Barclay
KİTABLARAudio kitablarHekayələrİlahilərFilmlər və cizgi filmləriXilas haqqında müjdəXoş xəbər hekayələri

Həvarilərin İşləri: 21-ci fəsil

V. Barklinin şərhləri

21-ci fəsil

1-16

DAYANMADAN İRƏLİ (Həvarilərin işləri 21:1-16)

Bu hissdə hekayənin tempi sürətlənir. Paul Yerusəlimə yaxınlaşdıqca fırtınanın yaxınlaşması da hiss olunur. İki məqam açıq-aydın görünür:

1) Paul onu Yerusəlimdə nəyin gözləməyindən asılı olmayaraq, ora getməkdə qətiyyətli idi. Surdakı şagirdlərin və Qeysəriyyədə Aqab peyğəmbərin xəbərdarlıqları açıq-aydın şəkildə fəlakətdən xəbər verirdi. Lakin Paulu seçdiyi yoldan heç nə döndərə bilməzdi. İspaniya vətəndaş müharibəsi zamanı mühasirəyə alınmış şəhərlərdən birinin qarnizonu təslim olmağa hazır idi, amma şəhərin müdafiəçilərindən biri dedi: «Diz üstə yaşamaqdansa, ayaq üstə ölməyi üstün tuturam». Paul məhz belə düşünürdü.

2) Maraqlıdır ki, Paul hara gedirdisə, onu məsihçi icması qarşılayırdı. Əgər Paulun dövründə bu, belə idisə, bizim dövrümüzdə daha çox tətbiq olunur. İmanlı Cəmiyyətinə mənsub olan insanın ən böyük imtiyazlarından biri odur ki, o, hara getsə, qoşula biləcəyi həmfikir insanlardan ibarət bir cəmiyyət tapır. İmanlı Cəmiyyətinin böyük ailəsinə mənsub olan insanın bütün dünyada dostları var. Aqab peyğəmbər maraqlı insandır. Yəhudi peyğəmbərlərinin özünəməxsus bir adəti var idi: əgər sözlər peyğəmbərliyin mənasını kifayət qədər aydın şəkildə ifadə etmirdisə, onu hərəkətlə təqdim edirdilər. Əhdi-Ətiqdə bunun çoxlu nümunələri var (Yeşaya 20:3.4; Yeremya 13:1-11; 27.2; Yezekel 4; 5:1-4; 1Padşahlar 11:29-31).

17-26

YERUSƏLİMDƏ GÜZƏŞT (Həvarilərin işləri 21:17-26)

Paul Yerusəlimə gələndə İmanlı Cəmiyyəti bir problemlə üzləşdi: Yerusəlimdəki imanlı cəmiyyətinin rəhbərləri inandılar ki, Allah Paulun həyatında, həqiqətən, böyük işlər görüb. Lakin Yerusəlimdə belə bir şayiə yayılmışdı ki, guya Paul yəhudiləri Qanundan və əcdadlarının imanından dönməyə çağırır. Amma Paul bunu heç vaxt etməmişdi. Düzdür, o, yəhudi qanunlarının bütpərəstlər üçün məcburi olmadığını deyirdi. Ancaq heç vaxt yəhudiləri əcdadlarının adətlərindən döndərməyə çalışmamışdı. İmanlı Cəmiyyətinin rəhbərləri Paulun yəhudi adət-ənənələrinə sadiqliyini sübut edə biləcək bir yol tapdılar. İcmada nəziri əhdini boynuna götürən dörd adam var idi. Həmin nəziri əhdi Allahın xeyirxahlığına minnətdarlıq əlaməti olaraq verilirdi. Bu əhdə əsasən otuz gün ərzində ətdən və şərabdan imtina edilir, saç kəsilmirdi. Bəzən əhdin sonuncu yeddi günü Məbəddə keçirilirdi. Bundan sonra müəyyən qurbanlar təqdim edilməli idi: günah qurbanı — birillik quzu, ünsiyyət qurbanı — qoç, taxıl təqdimi — buğda unundan hazırlanmış və yağda bişmiş bir səbət mayasız çörək, yandırma qurbanı və içmə təqdimi. Sonda təqdimlərlə birlikdə saçlar kəsilib, qurbangahda yandırılmalı idi. Bütün bunlar böyük xərc tələb edirdi. İnsan işini bir kənara qoyub, qurban üçün hər şeyi almalı olurdu. Belə bir nəziri əhdi çoxları üçün əlçatmaz idi. Ona görə də imkanlı şəxs belə bir nəziri əhdi edən adamın xərclərini üzərinə götürürdüsə, bu, Allaha məqbul sayılırdı. Pauldan dörd nəfərin nəziri əhdinin xərclərini ödəməyi xahiş etdilər, o da razılaşdı. Bununla o, hamıya göstərə bildi ki, Qanuna əməl edir.

Lakin bütün bunlar, şübhəsiz ki, Paulun xoşuna gəlmirdi. Onun üçün belə adətlər mənasını itirmişdi. Yalnız əsl böyük insan öz istək və fikirlərini İmanlı Cəmiyyətinin işinə tabe etdirə bilər. Bəzən güzəştə getmək zəifliyin yox, qüdrətin əlamətidir.

27-36

BÖHTAN DOLU İTTİHAMLAR (Həvarilərin işləri 21:27-36)

Amma elə oldu ki, güzəştə getmək problemə səbəb oldu. Əllinci gün bayramı idi. Yerusəlimə dünyanın hər yerindən yəhudilər toplaşmışdılar və orada Asiyadan olan yəhudilər də var idi. Onlar Paulun onlara necə səmərəli xidmət etdiyini bilirdilər. Onlar Paulu şəhərdə Trofimlə birlikdə görmüşdülər. Çox güman, onlar Trofimi tanıyırdılar. Nəziri əhdindən irəli gələn problemlər Pauldan tez-tez Məbədə getməyi tələb edirdi. Yəhudilər elə zənn etdilər ki, Paul Trofimi özü ilə Məbədə aparır. Trofim isə bütpərəst idi və bütpərəstlərin Məbədi ziyarət etməsi ağır cinayət sayılırdı. Yəhudiliyi qəbul edən bütpərəstlər yalnız bütpərəstlər üçün olan həyətə girə bilərdilər; bütpərəstlərin həyətini qadınların həyətindən ayıran səddə üzərində belə yazılmış lövhələr var idi: «Heç bir əcnəbi Məbədin ətrafındakı hasarın o tərəfinə keçə bilməz. Bu qaydanın pozulmasına görə ölüm cəzasının məsuliyyətini həmin şəxs özü daşısın». Hətta romalılar bu xəbərdarlığa o qədər ciddi yanaşırdılar ki, yəhudilərə bu cinayətə görə ölüm cəzası təyin etmək və həyata keçirmək hüququ vermişdilər. Asiyadan gələn yəhudilər isə Paulu Qanunu pozmaqda, seçilmiş xalqı təhqir etməkdə və Məbədi murdarlamaqda ittiham etdilər. Onlar kütləni məhkəməsiz cəzalandırmaya və Paulu öldürməyə qızışdırdılar. Məbədin şimal-qərb küncündə Böyük Hirod tərəfindən tikilmiş Antoni Qülləsi yerləşirdi. Böyük bayram günlərində gərgin şəraitdə hər an iğtişaş yaranacağını gözə alaraq, həmin sarayda min döyüşçüdən ibarət bir koqorta yerləşdirilmişdi. Roma hökuməti mülki qaydaya hörmət etməyi tələb edirdi və üsyanı həm onu ​​qaldıran əhalinin, həm də buna icazə verən hərbi komandanlığın bağışlanmaz cinayəti hesab edirdi. Baş komandan camaat arasında iğtişaş yarandığını eşidib əsgərlərlə gəldi. Paulun təhlükəsizliyi üçün o, həbs edildi. Onun hər qolu Roma əsgərinə zəncirləndi. Yaranan hay-küydə minbaşı Paulun günahına dair həyəcanlı izdihamdan əsaslandırılmış sübut əldə edə bilmədi. Paul qəzəbli izdihamın arasından qalaya aparıldı. Bu vaxtadək Paul heç vaxt ölümə bu qədər yaxın olmamışdı. Onu qərəzsiz Roma ədaləti xilas etdi.

37-40

QƏZƏBLİ İZDİHAMIN ÖNÜNDƏ (Həvarilərin işləri 21:37-40)

Antoni Qülləsi Məbədin daxili həyətlərinə şimal və qərb tərəfdən iki pilləkənlə bağlanırdı. Əsgərlər izdihamın arasından öz kazarmalarına gedəndə Paul heyrətamiz bir təklif etdi. O, minbaşıdan camaatla danışmağa icazə verməsini xahiş etdi. Paul bununla izdihamın gözünün içinə baxmağı lazım bildi. Minbaşı kütlənin öldürmək istədiyi adamın yunanca yaxşı danışdığını eşidəndə təəccübləndi. Təxminən eramızın 54-cü ilində bir misirli sadəlövh insanlardan ibarət izdihamı Zeytun dağına apardı və onlara şəhərin divarlarının uçacağını vəd etdi. Romalılar misirlinin ardıcıllarının öhdəsindən tez gəldilər, lakin misirlinin özü yoxa çıxdı. Minbaşı Paulu geri qayıdan üsyançı misirli zənn etdi. Həmin misirlinin davamçıları vətənlərinin azadlığı uğrunda fəaliyyətlərini terror üzərində quran millətçilər idi. Onları «xəncərdar», «xəncər çəkənlər» adlandırırdılar, çünki paltarlarının altında xəncər gəzdirirdilər. Onlar izdihamın içində gəzişir, fürsət düşən kimi hücum edirdilər. Paul özünü təqdim edəndə, minbaşı başa düşdü ki, Paul hər kim olsa da, üsyançı qatil deyil. Buna görə ona danışmağa icazə verdi. Danışmağa hazırlaşarkən Paul camaata işarə edərək susmağı xahiş etdi. Təəccüblüsü odur ki, izdihama tam sükut çökdü. Paulu öldürməyə hazır olan kütlənin susqunluğu Paulun şəxsiyyətinin insanlarda yaratdığı təəssüratı göstərir. Əhdi-Cədidin heç bir yerində onun şəxsiyyəti bu qədər aydın açıqlanmır. Həmin anda Allahın Qüdrəti Paula rəhbərlik edirdi.

Azərbaycan dilində Müqəddəs Kitab

Yerusəlimə səyahət
1 Onlardan ayrılıb dənizə çıxanda birbaşa Kosa getdik, səhəri gün isə Rodosa, oradan da Pataraya keçdik. 2 Finikiyaya gedən bir gəmi tapdıq və ona minib dənizlə getdik. 3 Kipri gördük və onun cənubundan keçdik. Suriya istiqamətinə getdik və Sur şəhərində sahilə çıxdıq. Gəmi yükünü orada boşaltmalı idi. 4 Orada şagirdləri axtarıb tapdıq və yanlarında bir həftə qaldıq. Şagirdlər Ruhun təsiri ilə Paula xəbərdarlıq etdilər ki, Yerusəlimə getməsin. 5 Amma oradakı günlərimiz başa çatanda bu şəhərdən çıxıb yolumuza davam etdik. İmanlıların hamısı öz arvad-uşaqları ilə bərabər bizi şəhərin kənarına qədər ötürdü və sahildə diz çökərək dua etdik. 6 Bir-birimizlə vidalaşandan sonra biz gəmiyə mindik, onlar da evlərinə qayıtdılar.
7 Surdan dəniz səyahətimizə davam edərək Ptolemaisə gəldik və orada imanlı bacı-qardaşlara baş çəkib bir gün yanlarında qaldıq. 8 Ertəsi gün onlardan ayrılıb Qeysəriyyəyə gəldik. Yeddi köməkçidən biri olan müjdəçi Filipin evinə gedib orada qaldıq. 9 Bu kişinin peyğəmbərlik edən dörd subay qızı var idi. 10 Oraya çatandan bir neçə gün sonra Yəhudeyadan Aqab adlı bir peyğəmbər gəldi. 11 O bizə yaxınlaşıb Paulun kəmərini götürüb öz əllərini və ayaqlarını bağlayaraq dedi: «Müqəddəs Ruh belə deyir: “Yəhudilər bu kəmərin sahibini Yerusəlimdə belə bağlayıb başqa millətlərə təslim edəcəklər”». 12 Bu sözləri eşidəndə həm biz, həm də oranın sakinləri Paula yalvardıq ki, Yerusəlimə getməsin. 13 Buna cavab olaraq Paul belə dedi: «Nə olub? Niyə ağlayıb ürəyimi sızladırsınız? Mən Rəbb İsanın adı uğrunda Yerusəlimdə təkcə əl-ayağımın bağlanmasına deyil, ölümə də hazıram». 14 Paulu razı sala bilmədikdə «Qoy Rəbbin iradəsi olsun!» deyərək susduq.
15 Bir müddət keçəndən sonra biz hazırlıq işlərini görüb Yerusəlimə tərəf getdik. 16 Qeysəriyyədə yaşayan şagirdlərin bəzisi də bizimlə birgə gəldi. Onlar bizi ilk şagirdlərdən biri olan Kiprli Minasonun evinə apardı, çünki biz onların evində qalacaqdıq. 17 Yerusəlimə çatanda imanlı bacı-qardaşlar bizi sevinclə qarşıladılar. 18 Ertəsi gün Paulla birlikdə Yaqubu görməyə getdik. Cəmiyyət ağsaqqallarının hamısı oraya yığılmışdı. 19 Paul onlardan hal-əhval tutandan sonra öz xidməti ilə əlaqədar olaraq Allahın başqa millətlər arasında gördüyü işlərdən ətraflı məlumat verdi. 20 Bunları eşidəndə Allahı izzətləndirdilər. Paula dedilər: «Görürsənmi, qardaş, Yəhudilər arasında on minlərlə imanlı var və hamısı Qanunun qeyrətini çəkir. 21 Onlar sənin barəndə xəbər tutublar ki, başqa millətlər arasında yaşayan bütün Yəhudilərə oğullarını sünnət etməyib adət-ənənələrimizə görə yaşamamağı və Musadan dönməyi öyrədirsən. 22 İndi nə edək? Mütləq sənin bura gəldiyini eşidəcəklər. 23 Ona görə sənə dediklərimizə əməl et. Bizim aramızda əhd edən dörd kişi var. 24 Bunları yanına al və onlarla birgə paklanma mərasiminə qoşul. Başlarını qırxdırmaq üçün qurban xərclərini sən çək. Bununla da hamı biləcək ki, sənin haqqında eşitdikləri əsassızdır, sən də Qanuna riayət edirsən. 25 Başqa millətlərdən olan imanlılara gəlincə, biz qərara alıb onlara məktub vasitəsilə yazmışıq ki, bütlərə təqdim olunan qurbanların ətini, boğularaq öldürülən heyvanların ətini və qan yeməsinlər, həmçinin özlərini əxlaqsızlıqdan saxlasınlar». 26 Bundan sonra Paul bu dörd kişini yanına alıb ertəsi gün onlarla bərabər özünü pak etdi. Sonra məbədə girərək paklanma dövrünün nə vaxt qurtaracağını, hər birinin adına nə vaxt qurban təqdim ediləcəyini elan etdi.
Paulun həbsi
27 Yeddi günlük müddət qurtarmaq üzrə Asiya vilayətindən olan Yəhudilər Paulu məbəddə görəndə bütün izdihamı təşvişə salaraq onu yaxaladılar 28 və qışqırdılar: «Ey İsraillilər, kömək edin! Hər yerdə hər kəsə, xalqımıza, Qanuna və bu Müqəddəs məkana qarşı təlim öyrədən adam budur. Həmçinin məbədə bəzi Yunanları gətirərək bu Müqəddəs məkanı murdarladı». 29 Bu Yəhudilər Efesli Trofimi əvvəllər şəhərdə Paulun yanında gördükləri üçün elə bilirdilər ki, onu Paul məbədə gətirib. 30 Bütün şəhər oyandı. Camaat hər tərəfdən qaçıb-gələrək Paulu tutub məbəddən bayıra sürüdü. Dərhal məbəd qapıları bağlandı. 31 Onlar Paulu öldürməyə çalışırdılar ki, bütün Yerusəlimin təşvişə düşməsi xəbəri Roma alayının minbaşısına çatdırıldı. 32 Minbaşı dərhal yüzbaşılarla əsgərləri özü ilə götürərək izdiham olan yerə qaçdı. Minbaşı ilə əsgərləri görən camaat Paulu döyməyi dayandırdı. 33 O zaman minbaşı yaxına gəlib Paulu tutdu və əmr etdi ki, onu qoşa zəncirlə bağlasınlar. Sonra soruşdu: «Bu adam kimdir? Nə edib?» 34 İzdiham içində hər ağızdan bir avaz gəlir, qışqırışırdılar. Hay-küydən minbaşı heç nə müəyyənləşdirə bilmədi, ona görə Paulun qalaya aparılmasını əmr etdi. 35 Paul pilləkəndə olanda xalq elə qızışmışdı ki, əsgərlər onu əlləri üstündə aparmalı oldular. 36 Çünki izdiham onun ardınca düşüb qışqırırdı: «Öldürün onu!»
Paulun özünü müdafiəsi
37 Paul qalaya gətirilməkdə ikən o, minbaşıdan soruşdu: «Səndən bir söz soruşmaq olar?» Minbaşı dedi: «Sən Yunan dilini bilirsən? 38 Sən bu yaxınlarda iğtişaş yaratmağa başlayan dörd min qatili səhraya aparan Misirli deyilsənmi?» 39 Paul dedi: «Mən Yəhudiyəm, Kilikiyanın Tarsus şəhərindənəm, məşhur bir şəhərin vətəndaşıyam. Rica edirəm, bu xalqa bir neçə söz deməyə izin ver». 40 Minbaşı icazə verəndən sonra Paul pilləkənlərin üstünə çıxıb diqqəti cəlb etmək üçün xalqa əli ilə işarə etdi. Dərin sükut çökəndə İbrani dilində danışmağa başlayaraq dedi: