Barclay
KİTABLARAudio kitablarHekayələrİlahilərFilmlər və cizgi filmləriXilas haqqında müjdəXoş xəbər hekayələri

Həvarilərin İşləri: 9-cu fəsil

V. Barklinin şərhləri

9-cu fəsil

1-9

PAULUN İMANA GƏLMƏSİ (Həvarilərin işləri 9:1-9)

Bu hissə İsa Məsihi qəbul etməyin ən məşhur hekayəsindən bəhs edir. Gəlin mümkün qədər Paul kimi düşünək. Onda görərik ki, onun Məsihi qəbul etməsi o qədər də gözlənilməz olmayıb. Stefanın şəhadəti və ölümü Paulu narahat edirdi. O, bu fikirlərdən qurtula bilmirdi. Məgər pis adam belə ölə bilərmi? Get-gedə artan şübhələrini aradan qaldırmaq üçün Paul ifrat yollara əl atdı. Əvvəlcə o, Yerusəlimdəki məsihçiləri təqib etdi. Amma o, get-gedə daha çox təsirlənirdi, çünki özünə təkrar-təkrar eyni sualı verirdi: «Bu sadə insanlara təhlükəni, əzabı və ölümü sakit və qorxmaz şəkildə qəbul etdirən nədir?» Lakin ürəyini daşa döndərib Ali Şuraya getdi.

Ali Şuranın qərarı yəhudilərin olduğu hər yerdə səlahiyyətə malik idi. Paul bəzi məsihçilərin Dəməşqə getdiyini eşitmişdi. O, Dəməşqdəki məsihçilərin ona təhvil verilməsi üçün Ali Şuradan icazə məktubları istədi. Yerusəlimdən Dəməşqə qədər məsafə təxminən 220 km-dir. Onlar yolu piyada qət etdilər, bu da bir həftə çəkdi. Paulu müşayiət edənlər bir növ polis rolunu oynayan Ali Şuranın məmurları idi. Lakin Paul farisey olduğuna görə onlarla heç bir əlaqəsi yox idi. O, fikirli halda qabaqda tək gedirdi, çünki başqa çarəsi yox idi.

Yol Qalileyadan keçirdi. Qalileya isə İsa Məsih haqqında fikirləri daha da canlandırırdı. Gərginlik getdikcə artırdı. Beləliklə, o, dünyanın ən qədim şəhərlərindən biri olan Dəməşqə yaxınlaşdı. Dəməşqə gedən yol Xevron dağından keçirdi. Səyahətçinin gözləri önündə yaşıl vadidə yerləşən və «zümrüd yaşıl qabda mirvari» təsiri bağışlayan ağ Dəməşq şəhəri açılırdı. Paul Xevron dağına qalxaraq Dəməşqə yaxınlaşanda, qəflətən göydən gələn bir işıq onun ətrafında parladı. Bu vaxt Məsih ona belə dedi: «Şaul, Şaul, niyə Məni təqib edirsən?» Məsih qalib gəldi. Paulun müqaviməti və daxili mübarizəsi sona çatdı. O həlimləşdi.

Paul Dəməşqə dəyişilmiş adam kimi girdi. O, çox dəyişilmişdi! Əlləri ilə cəza vermək üçün şəhərə girməyi düşünən Paul, yoldaşlarının əlindən tuta-tuta zəif və gözləri kor halda daxil oldu. Ölülərdən dirilmiş Məsihin Paula söylədiyi sözlər məsihçiliyin mahiyyətini ehtiva edir: «Qalx ayağa, şəhərə get və nə etmək lazımdırsa, sənə deyiləcək». Bu ana qədər Paul istədiyini, özünün doğru saydığını, ağlının buyurduğunu edirdi. Amma həmin andan etibarən o ona deyilənləri etməli oldu. Məsihçi artıq istədiyini etmir, Məsihin onun üçün nəzərdə tutduğu yolla getməyə çalışır.

10-19

MƏSİHÇİ MEHRİBANLIĞI (Həvarilərin işləri 9:10-19a)

Xananya, şübhəsiz ki, İmanlı Cəmiyyətinin unudulmuş fədakarlarından biridir. Əgər Stefanın ölümünün Paula təsir etdiyi doğrudursa, onda Paulun imana gəlməsinə görə İmanlı Cəmiyyəti Xananyaya borcludur. Paulun şöhrəti özündən əvvəl gəlirdi. Xananya Allahdan söz aldı ki, gedib Paula kömək etsin: o, «Düz Küçə» adlı küçəyə getməli idi. Bu, Dəməşqin qərbini şərqinə birləşdirən böyük bir küçə idi.

Küçə üç hissəyə bölünmüşdü: nəqliyyatın keçdiyi mərkəzi hissə; insanların sıx toplaşdığı və tacirlərin dükanlarında oturub, mallarını təriflədiyi iki yan hissə. Allahın sözünü qəbul edən Xananya bunu məntiqsizlik hesab edə bilərdi. Axı bu, «Get, səni həbs etmək, hətta öldürmək istəyən adama kömək et» demək idi. Buna görə o, Paula şübhə ilə yanaşıb, sanki xoşagəlməz bir işi yerinə yetirirmiş kimi rəftar edə bilərdi. O, söhbətə ittiham və ya məzəmmətlə başlaya bilərdi. Amma belə olmadı. Onun ilk sözü «Şaul qardaş» oldu. Bu sözlərdə o qədər səmimiyyət var idi ki! Bu, məsihçi sevgisinin ən parlaq nümunələrindən biridir. Məsihin göstərə biləcəyi təsir belədir.

Amerikada müjdəçilik xidmətini aparan tanınmış bir vaiz son vəzində camaata üz tutub, bu görüşlərin onlara nə verdiyini soruşdu. Qaradərili qız ayağa qalxdı. O, natiq deyildi və yalnız bir neçə cümlə deyə bildi: «Bu görüşlər vasitəsilə mən Məsihi qəbul etdim və Onun məhəbbəti mənə atamın qatillərini bağışlamağa kömək etdi». Məsih bağışlamağı öyrədir — məsihçiliyin mahiyyəti də elə budur. İndiyədək düşmən olan Paul və Xananya Məsihdə qardaş kimi görüşdülər.

20-22

MƏSİHİN ŞƏHADƏTİ (Həvarilərin işləri 9:19-22)

Həvarilərin işləri 9:19-un şərhinə əvvəlki bölmədə baxın.

Luka Paulun Məsihə iman edəndən sonra etdiyi işlərdən yazır. Onun həyatının bu dövrünün bütün hadisələrini izləmək üçün Paulun Qalatiyalılara məktubunun 1:15-24-də dediklərini oxumaq lazımdır. Bu təsvirlərin hər ikisini bir araya gətirsək, onda belə bir mənzərəni əldə edəcəyik:

1. Şaulun Dəməşqə gedən yolda iman etməsi.

2. Dəməşqdə vəz etməsi.

3. Ərəbistanda qalması (Qalatiyalılara 1:17).

4. Dəməşqə qayıdıb orada üç il təbliğ etməsi (Qalatiyalılara 1:18).

5. Yerusəlimə gəlməsi.

6. Yerusəlimdən Qeysəriyyəyə qaçması.

7. Suriyaya və Kilikiyaya qayıdışı (Qalatiyalılara 1:21).

1) Beləliklə, görürük ki, Paul şəhadətinə yəhudilərin və sinaqoqların çox olduğu Dəməşqdə başladı. Məhz sinaqoqlarda Paul ilk dəfə Məsih haqqında şəhadət edərək səsini ucaltdı. Bununla o, ən böyük ruhani cəsarət göstərdi. Paul məhz həmin sinaqoqlarda yəhudi inancının və Ali Şuranın maraqlarını müdafiə etməkdən ötrü rəsmi şəxs kimi məktublar və səlahiyyət almışdı. Paulun tanınmayacağı və əməllərinin ona qarşı şahidlik etməyəcəyi başqa bir yerdə Məsih haqqında şəhadət etmək onun üçün asan olardı. Paul isə deyir: «Mən artıq yeni yaradılışam və hesab edirəm ki, məndən qorxanlar bunu bilməlidirlər». Budur o, bəyan edir: «Mən Məsihin Müjdəsindən utanmıram».

2) Luka Paulun ikinci hünərini qeyd etmir. Paul Ərəbistana getdi (Qalatiyalılara 1:17). Paulun həyatında böyük dəyişiklik baş verdi. Bu dəyişiklik onu o qədər sarsıtdı ki, o, bir müddət Allahla tək qalmalı oldu. Onun qarşısında yeni həyat açılırdı. Son dərəcə məsuliyyətli vəzifəni yerinə yetirmək üçün ona yeni yolda rəhbərlik və güc lazım idi. Bunun üçün o, Allaha üz tutdu. O, Allahdan vəhy aldı. İndi isə Allahın vəhyini həyata keçirmək üçün Ondan güc gözləyirdi.

23-25 ​

PAULUN MÖCÜZƏLİ QURTULUŞU (Həvarilərin işləri 9:23-25)

Burada Müqəddəs Kitab mətninin bir neçə sözünün nə qədər vacib olduğu açıq şəkildə göstərilir. Luka deyir ki, aradan xeyli gün keçəndən sonra Dəməşqdə bir çox hadisələr baş verdi. Bu ifadənin arxasında üç il gizlədilir (Qalatiyalılara 1:18). Bu üç il ərzində Paul Dəməşqdə işləyib təbliğ edirdi. Yəhudilər onu öldürməyə o qədər qərarlı idilər ki, onun getməsinə mane olmaq məqsədilə hətta evinin qapısına keşikçi qoymuşdular. Ancaq qədim şəhərlər bəzən o qədər enli divarlarla əhatə olunurdu ki, arasından bir araba belə, keçə bilərdi. Həmin divarlarda pəncərələri çölə açılan evlər də var idi. Gecənin qaranlığında Paul bu evlərdən birinə aparıldı və səbətin içinə qoyularaq şəhər divarlarından aşağı endirildi. Beləcə o, Dəməşqdən çıxıb Yerusəlimə getdi. Paul hələ Məsihə xidmət etməyə həsr olunmuş təhlükəli həyatının başlanğıcında idi, amma həyatını təhlükəyə ataraq son dərəcə çətin şəraitdə özünü xilas etməli oldu.

1) Bu hadisə Paulun cəsarətini nümayiş etdirir. O, yəhudilərin böyük dəstələr halında sinaqoqlarda ona qarşı toplaşdığını görürdü. O, Stefanın aqibətindən xəbərdar idi, məsihçilərə qarşı qurduğu planları xatırlayırdı və yaxşı bilirdi ki, başına nələr gələ bilər. Məsihi qəbul etdiyinə görə onu gözləyən çətinlikləri gözə almışdı. Lakin hekayədən aydın olur ki, Paul bu vəziyyətdə cəsarət göstərdi. Bu fürsət ona vaxtilə təqib etdiyi və indi sevdiyi Rəbbə sədaqətini sübut etməyə imkan verdi. Paul İsa Məsihin yolunda sevinclə ölməyə hazır oldu.

2) Biz burada onun təbliğinin bəhrələrini də görürük. Paulun vəzi o qədər inandırıcı və təkzibedilməz idi ki, yəhudilər zorakılığa əl atmağa qərar verdilər. Heç kim gücsüz və uğursuz adamı təqib etməz. Bernard Şou bir dəfə demişdi ki, yazıçıya ən böyük şərəfi onun kitablarının yandırılmasını əmr edən insanlar verir. Başqa bir nəfər belə demişdi: «Canavar heç vaxt müqəvva qoyuna hücum etməz». Yalan, saxta məsihçilik heç bir riskə uğramır. Məsih uğrunda əzab çəkmək Allahın ən böyük tərifinə layiq olmaq deməkdir.

26-31

YERUSƏLİMDƏ DƏ RƏDD EDİLDİ (Həvarilərin işləri 9:26-31)

Paul Yerusəlimə gələndə ona etibar edilmədiyini gördü. Başqa cür ola da bilməzdi. Çünki məhz Yerusəlimdə o, İmanlı Cəmiyyətini dağıdıb, kişiləri və qadınları həbsxanaya sürükləyirdi. Biz artıq gördük ki, Paulun həyatının ən çətin dövrlərində bəzi insanlar onun iman etməsinə və İmanlı Cəmiyyətinin işi üçün fədakarlıq etməsinə töhfə veriblər. Birincisi, Stefanın duası Paulun diqqətini İmanlı Cəmiyyətinə yönəltmişdi. Sonra Xananyanın mehriban rəftarı Paulun iman etməsində və İsanın adı ilə təbliğ etməsində həlledici rol oynadı. Budur, biz Barnabanın həssas ürəyi və mərhəmətinin Paulu İmanlı Cəmiyyəti ilə necə birləşdirdiyini görürük. Hamı Pauldan çəkinəndə Barnaba ona zamin durdu. Bu hərəkət Barnabanın əsl məsihçi olduğunu göstərir.

1) O, Paula güvənirdi. Başqaları onun casus olduğunu düşünəndə, Barnaba Paulun imanlı olduğuna təkid edirdi. İnsanlar, ümumiyyətlə, iki kateqoriyaya bölünürlər: birincisi, insanlarda yaxşılıq hasil olduğuna inananlar; ikincisi, insanlarda yalnız pisliyi görənlər. Qəribədir ki, insanlarda öz xarakterimizi görə-görə, öz gözümüzdə tiri qoyub, onların gözündə çöp axtarırıq. Əgər bir insandan şübhələniriksə, onda o, gözümüzdə şübhəli işlər görməyə başlayacaq. Əgər biz onun yaxşı olduğuna inansaq, o, sonda bizim etimadımızı doğruldacaq. Paulun dediyi kimi: «Məhəbbət ona edilən pislikləri sayıb-hesablamaz». İsadan başqa heç kim insanlara bu qədər etibar etmirdi. Onun şagirdi Rəbbinə layiq oldu.

2) İsa heç vaxt keçmişinə görə insanı qınamazdı. Axı insan çox vaxt etdiyi bir səhvə görə həmişəlik mühakimə olunur. Rəbb Allahın mərhəməti elə ondadır ki, O, keçmiş günahlarımıza görə bizi heç vaxt mühakimə etmir. Biz də insanı bir dəfə büdrədiyinə görə heç vaxt qınamamalıyıq.

Bu hissədə biz Paulu da xüsusi rolda görürük: o, yunandilli yəhudilərlə mübahisə edirdi. Stefan onlardan biri idi. Çox güman, Paul həyatının dəyişdiyinə şəhadət etmək üçün Stefanın əleyhinə danışdığı sinaqoqlara getdi. Həvari Paul çox vaxt keçmişdəki həyatından açıq danışırdı. Bunu etmək bəzən çox çətindir.

Burada da Paulun həyatı təhlükə altına düşdü. O, çətinliklə Yerusəlimdən canını qurtara bildi. Yerusəlimdən onu gizli şəkildə Qeysəriyyəyə, oradan isə Tarsusa qaçırtdılar. Budur, o, yenə də öz işini təkrarlayır: məmləkətinə gedir ki, orada Məsihi qəbul etdiyinə, yəni İsa Məsihin onu yeni bir yaradılış etdiyinə şəhadət etsin.

32-43

PETERİN HƏRƏKƏTİ (Həvarilərin işləri 9:32-43)

Bir müddət Paul diqqət mərkəzində olur, amma yenidən nəzərlər Peterə yönəlir. Əslində bu hissə Həvarilərin işləri 8:25-in davamıdır. Peter xidmətinə davam edir. Lakin bu, kifayət deyil. Burada Peterin gücünün mənbəyi də aydın şəkildə göstərilir. Eneyanı sağaldarkən Peter «Mən səni sağaldıram» demədi, «İsa Məsih səni sağaldır» dedi. Tabitaya müraciət etməzdən əvvəl Peter dua etdi. Peter öz gücünə güvənmirdi, o, İsa Məsihin gücünə güvənirdi. Biz daha çox özümüz nə edə biləcəyimizi düşünürük və Məsihin bizim vasitəmizlə nə edə biləcəyi haqqında isə az düşünürük.

Bu hissədə maraqlı bir sözlə qarşılaşırıq. Liddada yaşayan məsihçilərə iki dəfə (32 və 41-ci ayələr) müqəddəslər deyilir. Eyni sözü Xananya Yerusəlimdəki məsihçilərə aid edir (13-cü ayə). Bu sözü Paul həmişə İmanlı Cəmiyyətinin üzvlərinə aid edir, çünki onun bütün məktubları bu və ya digər yerdə yaşayan müqəddəslərə ünvanlanır.

Yunan mətni hagios sözü işlədilir, onun bir çox mənası var. Bəzən bu söz sifət olaraq müqəddəs kimi tərcümə olunsa da, əslində mənası dəyişilmiş şəxs deməkdir. Adətən, məsihçi adi insanlardan fərqlidir. Bəs onu fərqli edən nədir? Hagios sözü bilavasitə israillilərə aid olunurdu. Onlar xüsusi müqəddəs xalq sayılırdı. Onların digər xalqlardan fərqi onda idi ki, İsrail Allah tərəfindən Öz məqsədi üçün seçilmişdir. Lakin İsrail ona həvalə olunan tapşırığı yerinə yetirə bilmədi. O, itaətsizlik edirdi. Bu da Allahın onlara verdiyi imtiyazların itirilməsi ilə nəticələndi. İmanlı Cəmiyyəti İsrailin əsl varisi oldu. İndi başqalarından fərqlənən məsihçilər oldu və bu fərqlilik onların Allahın xüsusi məqsədləri üçün seçilmələrindən irəli gəlirdi.

Biz məsihçilər digər insanlardan yer üzündə xüsusi şərəfə nail olmaq üçün deyil, böyük xidmət üçün seçildiyimizə görə fərqlənirik. Biz xidmət etmək üçün xilas olmuşuq.

Azərbaycan dilində Müqəddəs Kitab

İsa Şaulla danışır
1 Şaul Rəbbin şagirdlərinə qarşı hələ də ölüm hədələri yağdırırdı. Baş kahinin yanına gedib 2 ondan Dəməşq sinaqoqlarına yazılan məktublar istədi ki, orada İsa yolunu tutan kişi və qadınlardan kimi tapsa, əl-qolunu bağlayıb Yerusəlimə gətirmək üçün səlahiyyəti olsun. 3 Dəməşqə yollanıb oraya yaxınlaşanda birdən göydən gələn bir işıq onun ətrafında parladı. 4 Şaul yerə yıxıldı və bir səs eşitdi, ona deyirdi: «Şaul, Şaul, niyə Məni təqib edirsən?» 5 Şaul ona dedi: «Ey Ağam, Sən kimsən?» O cavab verdi: «Mən sənin təqib etdiyin İsayam. 6 Qalx ayağa, şəhərə get və nə etmək lazımdırsa, sənə deyiləcək». 7 Şaulla birlikdə yola çıxan adamlar yerlərindəcə susub qalmışdı. Səsi eşitsələr də, heç kimi görə bilmədilər. 8 Şaul yerdən qalxdı, amma gözlərini açanda heç nə görə bilmirdi. Sonra onun əlindən tutub Dəməşqə apardılar. 9 Üç gün ərzində Şaulun gözləri görmədi və o nə yedi, nə də içdi.
10 Dəməşqdə İsanın şagirdlərindən Xananya adlı bir nəfər var idi. Rəbb görüntü vasitəsilə «Xananya!» deyə çağırdı. O cavab verdi: «Bəli, ya Rəbb!» 11 Rəbb ona dedi: «Qalx, “Düz Küçə” adlanan küçəyə get və Yəhudanın evində adı Şaul olan Tarsuslu bir adamı soruş. Hal-hazırda orada dua edir. 12 O, görüntüdə görüb ki, yanına Xananya adlı bir kişi gəlib onun üzərinə əllərini qoyur ki, gözləri açılsın». 13 Xananya cavab verdi: «Ya Rəbb, bu kişi barədə çoxlarından eşitmişəm ki, Yerusəlimdə Sənin müqəddəslərinə nə qədər pislik edib. 14 Burada Sənin adını çağıranların hər birinin əl-qolunu bağlamaq üçün başçı kahinlərdən səlahiyyət alıb». 15 Amma Rəbb ona dedi: «Get! Başqa millətlərə, padşahlara və İsrail övladlarına Öz adımı bəyan eləmək üçün bu adam seçdiyim alətdir. 16 Mənim adım uğrunda çəkəcəyi əzabın nə qədər böyük olduğunu ona göstərəcəyəm». 17 Bundan sonra Xananya gedib həmin evə girdi və əllərini Şaulun üstünə qoyub dedi: «Qardaşım Şaul, Rəbb, yəni bura gələrkən yolda sənə görünən İsa məni göndərdi ki, sənin gözlərin açılsın və Müqəddəs Ruhla dolasan». 18 O andaca Şaulun gözlərindən sanki pulcuqlar töküldü və Şaul təkrar görməyə başladı. O qalxdı və vəftiz oldu. 19 Sonra yemək yeyib taqətə gəldi.
Şaul Dəməşqdə və Yerusəlimdə
Bir neçə gün Şaul Dəməşqdə olan şagirdlərin yanında qaldı. 20 Dərhal sinaqoqlarda İsanın Allahın Oğlu olduğunu vəz etməyə başladı. 21 Onu eşidənlərin hamısı mat qalıb deyirdi: «Yerusəlimdə bu adı çəkənləri dağıdan adam bu deyilmi? Buraya belələrini əl-qolunu bağlayıb başçı kahinlərin yanına aparmağa gəlməmişdimi?» 22 Şaul isə gündən-günə qüvvətlənirdi. İsanın Məsih olmasına dair sübutlar göstərməklə Dəməşqdə yaşayan Yəhudiləri çaş-baş saldı.
23 Aradan xeyli gün keçdi. Yəhudilər Şaulu öldürmək üçün sui-qəsd hazırladı. 24 Amma onların bu qəsdi haqqında xəbər Şaula çatdı. Yəhudilər onu öldürmək üçün gecə-gündüz şəhərin qapılarında pusqu qururdu. 25 Amma Şaulun şagirdləri gecə olan kimi onu götürüb bir səbətin içinə qoyaraq şəhər divarlarından aşağı endirdilər.
26 Şaul Yerusəlimə çatanda oradakı şagirdlərə qoşulmağa çalışdı, lakin onların hamısı Şauldan qorxur və inanmırdılar ki, o, İsanın şagirdidir. 27 Amma Barnaba onu götürüb həvarilərin yanına apardı və onlara açıqladı ki, Şaul yolla gedəndə Rəbbi necə görüb, Rəbb onunla necə danışıb, o, Dəməşqdə İsanın adını necə cəsarətlə bəyan edib. 28 Beləliklə, Şaul onların yanında qalıb Yerusəlimdə hər yerə bir gedib-gəlir və orada da Rəbbin adını cəsarətlə bəyan edirdi. 29 O yunanca danışan Yəhudilərlə söhbət edərək mübahisə edirdi. Onlar isə Şaulu öldürmək istəyirdilər. 30 İmanlı bacı-qardaşlar isə bunu öyrənəndə Şaulu Qeysəriyyəyə aparıb oradan Tarsusa göndərdilər.
31 Beləcə bütün Yəhudeya, Qalileya və Samariyadakı imanlılar cəmiyyəti əmin-amanlığa çatdı. İnkişaf edən və Rəbb qorxusu içində yaşayan cəmiyyət Müqəddəs Ruhun ürəkləndirməsi ilə sayca artırdı.
Eneya və Tabitanın sağaldılması
32 Bu zaman hər yanı dolaşan Peter Lodda yaşayan müqəddəslərin yanına gəldi. 33 Orada Eneya adlı bir nəfərə baş çəkdi. Eneya iflic olmuşdu və səkkiz il idi ki, yataqda idi. 34 Peter ona dedi: «Eneya, İsa Məsih səni sağaldır. Qalx, yatağını yığışdır». Eneya dərhal ayağa qalxdı. 35 Lod və Şaronda yaşayanların hamısı bu adamı görüb Rəbbə tərəf döndü.
36 Yafoda İsanın şagirdləri arasında Tabita adlı bir qadın var idi. «Tabita» «Ceyran» deməkdir. Bu qadın həmişə xeyirxah işlər görür və yoxsullara kömək edirdi. 37 Bu vaxtlarda o xəstələnib öldü. Onun meyitini yuyub yuxarı mərtəbədəki otağa qoydular. 38 Lod Yafoya yaxın idi, ona görə də Peterin Lodda olduğunu eşidən şagirdlər iki kişini onun yanına göndərdilər və onlar gəlib xahiş etdilər: «Vaxt itirmədən yanımıza gəl». 39 Peter durub onlarla getdi. Yafoya çatanda onlar Peteri evin yuxarı mərtəbəsinə çıxartdılar. Bütün dul qadınlar ağlaşa-ağlaşa Peterin yanına yığıldı və Tabitanın onlarla birlikdə olanda tikdiyi köynəkləri, paltarları göstərirdilər. 40 Peter isə onların hamısını bayıra çıxartdı, sonra diz çöküb dua etdi. Bundan sonra isə ölüyə tərəf dönüb dedi: «Tabita, qalx!» Qadın gözlərini açıb Peteri görən kimi dik oturdu. 41 Peter əlini uzadıb onu ayağa qaldırdı və sonra müqəddəslərlə dul qadınları çağırdı. Tabitanı sağ-salamat onların qarşısına çıxartdı. 42 Bu xəbər bütün Yafoya yayıldı və çox adam Rəbbə iman gətirdi. 43 Peter isə xeyli gün Yafoda, Şimon adlı bir dabbağın evində qaldı.