Barclay
KİTABLARAudio kitablarHekayələrİlahilərFilmlər və cizgi filmləriXilas haqqında müjdəXoş xəbər hekayələri

Həvarilərin İşləri: 6-cı fəsil

V. Barklinin şərhləri

6-cı fəsil

1-7

İLK KÖMƏKÇİLƏR (Həvarilərin işləri 6:1-7)

İmanlı Cəmiyyəti böyüdükcə təşkilati problemlər yaranmağa başladı. Yəhudilər, heç bir xalqda olmadığı kimi, əziyyət çəkən vətəndaşlarının taleyinə görə məsuliyyət hiss edirdilər.

Sinaqoqlarda belə bir adət var idi: hər cümə günü səhər tezdən yardım yığan iki adam bazarı və evləri gəzir, ehtiyacı olanlara kömək etmək üçün pul, yemək və əşya toplayırdı. Bütün bunlar elə həmin gün ehtiyacı olanlara paylanırdı. Müvəqqəti ehtiyacı yarananlar dolanmaq üçün kifayət qədər yardım alırdılar; daim ehtiyac içində olanlar isə gündə iki dəfə, həftədə on dörd dəfə yeməyə kifayət edəcək qədər, yəni növbəti həftəyə çatacaq qədər yardım alırdılar. Həmin yardım fondu kupna və ya səbət adlanırdı. Bundan əlavə, olduqca yoxsul olan soydaşların ehtiyaclarını ödəmək üçün hər gün evbəev gəzib yardımlar yığılırdı. Bu fond isə xırdavat qutusu adlanırdı.

Ayındır ki, İmanlı Cəmiyyəti bu adəti davam etdirirdi. Lakin yəhudilər arasında parçalanma baş verdi. Bunlar bir tərəfdən Yerusəlimdə və İsrailin digər bölgələrində yaşayan, əcdadlarının dilində aramicə danışan, qanlarında heç bir yad qatışığın olmaması ilə fəxr edən yəhudilər idi. Ancaq başqa ölkələrdə yaşayan və Əllinci gün bayramında Yerusəlimə gəlib Məsihi qəbul edən yəhudilər də var idi. Onların əksəriyyəti artıq bir neçə nəsil İsraildən kənarda yaşamışdı; onlar ana dilini unudub, ancaq yunanca danışırdılar. Təbii ki, arami dilində təkəbbürlü yəhudilər İsraildən kənarda yaşayan yəhudilərə yuxarıdan aşağı baxırdılar. Bu nifrət sədəqələrin paylanmasında müəyyən iz buraxırdı və yunandilli yəhudilərin dul qadınlarına göstərilən etinasızlıqdan haqlı olaraq şikayət yaradırdı. Həvarilər belə bir işə qarışmamağı daha düzgün hesab edirdilər. Buna görə də vəziyyəti düzəltmək üçün yeddi köməkçi seçdilər. Maraqlıdır ki, İmanlı Cəmiyyətinin ilk idarəçiləri — köməkçilər danışmaq və fikir yürütmək üçün deyil, praktiki tapşırıq yerinə yetirmək üçün seçilmişdilər.

8-15

AZADLIQ TƏRƏFDARI (Həvarilərin işləri 6:8-15)

Həmin yeddi köməkçinin təyin edilməsi İmanlı Cəmiyyəti üçün ağır nəticələr verdi. Əslində, inadkar mübarizə başladı. Yəhudilər həmişə özlərinə Allahın seçilmiş xalqı kimi baxırdılar. Lakin onlar seçilmiş sözünü səhv şərh edirdilər. Onlar hesab edirdilər ki, yalnız yəhudilər seçilmiş və xüsusi imtiyazlara malikdir, Allahın başqa xalqlar üçün heç bir məqsədi yoxdur. Bəzən hətta o həddə çatıb deyirdilər ki, Allah bütpərəstləri yalnız cəhənnəm odunu alovlandırmaq üçün yaradıb. Yəhudilər xəyal edirdilər ki, gözəl günlərin birində bütün bütpərəstlər onların xidmətçisi olacaqlar. Yəhudilər heç vaxt ağıllarına belə gətirmirdilər ki, onlar Allah tərəfindən müəyyən bir vəzifəni yerinə yetirmək — bütün insanları özləri kimi Allahla eyni münasibətə gətirmək üçün seçiliblər.

Başlanğıcda məhz bu məqsəd olmalı idi. Burada bütpərəstləri Rəbbin hüzuruna gətirməkdən hələ söhbət getmirdi. Söhbət ancaq yunanca danışan yəhudilərdən gedirdi. Lakin seçilmiş yeddi köməkçinin heç birinin yəhudi adı yox idi. Onlardan biri Nikola yəhudi inancını qəbul etmiş bütpərəst idi. Stefan isə bütün dünyanın Məsihə məxsus olduğunu hesab edirdi. Yəhudilər hər şeydən çox Yerusəlimdəki Məbədi yüksək tuturdular. Yalnız orada onlar Allaha qurbanlar gətirə və Ona həqiqi ibadət edə bilirdilər. Onlar heç vaxt dəyişdirilə bilməyən Qanuna dəyər verirdilər. Stefan bir gün Məbədin dağılacağını, Qanunun Müjdə yolunda yalnız bir vasitə olduğunu və məsihçiliyin bütün dünyaya yayılacağını söylədi. Heç kim onun arqumentlərinə qarşı çıxa bilmədi. Buna görə də yəhudilər güc tətbiq etmək qərarına gəlib, Stefanı həbs etdilər. Onun xidməti qısa olsa da, o, məsihçiliyin yəhudilərlə məhdudlaşmamalı, Allahın bütün dünyaya ənamı olduğunu ilk dərk edən xidmətçi idi.

Stefanın apologetikası (imanın müdafiəsi)

Oliver Kromvel oğlu Riçardın təhsili haqqında düşünəndə belə demişdi: «Düşünürəm ki, o, tarixi öyrənməlidir». Stefan da yəhudilərə tarixin gedişini göstərdi. Ən yaxşı müdafiənin hücum olduğunu dərk edən Stefan İsrailin tarixini geniş şəkildə təsvir etdi və İsrailin mühakimə olunacağını təsdiqləyən bir neçə fakt göstərdi.

1) O dərk edirdi ki, İsrailin tarixində, həqiqətən, mühüm rolu Allahın sözünü dinləyən, «Öz torpağından… çıx, sənə göstərəcəyim torpağa get» əmrinə əməl etməkdən qorxmayan insanlar oynayır. Stefan dolayı yolla həmin insanların Allaha güvənini onların dövründə hökm sürən ruhani mühitlə müqayisə etdi: yəni israillilər hər şeydən əvvəl mövcud vəziyyətin qorunub saxlanmasına can atırdılar və İsada, Onun davamçılarında yalnız təhlükəli yenilikçilər görürdülər.

2) Stefan sübut etdi ki, insanlar Məbədin tikilməsindən çox əvvəl Allaha ibadət edirdilər. Yəhudilər üçün Məbəd ən müqəddəs yer idi. Stefanın Allahın insan əli ilə yaradılmış heç bir məbəddə yaşamaması barədə dedikləri onların xoşuna gəlmirdi.

3) Stefan iddia edirdi ki, İsanı Çarmıxa çəkməklə yəhudilər yalnız köhnə siyasətini davam etdirirdilər: onlar əsrlər boyu öz peyğəmbərlərini təqib edib, Allahın təyin etdiyi rəhbərlərdən üz çevirirdilər.

Bu özünü seçilmiş xalq hesab edən insanlar üçün acı həqiqət idi. Onların Stefana qəzəblənməsi təəccüblü deyildi. Stefanın müdafiəsini öyrənərək, o vaxtdan bəri tez-tez təkrarlanan müddəalara diqqət yetirək.

Azərbaycan dilində Müqəddəs Kitab

Yeddi köməkçi
1 O günlərdə – şagirdlərin çoxaldığı vaxtda yunanca danışan Yəhudilər ibranicə danışan Yəhudilərdən şikayət etməyə başladılar. Çünki gündəlik yardım paylananda onların dul qadınlarını nəzərə almamışdılar. 2 Ona görə On İki həvari bütün şagirdləri bir yerə yığıb belə dedi: «Allahın kəlamını vəz etmək işini atıb maddi işlərlə məşğul olmağımız düzgün deyil. 3 Ey qardaşlar, aranızda etibar qazanmış, Ruh və hikmətlə dolu olan yeddi kişi seçin ki, onları bu işə təyin edək. 4 Biz isə özümüzü duaya və Allahın kəlamını yaymağa həsr edək». 5 Bu sözlər bütün toplantının xoşuna gəldi. Stefanı, Filipi, Proxoru, Nikanoru, Timonu, Parmenanı və Yəhudi dinini qəbul edən Antakyalı Nikolanı seçdilər. Stefan iman və Müqəddəs Ruhla dolu bir kişi idi. 6 Bunları həvarilərin qarşısına çıxardılar. Həvarilər də dua edib onların üzərinə əl qoydular.
7 Allahın kəlamı yayılır, Yerusəlimdə şagirdlərin sayı xeyli artır və bir çox kahinlər də bu imana tabe olurdu.
Stefanın tutulması
8 Lütf və qüdrətlə dolu olan Stefan xalq arasında böyük xariqə və əlamətlər göstərirdi. 9 Belə olanda Azadlar Sinaqoqu adlanan sinaqoqun bəzi üzvləri, Kirenalılardan, İsgəndəriyyəlilərdən, Kilikiyadan və Asiya vilayətindən bəzi insanlar Stefana qarşı çıxıb onunla mübahisəyə başladılar. 10 Amma Stefanın sözündəki hikmətin və Ruhun qarşısında dayana bilmədilər. 11 Onda bir neçə nəfəri şirnikləndirdilər ki, belə desinlər: «Bu adamın həm Musaya, həm də Allaha qarşı küfr dolu sözlər dediyini eşitmişik». 12 Beləliklə, xalqı, ağsaqqalları və ilahiyyatçıları da təşvişə saldılar. Stefanın üstünə gəlib onu tutdular və Ali Şuranın qarşısına gətirdilər. 13 Gətirdikləri yalançı şahidlər onun üzünə durub dedilər: «Bu adam dayanmadan bu Müqəddəs məkana və Qanuna qarşı danışır. 14 “Nazaretli İsa bu məkanı darmadağın edəcək və Musadan bizə əmanət qalan adətləri dəyişəcək” dediyini özümüz eşitmişik». 15 Ali Şurada oturanların hamısı Stefana diqqətlə baxanda gördü ki, onun üzü bir mələyin üzünə bənzəyir.