1-11
Əhdi-Cədidin qeyri-adi cəhəti ondan ibarətdir ki, ilk məsihçi cəmiyyətinin böyük liderləri bir vaxtlar kim olduqları barədə danışmaqdan çəkinmirdilər. Burada, valinin hüzurunda Paul etiraf edir ki, vaxtilə bütün dünyada məsihçilərin kökünü kəsməyə çalışıb.
Məşhur müjdəçi Braunlou Nort gəncliyində məsihçi idealından çox uzaq bir həyat sürürdü. Günlərin bir günü təbliğ etmək üçün kafedraya çıxanda bir məktub aldı. Məktubun müəllifi yazırdı ki, Braunlounun məsihçi olmamışdan öncə etdiyi biabırçı hərəkətlərə dair onda sübutlar var. Müəllif daha sonra Braunlounu onun xidmətini pozmaq və bütün imanlılara onun etdiyi günahlar barədə məlumat verməklə hədələyirdi. Braunlou məktubu açıb kafedradan camaata oxumağa başladı. O, törətdiyi günah haqqında danışdı, sonda əlavə etdi ki, Məsih onu yenidən doğuzdurub təzələməklə onu başqa bir insan etdi. Məsih hər bir insanı dəyişə bilər. Braunlou öz rüsvayçılığını Məsihin izzətinin sübutuna çevirdi.
Denni qeyd edirdi ki, məsihçiliyin əsas vəzifəsi pis adamları xeyirxah adamlara çevirməkdir. Həqiqi məsihçilər özlərini Məsihin gücünün canlı nümunəsi kimi göstərməkdən heç vaxt çəkinməyiblər. Düzdür, insan heç vaxt özünü dəyişə bilməz. Lakin bu da həqiqətdir ki, insanın bacarmadığı şeyi İsa Məsih edəcək.
Bu hissədə Paul vurğulayır ki, onun təbliğinin mərkəzində ölülərdən dirilmə dayanır. O, yaşayan və ölən bir insan haqqında deyil, izzətdə yaşayan və əbədi Olan bir İnsan haqqında şəhadət edir. Paul üçün Pasxa bayramının hər günü Məsihin dirilməsi günüdür.
12-18
Bu, çox maraqlı hissədir.
1) Yunanca apostolos sözü hamıdan qabağa göndərilən adam deməkdir. Məsələn, səfir apostolos və ya həvaridir. Maraqlıdır ki, Ali Şuranın elçisi də Ali Şuranın həvarisi adlanırdı. Bu o deməkdir ki, Paul səfərinə Ali Şuranın həvarisi kimi başlayıb, onu Məsihin həvarisi kimi başa vurdu.
2) Paul tələsirdi və günorta saatlarında yoluna davam etdi. Adətən, tələsməyən səyahətçi dincəlmək üçün dayanıb günorta istisinin keçməsini gözləyərdi. Buradan görürük ki, Paul məsihçiləri təqib etməkdən ötrü çox tələsirdi. Çox güman, o, ürəyində oyanan şübhələri zorakılıqla boğmağa çalışırdı.
3) Dirilmiş Məsih Paula dedi ki, bizin ucuna təpik vurmaq ona zərər verər. Cavan öküzü birinci dəfə boyunduruğa salanda, o, boyunduruqdan qurtulmağa çalışır. Əgər öküz təkəlli şuma bağlanırdısa, şumçu o biri əli ilə ucu iti olan çubuğu buğanın arxa ayaqlarının yanında tuturdu. Hər dəfə öküz arxa ayaqları ilə təpikləyəndə, ayağı iti çubuğa batırdı. Əgər öküz arabaya bağlanırdısa, onda arabanın qarşısına tikanlı taxta bağlanırdı. Öküz təpikləşəndə, iti taxta onu yaralayırdı. Beləcə cavan öküzü əhliləşdirirdilər. Paul da itaət etməyi belə öyrənməli oldu.
17 və 18-ci ayələr Məsihin insanlar üçün etdiklərinin nəticələrini göstərir:
a) İsa onların gözlərini açır. İnsan Məsihə üz tutanda, əvvəllər görmədiyi şeyləri görməyə başlayır.
b) İsa onları zülmətdən nura gətirir. İnsan Məsihlə görüşməyənə qədər, sanki yanlış yolda gəzir. Məsihlə görüşəndə isə Onun nuru insanı bürüyür və insan işıqlı yol ilə addımlayır.
c) Məsih onları şeytanın hakimiyyətindən Allaha tərəf döndərir. Bundan əvvəl insan şərin təsiri altında yaşayırdı. İndi isə Allahın hər şeyə qalib gələn qüdrəti ona xeyirxahlıqda yaşamaq imkanı verir.
d) Onlar Məsihə iman etməklə günahlarının bağışlanmasına və təqdis olunanlar arasında irsə nail olurlar. Keçmiş günahlara görə artıq cəza yoxdur; gələcək həyat təmizlənib dəyişilmişdir.
19-23
Burada Paul öz vəzinin mahiyyətini gözəl şəkildə xülasə edir:
1) O, insanları tövbəyə çağırdı. Müqəddəs Kitabda tövbə etmək kimi tərcümə olunan yunan sözü, hərfi mənada niyyətlərini dəyişmək deməkdir. Tövbə etmək — yanlış həyat tərzi keçirdiyimizi dərk etmək və tamamilə yeni dəyər sistemini qəbul etmək deməkdir. Tövbə iki addımdan ibarətdir: əvvəlki həyatımıza görə peşman olmaq və Allahın lütfü ilə dəyişmək niyyəti.
2) O, insanları Allaha tərəf dönməyə çağırdı. Çox vaxt biz Allahdan üz döndəririk: bəzən bu, qeyri-ciddilikdən, bəzən də qəlbimizin qaranlıq künclərinə varanda bilərəkdən baş verir. Ancaq hər bir halda, Paul bizi həyatımızda heç bir məna kəsb etməyən Allahı həyatımızın əsasına çevirməyə çağırır.
3) O, insanları tövbəyə layiq işlər görməyə çağırır. Həqiqi tövbənin sübutu insanın həyat tərzidir. Amma tövbəyə layiq səmərə təkcə insan həyatının yeni qanunlarla tənzimlənməsinin nəticəsi deyil, yeni sevginin nəticəsidir. İsa Məsihdə Allahın məhəbbətini dərk edən insan bilir ki, günah etməklə nəinki Allahın qanunlarını pozur, həm də Onun ürəyini yaralayır.
24-32
Bu hissədə deyilənlərdən daha təsiredici bu sözlərin arxasında hiss olunan ab-havadır. Paul məhbus idi, həmin anda, özünün dediyi kimi, əl-qolu qandallanmışdı. Bununla belə, bu sözlər Paulun onların arasında əsas fiqur olması ilə bağlı aydın təəssürat yaradır. Fest onunla cinayətkar kimi danışmır. Şübhəsiz ki, o, Paulun tərcümeyi-halından onun savadlı bir ravvin olduğunu bilirdi. Təbii ki, o, Paulun ilk məsihçi kitabları — papirus tumarları və perqamentdəki əlyazmalarla dolu otağını görmüşdü. Mühakimə olunan daha çox Paula qulaq asan Aqrippa idi, nəinki Paul. Sonda hətta qəzəbli əyanlar Paulu Romaya və ya başqa yerə mühakimə olunmağa göndərmək üçün heç bir səbəb görmür. Paulda onun başını başqalarından uca edən qüdrət var idi. Allahın qüdrəti yunan dilində «dinamit» mənasını verən dunamis sözü ilə ifadə olunur. Ölülərdən dirilmiş Məsihin yanında olan insan heç kimdən qorxmur.