Barclay
KİTABLARAudio kitablarHekayələrİlahilərFilmlər və cizgi filmləriXilas haqqında müjdəXoş xəbər hekayələri

Həvarilərin İşləri: 27-ci fəsil

V. Barklinin şərhləri

27-ci fəsil

1-8

SON SƏYAHƏTİN BAŞLANĞICI (Həvarilərin işləri 27:1-8)

Paul son səyahətinə çıxdı. İki vəziyyət onun ürəyini sevindirməli idi: birincisi, bir qəribin Paula qarşı mehriban, xeyirxah münasibəti. Çünki bütün səyahət zamanı Roma yüzbaşısı Yuli ona qarşı təkcə nəzakətlə deyil, həm də səmimiyyətlə və diqqətlə davranırdı. O, zabitləri imperatorla əyalətlər arasında əlaqə rolunu oynayan, xüsusi bir dəstədən — Avqust alayından idi. Belə olan halda, Yuli böyük təcrübəyə və əla xarakteristikaya malik olmalı idi. Çox güman, Paul və Yuli bir-birini cəsur insan kimi tanıdılar. İkincisi, Aristarxın sədaqəti Paulu ruhlandırırdı. Güman edilir ki, Aristarx Paulu yalnız onun qulu kimi müşayiət edə bilərdi. Görünür, Aristarx Pauldan ayrılmaqdansa, onu qulu kimi müşayiət etməyi üstün tutmuşdu. Onun sədaqəti sonsuzdur.

İlk liman Sidon idi. Daha sonra gəmi Likiyadakı Mira limanına getməli idi. Amma səyahət şəraiti əlverişli deyildi. İlin bu vaxtında qərb küləkləri çox əsirdi. Onlar yalnız Kipr adasını dövrə vuraraq sahil boyunca dolambac yolla Miraya çata bildilər. Likiyanın Mira limanında Romaya gedən İsgəndəriyyə gəmisi tapdılar. Çox güman, həmin gəmi taxıl daşıyırdı. Çünki Misir İtaliyanın taxıl anbarı kimi xidmət edirdi. Xəritəyə baxsaq, görərik ki, gəmi necə böyük bir dövrə vurmalı olub. Çünki güclü qərb küləkləri ona qısa marşrutla getməyə imkan vermirdi. Uzun günlər davam edən küləklə mübarizədən sonra gəmi Kritin külək tutmayan tərəfinə və Gözəl Limanlar adlanan körfəzə girdi.

9-20

DƏNİZDƏ TƏHLÜKƏLİ ANLAR (Həvarilərin işləri 27:9-20)

Şübhəsiz ki, gəmidə olan ən təcrübəli səyyah Paul idi. Burada qeyd olunan oruc — yəhudilərin Kəffarə Günüdür və həmin il oktyabrın birinci yarısına düşmüşdü. O dövrün təcrübəsinə əsasən, oktyabrda gəmi səyahəti riskli, noyabrda isə tamamilə qeyri-mümkün sayılırdı. Unutmayaq ki, qədim gəmilərdə naviqasiya alətləri — nə sekstant5, nə də kompas var idi. Qaranlıq və buludlu havada gəminin olduğu yeri və istiqaməti müəyyən etmək mümkün deyildi. Paul tövsiyə etdi ki, qışı Gözəl Limanlar körfəzində keçirsinlər. Amma artıq bildiyimiz kimi, gəmi İsgəndəriyyədən Romaya taxıl yükü ilə gedirdi. Gəminin sahibi, yəni onun podratçısı taxıl daşımaqla məşğul idi. Son söz gəmidəki yüzbaşının idi. Maraqlıdır ki, həbsdə olan Paul şurada öz fikrini bildirə bilirdi. Lakin Gözəl Limanlar yaxşı liman deyildi və yaxınlıqda gəmi heyətinin qışı keçirə biləcəyi böyük şəhər yox idi. Buna görə də yüzbaşı Paulun məsləhətini rədd etdi və gəmi sahibinin Finiksə qədər sahil boyu üzmək təklifini qəbul etdi. Çünki Finiks daha əlverişli liman idi və şəhərə yaxın yerləşirdi. Gözlənilmədən əsən cənub küləyi onun fikirlərini dəstəklədi. Lakin çox keçmədi ki, şimal-şərqdən fırtına qopdu. Onlar gəmini idarə edə bilməsələr, digər gəmilərin aqibətini yaşaya bilərdilər: külək və güclü dalğalar onları aparıb Şimali Afrika sahillərindəki qumluğa atacaqdı. Bu vaxt onlar yedək kimi daşıdıqları qayığı gəminin içərisinə saldılar ki, qayıq su ilə dolmasın və ya gəminin kənarına çırpılmasın. Sonda bütün ehtiyat tədarüklərini dənizə atdılar. Buludlar günəşin və ulduzların üzünü örtmüşdü. Buna görə də onlar harada olduqlarını bilmirdilər və xilas ümidlərini itirmişdilər.

21-26

RUHLANIN! (Həvarilərin işləri 27:21-26)

Gəmi çıxılmaz vəziyyətə düşdü. Adətən, taxıl daşıyan gəmilərin ölçüləri kifayət qədər böyük olurdu. Onların uzunluğu qırx metrə, eni on bir metrə, suya oturma dərəcəsi isə on metrə qədər idi. Lakin onların fırtınalı havada çox böyük çatışmazlıqları var idi: onların burnu və dal tərəfi, demək olar ki, eyni idi. Yeganə fərq arxa tərəfin qaz boynu şəklində yüksəlməsi idi. Onların müasir dövrdəki kimi sükanı yox idi. Lakin arxa tərəfdə sağ və sol olmaqla iki böyük avarla idarə olunurdu. Buna görə də gəmini idarə etmək çox çətin idi. Bundan əlavə, onların yalnız bir dirəyi, papirusdan və ya tikişli dərilərdən hazırlanmış böyük kvadrat yelkənləri var idi. Belə yelkənlə, təbii ki, küləyə qarşı üzə bilməzdilər. Amma ən pisi o idi ki, iri yelkənli bu tək dirək güclü külək zamanı gəminin taxta arakəsmələrində böyük gərginlik yaratdı, bunun nəticəsində onlar bir-birindən ayrılıb gəmini batırmağa başladı. Bunun qarşısını almaq üçün gəmi heyəti gəmini kəndirlərlə bağladı. Bu o deməkdir ki, trosları gəminin dibinin altından keçirib, gəmini bağlama kimi bağlayaraq bucurqadlarla göyərtədə möhkəm bərkitdilər. Onların necə bir təhlükə ilə üz-üzə qaldığını təsəvvür etmək çətin deyil. Burada heyrətamiz bir şey baş verdi: Paul gəmiyə komandanlıq etdi — məhbus kapitan oldu, çünki yalnız o, cəsarətini qoruya bilmişdi.

Deyirlər ki, ingilis tədqiqatçısı Hemfi Cilbertin səyahətlərindən birində gəminin heyətini qorxu bürümüşdü. Onlar qorxurdular ki, dumana və tufana qərq olub onlara yaxın olan dünyadan uzaq düşəcəklər. Buna görə də Cilbertdən geri qayıtmasını istədilər. Cilbert isə onlara belə cavab verdi: «Mən quruda olduğu kimi dənizdə də Allaha yaxınam». Başqalarının ürəyi qorxuya düşsə də, Allah adamı cəsarətini heç vaxt itirmir.

27-38

ÇƏTİNLİKLƏRDƏ QƏTİYYƏT (Həvarilərin işləri 27:27-38)

Bu vaxt onlar gəmiyə nəzarəti itirmişdilər: gəmi Adriatik dənizinin dalğalarına qərq olmuşdu. Gəminin harada olduğunu heç kim bilmirdi. Birdən qaranlıqda uzaqdan sahilə çırpılan dalğaların səsini eşitdilər. Gəminin sürüşməsini yavaşlatmaq və qaranlıqda görünməyən qayalara çırpılmamaq üçün arxa tərəfdən lövbərlər atdılar. Bu zaman Paul yenidən kapitanlığı üzərinə götürdü. Dənizçilər gəmidə təkbaşına qayıqla üzməyə çalışdılar. Təbii ki, qayığa iki yüz yetmiş altı nəfəri yerləşdirmək mümkün deyildi. Paul onları dayandırdı. Dənizçilər ya hamı ilə birlikdə ölməli, ya da hamı ilə birlikdə xilas olmalı idi. Sonra isə olduqca maraqlı bir səhnə baş verdi. Paul hər kəsə yemək yeməyi təklif etdi. O, Allahdan görüntülər alsa da, eyni zamanda çox praktik insan idi. Buna görə də Paul Allahın Özündən asılı olanı yerinə yetirəcəyinə şübhə etmirdi. O, həm də insanlardan özlərindən asılı olan hər şeyi etməyi tələb edirdi. Paul «fikirləri Allaha qarışdığından yer üzündəkiləri unudanlar»dan deyildi. O, ac insanların zəif olduğunu bildiyi üçün hamını bir yerə yığıb onlara yemək təklif etdi.

Hadisələri oxuyanda adamda elə təəssürat yaranır ki, insanlar sanki fırtınanın ortasında qəribə şəkildə sakit dayanmışdılar. Allah adamı ümidini itirən insanları ruhlandırdı ki, onların taleyi Allahın əlindədir.

Bəşəriyyət üçün ən böyük faydanı çətin şəraitdə sakitliyini qoruyan və bununla da başqalarında əminlik yaradan insanlar verir. Paul məhz belə bir adam idi. Hər bir məsihçi digər insanlar ümidsizliyə qapılanda mətanətli və güclü olmalıdır.

39-44

UÇURUMDAN QURTULUŞ (Həvarilərin işləri 27:39-44)

Bu hissə bir daha Roma zabitinin nəcibliyini və iradəli xarakterini göstərir. Mühafizəçilər bütün məhbusları öldürmək istəyirdilər ki, onlara sahilə üzmək imkanı veriləndə heç kim qaça bilməsin. Bu niyyətlərinə görə mühafizəçiləri qınamaq olmazdı. Çünki Roma qanunlarına görə məhbus qaçanda onun cəzasını mühafizəçi çəkməli olurdu. Lakin Paulun həyatını xilas etmək istəyən zabit bu qərarı ləğv etdi, bununla da bütün məhbusların həyatını xilas etdi. Beləliklə, bu gərgin hekayə rahat nəfəs almaqla bitir. Gəmidəki hər kəs Paulun sayəsində xilas olur.

Azərbaycan dilində Müqəddəs Kitab

Paul Romaya doğru yola çıxır
1 İtaliyaya doğru yelkən açmağa qərar veriləndə Paulu və bəzi başqa məhbusları İmperator alayından Yuli adlı bir yüzbaşıya təhvil verdilər. 2 Asiya vilayətinin sahilindəki limanlara gedən bir Edremit gəmisinə minərək dənizlə getdik. Salonikdən Makedoniyalı Aristarx da yanımızda idi. 3 Ertəsi gün Sidona çatdıq. Paulla dost kimi rəftar edən Yuli ona izin verdi ki, lazımi kömək almaq üçün dostlarının yanına getsin. 4 Oradan yenə dənizlə getdik. Küləklər bizə əks istiqamətdə əsdiyi üçün Kipri külək tutmayan tərəfdən keçdik. 5 Dəniz yolu ilə Kilikiya və Pamfiliyanı keçib Likiyanın Mira şəhərinə gəldik. 6 Yüzbaşı orada İtaliyaya gedən bir İsgəndəriyyə gəmisi tapıb bizi o gəmiyə mindirdi. 7 Xeyli gün aşağı sürətlə, çətinliklə üzərək Knid şəhərinin qarşısına çatdıq. Külək bizə yol vermədiyi üçün Salmoni burnundan dolanaraq Kritin külək tutmayan tərəfi ilə getdik. 8 Sahil boyunca çətinliklə irəliləyərək Laseya şəhəri yaxınlığındakı Gözəl Limanlar adlanan körfəzə gəlib-çatdıq.
9 Xeyli vaxt itirmişdik, hətta oruc günü də keçib-getmişdi. Artıq bu mövsümdə dəniz yolu ilə getmək təhlükəli idi. Odur ki, Paul onlara xəbərdarlıq edərək 10 dedi: «Ağalar, görürəm ki, bu səfər yalnız yük və gəmiyə deyil, canımıza da çox ziyan və bəla gətirəcək». 11 Lakin yüzbaşı Paulun dediklərini dinləməkdənsə gəmi sükançısının və sahibinin sözlərinə uydu. 12 Liman qışlamaq üçün əlverişsiz idi. Buna görə gəmidəkilərin əksəriyyəti oradan dənizə çıxıb imkan olarsa, Finiksə çataraq qışı orada keçirmək qərarına gəldi; Finiks Kritdə olan, cənub-qərbə və şimal-qərbə baxan bir liman idi.
Fırtına
13 Cənubdan zəif bir külək əsməyə başlayanda gözlədikləri anın gəldiyini zənn edərək lövbərləri çıxartdılar. Krit sahili boyu üzərək irəlilədilər. 14 Amma çox keçmədi ki, qurudan Evrakilon fırtınası qopdu. 15 Fırtınaya düşən gəmi küləyə müqavimət göstərə bilmirdi, əlacsız qaldıq və külək bizi aparırdı. 16 Qavda adlı kiçik bir adanın külək zəif tutan tərəfinə düşəndə gəminin qayığını güclə qurtara bildik. 17 Qayığı yuxarı çəkəndən sonra gəminin kəndirlərini onun altından dolayıb bağlayaraq tədbir gördülər. Sirt körfəzində saya oturmaqdan qorxub ləngəri aşağı saldılar və gəmi sürüklənməyə başladı. 18 Fırtına bizi bir xeyli çalxaladı. Ertəsi gün gəminin yükünü atmağa başladılar. 19 Üçüncü gün isə öz əlləri ilə gəminin təchizatını atdılar. 20 Günlərlə nə günəş, nə də ulduzlar göründü. Fırtına da o qədər şiddətlə davam edirdi ki, artıq bundan xilas olmağa ümidimiz qalmamışdı.
21 Adamlar uzun müddət yemək yemədikdə Paul ortada durub dedi: «Ağalar, gərək siz mənə qulaq asıb Kritdən çıxmayaydınız və bu ziyana, bu bəlaya düşməyəydiniz. 22 İndi sizə öyüd verərək deyirəm: ürəkli olun, çünki heç biriniz canını itirməyəcək, yalnız gəmi məhv olacaq. 23 Çünki mənsub olub ibadət etdiyim Allahın bir mələyi bu gecə yanıma gəlib dedi: 24 “Qorxma, Paul, sənin qeysərin qarşısına çıxmağın lazımdır. Səninlə birgə gəmidə olanların hamısını da Allah sənə bağışladı”. 25 Ay ağalar, buna görə ürəkli olun! Allaha inandığıma görə bilirəm ki, hər şey mənə deyilən kimi olacaq. 26 Amma bizə bir adaya düşmək lazımdır».
Gəmi quruda oturur
27 On dördüncü gecə idi ki, biz İoniya dənizində sürüklənirdik. Gecə yarısına yaxın gəmiçilər hiss etdilər ki, quruya yaxınlaşırlar. 28 Suyun dərinliyini ölçəndə gördülər ki, iyirmi qolacdır. Bir az gedəndən sonra bir daha ölçdülər və gördülər ki, on beş qolacdır. 29 Qayalığa çıxmaqdan qorxaraq gəminin dal tərəfindən dörd lövbər atıb sabahın açılması üçün dua etdilər. 30 Belə olanda gəmiçilər qaçmağa çalışıb gəminin qabaq hissəsindən lövbərlər salmaq bəhanəsi ilə qayığı dənizə endirdilər. 31 Amma Paul yüzbaşıya və əsgərlərə dedi: «Bunlar gəmidə qalmasalar, siz xilas ola bilməzsiniz». 32 Bundan sonra əsgərlər qayığın iplərini kəsib onu dənizə saldılar.
33 Dan yeri söküləndə Paul hamıya yemək yeməyi təkid edərək dedi: «Bu gün on dörd gündür ki, nigarançılıq içindəsiniz və heç nə yemədiyinizə görə acsınız. 34 Bunun üçün sizdən xahiş edirəm ki, yemək yeyəsiniz. Bu, xilasınız üçün lazımdır. Heç birinizin başından bir tük belə, əskik olmayacaq». 35 Paul bunu deyəndən sonra çörək götürdü və hamının qarşısında Allaha şükür edərək çörəyi bölüb yeməyə başladı. 36 Bundan hamı ürəklənib yemək yedi. 37 Gəmidə cəmi iki yüz yetmiş altı nəfər idik. 38 Hamı doyandan sonra buğdanı dənizə boşaldaraq gəmini yüngülləşdirdilər.
39 Hava işıqlananda gördükləri qurunu tanıya bilmədilər. Amma qumsal sahili olan bir körfəz gördülər. Qərara aldılar ki, imkan olsa, gəmini orada oturtsunlar. 40 Lövbərləri kəsib dənizdə qoydular. Eyni zamanda sükanları saxlayan kəndirləri açıb qabaq yelkəni qaldıraraq qumsallığa tərəf yönəldilər. 41 Gəmi isə dayazlıqda qum üstündə oturdu. Gəminin burnu quma batıb tərpənməz oldu. Arxa tərəfi isə dalğaların zərbəsindən sınmağa başladı. 42 Əsgərlər məhbusları öldürmək istəyirdi ki, heç biri üzərək qaçmasın. 43 Amma Paulu xilas etmək istəyən yüzbaşı əsgərləri bu fikirdən daşındırdı. Əmr etdi ki, əvvəlcə üzməyi bacaranlar dənizə tullanıb üzsünlər, 44 sonra dalda qalanlar ya taxtalar ya da gəminin başqa parçaları üzərində sahilə çıxsınlar. Beləliklə, hamısı sağ-salamat quruya çıxdı.