1-6
Biz artıq gördük ki, Paul Yerusəlimdəki imanlı cəmiyyətinə kömək etmək üçün bütün imanlı cəmiyyətlərindən ianə toplamaq istəyirdi. Bunun üçün o, Makedoniyaya yola düşdü. Buradan Paul haqqında nə qədər az məlumatlı olduğumuz bizə aydın olur. 2-ci ayədə deyilir ki, Paul o tərəfləri gəzib-dolaşandan sonra Yunanıstana gəldi. Çox güman, o, həmin vaxt İllirikumu da ziyarət etmişdi (Romalılara 15:19). Bu sətirlərdə təxminən bir illik səyahətin və onunla bağlı macəraların nəticələri əksini tapır.
3-cü ayədə deyilir ki, Paul Yunanıstandan Suriyaya getməyə hazırlaşanda, yəhudilərin hiyləsi aşkar olundu. Pasxada iştirak etmək istəyən yəhudi zəvvarlar çox vaxt xarici limanlardan Suriyaya yola düşürdülər. Görünür, Paul bu gəmilərdən birində getmək istəyirdi. Belə bir gəmidə yəhudilərə Paulun dənizdə yoxa çıxmasını təşkil etmək çox asan olardı, bir daha heç kim onun haqqında eşitməzdi. Paul həmişə həyatını riskə atırdı.
4-cü ayədə onu müşayiət edənlərin siyahısı verilir. Çox güman, bu adamlar müxtəlif imanlı cəmiyyətləri tərəfindən Yerusəlimdəki imanlı cəmiyyətinə ianələrini vermək üçün göndərilmişdi. Hələ o zaman, məsihçiliyin başlanğıcında aydın şəkildə göstərilirdi ki, İmanlı Cəmiyyəti birdir və birinin ehtiyacı yarananda başqaları ona kömək etməlidir.
5-ci ayədə Luka üçüncü şəxsdən birinci şəxsin nəqlinə keçir. Bu o deməkdir ki, Luka yenidən Paulun yanındadır və bizə bilavasitə şahidi olduqlarını çatdırır. Luka yazır ki, onlar Mayasız Çörək bayramından sonra Filipi tərk etdilər. Bu bayram Pasxa bayramından başlayır və bir həftə davam edirdi. Həmin müddət ərzində yəhudilər Misir köləliyindən qurtuluşlarının xatirəsinə mayasız çörək yeyirdilər. Pasxa aprelin ortalarına təsadüf edirdi.
7-12
Bu bizə imanlıların ibadətinin necə keçdiyi barədə aydın təsəvvür verən ilk canlı şahid ifadəsidir. Burada iki dəfə Rəbbin süfrəsindən danışılır. İlk məsihçi cəmiyyətində bir-biri ilə sıx əlaqəsi olan iki ayin keçirilirdi. Onlardan biri Məhəbbət süfrəsi adlanırdı. Hər kəs yemək üçün bir pay gətirirdi. Bu da çox vaxt qulların həftə ərzində yediyi normal yemək idi. Həmin məhəbbət süfrəsində məsihçilər mehriban dostlar kimi birlikdə yemək yeyirdilər. Digər ayin Axırıncı Şam yeməyi adlanırdı. Bu, ya Məhəbbət süfrəsindən dərhal sonra başlayırdı, ya da elə məhəbbət süfrəsi zamanı. Ola bilsin, biz birlikdə süfrə arxasında oturmaqdan irəli gələn xoşbəxtlik hisslərini itirmişik. Başqa heç nə onun qədər Məsihçi Cəmiyyətinin ailə xarakterini və ruhunu nümayiş etdirmir.
Bütün bunlar gecə baş verirdi. Bəlkə də bu, qulların yalnız gecə vaxtı işlərindən azad olmaları və məsihçi qardaşların yanına gələ bilmələri ilə əlaqədar idi. Eftikin başına gələnlər də bununla izah olunur. Qaranlıq idi. Üçüncü mərtəbədəki alçaq otaq isti idi. Çoxsaylı çıraqlara görə otağın havası ağırlaşmışdı. Şübhəsiz ki, Eftik bütün günü çox işləmişdi və bərk yorulmuşdu. O, gecənin sərin havasını udmaq üçün açıq pəncərədə oturmuşdu. Pəncərələr şüşədən deyil, ağacdan düzəldilmişdi və döşəmədən idi. Onlar qapı kimi açılır və həyətə baxırdı. Yorğun Eftik ağır havada yuxuya getdiyindən üçüncü mərtəbədən həyətə yıxıldı. Elə düşünmək olmaz ki, Paul ara vermədən danışırdı. Onun vəzi söhbətlər və müzakirələrlə əvəz olunurdu. Otaqda olanlar pilləkənlərlə həyətə enib gəncin huşsuz vəziyyətdə olduğunu görəndə Şərq adətinə görə ucadan qışqırmağa başladılar. Lakin Paul onları sakitləşdirdi, çünki gənc nəfəs alırdı. Növbəti ayələrdən öyrənirik ki, Paul hamı ilə birlikdə getmədi. O, Evtikin yıxıldıqdan sonra tam sağalmasına əmin olmaq üçün orada qaldı. Təsvir edilən mənzərə xoş təəssürat yaradır. Çünki bu, müasir imanlı cəmiyyətinin xidmətindən çox ailə görüşü təsiri bağışlayır. Ola bilərmi ki, ailə mühitinə görə imanlı cəmiyyətinin xidmətindən daha böyük nailiyyət əldə edək?
13-16
Luka Paul ilə birlikdə olduğuna görə biz səyahəti günbəgün, mərhələ-mərhələ izləyə bilərik. Troasdan Assosa qədər yol 30 kilometrdən çox idi. Bu yolu dənizlə gedəndə əlli kilometrə qədər uzanırdı. Çünki dənizdə güclü şimal-şərq küləyinə qarşı üzmək, üstəlik Lektum burnunun ətrafında dolanmaq lazım gəlirdi. Paulun piyada səyahət etmək və Assosda yenidən gəmiyə minmək üçün kifayət qədər vaxtı var idi. Bəlkə də qarşıdakı xidmətlərə hazırlaşmaq üçün təklikdə vaxt keçirmək istəyirdi. Mitilini Lesvos adasında, Hios (Sakız) isə Samos (Sisam) adasında yerləşirdi. Milet Efesdən qırx beş kilometr cənubda, Meandr çayının mənsəbində yerləşirdi.
Biz Paulun Pasxa bayramında Yerusəlimə getmək istədiyini və yəhudilərin sui-qəsd hazırlayaraq, buna necə mane olduğunu görürük. Əllinci günü bayramı Pasxadan yeddi həftə sonra qeyd olunurdu. Paul bu böyük bayramda orada olmağa çalışırdı. Paul yəhudilərlə əlaqəsini kəssə də, əcdadlarının bayramları ona çox əziz idi. O, bütpərəstlərin həvarisi idi, buna görə xalqı hətta ona nifrət edə bilərdi. Amma onun qəlbində xalqına qarşı böyük məhəbbət var idi.
17-38
Duyğularla dolu olan bu vida nitqini tamlığı ilə təsvir etmək mümkün deyil. Ancaq gəlin bəzi məqamları vurğulayaq. Birincisi, Paul özü haqqında nəsə qeyd edir:
1) O, Allahın bütün iradəsini bəyan edərək, çəkinmədən və ya insanların iltifatına uymadan cəsarətlə danışırdı.
2) O, heç kimdən asılı olmadan yaşayırdı. Bütün ehtiyaclarını öz əlinin zəhməti ilə qarşılayırdı. O, təkcə öz ehtiyaclarını ödəmək üçün deyil, ondan daha pis vəziyyətdə olanlar üçün də çalışırdı.
3) O, gələcəyə cəsarətlə baxırdı. O, Müqəddəs Ruhun təsiri altında olaraq və Ona güvənərək, gələcəkdə istənilən vəziyyətlə qarşılaşmağa hazır idi.
Paul dostlarına da tələblər qoyur:
1) Paul onlara öz vəzifələrini xatırladır. Onlar Rəbb Allahın sürüsünün nəzarətçiləri və çobanları idilər. Bu xidməti onlar özləri seçmədilər, Allah onları bu xidmətə təyin etdi. Yaxşı Çobanın xidmətçiləri həm də Onun Cəmiyyətinin çobanları olmalı idilər.
2) Paul qarşıda onları gözləyən təhlükə barədə xatırladır. Dünya pisliklərlə doludur. Həqiqət olan yerdə yalan hücum edə bilər. İman və Cəmiyyətin saflığı uğrunda onları daimi mübarizə gözləyir.
Paulun vida mərasimi dərin məhəbbət hissi ilə doludur. Məhəbbət hissi hər bir imanlı cəmiyyətini idarə etməlidir, çünki imanlı cəmiyyətinin sevgisi soyusa, sözsüz ki, imanı sönər.