1-11
İmanlı Cəmiyyətinə, xüsusən də onun rəhbərlərinə Padşah Hirod tərəfindən yeni təqib dalğası gəldi. Gəlin əvvəlcə Hirodun evinə nəzər salaq və onun Əhdi-Cədiddə necə təsvir olunduğunu görək. Əhdi-Cədiddə adı keçən və Hirodun evindən olan ilk padşah Matta 2-də xatırlanan Böyük Hiroddur. O, təxminən eramızdan əvvəl 41-ci ildən eramızın 1-ci ilinə kimi, yəni İsanın doğulduğu vaxta kimi hökmdarlıq edib. Şərqdən gələn müdrikləri qəbul edən və körpələrin öldürülməsini əmr edən o idi. Böyük Hirod on dəfə evlənmişdi.
Onun ailəsinin üzvləri haqqında məlumat Əhdi-Cədidin səhifələrində əksini tapır:
1) Birinci Hirod Filip. O, Vəftizçi Yəhyanın ölümünə səbəb olan Hirodiyanın ilk əri idi. O, Matta 14:3; Mark 6:17; Luka 3:19-da Filip adı ilə xatırlanır. Onun heç bir rəsmi titulu yox idi. O, Şalomitin atası idi.
2) Hirod Antipa Qalileya və Pereyanın tetrarxı idi. O, Hirodiyanın ikinci əri idi və Vəftizçi Yəhyanın edamına razılıq vermişdi. Bu, Ponti Pilatın İsanı mühakimə etmək üçün göndərdiyi həmin Hiroddur (Luka 23:7).
3) Hirod Arxela Yəhudeya, Samariya və İdumeyanın hökmdarı idi. O, çox pis hökmdar olduğuna görə devrildi və ölkədən qovuldu (Matta 2:22).
4) II Hirod Filip İtureya və Traxonitis bölgəsi üzərində tetrarx idi. O öz şərəfinə adlandırılan Filip Qeysəriyyəsi şəhərinin əsasını qoymuşdu. Əhdi-Cədiddə o, Filip adlanır və Luka 3:1-də xatırlanır.
5) Böyük Hirodun başqa bir oğlunun adı Aristobul idi. Onun anası Marianna böyük Makkabi qəhrəmanlarının nəslindən olan şahzadə idi. Aristobul atası tərəfindən öldürüldü, lakin Hirod Aqrippa adlı bir oğlu qaldı. Məhz bu Hirodun adı Həvarilərin İşləri 12-ci fəsildə qeyd olunur.
6) Siyahını tamamlamaq üçün qeyd etmək olar ki, Hirod Aqrippa —
a) II Hirod Aqrippanın atası idi. Məhz o, Paulun işini araşdırırdı və Paul onun önündə çıxış etmişdir (Həvarilərin işləri 25 və 26);
6) Paulun işinin araşdırılması zamanı qardaşı ilə birlikdə adı çəkilən Bernikin atası idi;
c) Paulu mühakimə edən hökmdar Feliksin arvadı olan Drusillanın atası idi (Həvarilərin işləri 24:24).
Bu şəcərədən aydın olur ki, Hirod Aqrippa anası Mariannaya görə birbaşa Makkabilərin nəslinin nümayəndəsi hesab olunur. O, Romada təhsil alsa da, yəhudilərin mədəniyyətini inkişaf etdirir, Qanunu və bütün yəhudi adətlərini səylə yerinə yetirirdi. Buna görə də o, xalqın rəğbətini qazanmışdı. Dindar yəhudilər arasında daha böyük rəğbət qazanmaq üçün o, məsihçilərə və onların rəhbərlərinə qarşı təqibləri gücləndirmək qərarına gəldi. Onun Peterin həbs etdirməsi yəhudiləri ələ almaq istəyindən xəbər verir. Pasxa Nisan ayının 14-də başlayırdı. Həmin gün və sonrakı yeddi gün ərzində mayalanmış xəmirdən istifadə etmək qadağan idi. Buna görə də bütün həftə mayasız çörək həftəsi adlanırdı. Bu müddət ərzində heç bir məhkəmə və ya edam həyata keçirilə bilməzdi. Ona görə də Hirod Peterin edamını həftənin sonuna qədər təxirə saldı. Məsihçilərin bu cür təqib edilməsi kiminsə prinsiplərinə görə deyil, yalnız Hirodun xalqın rəğbətini qazanmaq istəyi ilə bağlıdır.
12-19
Peterin qaçmasının qarşısını almaq üçün zəruri ehtiyat tədbirləri görüldü. Onu dörd nəfərdən ibarət dörd döyüşçü dəstəsi qoruyurdu, dəstələr üç saatdan bir dəyişirdi. Adətən, məhbusun sağ əli qarovulun sol əlinə zəncirlənirdi. Peterin isə hər iki əli bir mühafizəçiyə zəncirlənmişdi. Digər iki mühafizəçi isə qapıda keşik çəkirdi. Bundan böyük ehtiyat tədbirləri görmək mümkün deyildi. Peter mələk tərəfindən azad edildikdə, onun mühafizəçiləri edam olundu. Qanunda deyilirdi ki, əgər cinayətkar qaçıbsa, o zaman keşikdə duran mühafizəçilər cinayətkarın cəzasına məhkum olunurdular.
Peter həbsxanadan çıxanda birbaşa Mark adlanan Yəhyanın anası Məryəmin evinə getdi. Buradan öyrənirik ki, həmin ev Yerusəlimdəki imanlı cəmiyyətinin üzvlərinin əsas toplantı yeri idi. Belə bir fikir də var ki, Axırıncı Şam yeməyi həmin evdə keçirilib və o vaxtdan Yerusəlimdəki şagirdlərin toplanma yeri olaraq qalıb. Məsihçilərin həmin vaxt nə etdiklərinə diqqət yetirin: onlar dua edirdilər. Onlar çətinliklər yarananda Allaha dua edirdilər.
Bu hissədən biz ilk dəfə Yerusəlimdəki məsihçi cəmiyyətinin həqiqi rəhbərinin adını öyrənirik. Peter qardaşlara deyir ki, gedib Yaquba xəbər versinlər. Yaqub İsa Məsihin qardaşı idi. Yaqubda sirli bir şey var idi. Şərqdə adətə görə, mərhum böyük qardaşın işini sonrakı ən böyük qardaş davam etdirirdi. Lakin Müjdələrdən bilirik ki, İsanın qardaşları Ona inanmırdılar (Yəhya 7:5) və Onun ağlını itirdiyini deyirdilər (Mark 3:21). Yaqub İsanın sağlığında Onu dəstəkləməmişdi. Lakin Məsih diriləndən sonra Yaquba xüsusi şəkildə göründü (1Korinflilərə 15:7). Apokrif kitablarındakı arami mətnlərinə görə, İsanın ölümündən sonra Yaqub and içdi ki, İsanı görməyincə nə yemək yeyəcək, nə də su içəcək. Beləliklə, İsa ona göründü. Çox güman, İsanın ölümü Yaquba elə güclü təsir etmişdir ki, İsanın öldüyünü görəndə o, Qardaşının əslində Kim olduğunu başa düşdü. Beləcə bütün həyatını Ona xidmətə həsr etdi. Yaqubda baş verən böyük dəyişiklik Çarmıxa çəkilmənin insanlarda etdiyi köklü dəyişikliyin başqa bir mühüm nümunəsidir.
20-25
Hirodla Sur və Sidon şəhərləri arasında düşmənçilik var idi və bu, həmin şəhərlərin sakinlərinin böyük narahatlığına səbəb olmuşdu. Onların torpaqları İsrailin şimalında yerləşirdi və Hirod onların vəziyyətini ciddi şəkildə pisləşdirə bilərdi. Əgər o, məsələn, İsrail mallarının limanlar vasitəsilə ixracını qadağan etsəydi, onların gəlirləri kəskin şəkildə azalardı. Üstəlik, bu şəhərlərin ərzaq tədarükü tamamilə İsraildən asılı idi. Əgər ərzaq təchizatı dayandırılsa idi, sakinlərin vəziyyəti çox ağırlaşacaqdı. Buna görə də Sur və Sidon sakinləri Hirodun yataq ağası Vlastı öz tərəflərinə çəkdilər. Bir müddət sonra xalq yığıncağı keçirdilər. Yəhudi tarixçisi İosif Flavi yazır ki, şənliyin ikinci günü Hirod gümüşü paltarda teatra daxil oldu. Günəşin şüaları gümüşün üzərində bərq vururdu, camaat da bir ağızdan qışqırdı ki, onların yanına allah gəlir. Ancaq birdən Hirod qəfil və dəhşətli bir xəstəliyə tutuldu və o, heç vaxt sağalmadı.
24 və 25-ci ayələr bizi Həvarilərin İşləri 11:27-30-a qaytarır. Paul və Barnaba Yerusəlimdəki imanlı cəmiyyətində xidmətlərini yerinə yetirdilər və Mark adlı Yəhyanı da özləri ilə götürərək Antakyaya qayıtdılar.
Həvarilərin işləri kitabında ilk missioner səyahəti
Həvarilərin işləri 13 və 14-cü fəsillər ilk missioner səyahətindən bəhs edir. Paul və Barnaba Antakyadan yola düşdülər. Antakya Oronte çayından iyirmi dörd kilometr yüksəklikdə yerləşirdi. Ona görə də onlar Antakya üçün liman rolunu oynayan Selevkiyadan yola düşdülər. Oradan dəniz yolu ilə Kiprə getdilər, orada Salamis və Pafosda Allahın kəlamını təbliğ etdilər. Pafosdan Pamfiliyadakı Pergeyə doğru getdilər. Pamfiliya alçaq mənzərəli sahil əyalətidir. Onlar orada Müjdəni vəz etmədilər, çünki Paulun səhhəti ona orada yaşamağa imkan vermədi. Paul və Barnaba ölkəyə daxil olub Pisidiyada olan Antakyaya gəldilər. Oradakı vəziyyət həyatlarına təhdid yaradınca, Pisidiyada olan Antakyadan 144 kilometr aralıda yerləşən Konyaya getdilər. Ancaq burada da təhlükə altında idilər və daha da irəli, təxminən 30 kilometr aralıda olan Listraya getdilər. Onlar hücuma məruz qalandan sonra yeri hələ də dəqiq müəyyən edilməmiş Derbeyə doğru getdilər. Oradan geri qayıtmaq qərarına gəldilər və Listra, Konya, Pisidiyada olan Antakyadan keçdilər. Onlar Perge və Pamfiliyada Allahın kəlamını təbliğ etdikdən sonra Pamfiliyanın əsas limanı olan Antalyada gəmiyə mindilər və Selevkiyadan keçərək Suriyada olan Antakyaya getdilər. Bütün bu səyahət təxminən üç il çəkdi.