1-5
Paulun Derbe və Listrada xidmət etdiyi vaxtdan beş il keçdi. Lakin oraya qayıdanda çox sevindi, çünki orada sonradan onun əzizinə çevrilən bir gənclə tanış oldu. Paul Markın yerini tutacaq birini axtarırdı. O dərk edirdi ki, gələcəkdə onun işlərini davam etdirən və başa çatdıran əvəzedicilər yetişdirməlidir. Paul axtardığını məhz gənc Timoteyin simasında tapdı. Paulun Timoteyi sünnət etməsi ilk baxışdan qəribə görünür. Çünki o, sünnətin məcburi olmadığı fikrini məsihçilərə yenicə qəbul etdirmişdi. Amma fakt budur ki, Timotey yəhudi idi və Paul yəhudilərin sünnət edilməməsi ilə bağlı heç vaxt mübahisə etməmişdir. Bütpərəstlikdən imana gələnlər yəhudi həyat tərzinin bəzi normalarından azad idilər.
Başqa sözlə, Paul Timoteyi yəhudi kimi qəbul etməklə, yəhudi düşüncə tərzindən nə qədər azad olduğunu göstərdi. Timotey qarışıq evliliyin övladı idi. Dindar yəhudi, ümumiyyətlə, belə bir evliliyi tanımaqdan imtina edərdi. Əgər yəhudi qız bütpərəst kişi ilə və ya yəhudi kişi bütpərəst qızla evlənsəydi, dindar yəhudi onları ölü hesab edərdi. Üstəlik, bu o qədər ciddi məsələ idi ki, bəzən formal olaraq dəfn mərasimi də keçirilirdi. Belə bir nikahdan olan Timoteyi yəhudi kimi tanımaqla, Paul milli adət-ənənələrdən və qadağalardan nə qədər uzaq olduğunu göstərdi.
Gənc Timotey yaxşı ailədə anadan olmuşdu. Onun ruhani tərbiyəsində anasının və nənəsinin rolu böyük idi (2Timoteyə 1:5). Gələcəkdə o, tez-tez Paulun elçisi kimi çıxış edirdi (1Korinflilərə 4:17; 1Salonikilərə 3:2-6). Paul Romada həbsdə olanda Timotey onunla birlikdə idi (Filipililərə 1:1; 2:19; Kolosselilərə 1:1; Filimona 1). Paulun Timoteyə münasibəti xüsusi xarakter daşıyırdı. Paul Korinflilərə Məktubunda (1Korinflilərə 4:17) onu Rəbdə sevimli və sadiq oğlu adlandırır. Filipililərə Məktubunda yazır ki, onun qədər çalışqan başqa biri yoxdur (Filipililərə 3:19-20). Ola bilsin, Paul Timoteydə öz işinin davamçısını görürdü. Nə bəxtiyardır o insan ki, öz təliminin bəhrəsini şagirdində görür və həmin şagird böyük xidməti davam etdirir.
6-10
Bir müddət bütün yollar sanki bağlı idi. Müqəddəs Ruhun Paulu Roma əyaləti olan Asiyaya buraxmaması ona təəccüblü gələ bilərdi. Burada Efes şəhəri və İlahiyyatçı Yəhyanın Vəhy Kitabında yer alan yeddi imanlı cəmiyyəti var idi. Müqəddəs Ruh Paula necə rəhbərlik edirdi? O, bunu peyğəmbərin sözləri və ya görüntü vasitəsilə edirdi; bəlkə də hansısa daxili səs vasitəsilə. Amma o da ola bilər ki, Paulun bu şəhərlərə getməməsinə səbəb onun səhhətinin pis olması idi — bədənindəki neştər ona daim əziyyət verirdi. Bu versiya daha çox ehtimal olunur, çünki 10-cu ayədə heç bir izahat vermədən Luka qəflətən birinci şəxsin cəm halına — «biz» şəklinə keçir. Bu, Lukanın özünün də orada olduğunu, hadisələrə şahidlik və Paula yoldaşlıq etdiyini göstərir. Lukanın qəfil peyda olmasının səbəbi nədir? Luka həkim idi. Ola bilsin, o, Paul ilə məhz ona görə görüşüb ki, Paulun tibbi yardıma ehtiyacı yaranıbmış. Xəstəlik Paula səyahətini başa vurmağa mane oldu. Əgər belədirsə, onda güman etmək olar ki, Paul hətta zəifliyinin və əzablarının Allah tərəfindən göndərildiyini hesab edirdi. Paulun görüntüdə makedoniyalını görməsi onun yolunu müəyyənləşdirdi. Paula görüntüdə görünən bu adam kim idi? Bəziləri onun Luka olduğunu güman edir, çünki o, Makedoniyalı ola bilərdi. Digərləri belə bir sualın, ümumiyyətlə, verilməsini lazım bilmirlər. Çünki yuxuları rasional şəkildə izah etmək mümkün deyil. Ancaq yenə də çox maraqlı bir nəzəriyyə var. Dünyanı fəth edən bir adam, yəni Makedoniyalı İsgəndər var idi. Yenə də güman etmək olar ki, Paulun düşdüyü vəziyyət onun gözləri önündə Makedoniyalı İsgəndəri canlandırmalı idi. O dövrdə Troasın tam adı Makedoniyalı Troas idi. Dənizin o tayında Makedoniyalı İsgəndərin atası Filipin adını daşıyan Filipi şəhəri yerləşirdi. Daha sonra İsgəndərin ögey bacısının adını daşıyan Salonik şəhəri gəlirdi. Bütün bu ərazilər Makedoniyalı İsgəndərin xatirələri ilə dolu idi. O, qarşısına belə bir məqsəd qoymuşdur ki, «Qərbi Şərqə nişanlandırsın» və bununla da dünyanı birləşdirsin. Əgər Paul görüntüdə bütün dünyanı fəth edən İsgəndəri görübsə, bu onun dünyanı Məsihdə birləşdirmək istəyinin daha bir təsdiqi oldu.
11-15
Neapolis (hazırda Kavala adlanır) Filipi şəhərinin dəniz limanı idi. Bu şəhərin böyük tarixi var idi. Əvvəllər o, «bulaq» mənasını verən Krenid adlanırdı. Lakin İsgəndərin atası Makedoniyalı Filip trakiyalılardan qorunmaq üçün onu möhkəmləndirdi və şəhərə öz adını verdi. Bir vaxtlar bu şəhər qızıl mədənləri ilə məşhur idi, lakin Paulun dövründə onlar artıq istismar olunmuşdu. Daha sonra şəhər Avqustun Roma İmperiyasını fəth etməsi ilə nəticələnən dünyanın ən məşhur döyüş meydanlarından birinə çevrildi.
Filipi şəhəri Roma koloniyası idi. Roma koloniyaları, adətən, strateji mərkəzlər sayılırdı. Roma hökuməti istefaya çıxmış Roma əsgərlərinin kiçik qruplarını onların içində yerləşdirirdi. Onlar Roma forması geyinir, latınca danışır və harada yaşamasından asılı olmayaraq Roma qanunlarına tabe olurdular. Roma vətəndaşlığı ilə ən çox fəxr edənlər də məhz Roma strateji məntəqələrinin sakinləri idi.
Filipidə Paulun vəz edə biləcəyi sinaqoq yox idi. Belə yerlərdə, adətən, çayın yaxınlığında yerləşən ibadət evləri var idi. Şənbə günü Paul və onu müşayiət edənlər oraya gedib qadınlarla danışdılar. Paulun Filipidəki xidməti Məsihə iman edən insanların müxtəlifliyi baxımından son dərəcə diqqətəlayiqdir. Lidiya sosial pillənin başında dayanırdı: o, tünd qırmızı parça satırdı. Tünd qırmızı parça qırmızı ilbizin qabıqlarından yığılıb hazırlanırdı. Bu da inanılmaz dərəcədə bahalı idi: 450 qram yunu qırmızı rəngə boyamaq üçün təxminən 180 manat ödənməli idi. Lakin belə bir zəngin qadın Məsihə üz tutdu.
Qadın istədi ki, Paul və yoldaşları onun evində qalsınlar. Paul məsihçinin ruhani keyfiyyətlərini sadalayaraq yazır ki, məsihçilər qonaqpərvərliyə can atmalıdırlar» (Romalılara 12:13). Həvari Peter yeni məsihçilərə onların vəzifələri barədə göstəriş verərkən deyir: «Şikayət etmədən bir-birinizə qonaqpərvərlik göstərin» (1Peter 4:9). Məsihçinin qapısı həmişə hər kəsin üzünə açıq olmalıdır.
16-24
Lidiya sosial pillənin yuxarısında, bu qarabaş qız isə ən aşağısında dururdu. O, gələcəyi söyləmək qabiliyyətinə malik bütpərəst kahin kimi idi. O, cinə tutulmuşdu, qədim dünyada belələrinə qəribə bir hörmət hissi var idi. Çünki inanırdılar ki, tanrılar belələrinə öz ağıllarını vermək üçün onların ağıllarını əllərindən alıblar. Onda həmçinin «peyğəmbərlik» etmək ənamı var idi. Qarabaş onun bədbəxtliyindən istifadə edən vicdansız insanların əlinə düşmüşdü. Paul onu cindən azad edəndə, həmin adamlar qarabaşın sağalmasına görə sevinmədilər, əksinə, gəlir mənbəyini itirdiklərinə görə bərk qəzəbləndilər. Bunlar hiyləgər adamlar idi. Onlar kütlənin təbii antisemitizmi ilə oynayıb, Roma koloniyasının sakinlərinin vətəndaşlıq qüruruna toxunurdular. Onlar sonda istədiklərinə nail oldular — Paul və Sila həbs olundu, barələrində xüsusi ehtiyat tədbirləri görüldü: onları daxili zindana atıb ayaqlarını kündəyə saldılar. Bu hadisədə dəhşəti olan o idi ki, Paul və Sila yaxşı iş gördüklərinə görə həbs edilib, dəyənəklə döyülüblər. Elə ki məsihçilik adamların mülkiyyət hüquqlarına toxunur, o dəqiqə problemlər yaranır. Kiminsə cibinə toxunan kimi, insanlar həmişə silaha və zorakılığa əl atırlar. Bununla belə, hər bir insan özünə sual verməlidir: «Mən pulumu hallılqla qazanıram, yoxsa başqalarını istismar etməklə?» Çox vaxt Məsihə gedən yolda ən böyük maneə insanların eqoistliyidir. İnsanlar hər zaman silaha və zorakılığa əl atırlar, lakin hər bir insan özünə sual verməlidir: «Mən pulumu layiqincə qazanırammı?»
25-40
Artıq gördüyümüz kimi, Lidiya sosial pillənin zirvəsində, qarabaş qız cəmiyyətin ən aşağı təbəqəsində, həbsxana mühafizəçisi isə orta təbəqəyə mənsub idi və Roma hökumətinin dövlət qulluqçusu sayılırdı. Ona görə də bu üçlüyə o dövrdəki cəmiyyətin nümayəndələri kimi baxa bilərik.
İlk növbədə hadisənin baş verdiyi məkana baxaq. Paul və Silanın duasından sonra zəlzələ oldu. O vaxt zindanın qapısı iki dəliyə keçirilmiş taxta tirlə bağlanırdı. Kündələr də eyni qaydada hazırlanırdı. Zəlzələnin təkanı taxta tirləri dəliyindən çıxartdı və məhbuslar kündədən azad edildi. Bunu görən zindan mühafizəçisi intihar etməyə hazır idi. Çünki Roma qanunlarına görə zindan işçisi qaçan məhbusun cəzasını alırdı.
İndi isə hadisənin iştirakçılarına baxaq.
Əvvəlcə Paula nəzər salaq. Bu hissədə biz üç məqamı qeyd edirik.
1) O, daxili zindanda möhkəm zəncirlənmiş halda gecə yarısı Allahı izzətləndirərək ilahilər oxuya bilirdi. Allahın və İsa Məsihin varlığını heç vaxt heç bir məsihçidən almaq olmaz. Məsihçi Allahla birlikdə olanda hətta həbsxanada da özünü azad hiss edir, hətta gecə yarısı da onun üçün gündüzdür.
2) Paul zindanın qapısını onun arxasınca bağlayan mühafizəçiyə xilas qapısını açmağa hazır idi. O, təbiətcə kinli adam deyildi. Paul onu kündəyə salan adama Allahın Kəlamını təbliğ edə bilərdi.
3) O özünü ləyaqətli aparırdı. O tələb edirdi ki, onunla Roma vətəndaşı kimi rəftar olunsun. Roma vətəndaşını qamçılamağa görə ölüm cəzası verilirdi. Lakin Paul ləyaqətini özü üçün deyil, Filipidə qalan məsihçilər naminə müdafiə edirdi. Hər kəsin onların Paul kimi nüfuzlu dostunun olduğunu görməsi vacib idi.
İkincisi, zindan mühafizəçisinə baxaq. Maraqlıdır ki, o, Məsihə sidq ürəkdən iman etdiyini dərhal əməldə göstərdi. Məsihə iman edən kimi dərhal Paul ilə Silanın yaralarını yuyub, onlara yemək verdi. Əgər məsihçilik insanda minnətdarlıq hissi yaratmırsa, onun imanı saxtadır. Əgər insanın qəlbindəki imanı onun əməllərindəki dəyişikliklə təsdiq olunmursa, bu, saxta, riyakar imandır.