məsihçilərdən ibarət nümayəndə heyəti qarşıladı. Orijinal yunan mətnində nümayəndə heyəti sözü hərbi lider, padşah və ya fatehi qarşılayan adamları ifadə etmək üçün istifadə edilir. Bu insanlar Romadan Paulun simasında dünyanın ən böyük adamlarından birini qarşılamağa gəlmişdilər. Paul Allaha şükür edib ruhlandı. Onu ruhlandıran nə idi? Şübhəsiz ki, tək olmadığını bilmək hissi.

Məsihçi heç vaxt tək deyil:

1) O, böyük şahidlər buludu ilə əhatə olunduğunu dərk edir.

2) O, ümumdünya qardaşlığına mənsub olduğunu bilir.

3) O bilir ki, hara getsə, Allah oradadır.

4) O əmindir ki, ölülərdən dirilən Rəbbi həmişə onun yanındadır.

16-29

DAŞÜRƏKLİ YƏHUDİLƏR (Həvarilərin işləri 28:16-29)

Ömrünün sonuna qədər Paulun hara getməsindən asılı olmayaraq, ilk növbədə yəhudilərlə danışması, həqiqətən, heyrətamizdir. Artıq otuz il idi ki, yəhudilər ona mane olmaq, xidmətini məhv etmək, hətta onu öldürmək üçün əllərindən gələni edirdilər. Lakin bütün bunlara baxmayaraq, Paul ilk olaraq Müjdəni onlara çatdırırdı. Paul Romada da Allahın Padşahlığı haqqında əvvəlcə yəhudilərə təbliğ etdi. Paulda olan sarsılmaz ümid və yenilməz məhəbbət kimi başqa bir nümunə varmı? Paul vəzini Yeşaya peyğəmbərin kitabından bir sitat gətirməklə bitirir. Axı bu kədərli fakt də Allahın işidir — yəhudilərin Məsihi qəbul etməkdən imtina etməsi bütpərəstlərin üzünə xilas qapısı açdı. Hər şey Allahın məqsədyönlü əli ilə idarə olunur. Yəhudilərin bağladığı qapı başqa millətlərin üzünə açıldı. Buna baxmayaraq, bu, son rədd deyil. Çünki bir gün, zamanın axırında yalnız bir sürü və bir Çoban olacaq.

30-31

HEÇ BİR MANEƏ OLMADAN (Həvarilərin işləri 28:30-31)

Paul ömrünün sonuna qədər olduğu kimi qalır. İki il ərzində o özü-özünü dolandırır, yəni yeməyini, ehtiyaclarını qarşılamaq üçün işləyir. Hətta həbsxanada belə, öz ehtiyaclarını əlinin zəhməti ilə qarşılayırdı. Boş vaxtında da bekar qalmazdı. Məhz burada, həbsxanada o, Efeslilərə, Kolosselilərə və Filimona məktublarını yazdı. O, burada da tək deyildi. Luka və Aristarx onunla birlikdə Romaya gəlmişdi. Luka sona qədər onunla qaldı (2Timoteyə 4:10). Timotey tez-tez ona baş çəkirdi (Filipililərə 1:1; Kolosselilərə 1:1; Filimona 1). Bəzən Tixik yanına gəlirdi (Efeslilərə 6:21). Bir müddət Epafrodit də onunla qaldı (Filipililərə 4:18). Bəzən isə Mark onun yanında olurdu (Kolosselilərə 4:10). Həbsdə keçirilən iki il vaxt itkisi deyildi. Paul Filipililərə məktubunda yazır ki, başına gələnlər «Müjdə yaymağı daha da irəli» aparmağa kömək etdi (Filipililərə 1:12). Bütün saray mühafizəçiləri daxil olmaqla hamıya məlum oldu ki, Paul Məsihdə olduğuna görə həbs olunub (Filipililərə 1:13). Bu da Müjdənin yayılmasına şərait yaratdı. Ona tək yaşaması üçün icazə verilmişdi, lakin onu qoruyan əsgərin gecə-gündüz nəzarəti altında idi (Həvarilərin işləri 28:16). Həmin əsgərlər əsas komandanlığın seçilmiş imperator ordusundan, Pretoriya Qvardiyasından idi. Ola bilsin, iki il ərzində çox əsgər Paul ilə birlikdə uzun gecələr və günlər keçirmişdi. Çox güman, onlardan bir çoxu ürəyində İsa Məsihlə birlikdə postunu tərk etmişdi.

Həvarilərin İşləri kitabı sanki qələbə nidası ilə başa çatır.

Orijinal yunan dilində «heç bir maneə olmadan tam bir cəsarətlə» ifadəsi bir kəlmə ilə ifadə edilir. Bu söz qələbə nidası kimi səslənir və Lukanın hekayələrinin apofeozudur6.

Lukanın Paulun sonrakı taleyi haqqında heç nə deməməsi qəribə görünə bilər. Paul, edam edildi, yoxsa azad edildi? Amma Luka qarşısına belə bir məqsəd qoymamışdı. Luka hekayəsinin əvvəlində İsanın Yerusəlimdə, bütün Yəhudeya və Samariyada, hətta yerin ucqarlarında Onun şahidləri olmaq əmrini şagirdlərinə çatdırdığını qeyd etməklə, Həvarilərin işləri kitabının sxemini bizim üçün açıqlayır (Həvarilərin işləri 1:8). Budur, hekayə tamamlandı. Otuz il əvvəl Yerusəlimdə başlayan hekayə Romada sona çatdı. Bu, Allahın göstərdiyi açıq-aşkar bir möcüzədir. Həvarilərin İşləri kitabının əvvəlində cəmi on adamdan ibarət olan İmanlı Cəmiyyəti indi on minlərlə insanı əhatə edirdi. Çarmıxa çəkilmiş Nazaretli Məsih barədə Müjdə bütün dünyaya zəfərlə yayıldı. İndi isə heç bir maneə olmadan dünyanın paytaxtı Romada yayıla bilər. Xoş Xəbər o dövrün dünyasının tam mərkəzinədək çatdırıldı və bütün insanlara sərbəst şəkildə təbliğ edildi. Buna görə də Luka tapşırığının tamamlandığını hesab edir.


  1. Axilles — "İliada" poemasının baş qəhrəmanı, yunan ordusunun ən cəsur sərkərdəsi, yunanların qəhrəmanı.↩︎

  2. Portyer - qapı və ya pəncərə pərdəsi.

    ↩︎
  3. Liktor - qamçı ilə döymək vəzifəsi daşıyan tələbə.

    ↩︎
  4. Falanqa - tar. qədim yunanlarda bir neçə sıradan ibarət piyada düzümü↩︎

  5. Sekstant - geodeziya və astronomiya müşahidələrində işlədilən bucaqölçən alət.↩︎

  6. Apofeoz - bir şəxsi və ya hadisəni son dərəcə şöhrətləndirmə, tərifləmə.↩︎

Azərbaycan dilində Müqəddəs Kitab

Maltada
1 Xilas olandan sonra öyrəndik ki, adanın adı Maltadır. 2 Oranın sakinləri bizə gözlənilməz bir mehribanlıq göstərdi. Hava yağışlı və soyuq olduğu üçün ocaq qalayıb hamımızı hərarətlə qarşıladılar. 3 Paul bir dəstə çırpı götürüb ocağa atdı. O zaman istinin təsirindən bir gürzə çıxıb onun əlinə yapışdı. 4 Oranın sakinləri Paulun əlinə ilanın yapışdığını görəndə bir-birlərinə dedilər: «Demək bu adam qatildir. Dənizdən xilas olsa da, ədalət ilahəsi onu yaşamağa qoymur». 5 Amma Paul əlini silkələyib ilanı oda ataraq heç bir xətər görmədi. 6 Camaat gözləyirdi ki, Paulun bədəni şişəcək yaxud birdən-birə yıxılıb öləcək. Amma çox gözlədilər, ona heç nə olmadığını görəndə fikirlərini dəyişib dedilər: «Bu bir allahdır».
7 O yerin yaxınlığında malikanə var idi ki, ora adanın baş məmuru Publi adlı bir şəxsin idi. Bu adam bizi öz evində qəbul etdi və üç gün bizə mehribanlıqla qonaqpərvərlik göstərdi. 8 O ərəfədə Publinin atası qızdırma və qanlı ishal üzündən xəstə yatırdı. Paul xəstənin yanına gəldi və dua edərək əllərini onun üzərinə qoyub sağaltdı. 9 Bu hadisədən sonra adadakı qalan xəstələr də gəlib şəfa tapdılar. 10 Bizə çoxlu bəxşiş verərək şərəfləndirdilər. Biz dənizə çıxanda isə bizə lazım olan şeyləri gəmiyə yüklədilər.
Romaya çatanda
11 Üç aydan sonra qışı adada keçirmiş, başında Əkiz Tanrılar heykəlini gəzdirən bir İsgəndəriyyə gəmisi ilə dənizdən yelkən açdıq. 12 Sirakuza şəhərinə çatıb üç gün orada qaldıq. 13 Oradan yolumuza davam edərək Regiuma gəldik. Ertəsi gün əsməyə başlayan cənub küləyinin köməyi ilə iki günə Puteoliyə çatdıq. 14 Orada rastlaşdığımız imanlı bacı-qardaşlar bizdən xahiş etdilər ki, onların yanında bir həftə qalaq.
Sonra Romaya çatdıq. 15 Bizdən xəbər tutan Romadakı imanlı bacı-qardaşlar bizi qarşılamaq üçün Appi Bazarına və Üç Mehmanxanaya qədər gəldilər. Paul onları görəndə Allaha şükür edib ürəkləndi. 16 Romaya gələndə Paula izin verildi ki, bir əsgərin nəzarəti altında tək yaşasın.
Paulun Romada etdiyi işlər
17 Üç gün sonra Paul Yəhudilərin orada olan başçılarını toplantıya dəvət etdi. Onlar bir yerə yığılandan sonra Paul onlara belə dedi: «Soydaşlar, xalqımıza və ata-babalarımızın adət-ənənəsinə zidd heç nə etmədiyim halda Yerusəlimdə həbs edilib Romalılara təslim edildim. 18 Onlar məni sorğu-suala çəkəndən sonra azad etmək istədilər. Çünki ölüm cəzasına layiq bir təqsirim yox idi. 19 Amma Yəhudilər buna qarşı çıxanda məcbur olub qeysərin məhkəməsinə müraciət etmək istədim, lakin öz millətimi heç nədə ittihamlandırmaq istəmirdim. 20 Bu səbəbdən sizi buraya görüşüb söhbət etmək üçün çağırmışam. Axı mən İsrailin ümidi uğrunda belə zəncirlənmişəm». 21 Onlar Paula dedilər: «Yəhudeyadan sənin barəndə nə məktub almışıq, nə də buraya gələn soydaşlardan kimsə sənin barəndə bizə xəbər gətirərək pis bir söz deyib. 22 Biz sənin fikirlərini sənin özündən eşitmək istəyirik. Çünki hər yerdə bu təriqətə qarşı çıxıldığını bilirik».
23 Bir gün təyin edib, həmin gün daha böyük kütlə ilə Paulun qaldığı yerə gəldilər. Paul səhərdən axşamacan Allahın Padşahlığından şəhadət edərək onlara açıqlama verdi, həm Musanın Qanunundan, həm də Peyğəmbərlərin yazdıqlarından onları İsaya inandırmağa çalışdı. 24 Bəziləri onun sözlərinə inandı, bəziləri isə inanmadı. 25 Bir-birləri ilə razılığa gəlməyəndə Paulun bu son sözlərinə qulaq asıb ayrıldılar: «Müqəddəs Ruh Yeşaya peyğəmbərin vasitəsilə ata-babalarınıza bu gözəl sözü dedi:
26 “Get bu xalqa bunu çatdır:
‹Eşitdikcə eşidəcəksiniz, amma anlamayacaqsınız,
Gördükcə görəcəksiniz, amma qanmayacaqsınız.
27 Çünki bu xalqın ürəyi kütləşdi,
Qulaqları ağır eşitdi,
Gözlərini yumdular ki,
Gözləri ilə görməsinlər,
Qulaqları ilə eşitməsinlər,
Ürəkləri ilə anlamasınlar
Və Mənə sarı dönməsinlər ki,
Mən onlara şəfa verim›”.
28 İndi bilin ki, Allahın verdiyi bu xilas başqa millətlərə göndərilib və onlar buna qulaq asacaqlar». 29 
30 Paul düz iki il kirayə tutduğu evdə qalıb yanına gələnlərin hamısını qəbul edirdi. 31 Heç bir maneə olmadan tam bir cəsarətlə Allahın Padşahlığını vəz edir və Rəbb İsa Məsihlə bağlı həqiqətləri öyrədirdi.