Barclay
KİTABLARAudio kitablarHekayələrİlahilərFilmlər və cizgi filmləriXilas haqqında müjdəXoş xəbər hekayələri

Həvarilərin İşləri: 24-cü fəsil

V. Barklinin şərhləri

24-cü fəsil

1-9

YALTAQ ÇIXIŞ VƏ YALAN İTTİHAM (Həvarilərin işləri 24:1-9)

Vəkil Tertul çıxışına iyrənc yaltaqlıqla başladı. O da, Feliks də hər sözün yalan olduğunu bilirdi. O, yəhudilərin Paulu həbs etdiyini iddia edərək yalan danışmağa davam edirdi. Məbədin həyətində baş verənlər həbsdən çox məhkəməsiz cəzalandırmaya oxşayırdı. Onun Paula qarşı irəli sürdüyü ittiham bir qədər təhrif olunmuşdu və üç hissədən ibarət idi:

1) Paul cəmiyyət üçün bəla və üsyanın təhrikçisi idi. Yəni yəhudilər Paulu əhalidə daim üsyan alovu yandıracaq üsyançılardan biri hesab edirdilər. Tertul yaxşı bilirdi ki, səbirli romalılar heç vaxt xalq iğtişaşlarına dözməzlər. Çünki istənilən qığılcımdan alov yaranardı. Tertul bu ittihamın nəinki yalan olduğunu, həm də təsirli olduğunu bilirdi.

2) Paul Nəziri bidətinin rəhbəri idi. Bununla onu məsihçi hərəkatı ilə eyniləşdirirdilər. Romalılar isə yalançı məsihlərin hansı iğtişaşlara səbəb ola biləcəyini yaxşı başa düşürdülər. Belə iğtişaşlar yalnız qanlı döyüşlərlə yatırılırdı. Roma belə bir ittihama laqeyd yanaşa bilməzdi. Tertul bunun da yalan olduğunu bilirdi. Onu da bilirdi ki, bu, ciddi ittihamdır.

3) Paul Məbədi murdarladı. Kahinlər həmişə fatehlərlə əməkdaşlıq etməyə can atan sadukeylər idi. Məbədi murdarlamaq — kahinlərin hüquq və qanunlarını pozmaq demək idi. Tertul ümid edirdi ki, romalılar Roma partiyasının tərəfini tutacaqlar. Tertulun irəli sürdüyü ittiham yarı həqiqətlə təhrif olunmuş faktların təhlükəli qarışığı idi.

10-21

PAULUN MÜDAFİƏSİ (Həvarilərin işləri 24:10-21)

«Asiya vilayətindən bəzi Yəhudilər orada idi…» ifadəsində Paulun cümlələrinin qrammatik quruluşu bir qədər pozulur. O, bir şey haqqında danışmağa başlayır, sonra cümlənin ortasında başqa fikrə keçir. Cümlənin bu uyğunsuzluğu Paulun həyəcanından və vəziyyətinin gərginliyindən xəbər verir. Paul özünü vicdanı təmiz olan bir insan kimi müdafiə edir: o, sadəcə olaraq, faktları bəyan edir. Burada faciəli olan odur ki, Paul başqa imanlı cəmiyyətlərdən sıxıntı çəkən Yerusəlim cəmiyyətində ianələr gətirdiyi və yəhudi qanununun qaydalarını hərtərəfli yerinə yetirdiyi bir vaxtda həbs edilmişdi. Paulun böyüklüyü ondan ibarətdir ki, onun müdafiə nitqində güc, bəzən də qəzəb hiss olunur. Lakin o, heç vaxt özünə qarşı mərhəmət və ya acıma hissi ummurdu. Halbuki saf niyyəti təhrif olunmuş bir insan üçün bu hisslər təbiidir.

22-27

LƏYAQƏTSİZ HÖKMDARLA SƏMİMİ SÖHBƏT (Həvarilərin işləri 24:22-27)

Feliks Paul ilə bir qədər yumşaq davranırdı, lakin Paulun bəzi nəsihətləri onu dəhşətə gətirirdi: onun arvadı Drusilla Birinci Hirod Aqrippanın qızı idi. O, əvvəllər Emesalı padşahı Azizin arvadı idi. Lakin Feliks Atom adlı sehrbazın köməyi ilə onu yoldan çıxardı və Azizdən ayrılıb onunla evlənməsinə razı saldı. Bu səbəbdən Paulun onu Allahın yüksək standartları ilə tanış edəndə onun qorxması təəccüblü deyildi.

Paul iki il həbsdə qaldı. Bu müddət ərzində Feliks həddini çox aşdığından onu geri çağırdılar. Qeysəriyyənin yəhudi və ya yunan şəhəri olması ilə bağlı uzun müddət davam edən mübahisə var idi. Buna görə yəhudilər və yunanlar daim toqquşurdular. Kütləvi zorakılıq partlayışlarından birində yəhudilər qalib gəldi, lakin Feliks yunanlara kömək etmək üçün qoşunlarını göndərdi. Bu zaman minlərlə yəhudi öldürüldü, qoşunlar Feliksin razılığı və təşviqi ilə varlı yəhudilərin evlərini qarət etdilər.

Yəhudilər də öz hüquqlarından istifadə edərək Feliksdən Roma hökumətinə şikayət etdilər. Məhz buna görə Feliks vəzifəsini itirməmək üçün Paulu həbsdə saxladı, baxmayaraq ki, o, Paulun azad edilməli olduğuna əmin idi. Bununla o, yəhudiləri bir növ razı salmaq istəyirdi. Amma heç bir faydası olmadı. O, hökmdar vəzifəsindən uzaqlaşdırıldı və yalnız qardaşı Pallusun müdafiəsi onu edamdan xilas etdi.

Azərbaycan dilində Müqəddəs Kitab

Paul vali Feliksin qarşısında
1 Bundan beş gün sonra baş kahin Xananya, bəzi ağsaqqallar və Tertul adlı bir vəkil Qeysəriyyəyə gəlib Pauldan edilən şikayətləri valiyə çatdırdı. 2 Paul çağırılanda Tertul onu ittiham etməyə başladı: «Möhtərəm Feliks, sənin sayəndə uzun müddətdir ki, əmin-amanlıq içində yaşamaqdayıq. Sənin uzaqgörənliyinlə bu millət üçün keçirdiyin islahatları 3 hər yerdə, hər zaman dərin minnətdarlıqla qəbul edirik. 4 Vaxtınızı çox almaq istəmirəm. Rica edirəm, lütfkarlığınla bizi bir qədər dinlə. 5 Bizim gəldiyimiz nəticəyə görə bu kişi dünyanın hər yerində olan Yəhudilər arasında iğtişaşlar salan bir araqarışdırandır. O, Nəsrani təriqətinin başçılarındandır. 6 Bu insan hətta məbədi murdarlamağa çalışdı, amma biz onu yaxaladıq. 7-8 Onu istintaq etsən, bütün bu ittihamlarımızın doğru olduğunu özündən öyrənə bilərsən». 9 Oradakı Yəhudilər də deyilənlərin doğru olduğunu təsdiqləyərək bu işə qoşuldu.
10 Vali Paula işarə verəndə o cavab verdi: «Bilirəm ki, sən neçə illərdir bu millətin hakimisən. Buna görə sənin qarşında özümü müdafiə etməyimə sevinirəm. 11 Sən özün də öyrənə bilərsən ki, ibadət etmək məqsədi ilə Yerusəlimə gedişimdən bu yana sadəcə on iki gün keçib. 12 Bu adamlardan heç biri görməyib ki, mən məbəddə, sinaqoqlarda yaxud şəhərin hansısa bir yerində kiminləsə mübahisə edim və yaxud camaatı təşvişə salım. 13 Bu anda mənə qarşı etdikləri ittihamları sənin hüzurunda sübut edə bilmirlər. 14 Lakin ata-babalarımızın Allahına onların təriqət adlandırdığı İsa yolunun ardıcılı olaraq ibadət etdiyimi sənin qarşında iqrar edirəm. Qanunda olan və Peyğəmbərlərin kitablarında yazılan hər şeyə inanıram. 15 Eyni ilə bu adamların qəbul etdikləri kimi həm saleh, həm də saleh olmayan insanların diriləcəyinə dair Allaha ümid bəsləyirəm. 16 Bu məqsədlə mən istər Allah, istərsə də insanların qarşısında hər zaman vicdanımın təmiz olması üçün çalışıram. 17 Uzun illərdən sonra millətimə yardım və hədiyyələr vermək üçün Yerusəlimə gəldim. 18 Bununla məşğul olarkən məni məbəddə paklanmış olaraq tapdılar. Ətrafımda nə izdiham, nə də hay-küy var idi. 19 Lakin Asiya vilayətindən bəzi Yəhudilər orada idi. Onlar buraya – sənin hüzuruna gəlməli və məndən şikayətləri varsa, ittihamlarını göstərməlidirlər. 20 Yaxud özləri desinlər ki, Ali Şuranın qarşısında dayandığım vaxt hansı haqsızlığı üzə çıxartdılar. 21 Onların qarşısında dayananda nida edərək belə demişdim və yalnız bunda mənim haqsız olduğumu hesab edə bilərlər: “Bu gün mən ölülərin dirilməsi məsələsinə görə önünüzdə mühakimə olunuram”».
22 İsa yolu barədə dəqiq məlumatı olan Feliks bu işi təxirə salıb dedi: «İşiniz barədə minbaşı Lisiya gələndən sonra qərarımı verəcəyəm». 23 Oradakı yüzbaşıya əmr verdi ki, Paulu nəzarət altında saxlasın, lakin sərbəstlik versin və ona xidmət edən dostlarına maneçilik yaratmasın.
24 Bir neçə gün keçəndən sonra vali Feliks Yəhudi arvadı Drusilla ilə birlikdə gəlib Paulu çağırtdırdı və onun Məsih İsaya olan imanından danışdıqlarına qulaq asdı. 25 Paul salehlik, nəfsə hakim olma və gələcək mühakimədən söhbət edəndə Feliks qorxuya düşdü və dedi: «Bəsdir, indi get, imkan olanda yenə səni çağırtdıracağam». 26 Digər tərəfdən də Pauldan rüşvət umurdu. Ona görə tez-tez Paulu yanına çağırtdırır və onunla söhbət edirdi.
27 İki il keçəndən sonra Feliks öz vəzifəsini Porki Festə təhvil verdi. Feliks Yəhudilərin rəğbətini qazanmaq üçün Paulu həbsdə qoyub getdi.