1-10
Qanına susamış izdiham qarşısında özünü müdafiə edən Paul heç də onları inandırmağa və ya fikrindən daşındırmağa çalışmır, sadəcə olaraq, öz təcrübəsini bölüşür. Şəxsi təcrübə isə ən təkzibolunmaz sübutdur. Ümumiyyətlə desək, bu müdafiənin paradoksal mahiyyəti göz qabağındadır və iki mühüm məqamı vurğulayır:
1) Paradoks ondadır ki, Paul danışdığı insanlarla eyni idi. Paul yəhudi idi və yəhudi olduğunu heç vaxt unutmurdu (2Korinflilərə 11:22; Filipililərə 3:4-5). O, Tarsus vətəndaşı idi və Tarsus Kidn (Tarsus çayı) çayının mənsəbində kifayət qədər böyük şəhər və Aralıq dənizi limanı idi. Həmçinin uzaq Fəratdan bütün Kiçik Asiyaya keçən böyük ticarət yolunun son dayanacağı idi. Tarsus qədim dünyanın ən böyük universitet mərkəzlərindən biri idi. Paul isə Qamliel tərəfindən yetişdirilmiş ravvin idi. Qamliel öz növbəsində «qanunun izzəti», «ənənənin qeyrətli sadiqi» sayılırdı və cəmi beş il əvvəl vəfat etmişdi. Bütün bu sadalananlara görə Paulun fikri onun danışdığı kütlənin əhval-ruhiyyəsi ilə tamamilə üstü-üstə düşürdü.
2) Lakin digər tərəfdən bu paradoks Paul ilə onun dinləyiciləri arasındakı fərqi vurğulayır. Onların arasında əsas fərq o idi ki, o, Məsihə bütün insanların Xilaskarı, Allaha isə bütün insanları sevən Varlıq kimi baxırdı. Amma onu dinləyən kütlə inanırdı ki, Allah yalnız yəhudiləri sevir. Onlar Allahın imtiyazlarını mənimsəyirdilər və bu imtiyazları başqa millətlərə layiq görən hər kəsi lənətləyirdilər. Onların arasındakı fərq o idi ki, Paul Məsihlə üz-üzə görüşmüşdü.
Bir tərəfdən, Paul danışdığı insanlarla eyni idi, digər tərəfdən isə onlardan fərqlənirdi. Hər məsihçi də məhz belədir. O, dünyada yaşasa da, Allah onu müəyyən bir iş üçün seçib, təqdis və təyin edib.
11-21
Paul bir daha onu dinləyən kütlə ilə eyni olduğunu vurğulayır. O, Dəməşqə gələndə Qanuna görə yaşayan və yəhudilərin dindar biri kimi tanıdığı Xananyadan göstəriş aldı. Paul vurğulayır ki, o, ataların imanını məhv etmək üçün deyil, onu tamamlamaq üçün gəlib. Burada yenə Lukanın qısaldılmış izahı var. Əgər bu hissə ilə yanaşı, biz Həvarilərin işləri 9-a və Qalatiyalılara məktub 1-ə nəzər salsaq, görərik ki, Paul Yerusəlimə Ərəbistana səfərindən və Dəməşqdə Məsih haqqında şəhadət edəndən cəmi üç il sonra gəlir. Həvarilərin işləri 9-da deyilir ki, Paul Yerusəlimi yəhudilər onun həyatına qəsd etmək istədiklərinə görə tərk etdi. Buradakı nəqlində isə Paulu onun görüntüsünə görə öldürmək istəyirdilər. Bu iki hadisə arasında mahiyyət etibarı ilə heç bir ziddiyyət yoxdur: bunlar fərqli nöqteyi-nəzərdən deyilən eyni hadisədir. Paul burada yəhudiləri tərk etmək istəmədiyini vurğulayır. Allah ona yəhudiləri tərk etməyi əmr edəndə Paul etiraz etdi. Lakin Allah dedi ki, yəhudilər ona qulaq asmayacaq, buna görə o, bütpərəstlərin yanına getməlidir.
Paulun bu ifadəsində kədər hiss olunur. Xilaskarı qəbul etmədikləri kimi, onu da qəbul etmədilər (Yəhya 1:11). Paul belə demək istəyir: «Məndə sizin üçün əvəzsiz bir hədiyyə var, lakin siz ondan imtina etdiniz; ona görə də o, başqa millətlərə təqdim edildi».
14-cü ayədə təkcə Paulun deyil, bütövlükdə məsihçinin həyatının xülasəsi verilir. Bunun üç əsas aspekti var:
1) Allahın iradəsini bilmək. Məsihçinin əsas məqsədi Allahın iradəsini bilmək və onu yerinə yetirməkdir.
2) Salehi görmək. Hər bir məsihçinin arzusu həyatının hər gününü dirilmiş Rəbb İsa Məsihlə yaşamaqdır.
3) Allahın səsini eşitmək. Böyük təbliğçilərdən biri haqqında deyirdilər ki, o, vəz zamanı bəzən kiminsə səsini dinləyirmiş kimi susurdu. Məsihçi hara getmək barədə daim Allahın səsini dinləyir.
22-30
Paulun bütpərəstləri xatırlatması yenidən camaatın hiddətlənməsinə səbəb oldu. Yəhudilər kiminsə bütpərəstlərə vəz etməsi ilə razılaşırdılar. Lakin onlar sünnət ayinlərini yerinə yetirmədən və Qanunu qəbul etmədən bütpərəstlərə bütün imtiyazların verilməsinə etiraz edirdilər. Əgər Paul bütpərəstlərə yəhudiliyin bağlarını — təməl biliklərini təbliğ etsəydi, onlar bundan məmnun olardılar. Amma onları hiddətləndirən o idi ki, Paul bütpərəstlərə məsihçiliyin lütfünü təbliğ edirdi. Onlar narazılıqlarını bildirmək üçün ən adi yolu seçdilər, yəni şərq adətinə görə qışqırıb paltarlarını atdılar, havaya toz qaldırdılar.
Minbaşı arami dilini bilmirdi və Paulun nə dediyini başa düşmürdü. Ancaq bir şeyi yaxşı başa düşürdü — üsyana yol verməməli və üsyana səbəb ola biləcək hər kəsə qarşı tədbir görməlidir. O, Paulu işgəncə altında dindirmək qərarına gəldi. Bu cəza deyildi. Bu, sadəcə olaraq, həqiqəti öyrənmək və ya etiraf etdirmək üçün ən asan yol idi. Qamçılanma ucuna qurğuşun ilgəklərin keçirildiyi dəri qamçı ilə yerinə yetirilirdi. Çox az adam ağlını itirmədən bu cür qamçılanmaya tab gətirə bilirdi. Böyük əksəriyyəti isə ölürdü. Siseron deyirdi ki, Roma vətəndaşının əl-qolunu bağlamaq cinayətdir; onu qamçılamaq cinayətdir; onu öldürmək ata qatili olmaq qədər dəhşətlidir. Beləliklə, Paul Roma vətəndaşı olduğunu bildirdi. Minbaşı dəhşətə gəldi. Paul təkcə Roma vətəndaşı deyildi, o, azad doğulmuşdu, minbaşı isə azadlığını satın almışdı. Minbaşı başa düşdü ki, o, az qala onun vəzifəsi, bəlkə də həyatı bahasına başa gələcək bir səhvə yol versin. Buna görə də o, Paulu buxovdan azad edib, bu məsələnin səbəbini öyrənmək üçün onu Ali Şuranın qarşısına çıxartmaq qərarına gəldi.
Elə vaxtlar olub ki, Paul öz imtiyazlarını vurğulayırdı, amma o, bunu şəxsi mənfəəti üçün etmirdi. Bilirdi ki, hələ Allahın tapşırığını tam yerinə yetirməyib. Bir gün o, Məsih uğrunda məmnuniyyətlə öləcək. Amma burada hüquqlarını bilərək, müdrikcəsinə özünü müdafiə edir.