1-5
Müjdə yəhudilər və bütpərəstlikdən gələn məsihçilər üçün eyni idi. Antakyada baş verən və qardaşların birlik içərisində yaşamasına imkan verən tarixi hadisələri bəziləri təsadüf hesab edirdi. Bunu ağlasığmaz sayan yəhudilər də var idi. Onlar yəhudilərin seçilmiş xalq kimi xüsusi mövqeyə malik olduqlarını unuda bilmirdilər. Onlar qeyri-yəhudiləri İmanlı Cəmiyyətinə o şərtlə qəbul etməyə razılaşmışdılar ki, əvvəlcə yəhudiliyi qəbul etsinlər. Əgər Yerusəlim qurultayında bu fikir üstünlük təşkil etsəydi, məsihçilik yəhudiliyin məzhəblərindən birinə çevriləcəkdi. Radikal yəhudilərdən bəziləri Antakyaya gəlib Məsihə yeni iman edənləri inandırmağa çalışdılar ki, əgər onlar əvvəlcə yəhudiliyi qəbul etməsələr, onların imanının faydası yoxdur. Paul və Barnaba buna kəskin şəkildə etiraz etdilər və məsələ dalana dirəndi.
Yalnız bir çıxış yolu qalırdı: Yerusəlimdəki həvarilərə müraciət etmək və onlardan problemi həll etmələrini xahiş etmək. Öz fikirlərini izah etmək üçün Paul və Barnaba, sadəcə olaraq, baş verən hadisələr haqqında məlumat verdilər. Onlar istəyirdilər ki, faktlar öz sözünü desin. Lakin Məsihi qəbul edən bəzi fariseylər təkid edirdilər ki, bütün məsihçilər sünnət olunsunlar və Musa peyğəmbərin Qanununa ciddi şəkildə əməl etsinlər.
Ortaya sadə, lakin əsas sual qoyuldu: Allahın ənamı seçilmiş bəziləri üçün nəzərdə tutulub, yoxsa bütün dünya üçün? Əgər bu ənam bizə verilibsə, biz onu imtiyaz hesab edə bilərikmi? Yoxsa bu ənam üzərimizə xüsusi məsuliyyət qoyur? Bizim üçün bu problem o qədər də kəskin deyil. Amma indiki dövrdə də siniflərə, millətlərə, irqlərə bölünmə var. İnsanlar arasındakı bu maneələr aradan qaldırılandan sonra biz məsihçiliyin əsl ruhunu anlayacağıq.
6-12
Peter qatı dindar yəhudilərə cavab verərək xatırlatdı ki, Allah on il əvvəl Kornelini İmanlı Cəmiyyətinə qəbul etmək məsuliyyətini ona tapşırıb. Peterin düzgün iş görməsinin sübutu o idi ki, Allah Məsihçi Cəmiyyətinə yönəltdiyi bütpərəstlərə də Öz Müqəddəs Ruhunu vermişdi. Qanuna görə onlar natəmiz hesab olunurdu. Allah isə Öz Ruhu ilə onların qəlblərini təmizlədi. Axı Qanunun bütün tələblərini yerinə yetirmək və bununla da xilası əldə etmək cəhdi uğursuzluğa məhkum idi. Belə olan halda, insan hər şeyi itirərdi. Yalnız bir yol qalırdı: imanla Allahın lütfünün müftə ənamını qəbul etmək.
Peter birbaşa məsələnin mahiyyətinə vardı. Axı bütün bu mübahisə ən vacib prinsipə toxunurdu. İnsan Allahın iltifatını qazana bilərmi? Yoxsa acizliyini etiraf edib, Allahın ona bəxş etdiyi mərhəməti imanla qəbul etməyə hazır olmalıdır? Mahiyyətcə qatı dindar yəhudilər deyirdilər: «Din o deməkdir ki, insan Rəbbin lütfünə Qanuna riayət etməklə layiq olur». Peter isə buna belə cavab verdi: «Din — Allahın mərhəmətinə tamamilə təslim olmaqdan ibarətdir». Bu fikir əmələ əsaslanan din ilə lütfə əsaslanan din arasındakı fərqi ifadə edir. İnsan Allahın ona borclu olmadığını dərk etməyənə və Allahın ona verdiyi lütfü qəbul etməyənə qədər qəlbinə sülh gəlməyəcək. Məsihçiliyin paradoksu elə ondadır ki, qələbəyə gedən yol öz məğlubiyyətini etiraf etməkdən keçir. Qüdrətə gedən yol isə öz acizliyini dərk etməkdən keçir.
13-21
Kənardan belə bir təəssürat yaranır ki, bütpərəstlərin İmanlı Cəmiyyətinə qəbul edilməsi məsələsi hələ də həllini tapmayıb. Sonda Yaqub danışmağa başladı. O, Yerusəlim imanlı cəmiyyətinin başçısı idi. Onun başçılığı heç bir şəkildə formal deyildi. Əksinə, o, görkəmli rəhbər kimi tanınırdı. O, İsanın qardaşı idi. İsa Məsih ona xüsusi şəkildə görünmüşdü (1Korinflilərə 15:7). O, İmanlı Cəmiyyətinin sütunu oldu (Qalatiyalılara 1:19). Deyilənə görə, onun dizlərinin dərisi dəvə dərisi kimi sərt idi. Çünki o, dua etmək üçün saatlarla diz üstə qalırdı. O, o qədər saleh idi ki, ona Ədalətli Yaqub deyirdilər. Bundan əlavə, o özü də Qanuna ciddi əməl edirdi. Bu da vacib idi. Əgər belə bir şəxs bütpərəstləri müdafiə etməyə başlasa, məsələ ən yaxşı şəkildə həll olunacaqdı. O, belə də etdi: İmanlı Cəmiyyətinə gələn yeni şagirdlərə lazımsız maneələr yaratmağın düzgün olmadığını bəyan etdi. Hətta bundan sonra da yəhudilərlə qeyri-yəhudilər arasında münasibətə dair sual yarandı: Qanuna ciddi riayət edən yəhudi sünnətsiz imanlılarla necə ünsiyyət qura bilər? Problemi asanlaşdırmaq üçün Yaqub qeyri-yəhudi məsihçilərə təklif etdi ki, müəyyən standartlara riayət etsinlər. Onlar bütlərə təqdim olunan qurbanların ətini yeməməlidirlər. Erkən məsihçiliyin mühüm problemlərindən biri — bütlərə qurban gətirilən ətlə bağlı idi. Paul bu məsələni 1Korinflilərə 8-ci və 9-cu fəsillərdə ətraflı izah edir. Bütpərəst öz məbədində tanrılara qurban təqdim edəndə, çox vaxt ətin yalnız kiçik bir hissəsi qurban gətirilirdi. Ətin çox hissəsi dostları ilə məbədə bitişik ərazilərdə, bəzən isə evində ziyafət vermək üçün yiyəsinə qaytarılırdı. Ətin qalan hissəsini məbədin bütpərəst kahinləri götürür və dükanlarda satdırırdı. Heç bir məsihçi bu cür ət yeməklə murdarlana bilməzdi, çünki o, bütə təqdim edilən qurban əti idi.
Onlar özlərini əxlaqsızlıqdan uzaq saxlamalı idilər. Artıq deyildiyi kimi, qədim dünya üçün ismət məsihçiliklə gələn tamamilə yeni bir ləyaqət idi. Natəmiz dünyada məsihçilər pak qalmalı idilər.
Onlar boğularaq öldürülən heyvanların ətini və qanını yeməməli idilər. Yəhudi üçün qan — həyat demək idi, həyat isə yalnız Allaha məxsusdur. Bununla belə, yəhudilər öz həyat təcrübələrinə əsaslanırdılar — qanla birlikdə həyat da gedir. Buna görə də, yəhudilərin istehlak etdiyi bütün heyvanlar elə kəsilirdi ki, qanı tamamilə axıb getsin. Bütpərəstlərin kəsilmiş heyvanların qanını axıtmaması yəhudilərə iyrənc görünürdü. Onlara görə mal-qaranı boğaraq kəsmək də eyni dərəcədə iyrənc hesab olunurdu. Beləliklə, bütpərəstlikdən gələn məsihçilər yəhudi qaydaları ilə kəsilmiş əti yeməyə başladılar.
Əgər bu sadə tələblərə əməl edilməsəydi, yəhudilərlə qeyri-yəhudilər arasında ünsiyyət qeyri-mümkün olardı; onların bu qaydalara riayət etmələri ünsiyyət üçün son maneəni aradan qaldırdı. İmanlı Cəmiyyətində belə bir prinsip qoyuldu ki, yəhudilər və qeyri-yəhudi möminlər Allah qarşısında eynidir.
22-35
Bu mühüm qərarı qəbul edərkən İmanlı Cəmiyyəti effektiv və taktiki hərəkət etdi. Qurultayda qəbul edilən bütün müddəalar qələmə alındı. Lakin bu qərar Antakyada olan məsihçilərə adi bir qasid tərəfindən göndərilmədi: Barnaba və Paul ilə birlikdə Antakyaya gedən Yəhuda və Sila vasitəsilə çatdırıldı. Əgər Paul və Barnaba tək gəlsəydilər, onların rəqibləri qərarın doğruluğuna şübhə edə bilərdilər:
Yəhuda və Sila qurultayda qəbul edilən qərarın doğruluğunun rəsmi elçiləri və qarantları idi. İmanlı Cəmiyyəti həm insanları, həm də qərarı göndərərək müdrikcəsinə hərəkət etdi. Erkən məsihçi müəlliflərindən biri yazırdı ki, o oxuduğu hər şeydən daha çox canlı şahidlərə üstünlük verib. Axı göndərilən məktub rəsmi səslənə bilərdi. Yəhuda və Sila isə ona heç bir məktubun qata bilməyəcəyi isti dostluq münasibəti gətirdilər. İnsanlar məktub yazmaq əvəzinə bir-biriləri ilə daha çox ünsiyyət qursaydılar, əksər problemlərdən qurtulardılar.
36-41
Paul anadangəlmə macəra axtaran adam idi və heç vaxt bir yerdə uzun müddət qala bilmirdi. O, yenidən yola düşmək qərarına gəldi. Lakin səfərə hazırlıq faciəvi ayrılma ilə başa çatdı. Barnaba Mark kimi tanınan Yəhyanı özü ilə aparmaq istəyirdi. Paul isə bir dəfə Pamfiliyada özünü etibarsız xidmətçi kimi göstərən adamla iş görmək istəmirdi. Aralarındakı fikir ayrılığı o qədər kəskin oldu ki, onlar ayrılmalı oldular və bir daha bir araya gəlmədilər. Burada Barnabanın, yoxsa Paulun haqlı olduğunu söyləmək çətindir. Ancaq bir şey aydındır: Mark Barnaba kimi bir dostu olduğuna görə çox şanslı idi. Daha sonra, bildiyimiz kimi, Mark yenidən nüfuzunu bərpa edir. Ola bilsin, ona nüfuzunu bərpa etməyə və keçmiş səhvlərini düzəltməyə Barnabanın dostluğu kömək edib. Sənə inanan birinin olması çox gözəldir. Barnaba Marka inanırdı və nəticədə Mark onun etibarını doğrultdu.
İkinci missioner səyahəti
Paulun üç il davam edən ikinci missioner səyahəti haqqında məlumat Həvarilərin işləri 15:36-18:23-də təsvir edilmişdir. Səyahət Antakyadan başladı, Paul əvvəlcə Suriya və Kilikiyadakı imanlı cəmiyyətlərini ziyarət etdi. Bundan sonra o, Derbe, Listra, Konya və Pisidiyada olan Antakyadakı imanlı cəmiyyətlərini ziyarət etdi. Sonra elə bir vaxt gəlib çatdı ki, o, hara gedəcəyini bilmədi. Bu qeyri-müəyyənlik dövrü Troasdakı bir görüntü ilə başa çatdı. Paul Troasdan Neapolisə, Frakiya, oradan da Filipiyə getdi. Filipidən sonra Salonikə və Veriyaya getdi. Oradan Afinaya, daha sonra isə Korinfə getdi. Korinfdə təxminən on səkkiz ay qaldı. Korinfdən Efes vasitəsilə Yerusəlimə getdi və nəhayət, Antakyaya qayıtdı. Paulun ikinci missioner səyahəti Allahın izzəti naminə irəliyə doğru atılan mühüm addım idi. Çünki məsihçilik Kiçik Asiyanın sərhədlərini keçərək Avropaya çatmışdı.