Barclay
KİTABLARAudio kitablarHekayələrİlahilərFilmlər və cizgi filmləriXilas haqqında müjdəXoş xəbər hekayələri

Həvarilərin İşləri: 17-ci fəsil

V. Barklinin şərhləri

17-ci fəsil

1-9

SALONİKDƏ (Həvarilərin işləri 17:1-9)

Paul və Silanın Məsihin yolunu təbliğ etmək üçün Salonikə gəlişi çox vacib faktdır. Adriatik dənizindən Yaxın Şərqə gedən Roma yolu Eqnati yolu adlanırdı və Salonikin əsas küçəsi bu yolun bir hissəsi idi. Salonikdə dərin kök salmış məsihçilik həmin yol boyunca qərbə və şərqə yayıla, daha sonra isə Allahın Padşahlığının uğuru üçün əsas yola çevrilə bilərdi.

Bu fəslin birinci ayəsi qısa məktubun kompozisiya nümunəsidir. Elə görünə bilər ki, söhbət xoş gəzintidən gedir. Əslində isə Filipidən Amfipolisə qədər 33 Roma mili və ya təxminən 50 kilometr, Amfipolisdən Apolloniyaya qədər daha 30 mil və nəhayət, Salonikə qədər daha 30 mildir. Beləliklə, təxminən 100 Roma mili və ya 150 kilometrlik səyahət bir cümlə ilə xülasə olunur.

Adətə görə, Paul xidmətinə sinaqoqda başlayır. O, sinaqoqda iştirak edən bütpərəstlər arasında olduğu qədər yəhudilər arasında uğur qazanmamışdı. Bu, yəhudiləri çox qəzəbləndirdi. Çünki onlar həmin bütpərəstlərə öz təbii əmlakları kimi baxırdılar. Budur, indi isə əmlakları gözlərinin önündə əllərindən çıxırdı. Yəhudilər Paula mane olmaq üçün ən iyrənc üsullara əl atdılar. Əvvəlcə onlar xalq arasında qarışıqlıq saldılar. Yasonu və Məsihə iman edən digər qardaşları şəhər rəhbərliyinin qarşısına gətirəndə, onları iğtişaşlara hazırlaşmaqda ittiham etdilər. Onlar bu ittihamın yalan olduğundan xəbərdar idilər. Lakin onu elə eyhamlarla təqdim etdilər ki, hakimiyyət ciddi qəbul etsin: «Dünyaya çaxnaşma salan bu adamlar gəlib buraya da çıxdı». Yəhudilər məsihçiliyin maraq doğuran təsirli qüvvə olduğunu bilirdilər. T.R.Qlover bir uşağın Əhdi-Cədidin inqilablarla sona çatdığına dair ifadəsini sitat gətirməkdən zövq alırdı. Məsihçiliyin həyatda əksini tapması üçün o, hər bir insanda və bütün bəşəriyyətdə köklü dəyişikliyə səbəb olmalıdır.

10-15

VERİYADA (Həvarilərin işləri 17:10-15)

Veriya Salonikdən təxminən yüz kilometr qərbdə yerləşirdi. Bu hissədə üç məqam diqqət çəkir:

1) Paul təbliğini Müqəddəs Yazılara əsaslandırırdı. O, yəhudiləri Müqəddəs Yazıları araşdırmağa təşviq edirdi. Yəhudilər əmin idilər ki, İsa Məsih deyil. Çünki O, çarmıxa çəkilmişdi, çarmıxa çəkilmiş adam isə lənətli sayılırdı. Amma Yeşaya peyğəmbərin kitabı 53-cü fəsildə yazılanlar onları inandırdı ki, İsanın xidməti Müqəddəs Yazılarda qabaqcadan deyilib.

2) Burada yəhudilərin hədsiz qəzəbi özünü büruzə verir. Onlar Paulun Salonikdə təbliğ etməsinə mane olmaqla yanaşı, Veriyada da onu təqib etdilər. Onların faciəsi onda idi ki, onlar bununla Allahı razı saldıqlarını düşünürdülər. İnsanın şəxsi məqsədlərini Allahın iradəsinə tabe etdirmək əvəzinə onları Allahın iradəsi kimi qələmə verməsi, adətən, dəhşətli nəticələrə gətirib çıxarır.

3) Paulun cəsarəti. O, Filipidə həbs olundu. Həyatını təhlükəyə ataraq gecənin zülmətində Saloniki tərk etdi və Veriyada yenindən həyatını riskə atdı. Çoxları həbs və ölüm təhlükəsi olan mübarizəni dayandırardı. Devid Livinqstondan soruşanda ki, hara getməyə hazırdır, o, belə cavab vermişdi: «İstənilən yerə getməyə hazıram, təki irəli gedim». Paul da heç vaxt geri dönməyi ağlından keçirməzdi.

16-21

AFİNADA TƏK (Həvarilərin işləri 17:16-21)

Veriyanı tərk edəndə, Paul Afinaya gəldi. Ancaq dostlarının yanında olub-olmamasından asılı olmayaraq, Paul həmişə Məsihi təbliğ edirdi. Afina əzəmətini çoxdan itirmişdi. Buna baxmayaraq, şəhər o dövrün ən böyük universitet mərkəzi olaraq qalırdı və o dünyanın dörd tərəfindən insanlar buraya təhsil almaq üçün axışırdı. Bu, çoxlu tanrıların olduğu bir şəhər idi. Deyilənə görə, Yunanıstanın digər şəhərlərindəki tanrı heykəlləri toplansaydı, Afinadakı qədər etməzdi. Afinada tanrı ilə rastlaşmaq insanla rastlaşmaqdan daha asan idi. İnsanlar söhbət etmək üçün böyük şəhər meydanında toplaşırdılar, çünki Afinada başqa məşğuliyyətləri yox idi. Paul üçün həmsöhbət tapmaq çətin olmadı. Çox keçmədi ki, filosoflar onun haqqında öyrəndilər.

Filosoflar arasında epikürçülər da var idi. Onlar inanırdılar ki:

1) Hər şey taledən asılıdır;

2) ölümlə hər şey bitir;

3) tanrılar dünyadan çox uzaqdadır və dünya onları narahat etmir;

4) insan həyatının əsas məqsədi — zövq almaqdır.

Onlar cismani və maddi həzləri nəzərdə tutmurdular. Onlara görə, ən böyük həzz əzabın olmamasıdır.

Onların arasında stoiklər də var idi. Stoiklərə görə:

1) Dünyada olan hər şey Allahdır. Tanrı alovlu bir ruhdur, lakin maddi dünyada bir qədər zəifləyib, bununla belə, o, hər şeydə mövcuddur. İnsan həyatı onun daxilində yaşayan həmin ruhun kiçik bir qığılcımından yaranır. İnsan öləndə həmin ruh Allaha qayıdır.

2) Dünyada hər şey Allahın iradəsi ilə baş verir, buna görə də hər şey olduğu kimi qəbul edilməlidir.

3) Kainat vaxtaşırı dağılır, yanır, yenidən başlayır və beləcə dövrü olaraq təkrarlanır.

Onlar Paulu Areopaqa — müharibə tanrısı Marsın təpəsinə gətirdilər. Orada toplaşan məhkəmə eyni adı daşıyırdı. Areopaq otuz nəfərdən çox olmayan seçmə məhkəmə idi. Həmin məhkəmə qətlə dair ittihamları araşdırır və ictimai əxlaqa nəzarət edirdi. Budur, dünyanın ən savadlı şəhərində və ən tələbkar məhkəmə qarşısında Paul öz imanı barədə şəhadət etməli idi. Bu proses hər kəsi qorxuda bilərdi, lakin Paul heç vaxt Məsihin Müjdəsindən çəkinmirdi. Paul bu məhkəməni Məsih haqqında şəhadət etmək üçün Rəbbin ona verdiyi fürsət kimi görürdü.

22-31

FİLOSOFLAR ÜÇÜN VƏZ (Həvarilərin işləri 17:22-31)

Afinada naməlum Allaha həsr olunmuş çoxlu qurbangahlar var idi. Paul Afinaya gəlməmişdən altı əsr əvvəl şəhərdə dəhşətli vəba tüğyan edirdi. Epidemiyanın qarşısını heç nə ala bilmirdi. Krit adasından olan şair Epimenides öz planını təklif etdi. Areopaqdan şəhərə doğru ağ-qara qoyun sürüsü buraxıldı. Onlardan biri harada yerə uzandısa, onu götürüb məbədi yaxınlıqda yerləşən tanrıya qurban kəsirdilər. Əgər qoyun naməlum tanrının qurbangahı yanında uzanırdısa, o, «naməlum tanrıya» qurban kəsilirdi. Paul öz vəzini buradan başlayır və bu fikirləri irəli sürür:

1) İnsanlar Allahı yaratmayıb. O Özü Yaradandır. Hər şeyin Yaradıcısı Olana insan əli ilə düzəldilmiş əşyalar vasitəsilə ibadət etmək olmaz. Doğrudan da, insanlar çox vaxt əlləri ilə yaratdığı şeylərə sitayiş edirlər. Çoxları üçün allah öz düşüncələrini, enerjilərini və vaxtlarını nəyə sərf edirlərsə, odur. Axı onlar öz əllərinin yaratdığını ilahiləşdirir, əşyalara pərəstiş edirlər.

2) Allah tarixin gedişini istiqamətləndirir. O, keçmişdə xalqların inkişafına təkan verib, indi də hər şeyi idarə edir.

3) Allah insanı elə yaratmışdır ki, o, instinktiv olaraq qaranlıqda Allahı axtarır.

4) İnstinktiv axtarışlar və cəhalət dövrü keçdi. İnsanlar cahil idi və Allahı dərk edə bilmirdilər. O da onların günahlarını və səhvlərini bağışladı. Lakin indi insanlara Allah haqqında bilik Məsih vasitəsilə verildi və Allahın insanları cahilliklərinə görə bağışladığı dövr keçib getdi.

5) Qiyamət günü yaxınlaşır. Həyat nə epikürçülərin inandığı kimi məhvə doğru hərəkət edir, nə də stoiklərin düşündüyü kimi Tanrı ilə birləşmə yolu deyil. Həyat Allahın ədalətli hökmünə aparan yoldur, orada Hakim İsa Məsihdir.

6) Allah Məsihi diriltməklə Onun məqsədini nümayiş etdirdi. Biz naməlum olan Allahla deyil, ölülərdən dirilmiş Məsihə aidik.

32-34

PAULUN TƏBLİĞİNƏ AFİNALILARIN REAKSİYASI (Həvarilərin işləri 17:32-34)

Ümumiyyətlə, belə təəssürat yarana bilər ki, Paul Afinada başqa yerlərdə olduğundan daha az nailiyyət əldə edib. Afinalılar danışmağı hər şeydən çox sevirdilər. Onlar nəticəni gözləmirdilər və konkret həll yollarını sevmirdilər. Onların yeganə məqsədi bəlağətli danışmaq və düşünməyə təşviq etmək idi.

Paulun təbliğinə verdikləri reaksiyaya görə afinalıları üç qrupa bölmək olar:

1) Bəziləri Paulu ələ saldılar. Bu qəribə yəhudinin alovlu çıxışı və ciddiliyi onları əyləndirirdi. Həyatla bağlı zarafat etmək olar, amma çox vaxt komediya kimi başlayan həyat faciə ilə bitir.

2) Digərləri Paul ilə daha sonra, başqa vaxt müzakirə etmək qərarına gəldilər. Lakin vacib məsələləri və gələcəklə bağlı qərarları təxirə salmaq böyük bəla gətirə bilər.

3) Bəziləri isə iman etdilər. Müdriklər bilirlər ki, Allahın təklifini ancaq axmaqlar rədd edər.

Məsihə iman edənlərdən biri Areopaq üzvü Dionis idi. Artıq qeyd etdiyimiz kimi, Areopaq otuz nəfərə yaxın üzvdən ibarət idi. Görünür, Dionis Afinanın intellektual elitasına mənsub idi. Digəri Damaris idi. Afinada qadınların hüquq və azadlıqları yox idi. Çətin ki, Paul bazar meydanında ləyaqətli qadına rast gəlsin. Çox güman, Damaris əvvəlki günahlı həyat tərzindən utanmış və salehlik yoluna qədəm qoymuşdu. Burada bir daha görürük ki, Müjdə cəmiyyətin bütün təbəqələrindən olan həm kişiləri, həm də qadınları cəlb edirdi.

Korinfdə müjdəçilik

Korinfin coğrafi mövqeyi onu Yunanıstanın əsas şəhəri etmişdi. Buradakı dəniz Yunanıstanı, demək olar ki, iki hissəyə bölür. Şərqdə Kenxreya limanı ilə Saronikos körfəzi, qərbdə isə Lekya limanı ilə Korinf körfəzi Şimali Yunanıstanı Peloponnesdən ayırır. Bu iki körfəz arasında eni təxminən səkkiz kilometr olan dar bir torpaq zolağı yerləşir. Korinf şəhəri məhz həmin zolaqda yerləşir. Yunanıstanın şimalı ilə cənubu arasındakı bütün nəqliyyat vasitələri Korinfdən keçirdi, çünki başqa yol yox idi. Korinf şəhərini «Yunanıstanın körpüsü» adlandırırdılar. Yunanıstanın cənubunda dəniz yolu ilə səyahət çox təhlükəli idi. Peloponnes yarımadasının cənubunda Horn burnu qədər təhlükəli olan Maleya burnu var idi. Yunanların belə bir məsəli var idi: «Maleya burnu ətrafında gəzməyi planlaşdıran hər kəs vəsiyyətini yazsın». Buna görə Aralıq dənizinin şərqi ilə qərbi arasında ticarət Korinfdən keçirdi. Məqsəd — Maleya burnu ətrafındakı təhlükələrdən qaçmaq idi. Korinf «Yunanıstanın bazar meydanı» idi. Korinf təkcə böyük ticarət mərkəzi deyil, həm də əhəmiyyətinə görə Olimpiya Oyunlarından sonra ikinci olan İstmiya Oyunlarının keçirildiyi yer idi.

Korinf həm də əxlaqsızların şəhəri idi. Yunanlarda «korinflik etmək» ifadəsi var idi. Mənası «şəhvətli, pozğun həyat sürmək» demək idi. Yunan pyeslərində korinflilər, adətən, sərxoş rolunu oynayırdılar. Korinfin mərkəzində Akropol qalası ucalırdı. Bu, nəinki qala, həm də Afrodita tanrıçasının məbədi idi. Onun şöhrətli dövründə məbəddə Afroditanın minə qədər qadın kahini var idi. Onlar fahişə idilər və hər axşam şəhərin küçələrinə çıxıb pozğunluq edirdilər. «Hər kəs Korinfdə ola bilməz» ifadəsi Yunanıstanda məşhur deyimə çevrilmişdi. Belə bir şəhərdə Paul yaşayıb, işlədi və böyük uğurlar qazandı. Korinflilərə məktubunda Paul əxlaqsızlıqların tam siyahısını verir. «Məgər bilmirsiniz ki, haqsızlıq edənlər Allahın Padşahlığını irs olaraq almayacaq? Aldanmayın, çünki əxlaqsızlar, bütpərəstlər, zinakarlar, fahişə kişilər, kişibaz kişilər, oğrular, tamahkarlar, əyyaşlar, böhtançılar, soyğunçular Allahın Padşahlığını irs olaraq almayacaq. Sizlərdən bəzisi belə idi. Amma Rəbb İsa Məsihin adı ilə və Allahımızın Ruhu ilə yuyulub təmizləndiniz, təqdis olundunuz və saleh sayıldınız» (1Korinflilərə 6:9-11) Korinfin əxlaqsızlığının unikallığı Məsihin təliminin öz təsirini daha aydın şəkildə nümayiş etdirməyə imkan verdi.

Azərbaycan dilində Müqəddəs Kitab

Salonikdə
1 Onlar Amfipolis və Apolloniyadan keçərək Salonikə gəldilər. Burada bir Yəhudi sinaqoqu var idi. 2 Paul adətinə görə Yəhudilərin yanına gedib üç Şənbə dalbadal onlarla Müqəddəs Yazılar üstündə mübahisə etdi, 3 şərh və sübut göstərdi ki, Məsihin əzab çəkərək ölüb ölülər arasından dirilməsi lazım idi və dedi: «Sizə elan etməkdə olduğum bu İsa Məsihdir!» 4 Yəhudilərdən bəziləri, mömin Yunanların böyük bir hissəsi, bir çox nüfuzlu qadınlar buna əmin oldu və Paulla Silaya qoşuldu. 5 Yəhudilərin buna paxıllığı tutdu. Meydana yığılan camaatın içərisində olan bəzi şər adamlardan bir izdiham toplayıb şəhərdə qarışıqlıq saldılar. Paulla Silanı xalqın önünə çıxarmaq məqsədi ilə Yasonun evinə hücum etdilər. 6 Onları tapmayanda Yasonla bəzi imanlı qardaşları sürüyə-sürüyə şəhər başçılarının qarşısına gətirib hay-küy saldılar: «Dünyaya çaxnaşma salan bu adamlar gəlib buraya da çıxdı. 7 Yason onları öz evinə qəbul edib. Bunların hamısı qeysərin fərmanlarının əksinə gedib deyir ki, İsa adlı başqa bir padşah var». 8 Bu sözləri eşidən izdiham və şəhər başçıları lərzəyə düşdülər. 9 Nəhayət, başçılar təminat alaraq Yason və digərlərini azad etdilər.
Veriyada
10 İmanlı bacı-qardaşlar isə gecə olan kimi Paulla Silanı dərhal Veriya şəhərinə göndərdilər. Onlar oraya çatarkən Yəhudilərin sinaqoquna getdilər. 11 Veriyadakı Yəhudilərsə Salonikdə olanlardan daha açıq fikirli idi. Kəlamı böyük həvəslə qarşılayaraq hər gün Müqəddəs Yazıları araşdırır, «Bu düzgün təlimdirmi?» deyə yoxlayırdılar. 12 Beləliklə, onların arasından xeyli adam, həmçinin çoxlu hörmətli Yunan qadınları və kişiləri iman etdilər. 13 Lakin Salonikdəki Yəhudilər Paulun Veriyada da Allahın kəlamını elan etdiyini biləndə oraya getdilər və xalqı qızışdırıb lərzəyə saldılar. 14 Bundan sonra imanlı bacı-qardaşlar Paulu dərhal dəniz sahilinə gedən yolla göndərdilər. Sila ilə Timotey isə Veriyada qaldı. 15 Paulu yola salanlar onu Afinaya qədər ötürdülər. Sonra Paul onlara əmr verdi ki, geri qayıdıb Sila ilə Timoteyi təcili surətdə onun yanına göndərsinlər.
Afinada
16 Onları Afinada gözləyən Paul gördü ki, şəhər bütlərlə doludur. Bundan ötrü onun ürəyi çox narahat oldu. 17 Buna görə sinaqoqda Yəhudilərlə və mömin Yunanlarla, hər gün bazar meydanında rastlaşdığı insanlarla mübahisə edirdi. 18 Epikürçü və Stoist fəlsəfi cərəyanından olanların bəziləri onunla mübahisəyə girişdi. Kimisi deyir: «Bu boşboğaz nə demək istəyir?» Kimisi də deyir: «Deyəsən bu yad allahların təbliğatçısıdır». Çünki Paul İsa və dirilmə ilə bağlı Müjdəni yaymaqda idi. 19 Onlar Paulu götürüb Areopaq məşvərətinə gətirdilər. Ondan soruşdular: «Sənin yaydığın bu yeni təlimin nə olduğunu bilmək olarmı? 20 Çünki qulağımız öyrəşmədiyi şeyləri bizə eşitdirirsən. İndi bunların mənasını bilmək istəyirik». 21 Bütün Afinalılar və şəhərdəki yadellilər vaxtlarını yalnız yeni fikirləri söyləyərək və qulaq asaraq keçirirdilər.
22 Paul Areopaqın qarşısına çıxıb belə söylədi: «Ey Afinalılar, sizin hər cəhətdən çox pərəstişkar olduğunuzu görürəm. 23 Belə ki mən ətrafda gəzəndə səcdəgahlarınıza diqqətlə nəzər salarkən bir qurbangaha da rast gəldim ki, onun üstündə yazılmışdı: “Naməlum Allaha məxsus”. Tanımadan ibadət etdiyiniz bu Allahı sizə tanıtmaq istəyirəm. 24 Dünyanı və onda mövcud olan hər şeyi yaradan, yerin-göyün Sahibi olan Allah əllə tikilən məbədlərdə yaşamaz. 25 İnsan əli ilə edilən xidmətə Onun ehtiyacı yoxdur, çünki hər kəsə həyat, nəfəs və hər şeyi verən Odur! 26 Allah bütün bəşəriyyətin millətlərini bir insandan yaratdı ki, bütün yer üzərində yaşasınlar. Yaşamaq üçün onlara zaman və məkan təyin etdi ki, 27 Onu axtarsınlar, yəni kor əllərini sürtə-sürtə yol axtardığı kimi axtarıb Onu tapa bilsinlər. Əslində Allah heç birimizdən uzaq deyil. 28 “Axı biz Onda yaşayırıq, hərəkət edirik, mövcuduq”. Bəzi şairlərinizin dediyi kimi: “Biz də Onun nəslindənik”. 29 Demək biz Allahın nəslindən olduğumuza görə belə düşünmək olmaz ki, İlahi Varlıq insan layihəsi və istedadı ilə yaranan qızıl, gümüş yaxud daşdan düzəldilən bir şeyə bənzəyir. 30 Allah cəhalət zamanlarında buna göz yumdu, amma indi hər yerdə hamının tövbə etməsini insanlara əmr edir. 31 Çünki Allah Öz seçdiyi Şəxs vasitəsilə dünyanı ədalətlə mühakimə edəcəyi günü təyin edib. Onu ölülər arasından diriltməklə hamının qarşısında bunu təsdiq edib».
32 Ölülərin dirilməsi ilə bağlı sözləri eşidən kimi bəziləri onu ələ saldı, kimisi də belə dedi: «Bu barədə səndən bir daha eşitmək istəyirik». 33 Beləliklə, Paul onların arasından çıxıb getdi. 34 Bir neçə insan isə ona qoşulub iman gətirdi. Bunların arasında Areopaq üzvü Dionis, Damaris adlı bir qadın və başqaları da var idi.