Barclay
KİTABLARAudio kitablarHekayələrİlahilərFilmlər və cizgi filmləriXilas haqqında müjdəXoş xəbər hekayələri

Yəhyanın müjdəsi: 21-ci fəsil

V. Barklinin şərhləri

21-ci fəsil

1-14

İstənilən nöqteyi-nəzərdən sonuncu fəsil qəribə görünür. Müjdə 20-ci fəsildə bitir, sonra 21-ci fəsildə sanki yenidən başlayır. Müəllif son dərəcə vacib bir şey demək istəyirmiş kimi bu fəsli yazmağa qərar verir. Biz artıq bilirik ki, Yəhyanın Müjdəsində, demək olar, hər şey ikiqat məna daşıyır: biri zahiri, digəri gizli. Buna görə də bu fəsli araşdırarkən onun tamamlanan Müjdəyə niyə əlavə edildiyini anlamağa çalışacağıq.

DİRİLMİŞ RƏBB (Yəhya 21:1-14)

Bu hekayə, şübhəsiz ki, Qalileya dənizindəki balıqçılarla yaxşı tanış olan bir şəxs tərəfindən yazılmışdır. Gecə balıq ovu üçün ən yaxşı vaxt idi. Daha əvvəl adı çəkilən «Ölkə və kitab» əsərinin müəllifi V.T.Tomson gecə balıq ovunu təsvir edir:

«Bu, möhtəşəm mənzərədir. Məşəl işığında qayıq dənizin parıldayan səthi ilə irəliləyir. Balıqçılar isə dayanıb irəliyə baxır. Balıq görən kimi cəld torlarını və ya nizələrini atırlar. Amma çox vaxt sübh tezdən sahilə qayıdan kədərli, yorğun balıqçıları görmək olar».

Burada dənizdə tez-tez baş verən hadisə təsvir edilir. Unutmayaq ki, qayıq sahildən cəmi iki yüz qulac (təxminən yüz metr) məsafədə idi. H.V.Norton şahidi olduğu oxşar hadisəni təsvir edir:

«Sahildən çox da aralıda olmayan eyni göldə iki balıqçı balıq tuturdu. Balıqçılardan biri suya girib hər dəfə boş çıxan torunu atırdı. Onun toru necə atdığını, torun hava ilə necə dolduğunu və torun qıraqlarında bərkidilən qurğuşunların bərabər cərgə ilə suya necə endiyini izləmək xoş idi. Onlar balıqçının istədiyi yerə düşərək suyun səthində yarımdairəvi xətlər buraxırdı. Sahildəki dostu qışqırdı ki, torunu sol tərəfə atsın. O, dərhal bunu etdi və bu dəfə istədiyinə nail oldu... Çox vaxt elə olur ki, əlində tor qayıqda duran balıqçı sahildə balıq sürüsünün harada üzdüyünü görən birinin məsləhətinə qulaq asmaq məcburiyyətində qalır».

İsa balıqçı dostlarına məhz həmin məsləhətçinin rolunu oynayırdı. Bugünkü günümüzdə də bunu tez-tez müşahidə etmək olar.

Ola bilsin, dan yeri sökülmədiyinə görə şagirdlər İsanı tanımadılar. Lakin İsanın sevdiyi şagird diqqətlə baxanda Rəbbi tanıdı. Peter həmin adamın Rəbb olduğunu bilən kimi özünü suya atdı. O, tamamilə çılpaq deyildi. Çünki balıqçılar balıq tutanda bellərində sarıq olurdu. Buna baxmayaraq, yəhudi qanunlarına görə, insanla salamlaşmaq dini akt idi və bu, layiqli formada edilməli idi. Ona görə də Peter İsanı birinci salamlamaq üçün geyinməyə tələsdi.

DİRİLMƏNİN GERÇƏKLİYİ (Yəhya 21:1-14 (ardı))

İndi biz tamamlanmış Müjdəyə bu qəribə fəslin niyə əlavə edilməsinin ilk tutarlı səbəbini nəzərdən keçirəcəyik. Bu fəsil Məsihin dirilməsinin reallığını göstərir. Bir çoxları deyirdilər ki, İsanın dirilməsindən sonra şagirdlərə görünməsi xəlayətdən başqa bir şey deyildi. Bir çox insan görüntünün mövcud olması ilə razılaşır, lakin yenə də onları yalnız görüntü hesab edir. Digərləri daha da irəli gedərək deyirlər ki, bunlar hətta görüntü deyil, hallüsinasiyadır. Müjdələr isə dirilmənin gerçəkliyini inandırıcı şəkildə göstərir. Qəti şəkildə vurğulayır ki, ölülərdən dirilmiş Məsih nə görüntü, nə hallüsinasiya, nə də ruh idi. O, həqiqi insan idi. Müjdələr məzarın boş olduğunu və Məsihin dirilməsindən sonra əllərində mismar izləri və böyründə nizə yaraları olan həqiqi bir bədənə sahib olduğunu bildirir. Ancaq bu hekayə daha da irəli gedir. Görüntü və ya ruh balıqçılara suda bir balıq sürüsünü göstərə bilməzdi. Çətin ki, ruh və ya görüntü sahildə ocaq qalayıb, nahar yeməyi bişirsin və dostları ilə bölüşsün. Bu hekayədə isə ölülərdən dirilən Məsih bunları edir. Yəhya qapıları bağlı halda İsanın yuxarı otağa necə girdiyindən bəhs edəndə deyir ki, «onlara əllərini və böyrünü göstərdi» (Yəhya 20:20).

Smirna imanlı cəmiyyətinə yazdığı məktubunda İqnati bu hadisə ilə bağlı olanları danışır. O yazır: «Mən bilirəm və inanıram ki, İsa hətta Dirildikdən sonra da bədəndə olub. Çünki Peterin və başqalarının yanına gələndə onlara demişdi: «Mənə toxunun və görün ki, Mən ruh deyiləm». Şagirdlər İsaya toxundular və Onun ətdən və qandan ibarət olduğuna əmin oldular... Dirildikdən sonra O, bədənə sahib olanlara xas olduğu kimi, onlarla birlikdə yemək yedi».

Bu fəslin birinci və ən mühüm məqsədi dirilmənin gerçəkliyini göstərməkdir. Dirilən İsa bir görüntü və ya kiminsə təxəyyülünün məhsulu, ruh və ya kabus deyildi, ölümə qalib gələn və yenidən qayıdan Rəbb idi.

İMANLI CƏMİYYƏTİNİN UNİVERSALLIĞI (Yəhya 21:1-14 (ardı))

Burada daha bir böyük həqiqət göstərilir. Dördüncü Müjdədə hər kiçik detal əhəmiyyətlidir. Buna görə də Yəhya balıqların dəqiq sayını — 153 olduğunu boş yerə vermiş ola bilməz. Bu hissəni səthi oxuyanlar hesab edirlər ki, balıqlar şəriklər arasında bölüşdürülməli olduğu üçün sayılmışdı. Çünki ov olduqca zəngin idi. Ancaq Yəhyanın sadə görünən hekayələrində və sözlərində dərin məna gizlətmə tərzini xatırlasaq, burada daha böyük nəyinsə olduğunu güman etməliyik.

Müxtəlif fərziyyələr var.

1. İsgəndəriyyəli Kiril deyir ki, 153 rəqəmi üç hissədən ibarətdir. Birincisi, bütpərəstlərin tam sayını bildirən 100 rəqəmi. O deyir ki, yüz tamamlanmış rəqəmdir. Çobanın tam sürüsü yüz qoyundan ibarətdir (Matta 18:12). Toxumun ən bəhrəli sayı yüz dəfə çox olmasıdır. Buna görə də yüz rəqəmi Məsihə gətiriləcək bütpərəstlərin tam sayıdır. İkincisi, 50 rəqəmi. Bu, toplanacaq İsrail qalıqlarının sayını göstərir. Üçüncüsü, Üçlük mənasını verən 3 rəqəmi. Hər şey Üçlüyün izzəti üçün baş verir.

2. Müqəddəs Avqustin başqa bir izahat verir. O deyir ki, 10 qanunun sayıdır. Çünki qanun On Əmrdən ibarətdir. 7 lütf rəqəmidir, çünki Ruhun ənamları yeddi qatdan ibarətdir. On üstəgəl yeddi 17 edir. 153 isə 1-dən 17-yə kimi rəqəmlərin cəmidir. Beləcə qanun və ya lütf əsasında İsa Məsihə üz tutanların hamısının sayını göstərir.

3. Ən sadə izahı İyeronim verir. O deyir ki, dənizdə 153 növ balıq var və ov bütün növləri təmsil edir. Buna görə də bir gün bütün xalqlardan olan insanların Məsihin ətrafına toplanacağı mənasını verir.

Biz daha bir məsələyə də diqqət yetirməliyik. Bu qədər balıq bir tora yığılmışdı və tor cırılmadı. Tor İmanlı Cəmiyyətini simvollaşdırır, orada bütün xalqlardan olan insanlar üçün yer var. Hətta bütün insanlar gəlsə belə, onların hamısı üçün yer olacaq və İmanlı Cəmiyyəti hamını əhatə edə biləcək.

Burada Yəhya bizə məcazi mənada İmanlı Cəmiyyətinin universallığı haqqında danışır. Burada heç bir istisnalıq, irqçilik və ya hər hansı digər antaqonizm33 yoxdur. Onun əhatə dairəsi Allahın İsa Məsihdə olan məhəbbətindən daha universal deyil. Məhz Peterin toru sahilə çıxarması bizə bu fəslin, ümumiyyətlə, nə üçün yazıldığını və Müjdəyə əlavə edildiyini göstərir.

15-19

MƏSİHİN QUZULARININ ÇOBANI (Yəhya 21:15-19)

Burada Peterin ömrünün sonuna kimi yaddaşında həkk olunmuş bir səhnə canlanır.

1. Əvvəlcə İsanın Peterə verdiyi suala baxmalıyıq: «Ey Yəhya oğlu Şimon, Məni bunlardan çox sevirsənmi?» Sualın bu şəkildə verilməsi iki məqamı ifadə edə bilər.

a) Ola bilsin, İsa əlini qayığa, torlara uzadaraq belə deyib: «Sən Məni bütün bunlardan daha çox sevirsənmi? Xalqıma və Mənə xidmət etmək üçün uğurlu karyerandan, rahatlığından və öz işindən imtina etməyə hazırsanmı?» Bu, bütün həyatını Müjdəni təbliğ etməyə, Məsihin xalqının qayğısına qalmağa həsr etməyə son qərarı vermək üçün Peterə çağırış ola bilərdi.

b) Ola bilsin, İsa digər şagirdlərə baxıb Peterdən soruşdu: «Peter, sən Məni digər şagirdlərdən daha çox sevirsənmi?» Bəlkə də İsa Peterin «Hamı Səni atıb getsə də, mən əsla atıb getməyəcəyəm» (Matta 26:33) dediyi gecəni xatırlayıb. Ola bilsin, İsa Peterə bir vaxtlar yalnız onun İsaya sadiq qalacağını düşündüyünü, sonra isə necə geri çəkildiyini xatırladıb. Çox güman, ikinci məna daha uyğundur. Çünki cavabında Peter müqayisə aparmır, yalnız sadə cavabla kifayətlənir: «Bəli, ya Rəbb, Səni sevdiyimi bilirsən».

2. İsa bu sualı üç dəfə verdi. Bunun da öz səbəbi var idi. Peter İsanı üç dəfə inkar etdi, Rəbb də ona sevgisini sübut etmək üçün üç dəfə şans verdi. İsa lütf göstərərək Peterə üç dəfə inkarını üç dəfə məhəbbət bəyanı ilə silmək şansı verdi.

3. Peterin məhəbbətinin ona nə qazandırdığına diqqət yetirməliyik.

a) Ona bir tapşırıq qazandırdı. İsa dedi: «Əgər Məni sevirsənsə, həyatını quzularıma həsr elə». Biz Rəbbi sevdiyimizi yalnız başqalarına məhəbbət göstərməklə sübut edə bilərik. Sevgi dünyada ən böyük üstünlükdür. O, həm də özü ilə birlikdə böyük məsuliyyət daşıyır.

b) Məhəbbət Peterə Çarmıx gətirdi. İsa ona dedi: «...cavan olanda qurşağını özün bağlayıb istədiyin yerə gedərdin, amma qocalanda əllərini uzadacaqsan və başqası sənin qurşağını bağlayıb istəmədiyin yerə aparacaq» (21:18). Vaxt gəldi, Peter Romada Rəbb uğrunda öldü. Onu da Çarmıxa çəkdilər. Lakin o, başıaşağı Çarmıxa çəkilməsini istədi, çünki özünü Məsihin öldüyü kimi ölümə layiq görmədi. Məhəbbət Peterə tapşırıq və Çarmıx gətirdi. Məhəbbət həmişə məsuliyyətə bağlıdır və həmişə qurbanla əlaqələndirilir. İsanın tapşırığını və Çarmıxını qəbul etməyə hazır olmayana qədər biz Məsihi həqiqətən sevmiş olmuruq.

Yəhya bu hadisəni təsadüfən qeydə almayıb. O, Peteri Məsihin sürüsünün böyük çobanı kimi göstərmək istəyirdi. Erkən İmanlı Cəmiyyətində insanların həvariləri müqayisə etməsi mümkündür, bəlkə də qaçılmaz hal idi. Bəziləri həvarilərdən Yəhyanın, bəziləri Paulun daha nüfuzlu olduğunu söyləyirdi. Çünki Paul Məsih üçün dünyanın ucqarlarına qədər gedirdi. Lakin bu fəsil Peterin xüsusi yer tutduğunu göstərir. Peter nə Yəhya kimi danışır və yazır, nə də Paul kimi uzaq səyahətlərə çıxırdı. Lakin ona Məsihin quzularının çobanı olmaq kimi şərəfli və gözəl vəzifə verilmişdi. Biz də onun izi ilə gedə bilərik. Ola bilsin, biz də Yəhya kimi düşünə, Paul kimi dünyanın ucqarlarına gedə bilməyək. Amma hər birimiz başqasına yolunu azmamaqda kömək edə bilər. Hər birimiz Məsihin otlaqlarında Məsihin quzularını bəsləyə bilər.

20-24

MƏSİH HAQQINDA ŞƏHADƏT (Yəhya 21:20-24)

Bu hissə aydın şəkildə göstərir ki, Yəhya, böyük ehtimalla, çox yaşamışdır. Məsihin gəlişinə qədər onun ölməyəcəyi haqqında şayiə yayılanda o, hələ sağ idi. Əvvəlki hissə Peterin yerini müəyyənləşdirdiyi kimi, bu hissə də Yəhyanın yerini müəyyənləşdirir. Onun xidməti Məsih haqqında şəhadət etməsi idi. Yenə də erkən İmanlı Cəmiyyətində adamlar həvarilərin xidmətlərini müqayisə edirdilər. Yəqin ki, onlar Paulu göstərib, onun uzaq ölkələrə necə səyahət etdiyi barədə danışırdılar. Onlar Peterə işarə edərək onun Məsihin sürüsünün qayğısına qaldığını söyləyirdilər. Sonra isə yəqin maraqlanırdılar ki, qocalana qədər Efesdə yaşamağa davam edən Yəhyanın xidməti nədir? Cavab belədir: Paul Məsihin xidmətinin təşəbbüskarı, Peter Onun çobanı, Yəhya isə Onun şahidi idi. Yəhya «…biz Onu eşitdik, gözlərimizlə gördük, seyr etdik və əllərimizlə hiss etdik» deyə bilən biri idi.

Bu günə qədər məsihçilik üçün ən güclü arqument şəxsi təcrübədir. Bu gün də əsl məsihçi «Mən İsanı tanıyıram və bunların həqiqət olduğunu bilirəm» deyə bilən biridir.

Beləliklə, bu Müjdə sonda İmanlı Cəmiyyətinin iki böyük xidmətçisini ortaya çıxarır — həvari Peteri və həvari Yəhyanı. Rəbb İsa onların hər birinə xüsusi tapşırıq verdi. Peterə deyildi ki, Məsihin quzularını bəsləsin, sonda Məsih üçün canını versin. Yəhyaya Məsih üçün şəhadət etmək və lap qoca yaşında ömrünü sülh içində başa vurmaq tapşırıldı. Bu onları şərəf və nüfuza görə rəqib, birini digərindən üstün etmədi. Əksinə, hər ikisini Məsihin xidmətçisi etdi.

Qoy insan Məsihə Məsihin qoyduğu yerdə xidmət etsin! Necə ki İsa Peterə dedi: «Başqalarından sənə nə? Sənin işin Mənim ardımca gəlməkdir». İsa bu sözü hər birimizə deyir. Bizim nüfuzumuz özümüzü başqaları ilə müqayisə etməkdə deyil, Məsihin bizə verdiyi qabiliyyətlərə uyğun olaraq Ona xidmət etməkdədir.

25

QEYRİ-MƏHDUD MƏSİH (Yəhya 21:25)

Bu son fəsildə dördüncü Müjdənin müəllifi onu yazdığı İmanlı Cəmiyyətinə böyük həqiqətləri açıqlayır. O, imanlılara Dirilmənin reallığını, İmanlı Cəmiyyətinin universallığını, Peter və Yəhyanın şöhrət və nüfuz uğrunda rəqib olmadıqlarını, Peterin böyük çoban, Yəhyanın isə böyük şahid olduğunu xatırladır. İndi o, fikrini bir daha İsa Məsihin böyüklüyünə yönəldərək müjdəni tamamlayır. Məsih haqqında bildiklərimiz Onun haqqında biləcəyimiz hər şeyin yalnız bir hissəsidir. Yaşadığımız möcüzələr hələ görmədiklərimizlə müqayisədə heç nədir. İnsani kateqoriyalar Məsihi təsvir etmək gücündə deyil, insani kitablar Onu səhifələrinə sığdıra bilməz. Buna görə də Yəhya Müjdəsini İsa Məsihin saysız-hesabsız qələbələri, tükənməz gücü və sonsuz lütfünün təsviri ilə bitirir.


  1. Kameya — daş və ya balıqqulağından qayırılan bəzək.↩︎

  2. İyirmi beş ya otuz stadi — təqribən 5-6 km.↩︎

  3. Emanasiya (son lat. emanatio — axma, yayılma) — neoplatonizmdә işlənmiş fəlsəfi anlayış, universumun yüksək və mükəmməl ontoloji pilləsindən aşağı pilləsinə keçid. İnkişaf növü kimi emanasiya yüksəliş və tәkmillәşmәnin əksidir.↩︎

  4. Avqustín Avréli (lat. Aurelius Augustinus Hipponensis) (354–430) — qərb Məsihçiliyinin ən böyük ilahiyyatçılarından və filosoflarından biri, İmanlı Cəmiyyətinin müqəddəs atası, 395-ci ildən Hippon şəhərinin yepiskopu. Onun təlimi bir neçə yüzillik ərzində Qərb imalı cəmiyyətinin ideologiyasının əsasını təşkil etmişdir.↩︎

  5. Tit Flavi Domisian (24 oktyabr 51, Roma — 18 sentyabr 96, Roma) — Roma imperatoru (81–96), Flavilər sülaləsinin son nümayəndəsi.↩︎

  6. Lionlu İriney — (İrinéus, yun: Εἰρηναῖος, təq. 130, İzmir — təq. 202, Lion) — ilk imanlı cəmiyyətinin atalarından, ilahiyyatçılarından və apologetlərindən biri. Onun əsərlərinin məsihçi ilahiyyatının formalaşmasına böyük təsiri olmuşdur. Rəvayətlərə görə o erkən məsihçiliyin məşhur nümayəndəsi, həvari Yəhyanın tələbəsi Polikarpdan dərs almışdır.↩︎

  7. Romalı Müqəddəs İoann Kassian «dünyanın paytaxtı» — Romadan idi. O, təxminən 350-ci ildə Qalli bölgəsində, Marsel şəhərində, dindar, nəcib insanlar ailəsində anadan olmuşdur. Məhz həmin dövr Şərqdə məsihçi yazısının, duxoborizmin və monastizmin çiçəklənməsi ilə tarixə damğasını vurdu.↩︎

  8. Stridonlu İyeronim — (lat. Sophronius Eusebius Hieronymus; d.t. təxminən 345 və ya 347, Stridon, Dalmatiya — 30 sentyabr, ö.t. 419 və ya 420, Bet-Lexem; Müqəddəs İyeronim) — latın atalarının ən tanınmış kilsə atalarından biri, kilsə yazarı, Müqəddəs kitabı latın dilinə çevirəni, rahibi. Həm Katolik, həm də Ortodoks kilsəsinin müqəddəsidir.↩︎

  9. Assurişünas — assurologiya üzrə mütəxəssis; Qədim Aşşur, Babil və Mesopotamiyanın dillərini, yazılarını, mədəniyyətlərini və tarixini tədqiq edən alim.↩︎

  10. Fuqa — bir musiqi mövzusunun ardıcıl surətdə müxtəlif səslərlə təkrarından ibarət musiqi forması.↩︎

  11. Avqustin Avreli (lat. Aurelius Augustinus Hipponensis) (354–430) — qərb məsihçiliyinin ən böyük ilahiyyatçılarından və filosoflarından biri, Məsihçi Cəmiyyətinin müqəddəs atası, 395-ci ildən Hippon şəhərinin yepiskopu. Onun təlimi bir neçə yüzillik ərzində Qərb imanlı cəmiyyətinin ideologiyasının əsasını təşkil etmişdir.↩︎

  12. Avanqard — 1. əsas qüvvənin qabağında gedən qoşun hissəsi; 2. məc. qabaqcıl dəstə.↩︎

  13. Kolofonlu Ksenofanes (m. ö. 570, Kolofon — m. ö. 475 , Elea) — qədim yunan şairi və filosofu. Elea məktəbinin ilk filosofu hesab edilir.↩︎

  14. Apuleyus, rusca Apuley (lat. Apuleius Lucius, təxminən m. 125–170) — Qədim Roma yazıçısı, şairi, orta platonçu filosof. Roma imperiyasının Afrika əyalətinin Madavr şəhərində doğulub. Məşhur "Metamorfozalar" ("Qızıl eşşək") romanının müəllifi.↩︎

  15. Publi Kanidi Krass — Roma sərkərdəsi (e.ə. 1 əsr), konsul (e.ə. 40 il). E.ə. 36-34 illərdə Roma qoşunlarının Cənubi Qafqaza hücumuna başçılıq etmişdir. Dion Kassinin yazdığına görə, iberləri məğlub etdikdən sonra onlarla ittifaq bağlayıb Qafqaz Albaniyasına soxulmuşdur. E.ə. 36-cı ilin sonunda baş vermiş döyüşdə Zoberin rəhbərlik etdiyi alban qoşunu məğlub oldu. Zober Romanın vassallığını qəbul etdi.↩︎

  16. Lionlu İriney (təq. 130, İzmir — təq. 202, Lion) — ilk kilsə atalarından, ilahiyyatçılarından və apologetlərindən biridir. Onun əsərlərinin məsihçi ilahiyyatının formalaşmasına böyük təsiri olmuşdur. Rəvayətlərə görə, o erkən məsihçiliyin məşhur nümayəndəsi, həvari Yəhyanın tələbəsi Polikarpdan dərs almışdır.↩︎

  17. Aparteid, apartheyd (afrikaans dilində apartheid — ayrı yaşamaq) — irqi ayrı-seçkiliyin ən kəskin formasıdır. Bir qrup əhalinin yaşamaq üçün zəruri olan hər şeydən məhrum edilməsidir. Aparteid genosidi xatırladır və onun bir növüdür.↩︎

  18. Seqreqasiya (lat. segregatio — ayrılma) — əhalinin bir qrupunun cəmiyyətdən müəyyən əlamətlərə görə zorla ayrılması siyasətidir. Dini və irqi diskriminasiyanın bir forması kimi qəbul edilir.↩︎

  19. Pariya — 1. hindlilərdə: hər hansı bir ictimai və dini hüquqdan məhrum edilmiş adam; 2. məc. kölə, məzlum, səfil.↩︎

  20. Qumlaqçı — çəki balıqları fəsiləsindən kiçik çay balığı.↩︎

  21. Rododendron — dağ yerlərində bitən gözəl çiçəkli kol-bitki.↩︎

  22. Buxta — kiçik körfəz.↩︎

  23. Paştet — quş ətindən, adi ətdən, böyrəkdən və göbələkdən xüsusi üsul ilə hazırlanan qiymə; içinə belə qiymə qoyulmuş piroq.↩︎

  24. Artur Şopenhauer (alm. Arthur Schopenhauer‎; 22 fevral 1788, Qdansk, Reç Pospolita — 21 sentyabr 1860, Frankfurt-Mayn, Azad Frankfurt şəhəri, Almaniya ittifaqı) — fəlsəfə tarixində pessimist alim kimi tanınan alman filosof.↩︎

  25. Snobizm — özünü aristokratlara oxşatmağa çalışma.↩︎

  26. İsgəndəriyyəli Kirill (376, Əl-Məhəllə əl-Kübra, əl-Qərbiyyə mühafəzəsi — 27 iyun 444, İsgəndəriyyə) — IV–V əsrlərdə İsgəndəriyyə yepiskopu, məsihçi müqəddəsi, ilahiyyatçı.↩︎

  27. Vulqata (latın dilində versio vulgata — populyar versiya) Stridonlu İyeronim (340-420) tərəfindən yerinə yetirilən Müqəddəs Kitabın tərcüməsidir.↩︎

  28. Kənançı — Romalılara qarşı müqəddəs müharibəyə hazırlaşan yəhudi millətçi təşkilatının üzvünə verilən ad.↩︎

  29. Mərsin — ağ çiçəkli, həmişəyaşıl kol-bitki.↩︎

  30. Aristid — (təq. e.ə. 540 — e.ə. 467, Afina) — Yunan-İran müharibələri dövründə Afinanın siyasi və hərbi xadimi.↩︎

  31. Dissident — mövcud siyasi rejimi qəbul etməyən; hakim ideologiyaya qarşı çıxan; fərqli düşünən açıqfikirli adam.↩︎

  32. Prokonsul — qədim Romada canişin, hakim.↩︎

  33. Antaqonizm — barışmaz ziddiyyət; daban-dabana əks olan dünyagörüşü, ideologiya və s.-nin barışmaz mübarizəsi↩︎

Azərbaycan dilində Müqəddəs Kitab

İsa göl kənarında
1 Bu hadisələrdən sonra İsa Tiberiya gölünün kənarında yenə şagirdlərə göründü. Bu belə oldu: 2 Şimon Peter, «Əkiz» adlanan Tomas, Qalileyanın Qana kəndindən olan Natanael, Zavdayın oğulları və Onun başqa iki şagirdi birlikdə idi. 3 Şimon Peter onlara «balıq ovuna gedirəm» dedi. O birilər də ona «biz də səninlə gedirik» dedilər. Onlar gedib qayığa mindilər, amma o gecə bir şey tuta bilmədilər. 4 Günəş doğarkən İsa sahildə dayanmışdı, amma şagirdlər Onun İsa olduğunu bilmədilər. 5 İsa onlara dedi: «Uşaqlar, yeməyə bir şey tutmusunuzmu?» Ona «xeyr» deyə cavab verdilər. 6 İsa yenə dedi: «Toru qayığın sağ tərəfinə atın, orada tapacaqsınız». Eləcə də atdılar və o qədər balıq tutdular ki, toru çəkə bilmirdilər. 7 Onda İsanın sevimli şagirdi Peterə «Bu, Rəbdir» söylədi. Şimon Peter Onun Rəbb olduğunu eşidən kimi əynindən çıxartdığı üst paltarına bürünüb gölə atıldı. 8 O biri şagirdlər isə balıq torunu çəkə-çəkə qayıqda gəldilər, çünki sahildən uzaq deyildilər, cəmi iki yüz qulac məsafədə idilər.
9 Onlar quruya çıxanda orada közərmiş ocağı, onun üzərinə qoyulmuş balığı və yanında olan çörəyi gördülər. 10 İsa onlara dedi: «İndi tutduğunuz balıqlardan gətirin». 11 Şimon Peter qayığa minib yüz əlli üç böyük balıqla dolu toru quruya çəkdi. Balıq lap çox olsa da, tor yırtılmadı. 12 İsa onlara dedi: «Gəlin, səhər yeməyi yeyin». Şagirdlərdən heç biri Ondan «Sən kimsən?» deyə soruşmağa cəsarət etmirdi, çünki Onun Rəbb olduğunu bilirdilər. 13 İsa gəlib çörəyi götürdü və onlara verdi, eləcə balığı da verdi. 14 İsa ölülər arasından dirildikdən sonra artıq üçüncü dəfə idi ki, şagirdlərə görünürdü.
İsanın Peterlə söhbəti
15 Səhər yeməyindən sonra İsa Şimon Peterə dedi: «Ey Yəhya oğlu Şimon, Məni bunlardan çox sevirsənmi?» Peter ona dedi: «Bəli, ya Rəbb, Səni sevdiyimi bilirsən». İsa ona dedi: «Quzularımı bəslə». 16 İkinci dəfə yenə Peterə dedi: «Ey Yəhya oğlu Şimon, Məni sevirsənmi?» O da İsaya dedi: «Bəli, ya Rəbb, Səni sevdiyimi bilirsən». İsa ona dedi: «Quzularımı otar». 17 Üçüncü dəfə Peterə dedi: «Ey Yəhya oğlu Şimon, Məni sevirsənmi?» Peter üçüncü dəfə İsanın ona «Məni sevirsənmi?» sualını verməyinə kədərləndi və Ona dedi: «Ya Rəbb, Sən hər şeyi bilirsən, Səni sevdiyimi bilirsən». İsa ona dedi: «Quzularımı bəslə. 18 Doğrusunu, doğrusunu sənə deyirəm: cavan olanda qurşağını özün bağlayıb istədiyin yerə gedərdin, amma qocalanda əllərini uzadacaqsan və başqası sənin qurşağını bağlayıb istəmədiyin yerə aparacaq». 19 İsa bunu ona görə söylədi ki, Peterin necə öz ölümü vasitəsilə Allahı izzətləndirəcəyinə işarə etsin. Bunu söylədikdən sonra ona «ardımca gəl» dedi.
20 Peter də arxaya dönüb İsanın sevimli şagirdinin onların ardınca gəldiyini gördü. Bu həmin şagird idi ki, axşam yeməyi zamanı İsanın sinəsinə əyilib «Ya Rəbb, Sənə xəyanət edəcək adam kimdir?» demişdi. 21 Peter bu şagirdi görüb İsaya dedi: «Ya Rəbb, bəs o necə olacaq?» 22 İsa ona dedi: «Əgər Mən gələnə qədər onun sağ qalmasını istəyirəmsə, bundan sənə nə? Sən ardımca gəl». 23 Beləcə o şagirdin ölməyəcəyi barədə imanlı bacı-qardaşlar arasında söz yayıldı. Amma İsa onun ölməyəcəyini deməmişdi, sadəcə olaraq «Əgər Mən gələnə qədər onun sağ qalmasını istəyirəmsə, bundan sənə nə?» demişdi.
24 Bu hadisələrə şəhadət edərək bunları yazan həmin şagirddir. Biz də bilirik ki, onun şəhadəti etibarlıdır.
25 İsanın etdiyi çoxlu başqa şeylər də var. Əgər bunlar da bir-bir yazılsaydı, fikrimcə, yazılan kitablar heç dünyaya sığmazdı.