Barclay
KİTABLARAudio kitablarHekayələrİlahilərFilmlər və cizgi filmləriXilas haqqında müjdəXoş xəbər hekayələri

Həvarilərin İşləri: 23-cü fəsil

V. Barklinin şərhləri

23-cü fəsil

1-10

PAULUN STRATEGİYASI (Həvarilərin işləri 23:1-10)

Ali Şuranın önündə Paul cəsarətlə danışırdı. O, yaxşı bilirdi ki, geriyə yol yoxdur. Hətta çıxışının lap əvvəlində sanki meydan oxuyurdu. Ali Şuraya qardaşlar deyə xitab etmək — özünü onlarla eyni səviyyəyə qoymaq demək idi. Adətən, Ali Şuraya müraciət belə olmalı idi: «Hörmətli İsrail başçıları və ağsaqqalları». Baş kahin Paulun ağzından vurulmasını əmr edəndə, o, «Yəhudinin yanağına vuran Rəbbin izzətinə zərbə vurur» Qanununu pozmuş oldu. Paul dərhal baş kahinə hücum edərək onu üzü ağardılan divar adlandırdı. Ölüyə toxunan yəhudi murdar sayılırdı. Buna görə də qəbirləri ağardırdılar ki, heç kim təsadüfən onlara toxunmasın. Mahiyyət etibarı ilə, Paul baş kahini üzü ağardılmış qəbir adlandırdı.

Digər tərəfdən, öz xalqının rəhbərləri haqqında pis danışmaq cinayət idi (Çıxış 22:28). Paul Xananyanın baş kahin olduğunu yaxşı bilirdi, lakin o, romalılara xidməti qarşılığında qarınqulu, oğru, yırtıcı quldur kimi pis ad çıxarmışdı. Paulun cavabı əslində belə səslənirdi: «Mən heç vaxt ağlıma gətirməzdim ki, belə bir adam İsrailin baş kahini ola bilər». Bundan sonra Paul Ali Şuranın üzvləri arasında nifaq salacaq bir bəyanat verdi. Ali Şura etiqadları bir-birinə zidd olan fariseylər və sadukeylərdən ibarət idi. Fariseylər yazılmamış qanunun bütün təfərrüatlarına əsaslı əhəmiyyət verirdilər, sadukeylər isə yalnız yazılı Qanunu qəbul edirdilər. Fariseylər alın yazısına, sadukeylər isə iradə azadlığına inanırdılar. Fariseylər mələklərə və ruhlara inanırdılar, sadukeylər isə yox.

Beləliklə, Paul farisey olduğunu və ölülərin dirilməsinə inandığına görə mühakimə olunduğunu iddia edir. Nəticədə Ali Şura iki cəbhəyə bölündü. Mübahisə nəticəsində az qala Paulu parçalansınlar. Minbaşı onu şiddətdən xilas etmək üçün yenidən qalaya göndərdi.

11-24

SUİ-QƏSD AŞKAR EDİLDİ (Həvarilərin işləri 23:11-24)

Bu hissə iki cəhətdən vacib hesab olunur: birincisi, yəhudilər Paulu aradan götürmək üçün hər şeyə hazır idilər. Yəhudilər bəzi hallarda adam öldürməyə haqq qazandırırdılar. Məsələn, bir adam cəmiyyətə, əxlaqa təhlükə yaradırsa, onun qətli haqlı sayılırdı. Buna görə qırx nəfər Paulu öldürməyə and içdi. Bu and herem adlanırdı. Belə bir and içən şəxs deyirdi: «Əgər bunu etməsəm, Allah mənə lənət eləsin». Həmin qırx nəfər yeməməyə və içməməyə and içdi və Paulu öldürənə qədər Allahdan təcrid etməyə hazır idi. Xoşbəxtlikdən, onların planından Paulun qardaşı oğlu xəbər tutdu. İkincisi, biz Roma hökumətinin qərəzsiz ədaləti təmin etmək üçün hansı yollara getməyə hazır olduğunu görürük. Paul adi bir məhbus idi. Amma o, həm də Roma vətəndaşı idi. Buna görə minbaşı güclü hərbi konvoy yaratdı ki, Paulu vali Feliksin mühakiməsi üçün Qeysəriyyəyə təhlükəsiz şəkildə çatdırsın. Burada yəhudilərin — seçilmiş xalqın fanatik nifrəti ilə onların gözündə bütpərəst olan minbaşının tərəfsiz ədaləti arasındakı ziddiyyət diqqət çəkir.

25-35

MİNBAŞININ MƏKTUBU (Həvarilərin işləri 23:25-35)

Roma rəhbərliyi Yerusəlimdə yox, Qeysəriyyədə yerləşirdi. Hökmdarın iqamətgahı — pretoriya Qeysəriyyədə Böyük Hirodun tikdirdiyi sarayda yerləşirdi. Klavdi Lisiya qərəzsiz və ədalətli bir məktub yazdı. Beləcə konvoy yola düşdü. Yerusəlimdən Qeysəriyyəyə yüz kilometr məsafə var idi Antipatris isə Qeysəriyyədən qırx kilometr uzaqlıqda yerləşirdi. Antipatrisə gedən yol təhlükəli idi və ətrafda yəhudilər yaşayırdı; Qeysəriyyədən kənarda olan ərazi boş idi və pusqu hücumu üçün tamamilə yararsız idi. Burada əsasən bütpərəstlər yaşayırdı. Bu səbəbdən hərbi konvoyun çoxu Antipatrisdən qayıtdı, yalnız Paulu müşayiət edən atlılar qaldı.

Paulun hüzuruna gətirildiyi hökmdarın adı Feliks idi. Onun adı el arasında məsələ çevrilmişdi. O, beş il Yəhudeyada hökmranlıq etmişdi. Ondan iki il əvvəl Samariya hökmdarı idi; iki il də Yəhudeyanı idarə edəndən sonra vəzifəsindən uzaqlaşdırılmışdı. O, həyatına qul kimi başlamışdır. Onun qardaşı Pallus Neronun sevimlisi idi və onun sayəsində Feliks əvvəlcə azadlığını aldı, sonra isə hökmdar oldu. O, tarixdə Roma əyalətinin hökmdarı olan ilk qul idi. Roma tarixçisi Tasit onun haqqında demişdir: «O, padşahlığı qul ruhu ilə idarə edirdi». O, növbə ilə üç şahzadə ilə evlənmişdi. Birincinin adı məlum deyil. İkincisi Antoni və Kleopatranın nəvəsi idi. Üçüncüsü isə Birinci Hirod Aqrippanın qızı Drusilla idi. O, tamamilə prinsipsiz bir adam idi. Ən yaxın müttəfiqini öldürmək üçün bir qatil belə tutmağa hazır idi. Budur, Paul Qeysəriyyədə belə bir insanla qarşılaşmalı idi.

Azərbaycan dilində Müqəddəs Kitab

1 Ali Şuranı diqqətlə nəzərdən keçirən Paul dedi: «Qardaşlar, mən bu günəcən Allahın qarşısında təmiz vicdanla yaşamışam». 2 Baş kahin Xananya Paulun yanında duranlara əmr etdi ki, onun ağzından vursunlar. 3 Bundan sonra Paul ona dedi: «Ey üzü ağardılan divar, səni Allah vuracaq! Həm oturub Qanuna əsasən məni mühakimə edirsən, həm də Qanunu pozaraq məni döymək üçün əmr verirsən». 4 Yanında duranlar ona dedilər: «Sən Allahın baş kahinini söyürsən?» 5 Paul dedi: «Qardaşlar, onun baş kahin olduğunu bilmirdim. Əlbəttə, “xalqın başçısı barədə pis söz demə” deyə yazılıb».
6 Onların bir hissəsinin sadukey, digər hissəsinin isə farisey olduğunu bilən Paul Ali Şuraya nida etdi: «Ey qardaşlar, mən farisey oğlu fariseyəm. Ölülərin dirilməsinə ümid bəslədiyim üçün burada mühakimə olunuram». 7 Paulun bu sözündən sonra fariseylərlə sadukeylər arasında çəkişmə başladı və toplantı iki hissəyə ayrıldı. 8 Çünki sadukeylər iddia edirlər ki, ölümdən dirilmə, mələk və ruh yoxdur. Əksinə, fariseylər bunların hamısına inanırlar. 9 Toplantıda böyük bir hay-küy yarandı. Farisey tərəfini tutan bəzi ilahiyyatçılar qalxıb dava yaradaraq belə deyirdilər: «Bu adamda heç bir günah görmürük. Nə olsun ki, onunla bir ruh və yaxud mələk danışıb». 10 Çəkişmə o qədər qızışdı ki, minbaşı onların Paulu parçalayacağından qorxdu. O, əsgərlərə əmr etdi ki, aşağı enib Paulu zorla onların arasından çıxararaq qalaya aparsınlar.
11 O gecə Rəbb Paulun yanında dayanıb dedi: «Cəsarətli ol, Yerusəlimdə Mənim haqqımda etdiyin şəhadəti Romada da etməyin lazımdır».
Paula qarşı sui-qəsd
12 Səhər açılanda Yəhudilər öz aralarında Paula sui-qəsd hazırlayaraq and içdilər: «Əgər Paulu öldürməmiş bir şey yeyib-içəriksə, lənətə gələk!» 13 Bu sui-qəsdə qoşulanların sayı qırxdan artıq idi. 14 Bu adamlar başçı kahinlərlə ağsaqqalların yanına gəlib belə dedilər: «Biz qəti and içmişik: “Əgər Paulu öldürməmiş bir şey yeyib-içəriksə, lənətə gələk!” 15 İndi siz Ali Şura ilə birgə guya Paulun işinə daha dəqiq baxmaq istəyərək minbaşıdan xahiş edin ki, onu yanınıza gətirsin. Paul buraya gəlməmiş biz onu öldürməyə hazır olacağıq». 16 Lakin Paulun bacısı oğlu onların pusqu qurduqlarını eşidib qalaya girdi və Paula xəbər verdi. 17 Paul yüzbaşılardan birini yanına çağırıb dedi: «Bu cavanı minbaşının yanına apar, ona çatdırılası bir xəbəri var». 18 Yüzbaşı cavanı götürüb minbaşının yanına apardı və dedi: «Məhbus Paul məni çağırıb xahiş etdi ki, bu oğlanı sənin yanına aparım. Sənə bir sözü var». 19 Minbaşı cavanın əlindən tutub bir tərəfə çəkdi və soruşdu: «Mənə nə demək istəyirsən?» 20 Cavan dedi: «Yəhudilər belə razılığa gəlib ki, guya Paulun işinə daha dəqiq baxmaq istəyirlər, ona görə sabah səndən onun Ali Şuraya gətirilməsini xahiş edəcəklər. 21 Amma sən onların sözünə qulaq asma, çünki qırx nəfərdən artıq kişi “Əgər Paulu öldürməmiş bir şey yeyib-içəriksə, lənətə gələk!” deyə and içib pusquda gözləyir. Onlar hazır dayanıb sənin razılığını gözləyirlər». 22 Minbaşı ona belə tapşırdı: «Bunları mənə xəbər verdiyini heç kimə demə». Sonra oğlanı evə göndərdi.
Paul Qeysəriyyəyə göndərilir
23 Minbaşı yüzbaşılardan ikisini yanına çağırıb belə dedi: «Gecənin üçüncü saatı Qeysəriyyəyə getmək üçün iki yüz piyada, yetmiş atlı və iki yüz nizəçi hazırlayın. 24 Həmçinin minmək üçün heyvanlar gətirin və Paulu sağ-salamat vali Feliksə çatdırın». 25 Sonra bu cür məktub yazdı:
26 «Möhtərəm vali Feliksə Klavdi Lisiyadan salamlar!
27 Bu kişini Yəhudilər tutub öldürmək istəyirdi. Mən biləndə ki bu adam Roma vətəndaşıdır, özümü yetirib əsgərlərlə onu xilas etdim. 28 Onu nədə təqsirləndirmələrini bilmək üçün Yəhudilərin Ali Şurasının qarşısına çıxartdım. 29 Öyrəndim ki, onu özlərinin Qanunu ilə bağlı məsələlərdə ittiham edirlər, amma ona ölüm yaxud həbsə layiq cəza vermək üçün heç bir əsas yoxdur. 30 Mənə çatdırılanda ki bu kişiyə qarşı bir sui-qəsd qurulub, dərhal onu sənin yanına göndərdim. Onu ittiham edənlərin də şikayətlərini sənə bildirmələrini əmr etdim».
31 Əsgərlər onlara verilən əmrə əməl edərək gecə ikən Paulu götürüb Antipatrisə apardılar. 32 Ertəsi gün atlıları Paulla birlikdə yollarına davam etmək üçün ötürəndən sonra qalaya qayıtdılar. 33 Atlılar Qeysəriyyəyə çatan kimi məktubu valiyə verəndə Paulu da ona təslim etdilər. 34 Vali məktubu oxuyandan sonra Paulun hansı vilayətdən olduğunu soruşdu. Öyrənəndə ki Kilikiyadandır, 35 belə dedi: «Səni ittiham edənlər gələndə sənin işinə baxacağam». Bundan sonra əmr verdi ki, Paulu Hirod sarayında nəzarət altında saxlasınlar.