Barclay
KİTABLARAudio kitablarHekayələrİlahilərFilmlər və cizgi filmləriXilas haqqında müjdəXoş xəbər hekayələri

Həvarilərin İşləri: 11-ci fəsil

V. Barklinin şərhləri

11-ci fəsil

1-10

PETER ÖZ XİDMƏTİNƏ HAQQ QAZANDIRIR (Həvarilərin işləri 11:1-10)

Müqəddəs Yazılardan aydın olur ki, Luka bu hadisəyə böyük əhəmiyyət verirdi. Antik dövrün müəllifləri həmişə öz işlərinin əhatə dairəsi ilə məhdudlaşırdılar. O vaxt kitablar yox idi. Onlar bir növ qamışabənzər papirus bitkisinin özəyindən hazırlanmış papirus tumarlarından istifadə edirdilər. Lakin belə bir tumarla işləmək rahat deyildi. Ən uzun tumar təxminən on metr uzunluğunda idi. Həvarilərin İşləri kitabını yazmaq üçün tələb olunan tumar, demək olar ki, elə bu uzunluqda idi. Luka bu həcmə olduqca böyük material sığdırmalı idi. Görünür, o, yazacaqlarını çox diqqətlə seçmişdi. Lakin Korneli və Peterin hekayəsini o qədər vacib hesab edirdi ki, bu barədə iki dəfə təfsilatı ilə danışır.

Luka haqlıdır. Axı biz, adətən, başa düşmürük ki, məsihçilik yəhudiliyin bir qoluna çevrilmək təhlükəsi ilə üzləşə bilərdi. İlk məsihçilərin hamısı yəhudi idilər. Onların adət-ənənələri və dünyagörüşü məsihçiliyi inhisara almağa vadar edə bilərdi, yəni Tanrı bu yolu bütpərəstlər üçün nəzərdə tutmayıb. Luka bu hadisəni İmanlı Cəmiyyətini Məsihin bütün dünyaya aid olması anlayışına doğru aparan mühüm mərhələ hesab edir.

11-18

İNANDIRICI DƏLİL (Həvarilərin işləri 11:11-18)

Əvvəlcə Peteri bütpərəstlərlə birlikdə yeməkdə ittiham etdilər (3-cü ayə). Çünki belə etməklə o, əcdadlarının qədim qanunlarını və xalqının adət-ənənələrini pozurdu. Özünü müdafiə edərkən Peter mübahisə etmir, sadəcə faktları sadalayır. Onu tənqid edənlərin nə deməsindən asılı olmayaraq, fakt budur ki, Müqəddəs Ruh bütpərəstlərin üzərinə ən qeyri-adi şəkildə enmişdir. 12-ci ayə mühüm məlumat verir. Peter deyir ki, onunla altı qardaş getmişdi, ona görə də yeddi nəfər idilər. Yəhudilərə yaxşı məlum olan Misir qanunlarına görə, faktı tam təsdiqləmək üçün yeddi şahid lazım idi. Həmçinin yəhudilərə yaxşı məlum olan Roma qanunlarına görə, çox vacib bir sənədin təsdiqi üçün yeddi möhür lazım idi. Beləliklə, Peter mahiyyətcə deyir: «Mən sizinlə mübahisə etmirəm. Sadəcə sizə faktları deyirəm və dediklərimin yeddi şahidi var».

Məsihçilik faktlarla sübut olunur. Çətin ki, kimisə şifahi və məntiqi sübutla məsihçiliyə cəlb etmək olar. Məsihin yolu aydın şəkildə sübut edir ki, o, insanları dəyişdirir, pisliyi yaxşılığa çevirir və onlara Allahın Ruhunu verir. İnsanın yalanları, hərəkətləri ilə sözləri arasındakı uyğunsuzluq Məsihin yoluna böyük zərər verir. Əgər insanın sözləri onun hərəkətlərinə əsaslanırsa, bu, məsihçi inancının etibarlılığını sübut edir.

19-21

ANTAKYADA BAŞ VERƏN MÜHÜM HADİSƏLƏR (Həvarilərin işləri 11:19-21)

Burada tarixin ən böyük hadisələrindən biri qısaca izah olunur. Çünki Müjdə tarixdə ilk dəfə məqsədli şəkildə bütpərəstlərə təbliğ edildi. Hər şey buna doğru gedirdi. Bu yolda üç pilləkən var idi. Əvvəlcə Filip samariyalılara təbliğ etdi. Lakin samariyalılar yarı yəhudi, yarı bütpərəst olduqlarına görə yəhudilər ilə bütpərəstlər arasında bir növ körpü rolunu oynayırdılar. İkincisi, Peter Kornelini Məsihin yoluna gətirdi. Lakin bu halda təşəbbüsü üzərinə götürən Kornelinin özü idi. Kornelini axtaran Məsihçi Cəmiyyəti deyildi, Korneli özü Məsihçi Cəmiyyətinə susamışdı. Bundan əlavə, Luka qeyd edir ki, Korneli Allahdan qorxan dindar bir insan idi, yəni yəhudiliyə yaxın idi. Üçüncüsü, Antakyadakı imanlı cəmiyyəti artıq yəhudilərə və ya yarı yəhudilərin yanına getmirdi və imanlı olmaq istəyən bütpərəstlərin gəlməsini gözləmirdi; o, məqsədyönlü şəkildə Müjdəni bütpərəstlərə təbliğ etməyə başladı. Məsihçilik dünya miqyasında bir missiyaya çevrilirdi.

Qarşımızda heyrətamiz bir fakt var. İmanlı Cəmiyyəti ən vacib tarixi addımı atdı, biz isə bunu edən adamların adlarını belə bilmirik. Bizim bildiyimiz yalnız odur ki, onlar Kipr və Kirenadan gəlmişdilər. Onlar tarixə Məsihin ilk adsız elçiləri kimi düşdülər. İmanlı Cəmiyyətində çox adam böyük işlər görüb, lakin kölgədə qalıb. İmanlı Cəmiyyəti həmişə kimin uğur qazanacağı barədə deyil, ən çox xidmət haqqında düşünən insanlara ehtiyac duyur. Onların adları tarixin salnaməsinə düşməsə də, Həyat kitabına əbədi olaraq yazılır. Bu hadisə Antakyanın xidmət mərkəzinə çevrildiyi həvarilərin xidmətinin paylaşılması ilə də diqqət çəkir. Roma və İsgəndəriyyədən sonra Antakya qədim dünyanın üçüncü ən böyük şəhəri idi. Antakya Aralıq dənizindən təxminən 25 kilometr aralıda, Oronte çayının mənsəbində yerləşirdi. Bu, gözəl və çoxdilli şəhər idi. Amma onun adı dəbdəbə və əxlaqsızlığın sinonimi kimi səslənirdi. Antakya həm də araba yarışları və gecə-gündüz eyş-işrət axtarışı ilə məşhur idi. Lakin bu şəhər Dəfnə kultu ilə də məşhur idi. Dəfnə kultunun məbədi şəhərdən səkkiz kilometr aralıda, dəfnə bağlarının arasında yerləşirdi. Əfsanəyə görə, Dəfnə Apollonun aşiq olduğu qız idi. Apollon qızı təqib edirdi, qız da qurtulmaq üçün dəfnə koluna çevrildi. Dəfnə məbədinin qadın kahinləri müqəddəs fahişələr sayılırdı. Qadın kahinlər hər gecə Dəfnə kultuna sitayiş edənlərlə birlikdə dəfnə bağlarında təqib səhnələrini təkrarlayırdılar. «Dəfnənin əxlaqı» deyimi bütün qədim dünyada tanınırdı və əxlaqsızlığın sinonimi idi. Bizə inanılmaz görünsə də, məhz bu şəhərdə məsihçilik dünya dininə doğru mühüm addım atdı. Bu barədə xatırlamaq kifayətdir, onda ümidsiz vəziyyətlərin çarəsiz olmadığı aydın olacaq.

22-26

BARNABANIN HİKMƏTİ (Həvarilərin işləri 11:22-26)

Yerusəlimdəki imanlı cəmiyyətinin rəhbərləri Antakyada baş verənlərdən xəbər tutanda, təfərrüatları öyrənmək üçün adamları oraya göndərdilər.

Allahın planına görə oraya Barnaba göndərildi. Elə ola bilərdi ki, Əhdi-Ətiq Qanununa, onun norma və tələblərinə bağlı olan bir adam göndərilsin; amma onlar ən xeyirxah adamı göndərdilər. Hamı Pauldan şübhələnəndə, Barnaba onun arxasında dayandı və onu dəstəklədi (Həvarilərin işləri 9:27). O, ehtiyacı olan qardaşlarına səxavət göstərməklə məsihçi sevgisini sübut etdi (Həvarilərin işləri 4:36, 37). Barnaba Allahın bütpərəstləri İmanlı Cəmiyyətinə gətirən lütfünü görəndə, sevindi. Eyni zamanda o, başa düşürdü ki, bütün bunları böyük və hərtərəfli təcrübəyə malik, yəhudi olan, yəhudi ənənəsində tərbiyə alan, lakin bütpərəstlərin öhdəsindən gələ biləcək layiqli bir şəxsə həvalə etmək lazımdır. Həmin adam cəsarətli olmalı idi, çünki Antakyada imanlı cəmiyyətinin rəhbəri olmaq asan deyildi. O, yəhudilərin və bütpərəstlərin böhtanlarına qarşı davam gətirməli idi. Barnaba belə bir adamı tanıyırdı.

Paul haqqında sonuncu dəfə eşitdiyimiz vaxtdan təxminən doqquz il keçmişdi. Həvarilərin işləri kitabı 9:30-da onun haqqında sonuncu dəfə oxuyanda, o, Qeysəriyyədən keçərək Tarsusa qaçmalı olmuşdu. Şübhəsiz ki, o, doqquz il ərzində məmləkətində Məsih haqqında şəhadət edirdi. İndi isə təyin olunduğu missiyanın vaxtı gəlib çatmışdı. Barnaba uzaqgörən müdrikliklə bu mühüm tapşırığı Paula həvalə etdi.

İsanın şagirdləri məhz Antakyada ilk dəfə məsihçi adlandırılmağa başladılar. İlk vaxt bu, ləqəb xarakteri daşıyırdı. Antakyalılar insanlara alçaldıcı ləqəblər verməklə məşhur idilər. Saqqallı imperator Yulian sonuncu dəfə Antakyaya baş çəkəndə, ona «Keçi» ləqəbini qoydular. «Çi» sonluğu bir partiyaya və ya xalqa mənsub olmağı bildirirdi. Məsələn, qeysərçi Qeysərin partiyasına mənsub olmaq demək idi. Məsihçi isə Məsihə. Bu, alçaldıcı bir ləqəb idi. Amma məsihçilər onu qəbul edib, bütün dünyada izzətləndirdilər. Onlar öz həyat tərzləri ilə məsihçiliyi aşağılayıcı ləqəbdən hörmət, heyranlıq və hətta təəccüb doğuran bir ada çevirdilər.

27-30

ÇƏTİNLİKDƏ KÖMƏK (Həvarilərin işləri 11:27-30)

Burada peyğəmbərlərdən danışılır. İlk Məsihçi Cəmiyyətində onların rolu böyük idi. Onlar yenidən Həvarilərin işləri kitabı 13:1; 15:32; 21:9,10-da xatırlanır. İlk Məsihçi Cəmiyyətində üç qrup rəhbər var idi:

1) Birincisi, həvarilər idi. Onların xidməti hansısa yerlə məhdudlaşmırdı. Onların təlimi bütün İmanlı Cəmiyyətlərinə yayılmışdı. Onlara İsanın həqiqi elçiləri və davamçıları kimi baxılırdı.

2) İkincisi, ağsaqqallar idi. Onlar yerli icmanın nümayəndələri idilər və xidmətləri yalnız yaşadıqları yerlə məhdudlaşırdı.

3) Üçüncüsü, peyğəmbərlər idi. Onların İmanlı Cəmiyyətindəki rolu gələcəkdən xəbər vermək və xəbərdarlıq etmək idi. Onlar gələcəkdən xəbər verirdilər, amma daha çox Allahın iradəsini insanlara çatdırırdılar. Fəaliyyət sahələrinə görə onların arasında heç bir bölgü yox idi: onlar yerli imanlı cəmiyyətinə aid deyildilər. Onlara böyük hörmət göstərilirdi. 100-cü ilə istinad edən «On İki Həvarinin Təlimi» kitabında ibadət qaydasının ilk təsvirinə rast gəlirik. Orada Rəbbin süfrəsi barədə qaydalar verilir, sonra isə deyilir ki, peyğəmbərlər ibadət qaydalarını öz bildikləri kimi dəyişə bilərlər. İmanlılar bilirdilər ki, peyğəmbərlərə xüsusi ənam verilib. Bununla belə, onlar da böyük təhlükələrə məruz qalırdılar. Ancaq İmanlı Cəmiyyətini öz məqsədləri üçün istifadə edən bir çox yalançı peyğəmbərlər də var idi. «On iki Həvarinin Təlimi» kitabında görüntülər qarşılığında pul və ya yemək istəyən peyğəmbərlər barədə xəbərdarlıq edilir. Orada deyilir ki, peyğəmbərlərə yalnız bir gecə qonaqpərvərlik göstərilə bilər. Sonra da izah edilir ki, əgər onlar daha çox qalıb işləmək istəməsələr, deməli, yalançı peyğəmbərlərdir.

Lakin bu hissədə qeydə alınan hadisə göstərir ki, o dövrün insanları İmanlı Cəmiyyətinin birliyinin vacibliyini dərk etmişdilər. İsraildə aclıq başlayanda Antakyadakı məsihçilərin ilk istəyi insanlara kömək etmək oldu. Onlar başqalarının ehtiyaclarına biganə qala bilməzdilər. Yəni ağıllarına belə gətirməzdilər ki, məsihçilərin bir hissəsi çətinlik çəkəndə, digər hissəsi onlar üçün heç nə etməsin. Onlar İmanlı Cəmiyyətini təkcə yerli cəmiyyət kimi görmürdülər, vahid bir bütövlükdə baxırdılar.

Azərbaycan dilində Müqəddəs Kitab

Peterin izahı
1 Həvarilərlə bütün Yəhudeyadakı imanlı bacı-qardaşlar eşitdilər ki, başqa millətlər də Allahın kəlamını qəbul ediblər. 2 Peter Yerusəlimə gələndə sünnət tərəfdarları onu tənqid edərək 3 dedilər: «Sən sünnətsizlərin evinə gedib onlarla birgə yemək yemisən».
4 Peter sözə başlayıb onlara hər şeyi bir-bir izah etdi: 5 «Mən Yafo şəhərində dua edirdim. Birdən fikrimi görüntü apardı. Gördüm ki, böyük mələfəyə bənzər bir şey dörd küncündən asılaraq göydən enib mənim yanıma çatır. 6 Bu şeyə gözlərimi dikib diqqətlə baxdım. Gördüm ki, onun üstündə yer üzərində yaşayan dördayaqlılar, çöl heyvanları, sürünənlər və göydə uçan quşlar var. 7 Sonra eşitdim ki, bir səda mənə deyir: “Qalx, Peter, kəs və ye!” 8 Mən dedim: “Əsla, ya Rəbb! Heç vaxt mənim ağzıma nə haram, nə də murdar bir şey dəyməyib”. 9 Yenə göydən səda gəldi: “Allahın halal dediyi şeylərə sən haram demə”. 10 Bu, üç dəfə təkrarlanandan sonra hər şey yenə göyə çəkildi. 11 Elə bu zaman Qeysəriyyədən mənim yanıma göndərilən üç kişi qaldığımız evin qapısında dayandı. 12 Ruh mənə dedi ki, tərəddüd etmədən onlarla gedim. İmanlı qardaşlarımız olan bu altı nəfər də mənə qoşulub həmin kişinin evinə girdik. 13 Bu adam bizə nəql etdi ki, öz evində dayanan mələk görüb. Mələk ona demişdi: “Yafoya adamlar göndər, Peter adlanan Şimonu çağırtdır. 14 Onun sənə deyəcəyi sözlərlə həm sən, həm də bütün külfətin xilas olacaq”. 15 Mən sözə başlayanda Müqəddəs Ruh başlanğıcda bizim üstümüzə endiyi kimi onların da üstünə endi. 16 Onda Rəbbin dediyi bu sözlər yadıma düşdü: “Yəhya su ilə vəftiz etdi, amma siz Müqəddəs Ruhla vəftiz olacaqsınız”. 17 Beləliklə, Rəbb İsa Məsihə iman edən bizlərə verdiyi eyni bəxşişi Allah onlara da veribsə, mən kiməm ki, Allaha qarşı çıxam?» 18 Bu sözləri eşidib hamı sakitləşdi və Allahı izzətləndirib dedi: «Deməli, Allah başqa millətlərə də imkan yaratdı ki, tövbə edib həyat tapsın».
Antakya cəmiyyətindəkilər
19 Stefanın öldürülməsi ilə başlanan təqib nəticəsində pərən-pərən düşən imanlılar Finikiya, Kipr və Antakyaya qədər getdilər. Allahın kəlamını yalnız Yəhudilərə dedilər. 20 Amma onların arasından bəzi Kiprli və Kirenalılar Antakyaya gedib yunanca danışanlarla da söhbətə başladılar. Onlara Rəbb İsa ilə bağlı Müjdəni yayırdılar. 21 Rəbbin əli onların üzərində idi və bunun nəticəsində xeyli insan iman gətirib Rəbbə tərəf döndü. 22 Bunların xəbəri Yerusəlimdəki cəmiyyətə çatdı və Barnabanı Antakyaya göndərdilər. 23 O oraya çatanda Allahın lütfünün bəhrəsini görüb sevindi. O hamını həvəsləndirirdi ki, can-dildən Rəbbə bağlı qalsınlar. 24 Çünki özü Müqəddəs Ruhla və imanla dolu, xeyirxah bir kişi idi. Bunun nəticəsində də böyük bir kütlə Rəbbə iman gətirdi. 25 Sonra Barnaba Tarsusa gedib Şaulu axtardı. 26 Onu tapan kimi Antakyaya gətirdi. Bir il ərzində oradakı imanlılar cəmiyyətinə qoşulub bir yerdə yığılaraq böyük bir kütləyə təlim öyrədirdi. Şagirdlər ilk dəfə olaraq Antakyada məsihçi adlandırıldı.
27 Elə həmin günlərdə Yerusəlimdən Antakyaya bəzi peyğəmbərlər gəldi. 28 Bunlardan Aqab adlı biri qalxıb Ruhun təsiri ilə bütün dünyada böyük bir aclıq olacağını bildirdi. Bu aclıq Klavdinin hakimiyyəti dövrünə təsadüf olundu. 29 Şagirdlər qərara aldılar ki, hər biri gücü çatan qədər Yəhudeyada yaşayan imanlı bacı-qardaşlarına yardım göndərsin. 30 Bu qərara əməl edərək yardımları Barnaba və Şaulun əli ilə cəmiyyət ağsaqqallarına göndərdilər.