1-3
Məsihçi Cəmiyyəti Müjdənin son dərəcə vacib astanasında dayanmışdı. Addımlarını diqqətlə düşünən imanlılar Məsihin Müjdəsini bütün dünyaya təbliğ etmək qərarına gəldilər. Onlar bu qərarı qəbul edərkən Müqəddəs Ruh tərəfindən idarə olunurdular. İlk məsihçilər həmişə Allahın iradəsini öz bildikləri kimi yerinə yetirmirdilər.
İlk İmanlı Cəmiyyətində peyğəmbərlər və müəllimlər müxtəlif tapşırıqları yerinə yetirirdilər. Peyğəmbərlər səyyar təbliğçilər idilər. Onların bütün həyatı bir amala həsr olunmuşdu — Allahın iradəsini bilmək və bunu qardaşlarına, xalqına bəyan etmək. Hər bir yerli imanlı cəmiyyətində müəllimlər yeni iman edənləri öyrədirdilər. Qeyd etdiyimiz kimi, bu peyğəmbərlərin adları Müjdənin yer üzünün bütün xalqlarına aid olması fikri ilə əlaqədardır. Barnaba Kipr adasından olan bir yəhudi idi, Luki Şimali Afrikadakı Kirenadan idi. Şimeon da yəhudi idi, lakin onun ikinci adı — Niger — Roma mənşəlidir və onun bir vaxtlar Romada yaşadığını göstərir; Menaxem aristokrat ailədən idi, Paul isə əslən Kilikiyadakı Tarsusdan olan təhsilli yəhudi ravvini idi. Bu kiçik qrup artıq məsihçiliyin birləşdirici gücünü açıq şəkildə nümayiş etdirirdi. Müxtəlif ölkələrdən, müxtəlif mənşədən və müxtəlif təbəqələrdən olan insanlar icma və qardaşlığın sirrini dərk etdilər, çünki onlar Məsihi tanımışdılar.
Çox maraqlı bir ehtimal var. Güman olunur ki, Şimeon Afrika mənşəlidir, çünki Niger Afrika adıdır. Belə bir ehtimal da var ki, o, Məsihin Çarmıxını Qolqotaya aparan həmin Kirenalı Şimondur (Luka 23:26). İsa ilə ilk dəfə Qolqota yolunda rastlaşan və Onun Çarmıxını daşıyan (baxmayaraq ki, o, əvvəlcə buna görə qəzəblənmişdi) adamın Çarmıxa çəkilmə barədə hekayəni dünyanın dörd bir yanında insanlara təbliğ edənlərdən biri olması çox gözəl olardı.
4-12
Paul və Barnaba Kiprə yollandılar. Böyük ürəkli Barnaba kiprli olduğuna görə (Həvarilərin işləri 4:36) təbii ki, ilk növbədə İsa haqqında öz həmvətənlərinə danışmaq istəyirdi. Kipr mis mədənləri və gəmiqayırma ilə tanınan Roma əyaləti idi. Bəzən Kipri Makariya adlandırırdılar, bu da xoşbəxt ada deməkdir. Oranın iqlimi çox yaxşı idi, bol qida və yer altından çıxarılan minerallar hər kəsə firavan həyat sürməyə imkan verirdi. Paul heç vaxt asan yollar axtarmırdı. O, Barnaba ilə əyalətin əsas şəhəri olan Pafosda təbliğ edirdi. Pafos məhəbbət ilahəsi Venera kultunun çiçəklənməsi ilə məşhur olduğuna görə pis nüfuza sahib idi. Kipr hökmdarı prokonsul Sergi Paul idi. Həmin dövrdə xurafatçılıq yüksək səviyyədə idi. Bütün nəcib insanların, hətta Sergi Paul kimi ağıllı bir insanın sehrbazlıqla məşğul olan öz falçıları var idi. Barşeyu, yaxud ərəb dilində məharətli mənasını verən Elima başa düşürdü ki, əgər prokonsul Məsihi qəbul etsə, onda onun sonu çatacaq. Paul inandırıcı şəkildə ona Allahın qüdrətini nümayiş etdirmişdi.
Həmin andan etibarən Şaul Paul adlandırılmağa başladı. O vaxt, demək olar ki, bütün yəhudilərin iki adı var idi. Onlardan biri dar çevrədə tanınan yəhudi, digəri isə geniş çevrədə tanınan yunan adı idi. Bəzən yunan adı ibrani dilindən tərcümə olunurdu. Məsələn, ibrani dilində Kefa yunanca Peter, Tomas isə Didimos deməkdir. Bəzən yunan adı ibrani dilindəki kimi səslənirdi. Beləcə yəhudi adı Elyaqim yunanca Alqimə, Yeşua isə yunanca Yesusa çevrildi.
Eynilə Şaul da Paul oldu. Ola bilsin, həmin vaxta qədər Paul qeyri-yəhudilərin həvarisi kimi o qədər bütpərəstlərə xidmət etmişdir ki, ancaq qeyri-yəhudi adını istifadə etmişdi. Əgər doğrudan da, belədirsə, onda həmin andan etibarən o, Müqəddəs Ruhun onun üçün nəzərdə tutduğu yol ilə getdi. Onun geriyə dönüşü artıq mümkün deyildi.
13
Barnabanın adı çəkilməsə belə, ona ən layiqli ad verildi. İndiyə qədər Barnaba və Şaulun adı birlikdə çəkilirdi (Həvarilərin işləri 13:2). Barnaba bu missiyanın rəhbəri idi. İndi isə missiyanın rəhbərliyini Paul öz üzərinə götürdü və Barnaba buna etiraz etmədi. Bu Barnabanın ən gözəl xüsusiyyəti idi. O, rəhbərliyi başqasına verməyə hazır idi, təki Allahın Kəlamı yayılsın.
Lakin bu ayədə əsas maraq doğuran Mark adlı Yəhyanın tərcümeyi-halından bir fraqmentdir. Çünki bizim Mark kimi tanıdığımız Yəhya Paul və Barnabanı tərk edərək Yerusəlimə qayıtdı.
Mark hələ gənc idi. Görünür, Yerusəlimdəki imanlı cəmiyyəti anasının evində toplaşırdı (Həvarilərin işləri 12:12). Buna görə Mark imanlıların içində böyümüşdü. Paul və Barnaba onu özləri ilə köməkçi kimi götürdülər, çünki o, Barnabanın qohumu idi. Amma o, evə qayıtmalı oldu. Nəyə görə? Bəlkə də missiyanın rəhbərliyinin Barnabadan Paula keçməsi onun xoşuna gəlməmişdi; bəlkə də o, Pisidiyada olan Antakyanın yerləşdiyi yaylaya planlaşdırılan səyahətdən qorxmuşdu, çünki həmin dövrdə ora dünyanın ən təhlükəli yollarından biri idi; ola bilsin, o, Yerusəlim sakini kimi bütpərəstlərə Müjdəni təbliğ etməyi məqsədəuyğun hesab etmirdi; ola bilsin, o, yarımçıq işi başa çatdırmaqdansa, yeni bir işə başlamağı üstün tutanlardan idi; bəlkə də, Xrizostomun dediyi kimi, oğlan anasını görmək istəyirdi. Hansı səbəbdən olduğu dəqiq bilinməsə də, Yəhya onları tərk etdi.
Paul bir müddət buna görə onu bağışlaya bilmədi. İkinci missioner səyahətinə çıxanda Barnaba yenidən Markı özü ilə aparmaq istədi. Lakin Paul onları tərk edən birini özü ilə götürməkdən imtina etdi (Həvarilərin işləri 15:38). Buna görə Paul Barnaba ilə həmişəlik ayrıldı. Bir müddət Markın adı çəkilmir, halbuki rəvayətə görə o, İsgəndəriyyə və Misirə gedib orada imanlı cəmiyyəti təsis etmişdi. 20 ildən sonra yenidən peyda olanda, o, artıq tamam başqa bir insan idi. Roma həbsxanasından Kolosselilərə məktub yazan Paul deyir ki, Mark onların yanına gəlsə, onu qəbul etsinlər. Ölümündən bir qədər əvvəl isə o, Timoteyə yazır: «Markı da götür özünlə gətir, çünki o etdiyim xidmətdə mənə yardım edir» (2Timoteyə 4:11). Forsdikin dediyi kimi: «Heç kim olduğu kimi qalmamalıdır». Bir vaxtlar fərari olan Mark Allahın lütfü ilə Müjdənin müəllifi oldu. Ölüm ayağında olanda Paul yanında məhz onu istədi.
14-15
Həvarilərin işləri kitabında diqqəti cəlb edən məqamlardan biri də xalqın qəhrəmanlığının ayədə əksini tapmasıdır. Pisidiyada olan Antakya dəniz səviyyəsindən 1100 metr yüksəklikdə yerləşir. Şəhərə girmək üçün Paul və Barnaba Kiçik Asiyanın ən çətin yollarından biri hesab edilən, quldurlar və soyğunçularla məşhur olan Toros dağlar silsiləsini keçməli oldular.
Bəs nə üçün onlar Pamfiliyada Müjdəni təbliğ etdilər? Nə üçün onlar Allahın Kəlamını təbliğ etmədən adanın sahillərini tərk edərək çətin və təhlükəli yolu tutdular? Bundan az sonra Paul Pisidiyada olan Antakya, Konya, Listra və Derbedəki qardaşlara məktub yazdı. Bu şəhərlər Roma əyalətinin Qalatiya ərazisində olduğu üçün Paulun Qalatiyalılara Məktubu kimi tanınır. Paul məktubunda yazır: «Bildiyiniz kimi, mən Müjdəni ilk dəfə sizə cismən zəif olaraq vəz etmişdim» (Qalatiyalılara 4:13). Yəni o, xəstə idi. Dualara baxmayaraq, Paulun bədənində onu tərk etməyən neştər var idi (2Korinflilərə 12:7-8). Bu sözün tərcümə olunduğu kimi neştərin nə demək olduğu barədə çoxlu fərziyyələr var. Köhnə və ümumi qəbul edilən versiyaya görə, Paul dəhşətli baş ağrılarından əziyyət çəkirdi. Çox güman, o, Kiçik Asiyanın alçaq sahilyanı rayonlarında geniş yayılmış davamlı qızdırmadan əziyyət çəkirdi. Səyahətçilərdən biri bu qızdırma ilə müşayiət olunan baş ağrısını başı deşən qırmızı-isti dəmir çubuqla müqayisə edir. Digəri bunu diş həkiminin burğusu ilə adamın gicgahını deşməsinə bənzədir. Ola bilsin, bu davamlı qızdırma Paula ovalıqdan ibarət Pamfiliyada olarkən əzab vermişdi. O da bundan xilas olmaq üçün yaylağa getməli olmuşdu. Diqqət yetirin ki, Paul bir daha heç vaxt ora qayıtmadı. Hətta xəstə olanda belə, o, Məsih yolunda həyatını riskə ataraq irəli getdi.
16-41
Bu hissə xüsusilə böyük əhəmiyyət kəsb edir, çünki bu, həvari Paulun qoruyub saxlanılan vəzinin yeganə tam təsviridir. Əgər biz Paulun vəzini Peterin Həvarilərin işləri kitabının 2-ci fəslindəki vəzi ilə müqayisə etsək, görərik ki, əsas məqamlar eynidir.
1) Paul iddia edir ki, Məsihin zühuru tarixin tamamlanmasını təmsil edir. O, dinləyicilərinə İsrailin bütün tarixini xatırladır və sübut edir ki, Məsihin zühuru onun kulminasiya nöqtəsidir. Stoiklər hesab edirdilər ki, tarix daim təkrarlanır. Bizim dövrümüzün ədəbsiz nəzəriyyələrindən biri odur ki, bəşəriyyətin tarixi günahların, səhvlərin və ağılsız hərəkətlərin salnaməsi hesab edilir. Lakin məsihçilər tarixə optimist baxırlar. Onlar əmindirlər ki, tarix Allahın məqsəd və məramına uyğun olaraq cərəyan edir.
2) Paul iddia edir ki, İsa Məsih zühur edəndə Allahın xilas planını tamamladığını insanlar başa düşməlidirlər. Robert Brauninq demişdir: «İlahi olanı dərk edərək sev». Amma öz yolunu seçib, Rəbbin yolundan imtina edən insan sağlam düşünə bilmir və Uca Yaradanı dərk etmək qabiliyyətini itirir. İradə və seçim azadlığından bu şəkildə istifadə azadlığa deyil, özünü məhvə aparır.
3) Cahilliklərindən kor olan insanlar İsanı rədd edib Çarmıxa çəksələr də, Allah məğlub olmadı. İsanın dirilməsi Allahın sarsılmaz planlarının və qüdrətinin sübutudur. Deyilənə görə, bir gün fırtınalı havada uşaq atasına heyrətlə deyir: «Yəqin Allah bu gecə küləklərin üzərində səlahiyyətini itirib». İsanın dirilməsi Allahın heç vaxt səlahiyyətini itirmədiyini sübut edir.
4) Sonra Paul sırf yəhudi arqumentini misal çəkir. Dirilmə peyğəmbərliklərin yerinə yetirilməsidir. Çünki Davuda verilən vədlər onun özü üçün deyil, Məsihdə yerinə yetirildi. Yenə də, bu peyğəmbərliyi necə şərh etməyimizdən asılı olmayaq, bir şey aydındır: tarixə dövri və məqsədsiz bir proses kimi baxmaq olmaz. Tarix Allahın planlaşdırdığı kimi gedir.
5) Məsihin gəlişi — bəşəriyyət üçün xoş xəbərdir. İndiyə qədər onlar Qanuna uyğun yaşamağa çalışırdılar. Lakin heç kim bunu heç vaxt mükəmməl şəkildə yerinə yetirə bilməmişdi. Buna görə də hər bir ağlı başında olan insan öz uğursuzluğu və günahı ilə təqib olunur. İsa Məsihdə insanlar bağışlanma əldə edirlər. Bu da onları gələcək lənətdən azad edir və Allahla əsl yaxın münasibət qurmağa imkan verir.
6) Amma bəziləri üçün Xoş Xəbər digərlərinə pis xəbər olacaq. İsa Məsihə inanmaqdan və Ona itaət etməkdən imtina edənlər daha böyük mühakiməyə uğrayacaqlar. Məsih haqqında heç vaxt eşitməyənlərə bəraət verilə bilər. Lakin Allahın nəcib təklifinin işığını görüb, onu qəbul etməkdən imtina edənə heç bir bəraət yoxdur.
42-52
Pisidiyada olan Antakyada tez-tez iğtişaşlar baş verirdi. Qarışıq əhalisi olan bu şəhər eramızdan əvvəl 300-cü illərdə Makedoniyalı İsgəndərin varislərindən biri tərəfindən salınıb. Yəhudilər çox vaxt sərfəli şərtlərlə iş qurmaqdan ötrü yeni şəhərlərə köçürdülər. Eramızdan əvvəl 6-cı ildə Antakyada yollar birləşdiyindən Roma koloniyasına çevrildi. Onun əhalisi yunanlar, yəhudilər, romalılar və xeyli sayda yerli sakinlərdən — emosional və qərarsız frigiyalılardan ibarət idi. Belə bir toplumda istənilən qığılcım yanğına səbəb ola bilər.
Yəhudiləri ən çox qəzəbləndirən o idi ki, Allahın imtiyazları sünnət olunmamış başqa millətlərə də şamil edilə bilər. Ona görə də onlar hərəkətə keçdilər. O dövrdə yəhudilik qadınlar üçün xüsusilə cəlbedici idi. Qədim dünyanın əxlaqı son dərəcə dəhşətli idi. Ailə həyatının təməli hamının gözü qabağında dağılırdı və bundan ən çox əziyyət çəkən qadınlar idi. Yəhudilik isə təmizliyi və adət-ənənələrə sədaqəti təbliğ edirdi. Sinaqoqların ətrafına çoxlu qadın toplaşırdı. Onların çoxu cəmiyyətin yuxarı təbəqələrinə mənsub idi. Onlar ehtiyac duyduqlarını yəhudilikdə tapırdılar. Həmin qadınların çoxu yəhudi dinini qəbul etmişdilər. Yəhudilər onları nüfuzlu mövqelərdə olan həyat yoldaşları vasitəsilə Məsihi təbliğ edənlərə qarşı çıxmağa təşviq edirdilər. Bu da istər-istəməz təqiblərə səbəb oldu. Paul və Barnaba Pisidiyada olan Antakyada təhlükə ilə üz-üzə qaldılar və oranı tərk etməli oldular.
Yəhudilər öz imtiyazlarını özləri üçün qoruyub saxlamaqda qərarlı idilər. Məsihçilər isə başlanğıcdan bu imtiyazların başqalarına da məxsus olduğunu deyirdilər. Necə deyərlər: «Yəhudilər başqa millətlərə yandırılmaq üçün saman kimi baxırdılar. İsa isə onlara Allah üçün yığılacaq taxıl sünbülləri kimi baxırdı». Məsihin Cəmiyyəti də dünyaya məhsulu yetişən Rəbbin tarlası kimi baxmalıdır.