Barclay
KİTABLARAudio kitablarHekayələrİlahilərFilmlər və cizgi filmləriXilas haqqında müjdəXoş xəbər hekayələri

Həvarilərin İşləri: 25-ci fəsil

V. Barklinin şərhləri

25-ci fəsil

1-12

QEYSƏRİN MƏHKƏMƏSİNİ TƏLƏB EDİRƏM (Həvarilərin işləri 25:1-12)

Fest Feliksdən tamamilə fərqli insan idi: biz onun haqqında çox az məlumata malikik. Lakin onu bilirik ki, o, ədalətli və düzgün insan idi. Cəmi iki il hökmdarlıq edəndən sonra öldü, amma pis əməlləri ilə adını ləkələmədi. Yəhudilər ondan öz məqsədləri üçün istifadə etməyə çalışırdılar. Onlar istəyirdilər ki, Fest Paulu Yerusəlimə çağırsın. Çünki yenə də Paulu yolda öldürmək niyyətinə düşmüşdülər. Lakin Fest romalı idi. O, bütün romalılar kimi ədalətli idi. O, yəhudiləri Qeysəriyyəyə gəlməyə və orada öz ittihamlarını söyləməyə dəvət etdi. Paulun cavablarından yəhudilərin ona qarşı necə pis ittihamlar irəli sürdüyünü görə bilərik. Onlar Paulu bidətdə, Məbədi təhqir etməkdə və üsyan qaldırmaqda ittiham edirdilər. Düzdür, onlara görə, bidət ittihamı haqlı idi. Lakin Roma qaydalarına görə bidətin heç bir hüquqi qüvvəsi yox idi. Ancaq küfr və üsyan ittihamları yalan idi.

Fest hakimiyyətinin ilk günlərindən yəhudiləri özünə qarşı qaldırmaq niyyətində deyildi və güzəştə getməyi təklif etdi. Fest Pauldan soruşdu ki, ədalətə zəmanət verildiyi halda, mühakimə olunmaq üçün o, Yerusəlimə getməyə hazırdırmı? Amma Paul bilirdi ki, Yerusəlimdə ədalətli mühakimə olunmayacaq. Buna görə çox vacib bir qərar verdi. Roma vətəndaşı əyalət məhkəməsində ədalətə nail olmayacağını görərdisə, birbaşa imperatora müraciət edə bilərdi. Yalnız cinayət başında yaxalanan qatillər, dəniz quldurları və cinayətkarlar bu hüquqdan məhrum idilər. Digər hallarda isə məhkəmə qapalı keçirilirdi və iddiaçı imperatorun şəxsi qərarı üçün Romaya göndərilirdi. Paul «Mən qeysərin məhkəməsinə müraciət etmək istəyirəm» cümləsini söyləyəndə, Festin başqa seçimi qalmadı. Beləcə Paul təsəvvür etdiyindən tamamilə fərqli şəraitdə Romaya ilk addımını atdı.

13-21

FEST VƏ AQRİPPA (Həvarilərin işləri 25:13-21)

Aqrippa hələ də İsrailin çox kiçik bir hissəsinin — Qalileyanın və Pereanın hökmdarı idi. O, bu az şeyə yalnız romalıların lütfü ilə sahib olduğunu yaxşı bilirdi. Ona vəzifə verən romalılar idi. Romalılar da onu vəzifəsindən azad edə bilərdilər. Buna görə də Roma valisi vəzifəsinə başlayanda, o, hörmət əlaməti olaraq ona baş çəkərdi. Berniki Feliksin arvadı Drusillanın və Aqrippanın bacısı idi. Fest bilirdi ki, Aqrippa yəhudi inancının və adət-ənənələrinin bütün incəliklərinə yaxşı bələddir. Buna görə də Paulun işini onunla müzakirə etməyi təklif etdi. O, heç bir qərəzə yol vermədən məsələ barədə Aqrippanı məlumatlandırdı. Beləcə Paul hökmdarın önündə onun barəsində irəli sürülən ittihamlara qarşı özünü müdafiə etmək imkanı qazandı.

«…siz Mənə görə valilərin və padşahların qarşısına aparılacaqsınız» (Matta 10:18). Xəbərdaredici peyğəmbərlik yerinə yetdi. Lakin vəd edilmiş kömək də (Matta 10:19) bol-bol verildi.

22-27

FEST ƏTRAFLI MƏLUMAT ƏLDƏ ETMƏYƏ ÇALIŞIR (Həvarilərin işləri 25:22-27)

Fest çətin vəziyyətə düşdü. Roma qanunlarına görə, bir şəxs Qeysərin məhkəməsini tələb edirdisə, ona qarşı irəli sürülən ittihamlar haqqında yazılı hesabat Romaya göndərilməli idi. Çətinlik o idi ki, Festin fikrincə, onun Paula qarşı Romaya göndərə biləcəyi heç bir ciddi ittiham yox idi. Ona görə də o, bu görüşü təşkil etdi.

Bütün Əhdi-Cədiddə bundan dramatik vəziyyət yoxdur. Aqrippa və Berniki təntənəli ziyafət geyimində idilər. Çox güman, onlar bənövşəyi padşah paltarları geyinmişdilər və alınlarında qızıldan tac var idi. Şübhəsiz ki, Fest də dövlət işlərini görərkən hökmdara yaraşan tərzdə qırmızı paltarını geyinmişdi. Yəqin ki, hökmdar Aqrippanın əyanları da onun yanında idilər. Çox güman, orada yəhudilərin nüfuzlu nümayəndələri də iştirak edirdilər. Festin yanında Qeysəriyyədə yerləşən beş koqortanın sərkərdələri dayanmışdı. Hamısının arxasında fəxri qarovul kimi hündürboylu Roma döyüşçülərindən ibarət sanballı bir falanqa4 dayanmışdı.

Budur, belə bir səhnəyə qısa boylu, çadır ustası olan yəhudi — Paul əlləri qandallı vəziyyətdə daxil olur. Lakin danışmağa başladığı andan Paul diqqət mərkəzinə düşür. Bəzi insanlar ətrafa böyük təsir göstərə bilir. Qəlbində Məsih, sağında isə Allah olan insan səlahiyyətin sirrinə sahibdir. Belə birisi kimdən qorxmalıdır?

Azərbaycan dilində Müqəddəs Kitab

Festin qarşısında olan məhkəmə
1 Vilayətə çatandan üç gün sonra Fest Qeysəriyyədən Yerusəlimə getdi. 2 Başçı kahinlərlə Yəhudilərin nüfuzlu adamları Paulla bağlı şikayətlərini ona açıqladılar. 3 Onlara bir yaxşılıq etsin deyə Festə yalvararaq Paulun Yerusəlimə gətirilməsini xahiş etdilər, çünki onu öldürmək üçün yolda pusqu qururdular. 4 Fest cavab verdi: «Paul Qeysəriyyədə həbsdədir və tezliklə özüm də oraya gedəcəyəm. 5 Aranızda səlahiyyəti olanlar mənimlə getsin və əgər bu kişi haqsızlıq edibsə, onu ittiham etsin».
6 Fest onların yanında səkkiz ya on gündən artıq qalmadı və Qeysəriyyəyə qayıtdı. Ertəsi gün hökm kürsüsünə çıxıb Paulun gətirilməsini əmr etdi. 7 Paul içəri girəndə Yerusəlimdən gələn Yəhudilər onun ətrafını bürüdü və onun barəsində dəlil-sübutsuz bir çox ağır ittihamlar irəli sürdülər. 8 Paul «nə Yəhudilərin Qanununa, nə məbədə, nə də qeysərə qarşı heç bir günah işlətməmişəm» deyərək özünü müdafiə etdi. 9 Yəhudilərin rəğbətini qazanmaq üçün Fest Paula belə dedi: «Bu iş üzrə mənim qarşımda mühakimənin Yerusəlimdə olmasını istəyirsənmi?» 10 Paul dedi: «Mən qeysərin hökm kürsüsünün qarşısında dayanmışam. Mənim məhkəməm burada olmalıdır. Sən özün də yaxşı bilirsən ki, Yəhudilərə qarşı heç bir haqsızlıq etməmişəm. 11 Əgər haqsızlıq etmişəmsə, ölüm cəzasına layiq bir iş tutmuşamsa, ölümdən qaçmıram. Yox, əgər bunların ittihamları əsassızdırsa, məni onların əlinə təslim etmək üçün heç kimin səlahiyyəti yoxdur. Mən qeysərin məhkəməsinə müraciət etmək istəyirəm». 12 Fest öz məsləhət şurası ilə müşavirə keçirəndən sonra cavab verdi: «Sən qeysərin məhkəməsinə müraciət etmək istədiyin üçün qeysərin yanına gedəcəksən».
Fest Padşah Aqrippa ilə danışır
13 Bir neçə gündən sonra padşah Aqrippa ilə Berniki Festi təbrik etmək üçün Qeysəriyyəyə gəldi. 14 Bir müddət orada qaldılar. Fest bu ərəfədə Paulun işini padşaha danışdı. O dedi: «Bir kişi var, Feliks onu məhbus saxlayaraq gedib. 15 Yerusəlimdə olduğum ərəfədə Yəhudilərin başçı kahinləri ilə ağsaqqalları onunla bağlı şikayətlərini açıqladı və onu cəzalandırmağımı istədi. 16 Mən dedim ki, ittiham edilən şəxsi ittihamçılarla üzləşdirmədən, ona edilən ittihamlara müdafiə imkanı vermədən, onlara təslim etmək Romalıların adətinə xas deyil. 17 Onlar mənimlə buraya toplananda heç bir vaxt itirmədən ertəsi gün hökm kürsüsünə çıxıb bu kişinin gətirilməsini əmr etdim. 18 Amma ittihamçılar qalxıb danışanda mənim gözlədiyim cinayətlərin heç biri ilə onu təqsirləndirmədilər. 19 Lakin onunla öz dinləri barədə bir neçə məsələ qaldırdılar. Bunlar ölmüş və Paulun iddiasına görə sağ olan İsa adlı bir şəxslə bağlı məsələlərdir. 20 Bunları necə tədqiq edəcəyimdən şübhələndiyim üçün ondan soruşdum ki, Yerusəlimə gedib bu iş üçün orada mühakimə olmağa razıdır ya yox. 21 Amma Paul imperatorun məhkəməsinə müraciət etmək və bu olana qədər həbsdə qalmaq istədi. Mən də onu qeysərin yanına göndərəcəyim zamanacan həbsdə qalması barədə əmr verdim». 22 Aqrippa Festə dedi: «Bu adama mən də qulaq asmaq istəyirəm». Fest dedi: «Sabah qulaq asarsan».
Paul padşah Aqrippanın qarşısında
23 Ertəsi gün Aqrippa ilə Berniki təntənəli surətdə gəlib minbaşılar və şəhərin nüfuzlu şəxsləri ilə birlikdə iclas otağına daxil oldular. Festin əmrinə əsasən Paulu içəri gətirdilər. 24 Fest dedi: «Ey padşah Aqrippa və burada bizimlə olan bütün cənablar, istər Yerusəlimdə, istərsə də burada, bütün Yəhudi xalqının şikayət etdiyi bu insanı görürsünüzmü? “Bu adam daha yaşamamalıdır!” deyə Yəhudilər hay-küy salırdı. 25 Amma mən nəticəyə gəldim ki, bu adam ölümə layiq heç bir iş görməyib. Lakin imperatorun məhkəməsinə müraciət etmək istədiyinə görə onu göndərmək qərarına gəldim. 26 Amma onun barəsində qəti bir sözüm yoxdur ki, cənabıma yazam. Ona görə də onu sizin qarşınıza, xüsusən, padşah Aqrippa, sənin qarşına çıxarıram ki, bu işin istintaqından sonra yazmağa sözüm olsun. 27 Çünki bir məhbusu imperatorun qarşısına göndərəndə ona edilən ittihamları göstərməmək mənə məntiqsiz göründü».