Barclay
KİTABLARAudio kitablarHekayələrİlahilərFilmlər və cizgi filmləriXilas haqqında müjdəXoş xəbər hekayələri

Həvarilərin İşləri: 18-ci fəsil

V. Barklinin şərhləri

18-ci fəsil

1-11

ƏN ƏXLAQSIZ ŞƏHƏR (Həvarilərin işləri 18:1-11)

Budur, Paulun gündəlik həyatının canlı mənzərəsi. O, ravvin idi və ravvin adətinə görə, hansısa sənətə yiyələnməli idi. Onun təbliğ etdiyinə və öyrətdiyinə görə ödəniş almaq hüququ var idi. Buna baxmayaraq, öz sənəti ilə çörək pulu qazanmalı idi. Yəhudilər zəhmətə qatlaşmağı yüksək qiymətləndirirdilər. Onlar deyirdilər: «Zəhməti sev. Oğluna sənət öyrətməyən ona oğurluğu öyrədir». «İnsan həm Qanunu, həm də dünyəvi sənəti öyrənirsə, bu əladır. Çünki hər ikisini yerinə yetirərkən, o, günah haqqında düşünmür. Yalnız Qanunu öyrənməklə məşğul olarsa, nəticədə büdrəyər və günah işlədər». Buna görə ravvinlər hansısa sənətə sahib olurdular. Bu səbəbdən heç vaxt həyatdan təcrid olunmuş alimlərə çevrilmirdilər və zəhmət çəkən insanın həyatının necə olduğunu bilirdilər.

Paul çadırlar hazırlayırdı. Tarsus şəhəri Kilikiyada yerləşirdi, burada yunu ilə seçilən xüsusi cins keçi sürüləri var idi. Onların yunundan xüsusi kilikiya parçası hazırlanırdı. Həmin parçadan çadırlar, portyerlər2, pərdələr və palazlar tikilirdi. Paulun işi bundan ibarət idi. Halbuki burada işlədilən yunan sözü dabbaq kimi də başa düşülə bilər. Ola bilsin, Paul mahir usta idi. O, məktublarında fəxrlə xatırladır ki, heç vaxt heç kimə yük olmayıb (1Salonikilərə 2:9; 2Saloniklərə 3:8; 2Korinflilərə 11:9). Amma çox güman, Afinaya gələn Sila və Timotey Paulu xüsusilə sevən Filipidəki imanlı cəmiyyətindən hədiyyə gətirmişdilər. Bu hədiyyə ona özünü tamamilə Müjdəyə həsr etməyə imkan verdi. İmperator Klavdi 49-cu ildə bütün yəhudiləri Romadan qovdu. Yəqin ki, Akila və Priskila həmin vaxt Korinfə gəlmişdilər.

Paul Allahın səsini eşitməyə ehtiyac duyanda, Allah onunla danışdı. Paul Korinfdə tez-tez qorxuya düşürdü. Axı o, emosional adam idi və görünür, tez-tez çətin məsələləri həll etməli olurdu. Lakin Allah insana hansısa bir işi həvalə edəndə, onu yerinə yetirmək üçün güc də verir. Allahın köməyi ilə Paul cəsarət və güc tapdı.

12-17

OBYEKTİV ROMA ƏDALƏTİ (Həvarilərin işləri 18:12-17)

Həmişə olduğu kimi, yəhudilər yenidən Paula qarşı sui-qəsd hazırladılar. Ola bilsin, onlar vali vəzifəsinə yeni gələn Qalliyonu məsihçilərə qarşı təhrik etməyə çalışdılar. Buna görə o, idarəçiliyində olan ərazinin vəziyyətini düzgün qiymətləndirə bilmirdi. Qalliyo zadəganlığı ilə tanınırdı. Qardaşı Seneka onun haqqında belə deyirdi: «Hətta qardaşımı şəksiz sevənlər də onu kifayət qədər sevmirlər. Qardaşımın rəftar etdiyi kimi heç kim heç kəsə yaxşı münasibət göstərməmişdir». Yəhudilər Qalliyodan öz məqsədləri üçün istifadə etmək istəyirdilər, lakin o özünü qərəzsiz bir Romalı kimi göstərdi. O, Paulun və onun tərəfdarlarının heç bir cinayət törətmədiyini və yəhudilərin ondan öz məqsədləri üçün istifadə etmək istədiklərini yaxşı bilirdi. Onun mühakimə kürsüsünün yanında liktorlar3 dayanırdılar. Onlar Qalliyonun əmri ilə yəhudiləri hökm kürsüsünün yanından qovdular. Bu hissənin son ayəsində deyilir: «Qalliyo isə bu hadisələrə əhəmiyyət vermədi». Bəzən bu ayəni elə şərh edirlər ki, sanki Qalliyo bu məsələyə maraq göstərməyib. Əslində isə Qalliyo kifayət qədər qərəzsiz idi və başqalarının onun qərarlarına təsir etməsinə imkan vermirdi.

Bu hissə bizə məsihçi həyatının danılmaz üstünlüklərini göstərir. Qalliyo bilirdi ki, Paul və onun qardaşları günahsızdırlar.

18-23

ANTAKYAYA QAYIDIŞ (Həvarilərin işləri 18:18-23)

Paul evə qayıtmaq qərarına gəldi. Onun yolu Korinf limanı olan Kenxreyadan Efesə keçirdi. Oradan Qeysəriyyəyə, sonra isə yerli imanlı cəmiyyətinə baş çəkmək və onun rəhbərləri ilə görüşmək üçün Yerusəlimə getdi. Daha sonra o, Antakyaya — səyahətinin başlandığı yerə qayıtdı.

Paul Kenxreyada əhd olaraq başını qırxdırdı. Əgər yəhudi ona göstərilən mərhəmətə görə Allaha xüsusilə minnətdarlıq etmək istəyirdisə, o, nəzirlik əhdi edirdi (Saylar 6:1-21). Bu əhdi tam yerinə yetirmək üçün o, otuz gün ərzində nə ət yedi, nə də şərab içdi, saçlarını isə uzatdı. Otuz gün bitəndən sonra Məbəddə müəyyən qurbanlar təqdim etməli idi. Saçları da Allaha qurban olaraq qurbangahda yandırılmaq üçün kəsildi. Şübhəsiz ki, Paul Allahın Korinfdə ona göstərdiyi lütf haqqında düşünürdü və minnətdarlığını bildirməkdən ötrü bu əhdi etmişdi.

Üçüncü missioner səyahəti

Üçüncü missioner səyahətinin hekayəsi Həvarilərin işləri 18:23-dən başlayır. Bu səyahət şagirdlərin ruhən möhkəmləndirilməsi üçün Qalatiya və Frigiyadan başladı. Paul oradan Efesə getdi və üç ilə yaxın orada qaldı. Sonra Makedoniyaya, oradan da geri — Troasa və Militini, Sur və Qeysəriyyə vasitəsilə Yerusəlimə getdi.

24-28

APOLLONUN VƏZİ (Həvarilərin işləri 18:24-28)

Burada məsihçilik «Rəbbin yolu» kimi təsvir olunur. «Yol» sözü Həvarilərin işləri 19:9, 23-də də istifadə olunur. Bu da məsihçiliyin təkcə müəyyən həqiqətlərə əsaslanmadığını, həm də onları həyatda tətbiq etdiyini göstərir.

Apollo bir milyona yaxın yəhudinin yaşadığı İsgəndəriyyədən gəlmişdi. Yəhudi icması İsgəndəriyyədə o qədər güclü idi ki, onun beş rayonundan ikisində yəhudilər yaşayırdılar. İsgəndəriyyə Əhdi-Ətiqin alleqorik təfsirini sevən alimlərin şəhəri idi. Onlar Əhdi-Ətiqin tarixi qeyd olduğuna nəinki inanır, həm də orada qeyd olunan hər bir hadisənin gizli mənasının olduğunu zənn edirdilər. Bu cür biliyə malik olan Apollo yəhudiləri inandırmaqda təsirli ola bilərdi. O, Əhdi-Ətiqdə Məsihə işarə edən istinadları tapıb, onlara sübut edə bilərdi ki, Əhdi-Ətiq Onun gəlişini qabaqcadan xəbər verib.

Lakin onun təhsilində əhəmiyyətli bir çatışmazlıq da var idi. Çünki o, yalnız Yəhyanın vəftizindən xəbərdar idi. Növbəti hissəni təhlil etdikdə bunun nə demək olduğunu daha aydın görəcəyik. Ancaq deyə bilərik ki, Apollo tövbənin vacibliyini dərk etmiş və Məsihi İsada tanımışdı. Halbuki o, hələ Müjdə, İsanın Xilaskar olması və Müqəddəs Ruhun zühuru haqqında bilmirdi. O, İsanın şagirdlərinə verdiyi tapşırıq barədə bilirdi. Lakin bu tapşırığı yerinə yetirməkdə İsanın onlara verdiyi köməkdən xəbərsiz idi. O, bu həqiqəti Akila və Priskilanın danışıqlarından başa düşdü. Nəticədə tarixi İsanı tanıyan Apollo, imanlıların ürəyində daim yaşayan İsanın Məsih olduğunu dərk etdi. Buna görə, çox güman, onun təbliğinin təsiri qat-qat artdı.

Efesdə

Həvarilərin işləri kitabının 19-cu fəsli əsasən Paulun Efesdəki fəaliyyətindən bəhs edir. O, orada üç ilə yaxın, yəni başqa yerlərdən daha çox qaldı.

1) Efes Kiçik Asiyanın bazarı sayılırdı. Həmin dövrlərdə ticarət çay dərələri boyunca aparılırdı. Efes Kaistr çayının mənsəbində yerləşirdi və Kiçik Asiyanın ən zəngin bölgəsini idarə edirdi. Vəhy 18:12-13 bizə o dövrdə ticarət obyektləri haqqında təsvir verir. Efes «Asiyanın xəzinəsi» kimi tanınırdı. Bir nəfər bu şəhəri «Kiçik Asiyanın şöhrətpərəst yarmarkası» adlandırmışdı.

2) Efesdə prisyajnılar məhkəməsi keçirilirdi. Başqa sözlə, Roma valisi xüsusi günlərdə Efesə gəlir və mühüm hüquqi işlərlə məşğul olurdu. Şəhər Roma hakimiyyətinin əzəmətinə və məhkəmə proseslərinə yaxşı bələd idi.

3) Efesdə İonik idman oyunları keçirilirdi. Bu zaman ölkənin dörd bir yanından şəhərə adamlar gəlirdi. Bu oyunlara ev sahibliyi etmək və onu təşkil etmək böyük şərəf sayılırdı. Belə yüksək vəzifə tutan şəxslərə asiarx deyilirdi. Onlar haqqında Həvarilərin İşləri kitabında 19:31-də danışılır.

4) Efes cinayətkarların sığınacağı idi. Efesdə yerləşən Diana məbədi cinayətkarlara sığınacaq vermək hüququna malik idi. Yəni cinayətkar məbədə sığına bilsəydi, o, təhlükəsizlikdə sayılırdı. Buna görə də qədim dünyanın bir çox cinayətkarı Efesdə sığınacaq tapmışdı.

5) Efes bütpərəst xurafatların mərkəzi idi. O, «Efes məktubları» adlı cadugər kitabları ilə məşhur idi. Bu kitablar insanlara yolda təhlükəsizlik, sonsuzlara uşaq, sevgi və ya işgüzar münasibətlərdə uğur vəd edirdi. Bu məktublardan ötrü dünyanın hər yerindən adamlar Efesə gəlirdilər. Sonra isə onları gözmuncuğu kimi üstündə gəzdirirdilər.

6) Amma Efes ən çox Artemida məbədi ilə məşhur idi. Əslində Artemida və Diana eyni ilahədir. Artemida onun yunan, Diana isə latın adıdır. Bu məbəd dünyanın yeddi möcüzəsindən biri hesab olunurdu. Onun uzunluğu təxminən 130 metr, eni 67 metr və hündürlüyü 18 metr idi. Məbəd 127 sütunla əhatə olunmuşdu. Hər bir sütun hansısa padşahın hədiyyəsi idi. Bütün sütunlar Paros mərmərindən hazırlanmışdı, onların otuz altısı dəbdəbəli şəkildə qızılla örtülmüş və mozaika ilə bəzədilmişdir. Əsas qurbangah ən böyük yunan heykəltəraşı Praksitel tərəfindən oyulmuşdur. Amma Artemida obrazı gözəl deyildi. Bu, çoxlu döşləri olan, məhsuldarlığı təmsil edən çömbəlmiş qara fiqur idi. Heykəl o qədər köhnə idi ki, heç kim onun haradan gəldiyini və nədən hazırlandığını bilmirdi. Deyilənə görə, göydən düşmüşdü.

Azərbaycan dilində Müqəddəs Kitab

Korinfdə
1 Bundan sonra Paul Afinadan çıxıb Korinfə getdi. 2 Orada Pontda doğulan Akila adlı bir Yəhudiyə rast gəldi. O, arvadı Priskila ilə birlikdə İtaliyadan yenicə gəlmişdi. Çünki Klavdi əmr vermişdi ki, Romada olan bütün Yəhudilər oradan çıxsınlar. Paul onların yanına getdi. 3 Onların peşəsi çadırçılıq idi və eyni peşə sahibi olan Paul buna görə onların yanında qalıb çalışdı. 4 Paul hər Şənbə günü sinaqoqda mübahisə edib həm Yəhudiləri, həm də Yunanları inandırırdı.
5 Sila ilə Timotey Makedoniyadan gələn kimi Paul özünü tamamilə kəlama həsr etdi və Yəhudilərə İsanın Məsih olmasına dair şəhadət edirdi. 6 Amma Yəhudilər onun əleyhinə çıxaraq böhtan atmağa başlayan kimi Paul yaxasını çırpıb onlara dedi: «Qanınız öz başınıza dönsün, mən bu işdə təmizəm. Bundan sonra başqa millətlərdən olanların yanına gedəcəyəm». 7 Paul oradan çıxdı, Allaha mömin olan Titi Yust adlı bir nəfərin evinə getdi. Onun evi sinaqoqa bitişik idi. 8 Sinaqoq rəisi Krisp bütün ev əhli ilə birgə Rəbbə iman etdi. Korinflilərin bir çoxu Paulu dinləyəndə iman gətirərək vəftiz oldu. 9 Bir gecə Rəbb görüntüdə Paula dedi: «Qorxma, danış, susma. 10 Bax Mən səninləyəm, heç kimin sənə pisliyi dəyməyəcək, çünki bu şəhərdə xalqım çoxdur». 11 Paul orada il yarım qaldı və dayanmadan xalqa Allahın kəlamını öyrətdi.
12 Axayya valisi Qalliyo olan zaman Yəhudilər birləşərək Paula hücum etdilər və onu valinin hökm kürsüsü qarşısına çıxartdılar. 13 Belə dedilər: «Bu adam Allaha qeyri-qanuni şəkildə ibadət etmək üçün insanları tovlayır». 14 Paul danışmaq istəyirdi ki, Qalliyo Yəhudilərə dedi: «Ey Yəhudilər, əgər ittihamınız bir haqsızlıq və yaxud ağır cinayət işinə görə olsaydı, sizi səbirlə dinləməyi məsləhət bilərdim. 15 Amma məsələlər bir təlimlə, bəzi adlarla və sizin qanununuzla bağlı olduğu üçün bu işi özünüz həll edin. Mən belə şeylərə hakimlik etmək istəmirəm». 16 Beləliklə, onları hökm kürsüsündən qovdu. 17 Hamı sinaqoq rəisi Sosteni tutub hökm kürsüsünün qarşısında döydü. Qalliyo isə bu hadisələrə əhəmiyyət vermədi.
Paul Antakyaya qayıdır
18 Paul Korinfdə olan imanlı bacı-qardaşların yanında xeyli gün qaldı və sonra onlarla vidalaşıb Priskila və Akila ilə birgə Suriyaya getmək üçün yelkən açdı. O, Kenxreya limanında saçını qırxdırmışdı, çünki bir əhd etmişdi. 19 Onlar Efesə çatanda Priskila ilə Akiladan ayrılaraq sinaqoqa girdi və Yəhudilərlə mübahisə etməyə başladı. 20 Ondan xahiş edəndə ki burada daha bir müddət qalsın, buna razı olmadı. 21 Amma onlarla vidalaşanda belə dedi: «Allah qoysa, yenə yanınıza gələcəyəm». Sonra Efesdən yelkən açıb getdi. 22 Qeysəriyyəyə çatandan sonra Yerusəlimə gedərək imanlılar cəmiyyətinə baş çəkdi və sonra oradan Antakyaya keçdi. 23 Bir müddət orada qalandan sonra yola çıxdı. Qalatiya və Frigiya bölgələrini gəzib dolaşaraq oradakı şagirdləri ruhən möhkəmləndirdi.
Apollo
24 Bu ərəfədə İsgəndəriyyədə doğulmuş Apollo adlı bir Yəhudi Efesə gəldi. Onun yaxşı natiqliyi var idi və Müqəddəs Yazıları çox yaxşı bilirdi, 25 Rəbb yolunda da təhsil almışdı. O, ruhda alışıb-yanaraq danışır və yalnız Yəhyanın vəftizindən xəbəri olduğu halda İsa ilə bağlı həqiqətləri doğru öyrədirdi. 26 O, sinaqoqda cəsarətlə danışmağa başladı. Ona qulaq asan Priskila ilə Akila onu yanlarına çəkib Allah yolu barədə daha dəqiq izahat verdilər. 27 Apollo Axayyaya getmək istəyəndə bacı-qardaşlar onu həvəsləndirdilər və oradakı şagirdlərə məktub yazdılar ki, onu yaxşı qarşılasınlar. Apollo oraya çatanda Allahın lütfü ilə iman edənlərə çox kömək etdi. 28 Belə ki Müqəddəs Yazılarla İsanın Məsih olduğunu sübuta yetirərək Yəhudilərin iddialarını açıq şəkildə və güclü surətdə inkar edirdi.