Barclay
KİTABLARAudio kitablarHekayələrİlahilərFilmlər və cizgi filmləriXilas haqqında müjdəXoş xəbər hekayələri

Həvarilərin İşləri: 4-cü fəsil

V. Barklinin şərhləri

4-cü fəsil

1-4

HƏBS OLUNMAQ (Həvarilərin işləri 4:1-4)

Şikəst adamın sağalması Məbədin həmişə izdihamlı olan hissələrindən birində baş verdi. Təbii ki, hamı bundan xəbər tutdu və bu barədə danışmağa başladı.

Gözəl adlı darvaza bütpərəstlərin həyətindən qadınların həyətinə açılırdı. Bütpərəstlərin həyəti Məbədin ən böyük və eyni zamanda ən izdihamlı həyəti idi. Çünki istənilən millətdən olan hər kəs ədəb normalarına riayət etməklə oraya daxil ola bilərdi. Sərrafların və göyərçin satanların masaları məhz orada yerləşirdi. Allahın Məbədi çöl tərəfdən bütpərəstlərin həyətində düz bucaq altında birləşən iki sıra böyük sütunlarla əhatə olunmuşdu. Onlardan biri Padşah eyvanı, digəri isə Süleymanın eyvanı adlanırdı. Həmin eyvanlar da Allaha dua etmək, təlim almaq və ya sadəcə görməli yerləri görmək üçün gələn insanlarla dolu idi. Görünür, orada baş verən hər şey camaat içində tez yayılırdı.

Budur, həmin izdihamın içinə kahinlər, Məbəd gözətçilərinin başçıları və sadukeylər gəldi. Məbədin mühafizəsinin başçısı — saqan — baş kahinin sağ əli idi. Onun əsas vəzifəsi asayişi qorumaq idi. Böyük izdiham toplananda o, Məbədin mühafizəçiləri ilə birlikdə oraya gəldi. Onların yanında varlı, aristokrat təbəqənin nümayəndələri olan sadukeylər də var idi. Onların sayı çox deyildi, lakin onlar zəngin və nüfuzlu adamlar idilər. Baş verənlər onları iki səbəbə görə çox qıcıqlandırırdı: birincisi, onlar ölülərdən dirilməyə inanmırdılar; həvarilərin bəyan etdikləri həqiqət də məhz bu idi. İkincisi, sadukeylər varlı olduqlarına görə nizam-intizam mühafizəçilərini dəstəkləməyə hazır idilər. Onlar sərvətlərini, rahatlıqlarını, nüfuzlarını və qüdrətlərini qorumaq üçün romalılarla dostluq münasibətləri saxlamağa çalışırdılar. Roma hökuməti bir çox şeyə göz yumsa da, sosial iğtişaşları amansızcasına yatırırdı. Sadukeylər belə hesab edirdilər ki, əgər həvarilərə fəaliyyətlərini davam etdirməyə icazə verilsə, bu, üsyana və iğtişaşlara gətirib çıxaracaq. Bundan başqa, onlar üçün fəlakətli nəticələr yaradacaq. Buna görə onlar bu hərəkatı pöhrələnməmiş boğmaq qərarına gəldilər. Peter və Yəhya elə buna görə bu qədər tez həbs edildi. Qarşımızda bir qrup insanın öz xeyirləri naminə nəinki həqiqəti dinləməməsi, hətta başqalarının da onu dinləməsinə imkan verməməsinin nümunəsi durur.

5-12

ALİ ŞURANIN QARŞISINDA (Həvarilərin işləri 4:5-12)

Peter və Yəhya yəhudilərin ali məhkəməsi olan Ali Şuranın qarşısına çıxdılar. Hətta Roma hakimiyyəti dövründə də Ali Şuranın insanları həbs etmək hüququ var idi. Bununla belə, onun ölüm hökmü çıxarmaq hüququ yox idi. Amma bir istisna var idi: əgər bütpərəst Məbədin daxili həyətini xarici həyətindən ayıran hasarı pozardısa, ona ölüm hökmü çıxara bilərdi. Ali Şura yetmiş bir üzvdən ibarət idi. Baş kahin Ali Şuranın sədri idi. Ali Şura, demək olar ki, hamısı sadukey olan kahinlərdən ibarət idi. Onların yeganə istəyi vəzifələrini qoruyub saxlamaq idi ki, gəlirləri azalmasın. Ali Şuraya qanunşünaslar — ənənəvi hüquq mütəxəssisləri də daxil idi. Orada Qanunun fanatik tərəfdarları olan fariseylər, eləcə də cəmiyyətin hörmətli ağsaqqalları da var idi. Bundan başqa, Ali Şurada «baş kahinin nəslindən olanlar» da var idi. Onları da iki qrupa bölmək olar. Birincisi, onlar keçmiş baş kahinlər idi. İsrailin çiçəklənən dövründə baş kahinlik irsi və ömürlük idi. Lakin Roma hökmranlığı dövründə kahin vəzifəsi intriqa və rüşvət obyektinə çevrilmişdi. Beləcə hakimiyyətə gələn baş kahinlər devrilirdilər. 37-67-ci illər arasında 28 baş kahin dəyişdi. Lakin rütbələrini itirən baş kahinlər çox vaxt böyük nüfuzlarını qoruyub saxlayırdılar. İkincisi, baş kahinliyin daha irsi olmamasına baxmayaraq, yenə də yalnız bir neçə ailənin səlahiyyətində idi. Adıçəkilən 28 baş kahindən altısı istisna olmaqla, hamısı dörd ailənin üzvləri idi. Bu ailələrin üzvləri xüsusi hüquqlara malik idilər, məhz onlar baş kahinlər kimi tanınırdılar.

Peterin nitqini oxuyarkən onun kimə ünvanlandığına diqqət yetirmək lazımdır. Çünki Peter nümunəvi cəsarət göstərirdi. O, ölkənin ən zəngin, ən savadlı və qüdrətli adamlarının qarşısında danışırdı. Buna baxmayaraq, qalileyalı balıqçı olan Peter onların qurbanından daha çox hakimi kimi görünürdü. Onu da xatırlayaq ki, İsanı ölümə məhkum edən məhz həmin məhkəmə idi. Peter həyatını riskə atdığını yaxşı bilirdi.

Cəsarət müxtəlif formalarda olur. Elə güclü cəsarət var ki, insan onu təhdid edən təhlükəni tam dərk etmir. Elə nəcib, soyuqqanlı cəsarət də var ki, insan onu təhdid edən təhlükəni dərk edir, amma yenə də qorxuya qalib gəlir. Peterin Ali Şura qarşısında çıxış edərək göstərdiyi məhz belə cəsarət idi. Qədim yunanların böyük döyüşçüsü Axillesə1 döyüş meydanına gedəcəyi halda mütləq öləcəyini deyəndə, o, tarixdə əbədi qalan bu sözləri söylədi: «Ancaq yenə də gedəcəyəm». Peter təhlükənin miqyasının fərqində idi. Amma yenə də şəhadət etməyə hazır idi.

13-22

TƏK ALLAHA SƏDAQƏT (Həvarilərin işləri 4:13-22)

Burada düşmənin hücumları və məsihçilərin müdafiəsi aydın şəkildə göstərilir. Düşmənin hücumları iki məqamla səciyyələnir: birincisi, nifrətlə. Ali Şura Peter və Yəhyanı savadsız və sadə insanlar hesab edirdi. Müqəddəs Kitabda savadsız kimi tərcümə olunan söz orijinal yunan dilində Peter və Yəhyanın heç bir rəsmi təhsil almadıqları anlamına gəlir, xüsusilə də mürəkkəb hüquqi məsələlərdə. Sadə kimi tərcümə olunan söz orijinal mətndə onların naşı və heç bir peşəkar ixtisası olmayan həvəskar olduqlarını bildirir. Beləliklə, Ali Şura onları təhsilsiz və peşəkar titulları olmayan insanlar hesab edirdi. Akademik və ya peşəkar məsələlərin öhdəsindən gəlmək adi insan üçün çətindir. Amma ürəyində Məsih olan şəxs nə akademik təhsilin, nə də peşəkar statusun ona verə biləcəyi bir ləyaqətə malikdir. İkincisi, Ali Şura təhdid edirdi. Ancaq məsihçi yaxşı bilir ki, insanların ona edə biləcəyi hər şey keçicidir, Rəbbin işləri isə əbədidir.

Ali Şuranın hücumları qarşısında Peter və Yəhya tamamilə müdafiəsiz deyildilər. Birincisi, onların müdafiəsində duran möcüzəvi şəfanın təkzibedilməz faktı idi. Heç kim bunu inkar edə bilməzdi. Məsihçiliyi müdafiə edən ən təkzibedilməz dəlil məsihçinin özüdür. İkincisi, onların müdafiəsində duran həvarilərin Allaha tam sədaqətli olmaları idi. Əgər Ali Şuranın və ya Allahın iradəsini yerinə yetirmək arasında seçim etmək lazım gəlsə idi, Peter və Yəhya tərəddüd etmədən sonuncunu seçərdilər. Herbert Vellsin dediyi kimi, «Bir çox insanların problemi ondadır ki, onlar qonşularının səsini Allahın səsindən daha tez eşidirlər». Məsihçi şahidliyinin sirri Con Noksu xarakterizə edən bu ifadədədir: «O, Rəbdən qorxduğuna görə, heç vaxt heç kimdən qorxmurdu». Lakin Peter və Yəhyanın müdafiəsində duran daha böyük amil var idi: bu da onların İsa Məsihlə şəxsi ünsiyyəti idi. Onların müjdələdiyi Xoş Xəbər qədim dövrün rəvayəti deyildi. Onlar danışdıqlarının şahidi idilər və bütün bunların doğru olduğunu bilirdilər; onlar buna o qədər əmin idilər ki, həyatlarını təhlükəyə atmağa hazır idilər.

23-31

ZƏFƏRLƏ QAYIDIŞ (Həvarilərin işləri 4:23-31)

Bu hissə təhlükə anlarında İmanlı Cəmiyyətinin reaksiyasını göstərir. Çox güman, Peter və Yəhyanın danışdıqlarından sonra məsihçilər onları gözləyən təqib və xoşagəlməzlikləri hiss edib çaşqınlıq içində oldular. Buna baxmayaraq, Ali Şuranın Məsih haqqında danışmamaq əmrinə tabe olmaq onların ağlına belə gəlmirdi. Əksinə, onlarda dərin əminlik yarandı, həyatları isə böyük qüdrətlə doldu.

1) Onlar Allahın qüdrətinə əmin idilər. Göydə, yerdə və dənizdə olan hər şeyi yaradan Uca Tanrı onlarla idi. Günlərin bir günü papanın elçisi Martin Lüteri hədələyərək xəbərdarlıq etdi ki, əgər o öz təlimində israr etməyə davam edərsə, bütün tərəfdarları sonda onu tərk edəcək.

— Bəs onda harada olacaqsan? — deyə elçi soruşdu.

Lüter cavab verdi:

  • Həmişəki kimi Rəbbin əlində.

Məsihçinin gözündə onun tərəfində olanlar ona qarşı olanlardan daha çoxdur.

2) Onlar insani mübarizənin əbəs olduğuna əmin idilər. Müqəddəs Kitabda «hirslənir» kimi tərcümə olunan yunan sözü «özündən çıxmış atların kişnəməsi» mənasını verir. Atlar başlarını yelləyib, ayaqlarını yerə vuraraq təpik ata bilər, amma sonda yenə də cilova tabe olur. İnsanlar da açıq-aşkar Allaha itaətsizlik edə bilərlər, lakin sonda Allah qalib gələcək.

3) Onlar öz yaddaşlarında İsanın surətini canlandırdılar. Onlar İsanın necə əzab çəkdiyini və necə qalib gəldiyini xatırladılar. Bu onların imanını gücləndirdi. Çünki şagirdlər üçün Rəbb ilə əlaqədə olmaları kifayət idi.

4) Onlar cəsarətli olmaları üçün dua etdilər. Onlar bilirdilər ki, təkbaşına bütün təqiblərə tab gətirə bilməzlər. Buna görə də hamıdan güclü olan Qüdrət Sahibinə üz tutdular.

5) Onlar Müqəddəs Ruhla doldular. Allah Öz vədini yerinə yetirdi. Onlara təsəlli verildi. Beləliklə, onlar cəsarətlə şəhadət etmək üçün lazım olan qüdrətlə doldular, baxmayaraq ki, onların şəhadəti həyatları bahasına başa gələ bilərdi.

32-37

ONLARIN HAMISI CANBİR QƏLBDƏ İDİ (Həvarilərin işləri 4:32-37)

Bu hissədə hekayənin mövzusu və tonu kökündən dəyişir. Məsihçilik üçün bu xarakterikdir.

Bundan əvvəl hekayədə ali şeylərdən danışılırdı. Söhbət Allah, Müqəddəs Ruh haqqında düşüncələrdən və dualardan gedirdi; Əhdi-Ətiqdən ruhlandırıcı sitatlar gətirilirdi. Qəflətən, heç bir keçid olmadan, hekayədə maddi şeylərdən danışılmağa başlayır. Hətta erkən məsihçilər özlərini ruhən yüksəlmiş hiss etsələr də, insanların zəruri maddi şeylərə ehtiyac duyacağını və hamının bir-birinə kömək etməli olduğunu unutmurdular. Dua çox vacibdir, şəhadət son dərəcə vacibdir, amma onlar hər şeydən əvvəl qardaşlıq sevgisinə dəyər verirdilər.

Onlarla bağlı iki cəhəti qeyd etmək lazımdır: birincisi, onların bir-birilərinə qarşı böyük məsuliyyət hissi var idi. İkincisi, həmin məsuliyyət hissi onlarda malik olduqları hər şeyi bir-biri ilə bölüşmək istəyi yaradırdı. Biz ilk növbədə yadda saxlamalıyıq ki, hamı ilə bölüşmək istəyi cəmiyyətdə qoyulan qaydadan qaynaqlanmırdı. Bu istək kortəbii olaraq yaranmışdı. Həqiqi məsihçi icmasında insanlar qanunun tələbinə görə deyil, ürəyin istəyinə görə bir-biri ilə bölüşürlər.

Azərbaycan dilində Müqəddəs Kitab

Peterlə Yəhya Ali Şuranın qarşısında
1 Kahinlər, məbəd mühafizəçilərinin başçısı və sadukeylər xalqa vəz edən Peterlə Yəhyanın üstünə getdilər. 2 Çünki bu həvarilərin xalqı öyrətməsinə, İsaya şamil edərək ölülər arasından dirilməni bəyan etməsinə qıcıqlandılar. 3 Onları tutdular və axşam olduğu üçün sabahkı günə qədər zindanda saxladılar. 4 Lakin onların sözünə qulaq asanlardan bir çoxu iman etdi. Beləliklə, iman edən kişilərin sayı beş minə qədər çatdı.
5 Ertəsi gün Yəhudilərin rəhbərləri, ağsaqqalları və ilahiyyatçıları Yerusəlimə toplaşdılar. 6 Baş kahin Xanan, Qayafa, Yəhya, İsgəndər və baş kahinin nəslindən olanların hamısı orada idi. 7 Peterlə Yəhyanı onların qarşısına gətirib soruşdular: «Siz bunu hansı qüdrətlə, kimin adı ilə edirsiniz?» 8 O zaman Peter Müqəddəs Ruhla dolub dedi: «Ey xalqın rəhbərləri və ağsaqqalları! 9 Əgər bu gün biz bir xəstəyə etdiyimiz yaxşılığa və onun necə sağalmasına görə sorğu-suala çəkiliriksə, 10 hamınız, bütün İsrail xalqı bilsin ki, bu adam sizin çarmıxa çəkdiyiniz, lakin Allahın ölülər arasından diriltdiyi Nazaretli İsa Məsihin adı ilə qarşınızda sağlam durub. 11 Siz “bənnaların rədd etdiyi daş guşədaşı olan” həmin İsadır. 12 Ondan başqa heç kimdə xilas yoxdur. Çünki səma altında biz insanlara verilən başqa bir ad yoxdur ki, onun vasitəsilə xilas olaq».
13 Onlar Peter və Yəhyanın cəsarətini görəndə, onların savadsız, sadə insanlar olduğunu biləndə heyrətə düşdülər, amma tanıdılar ki, onlar İsa ilə birgə olmuşdular. 14 Şəfa tapan adam Peter və Yəhya ilə birgə onların gözləri qarşısında durmuşdu, buna görə onların əleyhinə heç nə deyə bilmədilər. 15 Ali Şuranın üzvləri onlara bayıra çıxmağı əmr edəndən sonra aralarında müzakirəyə başlayıb 16 dedilər: «Bu adamlara nə edək? Bütün Yerusəlim əhalisinə aydın olub ki, bu adamların əli ilə əhəmiyyətli bir əlamət göstərilib və biz bunu dana bilmərik. 17 Amma bu xəbərin xalq arasında daha çox yayılmasının qarşısını almaq üçün onlara hədə-qorxu gələk ki, bundan sonra bu Adı çəkib heç kimə heç nə deməsinlər». 18 Beləcə onları çağırıb əmr verdilər ki, İsanın adını bəyan etmək və bu adla hər hansı bir təlim öyrətmək qadağandır. 19 Lakin Peterlə Yəhya cavab verib dedilər: «Özünüz qərar verin, Allaha deyil, sizə qulaq asmaq Allahın gözündə nə qədər doğrudur? 20 Axı eşidib-gördüklərimizi deməyə bilmərik». 21 Ali Şuranın üzvləri onlara cəza vermək üçün imkan tapa bilmədiklərinə görə onları bir daha hədələyəndən sonra azadlığa buraxdılar. Çünki bütün xalq baş verən hadisəyə görə Allahı izzətləndirdi. 22 Bu əlamət vasitəsilə sağalan adamın qırxdan artıq yaşı var idi.
İmanlılar Allahdan cəsarət istəyir
23 Azadlığa buraxılan Peter və Yəhya öz yoldaşlarının yanına gəlib başçı kahinlərlə ağsaqqalların sözlərini onlara çatdırdılar. 24 Yoldaşları bunu eşidərkən bir nəfər kimi Allaha nida etdilər: «Ey Pərvərdigarımız, yeri, göyü, dənizi və bunların içindəki hər şeyi yaradan Sənsən. 25 Müqəddəs Ruh vasitəsilə Öz qulun atamız Davudun dili ilə belə dedin:
“Nə üçün millətlər belə hirslənir,
Ümmətlər boş şeylər düşünür?
26 Dünya şahları yığışır,
Hökmdarlar Rəbbə və Onun məsh etdiyinə qarşı birləşir”.
27 Həqiqətən, Hirod və Ponti Pilat başqa millətlər və İsrail xalqı ilə birlikdə Sənin məsh etdiyin müqəddəs Qulun İsanın əleyhinə bu şəhərdə toplaşdı ki, 28 Sənin əvvəldən qərar verdiyin, Sənin əlində və niyyətində olan şeyləri həyata keçirsin. 29 İndi, ya Rəbb, onların etdikləri hədə-qorxuya bax! Biz qullarına güc ver ki, Sənin sözlərini tam cəsarətlə yayaq. 30 Xəstələri sağaltmaq üçün əlini uzat və müqəddəs Qulun İsanın adı ilə əlamətlər və xariqələr göstər». 31 Onlar dualarını qurtaran kimi toplandıqları yer lərzəyə gəldi və onların hamısı Müqəddəs Ruhla dolub Allahın kəlamını cəsarətlə yaymağa başladı.
İlk imanlıların birlik içində həyatı
32 İmanlıların hamısı canbir qəlbdə idi. Heç kim öz əmlakına «bu mənimdir» demir, bütün əmlaklarından birgə istifadə edirdi. 33 Həvarilər Rəbb İsanın dirilməsi barədə böyük qüdrətlə şəhadət edirdilər və hamısının üzərinə bol-bol lütf ehsan olunurdu. 34 Onların arasında heç kim yoxsul deyildi. Çünki onların arasında torpaq və ev sahibi olanlar mülkünü satıb pulunu gətirər, 35 həvarilərin ixtiyarına verərdi. Bu da hər kəsə ehtiyacına görə paylanardı. 36 Məsələn, Kiprdə anadan olan, həvarilərin Barnaba adlandırdığı (mənası «Təsəlli oğlu») Levili Yusif 37 sahib olduğu torpaq sahəsini sataraq pulunu gətirib həvarilərin ixtiyarına verdi.