Barclay
KİTABLARAudio kitablarHekayələrİlahilərFilmlər və cizgi filmləriXilas haqqında müjdəXoş xəbər hekayələri

Həvarilərin İşləri: 1-ci fəsil

V. Barklinin şərhləri

1-ci fəsil

1-5

XİDMƏTİ DAVAM ETDİRMƏK ÜÇÜN QÜDRƏT (Həvarilərin İşləri 1:1-5)

Həvarilərin İşləri kitabı iki mənada tamamlanmamış hekayənin ikinci cildini təmsil edir. Birinci mənada Həvarilərin İşləri kitabı Lukanın Teofilə göndərdiyi ikinci cilddir. Birinci cilddə Müjdədə Luka İsa Məsihin yer üzündəki həyatından bəhs edir. İkinci cilddə o, İmanlı Cəmiyyəti haqqında hekayəni davam etdirir. Digər tərəfdən, Həvarilərin İşləri kitabı sonu olmayan bir hekayənin ikinci hissəsidir. Müjdə yalnız «İsanın göyə qaldırıldığı günədək başladığı işlər və öyrətməyə başladığı tam təlim barəsində» hekayədir.

Ölümsüzlük fərqli ola bilər. Birincisi, şöhrətin ölümsüzlüyü. «Henri» əsərində V.Şekspir kralın dili ilə Azenkur döyüşündə qələbə qazanılacağı təqdirdə ölməz xatirə vəd edən belə bir nitq söyləyir:

«Döyüşün əks-sədası bütün əsrlərə çatacaq,

Qələbə çalan adlarımız əbədi olaraq şanlı olacaq»

Şübhəsiz, İsa elə bir ölümsüzlük qazandı ki, Onun adı heç vaxt unudulmayacaq.

İkincisi, davamlı təsir. Bəzi insanlar dünyaya elə təsir göstərir ki, heç vaxt izi getmir. Kopernik və Kolumbu xatırlatmaq kifayətdir. İsa dünyaya və insan həyatına əbədi davam edəcək daha böyük təsir göstərmişdir. Lakin ölməzliyin bütün formalarından daha yüksəyi əbədi mövcudluq və səlahiyyətdir. Məsih bizə nəinki əbədi adını və təsirini qoydu, O, bu gün də diridir və fəaliyyət göstərir. O, «Var olan, Var olmuş və Gəlməli olan Külli-İxtiyar» Rəbdir (Vəhy 1:8).

Həvarilərin İşləri kitabı bizə öyrədir ki, Məsihin həyatı Onun Cəmiyyətində davam edir. Con Forster günlərin bir günü hindi nümayəndəsinin hind yepiskopunun yanına gəldiyindən bəhs edir. O, heç bir kömək olmadan Əhdi-Cədidi oxumuş, ona valeh olmuş və Məsihin təsirinə düşmüşdü. O, daha çox oxuduqca hiss etdi ki, başqa bir dünyaya qədəm qoyub. İncildə o, Məsih, Onun əməlləri və əzabları haqqında öyrəndi. Həvarilərin İşləri kitabında İsanın yerini Onun şagirdləri, onların işləri, düşüncələri və təlimləri tutdu. İmanlı Cəmiyyəti ölümün İsanın həyatında bitirdiyi işi davam etdirirdi. Buna görə həmin adam dedi: «Mən Məsihin həyatını davam etdirən İmanlı Cəmiyyətinə mənsub olmalıyam». Həvarilərin İşləri kitabı bizi «Məsihin həyatını davam etdirən İmanlı Cəmiyyəti» ilə tanış edir.

Birinci hissə İmanlı Cəmiyyətinin Müqəddəs Ruh vasitəsilə İsanın işlərini görmək üçün necə qüdrət aldığını izah edir. Biz çox vaxt Müqəddəs Ruhu Təsəlliverici kimi qəbul edirik. Bu söz Uiklifə gedib çıxır. Lakin Uiklifin dövründə bu söz başqa məna daşıyırdı. O, latın mənşəli fortis sözündən irəli gəlir, mənası cəsarətli deməkdir. Məhz buna görə Təsəlliverici insanları cəsarət və qüdrətlə doldurur.

Həvarilərin İşləri kitabında Müqəddəs Ruhun işini dirilmiş Məsihin işlərindən ayırmaq çətindir. Onları ayırmağa ehtiyac da yoxdur. Çünki Ruhun təzahürü İsanın vədinin yerinə yetirilməsidir: «Budur, Mən dövrün sonuna qədər hər gün sizinləyəm» (Matta 28:20).

Həmçinin aşağıdakıları da qeyd etmək lazımdır. Həvarilərə Müqəddəs Ruhun təzahürünü gözləmək əmr edilmişdi. Əgər biz gözləməyi öyrənsəydik, daha çox qüdrətə, cəsarətə və sülhə sahib olardıq.

Gündəlik həyatda biz sakitlikdə gözləməyə məcburuq. «Rəbbə ümid bağlayanlarsa yeni qüvvət alar» (Yeşaya 40:31) Ağır işin içində yeni qüvvət almaq vacibdir.

6-8

ALLAHIN PADŞAHLIĞI VƏ ONUN ŞAHİDLƏRİ (Həvarilərin işləri 1:6-8)

İsa Öz missiyası boyunca ciddi anlaşılmazlıqlarla üzləşirdi. Onun təbliğində mərkəzi yeri Allahın Padşahlığı tuturdu (Mark 1:14). Amma O, Allahın Padşahlığı haqqında danışarkən heç də dinləyicilərinin başa düşdüklərini nəzərdə tutmurdu.

Yəhudilər Allahın seçilmiş xalqı olduqlarını yaxşı bilirdilər. Bununla da onlar xüsusi imtiyazlara malik olduqlarını düşünürdülər. Yəni bu dünyadakı hakimiyyət onlara məxsusdur. Lakin bu xalqın tarixi gedişi göstərdi ki, insani nöqteyi-nəzərdən bunu heç vaxt həyata keçirmək mümkün deyil. İsrail kiçik ölkə idi. Onun sərhədləri şimaldan cənuba 190 kilometr, qərbdən şərqə 65 kilometr təşkil edirdi. Bir vaxtlar o, müstəqil ölkə idi. Lakin sonralar dalbadal Babil, Fars, Yunanıstan və Roma tərəfindən fəth edilmişdi. Buna görə də yəhudilər Allahın bəşəriyyət tarixinə birbaşa müdaxilə edəcəyi və arzuladıqları hakimiyyəti onlara verəcəyi günü gözləyirdilər. Onlar səltənəti siyasi mənada anlayırdılar.

Bəs İsa Səltənəti necə təsəvvür edirdi? Bunun üçün «Ey göylərdə olan Atamız» duasına baxaq. Burada iki xahiş yan-yana durur: «Qoy Padşahlığın gəlsin; Göydə olduğu kimi yerdə də Sənin iradən olsun».

Yəhudilər üçün bir fikri iki paralel formada ifadə etmək səciyyəvidir (bunu məzmurun istənilən ayəsini təhlil edərkən görmək olar), həm də ikinci fikirdə birincisi təkrarlanır və ya mənası qüvvətlənir. Rəbbin duasında bu iki xahiş eyni şəkildə tərtib edilmişdir. İkinci xahiş birincini aydınlaşdırır. Beləliklə, biz görürük ki, İsa Padşahlıq dedikdə, Allahın iradəsinin göydə olduğu kimi yerdə də mükəmməl olacağını nəzərdə tuturdu. Məhz buna görə də Onun Padşahlığı zorakılığa deyil, sevgiyə əsaslanmalıdır.

Müqəddəs Ruh olmadan insanlar Padşahlığa nail ola bilməzlər. Luka artıq iki dəfə Ruhun təzahürü haqqında danışıb. Düşünmək lazım deyil ki, Müqəddəs Ruh insanlara ilk dəfə idi görünürdü və ya O, əvvəl, ümumiyyətlə, mövcud olmayıb. Çünki hansısa bir qüvvə mövcud ola və eyni zamanda müəyyən vaxta qədər insan təcrübəsi üçün əlçatmaz qala bilər. Məsələn, insanlar atom enerjisini icad etməyiblər. O, həmişə mövcud olub, aşkara çıxarılması isə bizim dövrümüzə təsadüf edib. Allahda da belədir. Ata, Oğul və Müqəddəs Ruh əbədi mövcud olub. Lakin insanlar yalnız müəyyən vaxtlarda həmişə yanlarında olan gücü tamlığı ilə hiss edirdilər.

Müqəddəs Ruhun qüdrəti insanları Məsihin şahidləri etdi. Bu şəhadət bir sıra genişlənən mərkəzi dairələrdə özünü göstərməli idi: əvvəlcə Yerusəlimdə, sonra Yəhudeyada, daha sonra bütpərəst dünyaya bir növ körpü rolunu oynayan yarı yəhudi ölkəsi olan Samariyada. Sonda isə yerin ucqarlarınadək çatmalı idi.

Gəlin əvvəlcə məsihçi şəhadəti haqqında bəzi məqamları qeyd edək. Birincisi, şahid «Bilirəm ki, bu doğrudur» deyir. Bir vaxtlar Con Bunyan imanından tam əmin deyildi. Yəhudilərin və müsəlmanların öz dinlərini ən yaxşı hesab etmələri onu narahat edirdi. Bəs məsihçilər də məsihçiliyin ən yaxşı din olduğuna inanırlarsa, onda necə? Şahid «məncə, belə olub» demir. O, «Bunun belə olduğunu dəqiq bilirəm» deyir.

İkincisi, həqiqi şahid təkcə sözdə deyil, əməldə də etibarlıdır. Stenli Mərkəzi Afrikada Livinqstonu tapıb onunla bir qədər vaxt keçirəndə belə demişdi: «Əgər onun yanında daha çox qalsaydım, şübhəsiz, məsihçi olardım, baxmayaraq ki, o, məsihçilik haqqında mənə heç vaxt danışmayıb». Livinqstonun həyatı məsihçiliyin təkzibolunmaz sübutu idi.

Üçüncüsü, yunan dilində şahid və şəhid martus sözü ilə müəyyən edilir. Şahid şəhid olmağa hazır olmalı idi. Şahid olmaq, nəyin bahasına olursa-olsun, sadiq qalmaq deməkdir.

9-11

GÖYƏ QALDIRILMANIN VƏ QAYIDIŞIN ƏZƏMƏTİ (Həvarilərin İşləri 1:9-11)

Bu qısa hissədə biz Əhdi-Cədiddə iki çətin anlayışla qarşılaşırıq. Birincisi, orada göyə qaldırılmadan bəhs edilir. Bu barədə yalnız Luka yazır və artıq öz Müjdəsində bu barədə danışmışdır (Luka 24:50-53). Göyə qaldırılma faktı iki səbəbə görə zəruridir:

a) Göyə qaldırılma İsanın Öz izzətinə qayıtmasının son akkordunu aydın şəkildə göstərir. Onun ölülərdən dirildəndən sonra zühur etdiyi günlər ötüb keçdi. Aydındır məsələdir ki, bu, xüsusi bir vaxt olub, amma məhdud olub. Həm də bu vaxt qeyri-adi bir şeylə başa çatmalı idi. Çünki Məsihin dirilməsindən sonra şagirdlərə gec-gec görünməsi və sonda heç görünməməsi qəribə olardı.

b) İkinci səbəbi anlamaq üçün o dövrü təsəvvürümüzdə canlandıraq. Axı indi biz cənnəti qübbədən kənar bir yer hesab etmirik. Bizim anlayışımıza görə, bu, əbədi olaraq Allahla birlikdə olacağımız bəxtiyarlıqdır. Amma o dövrdə ən müdrik insan belə, yer üzünü düz, səmanı isə düz qübbə hesab edirdi. Buna görə şagirdlərinə Öz izzətinə qayıtdığına dair təkzibedilməz sübutlar vermək üçün İsa göyə qaldırılmalı idi. Ancaq daha bir məqama diqqət yetirməliyik. Luka öz Müjdəsində bu barədə danışarkən belə deyir: «Şagirdləri də İsaya səcdə etdilər və böyük sevinclə Yerusəlimə qayıtdılar» (Luka 24:52). Şagirdlər İsanın göyə qaldırıldığını görmüşdülər, bəlkə də məhz buna görə İsanın onları tərk etmədiyinə, həmişə onlarla birlikdə olduğuna əmin idilər.

İkincisi, burada Məsihin ikinci gəlişi təlimi ilə qarşılaşırıq. Bununla əlaqədar olaraq iki məqamı qeyd etmək lazımdır:

a) Məsihin nə vaxt və necə qayıdacağı barədə fikir yürütmək axmaqlıq və mənasızlıq olardı. Çünki İsanın Özü də demişdir ki, Bəşər Oğlunun gələcəyi günü və saatı bilmir (Mark 13:32). Məsihdən belə gizli olan şeylər haqqında danışmaq küfrə bərabərdir.

b) Məsihçiliyin təliminin mahiyyəti ondan ibarətdir ki, Allahın hər bir insan və bütün dünya üçün planı var. Unutmayaq ki, tarix heç bir əhəmiyyəti olmayan təsadüfi hadisələrin xaotik birləşməsi deyil. Biz inanırıq ki, bütün yaradılışın ilahi məqsədi var və hər şey ona doğru hərəkət edir. Bu məqsəd həyata keçəndə İsa bütün dünyanın Hakimi və Rəbbi olacaq. Məsihin İkinci Gəlişi nəzəri fərziyyə və sadəcə maraqlı mövzu ola bilməz. Bu bizi həmin günə hazır olmağa səsləyən çağırışdır.

12-20

XƏYANƏTKARIN AQİBƏTİ (Həvarilərin işləri 1: 12-20)

Xain Yəhudanın taleyinə baxmazdan əvvəl bir neçə məqamı qeyd etmək lazımdır. Şənbə günü yəhudilər üçün bütün işlərin qadağan edildiyi istirahət günü idi. Gəzinti məsafəsi 2000 qulac (900 metr) ilə məhdudlaşırdı, həmin məsafə Şənbə yolu məsafəsi adlanırdı.

Maraqlıdır ki, İsanın şagirdləri ilə birlikdə İsanın qardaşları da orada idilər. İsanın xidməti boyunca doğmaları bəzən Ona qarşı çıxanların tərəfini tuturdular (Luka 3:21). Ola bilsin, bir çoxunda olduğu kimi, İsanın ölümü onların gözlərini açdı. İsanın həyatından daha çox ölümü onların ürəklərinə toxundu.

Biz görürük ki, həmin vaxt orada 120-yə yaxın şagird var idi. Bu, Əhdi-Cədiddəki ruhlandırıcı xəbərlərdən biridir. O dövrdə yalnız yüz iyirmi nəfər İsa Məsihlə birlikdə olduqlarını hiss edirdi. Çətin ki, onlardan biri nə vaxtsa İsraildən kənara çıxmışdı. O vaxt İsraildə dörd milyona yaxın yəhudinin yaşadığını nəzərə alsaq, onda nisbətlə 30 min nəfərdən yalnız biri məsihçi idi. Həmin yüz iyirmi sadə insana dünyaya çıxmaq və Məsihin Müjdəsini təbliğ etmək tapşırığı verildi. Başlanğıcda məsihçi cəmiyyəti üçün ümidlər çox az idi. Bəlkə biz də emalatxanada, fabrikdə, idarədə, bir sözlə, çevrəmizdə yeganə imanlıyıq. Bu yüz iyirmi nəfər onlara həvalə edilmiş tapşırığı cəsarətlə qəbul etdi. Biz də belə etməliyik. Bəlkə biz də ətrafımızda Allahın Padşahlığını böyüdəcək toxum olacağıq.

Bu hissədə Yəhudanın aqibəti böyük maraq doğurur. Burada yunan mətnini necə şərh etmək lazım olduğu tam aydın deyil. Lakin Mattanın Müjdəsinə görə (Matta 27:3-5). Yəhudanın intihar etdiyi aşkardır. Yəhudanın İsaya niyə xəyanət etdiyi əbədi olaraq sirr qalacaq. Bununla bağlı müxtəlif fərziyyələr irəli sürülüb.

1) Ehtimallara görə, İskaryot ləqəbinin mənası Kariotdan olan adam mənasını verir. Belə olan halda, Yəhuda digər həvarilər arasında qalileyalı olmayan yeganə şagird idi. Ola bilsin, Yəhuda onların arasında özünü elə yad hiss edib ki, bundan qəzəblənib və bu dəhşətli cinayəti törədib.

2) Ola bilsin, o özünü xilas etmək üçün xəyanətə əl atıb, əməlinin dəhşətini isə sonradan anlayıb.

3) Ola bilsin, o, bunu tamahından edib. Əgər belədirsə, onda bu, bəşər tarixində ən dəhşətli əməl idi. Çünki o, Rəbbini otuz gümüşə, yəni təxminən 35 manata satıb. Çıxış 21:32-yə görə bu, qula verilən dəyər idi.

4) Bəlkə də Yəhuda İsaya nifrət etməyə başlamışdı. O, pis niyyətini başqalarından gizlətsə də, İsa onun qəlbini görürdü. Buna görə də Yəhuda yeganə çıxış yolunu onun əsl kimliyini bilən Adamı öldürməkdə gördü.

5) Bəlkə də İskaryot ləqəbi yunanca «xəncər daşıyan adam» deməkdir. Bu «xəncər daşıyan adam»lar İsrailin azadlığı uğrunda mübarizədə siyasi qətllər törətməyə hər zaman hazır olan terrorçu millətçi təşkilatın üzvləri idi. Ola bilsin, Yəhuda ilk vaxtlar İsanı millətçi hərəkatı qələbəyə aparmağa qadir lider kimi görürdü. Lakin biləndə ki, İsa bu yolu inkar edir, Ondan üz çevirdi, məyus olub Ona xəyanət etdi.

6) Amma çox güman, Yəhuda heç vaxt İsanın ölməyini istəmirdi. İsaya ona görə xəyanət etdi ki, Onu çevrilişə sövq etsin. Belə olan halda o, etdiyi əməlin faciəvi nəticələrini və planının iflasa uğradığını görüb peşman oldu və «gedib özünü asdı».

İstənilən halda, Yəhuda bəşəriyyət tarixinə ən bədnam adla daxil oldu. İsaya xəyanət edən adam üçün rahatlıq yoxdur.

21-26

HƏVARİNİN İNKİŞAFI (Həvarilərin işləri 1:21-26)

Gəlin həvarilər arasında Yəhudanın yerini tutmaq üçün adamın necə seçildiyinə baxaq. Bunun üçün püşk atılması qəribə görünə bilər. Ancaq yəhudilər arasında bu, adi hal idi. Məbəddə bütün xidmətlər və vəzifələr məhz bu şəkildə müəyyən edilirdi. Namizədlərin adları daşların üzərinə yazılıb qaba atılırdı. Qab bir daş çıxana qədər çalxalanırdı; adı həmin daşın üstündə olan adam seçilirdi.

Bununla belə, son dərəcə mühüm olan iki həqiqətə diqqət yetirək.

Birincisi, burada deyilir ki, seçiləcək həvari Məsihin dirilməsinin şahidi olmalıdır. Məsihçinin əsas fərqi odur ki, o, İsa haqqında biliyə malik deyil, İsanı şəxsən tanıyır. İsaya yer üzündə yaşayıb ölən, həyatını öyrəndiyimiz və hekayəsini oxuduğumuz bir insan kimi baxmaq səhvdir. İsa kitabdakı personaj deyil, O, imanlılar arasında yaşayır və əbədi mövcud Olandır. Məsihçi isə o adamdır ki, onun həyatı ölülərdən dirilən Rəbbə şəhadət edir və Onu özündə əks etdirir.

Həvari həmişə İsanın yanında olan şəxsdir. Əsl məsihçi hər gününü Onunla yaşayır. Məşhur təbliğçilərdən biri haqqında deyirdilər ki, o, vəz edərkən kiminsə səsini dinləyirmiş kimi tez-tez susurdu. Cerom K.Cerom soyuq havada emalatxanasının qapısını açıq qoyan pinəçinin hekayəsini danışırdı. Pinəçidən niyə belə etdiyini soruşanda, o, belə cavab vermişdi: «İsa buradan keçsə, içəri girə bilsin». Biz çox vaxt özümüzə «İsa burada olsaydı, necə olardı?», «İsa bizim evimizdə və iş yerimizdə olsaydı, necə davranardıq?» kimi sual veririk. Anası çox qəzəbli olan qız bir dəfə belə demişdi: «Kaş İsa bizim evimizə gələydi və həmişə bizimlə qalaydı». Amma məsələ də elə bundadır: İsa aramızda yaşayır və əsl məsihçi həmişə Məsihlə birlikdə yaşayır.

Əllinci Gün bayramı

Əllinci gün bayramında əslində nə baş verdiyini, yəqin ki, heç vaxt dəqiq bilməyəcəyik. Bildiyimiz ancaq odur ki, bu, Məsihçi Cəmiyyətinin ən böyük günlərindən biridir. Çünki həmin gün Müqəddəs Ruh Məsihçi Cəmiyyətinə qeyri-adi şəkildə zahir oldu.

Həvarilərin İşləri kitabı Müqəddəs Ruhun Müjdəsi adlandırırlar. Buna görə də ikinci fəsli ətraflı öyrənməyə başlamazdan əvvəl, gəlin Həvarilərin İşləri kitabında Müqəddəs Ruh haqqında deyilənlərə baxaq.

Müqəddəs Ruhun zühur etməsi

Əllinci Gün bayramında baş verən hadisələri Müqəddəs Ruhun zühuru kimi təqdim etmək yanlışdır. Məsələ ondadır ki, biz Müqəddəs Ruhun məhz həmin vaxt yarandığını və ilk dəfə zahir olunduğunu düşünə bilərik. Ancaq belə deyil. Allah əzəldən Ata, Oğul və Müqəddəs Ruhdur. Həvarilərin İşləri kitabı bunu açıq şəkildə bildirir. Məsələn, Müqəddəs Ruh Davudun dili ilə danışırdı (Həvarilərin işləri 1:16). Müqəddəs Ruh Yeşaya peyğəmbər vasitəsilə danışırdı (Həvarilərin işləri 28:25). Stefan yəhudiləri ittiham edir: «...ata-babanız kimi siz də həmişə Müqəddəs Ruhun əleyhinə çıxırsınız» (Həvarilərin işləri 7:51). Bu mənada Müqəddəs Ruh hər dövrdə insanlara Öz həqiqətini açan Allahdır. Buna baxmayaraq, Əllinci Gün bayramında qeyri-adi bir hadisə oldu.

Müqəddəs Həvarilərin İşləri kitabında Müqəddəs Ruhun fəaliyyəti

Bu andan etibarən Müqəddəs Ruh ilk məsihçi cəmiyyətində əsas reallığa çevrilir. Birincisi, Müqəddəs Ruh insanları ilhamlandırır və istiqamətləndirirdi.

Müqəddəs Ruh Filipə Efiopiyadan olan xədimlə danışsın deyə göstəriş verdi (Həvarilərin işləri 8:29), Peteri Kornelinin elçiləri ilə görüşə hazırladı (Həvarilərin işləri 10:19), Peterə tərəddüd etmədən həmin elçilərlə getməyi əmr etdi (Həvarilərin işləri 11: 28), Barnaba ilə Paulu ayırmağı əmr etdi ki, onlar gedib Allahın Kəlamını təbliğ etsinlər (Həvarilərin işləri 13:2-4), Yerusəlimdəki həvari müşavirəsinin qərarına təsir etdi (Həvarilərin işləri 15:28), Paulu Asiya, Misiya və Bitinyadan keçirərək Troasa, oradan da Avropaya apardı (Həvarilərin işləri 16:6-10), Paula Yerusəlimdə onu nələrin gözlədiyini söylədi (Həvarilərin işləri 20:23). İlk məsihçi cəmiyyəti Müqəddəs Ruh tərəfindən idarə olunan cəmiyyət idi.

İkincisi, məsihçi cəmiyyətinin bütün ağsaqqalları Müqəddəs Ruhla dolmuşdular. Onların arasından Müqəddəs Ruh və hikmətlə dolu yeddi nəfər seçildi (Həvarilərin işləri 6:3). Stefan və Barnaba Müqəddəs Ruh və imanla dolu insanlar idilər (Həvarilərin işləri 7:55; 11:24). Paul Efesdəki ağsaqqallara deyir ki, Müqəddəs Ruh onları bütün sürünün qayğısına qalsınlar deyə nəzarətçilər təyin etdi (Həvarilərin işləri 20:28).

Bundan əlavə, Müqəddəs Ruh gündəlik cəsarət və güc mənbəyi idi. Müqəddəs Ruh şagirdlərin üzərinə enəndə, onlar qüdrət alacaqlar (Həvarilərin işləri 1:8). Peterin Ali Şuranın qarşısındakı cəsarəti və natiqliyi Müqəddəs Ruhun işinin nəticəsi idi (Həvarilərin işləri 4:8-31); Paulun cadugər Elima üzərində qazandığı qələbə Müqəddəs Ruhun işinin nəticəsi idi (Həvarilərin işləri 13:9). Məsihçilərin təhlükəli vəziyyətlərə tab gətirmək cəsarəti, lazım gələndə məsihçi natiqliyi, şəraitdən asılı olmayaraq məsihçi sevinci — bütün bunlar Müqəddəs Ruhun İşinin nəticəsidir.

Nəhayət, Həvarilərin işləri 5:32-də «Allahın Özünə itaət edənlərə verdiyi Müqəddəs Ruh» haqqında danışılır. Burada mühüm bir fikir ifadə olunur ki, insana verilən Müqəddəs Ruhun ölçüsü onun necə insan olmasından asılıdır. Başqa sözlə, Allahın iradəsini vicdanla yerinə yetirməyə çalışan insan getdikcə daha çox Müqəddəs Ruhun ənamı ilə dolacaq.

Həvarilərin işləri kitabının ilk on üç fəslində qırx dəfədən çox Müqəddəs Ruhun adı çəkilir. İlk məsihçi cəmiyyəti Müqəddəs Ruhla dolu idi, bu da onun gücünün mənbəyi idi.

Azərbaycan dilində Müqəddəs Kitab

İsanın göyə qaldırılması
1 Ey Teofil, birinci yazılarım İsanın göyə qaldırıldığı günədək başladığı işlər və öyrətməyə başladığı tam təlim barəsindədir. 2 Göyə qaldırılmazdan əvvəl İsa seçdiyi həvarilərə Müqəddəs Ruh vasitəsilə əmrlər verdi. 3 Ölüm əzabını çəkəndən sonra həvarilərə çoxlu inandırıcı dəlillərlə Özünü diri olaraq göstərdi. O, qırx gün ərzində onlara görünərək Allahın Padşahlığı barədə danışırdı. 4 İsa onlarla duz-çörək kəsəndə bu əmri verdi: «Yerusəlimdən kənara çıxmayın, Atanın verdiyi, Məndən eşitdiyiniz vədin həyata keçməsini gözləyin. 5 Belə ki Yəhya su ilə vəftiz edirdi, amma siz bir neçə gündən sonra Müqəddəs Ruhla vəftiz olacaqsınız».
6 Həvarilər bir yerə toplaşanda İsadan soruşdular: «Ya Rəbb, İsraildə Padşahlığı indimi bərpa edəcəksən?» 7 İsa cavab verdi: «Atanın hökmü ilə təyin olunan vaxtları və tarixləri bilmək sizin işiniz deyil. 8 Amma Müqəddəs Ruh üzərinizə enəndə siz qüdrət alacaqsınız və Yerusəlimdə, bütün Yəhudeya və Samariyada, həmçinin yer üzünün qurtaracağınadək hər yerdə Mənim şahidlərim olacaqsınız». 9 İsa bunları deyəndən sonra həvarilərin gözləri qarşısında yuxarı qaldırıldı. Bir bulud İsanı götürüb onlardan gizlədi. 10 İsa göyə qalxanda onlar səmaya baxırdılar. Elə həmin an ağ libaslı iki kişi onların yanında peyda olub 11 soruşdu: «Ey Qalileyalılar, niyə səmaya baxa-baxa qalmısınız? Aranızdan götürülüb göyə qaldırılan İsanın aparıldığını necə gördünüzsə, elə də qayıdacaq».
Yəhudanın yerinə Mattiya seçilir
12 Bundan sonra həvarilər Zeytun dağı adlanan yerdən Yerusəlimə endilər. Bu dağ Yerusəlimin yaxınlığındadır, oraya olan məsafə Şənbə yolu qədərdir. 13 Onlar şəhərə girib qaldıqları evin yuxarı otağına çıxdılar. Oradakılar bunlar idi: Peter, Yəhya, Yaqub, Andrey, Filip, Tomas, Bartalmay, Matta, Halfay oğlu Yaqub, Millətçi Şimon və Yaqub oğlu Yəhuda. 14 İsanın anası Məryəmlə qardaşları və başqa qadınlar da həvarilərlə birlikdə dayanmadan dua edirdilər.
15 Həmin günlərdə təxminən yüz iyirmi bacı-qardaşdan ibarət olan toplantı arasından Peter qalxıb dedi: 16 «Qardaşlar, İsanı tutanlara yol göstərən Yəhuda haqqında Müqəddəs Ruhun Davudun dili ilə əvvəlcədən dediyi Müqəddəs Yazı sözləri yerinə yetməlidir. 17 Yəhuda bizə qoşuldu, bu xidmətdən ona da pay düşdü. 18 Bu adam etdiyi haqsızlığın haqqına bir tarla satın aldı, sonra da oradan kəlləmayallaq aşıb qarnı yırtıldı və bağırsaqları töküldü. 19 Bütün Yerusəlim əhalisi bunu eşitdi və o yeri öz dillərində “Haqal-Dema”, yəni “Qan tarlası” adlandırdı. 20 Axı Zəbur kitabında yazılıb:
“Məskəni viran olsun,
Kimsəsiz, boş qalsın”
və
“Vəzifəsini başqası tutsun”.
21-22 Buna görə də Rəbb İsanın aramıza gəlib-getdiyi müddət ərzində, yəni Yəhyanın vəftizindən başlayaraq Rəbb İsanın göyə qaldırıldığı günə qədər yanımızdakılardan bir kişi Onun dirilməsinə bizimlə birgə şahid olmalıdır». 23 Beləliklə, iki nəfəri – Barsabba çağırılan, həm də Yust adlanan Yusifi və Mattiyanı namizəd göstərdilər. 24 Sonra dua etdilər: «Ya Rəbb, Sən hamının ürəyindən xəbərdarsan. Bu iki nəfərdən birini seçib bizə göstər ki, 25 qoy onlardan biri bu xidmətə – həvari vəzifəsinə keçsin. Çünki Yəhuda öz yerini tutsun deyə bu işi atdı». 26 Sonra püşk atdılar. Püşk Mattiyaya düşdü və o, həvari sırasına – on bir nəfərin yanına keçdi.