Qiymətli Kitab
Müqəddəs Həvarilərin İşləri Əhdi-Cədidin müəyyən mənada ən mühüm kitabıdır. Həvari Paulun məktublarından aldığımız məlumatlar istisna olmaqla, bu kitab olmasaydı, biz erkən İmanlı Cəmiyyətinin inkişafı haqqında heç nə bilməzdik.
Tarixşünaslıqda iki üsul var. Onlardan biri hadisələrin gedişini günbəgün, həftəbəhəftə izləməyə çalışır, o biri isə sanki bu və digər zamanın mühüm məqamlarına, böyük şəxsiyyətlərinə silsilə pəncərələr açır. Həvarilərin İşləri kitabı yazılarkən ikinci üsuldan istifadə edilmişdir.
Biz onu Müqəddəs Həvarilərin İşləri Kitabı adlandırırıq. Əslində, kitab həvarilərin işləri haqqında ətraflı məlumat vermək iddiasında deyil. Orada Pauldan başqa yalnız üç həvarinin adı çəkilir. Həvarilərin işləri 12:2-də qısa bir cümlədə deyilir ki, Yəhyanın qardaşı Yaqub Hirod tərəfindən edam edilib. Həvari Yəhyanın da adı çəkilir, lakin o, bir kəlmə belə demir. Kitabda yalnız Peter haqqında müəyyən məlumatlar verilir. Amma o da tezliklə görkəmli bir insan kimi səhnəni tərk edir. Kitabın yunan dilində adı belədir: «Həvari-kişilərin işləri». Görünür, müəllif burada ilk məsihçi Cəmiyyətinin qəhrəman və cəsarətli rəhbərlərinin bəzi işlərini əks etdirməyə çalışmışdır.
Kitabın müəllifliyi
Kitabın özündə bu barədə heç nə deyilməsə də, Luka həmişə onun müəllifi hesab olunub. Lukanın özü haqqında bizə az şey məlumdur. Əhdi-Cədiddə onun adı üç dəfə çəkilir — Kolosselilərə 4:14; Filimona 23; 2Timoteyə 4:19. Beləliklə buradan iki nəticə çıxara bilərik: birincisi, Luka həkim idi, ikincisi, o, Paulun ən dəyərli köməkçilərindən biri və sadiq dostu idi. Çünki o, Paul sonuncu həbsdə olarkən onun yanında idi. Biz belə bir nəticəyə gələ bilərik ki, o, qeyri-yəhudi olub. Çünki Kolosselilərə 4:11 sünnət olunmuş, yəni yəhudilərin adları və salamların siyahısı ilə bitir; 12-ci ayədən qeyri-yəhudilərin adları çəkilən yeni siyahı başlayır. Buradan belə bir maraqlı nəticəyə gəlirik ki, Luka Əhdi-Cədiddə qeyri-yəhudi olan yeganə yazıçıdır.
Lukanın həkim olmasını onun instinktiv olaraq tibbi terminlərdən istifadə etməsi ilə təxmin etmək olar. Məsələn, Luka öz Müjdəsinin 4:35-ində natəmiz ruha tutulan adam haqqında danışarkən — «Cin bu adamı hamının qabağında yerə yıxıb...» ifadəsini işlədəndə, tibbi termindən «konvulsiya»dan (qıc olma) istifadə edir. Luka öz Müjdəsinin 9:38-ində İsadan «Müəllim, yalvarıram, oğluma nəzər sal...» deyən adamı təsvir edərkən, xəstəni ziyarət edən həkim üçün tipik bir söz işlədir. Ən maraqlı nümunə dəvə və iynə gözü ilə bağlı ifadədə verilmişdir. Hər üç sinoptik müəllif həmin nümunəni çəkir (Matta 19:24; Mark 10:25; Luka 18:25). Matta və Mark yunanca rafis sözündən istifadə edirlər. Bu, dərzi və ya evdar qadının işlətdiyi iynə deməkdir. Yalnız Luka cərrah iynəsi mənasını verən yunanca belone sözündən istifadə edir. Həkim olduğuna görə Lukanın tibbi terminlər işlətməsi təbii idi.
Kitab kimin üçün nəzərdə tutulmuşdu?
Luka həm Müjdəsini, həm də Həvarilərin İşlərini Teofil üçün yazmışdı (Luka 1:3; Həvarilərin işləri 1:1). Teofilin kim olduğunu biz yalnız təxmin edə bilərik. Luka öz Müjdəsinin 1:3-ündə ona «hörmətli Teofil» deyə müraciət edir. Bu, əslində «Zati-aliləri» deməkdir və Roma imperiyasının xidmətində olan yüksək rütbəli bir şəxsi ifadə edir. Bu adın bir neçə mümkün izahı var.
1) Ola bilsin, Teofil, ümumiyyətlə, real insanın adı deyil. O dövrdə məsihçi olmaq təhlükəli idi. Teofil adı iki yunan sözündən ibarətdir: Teos — Tanrı və filen — sevimli. Bəlkə də Luka məktubu Allahı sevən birinə yazır və təhlükəsizlik baxımından onun əsl adını çəkmir.
2) Əgər Teofil real insan idisə, çox güman, o, yüksək vəzifəli məmur idi. Ola bilsin, Luka ona məsihçiliyin gözəl bir din olduğunu, məsihçilərin isə dindar insanlar olduğunu göstərmək üçün məktub yazmışdı. Bəlkə də o, dövlət məmurunu məsihçiləri təqib etməməyə inandırmaq istəyirdi.
3) Üçüncü ehtimal əvvəlkilərə nisbətən daha romantikdir. Bu ehtimal Lukanın həkim olmasına, qədim zamanlarda isə həkimlərin daha çox qul olmasına əsaslanır. Güman edilir ki, Luka ağır xəstə Teofilin həkimi idi. Teofil qayğısına qalıb onu sağaltdığına görə minnətdarlıq əlaməti olaraq Lukaya azadlıq vermişdi. Bəlkə də Luka ona xeyirxahlıq edən adama təşəkkür məqsədilə ən qiymətli şeyi — İsanın hekayəsini yazmışdı.
Həvarilərin İşlərində Lukanın Məqsədi
Kitab yazan insanın həmişə müəyyən məqsədi olur, bəlkə də bir neçə məqsədi. Gəlin Lukanın Həvarilərin işləri kitabını niyə yazdığı barədə düşünək.
1) Onun məqsədlərindən biri məsihçiliyi Roma hökumətinə tövsiyə etmək idi. Luka Roma hakimlərinin Paula qarşı nə qədər nəzakətli olduqlarını dəfələrlə göstərir. Həvarilərin işləri 13:12-də Kipr valisi Sergi Paul Məsihə iman edir. Həvarilərin işləri 18:12-də Korinfdəki vali Qalliyo yəhudilərin Paulu cəzalandırmaq tələblərinə tamamilə biganə qalır. Həvarilərin işləri 16:35-də Filipidəki hakimlər səhv etdiklərini anlayaraq Pauldan üzr istəyirlər. Həvarilərin işləri 19:31-də Asiya vilayətinin sədrləri Paula heç bir zərər gəlməsin deyə onun qayğısına qalırlar. Luka qeyd edir ki, keçmişdə Roma hökuməti tez-tez məsihçilərə qarşı ləyaqətli münasibət göstərir və onlara qarşı həmişə ədalətli davranırdı. Luka göstərmək istəyir ki, məsihçilər dindar və sadiq vətəndaşlardır. Onlar həmişə belə qəbul olunublar. Həvarilərin işləri 18:14-də Qalliyo deyir ki, Paulun pis niyyəti yoxdur. Həvarilərin işləri 19:37-də Efes şəhərinin icra məmuru məsihçiləri tərifləyir. Həvarilərin işləri 23:29-da Klavdi Lisiy bəyan edir ki, onun Paula qarşı heç bir iddiası yoxdur. Həvarilərin işləri 25:25-də Fest deyir ki, Paul ölümə layiq heç nə etməyib. Elə eyni fəsildə Fest və Aqrippa razılaşırlar ki, Paul Qeysərin məhkəməsini tələb etməsəydi, onu azad etmək olardı.
Luka öz kitabını məsihçilərin nifrət və təqiblərə məruz qaldığı bir vaxtda yazıb. O, Roma hakimlərinin məsihçilərə qarşı həmişə ədalətli olduqlarını və onlara heç vaxt pis insanlar kimi baxmadıqlarını göstərmişdi. Hətta çox maraqlı bir fikir də irəli sürülür ki, Həvarilərin işləri kitabı Roma imperatorunun sarayında Paulun müdafiəsi üçün tərtib edilmiş antologiyadır.
2) Lukanın başqa bir məqsədi o idi ki, məsihçiliyin bütün ölkələrin insanları üçün bir iman təlimi olduğunu göstərsin. Yəhudilər məhz bu ideyanı qəbul edə bilmirdilər. Onlar özlərini Allahın seçilmiş xalqı hesab edirdilər və Allahın başqa xalqa ehtiyacı olmadığına inanırdılar. Luka bunun əksini sübut etmək istəyirdi. O, samariyalılara təbliğ edən Filipi göstərir; məsihçiliyi universal edən və onun uğrunda ölən Stefanı göstərir; Kornelini Məsihə gətirən Peteri göstərir. Luka Antakyadakı bütpərəstlərə təbliğ edən məsihçiləri, dünyanı dolaşaraq insanları Məsihə gətirən Paulu göstərir; Həvarilərin işləri 15-ci fəsildə o göstərir ki, İmanlı Cəmiyyəti yəhudilərlə eyni hüquqları olan bütpərəstləri qəbul etmək üçün mühüm qərar verir.
H) Lakin bu kitabı yazmaqda onun əsl niyyəti bunlar deyildi. Luka Həvarilərin işləri kitabının əsas məqsədini dirilmiş Məsihin sözləri ilə 1:8-də təsvir etmişdir: «...Yerusəlimdə, bütün Yəhudeya və Samariyada, həmçinin yer üzünün qurtaracağınadək hər yerdə Mənim şahidlərim olacaqsınız». O, məsihçiliyin İsrailin kiçik bir bölgəsində yaranan və otuz ildən az müddətdə Romaya çatan din kimi yayılmasını göstərmək niyyətində idi.
S.H.Terner qeyd edir ki, Həvarilərin işləri kitabı hər biri qısa xülasə ilə bitən altı hissəyə bölünür:
a) 1:1 — 6:7-də Yerusəlimin imanlı cəmiyyəti və Peterin təbliği haqqında danışılır. Sonda belə bir xülasə ilə bitir: «Allahın kəlamı yayılır, Yerusəlimdə şagirdlərin sayı xeyli artır və bir çox kahinlər də bu imana tabe olurdu».
b) 6:8 — 9:31-də məsihçiliyin bütün İsraildə yayılması, Stefanın şəhid olması və müjdənin Samariyada təbliği təsvir olunur. Bu hissə belə bir xülasə ilə bitir: «Beləcə bütün Yəhudeya, Qalileya və Samariyadakı imanlılar cəmiyyəti əmin-amanlığa çatdı. İnkişaf edən və Rəbb qorxusu içində yaşayan cəmiyyət Müqəddəs Ruhun ürəkləndirməsi ilə sayca artırdı».
c) 9:32 — 12:24-də Paulun başına gələnlər, İmanlı Cəmiyyətinin Antakyaya qədər genişlənməsi və Kornelinin imana gəlməsi əksini tapıb. Bu hissə belə bitir: «Allahın kəlamı isə yayılırdı və təsiri artırdı».
d) 12:25 — 16:5-də İmanlı Cəmiyyətinin Kiçik Asiyaya qədər gedib çıxmasından və Qalatiyadakı təbliğdən bəhs edilir. Bu hissə belə bitir: «Beləliklə, cəmiyyətlər imanda güclənir və sayı günbəgün artırdı».
e) 16:21 — 19:20-də İmanlı Cəmiyyətinin Avropaya çatmasından, Korinf və Efes kimi böyük bütpərəst şəhərlərində Paulun zahidliyindən bəhs edilir. Bu hissə belə xülasə olunur: «Beləliklə, Rəbbin kəlamı qüdrətlə böyüyüb təsirini artırırdı».
f) 19:21 — 28:31-də Paulun Romaya gəlişi və həbsdə qalmasından söz açılır. Bu hissənin sonunda göstərilir ki, Paul «heç bir maneə olmadan tam bir cəsarətlə Allahın Padşahlığını vəz edir və Rəbb İsa Məsihlə bağlı həqiqətləri» öyrədir.
Həvarilərin İşləri kitabının belə planı artıq ən çətin suala cavab verir: nə üçün Həvarilərin İşləri kitabı Paulun həbsdə məhkəməni gözləyən hekayəsi ilə bitir? Biz sonra onun başına gələnləri bilmək istərdik. Amma son gizli saxlanılır. Luka öz məqsədinə çatdığına görə hekayəsini burada bitirir: o, məsihçiliyin Yerusəlimdə necə başladığını və bütün dünyaya yayılaraq sonda Romaya çatdığını göstərir. Əhdi-Cədidi tədqiq edən alimlərdən biri demişdir ki, Həvarilərin İşləri kitabı «Müjdə Yerusəlimdən Romaya necə yayıldı» adlandırıla bilər.
Mənbələr
Luka tarixçi olduğuna görə onun hansı mənbələrə istinad etməsi vacibdir. Luka öz faktlarını haradan götürüb? Bu baxımdan Həvarilərin İşləri kitabı iki hissəyə bölünür:
1) Birinci hissə Lukanın bilavasitə şahidi olmadığı on beş fəsildən ibarətdir. O, bu məlumatları ikinci mənbədən əldə etmişdi. Çox güman ki, onun iki mənbəyə çıxışı var idi.
a) Yerli imanlı cəmiyyətlərində xatirələr qorunub saxlanırdı. Ola bilsin, bu xatirələr heç vaxt qələmə alınmayıb. Lakin imanlı cəmiyyətləri onları yaddaşlarında qoruyub saxlayıblar. Bu hissədə üç imanlı cəmiyyətinin faktları təsvir olunur: Həvarilərin İşləri 1-5 və 15-16-nı əhatə edən Yerusəlimdəki imanlı cəmiyyətinin tarixi; Həvarilərin İşləri 8:26-40 və 9:31-10, 48-i əhatə edən Qeysəriyyədəki imanlı cəmiyyətinin tarixi; Həvarilərin İşləri 11:19-30 və 12:25-14, 28-i əhatə edən Antakyadakı imanlı cəmiyyətinin tarixi.
b) Çox güman, Paulun xidməti, Yəhyanın xidməti, Filipin xidməti və Stefanın xidmətini əhatə edən hekayələr silsiləsi var idi. Paul ilə dostluq, şübhəsiz ki, Lukaya o vaxtkı imanlı cəmiyyətinin bütün əsas xadimləri ilə tanış olmağa kömək etdi. Buna görə Luka həmin imanlı cəmiyyətlərinin bütün hadisələrinə və tarixlərinə bələd idi.
2) Lakin 16-28-ci fəsillərdə deyilənlərin əksəriyyətini Luka şəxsən hadisələrin iştirakçısı kimi bilirdi. Əgər Həvarilərin İşləri kitabı diqqətlə oxunsa, maraqlı bir şey görmək olar: Luka hekayəsinin çoxunu 3-cü şəxsin cəmi ilə ifadə edir. Amma bəzi hissələri 1-ci şəxsin cəmində verir və «onlar» əvəzinə «biz» sözündən istifadə edir. Növbəti hissələr 1-ci şəxsin cəmində ifadə edilir: Həvarilərin İşləri 16:10-17; 20:5-16; 21:1-18; 27:1-28, 16. Luka bu hadisələrin iştirakçısı idi. Çox güman, o, gündəlik tutmuş və şahidlərin ifadələrini qeyd edirdi. Şahidi olmadığı hadisələrə gəlincə, yəqin ki, uzun müddət həbsdə qalan Pauldan öyrənmişdir. İmanlı cəmiyyətinin elə bir xadimi yox idi ki, Luka onu şəxsən tanımasın. Hər halda, o, bu və ya digər hadisənin şahidi olmuş insanlardan lazımi məlumatları ala bilirdi. Həvarilərin İşləri kitabını oxuduqca əmin ola bilərik ki, heç bir tarixçinin Lukanınkı kimi daha yaxşı mənbələri olmayıb və heç kim bu mənbələrdən Luka qədər diqqətlə istifadə etməyib.