1-7
Paul Efesdə Yəhyanın vəftizi ilə vəftiz olunmuş, lakin Müqəddəs Ruh haqqında heç nə bilməyən bir neçə adamla qarşılaşdı. Yəhyanın vəftizi və İsanın adı ilə edilən vəftizin arasında nə fərq var? Vəftizçi Yəhyanın təbliği (Matta 3:7-12; Luka 3:3-11) İsanın təbliği ilə onun təbliği arasında əhəmiyyətli bir fərq olduğunu göstərir. Yəhyanın təbliği ifşadan ibarət idi, lakin İsanın təbliği Xoş Xəbər idi. Yəhyanın təbliği yola çıxmaq üçün bir addım idi. O özü də bilirdi ki, yalnız ondan sonra Gələnə yol hazırlayır (Matta 3:11; Luka 3:16).
Yəhyanın təbliği zəruri addım idi, çünki iman həyatı iki mərhələdən ibarətdir. Birinci mərhələdə biz acizliyimizi, zəifliyimizi və məhkumluğumuzu dərk edirik. Bilirik ki, Allahın hökmü üzərimizdədir. Bu mərhələ daha yaxşı olmaq istəyi ilə sıx bağlıdır, lakin biz öz gücümüzə güvəndiyimiz üçün bu mərhələdə uğursuzluğa düçar oluruq. İkinci mərhələdə biz başa düşürük ki, bizim məhkumluğumuz İsa Məsihin lütfü ilə aradan qaldırıla bilər. Bu mərhələdə biz dərk edirik ki, yaxşı işlər görmək səylərimiz Müqəddəs Ruh tərəfindən dəstəklənir. Müqəddəs Ruh sayəsində özümüz heç vaxt edə bilməyəcəyimiz işləri edə bilərik.
Paulun Efesdə görüşdüyü məsihçilər məhkum olunduqlarını dərk edirdilər. Eyni zamanda onu da dərk edirdilər ki, düzgün yaşamaq onların mənəvi borcudur. Onlar nə Məsihin lütfü, nə də Müqəddəs Ruhun köməyi haqqında bilirdilər. Onların imanı istər-istəməz mübarizəyə əsaslanırdı, ona görə də Allahda rahatlıqları yox idi. Bu hadisə göstərir ki, Müqəddəs Ruh olmadan əsl məsihçilik ola bilməz. Hətta səhvlərimizi dərk etsək də, tövbə edib dəyişməyə qərar versək də, Müqəddəs Ruh olmadan biz heç vaxt dəyişilməyə nail ola bilməyəcəyik.
8-12
Yəhudilərin şiddətli hücumları səbəbindən Paulun sinaqoqda xidmət etməsi qeyri-mümkün olanda o, filosof Tiranın mühazirə otağında vəzlərinə davam etdi. Yunan əlyazmalarının birində şahid detalına bənzəyən bir qeyd tapırıq. Orada qeyd olunur ki, Paul səhər saat 11-dən axşam 4-ə qədər həmin məktəbdə təlim keçirdi. Çox güman, Paul məhz həmin vaxt orada təbliğ edirdi. Çünki səhər saat 11-ə qədər və günorta saat 4-dən sonra mühazirə otağı Tirana lazım olurdu. İoniya şəhərlərində saat 11-də istidən həyat dayanır və yalnız günortadan sonra davam edirdi. Deyilənə görə, Efesdə adamlar gecə saat 1-dən çox günorta saat 1-də yuxuda olurdular. Görünür, Paul səhər-axşam işləyir, günorta isə məktəbdə təbliğ edirdi. Bu, Paulun təbliğə və öyrətməyə çox ciddi yanaşdığını və məsihçilərin onun təliminə diqqətlə qulaq asdığını göstərir. Axı onlar yalnız başqaları günorta istisindən gizlənərək istirahət edəndə öyrədə və öyrənə bilirdilər. Onlar bu fürsəti əldən vermirdilər. Bir çoxumuz vaxtın əlverişli olub-olmaması ilə bağlı danışanda özümüzdən utanmalıyıq.
Bu müddət ərzində möcüzəli işlər baş verirdi. Fəhlələr alın tərinin qarşısını almaq üçün başlarına dəsmal bağlayırdılar. Belinə bağladığı önlüklər dedikdə, fəhlə və qulluqçuların bellərinə bağladıqları önlükləri başa düşməliyik. Bu möcüzələri Paul yox, Allah onun vasitəsilə edirdi. Bir nəfər belə deyirdi ki, Allah istifadə etmək üçün hər yerdə əl axtarır. Təbii ki, biz öz əlimizlə möcüzə yarada bilmərik; lakin əlimizi Allaha təslim etsək, O, möcüzələr yarada bilər.
13-20
Qarşımızda Efes həyatından maraqlı bir epizod canlanır. O dövrdə insanlar inanırdılar ki, xəstəlikləri, xüsusən də ruhi xəstəlikləri insan bədənində məskunlaşan şər ruhlar yaradır. Şər ruhları qovmaq adi hal idi. Əgər cindar xəstənin bədənində məskunlaşan şər ruhdan daha güclü ruhun adını bilirdisə, onun adını çəkərək, xəstənin bədənində olan ruhu məğlub edib qovurdu. Bunun doğruluğuna şübhə etməyə heç bir əsas yoxdur. İnsan ağlı qəribə bir şeydir. Lakin Allah mərhəmətinə görə bəzən hətta dini xurafatlardan belə istifadə edə bilər.
Bəzi cindarlar İsanın adından öz məqsədləri üçün istifadə etməyə çalışanda, təhlükəli hadisələr baş verdi. Bunun nəticəsində bir çox «şəfa verənlər», cindarlar, eləcə də buna səmimiyyətlə inananlar səhv yolda olduqlarını başa düşdülər. Efeslilər mövhumatlarından ayrılıb, onlara böyük gəlir gətirən cadugər kitablarını yandırmağa hazır idilər. İnsanlarda baş verən dəyişikliyin bundan daha parlaq nümunəsini tapmaq mümkün deyil. Onlar bizim üçün də nümunədirlər. Bu keçmişdən üz döndərməyin ən bariz nümunəsi idi, baxmayaraq ki, həmin keçmiş onların həyatı idi. Düzdür, biz günahlarımıza və pis əməllərimizə nifrət edirik. Amma bəzən onlardan ayrıla bilmirik. Ayrılmaq istəyəndə də bunu ya könülsüz edirik, ya da sonraya saxlayırıq. Ancaq keçmişdən tamamilə birdəfəlik qopmaq çox vacibdir.
21-22
Luka ianələrə eyham vurduğu halda, Paul öz məktublarında bu barədə daha ətraflı yazır. Luka deyir ki, Paul bütpərəstlikdən gələn məsihçilərdən ianələr toplamaq və topladığını Yerusəlimə aparmaq niyyətində idi. Həmin sədəqələr haqqında biz Paulun məktublarında — 1Korinflilərə 16:1 və s.; 2Korinflilərə 9:1 və s.; Romalılara 15:25-26-da görürük. Paul iki səbəbə görə bu məqsəddən ötrü israr edirdi: birincisi, o, İmanlı Cəmiyyətinin birliyini praktikada göstərmək, onların hamısının Məsihin bədəninin üzvləri olduğunu vurğulamaq və bir üzv əziyyət çəkəndə digərlərinin ona kömək etdiyini öyrətmək istəyirdi. Başqa sözlə, Paul onları dar icma anlayışlarından azad etmək və üzv olduqları dünya miqyaslı İmanlı Cəmiyyəti ilə tanış etmək istəyirdi. İkincisi, o, məsihçi xeyriyyəçilik hissini onlara praktikada aşılamaq istəyirdi. Şübhəsiz ki, onlar Yerusəlimdəki məsihçilərin sıxıntılarını eşidəndə ürəkləri yanırdı. Lakin Paul istəyirdi ki, bütün məsihçilər emosional şəfqəti əməldə icra etməyin vacib olduğunu dərk etsinlər. Bu dərslərin hər ikisi bu gün də aktualdır.
23-40
Bu hissədəki personajlar olduqca aydın təsvir edilib. Onların arasında Dimitri və gümüş zərgərləri birinci yerdədir. Onlar gəlirlərinin azaldığından narahat idilər. Düzdür, onlar Artemida ilahəsinin taleyi və şərəfinə görə narahat olduqlarını iddia edirdilər, lakin ən çox şəxsi gəlirlərinə görə vəlvələyə düşmüşdülər. Efesə gəlib-gedən zəvvarlar özləri ilə suvenirlər, məsələn, gümüş zərgərlərin düzəltdiyi məbədin kiçik maketlərini götürmək istəyirdilər. Lakin məsihçilik elə bir uğur qazanmışdı ki, onlar bunu sənətlərinə təhlükə kimi görürdülər.
İkincisi, Müqəddəs Kitaba görə, «şəhərin icra məmuru» daha vacib bir vəzifə tuturdu: o, protokollar aparır, məsələləri qanunverici məclis qarşısında çıxarır və Efes şəhərinin poçtu onun adına gəlirdi. O, üsyan təhlükəsindən narahat idi. Roma hökuməti yumşaq siyasət yürütsə də, heç bir halda iğtişaşlara dözməzdi. Əgər hansısa bir şəhərdə iğtişaş yaransaydı, Roma onların baş vermə səbəblərini öyrənər və şəhərin başçısını vəzifəsindən uzaqlaşdırardı. O, nəinki Paulu və qardaşlarını xilas etməyi düşünürdü, ən çox özünün xilası barədə fikirləşirdi.
Üçüncüsü, Paul kütlənin arasına girmək istədi, lakin ona icazə verilmədi. Paul qorxmaz adam idi. Gümüş zərgərləri və şəhərin icra məmuru üçün özlərinin təhlükəsizliyi birinci, Paul üçün isə sonuncu yerdə idi.