1-10
Yəhudilərdə gün səhər saat altıda başlayıb, axşam altıda bitirdi. Dindar yəhudi gündə üç dəfə dua edirdi: səhər saat doqquzda, on ikidə və günorta üçdə. Onlar duanın hər yerdə təsirli olduğunu zənn edirdilər. Bununla yanaşı Məbəddə onun ikiqat gücə malik olduğuna inanırdılar. Maraqlıdır ki, həvarilər köhnə adətlərə riayət etməyə davam edirdilər. Dua vaxtı idi. Peter və Yəhya dua etmək üçün Məbədə getdilər. Onlar yeni imanla dolsalar da, ənənələrdən kənara çıxmırdılar. Onlar başa düşürdülər ki, yeni iman və köhnə intizama sədaqət bir-birini təşviq edə bilər.
Şərqdə dilənçilər, adətən, Məbədin girişində və ya ziyarətgahın ibadət yerində otururdular. Həmin yer hər cəhətdən ən yaxşı yer hesab olunurdu, çünki dua etməyə gedən insanlar öz qardaşlarına qarşı səxavətli olurdular. Səfil şair V.H.Deyvisin dostlarından biri ona deyir ki, yeni bir şəhərə gələndə, ilk növbədə çarmıxlı kilsəni axtarır və dilənmək üçün oraya gedir. Allaha olan məhəbbətlə insanlığa olan məhəbbət həmişə yan-yana getməlidir.
Bu hissədə biz həvari dövrünün möcüzələri ilə qarşılaşırıq. Onlarla bağlı bir neçə konkret qeydi vurğulamaq lazımdır.
1) Belə möcüzələr həqiqətən baş verirdi. Həvarilərin işləri 4:16-da biz oxuyuruq ki, Ali Şura baş vermiş möcüzəni qəbul etmək məcburiyyətində idi. Məsihçiliyin düşmənləri bacarsaydılar, belə bir faktı təkzib edən ilk adamlar olardılar. Amma onlar buna heç cəhd də etmədilər.
2) Bəs nə üçün möcüzələr indi baş vermir? Bu barədə bir neçə fərziyyə var:
a) O elə bir dövr idi ki, möcüzələrə ehtiyac var idi. Möcüzələr müjdənin ilk yayıldığı vaxtda onun həqiqiliyinin və qüdrətinin sübutu idi.
b) O vaxt iki xüsusi hal üst-üstə düşürdü: birincisi, İsa Məsihlə yaxın ünsiyyət quran həvarilər hələ də sağ idilər. İkincisi, bütün bunlar möcüzələrin həsrətlə gözlənildiyi mühitdə, dünyada iman dalğasının xüsusilə hiss edildiyi zaman baş verirdi. Bu iki halın birləşməsi güclü təsir yaradırdı.
3) «Nə üçün möcüzələr baş vermir?» yox, «Möcüzələrin baş verməsi dayandımı?» sualını vermək daha düzgün olardı. Hər kəs anlayır ki, həvarilərin dövründə möcüzə sayılanları indi müasir cərrahlar edirlər. Allah insanlara yeni həqiqətlər və yeni biliklər açır. İnsanlar Allahın bu biliklərindən istifadə edərək möcüzələr göstərməkdə davam edirlər. Məşhur həkimlərdən birinin dediyi kimi: «Mən yaralara sarğı qoyuram, Allah isə onları sağaldır». Məsihçi hər yerdə möcüzələr görə bilər, əgər onun bunları görəcək gözləri varsa.
11-16
Bu hissə erkən məsihçi təbliğinin üç əsas elementini əks etdirir.
1) Erkən məsihçi təbliğçiləri həmişə vurğulayırdılar ki, Məsihin Çarmıxa çəkilməsi bəşər tarixinin ən böyük cinayətidir. Hər dəfə onlar bu barədə danışanda səsləri sarsıntıdan titrəyir. Onlar insanların beynində Məsihin Çarmıxa çəkilməsinin dəhşətli cinayət olduğu fikrini oyatmağa çalışırdılar. Onlar sanki deyirdilər: «Görün, günah nəyə qadirdir».
2) Erkən məsihçi təbliğçiləri həmişə İsa Məsihin dirilməsinin vacibliyini vurğulayırdılar. Məsihin dirilməsi olmasaydı, Məsihçi Cəmiyyəti heç vaxt mövcud ola bilməzdi. Məsihin dirilməsi faktı təsdiq etdi ki, O, sarsılmazdır və həqiqətən də, həyat və ölümün Ağasıdır. Bu fakt Allahın Onun arxasında olduğuna dair son təkzibedilməz sübut idi. Buna görə heç bir qüvvə onu dayandıra bilməzdi.
3) İlk məsihçi təbliğçiləri həmişə dirilmiş Rəbbin qüdrətini vurğulayırdılar. Onlar özlərini heç vaxt mənbə hesab etmirdilər, yalnız Onun vasitəçiləri hesab edirdilər. Onlar məhdud olduqlarını dərk edirdilər. Lakin şəxsi təcrübələrindən bilirdilər ki, dirilmiş Məsihin onların vasitəsilə edə biləcəklərinə heç bir məhdudiyyət yoxdur. Məsihçi həyatının sirri elə bundadır. Nə qədər ki, məsihçi nə edə biləcəyini düşünür, uğursuzluq, məyusluq və qorxu onu narahat edəcək. Amma «Mən yox, məndəki Məsih edir» desə, Allahın sülhü və qüdrəti onun üzərində olacaq.
17-26
Bu hissədə biz erkən məsihçi təbliğinin, demək olar ki, bütün əlamətlərinə rast gəlirik.
1) Bu hissə bağışlanma və xəbərdarlıq anlayışlarının uyğunluğu ilə başlayır. Yəhudilər öz cahillikləri səbəbindən dəhşətli cinayət törətdilər; lakin indi bu cəhalətə bəraət yoxdur. Buna görə də İsa Məsihi inkar etmək bağışlanılmır. Bu məsuliyyət bütün Əhdi-Cədiddə əks-səda verir. «Əgər kor olsaydınız, günahınız olmazdı. Amma indi «görürük» dediyiniz üçün günahınız üstünüzdə qalır» (Yəhya 9:41). «Əgər gəlib onlara söyləməsəydim, günahları olmazdı, amma indi günahları üçün bəhanələri yoxdur» (Yəhya 15:22). «Deməli, kimsə bir yaxşı işi görməli olduğunu bilib onu etmirsə, günah edir» (Yaqub 4:17). İlahi vəhyin parlaq işığını görmək ən böyük imtiyaz olmaqla yanaşı, həm də böyük məsuliyyətdir.
2) Bu bilik tövbə etmək və dəyişmək məcburiyyətini qoyur. Bu iki anlayış bir-biri ilə sıx bağlıdır. Tövbə düşüncə tərzinizi dəyişmək deməkdir, düşüncə tərzinizi dəyişmək isə həyat tərzini dəyişməkdən daha asandır. Ancaq həyat tərzindəki bu dəyişiklik köhnə həyatdan imtina edib, yeni həyata qədəm qoymaqdır.
3) Tövbənin bir neçə nəticəsi var. Tövbə keçmişə müəyyən təsir göstərəcək: bütün günahlar kəffarə olunacaq. Bu, güclü sözdür. Qədim dövrlərdə papirus üzərində mürəkkəblə yazırdılar. Həmin mürəkkəbin tərkibində turşu olmurdu. Ona görə də mürəkkəb müasir mürəkkəb kimi papirusun içinə hopmurdu. Sadəcə olaraq, hərflər papirusun üzərində qalırdı. Yazılanları silmək üçün mürəkkəbi nəm süngərlə təmizləmək bəs edirdi. Allah da bağışladığı şagirdin günahını belə silir. Tövbə insanın gələcəyinə böyük təsir göstərir. Xatirələr oyanacaq. Zəiflikdə güc, yorğunluqda rahatlıq verən yeni impulslar yaranacaq.
4) Sonra Peter Məsihin İkinci gəlişi haqqında danışır. Bu təlim onu bildirir ki, tarix müəyyən məqsədə doğru irəliləyir.
5) Peter deyir ki, baş verən hər şey peyğəmbərlər tərəfindən əvvəlcədən xəbər verilmişdir. Yəhudilər Allahın Seçilmişinin əzab çəkməli olduğu fikrini qəbul edə bilmirdilər. Lakin Peter israr edirdi ki, əgər onlar Müqəddəs Yazıları yaxşı öyrənsələr, bütün bunları özləri görəcəklər.
6) Peter onlara milli imtiyazlarını xatırladır. Axı onlar Allahın seçilmiş xalqı idi.
7) Sonda o, təkzibolunmaz bir həqiqəti vurğulayır ki, xüsusi imtiyazı olanların xüsusi öhdəlikləri də var. Bu imtiyaz xüsusi şərəf demək deyil, xüsusi xidmət tələb edir.