1-13
Qanuna görə Yerusəlimdən otuz kilometr aralıda yaşayan hər bir yəhudi kişisi üç böyük yəhudi bayramında iştirak etməli idi: Pasxa, Əllinci gün bayramı və Çardaqlar Bayramı.
Əllinci gün bayramının başqa bir adı «Həftələr Bayramı» idi. Bu adı Pasxadan sonrakı əllinci günə düşdüyü üçün almışdı. Pasxa aprelin ortalarına düşdüyünə görə, Əllinci gün bayramı iyunun əvvəlinə təsadüf edirdi. Bu, səyahət etmək üçün ən yaxşı vaxt idi. Əllinci gün bayramında da Pasxa bayramında olduğu qədər adam olurdu. Bu fəsildə verilmiş ölkələrin uzun siyahısı məhz bu məqamla izah edilir. Yerusəlimdə heç vaxt Əllinci gün bayramında olduğu kimi beynəlxalq izdiham olmurdu.
Əllinci gün bayramının iki əsas əhəmiyyəti var idi:
1) Tarixi əhəmiyyəti. Həmin gün Musa peyğəmbər Sina dağında Qanunu qəbul etmişdi.
2) Onun kənd təsərrüfatı əhəmiyyəti var idi. Allaha Pasxa bayramında yeni məhsulun — arpanın ilk dərzi, Əllinci gün bayramında isə məhsula görə minnətdarlıq əlaməti olaraq iki çörək təqdim olunurdu. Bu bayramın səciyyəvi xüsusiyyəti var idi. Qanun həmin gündə işləməyi hətta qullara da qadağan edirdi (Levililər 23:21; Saylar 28:26). Buna görə də Əllinci gün bayramı hər kəs üçün bayram idi. Həmin gün küçələrdə həmişəkindən daha çox izdiham olurdu.
Biz Əllinci gün bayramında baş verənlərin hamısını bilmirik. Bir onu bilirik ki, həmin gün şagirdlər əvvəllər heç vaxt yaşamadıqları Müqəddəs Ruhun qüdrəti ilə dolmuşdular.
Unutmayaq ki, Luka Həvarilərin İşləri kitabının bu hissəsini şahid kimi yazmır. O, şagirdlərin birdən-birə başqa dillərdə danışmağa başladığını qeyd edir.
Bu hadisəni nəzərdən keçirərkən yadda saxlamaq lazımdır ki:
1) İlk məsihçi cəmiyyətində həmişə mövcud olan müstəsna bir hadisə baş verdi. Bu hadisə «başqa dillərdə danışmaq» adlanırdı (Həvarilərin işləri 10:46 və 19:6 ilə müqayisə edin). Bu ənam barədə 1Korinflilərə 14-cü fəsildə daha ətraflı danışılır. Məsələ burasında idi ki, qardaşlardan biri vəcdə gələndə anlaşılmaz dildə anlaşılmaz sözlər söyləyirdi. Bunun göylərdən, Allahın Ruhundan gələn ilham olduğu düşünülürdü. Bu ənam yüksək qiymətləndirilirdi. Əslində Paul bu ənama üstünlük vermirdi, çünki hesab edirdi ki, Allahın Sözünü başadüşülən dildə çatdırmaq daha məqsədəuyğundur. O, hətta deyir ki, toplantıya gələn yad adam özünün dəlilərin içinə düşdüyünü fikirləşə bilər (1Korinflilərə 14:23). Necə ki Həvarilərin işləri 2:13-də bu ənamdan bixəbər olan insanlar həvarilərin dillərdə danışdığını görəndə onları sərxoş zənn etmişdilər.
2) Eyni zamanda nəzərə almaq lazımdır ki, bütün kütlə yəhudilərdən (5-ci ayə) və yəhudi dinini qəbul edən yunanlardan və bütpərəstlərdən (10-cu ayə) ibarət idi. Belə izdihama xitab etmək üçün iki dil kifayət edərdi. Demək olar ki, bütün yəhudilər arami dilində danışırdılar. Başqa ölkələrdə yaşayan və bayrama gələn yəhudilər də yunanca, yəni o vaxt demək olar ki, hər kəsin danışdığı dildə danışırdılar.
Görünür, Luka dillərdə danışmaq ənamını xarici dillər kimi təqdim edirdi. Əslində, etnik cəhətdən müxtəlif olan həmin izdiham həyatlarında ilk dəfə Allahın səsini bu formada eşitdi. Beləcə ürəklərinə toxundu və Allahın sözünü öz ana dilində başa düşdülər. Müqəddəs Ruhun gücü elə təsirli idi ki, O, şagirdlər vasitəsilə hər kəsin qəlbinə toxunan xəbəri çatdırdı.
İlk məsihçi vəzi
Həvarilərin işləri 2:14-42 Əhdi-Cədidin ən maraqlı hissələrindən biridir. Ona görə ki, bu hissədə ilk məsihçi vəzi yer alır. Erkən məsihçi cəmiyyətində təbliğin dörd formasından istifadə olunurdu:
1) Birincisi, keriqma, yəni elçinin xəbəri formasında çatdırılan vəz. Bu forma o dövrün təbliğçilərinin nöqteyi-nəzərindən heç bir mübahisəyə və şübhəyə səbəb olmayan məsihçi həqiqətlərini sadə şəkildə çatdırırdı.
2) Daha sonra didax formasından istifadə edirdilər. Bu da hərfi mənada öyrətmək deməkdir. Bu formada əvvəllər qeyd olunan faktlar işıqlandırılır və izah edilir.
3) Nəsihət, təbliğ mənasında olan paraklesis formasından da istifadə edilirdi. Təbliğin bu formasının məqsədi insanları keriqma və didaxe mərhələlərində öyrəndikləri normalara uyğun həyat qurmağa inandırırdı.
4) Daha sonda homiliya formasından istifadə edilirdi. Bu forma insanın həyatını məsihçi təlimi əsasında necə dəyişmək lazım olduğunu göstərir.
Əsaslı vəz özündə bu dörd elementi ehtiva edir: Müjdə həqiqətinin sadə şəkildə çatdırılması; bu həqiqətlərin və faktların insan həyatındakı əhəmiyyətinin izah edilməsi, insanları həyatlarını onlara uyğun qurmağa çağırılması; sonda insanların həyatının məsihçi həqiqətlərinin işığında dəyişilməsi.
Həvarilərin İşlərində biz çox vaxt keriqma ilə qarşılaşırıq. Çünki Həvarilərin İşləri kitabının məqsədi ilk növbədə Xoş Xəbəri onu heç vaxt eşitməyənlərə çatdırmaqdır. Keriqma Əhdi-Cədiddə tez-tez təkrarlanan müəyyən bir forma üzərində qurulmuşdur.
1) Burada biz İsanın həyatı, Onun xidməti və əzabları barədə Əhdi-Ətiqdə qeyd olunan peyğəmbərliklərin yerinə yetdiyinin təsdiqini görürük. İndiki dövrdə Əhdi-Ətiq peyğəmbərliklərinin yerinə yetirilməsinə getdikcə daha az əhəmiyyət verilir. Belə ehtimal var ki, peyğəmbərlər gələcək hadisələri söyləməkdən daha çox ilahi həqiqətləri bəşəriyyətə çatdırırdılar. Lakin erkən məsihçi təbliğində peyğəmbərliklərin xüsusi vurğulanması sübut edir ki, bunlar təsadüfi tarixi hadisələr deyil, onların mənası var. Peyğəmbərliklərə inanmaq — hər şeyin Allahın nəzarətində olduğuna və Allahın Öz məqsədini həyata keçirdiyinə inamdır.
2) İsanın simasında Məsih dünyaya zühur etdi, Onun haqqında olan peyğəmbərliklər yerinə yetdi və yeni dövrün günəşi doğdu. Erkən Məsihçi Cəmiyyəti İsanın bütün tarixin təməli və mahiyyəti olduğunu əks etdirirdi; Onun doğulması ilə dünyamıza əbədiyyət gəldi. Buna görə həm həyat, həm də dünya dəyişməlidir.
3) Daha sonra keriqmada deyilir ki, İsa Davudun nəslindən gəldi, təlim verərək möcüzələr göstərdi, Çarmıxa çəkilib ölülərdən dirildi və indi Allahın sağında oturur. Erkən Məsihçi Cəmiyyəti əmin idi ki, məsihçi təliminin əsasında Məsihin yer üzündəki həyatı dayanır. O, həm də əmin idi ki, İsanın yer üzündəki həyatı ölümlə bitmədi, ölümdən sonra dirilmə gəldi. İsa ilkin məsihçilər üçün haqqında oxuduqları və eşitdikləri tarixi şəxsiyyət deyildi. Onlar İsanı şəxsən tanıdılar, O da onların yanında idi.
4) İlkin məsihçi təbliğçiləri daha sonra iddia edirdilər ki, İsa yer üzündə Öz Padşahlığını qurmaq üçün yenidən izzətlə qayıdacaq. Başqa sözlə, ilk Məsihçi Cəmiyyəti Məsihin İkinci Gəlişinə qəti əmin idi. Müasir vəzlərdə bu həqiqət daha az xatırlanır, amma tarixin inkişafı və onun yekun nəticəsi ideyası öz aktuallığını qoruyub saxlayır. İnsan yoldadır, o, əbədi mirası almağa çağırılır.
5) Peterin vəzi insanın qurtuluşunun yalnız İsada olması, Ona iman edənlərin Müqəddəs Ruhla dolacağı, iman etməyənlərin isə dəhşətli əzablara düçar olacağı ifadəsi ilə yekunlaşdı. Başqa sözlə, vəz həm vədlə, həm də xəbərdarlıqla bitdi. Bu, Con Bunyanın eşitdiyi səsə bənzəyir: «Günahlarından üz döndərib cənnətə getmək, yoxsa günahda qalıb cəhənnəmə getmək istəyirsən?»
Əgər biz Peterin bütün vəzini oxusaq, bu beş elementin bir-birinə necə bağlı olduğunu görərik.
14-21
Burada biz Əhdi-Ətiq və Əhdi-Cədidin əsas anlayışlarından biri olan Rəbbin Günü anlayışı ilə qarşılaşırıq. Əgər ilk növbədə onun əsas prinsiplərini aydınlaşdırmasaq, Əhdi-Ətiq və Əhdi-Cədidin çox hissəsi bizim üçün anlaşılmaz olacaq.
Yəhudilər həmişə düşünürdülər ki, onlar Allahın seçilmiş xalqıdır. Onlar bu mövqeyi xüsusi imtiyazlara malik olmalarında görürdülər. Onlar həmişə kiçik xalq olublar. Onların tarixi davamlı bədbəxtlik zəncirindən ibarət idi. Onlar yaxşı başa düşürdülər ki, Allahın seçilmiş xalqı kimi layiq olduqları mövqeyə heç vaxt sırf insani yolla nail olmayacaqlar. Onlar get-gedə dərk etdilər ki, insanın edə bilməyəcəyini Allah etməlidir. Beləcə Allahın bilavasitə tarixə müdaxilə edəcəyi və onları arzuladıqları şöhrətə yüksəldəcəyi günü gözləməyə başladılar. Allahın tarixə müdaxilə edəcəyi gün Rəbbin günü adlandırıldı. Yəhudilər zamanı iki dövrə bölmüşdülər. İndiki dövr dəhşətli və məhvə məhkum idi; gələcək dövr isə Allahın qızıl dövrü olacaq. Onların arasında gələcək dövrün doğum sancılarına bənzər Rəbbin günü olmalıdır. Həmin gün gözlənilmədən oğru kimi gələcək; dünya lərzəyə gələcək; bu Qiyamət və dəhşət günü olacaq. Hər yerdə, bütün Əhdi-Ətiq peyğəmbərliklərində və Əhdi-Cədidin bir çox yerində həmin günün təsviri verilir. Tipik təsvirlər Yeşaya 2:12; 13:6 və s.; Amos 5:18; Sefanya 1:7; Yoel 2:1; 1Saloniklilərə 5:2 və s.; 2Peter 3:10-da verilib.
Burada isə həvari Peter yəhudilərə belə deyir: «Siz nəsillər boyu Rəbbin gününü, Allahın bəşəriyyətin tarixinə birbaşa müdaxilə edəcəyi günü xəyal edirdiniz. Budur, həmin gün İsa Məsih vasitəsilə gəldi». Təxəyyülün solğun görüntülərinin arxasında böyük bir həqiqət dayanır: Allah şəxsən İsanın simasında bəşəriyyət tarixinin arenasına daxil oldu.
22-36
Qarşımızda ilk məsihçi təbliğçilərinin xarakterik vəzi yer alır.
1) Vəzdə qeyd olunur ki, Məsihin çarmıxa çəkilməsinə faciəvi hadisə kimi baxmaq olmaz. Bu, Allahın əbədi planının bir hissəsi idi (23-cü ayə). Bu fakt Həvarilərin İşləri kitabında dəfələrlə vurğulanır (Həvarilərin işləri 3:18; 4:28 və 13:29 ilə müqayisə edin). Həvarilərin işləri kitabındakı vurğulanan fikir bizi İsanın ölümü ilə bağlı düşüncələrimizdə iki ciddi səhvə qarşı xəbərdar edir:
a) Çarmıx bütün digər vasitələr uğursuzluğa düçar olduğuna görə Allahın əl atdığı son çarə deyil. Çarmıx Allahın həyatının bir hissəsidir.
b) Biz heç vaxt düşünməməliyik ki, İsanın etdikləri Allahın insanlara münasibətini dəyişdi. İsanı göndərən Allah idi. Bunu belə də ifadə etmək olar: çarmıx — bir pəncərədir. Bu pəncərə vasitəsilə biz Allahın qəlbinin iztirab çəkən və əbədi məhəbbətlə dolub-daşdığını görürük.
2) Bununla yanaşı, Həvarilərin İşləri kitabında vurğulanır ki, Allahın məhəbbəti İsanı çarmıxa çəkənlərin cinayətinin ağırlığını azaltmır. Həvarilərin İşləri kitabında çarmıxa çəkilmə ilə bağlı istənilən qeyd insanda sarsıntı və dəhşət hissi yaradır (Həvarilərin işləri 2:23; 3:13; 4:10 və 5:30 ilə müqayisə edin). Bundan başqa, çarmıxa çəkilmə günahın nə qədər dəhşətli olduğunu daha aydın göstərir.
3) Həvarilərin işləri sübut edir ki, Məsihin əzabları və ölümü peyğəmbərlər tərəfindən əvvəlcədən deyilmişdi. Bir yəhudi üçün Çarmıxa çəkilmiş Məsihi təsəvvür etmək ağlasığmaz idi. Onların Qanununda belə deyilirdi: «...ağacda... asılan adam Allahın lənətinə düçar olub» (Qanunun təkrarı 21:23). İlk məsihçi təbliğçiləri buna belə cavab verirdilər: «Əgər siz Müqəddəs Yazıları diqqətlə oxusaydınız, bütün bunların əvvəlcədən deyildiyini görərdiniz».
4) Həvarilərin İşləri kitabında dirilmə faktı İsanın, həqiqətən, Allahın Seçilmişi olduğuna dair son sübut kimi vurğulanır. Həvarilərin İşləri kitabı həm də Dirilmə Müjdəsi adlanır. Məsihin dirilməsi faktı erkən Məsihçi Cəmiyyəti üçün son dərəcə vacib idi. Unutmayaq ki, dirilmə olmasaydı, ümumiyyətlə, Məsihçi Cəmiyyəti olmazdı. İsanın şagirdləri dirilmənin mənasını təbliğ edərkən, şəxsi təcrübələrinə əsaslanırdılar. Məsih Çarmıxa çəkiləndən sonra onlar sınmış və çaşqın halda idilər; arzuları puç olmuşdu və həyatları kökündən sarsılmışdı. Lakin dirilmə hər şeyi dəyişdi və qorxaqları qəhrəmanlara çevirdi. İmanlı Cəmiyyətinin faciələrindən biri odur ki, Məsihin dirilməsi yalnız Pasxa ərəfəsində təbliğ olunur. Hər bazar günü və Rəbbin hər günü Rəbbin dirilməsi günü olmalıdır. Pravoslav kilsəsində belə bir adət var: Pasxa bayramında iki nəfər görüşəndə biri «Məsih dirildi!», ikincisi isə «Həqiqətən dirildi!» deyir. Məsihçi heç vaxt unutmamalıdır ki, o, dirilmiş Rəbb ilə yaşayır.
37-41
1) Bu hissə Çarmıxın insanlara təsirini heyrətamiz şəkildə göstərir. İnsanlar İsanı Çarmıxa çəkməklə nə etdiklərini başa düşəndə, dərindən sarsıldılar. İsa Məsih dedi: «Mən yerdən yuxarı qaldırılsam, bütün insanları Özümə cəzb edəcəyəm» (Yəhya 12:32). Hər bir insan bu cinayətin iştirakçısıdır.
Missionerlərdən biri hindililərin kəndində İsanın həyatından danışırdı. Sonra o, evin ağardılmış divarında slayd şəkilində Məsihin həyatının hekayəsini göstərdi. Divarda Çarmıx görünəndə orada olanlardan biri irəli çıxıb qışqırdı: «Ey Allahın Oğlu, çarmıxdan düş. Sən yox, mən çarmıxa çəkilməliyəm». Əgər Çarmıxda baş verənlərin mahiyyətini dərk etsək, ürəyimiz yanar.
2) Bunu dərk edən şəxs isə müvafiq reaksiya verməlidir. Peter dedi: «İlk növbədə tövbə edin». Tövbə nə deməkdir? Əvvəlcə bu söz düşünmək mənasını verirdi. Çox vaxt elə olur ki, sonradan ağıla gələn fikir birinci fikrin səhv olduğunu göstərir. Ona görə də bu söz sonradan fikirləri dəyişmək mənasını verməyə başladı. Ancaq dürüst insan üçün bu, həyat tərzini dəyişdirmək deməkdir. Tövbə həm düşüncə tərzini, həm də hərəkətləri dəyişməyi əhatə etməlidir. İnsanın düşüncə tərzi dəyişə bilər, belə olan halda, o, səhv etdiyini görəcək. Amma buna öyrəncəkli olması həyat tərzini dəyişdirməyəcək. Bunun əksi də ola bilər: insan öz həyat tərzini dəyişir, lakin onun düşüncə tərzi dəyişmir; bu dəyişiklik yalnız qorxmasından və ya ehtiyat etməsindən qaynaqlanır; həqiqi tövbəyə həm düşüncə, həm də həyat tərzində dəyişiklik daxildir.
3) Tövbə edəndə keçmiş də dəyişir: Allah edilən bütün günahları bağışlayır. Amma açığını desək, günahın təsiri aradan qalxmayıb, bunu heç Allah da edə bilməz. Çünki günah edəndə, təkcə özümüzə deyil, başqalarına da zərər vurmuş oluruq. Bu izi silmək mümkün deyil. Gəlin buna digər tərəfdən baxaq: uşaq vaxtı sözə baxmayanda, anamızla aramızda bir növ görünməz sədd yaranırdı. Ancaq ondan bağışlanma diləyəndə, münasibətlər bərpa olunur və hər şey yenidən yaxşılaşırdı. Günahların bağışlanması etdiklərimizin nəticələrini aradan qaldırmır, amma Allah qarşısında bizə bəraət qazandırır.
4) Tövbə edəndə gələcəyimiz də dəyişir. Biz Müqəddəs Ruhun ənamını almışıq. Onun köməyi ilə bütün çətinliklərin öhdəsindən gələ bilərik və öz gücümüzə müqavimət göstərə bilməyəcəyimiz sınaqlara qarşı dura bilərik.
42-47
Bu hissədə biz ilk Məsihçi Cəmiyyətinin qısa da olsa aydın təsvirini aldıq:
1) İmanlı Cəmiyyəti daim öyrənirdi; onu öyrədən həvarilərə diqqətlə qulaq asırdı. Əgər İmanlı Cəmiyyəti irəliyə deyil, geriyə baxırsa, böyük təhlükə altındadır. Çünki Məsihin bizə qoyub getdiyi xəzinə tükənməz olduğuna görə biz həmişə irəli getməliyik. Yeni bilik əldə etmədiyimiz və Allahın lütfünün hikmətinə daha dərin varmadığımız hər gün boşa gedir.
2) İmanlı Cəmiyyəti qardaşlıq idi. Bir nəfərin dediyi kim, İmanlı Cəmiyyəti heyrətamiz birliyə malik idi. Nelson qələbələrindən birini bu sözlərlə izah etmişdi: «Mənə qardaşlardan ibarət dəstəyə komandanlıq etmək qismət oldu». İmanlı Cəmiyyəti yalnız qardaşlığı təmsil edəndə əsl İmanlı Cəmiyyəti olur.
3) İmanlı Cəmiyyəti dua edirdi. İlk məsihçilər bilirdilər ki, onlar öz güclərinə dünyaya qalib gələ bilməyəcəklər, həm də bu onlardan tələb olunmurdu. Onlar dünyaya müjdələməzdən əvvəl həmişə Rəbbə üz tuturdular; Rəbb ilə görüş onlara bütün çətinliklərin öhdəsindən gəlməyə kömək edirdi.
4) Bu, ehtiramla dolu İmanlı Cəmiyyəti idi. 43-cü ayədə qorxu kimi tərcümə olunan yunan sözü ehtiramdan irəli gələn qorxu mənasını daşıyır. Qədim dövrün böyük yunanlarından biri deyirdi ki, o, dünyanı sanki məbəddən keçirmiş kimi gəzirdi. Məsihçi ehtiram içində yaşayır, çünki bilir ki, bütün dünya, bütün yer yaşayan Allahın məbədidir.
5) İmanlı Cəmiyyətində mühüm hadisələr baş verirdi. Orada həvarilər vasitəsilə əlamətlər və möcüzələr göstərilirdi (43-cü ayə). Əgər biz Allahdan böyük nailiyyətlər gözləyiriksə və özümüz də Onun tarlasında çalışırıqsa, böyük işlər baş verəcək. Əgər biz Allahın köməyi ilə onları həyata keçirə biləcəyimizə inansaq, daha çox böyük işlər görüləcək.
6) O, icma Cəmiyyəti idi (44, 45-ci ayələr). İlk məsihçilər bir-biriləri üçün məsuliyyət hissi daşıyırdılar. Uilyam Morris haqqında deyirdilər ki, o, heç vaxt məsuliyyət hissi olmadan sərxoş adama baxmazdı. Əsl məsihçi başqaları yoxsul olduğu halda, özünün zənginliyinə tab gətirə bilməz.
7) İmanlı Cəmiyyətində ibadət keçirilirdi (46-cı ayə). Qardaşlıq Allahın məbədində dua etməyi heç vaxt unutmurdu. Unutmayaq ki, «İnsanı tənhalığa çəkən din Allaha məlum deyil». Möcüzələr icma dua edəndə baş verir. Allahın Ruhu Ona ehtiramla ibadət edənlərin üzərində dolanır.
8) İmanlı Cəmiyyəti xoşbəxt cəmiyyət idi (46-cı ayə). Orada sevinc hökm sürürdü. Kədərli məsihçi Əhdi-Cədid terminologiyasında açıq-aşkar ziddiyyətdir.
9) İmanlı Cəmiyyəti hamı tərəfindən sevilirdi. Yunan dilində yaxşı sözü üçün iki ifadə var: agatos və kalos. Agatos bir şeyin sadəcə yaxşı olduğunu bildirir. Kalos isə bir şeyin təkcə yaxşı deyil, həm də cazibədar olduğunu bildirir. Əsl məsihçilik cəlbedici və cazibədardır. Ancaq sərtlik nümayiş etdirən yaxşı insanlar da çoxdur. Bir nəfər belə demişdir ki, əgər hər bir məsihçi başqalarına yaxşılıq etsə, bu, İmanlı Cəmiyyətinə daha çox kömək edər. Erkən Məsihçi Cəmiyyətinin imanlıları arasında böyük cazibədar güc var idi.