Barclay
KİTABLARAudio kitablarHekayələrİlahilərFilmlər və cizgi filmləriXilas haqqında müjdəXoş xəbər hekayələri

Həvarilərin İşləri: 5-ci fəsil

V. Barklinin şərhləri

5-ci fəsil

1-11

İMANLI CƏMİYYƏTİNDƏ QARIŞIQLIQ (Həvarilərin işləri 5: 1-11)

Qarşımızda Həvarilərin İşləri Kitabının ən maraqlı hissəsi durur. Möcüzə kimi təsvir olunanları xarakterizə etməyə ehtiyac yoxdur. Ancaq bu mətndən o dövrdə İmanlı Cəmiyyətində hökm sürən atmosferi görmək olar. Tarixi salnaməyə əsasən bir dəfə kral I Edvard öz əyanlarından birinə elə qəzəbləndi ki, sonuncunun dəhşətdən ürəyi partladı. Yuxarıda verilən hissədən biz ilk məsihçi cəmiyyətindəki bacı-qardaşların əhval-ruhiyyəsi və həvarilərə bəslənən hədsiz hörmət haqqında öyrənirik. Yalnız belə bir mühitdə Peterin məzəmməti insanlara bu cür təsir edə bilərdi.

Bu, Müqəddəs Kitabın dürüstlüyünü göstərən hissələrdən biridir. Axı bu hekayəni burada yazmamaq da olardı. Çünki hekayədə göstərilir ki, hətta erkən İmanlı Cəmiyyətində də ləyaqətsiz məsihçilər var idi. Lakin Müqəddəs Kitab hadisələri ideal şəkildə təsvir etməkdən imtina edir.

Bir dəfə saray rəssamı Oliver Kromvelin portretini çəkmişdi. Kromvelin üzündə çoxlu eybəcər ziyillər var idi. Kromveli razı salmaq istəyən rəssam onları portretdə təsvir etməmişdi. Şəkili görən Kromvel rəssama belə dedi: «Portreti özünlə apar və bütün ziyillərimi çəkib gətirərsən». Müqəddəs Kitabın ən böyük üstünlüklərindən biri odur ki, o, qəhrəmanları bizə ziyillərlə birlikdə, bəzək-düzəksiz göstərir. Ancaq eyni zamanda, bu hissədə biz bir qədər təsəlli tapırıq: çünki hətta o vaxtlar da İmanlı Cəmiyyətində təkcə möminlər deyil, pis insanlar da var idi.

Peter vurğulayır ki, bütün günahlar — Allaha qarşı edilən günahdır. Yaxşı olardı ki, biz bunu həmişə xatırlayaq. Xüsusən də aşağıdakı hallarda:

1) Kifayət qədər səy göstərməmək — Allaha qarşı günahdır. İnsan öz sağlamlığı, xoşbəxtliyi və rifahı üçün hər nə edirsə, hamısını Allah üçün edir. Fərqi yoxdur, az ya çox edir. Böyük skripka ustası Antonio Stradivari bir dəfə belə demişdir: «Əgər mən boş otursam, Allahı qarət etmiş olaram». Gəlin bu sözləri özümüzə şüar seçək.

2) İstedadını düzgün istifadə etməmək — Allah qarşısında günahdır. Allah bizə istedad verib. Biz onları Allahın ixtiyarına verməliyik. Onları necə idarə etdiyimizə, necə istifadə etdiyimizə görə Onun qarşısında cavabdehlik daşıyırıq.

3) Davranışda qeyri-səmimilik — Allaha qarşı günahdır. Yalana yol verməklə biz ürəklərimizi idarə edən Müqəddəs Ruha qarşı günah etmiş oluruq.

12-16

MƏSİHÇİLİYİN CAZİBƏSİ (Həvarilərin işləri 5:12-16)

Qarşımızda erkən Məsihçi Cəmiyyətinin möhtəşəm mənzərəsi canlanır:

1) Biz İmanlı Cəmiyyətinin Məbədi əhatə edən iki böyük eyvanın birində — Süleymanın eyvanında toplaşdığını görürük. İlk məsihçilər Allahı daha yaxşı tanımağa və ömür boyu Ondan güc almağa can atır, müntəzəm olaraq Rəbbin Evini ziyarət edirdilər.

2) Biz ilk məsihçilərin hamının onları görə biləcəyi yerdə toplaşdığını öyrənirik. Onlar həvarilərin başına gələnləri yaxşı bilirdilər. Onların da başına eyni şeylərin gələ biləcəyini bilirdilər. Bununla belə, hamıya kim olduqlarını və Kimə inandıqlarını göstərmək istəyirdilər.

3) Biz ilk Məsihçi Cəmiyyətinin heyrətamiz dərəcədə təsirli olduğunu öyrənirik. Fövqəltəbii əlamətlər və möcüzələr baş verirdi. İmanlı Cəmiyyətinin əsas fəaliyyətinin təbliğdə və xəstələrin fiziki şəfasında özünü göstərdiyi günlər geridə qaldı. Halbuki həmin günlər yenidən gələ bilər. Lakin İmanlı Cəmiyyəti hələ də mövcuddur. Onun əsas məqsədi — cəmiyyəti həmişə dolduran günahkar insanları sağaltmaq və onlara yeni həyat qazandırmaqdır.

Bu hissə natəmiz ruhlardan və xəstəliklərdən əzab çəkən insanların şəfa tapması ilə bitir. Məsələn, misirlilər inanırdılar ki, bədəni hissələrə bölmək olar və hər bir hissədə natəmiz ruh yaşaya bilər. Onlar inanırdılar ki, həmin natəmiz ruhlar bu həyatdan köçmüş, lakin cinayət əməllərini davam etdirən pis insanlara aiddir.

17-32

YENƏ HƏBS, YENƏ MƏHKƏMƏ (Həvarilərin işləri 5:17-32)

Həvarilərin bu ikinci həbsi qaçılmaz idi. Axı Ali Şura onlara İsanın adını bəyan etməyi, bu adla hər hansı bir təlim öyrətməyi qəti şəkildə qadağan etmişdi. Onlar isə bu qadağanı açıq şəkildə pozmuşdular. Ali Şura üçün bu fakt ikiqat vacib idi. Ali Şuranın gözündə həvarilər təkcə bidətçi deyildilər, həm də sülh və asayişi pozan adamlar idilər. İsraildə xalqın üsyan etməsi an məsələsi idi. Əgər həmin üsyan bələkdəcə boğulmasa, bu, böyük bir xalq üsyanına səbəb ola bilərdi. Kahinlər və sadukeyləri ən çox qorxudan da elə bu idi. Çünki romalıların üsyana müdaxiləsi qaçılmaz olardı.

Peter və Yəhyanın azad edilməsini heç də möcüzə saymaq lazım deyil. Yunanca aggelos sözünün iki mənası var. Birincisi, bu, mələk deməkdir; lakin eyni zamanda elçi kimi də istifadə olunurdu. Həvariləri azad edən insan belə olsaydı, onları azad edən yenə də Allahın elçisi olacaqdı. Həvarilər həbsdən çıxandan sonra baş verən hadisələrə nəzər salanda, biz bu Allah adamlarının xarakterinin heyrətamiz xüsusiyyətlərini görürük:

1) Onlar cəsarətli idilər. Həbsdən çıxıb birbaşa Məbədə getmək və təbliğ etmək ağıllı insan üçün dəlilik kimi görünür. Belə davranış son dərəcə cəsarətli addım idi. Onlar yenə də getdilər.

2) Onlar prinsipial insanlar idi. Onların əsas prinsipi bu idi ki, Allaha itaət istənilən şəraitdə insanlara itaətdən yüksəkdir. Onlar heç vaxt özlərinə «Bunu etmək təhlükəlidirmi?» sualını vermirdilər. Onlar özlərinə yalnız «Allahın məndən istədiyi budurmu?» sualını verirdilər.

3) Onlar öz missiyalarını yaxşı dərk edirdilər.

Onlar bilirdilər ki, Məsihin şahidləridirlər. Şahid — gördüklərini danışan şəxsdir. O, şəxsi təcrübəsindən bilir ki, dedikləri həqiqətdir; belə insanı dayandırmaq mümkün deyil, çünki həqiqəti susdurmaq olmaz.

33-42

GÖZLƏNİLMƏZ MÜTTƏFİQ (Həvarilərin işləri 5:33-42)

Həvarilər ikinci dəfə Ali Şuranın qarşısına çıxarılanda, orada qəflətən bir köməkçi — Qamliel ilə qarşılaşdılar. O, farisey idi. Sadukeylər öz imtiyazlarını qorumaqdan ötrü hər zaman hər kəslə əməkdaşlığa hazır olan zəngin təbəqəni təmsil edirdilər. Fariseylərin isə heç bir siyasi təmənnaları yox idi. Farisey adı hərfi mənada «ayrılmış» deməkdir. Onlar özlərini Qanuna və onun xırda təfərrüatlarına riayət etməyə həsr etmək üçün dünyadan özlərini ayırırdılar. Onların sayı heç vaxt altı mini keçmirdi. Lakin sadə və ciddi həyat tərzləri ilə xalq arasında böyük hörmət qazanmışdılar.

Qamlielə isə nəinki hörmət edirdilər, onu sevirdilər. O, dindar bir adam idi, yoldaşlarına nisbətən çox səbirli idi. Məsələn, o, yunan mədəniyyətini özlüyündə günah hesab etməyən azsaylı fariseylərdən biri idi. O, «Rabban» fəxri adı verilən azsaylı adamlardan biri idi. İnsanlar onu «Qanunun yaraşığı» adlandırırdılar. O öləndə adamlar belə dedilər: «Rabban Qamliel öləndən sonra artıq Qanuna hörmət qalmayıb: iffət də, itaət də onunla birlikdə ölüb». Ali Şura həvarilərə qarşı zorakılıq tətbiq etməyə hazırlaşanda, Qamliel müdaxilə etdi. Fariseylərin əqidəsi taleyin və iradə azadlığının birləşməsindən ibarət idi. Onlar inanırdılar ki, hər şey Allahın əlindədir, lakin insan yenə də öz əməllərinə görə cavabdehlik daşıyır. Onlar deyirdilər: «Hər şey qismətdən asılıdır, amma eyni zamanda hər kəsə seçim azadlığı verilir». Beləcə Qamliel Ali Şuranı xəbərdar etdi ki, onlar öz azadlıqlarını Rəbbə qarşı istifadə etmək qərarına gəlsələr, ehtiyatlı olsunlar. O, iddia edirdi ki, əgər bu əqidə Allahdan deyilsə, məhv olub gedəcək. O, iki misal çəkdi:

Əvvəlcə Tevdanın adını çəkdi. O dövrdə İsraildə tez-tez özünü ölkənin xilaskarı adlandıran, bəzən də Məsih olduğunu iddia edən rəhbərlər peyda olur, sonra da yoxa çıxırdılar. Biz bu Tevdanın kim olduğunu bilmirik. Biz başqa Tevda haqqında eşitmişik. O, araşdırdığımız dövrdən bir neçə il sonra meydana çıxıb. O, adamları İordan çayına apararaq çayın sularını iki yerə böləcəyini və onları quru yolla aparacağını vəd etmişdi. Amma çox keçmədi ki, onun ulduzu söndü. Tevda adı o dövrdə geniş yayılmışdı. Ola bilsin, Qamlielin misal çəkdiyi Tevda özünü xilaskar elan edənlərdən biri idi.

İkincisi, Qalileyalı Yəhuda idi. Eramızın 6-cı ilində başçı Kvirini onu vergi toplamaq üçün təyin etdi, o isə siyahıyaalma zamanı üsyan etdi. Yəhuda bəyan etdi ki, İsrailin padşahı Allahdır və yalnız Ona xərac verilməlidir. O, bütün digər vergiləri küfr hesab edərək onları murdar sayırdı. O, geniş üsyan qaldırmağa, çevriliş etməyə cəhd etsə də, buna nail ola bilmədi. Ali Şura Qamlielin sözlərinə qulaq asdı və həvariləri bir daha təhdid edərək azad etdi.

Həvarilər isə İsa Məsih uğrunda təhqirə layiq görüldükləri üçün sevinərək getdilər. Onların sevinci aşağıdakı səbəblərlə izah olunur:

1) Həvarilərin təhqir olunması onlara Məsihə sədaqətlərini sübut etməyə imkan verdi. Rusiyadakı inqilabdan sonra əllərində qandal izləri, kürəyində qamçı çapıqları olan insan ədalət uğrunda əzab çəkdiyi üçün qəhrəman sayılırdı. O, «üzərimdə damğa və çapıqlar var» deyə öyünürdü.

2) Həvarilərin təhqir olunması Məsih haqqında şəhadət etməyə fürsət verdi. Çarmıxı daşıyanlar tacla şərəfləndiriləcəklər.

Azərbaycan dilində Müqəddəs Kitab

Xananya və Sapfira
1 Xananya adında bir kişi arvadı Sapfira ilə razılığa gəlib bir mülk satdı. 2 O, pulun bir hissəsini özünə götürüb qalan hissəsini həvarilərin ixtiyarına verdi. Arvadının da bu işdən xəbəri var idi. 3 Peter ona dedi: «Xananya, niyə ürəyinə Şeytanı buraxıb Müqəddəs Ruha yalan söyləyərək torpağın pulunun bir hissəsini özünə götürdün? 4 Bu torpaq satılmamışdan əvvəl sənin deyildimi? Sən onu satandan sonra da pul sənin ixtiyarında deyildimi? Bu nə niyyətdir, ürəyində tutmusan? Sən insanlara deyil, Allaha yalan satdın». 5 Xananya bunları eşidən kimi yerə yıxıldı və canı çıxdı. Bunu eşidən hər kəsi böyük bir vahimə bürüdü. 6 Gənclər gəlib Xananyanın meyitini kəfənə bürüdülər və aparıb dəfn etdilər.
7 Bundan təxminən üç saat sonra Xananyanın arvadı içəri daxil oldu. Onun olub-keçənlərdən heç bir xəbəri yox idi. 8 Peter ondan soruşdu: «Mənə söylə, torpağı bu qiymətəmi satdınız?» Qadın cavab verdi: «Bəli, o qiymətə». 9 Peter ona dedi: «Niyə əlbir olub Rəbbin Ruhunu sınamaq istədiniz? Budur, ərini dəfn edənlərin ayaq səsləri qapı ağzındadır, indi də səni aparmağa gəlirlər». 10 Qadın həmin an Peterin ayaqları qarşısına yıxıldı və canı çıxdı. İçəri daxil olan gənclər gördülər ki, o da ölüb. Onlar onu götürüb ərinin yanında dəfn etdilər. 11 Bütün imanlılar cəmiyyətini və bu hadisəni eşidənlərin hamısını böyük bir vahimə bürüdü.
Həvarilər çox adama şəfa verdi
12 Həvarilər vasitəsilə xalq arasında çox əlamətlər və xariqələr göstərilirdi. Bütün imanlılar Süleymanın eyvanına yığılardı. 13 Xalqın gözündə böyük nüfuz qazansalar da, kənardan heç kim onlara qoşulmağa cürət etmirdi. 14 Buna baxmayaraq, get-gedə daha çox qadın və kişi Rəbbə iman gətirirdi. 15 Buna görə də Peter yoldan keçəndə heç olmasa kölgəsi xəstələrin üstünə düşsün deyə xalq öz xəstələrini döşək və çarpayı ilə birlikdə çıxarıb küçələrə qoyardı. 16 Yerusəlimin ətraf şəhərlərində yaşayanlar da axın-axın gələr, öz xəstələrini və natəmiz ruhdan əzab çəkənləri gətirərdi. Onların hamısı şəfa tapardı.
Həvarilər təqib olunur
17 Bu, baş kahini və yanındakıların hamısını, yəni sadukey təriqətinə mənsub olanları hərəkətə gətirdi, çünki qısqanclıqları aşıb-daşırdı. 18 Ona görə də həvariləri tutub ümumi zindana atdılar. 19 Amma Rəbbin mələyi gecənin bir vaxtında gəlib zindanın qapısını açdı, onları bayıra çıxarıb dedi: 20 «Gedin, məbəddə durun və camaata yeni həyatla bağlı sözlərin hamısını deyin». 21 Həvarilər bunu eşidəndə səhər tezdən məbədə daxil olub təlimlərini öyrətməyə başladılar.
Baş kahin və yanındakılar gəlib Ali Şuranı – İsrailin bütün ağsaqqallar məclisini çağırdı ki, bir yerə yığılsınlar. Onlar həvariləri gətirtmək üçün mühafizəçiləri zindana göndərdilər. 22 Lakin mühafizəçilər gəlib zindanda həvariləri tapa bilmədi və geri qayıdıb belə xəbər verdilər: 23 «Gördük ki, zindan bağlıdır, tamamilə nəzarət altındadır və gözətçilər qapıda dayanıb. Amma qapıları açanda içəridə heç kimi tapa bilmədik». 24 Bu sözləri eşidən məbəd mühafizəçilərinin başçısı ilə başçı kahinlər «Bu işin sonu necə qurtaracaq?» deyə çaşıb-qaldılar. 25 Elə bu zaman kimsə onların yanına gəlib xəbər verdi: «Baxın, zindana saldığınız adamlar məbəddə dayanıb camaata təlim öyrədir». 26 Bu vaxt başçı ilə mühafizəçilər gedib həvariləri gətirdilər. Xalqın onları daşqalaq etməsindən qorxduqları üçün güc tətbiq etmədilər.
27 Onlar həvariləri Ali Şuranın qarşısına gətirdilər. Baş kahin onlardan soruşdu: 28 «Bu adla təlim öyrətməyi sizə qəti qadağan etmədikmi? Amma siz təliminizi bütün Yerusəlimə yaydınız və o Adamın qanını bizim boynumuza yükləmək istəyirsiniz». 29 Peter və başqa həvarilər belə cavab verdi: «İnsana deyil, Allaha itaət etmək daha vacibdir. 30 Ata-babamızın Allahı sizin çarmıxa çəkib öldürdüyünüz İsanı diriltdi. 31 İsrailə günahlarından tövbə və bağışlanma imkanı vermək üçün Allah Onu Bani və Xilaskar olaraq Öz sağ tərəfinə qaldırdı. 32 Bu şeylər barədə biz şahidik, Allahın Özünə itaət edənlərə verdiyi Müqəddəs Ruh da şahiddir».
33 Onlar bunu eşidəndə çox qəzəbləndi və həvariləri öldürmək istədilər. 34 Lakin bütün xalqın hörmətini qazanmış Qanun müəllimi olan Qamliel adlı bir farisey Ali Şurada ayağa qalxdı və əmr etdi ki, bu adamları qısa müddətə bayıra çıxarsınlar. 35 O, Ali Şuranın üzvlərinə belə dedi: «Ey İsraillilər, bu insanlara nə edəcəyiniz barədə yaxşı-yaxşı fikirləşin. 36 Bir qədər bundan əvvəl Tevda özü barəsində yüksək iddiada olaraq ortaya çıxdı və ona təxminən dörd yüz nəfər qoşuldu. Lakin bu kişi öldürüldü, bütün tərəfdarları darmadağın edildi və bu hərəkat yatırıldı. 37 Sonra siyahıyaalma zamanı Qalileyalı Yəhuda ortaya çıxdı və camaatı ardınca apardı. O da öldü və tərəfdarlarının hamısı darmadağın edildi. 38 İndiki iş barəsində sizə onu deyirəm ki, bu adamlardan əl çəkin və azad buraxın. Əgər bu hərəkat, bu iş insandandırsa, məhv olub gedəcək. 39 Yox, əgər Allahdandırsa, bu adamların işini məhv edə bilməzsiniz. Allaha qarşı çıxanların vəziyyətinə belə, düşə bilərsiniz». Onlar Qamlielin sözünə baxdılar, 40 həvariləri içəri çağırıb qamçılatdılar və əmr etdilər ki, İsanın adını çəkərək heç nə danışmasınlar. Sonra onları azad etdilər.
41 Həvarilər bu ad uğrunda təhqirə layiq görüldükləri üçün sevinərək Ali Şuranın önündən ayrıldılar. 42 Onlar hər gün məbəddə və evlərdə təlim öyrətməkdən, İsanın Məsih olması barədə Müjdəni yaymaqdan əl çəkmədilər.