1-3
Stefanın ölümü təqiblərin çoxalmasına işarə edirdi. Bundan sonra məsihçilər səpələnməyə və uzaq yerlərə sığınmağa məcbur oldular. Bu hissədə iki məqamı xüsusi vurğulamaq lazımdır:
1) Həvarilər möhkəm qaldılar. Başqaları səpələnməli olsalar belə, onlar iki səbəbə görə bütün təhlükələrə tab gətirməyə hazır idilər:
a) Həvarilər mərd insanlar idilər. Yazıçı Cozef Konrad deyir ki, o, gənc dənizçi olanda və yelkənli gəmini idarə etməyi öyrənəndə, bir gün qəflətən tufan qopdu. Onu öyrədən yaşca böyük yoldaşı yalnız bir məsləhət verdi: «Qayığın yayını həmişə dalğaya və küləyə qarşı tut». Həvarilər onları təhdid edən istənilən təhlükə ilə üzləşməyə hazır idilər.
b) Həvarilər ruhani insanlar idilər. Onlar təkcə məsihçi deyildilər; insanlarda onlara qarşı hörmət oyadan nəsə var idi. Deyilənə görə, bir gün Platona qarşı təhqiramiz bir ittiham irəli sürülür. Platon buna belə cavab verir: «Mən elə yaşayacağam ki, hamı bu ittihamın yalan olduğunu görsün». Həvarilərin xeyirxahlığı və gücü insanlara elə təsir etmişdir ki, hətta təqib günlərində də hakimiyyət onları ələ keçirməyə cəsarət etmirdi.
2) Müqəddəs Kitabda deyilir ki, Şaul «imanlılar cəmiyyətini dağıdırdı». Yunan mətnində istifadə olunan söz amansız qəddarlığı bildirir. Həmin söz üzüm bağında coşan ayını və ya bədəni parçalayan heyvanı təsvir etmək üçün istifadə olunur. Əvvəlcə İmanlı Cəmiyyətinə əzab verən, sonra isə özünü tamamilə Məsihin xidmətinə həsr edən adamda baş verən dəyişikliyi, həqiqətən, dramatik adlandırmaq olar.
4-13
Məsihçilər pərən-pərən düşəndə, seçilmiş yeddi köməkçidən biri olan Filip Samariyaya gəldi və orada təbliğ etməyə başladı.
Yuxarıda təsvir edilən hadisə, doğrudan da, diqqəti cəlb edir. Çünki «yəhudilər samariyalılarla ünsiyyət etmir» (Yəhya 4:9) sözü məsələ çevrilmişdir. Yəhudilər və samariyalılar arasındakı düşmənçiliyin çoxəsrlik tarixi var idi. Eramızdan əvvəl 8-ci əsrdə assuriyalılar paytaxtı Samariya şəhəri olan Şimal Padşahlığını fəth etdilər. O dövrün fatehlərinin etdiyi kimi, əhalinin çox hissəsi oradan köçürülüb, yerinə başqa xalqlar yerləşdirildi. Eramızdan əvvəl 6-cı əsrdə babillilər paytaxt Yerusəlimlə birlikdə Cənub Padşahlığını fəth etdilər, əhali isə Babilə əsir götürüldü. Lakin yəhudilər öz milli dəyərlərini qoruyub saxladılar və başqa millətlərə qarışmadılar. Eramızdan əvvəl 5-ci əsrdə babillilər yəhudiləri əsirlikdən azad etdilər, hətta onlara dağıdılmış Yerusəlim şəhərini (Ezra və Nehemyanın dövründə) bərpa etməyə icazə verdilər.
Həmin vaxta qədər İsraildə qalanlar isə fatehlərin oraya yerləşdirdiyi əcnəbilərlə qarışdılar. Cənub Padşahlığına geri dönən yəhudilər öz şəhərlərini — Yerusəlimi bərpa etməyə başlayanda, samariyalılar onlara kömək təklif etdilər. Lakin bu təklif nifrətlə rədd edildi, çünki samariyalıları artıq təmiz yəhudi hesab etmək olmazdı. O vaxtdan bəri yəhudilər və samariyalılar arasında düşmənçilik və dərin nifrət heç vaxt səngimədi. Filipin Samariyada təbliğ etməsi və İsa Məsihin Xoş Xəbərini bu xalqa çatdırması onu göstərir ki, İmanlı Cəmiyyəti qeyri-iradi olaraq bəşəriyyət tarixində ən mühüm addımlardan birini atdı. İmanlı Cəmiyyəti aydın dərk edirdi ki, Məsih dünyanın bütün xalqlarına aiddir. Biz Filip haqqında az bilirik, lakin o, Məsihçi Cəmiyyətinin qurucularından biri olub.
Gəlin məsihçiliyin bu xalqa nə gətirdiyini qeyd edək:
1) Məsihçilik İsa Məsih barədə xəbər və Allahın İsa Məsihdə olan məhəbbəti haqqında Müjdə gətirdi.
2) Məsihçilik xalqa şəfa gətirdi. Məsihçilik insanlara təkcə söz gətirmədi.
3) Bununla yanaşı, məsihçilik samariyalılara indiyə qədər duymadıqları sevinc gətirdi. İnsanlara kədər gətirən məsihçilik qeyri-təbiidir: həqiqət həmişə sevinc bəxş edir.
14-25
Şimon qədim dövrün tipik insanı idi. O dövrdə çoxlu münəccimlər, falçılar və sehrbazlar var idi. Onların sadəlövh insanlara böyük təsiri var idi, buna görə də onlar zəngin həyat yaşayırdılar. Burada təəccüblü heç nə yoxdur, çünki iyirmi birinci əsrdə belə, taleyin və falın müxtəlif proqnozlarına inananlar az deyil. Şimonun və onun bütün peşəkar yoldaşlarının insanları qəsdən aldatdığını düşünmək lazım deyil. Onların böyük əksəriyyəti insanları aldatmazdan əvvəl özləri aldanmışdılar.
Şimonun nəyi əldə etməyə çalışdığını başa düşmək üçün əvvəlcə ilk məsihçi cəmiyyətinin inkişaf etdiyi atmosferi dərk etməliyik. Müqəddəs Ruhun insanın üzərinə enməsi müəyyən əlamətlərlə, xüsusən də dillərdə danışmaq ənamı ilə əlaqələndirilirdi (Həvarilərin işləri 10:44-46 müqayisə edin). Həmin vaxt insan ruhla dolub heç kimin anlaya bilmədiyi səslər çıxarmağa başlayırdı. Əlqoyma adəti yəhudilər üçün adi hal idi. Bu akt vasitəsilə guya müəyyən ənamlar adamdan adama keçirdi. Ancaq elə düşünmək lazım deyil ki, onlar Müqəddəs Ruhun bir insandan digərinə ötürülməsini fiziki mənada başa düşürdülər. Əsas məsələ əlini qoyan şəxsin fərdi xüsusiyyətləri idi. Həvarilər elə böyük hörmət qazanmışdılar ki, onların bir toxunuşu ilə insanlar dərin ruhani hisslər yaşayırdılar. Bir dəfə görkəmli ilahiyyatçı ilə görüşmək imkanım oldu. O vaxt mən çox gənc, o isə çox qoca idi. Onunla təkbətək qalanda, o, əllərini başıma qoyub mənə xeyir-dua verdi. Həmin hadisədən əlli ildən çox vaxt keçsə də, mən bu gün də onu xatırlayanda dərin duyğular və həyəcan hissi keçirirəm. Görünür, ilk məsihçi cəmiyyətində də əllərin qoyulması eyni təsirə malik idi.
Həvarilərin əllərini qoyması Şimona çox təsir etdi. O, həvarilərin etdiklərini etmək bacarığını pulla almağa çalışdı. Şimonun adı müxtəlif xalqların dilinə düşdü. Çünki simoniya sözü İmanlı Cəmiyyətinin ənamlarının ləyaqətsiz alqı-satqısı mənasına çevrildi. Şimon iki səhvə yol verdi:
1) O, insanlara Müqəddəs Ruhu ötürməkdən daha çox şəxsi səlahiyyət və nüfuz qazanmaqda maraqlı idi. Vaiz və müəllim üçün həmişə özünü yüksəltmək təhlükəsi var. Düzdür, onlar insanları görəndə alovlu danışmalıdırlar. Lakin həm ağıllı olduğumuzu, həm də Məsihin qüdrətli olduğunu eyni vaxtda göstərmək mümkün deyil.
2) Şimon unutmuşdur ki, Allahın bəzi ənamları insanın mənəvi keyfiyyətlərindən asılıdır; onları pul ilə almaq olmaz. Yenə də təbliğçi və müəllim bu xəbərdarlığı unutmamalıdırlar. «Təbliğ — şəxsiyyət vasitəsilə çatdırılan həqiqətdir». İnsanlara Müqəddəs Ruh haqqında təbliğ etmək üçün zəngin olmaq lazım deyil, bunun üçün Ruhla dolmaq lazımdır.
26-40
Yerusəlimdən Bet-Lexemə və Qəzza şəhərinin cənub kənarındakı Xevrona gedən yollardan biri Misirə gedən əsas yol ilə birləşirdi. Qəzzanın iki şəhəri var idi: biri eramızdan əvvəl 93-cü ildə müharibə zamanı dağıdılmış, digəri isə eramızdan əvvəl 57-ci ildə onun cənubunda tikilmişdi. Birincisi ikincidən fərqli olaraq köhnə və ya sahibsiz şəhər adlanırdı. O dövrdə Qəzzanın yanından keçən həmin yoldan dünya nəqliyyatının ən azı yarısı istifadə edirdi. Kandakiya şahzadəsinin xəzinədarı olan efiopiyalı xədimlərdən biri arabası ilə həmin yoldan keçirdi. Kandakiya addan çox bütün Efiopiya şahzadələrinin daşıdığı titul idi. Xədim Yerusəlimə Məbəddə dua etmək üçün gəlmişdi. O dövrdə çoxsaylı tanrılarından və pozğun həyat tərzindən bezən bir çox insanlar yəhudiliyə üz tuturdular. Çünki onlar yəhudilikdə həyata yeni məna verən təkallahlıq və ciddi əxlaq tapırdılar. Əgər onlar yəhudiliyi qəbul edib sünnət olunurdularsa, yəhudilər arasında «yəhudiliyi qəbul edən salehlər» və ya «yəhudiliyi qəbul edən əhdin sahibləri» adlanırdılar. Yox, əgər yəhudi dininin dərinliyinə getmədən sinaqoqa getməyə və Yəhudi Yazılarını oxumağa davam edirdilərsə, onlara yəhudiliyi qəbul edən salehlər deyilirdi. Ola bilsin, Allahı axtaran bu efiopiyalı, ya «yəhudiliyi qəbul edən salehlər»dən biri, ya da «yəhudiliyi qəbul edən əhdin sahibləri»ndən biri idi. O, Yeşaya peyğəmbərin kitabının 53-cü fəslini oxuyurdu. Filip həmin fəsildən başlayaraq ona İsanın kim olduğunu göstərdi.
Xədim iman edəndə, Filip onu vəftiz etdi. Bütpərəstlər yəhudiliyi vəftiz və sünnət yolu ilə qəbul edirdilər. Əhdi-Cədidin erkən dövründə yalnız böyüklər vəftiz olunurdular. Onlar axar suya batırılaraq vəftiz olunurdular. Belə vəftizin üç simvolik mənası var idi:
1) O, paklanmanı simvolizə edirdi. İnsanın bədəni su ilə yuyulduğu kimi, ruhu da Məsihin mərhəməti ilə yuyulurdu.
2) O, tam dəyişikliyi simvolizə edirdi. Deyilənə görə, missionerlərdən biri vəftiz zamanı Məsihə iman edənləri çayın bir tərəfindən digərinə göndərirdi; sanki bununla insanın hansısa xətti keçməsini, həyatını yeni bir dünyada davam etməsini simvolizə edirdi.
3) Vəftiz Məsihlə həqiqi birləşməni simvolizə edir. İnsan suya batırılanda sanki Məsihlə birlikdə ölür, sudan çıxanda isə Onunla birlikdə dirilir (Romalılara 6:1-4 ilə müqayisə edin). Rəvayətə görə, həmin efiopiyalı evə qayıdıb Müjdəni bütün Efiopiyaya çatdırmışdır. Ən azından əmin ola bilərik ki, bu cür sevinclə yola çıxan insan sevincini başqaları ilə bölüşməyə bilməzdi.