Barclay
KİTABLARAudio kitablarHekayələrİlahilərFilmlər və cizgi filmləriXilas haqqında müjdəXoş xəbər hekayələri

Həvarilərin İşləri: 7-ci fəsil

V. Barklinin şərhləri

7-ci fəsil

1-7

ÖZ TORPAĞINDAN ÇIXAN ADAM (Həvarilərin işləri 7:1-7)

Artıq gördüyümüz kimi, özünü müdafiə etmək və fikirlərini əsaslandırmaq üçün Stefan İsrail tarixinə müraciət edir. Lakin Stefan təkcə tarixi hadisələrin təsvirini vermirdi, onun üçün hər bir tarixi şəxsiyyət və hadisə xüsusi məna kəsb edirdi. O, nitqinə İbrahim peyğəmbərin hekayəsindən başladı, çünki yəhudilərin əksəriyyəti üçün tarix ondan başlayırdı.

Stefan İbrahim peyğəmbər haqqında üç xüsusiyyəti qeyd edir.

1) İbrahim peyğəmbər Allaha itaət etdi. İbranilərə məktubun müəllifinin dediyi kimi, «O hara getdiyini bilməyərək yola çıxdı» (İbranilərə 11:8). İbrahim peyğəmbər təşəbbüskar və cəsarətli bir insan idi. Bir dəfə Hindistanın cənubunda xidmət edən Şotland kahini Lesli Nyubiqin deyirdi ki, imanlı cəmiyyətlərinin birliyi ilə bağlı danışıqlar, az qala uğursuzluqla başa çatsın. Çünki bəzi iştirakçılar müəyyən bir addımın nəticələrini əvvəlcədən bilmək istəyirdilər. Sonda bir nəfər uzağı görməyə çalışan insanlara belə dedi: «Məsihçinin həmişə hara getdiyini bilmək haqqı yoxdur».

Stefana görə Allah adamı o şəxs idi ki, Allahın əmrinə, hətta onun nəticələrini təsəvvür edə bilməsə belə itaət edir.

2) İbrahim peyğəmbər iman adamı idi. O, hara getdiyini bilmirdi. Amma inanırdı ki, onu Allah istiqamətləndirirsə, deməli, qarşıda onu yaxşılıqlar gözləyir. Hətta övladı olmayanda, heç vaxt olmayacağını biləndə belə, o inanırdı ki, bir gün nəsli Allahın vəd etdiyi torpağı miras alacaq.

3) İbrahim peyğəmbər ümid edən bir insan idi. Hətta ömrünün sonunda o, Allahın vədlərinin tam yerinə yetirildiyini görməsə də, onların yerinə yetiriləcəyinə şübhə etmədi. Stefan yəhudilərə cəsarətli, həmişə Rəbbin çağırışına cavab verməyə hazır olan bir insan nümunəsi göstərdi. Onlar isə var-gücü ilə köhnədən yapışmağa çalışırdılar.

8-16

MİSİRƏ KÖÇ (Həvarilərin işləri 7:8-16)

İbrahim peyğəmbərin hekayəsindən sonra Stefan Yusifin əhvalatını danışır. Biz Yusifin həyatının məqsədini onun sözlərindən başa düşürük (Yaradılış 50:20). Yaqubun ölümündən sonra Yusifin qardaşları qorxurdular ki, ona etdikləri pisliyə görə Yusif onlardan qisas alacaq. Yusif buna belə cavab verdi: «Baxın siz mənə qarşı pis fikrə düşdünüz, lakin Allah onu yaxşı işə çevirdi ki, bu gün gördüyünüzü etsin və çoxlu adamın həyatını qorusun». Bədbəxtlik kimi görünən hadisələr Yusifi şöhrətə apardı. Misirə qul kimi satılsa da, haqsız yerə həbs edilsə də, kömək etdiyi insanlar tərəfindən unudulsa da, bir gün o, Misirin baş naziri oldu. Stefan Yusifin bütün həyatını iki sözlə ifadə edir — lütf və hikmət.

1) Lütf, həqiqətən, gözəl sözdür. Bu sözün sadə mənası və gözəlliyi fiziki anlamda başa düşülür; daha sonra bütün insanların xoşuna gələn gözəl xarakter mənasını verməyə başladı. Azərbaycan dilində lütf sözünə ən yaxın olan söz cazibədir. Həqiqətən də, Yusifin cazibəsi var idi. Ruhani insanları fərqləndirən məhz bu xüsusiyyətdir. Axı Yusifin qəzəblənməyə haqqı çatırdı. Lakin o, bütün vəzifələrini vicdanla yerinə yetirdi: həm qul kimi, həm də Misirin hökmdarı kimi eyni dərəcədə səylə xidmət etdi.

2) Hikmət qədər tərifi çətin olan söz, demək olar ki, yoxdur. Bu söz sağlam düşüncə və zəkadan daha böyük məna ifadə edir. Yusifin həyatı bizə bu sözü başa düşmək üçün açar verir. Hikmət — həyatı və hər şeyi Allahın gördüyü kimi görmək bacarığıdır.

Yenə də Stefan müqayisə edir. Yəhudilər öz keçmişləri və Qanunun incəlikləri haqqında düşüncələrə dalırdılar. Yusif isə uğursuzluğa düçar olsa belə, istənilən tapşırığı yerinə yetirirdi və həyata Allahın gözü ilə baxırdı.

17-36

HƏMYERLİLƏRİNİ UNUTMAYAN ADAM (Həvarilərin işləri 7:17-36)

Daha sonra Stefan Musa peyğəmbərdən danışır. Yəhudilərə görə Musa peyğəmbər, ilk növbədə, Rəbbin əhdinə əməl etmək üçün öz torpağını tərk edən adam idi. O, sözün əsl mənasında, Allahın əhdini yerinə yetirmək və xalqının rəhbəri olmaq üçün taxtından imtina edən insan idi. Müqəddəs Kitabda Musa peyğəmbərin gəncliyi haqqında çox az danışılır, lakin yəhudi tarixçiləri onun haqqında daha çox bilirdilər. Tarixçi İosif Flavinin əlyazmalarına görə, Musa peyğəmbər o qədər gözəl uşaq idi ki, dayəsi onu küçədə aparanda adamlar ayaq saxlayıb ona baxırdılar. Musa o qədər ağıllı oğlan idi ki, dərslərində hamını üstələyirdi. Günlərin bir gün fironun qızı Musanı atasının yanına aparıb onu Misir taxtının varisi təyin etməsini xahiş etdi. Firon razılaşdı. Rəvayətdə deyilir ki, firon tacını götürüb zarafatla Musanın başına taxır, lakin uşaq onu başından yerə atır. Orada iştirak edən Misir müdriklərindən biri deyir ki, əgər bu uşaq dərhal öldürülməsə, gələcəkdə Misir tacına böyük zərər verəcək. Amma fironun qızı Musanı qucağına alıb, fironu bu xəbərdarlığa əməl etməməyə inandırdı. Musa böyüyəndə Misirin ən böyük sərkərdəsi oldu. O, uzaq Efiopiyadakı müharibəyə rəhbərlik edərək qələbə çaldı və Efiopiya şahzadəsi ilə evləndi. İndi Musa peyğəmbərin nədən imtina etdiyi aydın görünür. O, Allahın möhtəşəm planını həyata keçirmək naminə xalqını səhraya aparmaq üçün taxtından imtina etdi. Stefan bir daha qeyd edir ki, dahi insan yəhudilər kimi öz keçmişinə aludə olub, öz imtiyazlarını var-gücü ilə qoruyan kəs deyil. O kəsdir ki, Rəbbin çağırışına cavab verir və buna görə rahatlığından vaz keçməyə hazırdır.

37-53

İTAƏTSİZ XALQ (Həvarilərin işləri 7:37-53)

Stefan hekayəsinin sürətini artırır. Bu ana qədər o, yəhudiləri açıq şəkildə qınamamışdı, sadəcə keçmişin qəhrəmanları ilə müqayisə etmişdi. Lakin müdafiəsinin son hissəsində Stefan fərqli şəkildə ifadə edərək yəhudiləri açıq şəkildə qınayır.

1) O, iddia edir ki, xalq həmişə Allaha müqavimət göstərib. Musa peyğəmbərin dövründə xalq qızıl dana düzəltməklə onun göstərişlərinə qarşı çıxıb. Amos peyğəmbərin dövründə xalq ürəyini Molek bütünə və səma cisimlərinə verdi. Stefan peyğəmbərlər kitabından danışarkən Amos 5:26-27-dən sitat gətirərək, Kiçik Peyğəmbərləri nəzərdə tutur. Lakin o, ibrani mətninə yox, yunan mətninə istinad edir.

2) Stefan iddia edir ki, xalq böyük imtiyazlara malik idi. Xalqın çoxlu peyğəmbərləri, Şəhadət çadırı var idi. Həmin yerdə Qanunun yazıldığı lövhələr qorunub saxlandığı üçün belə adlanırdı. Bu Qanun mələklər tərəfindən verilmişdir.

Daimi itaətsizliklə daimi imtiyazları bir-birindən ayırmaq olmaz. Çünki insana nə qədər çox imtiyazlar verilirsə, o, səhv yolu seçəndə, bir o qədər çox mühakimə olunacaq. Stefan israrla qeyd edir ki, İsrailə hər şeyi bilmək imkanı verildiyi halda, onlar daim Allaha itaətsizlik etdilər və buna görə də mühakiməyə uğradılar.

3) Stefan iddia edir ki, yəhudilər ədalətsiz şəkildə Allahı məhdudlaşdırıblar. Onlar üçün böyük xeyir-dua olacaq Məbəd, əslində, onların ən böyük lənətinə çevrildi. Onlar Allaha yox, Məbədə ibadət etməyə başladılar. Onlar bütün kainatda Var Olan Allaha deyil, Yerusəlimdə yaşayan yəhudilərin Tanrısına ibadət etməyə başladılar.

4) Stefan iddia edir ki, onlar həmişə öz peyğəmbərlərini təqib ediblər; ən əsası da Allahın Oğlunu öldürüblər. Stefan Peterdən fərqli olaraq, onların bunu bilmədən etdiklərini qeyd etmir. Xeyr, yəhudiləri bu cinayətə sövq edən cəhalətləri deyil, hədsiz itaətsizlikləri idi. Stefanın son sözlərində həm qəzəb, həm də təəssüf hiss olunur. Onun qəzəbi bu insanların ən dəhşətli cinayəti törətmələrindən, təəssüf hissi isə Allahın bu insanlar üçün nəzərdə tutduğu sevinc payını rədd etmələrindən qaynaqlanır.

54-60

İLK ŞƏHİD (Həvarilərin işləri 7:54 — 8:1a)

Belə çıxışın yalnız bir sonu ola bilərdi: Stefan özünü ölümə məruz qoydu. Ölüm də gəldi. Lakin Stefan onların qəzəbdən eybəcərləşmiş üzlərini görmürdü. Onun baxışları əbədiyyətə dikilmişdi, o, İsanın Allahın sağında dayandığını gördü. O, gördüklərini deyəndə, onlar bunu böyük küfr hesab etdilər. Küfr üçünsə yalnız bir cəza var idi — daşqalaq (Qanunun təkrarı13:6 və s.). Qeyd etmək yerinə düşər ki, burada məhkəmə prosesi olmayıb. Bu, yerindəcə özbaşına cəzalandırma idi. Çünki Ali Şuranın ölüm cəzası tətbiq etmək hüququ yox idi. Daşqalaq belə edilirdi: cinayətkar təpəyə aparılır və şahidlər tərəfindən aşağı atılırdı. Əgər cinayətkar yerə yıxılıb ölürdüsə, deməli, hər şey bitmiş sayılırdı; sağ qalırdısa, ölənə qədər üzərinə iri daşlar atılırdı.

Bu hadisədə biz Stefanın bəzi gözəl keyfiyyətlərini görürük:

1) Biz onun cəsarətini haradan aldığını görürük. O, insanların ona etdiyi pislikdən daha çox Rəbbin onu gözlədiyini görürdü.

2) Biz Stefanın Rəbbindən nümunə götürdüyünü görürük. O, İsa kimi onu edam edənlərin bağışlanması üçün dua edirdi (Luka 23:34). Corc Vishart edam olunanda, cəllad tərəddüd etdi. Onda Vishart cəlladın yanına gəlib onu öpdü: «Bu səni bağışladığımın sübutudur». Tarixi hadisələr deyir ki, Məsihin davamçısı qeyri-mümkün kimi görünənləri yerinə yetirmək üçün həmişə güc tapacaq.

3) Böyük həyəcan qəribə bir barışıqla bitdi. Stefanın ürəyini sülh bürüdü, çünki o, həyatı bahasına olsa da, düzgün hərəkət etmişdi. Həvarilərin işləri 8:1-in birinci yarısına buradakı kontekstdən baxmaq lazımdır.

Şaul meydana çıxdı. Bütpərəstlərə həvari olacaq adam Stefanın öldürülməsinə razılıq vermişdi. Amma Avqustin bir dəfə belə dedi: «İmanlı Cəmiyyəti həvari Paulu Stefanın duasına görə tapıb». Paul nə qədər çalışsa da, Stefanın ölümünü heç vaxt unuda bilmirdi. Artıq o günlərdə şəhidlərin qanı İmanlı Cəmiyyətinin toxumuna çevrilmişdi.

İmanlı Cəmiyyətinin Yəhudeyadan kənara çıxması

8-ci fəsil İmanlı Cəmiyyətinin tarixində xüsusi əhəmiyyət daşıyır. Əvvəlcə İmanlı Cəmiyyəti yalnız yəhudilərdən ibarət idi. Həvarilərin işləri 6-ci fəsildə bütpərəstlərin İmanlı Cəmiyyətinə qəbulu ilə bağlı mübahisənin ilk əks-sədaları eşidilir. Stefanın görüntüsü ölkənin hüdudlarından çox-çox kənara çıxırdı. Budur, 8-ci fəsildə biz İmanlı Cəmiyyətinin Yəhudeya sərhədlərindən kənara çıxdığını görürük. Orada onu təqib gözləyirdi, lakin buna baxmayaraq, o, yoluna davam etdi və Müjdəni özü ilə apardı.

Daha sonra Stefan kimi seçilmiş yeddi köməkçidən biri olan Filipdən danışılır. O, on iki həvaridən biri olan həmin Filip deyildi. Köməkçi Filip samariyalılara təbliğ edirdi. Samariyalılar yəhudilərlə bütpərəstlər arasında təbii körpü rolunu oynayırdı. Çünki samariyalılar mənşəcə yarı yəhudi, yarı qeyri-yəhudi idi. Sonra Efiopiyalı bir xədimin iman gətirməsi baş verir. Bunun nəticəsində Allahın Müjdəsi bir addım daha irəli gedir. Bu vaxta qədər İmanlı Cəmiyyəti dünya üçün missiya konsepsiyasını hələ inkişaf etdirməmişdi. Lakin bu fəsli baş verəcək hadisələrin fonunda oxusaq, görərik ki, İmanlı Cəmiyyəti instinktiv və davamlı olaraq öz missiyasına və tapşırığına doğru irəliləyirdi.

Azərbaycan dilində Müqəddəs Kitab

Stefanın nitqi
1 Baş kahin Stefandan soruşdu: «Bunlar doğrudurmu?» 2 Stefan belə cavab verdi: «Qardaşlar və atalar, məni dinləyin! Atamız İbrahim hələ Mesopotamiyada ikən Xaranda məskunlaşmazdan əvvəl izzətli Allah ona göründü. 3 Ona belə dedi: “Öz torpağından, qohumlarının arasından çıx, sənə göstərəcəyim torpağa get”. 4 Buna görə İbrahim Xaldeylilərin ölkəsini tərk edib Xarana köçdü. Atasının ölümündən sonra Allah onu oradan da götürüb sizin indi yaşadığınız bu ölkəyə gətirdi. 5 Burada ona irs olaraq bir qarış belə, torpaq vermədi. Amma İbrahimin o zaman hələ övladı olmasa da, Allah bu torpağı mülk olaraq ona və onun gələcək nəslinə verəcəyini vəd etmişdi. 6 Allah ona belə dedi: “Nəslin yad ölkədə qərib olacaq, orada olan millətə köləlik edəcək və onlara dörd yüz il zülm ediləcək”. 7 “Ancaq onların köləlik edəcəkləri milləti Özüm cəzalandıracağam” dedi Allah, “bundan sonra oradan çıxacaqlar” və “bu yerdə Mənə ibadət edəcəklər”. 8 Sonra Allah onunla sünnətlə bağlı Əhd kəsdi. Beləliklə də, İbrahim İshaqın atası olarkən onu səkkiz günlük olanda sünnət etdi. Bundan sonra İshaqdan Yaqub, Yaqubdan da on iki ulu babamız törədi.
9 Bu ulu babalarımız paxıllıqdan Yusifi qul kimi Misirə satdı. Lakin Allah Yusifə yar idi. 10 Onu bütün əziyyətlərdən qurtardı və ona hikmət verərək Misir hökmdarı fironun gözündə lütf qazandırdı. Firon onu Misirin və öz sarayında olan bütün xalqın rəhbəri təyin etdi. 11 Sonra bütün Misir və Kənan torpağı aclıq və böyük əziyyətlərlə üzləşdi. Bu ata-babalarımız yemək tapa bilmədi. 12 Yaqub eşidəndə ki, Misirdə taxıl var, bu ata-babalarımızı birinci dəfə oraya göndərdi. 13 Onlar ikinci dəfə Misirə gələndə Yusif özünü qardaşlarına tanıtdı. Bununla da firon Yusifin ailəsi ilə tanış oldu. 14 Yusif atası Yaquba xəbər göndərib onunla birgə bütün qohumlarını – yetmiş beş nəfəri çağırtdırdı. 15 Beləliklə, Yaqub Misirə getdi. Özü ilə bu ata-babalarımız da orada öldü. 16 Onların cəsədləri sonradan Şekemə gətirildi və Şekemdə İbrahimin Xamor övladlarından bir neçə gümüşə satın aldığı qəbirdə dəfn olundu.
17 Allahın İbrahimə bəyan etdiyi vədin həyata keçdiyi vaxt yaxınlaşanda Misirdəki xalqımızın sayı bir xeyli çoxalmışdı. 18 Axırda Misirdə Yusifi tanımayan yeni bir padşah taxta çıxdı. 19 Bu adam soydaşlarımıza hiylə işlətdi, zorakılıqla ata-babalarımızı məcbur etdi ki, yeni doğulan körpələrini sağ qalmasın deyə bayıra atsınlar. 20 Bu dövrdə son dərəcə gözəl bir körpə olan Musa doğuldu. O, üç ay atasının evində bəsləndi. 21 Sonra o da bayıra atıldı. Onu fironun qızı tapıb özünə övlad etdi və öz oğlu kimi böyütdü. 22 Musa Misirlilərin bütün elmi biliklərinə bağlı tərbiyə alıb söz və əməlində güclü bir şəxsiyyət oldu.
23 Musa qırx yaşına çatanda ürəyində soydaşları İsrail övladlarının vəziyyətini yaxından bilmək arzusu oyandı. 24 Onlardan birinin zərər çəkdiyini görəndə Musa onu müdafiə etdi. Zərər vuran Misirlini öldürərək əzilən insanın intiqamını aldı. 25 O belə fikirləşdi: “Soydaşlarım dərk edəcəklər ki, mənim vasitəmlə Allah onları xilas edir”. Amma onlar bunu dərk etmədilər. 26 Ertəsi gün Musa dalaşan iki İsraillini görəndə onları barışdırmaq istədi və dedi: “Ay kişilər, siz soydaşsınız, niyə bir-birinizə zərər vurursunuz?” 27 Lakin soydaşına zərər vuran kişi Musanı itələyib dedi: “Səni bizim üstümüzə kim başçı və hakim qoyub? 28 Yoxsa dünən Misirlini öldürdüyün kimi məni də öldürmək fikrindəsən?” 29 Bu sözə görə Musa qaçdı. O, Midyan torpağında, qürbətdə yaşadı və orada iki oğul atası oldu.
30 Qırx il keçəndən sonra Musa Sina dağının yaxınlığındakı səhrada olanda mələk ona bir kol arasından od-alov içərisində göründü. 31 Musa gördüklərinə heyrətləndi. Baxmaq üçün oraya yaxınlaşanda Rəbbin səsini eşitdi: 32 “Mən ata-babalarının Allahı – İbrahimin, İshaqın və Yaqubun Allahıyam”. Musa qorxusundan lərzəyə gəlib baxmağa belə, cəsarət etmədi. 33 Rəbb ona dedi: “Ayaqlarından çarıqlarını çıxart, çünki durduğun yer müqəddəs torpaqdır. 34 Həqiqətən, Mən Misirdə olan xalqımın əziyyətini gördüm, fəryadlarını eşitdim və onları qurtarmaq üçün endim. İndi get, Mən səni Misirə göndərirəm”.
35 Bu, həmin Musadır ki, onu rədd edib demişdilər: “Səni bizim üstümüzə kim başçı və hakim qoyub?” Amma Allah Musanı bir kol arasında görünən mələyin əli ilə başçı və qurtarıcı olaraq göndərdi. 36 O, xalqı Misirdən çıxaran, həm orada, həm Qırmızı dənizdə, həm də qırx il ərzində səhrada xariqə və əlamətlər yaradan insan idi. 37 İsrail övladlarına “Allah məni yetirdiyi kimi sizin üçün öz soydaşlarınız içərisindən bir peyğəmbər yetirəcək” deyən bu Musadır. 38 Bu, həmin adamdır ki, Sina dağında onunla danışan mələklə və ata-babalarımızla birgə səhradakı cəmiyyətdə olmuşdu. O, canlı sözlər almışdı ki, bizə versin. 39 Ata-babalarımızsa Musanın sözünə baxmaq istəmədi, onu rədd etdi və Misirə qayıtmağı arzuladılar. 40 Haruna dedilər: “Bizim üçün allahlar düzəlt ki, qabağımızca getsinlər. Çünki bizi Misir torpağından çıxaran adamın – bu Musanın başına nə iş gəldiyini bilmirik!” 41 O günlərdə dana şəklində bir büt düzəldib ona qurban gətirdilər və öz əlləri ilə düzəltdikləri bu büt üçün şənlik qurdular. 42 Buna görə Allah ata-babalarımızdan üz döndərib onları tərk etdi ki, səma cisimlərinə ibadət etsinlər. Peyğəmbərlərin kitabında da belə yazılıb:
“Ey İsrail nəsli,
Qırx il çöldə olanda Mənə qurban və təqdimlər gətirmişdinizmi?
43 Səcdə edəsiniz deyə düzəltdiyiniz Molekin çadırını,
Tanrınız Refanın ulduz bütünü gəzdirdiniz.
Elə buna görə də sizi
Babilin o tayına sürgünə aparacağam”.
44 Səhrada ata-babalarınızın Şəhadət çadırı var idi. Musa bunu onunla danışan Allahın əmr etdiyi kimi, gördüyü nümunəyə əsasən düzəltmişdi. 45 Şəhadət çadırını əvvəlki nəsildən təhvil alan ata-babalarımız Yeşuanın başçılığı ilə başqa millətlərin mülkünü ələ keçirəndə çadırı da özləri ilə gətirmişdilər. Allah Özü millətləri ata-babalarımızın qarşısından qovdu. Şəhadət çadırı Davudun dövrünə qədər qaldı. 46 Allahın lütfünü qazanan Davud yalvardı ki, Yaqubun nəsli üçün bir məskən qura bilsin. 47 Lakin Allaha ev tikən Süleyman oldu. 48 Amma Haqq-Taala əllə tikilən evlərdə yaşamaz. Peyğəmbərin dediyi kimi
49 Rəbb belə deyir:
“Göylər Mənim taxtımdır,
Yer ayaqlarımın altındakı kətildir.
Mənim üçün nə cür ev tikəcəksiniz,
Dincələcəyim yer harada olacaq?
50 Bütün bunları Mənim əlim yaratmadımı?”
51  Ey dikbaş, həm ürəkləri, həm də qulaqları “sünnət” edilməmiş insanlar, ata-babanız kimi siz də həmişə Müqəddəs Ruhun əleyhinə çıxırsınız. 52 Ata-babalarınızın təqib etmədiyi peyğəmbər varmı? Onlar Saleh Olanın zühuru barədə əvvəlcədən xəbər verənləri belə, öldürdülər. Sizsə bu Saleh Olana xəyanət edərək Onu qətlə yetirdiniz. 53 Mələklər vasitəsilə verilən Qanunu aldınız, lakin ona riayət etmədiniz».
Stefanın öldürülməsi
54 Ali Şuranın üzvləri bu sözləri eşidəndə çox qəzəbləndilər və Stefana dişlərini qıcırtdılar. 55 Müqəddəs Ruhla dolan Stefan isə gözlərini göyə dikib Allahın ehtişamını və Allahın sağında dayanan İsanı gördü. 56 O dedi: «Baxın, mən göylərin yarıldığını və Bəşər Oğlunun Allahın sağında dayandığını görürəm». 57 Onlar qulaqlarını tutub haray qopardılar və hamısı birlikdə Stefanın üstünə hücum çəkdilər. 58 Onu şəhərdən kənara çıxarıb daşqalaq etdilər. Stefanın əleyhinə şahidlik edənlər öz üst geyimlərini Şaul adlı bir gəncin ayaqları altına qoydular. 59 Stefan üstünə yağan daşlar altında belə yalvarırdı: «Ya Rəbb İsa, ruhumu qəbul et». 60 Sonra diz çöküb ucadan nida etdi: «Ya Rəbb, bunu onlara günah sayma». Bunu deyəndən sonra gözlərini bu həyata yumdu.