Barclay
KİTABLARAudio kitablarHekayələrİlahilərFilmlər və cizgi filmləriXilas haqqında müjdəXoş xəbər hekayələri

Həvarilərin İşləri: 10-cu fəsil

V. Barklinin şərhləri

10-cu fəsil

1-8

DİNDAR DÖYÜŞÇÜ (Həvarilərin işləri 10:1-8)

Həvarilərin işləri 10-cu fəsildə danışılan hadisə məsihçi cəmiyyətinin tarixində əlamətdar məqamlardan biridir. İlk dəfə olaraq İmanlı Cəmiyyətinin sıralarına bütpərəst qoşuldu. Korneli məsihçi cəmiyyətinin tarixində önəmli rol oynadığı üçün gəlin onun haqqında bildiklərimizi müzakirə edək.

1) Korneli — Roma administrasiyasının İsraildəki qərargahının — Qeysəriyyədə yerləşən Roma ordusunun yüzbaşısı idi. Tabor (batalyon) sözü orijinal yunan dilində koqorta sözünə uyğun gəlir. Roma ordusunda əsas birlik legion idi. Legion altı min nəfərdən ibarət idi, buna görə də diviziyaya bərabər tutula bilər. Diviziya isə on koqortadan ibarət idi. Koqorta 600 nəfərdən ibarət idi və tərkibinə görə bir tabora bərabərdir. Koqortada yüzlərlə adam var idi, onlar təxminən bir bölüyə bərabər tutula bilərdi. Ona rəhbərlik edən yüzbaşı bizim leytenantımız kimidir. Həmin yüzbaşılar — senturionlar — Roma ordusunda komandanlığın əsasını təmsil edirdilər. Qədim tarixçilərdən biri yüzbaşıya xas olan keyfiyyətləri belə təsvir edir:

«Yüzbaşılar cəsarətli olmaqdan çox yaxşı komandir olmalı, iti məntiqə malik olmalı, tələsərək döyüşə atılmamalı, düşmənin üstünlüyü və davamlı hücumları zamanı öz mövqeyində ölməyə hazır olmalıdır».

Nəticə etibarı ilə, Korneli həmişə və hər şeydən əvvəl cəsarət və sədaqətin nə olduğunu yaxşı bilən insanlardan biri idi.

2) Korneli Allahdan qorxan insan idi. Əhdi-Cədid dövründə bu söz çoxlu bütlərə və əcdadlarının inancına xidmət etməkdən yorulan, yəhudi inancını qəbul edən bütpərəstlər üçün, demək olar ki, epitetə ​​çevrilmişdi. Onlar sünnəti qəbul etməsələr də, qanuni olaraq sinaqoqlara gedir, tək olan Allaha və yəhudi dininin paklığına inanırdılar. Görünür, Korneli Allahı axtaran adam idi, buna görə də Allah özünü ona açdı.

3) Korneli çoxlu sədəqə verir və xeyriyyəçilik edirdi: xeyirxahlıq onun xarakterik xüsusiyyəti idi. Allahı axtarması onu insanları sevməyə vadar edirdi. Öz soydaşlarını sevən şəxs isə Allahın Padşahlığından uzaq deyil.

4) Korneli daim dua edirdi. Bəlkə də o, dua etdiyi Allahı hələ yaxşı tanımırdı; lakin dərk etdiyi qədər Onun əmrlərinə riayət etməyə çalışırdı.

9-16

PETERİN GÖRÜNTÜSÜ (Həvarilərin işləri 10:9-16)

Korneli imanlılar cəmiyyətinə qəbul edilməzdən əvvəl Peter bir həqiqəti öyrənməli idi. Ortodoks yəhudilər inanırdılar ki, Tanrı bütpərəstlərə qarşı laqeyddir və Onun lütfü yalnız yəhudilərə yönəlmişdir. Bəzən yəhudilər daha da irəli gedərək deyirdilər ki, bütpərəst qadın doğuş edərkən ona tibbi yardım göstərmək lazım deyil, çünki o, dünyaya daha bir bütpərəst gətirir. Korneli mömin məsihçi kimi qəbul edilməzdən əvvəl Peter belə bir fikrin yanlışlığına əmin olmalı idi.

Onu da qeyd edək ki, Peter artıq böyüdüyü yəhudi düşüncə tərzinin amansız qaydalarından və normalarından bir qədər uzaqlaşmışdı. O, Şimon adlı bir dabbağın evində yaşayırdı (9:43; 10:5). Dabbağ kəsilmiş heyvanlarla işlədiyinə görə həmişə natəmiz sayılırdı (Saylar 19:7-13). Heç bir dindar yəhudi dabbağın qonaqpərvərliyindən istifadə etməyi ağlından belə keçirməzdi. Şimon dabbağ olduğuna görə natəmiz hesab edilirdi, bu səbəbdən şəhərdən uzaqda — dəniz kənarında yaşamağa məcbur olmuşdu. Şübhəsiz ki, dabbağ Şimon məsihçi idi və Peter get-gedə başa düşürdü ki, Məsih bütün bu xırda qanunları və qadağaları ləğv edir.

Günorta çağı Peter dua etmək üçün dama çıxdı. Evlər, adətən, kiçik və insanlarla dolu olurdu. Allahla təkliyə çəkilmək istəyənlər çox vaxt yastı dama çıxıb orada dua edirdilər. Burada Peter bir görüntü gördü — göydən böyük mələfəyə bənzər süfrə endi. Mələfənin üstündə heyvanlar vardı və göydən gələn səs ona heyvanları kəsib yeməyi əmr etdi. Yəhudilərin ciddi qida qanunları var idi. Bu barədə Levililər kitabı 11-ci fəsildə yazılıb. Yəhudilər ancaq gövşəyən və cütdırnaqlı heyvanların ətini yeyə bilərdilər. Bütün digər heyvanlar murdar və haram sayılırdı. Görüntü Peteri heyrətləndirdi və o, etiraz edərək heç vaxt natəmiz bir şey yemədiyini bildirdi. Səs ona dedi ki, Allahın halal dediyi şeylərə haram deməsin. Bütün bunlar üç dəfə təkrarlandı ki, şübhəyə və səhvə yer qalmasın. Bir vaxtlar Peter bütpərəstləri murdar adlandırardı. İndi isə Allah onu Öz elçilərinin gəlişinə hazırladı və Peteri ənənələrdən ayrılmağa məcbur etdi.

17-33

PETERİN KORNELİ İLƏ GÖRÜŞÜ (Həvarilərin işləri 10:17-33)

Bu hissə ən heyrətamiz hadisələrdən bəhs edir. Yada salaq ki, yəhudilər bütün digər xalqların Allahın mərhəmətindən məhrum olduğuna inanırdılar. Dindar yəhudi heç vaxt bütpərəstlə, hətta Qanuna əməl etməyən bir yəhudi ilə də ünsiyyət qurmazdı. Bəs Peter nə etdi? Kornelinin adamları, yəhudi adətlərinə görə, qapıdan içəri keçməyəndə, Peter onları evə dəvət edib, yeməyə qonaq etdi (ayə 23). Peter Qeysəriyyəyə çatanda Korneli onu evin qapısında qarşıladı və Peterin astanadan keçib-keçməyəcəyinə şübhə etdi. Lakin Peter evə girdi (ayə 27). Yəhudiləri bütpərəstlərdən ayıran maneə heyrətamiz şəkildə dağılmağa başladı. Bu, Məsihin işidir.

Missionerlərdən biri danışırdı ki, Afrikadakı kilsədə ibadət zamanı orada olanlarla birlikdə Rəbbin süfrəsini qəbul edib. Onun yanında ağsaqqal kimi Cəsur Ürək adlı bir Nqoni qəbiləsinin başçısı oturmuşdu. Qoca başçı qəbiləsindəki gənc döyüşçülərin evə qayıdarkən, arxalarında yanmış torpaqlar, viran edilmiş şəhərlər qoyduğunu, özləri ilə nizələrin ucunda düşmən qanını, şikar kimi düşmənin arvadlarını gətirdiyini xatırlayırdı. Bəs həmin günlərdə onlar hansı qəbilələrə dağıdıcı basqınlar edirdilər? Senqa və Tumbuka tayfalarına. İndi isə Nqoni, Senqa və Tumbuka tayfaları Məsihin məhəbbətinə bürünərək, düşmənçiliklərini unutmuş, yan-yana oturmuşdular. Erkən məsihçiliyin əlamətdar xüsusiyyəti insanları bir-birindən ayıran maneələri məhv etmək idi. Bu gün də məsihçilik insanları bir-birindən ayıran maneələri aradan qaldırmağa davam edir.

34-43

MÜJDƏNİN MAHİYYƏTİ (Həvarilərin işləri 10:34-43)

Aydın məsələdir ki, bu hissə Peterin Korneliyə söylədiyi nitqin yalnız qısa formasıdır. Bu onun əhəmiyyətini daha da artırır. Çünki İsa Məsih haqqında bütpərəstlərə çatdırılan ilk təbliğin mahiyyətini özündə ehtiva edir.

1) İsa Allah tərəfindən göndərilmiş, Müqəddəs Ruhla və qüdrətlə məsh edilmişdir. İsa insanlara Allahın hədiyyəsidir. Biz çox vaxt səhvən düşünürük ki, Allahın qəzəbini yatıraraq barışıq yaratmalıyıq. Halbuki bunu qəlbən həlim olan İsa edib. Lakin ilk Məsihçi Cəmiyyəti heç vaxt belə bir Tanrını təbliğ etməmişdi. Onlar üçün Məsihin zühuru Allahın məhəbbəti ilə izah olunur.

2) İsa gələndə xeyirxahlıq edərək hamını sağaldırdı. O, böyük səylə yer üzündən qəm-qüssə və iztirabları yox etmək istəyirdi.

3) O, çarmıxa çəkildi. Sətiraltı mənanı tuta bilənlər Peterin sözlərindəki Çarmıxa çəkilmə ifadəsinin dəhşətini hiss edə bilərdilər. Günah insanı haralara gətirib çıxara bilər.

4) O dirildi. İsanı məsh edən Qüdrət məğlub ola bilməzdi. O, insanların edə biləcəyi ən dəhşətli əməllərin öhdəsindən gəldi və sonda ölümü də məğlub etdi.

5) Məsihi təbliğ edən müəllim Məsihin dirilməsinin şahididir. Onun üçün İsa əfsanəvi qəhrəman deyil. O, Məsihlə yaşayır və şəxsən Onunla görüşür.

6) Bütün bunlar insanlara günahların bağışlanmasını və Allahla yeni münasibət bəxş edir.

İsa ilə birlikdə bəşəriyyət üçün Allahla barışıq günəşi doğdu. Bu barışıq günəşi qədimdən mövcud olmalı idi, halbuki günah tərəfindən məhv edilmişdi.

44-48

MƏSİHÇİ CƏMİYYƏTİNƏ BÜTPƏRƏSTLƏRİN QƏBULU (Həvarilərin işləri 10:44-48)

Peter hələ nitqini bitirməmişdi ki, möcüzələr baş verdi. Bu möcüzələri hətta Peterlə birlikdə olan məsihçilər belə təkzib edə bilməzdi. Müqəddəs Ruh Korneli və onun dostlarının üzərinə endi. Onlar Allahı izzətləndirdilər və dillərdə danışmağa başladılar. Bu, yəhudilər üçün Allahın bütpərəstlərə də Müqəddəs Ruhu verməsi faktının son sübutu idi.

Lakin burada mühüm nəticələr də var:

1) Həvarilərin işləri kitabında qeyd olunan digər iman edən insanlar kimi, Korneli və onun qohumları da dərhal vəftiz olundular. Həvarilərin İşləri Kitabında vəftiz edən hər hansı xüsusi qrupdan bəhs edilmir. Əsas o idi ki, Məsihə yeni iman edənlər Məsihçi Cəmiyyətinə daxil olsunlar. Yadda saxlamalıyıq ki, bu gün də vəftiz olunanlar üçün məsuliyyəti kahin deyil, İsa Məsihin adı ilə vəftiz edən imanlı cəmiyyəti daşıyır.

2) Araşdırılan hissənin sonuncu cümləsi böyük əhəmiyyət kəsb edir. Onlar Peterdən bir neçə gün onlarla qalmağı xahiş etdilər. Niyə? Şübhəsiz ki, onların biliklərini bir qədər dərinləşdirsin deyə. Biz İmanlı Cəmiyyətimizə yeni üzvləri qəbul edəndə, bu, prosesin sonu deyil, başlanğıcdır.

Azərbaycan dilində Müqəddəs Kitab

Mömin yüzbaşı
1 Qeysəriyyədə Korneli adlı bir nəfər yaşayırdı. O, İtaliyalı adlı alayın yüzbaşılarından biri idi. 2 Həm özü, həm də bütün külfəti mömin olub Allahdan qorxardı. O, xalqa çox nəzir-niyaz paylayar, daim Allaha dua edərdi. 3 Bir gün təxminən doqquzuncu saat radələrində görüntüdə aydın gördü ki, Allahın bir mələyi yanına gəlib onu çağırdı: «Ey Korneli!» 4 Korneli qorxa-qorxa ona baxıb dedi: «Nədir, ey ağam?» Mələk ona dedi: «Duaların və nəzir-niyazların xatirə təqdimi kimi Allahın hüzurunda qəbul olundu. 5 İndi Yafoya adamlar göndər, Peter adlanan Şimonu çağırtdır. 6 O, dabbağ Şimonun dəniz kənarındakı evində qonaqdır». 7 Onunla danışan mələk gedəndən sonra Korneli xidmətçilərindən ikisini və mühafizəçilərindən bir mömin əsgəri çağırtdırdı. 8 Onlara hər şeyi danışdı və sonra onları Yafoya göndərdi.
Peterin görüntüsü
9 Ertəsi gün təxminən altıncı saat radələrində, onlar yolda olub şəhərə yaxınlaşanda Peter dua etmək üçün dama çıxdı. 10 O acıb yemək istəyirdi. Yemək hazırlanarkən Peterin fikrini bir görüntü apardı. 11 O gördü ki, göy yarıldı, böyük mələfəyə bənzər bir şey dörd küncündən asılaraq yerə endi. 12 Onun üstündə hər cür dördayaqlılar, sürünənlər və göydə uçan quşlar var idi. 13 Ona bir səda gəldi: «Qalx, Peter, kəs və ye!» 14 Peter Ona dedi: «Əsla, ya Rəbb! Mən heç vaxt nə haram, nə də murdar bir şey yeməmişəm». 15 Səda ikinci dəfə yenə gəldi və Peterə dedi: «Allahın halal dediyi şeylərə sən haram demə». 16 Bu, üç dəfə təkrarlanandan sonra o şey dərhal göyə çəkildi.
17 Peter bu görüntünün mənası barədə fikirləri ilə çaşbaş qalanda Kornelinin göndərdiyi adamlar Şimonun evini soruşurdular. Onlar qapı ağzında dayanıb 18 bərkdən soruşdular: «Peter deyə çağırılan Şimon burada qalırmı?» 19 Bu zaman görüntü barədə fikirləşən Peterə Ruh belə dedi: «Bax səni üç kişi axtarır. 20 Dur, aşağı en və heç tərəddüd etmədən onlarla get. Çünki onları Mən göndərmişəm». 21 Peter aşağı enib həmin adamlara dedi: «Axtardığınız adam mənəm. Niyə gəlmisiniz?» 22 Onlar dedilər: «Korneli adlı bir yüzbaşı var. O, saleh və Allahdan qorxan kişidir; buna bütün Yəhudi milləti də şahiddir. Müqəddəs bir mələk ona əmr etdi ki, səni öz evinə çağırtdırsın və deyəcəyin sözlərə qulaq assın». 23 Bundan sonra Peter onları içəri dəvət edib qonaq saxladı.
Kornelinin evində
Ertəsi gün Peter qalxıb onlarla yola çıxdı və Yafodan olan bəzi qardaşlar da onlara qoşuldu. 24 Sonrakı gün Qeysəriyyəyə çatdı. Korneli öz qohumlarını və yaxın dostlarını bir yerə yığıb onları gözləyirdi. 25 Peter içəri girəndə Korneli ayağına düşüb ona səcdə etdi. 26 Peter isə onu ayağa qaldıraraq dedi: «Qalx, mən də sənin kimi insanam». 27 Peter Korneli ilə danışa-danışa içəri daxil olanda gördü ki, oraya xeyli adam yığılıb. 28 Onlara belə dedi: «Bilirsiniz ki, Yəhudilərə hər hansı bir yadelli ilə ünsiyyət yaratmaq, onlara qonaq getmək qadağandır. Amma insanları haram və murdar saymamağı Allah mənə göstərdi. 29 Buna görə məni çağıranda etiraz etmədən gəldim. Deyə bilərsinizmi, məni niyə çağırmısınız?» 30 Korneli cavab verdi: «Üç gün əvvəl elə bu vaxtlarda doqquzuncu saatın duasını edirdim ki, birdən parlaq libaslı bir kişi qarşımda dayandı 31 və dedi: “Ey Korneli, sənin duaların eşidildi və nəzir-niyazların Allah tərəfindən yada salındı. 32 İndi Yafoya adamlar göndər, Peter adlanan Şimonu çağırtdır. O, dabbağ Şimonun dəniz kənarındakı evində qonaqdır”. 33 Ona görə sənin yanına adamlar göndərdim və sən də xeyirxahlıq göstərərək gəldin. İndi hamımız Allahın önündəyik və Rəbbin sənə əmr etdiyi hər sözə qulaq asmağa hazırıq».
34 Peter sözə başlayıb dedi: «İndi bildim ki, həqiqətən, Allah tərəfkeşlik etmir. 35 Milliyətindən asılı olmayaraq kim ki Ondan qorxub əməlisaleh olarsa, Ona məqbuldur. 36 O, İsrail övladlarına Öz kəlamını göndərdi və hamının Sahibi olan İsa Məsih vasitəsilə barışdırma Müjdəsini yaydı. 37 Bilirsiniz ki, Yəhyanın vəftiz üçün çağırışından sonra Qalileyadan başlayaraq bütün Yəhudeyada nələr baş verdi. 38 Allah Nazaretli İsanı Müqəddəs Ruhla və qüdrətlə məsh etdi. İsa xeyirxahlıq edərək hər yanı gəzib iblisin təzyiqinə məruz qalanların hamısını sağaltdı. Çünki Allah Ona yar idi. 39 Yəhudilərin ölkəsində və Yerusəlimdə İsanın nələr etdiyinin şahidi olduq. Onu çarmıxa çəkib öldürdülər. 40-41 Amma Allah Onu üçüncü gün diriltdi və bütün xalqa deyil, əvvəlcədən seçdiyi Öz şahidlərinə – ölülər arasından dirilməsindən sonra Onunla birlikdə yeyib-içən bizlərə aydın göstərdi. 42 Bizə isə əmr verdi ki, “Allahın təyin etdiyi ölülərlə dirilərin Hakimi Budur” deyə bunu xalqa şəhadət etməklə vəz edək. 43 Onun barəsində bütün peyğəmbərlər şəhadət edir ki, Ona iman edən hər kəsin günahı Onun adı ilə bağışlanır».
44 Peter bu sözləri deyirdi ki, Müqəddəs Ruh söhbətə qulaq asan hər kəsin üzərinə endi. 45 Peterlə birlikdə gəlmiş sünnətli imanlılar Müqəddəs Ruhun bəxşiş olaraq başqa millətlərin də üstünə töküldüyünə mat qaldı; 46 onların başqa dillərdə danışıb Allahı mədh etdiyini eşitdilər. Onda Peter belə dedi: 47 «Bu adamlar bizim kimi Müqəddəs Ruhu alıb. Bunların su ilə vəftiz olmalarına kim mane ola bilər?» 48 Beləliklə, onların İsa Məsihin adı ilə vəftiz olmalarını buyurdu. Sonra onlar Peterdən xahiş etdilər ki, bir neçə gün onların yanında qalsın.