1-7
Paul və Barnaba Pisidiyada olan Antakyadan təxminən 145 kilometr aralıda yerləşən Konyaya getdilər. Bu, çox qədim şəhər idi, hətta Dəməşqdən də qədim sayılırdı. Qədim zamanlarda padşah Nanak bu şəhərdə yaşayıb və «Padşah Nanakın dövründən» deyimi «əzəldən bəri» mənasını verirdi. Paul və Barnaba həmişəki kimi sinaqoqda təbliğ etməyə başladılar və onların təbliği uğurlu oldu. Amma paxıl yəhudilər izdihamı onlara qarşı qaldırdılar, Paul ilə Barnaba yenə oradan uzaqlaşmalı oldular.
Qeyd etmək lazımdır ki, Paul və Barnaba getdikcə həyatlarını daha çox riskə atırdılar. Konyada da onları məhkəməsiz cəzalandırma təqib edirdi. Paul və Barnaba nə qədər irəli gedirdilərsə, sivilizasiyadan bir o qədər uzaqlaşırdılar. Sivil şəhərlərdə heç olmasa onların həyatları təhlükəsiz idi, çünki Roma hakimiyyəti asayişi qoruyub saxlayırdı. Lakin sivil şəhərlərin hüdudlarından kənarda, Paul və Barnabanı həmişə yəhudilər tərəfindən qızışdırılan frigiyalıların məhkəməsiz cəzaları təqib edirdi. Onların hər ikisi cəsarətli idilər. Məsihçinin isə həmişə cəsarətli olması lazımdır.
8-18
Listrada Paul və Barnabanın başına qəribə bir hadisə gəldi. Onlar bütpərəst tanrılar kimi qəbul edildilər. Bunun izahına Likaoniya tarixində rast gəlinir. Listra yaxınlığında yaşayan insanlar inanırdılar ki, bir gün Zevs və Hermes insan cildində yer üzünə qayıdacaq. Əfsanəyə görə, Zevs və Hermes yer üzünə gələndə heç kim onları öz evinə qəbul etmədi. Yalnız bir qoca kəndli Filimon və arvadı Bavkiya onları evinə dəvət etdi. Buna görə tanrılar Filimon və Bavkiyadan başqa bütün əhalini qırdılar. Qoca ər-arvadı isə möhtəşəm məbədin mühafizəçiləri etdilər. Öləndə isə tanrılar onları iki böyük ağaca çevirdilər. Buna görə də, Paul xəstəni sağaldanda Listra sakinləri o dövrün səhvini təkrarlamaq istəmədilər. Barnaba qəddi-qamətli bir insan idi və onu tanrıların padşahı Zevs kimi qəbul etdilər. Hermes tanrıların elçisi idi və Paul natiq olduğu üçün onu Hermes kimi qəbul etdilər.
Bu hissə xüsusi maraq doğurur, çünki biz burada Paulun yəhudi ənənələri və ya tarixindən heç bir məlumatı olmayan bütpərəstlərə necə müraciət etdiyini görürük. Paul əvvəlcə təbiət və kainat haqqında danışmağa başlayır, sonra isə kainatın yaradıcısı olan Allaha keçir. O, bu gündən və indiki dövrdən başlayır, sonra gələcəyə və səmavi şeylərə keçir. Yadda saxlamaq lazımdır ki, kainat Var Olan Allahın məkanıdır. Deyilənə görə, bir dəfə Aralıq dənizində gəmidə gedərkən Napoleonun yoldaşları Allahdan danışırdılar. Söhbət o yerə gəlib çatdı ki, onlar Tanrının mövcudluğunu tamamilə inkar etdilər. Napoleon susurdu, amma sonra əlini qaldırıb dənizə və göyə işarə etdi: «Cənablar, bəs bütün bunları kim yaradıb?»
19-20
Bütün bu həyəcan doğuran hadisələr əsnasında bəzi yəhudilər Listraya gəldilər. Yəhudilər qəsdən Paul və Barnabanı izləyirdilər ki, onların gördükləri işi məhv etsinlər və xalqı onlara qarşı qızışdırsınlar.
Listra Roma koloniyası idi, lakin o, kənarda yerləşirdi. Şəhərin sakinləri nə etdiklərini görəndə qorxdular və Paulun öldüyünü düşünərək onu şəhərdən çıxardılar. Onlar Roma ədalətinin cəzasından qorxurdular və nəticələrdən qaçmaq üçün cəsəddən qurtulmağa çalışdılar.
Paul qeyri-adi dərəcədə cəsarətli idi. O özünə gələn kimi dərhal yenidən daşqalaq edildiyi şəhərə getdi. Con Vesli də tövsiyə edirdi: «Həmişə kütlənin üzünə bax». Sizi öldürməyə cəhd edənlərin yanına qayıtmaqdan daha cəsarətli nə ola bilər? Belə bir hərəkət insanlara yüzlərlə vəzdən daha çox təsir edəcək. Adamlar istər-istəməz özlərinə sual verməli olacaqlar: «İnsan belə davranmağa gücü haradan tapır?»
21-28
Bu hissə Paulu üç cəhətdən aydın şəkildə xarakterizə edir:
1) O, məsihçi olmaq qərarına gələn insanlarla olduqca dürüst danışırdı. O, açıq şəkildə öyrədirdi ki, Allahın Padşahlığına çox əziyyətlərdən keçərək girməliyik. Paul onlara asan yol vəd etmədi. Lakin Məsihin «möminlərin həyatını asanlaşdırmaq üçün deyil, onları yüksəltmək üçün» gəldiyi prinsipini rəhbər tutdu.
2) Geri qayıdarkən Paul imana yeni gələn məsihçilərin bütün kiçik icmalarında ağsaqqallar təyin etdi. O, məsihçilərin qardaşlıq şəraitində yaşamalı olduğu barədə fikrini açıq şəkildə nümayiş etdirdi. İmanlı Cəmiyyətinin ağsaqqallarından birinin dediyi kimi: «İmanlı Cəmiyyətini ana kimi qəbul etmədən heç kim Allaha Ata deyə bilməz». Con Vesli bu fikri belə ifadə etmişdi: «Heç kim təkbaşına göylərə gedə bilməz. O, ya imanlı qardaş tapmalı, ya da başqalarını Məsihə gətirməlidir». Paul öz missiyasının əvvəlindən nəinki insanları Məsihə gətirir, həm də yerli imanlı cəmiyyətlərini qururdu.
3) Paul və Barnaba bilirdilər ki, buna öz gücləri ilə nail olmayıblar. Onların vasitəsilə bu işi görən Allahı izzətləndirirdilər. Onlar özlərini yalnız Allahın əməkdaşı kimi görürdülər. Azenkurdakı böyük qələbədən sonra kral Henri onun haqqında qəsidə yazmağı qadağan etdi və hamıya əmr etdi ki, bu qələbəyə görə yalnız Allahı izzətləndirsinlər. Biz öz izzətimizi deyil, Allahın əlində bir alət olduğumuzu düşünərək xidmət etməyə başlayanda, məsihçi xidmətinin əsl ruhunu dərk etməyə başlayacağıq.
Tarixi əhəmiyyətli sual
İmanlı Cəmiyyətində bütpərəstlikdən gələn məsihçilərin qəbulu həllini tələb edən problemə səbəb oldu. Yəhudilərin təfəkkürü və ənənələri təlqin edirdi ki, onlar seçilmiş xalqdır. Faktiki olaraq, yəhudilər nəinki Allaha aid olduqlarını zənn edirdilər, onlar hətta inanırdılar ki, Allah yalnız onlara məxsusdur. Onların problemi o idi ki, bütpərəst yerli məsihçi icmasına qəbul edilməzdən əvvəl sünnət olunmalı və Musa peyğəmbərin Qanununa riayət etməlidirmi? Başqa sözlə desək, bütpərəst Məsihi qəbul etməzdən əvvəl öncə yəhudi olmalıdır? Yoxsa Məsihə iman edən bütpərəst birbaşa Məsihin Cəmiyyətinə qoşula bilər?
Bu məsələ həll olunsa belə, qaçılmaz olaraq başqa problem yaranacaqdı. Dindar yəhudi bütpərəstlə ünsiyyət qura bilməzdi. Yəhudi bütpərəsti nə qonaq kimi qəbul edə, nə də onun evinə gedə bilərdi. Onunla mümkün qədər işgüzar müqavilələr bağlamazdı. Əgər bütpərəstlərin yerli imanlı cəmiyyətinə daxil olmasına icazə verilsəydi belə, yəhudinin qeyri-yəhudi ilə ünsiyyət qurmasına nə dərəcədə icazə verilərdi?
Bu kimi problemlər dərhal həllini tələb edirdi. Amma sonda İmanlı Cəmiyyəti belə bir nəticəyə gəldi ki, yəhudilər və başqa millətlər arasında heç bir fərq olmamalıdır. Həvarilərin işləri 15-ci fəsildə Yerusəlimdəki Qurultaydan bəhs edilir. Toplantının qərarı qeyri-yəhudi möminlər üçün qanuna çevrildi.