Barclay
KİTABLARAudio kitablarHekayələrİlahilərFilmlər və cizgi filmləriXilas haqqında müjdəXoş xəbər hekayələri

Yəhyanın müjdəsi: 20-ci fəsil

V. Barklinin şərhləri

20-ci fəsil

1-10

HEYRƏTAMİZ SEVGİ (Yəhya 20:1-10)

Heç kim İsanı Məcdəlli Məryəm qədər sevmirdi. İsa onun üçün heç kimin edə bilmədiyi bir şey etdi, Məryəm də bunu unutmadı. Rəvayətə görə, Məryəm pis ad çıxarmışdı, lakin İsa onu bərpa etdi, bağışladı və təmizlədi.

İsrailin adətinə görə, ölülər dəfn edildikdən sonra üç gün ərzində ziyarət edilirdi. İnsanlar inanırdılar ki, mərhumun ruhu üç gün ərzində qəbirin ətrafında dolanır, sonra isə oradan uzaqlaşır, çünki cəsəd parçalanma prosesindən tanınmaz hala düşür. İsanın dostları ertəsi gün Şənbə olduğuna görə qəbiri ziyarət edə bilmirdilər. Çünki Şənbə günü səyahət etmək qanuna zidd idi.

Məryəm qəbirin yanına Şənbə günü deyil, həftənin birinci günü, yəni bazar günü gəlmişdi. O, sübh tezdən, səhər saat 3-6 arasında gəlmişdi. Dan yeri hələ sökülməmişdi, lakin Məryəm dözməyib bağçaya, qəbirin yanına gəlmişdi.

Oraya gələndə gördüklərindən heyrətləndi. O dövrdə qəbirlərin qapısı olmurdu, qəbirin girişində kiçik bir çuxur qazılırdı. Sonra təkərə bənzər nəhəng bir daşı götürüb çuxur boyunca yuvarlayır və məzarın girişini bağlayırdılar. Bundan əlavə, Mattanın dediyi kimi, başçılar qəbirin qarşısında keşikçi dəstəsi qoyub, qəbir daşına möhür basdılar ki, heç kəs daşa toxunmağa cürət etməsin (Matta 27:66). Məryəm daşın yuvarlandığını görəndə çox təəccübləndi. Onun ağlına iki şey gələ bilərdi: ya yəhudilər İsanın Çarmıxda əzab çəkməsi ilə kifayətlənməyərək, Onun cəsədini təhqir etmək üçün oradan götürüb, ya da qənimət axtarışında olan oğrular cəsədi oğurlayıblar.

Məryəm başa düşdü ki, burada təkbaşına nəsə edə bilməyəcək. O, Peter və Yəhyanı tapmaq üçün şəhərə qayıtdı. Məryəm heç nə başa düşmədikdə belə, sevməyi və inanmağı bacaran nadir insanlardan biri idi. Məhz bu cür məhəbbət və iman sonda izzətə nail olur.

BÖYÜK VƏHY (Yəhya 20:1-10 (ardı))

Bu hekayədə ən çox təsir edən Peterin hələ də həvarilərin böyüyü kimi qəbul edilməsidir. Məryəm Peterin yanına qaçdı. Onun Məsihi inkar etməsinə baxmayaraq (belə xəbər tez yayılmalı idi), Peter hələ də həvarilərin böyüyü olaraq qalırdı. Biz çox vaxt Peterin büdrəməsindən danışırıq, amma yıxıldıqdan sonra həmkarlarının gözlərinə baxa bilən bir adamda diqqətəlayiq nəsə olmalı idi. İflasa uğradıqdan sonra başqalarının onu hələ də özlərinə başçı kimi görmək istəməsində nəsə olmalı idi. Qoy Peterin müvəqqəti zəifliyi bizim nəzərimizdə onun mənəvi gücünü və lider kimi doğulduğu faktını aşağı salmasın.

Beləliklə, Məryəm Peterlə Yəhyanın yanına qaçdı. Onlar Məryəmdən məsələnin nə olduğunu öyrənən kimi tələsik məzarın yanında yollandılar. Onlar nəinki oraya yollandılar, hətta qaça-qaça getdilər. Peterdən yaşca, çox güman, kiçik olan Yəhya (çünki əsrin sonlarına qədər yaşamışdı) Peteri qabaqladı və qəbirə birinci gəlib çatdı. O, əyilib içəri baxsa da, içəri girmədi. Peter isə özünəməxsus impulsivliyi ilə məzara girdi və orada gördüklərindən təəccübləndi. Peter təəccüb içində qalsa da, Yəhya nəsə başa düşməyə başladı: əgər soyğunçular İsanın cəsədini aparıblarsa, onda nə üçün kətan bezləri və Onun başına sarılmış dəsmalı qoyub gediblər?

Yəhya öz-özünə düşünərkən onun diqqətini başqa bir şey çəkdi: kətan bezlər nizamsız şəkildə deyildi, onlar elə qoyulmuşdu ki, sanki onlara heç kim toxunmamışdı, yəni cəsəd onlara sarıldığı zaman üzərində necə büküşlər qalarsa, o cür qalmışdı. Yunan dilində məhz belə də deyilir: kətan bezlər toxunulmamış qalmışdı və dəsmal kətan bezlərin yanında deyil, başqa bir yerdə bükülü qalmışdı. Bu mənzərənin ətraflı təsvirinin mənası ondadır ki, kətan bezlər və dəsmal İsanın sanki onların içindən sivişib çıxaraq yerdə qalmışdı. Yəhya nə baş verdiyini qəfildən anladı və iman etdi. Ona görə yox ki, o, bu barədə Müqəddəs Yazılardan oxumuşdu, ona görə ki, hər şeyi öz gözləri ilə gördü.

Bu hekayədə sevgi müstəsna rol oynayır. Rəbbi hamıdan çox sevən Məryəm qəbirə birinci gəldi; Rəbbin sevimli şagirdi, həmçinin İsanı çox sevən Yəhya Onun Dirilməsinə birinci inandı. Şübhəsiz ki, bu hadisə onun həyatında əbədi olaraq ən sevincli an kimi qaldı. Axı nə baş verdiyini ilk anlayan və iman edən o idi. Sevgi onun gözlərini Dirilmənin olduğuna açdı və dirilmə faktını qəbul etmək üçün qəlbinə toxundu. Yəhya baxdı, başa düşdü və inandı.

Burada daha böyük həyat prinsipi görürük. Biz başqasının düşüncələrini bilə bilmərik, əgər bütün varlığımızla ona yaxın olmasaq. Məsələn, dirijor bəstəkarın əsəri ilə yaxından tanış olmayanda, bəstəkarın hisslərini orkestr vasitəsilə başqalarına çatdıra bilməz. Ən yaxşı təfsirçi sevgidir. Ağıl qeyri-müəyyənliyin qaranlığında dolaşarkən, sevgi həqiqəti kəşf edir. Tədqiqat nəyəsə kor-koranə yanaşarkən, sevgi onun mənasını kəşf edir.

Günlərin bir günü gənc rəssamlardan biri çəkdiyi Məsihin portretini Dorenin yanına gətirir ki, onu qiymətləndirsin. Dore cavab verməkdə əvvəlcə tərəddüd etsə də, sonda yalnız bir kəlmə işlədir: «Sən Onu sevmirsən, əks halda, Onu daha yaxşı təsvir edərdin». Biz ürəyimizi İsaya verməyənə qədər Onu nə sevə, nə də başqalarına anlada bilərik.

11-18

GÖZLƏRİN AÇILMASI (Yəhya 20:11-18)

Bəziləri bu hadisəni bütün ədəbiyyatda ən böyük təsdiq adlandırırlar. Məcdəlli Məryəm Dirilmiş Məsihi ilk görən insan kimi böyük şərəfə nail olmuşdur.

Bütün bunlar sevgidən irəli gəlir. O, qəbrin yanına getdi. Sonra Peterlə Yəhyaya xəbər vermək üçün onların yanına tələsdi. Görünür, onlar qəbirə tərəf qaçanda Məryəm onlardan geri qalmışdı. Bir qədər sonra Məryəm oraya çatanda, şagirdlər artıq orada yox idilər. Beləcə Məryəm qəbirin yanında qalıb ağladı. Məryəmin İsanı tanımamasının gizli səbəblərini axtarmağa ehtiyac yoxdur. Çünki ən sadə və aydın fakt bizə göstərir ki, o, göz yaşlarına qərq olduğu üçün Onu tanıya bilmədi. Məryəmin bağban zənn etdiyi Biri ilə söhbəti İsanı nə qədər sevdiyini göstərir: «Ağa, əgər Onu Sən aparmısansa, hara qoyduğunu mənə söylə, mən də Onu götürüm». O, İsanın adını çəkmədi. Fikirləşdi ki, hamı onun Kimdən danışdığını bilməlidir. Onun düşüncələri o qədər İsa ilə məşğul idi ki, yer üzündə artıq onun üçün başqa heç kim mövcud deyildi.

«...mən də Onu götürüm». O, qadın gücü ilə bunu necə edəcəkdi? Doğrudanmı Məryəm İsanın cəsədini götürəcəkdi? Onu hara aparacaqdı? O, bu çətinliklər barədə heç düşünmürdü də. Onun tək arzusu İsaya olan sevgisini göstərərək doyunca ağlamaq idi. Bağban zənn etdiyi Şəxslə söhbətini bitirən kimi yenidən üzünü qəbirə tərəf tutdu, onda arxasını İsaya çevirmiş oldu. Bu vaxt tək bir söz eşitdi: «Məryəm!» Məryəm dərhal cavab verdi: «Rabbuni!» (Rabbuni — ravvin sözünün aramicə formasıdır, mənası müəllim, ustad deməkdir; onların arasında heç bir fərq yoxdur).

Beləliklə, Məryəmin orada İsanı dərhal tanımamasının iki sadə səbəbini gördük.

1. O, ağladığı üçün Onu tanıya bilmədi. Məryəmin göz yaşları onun gözlərini kor etmişdi, buna görə o, yaxşı görə bilmirdi. Əziz insanımızı itirəndə ağrı-acıya qərq oluruq və göz yaşlarımız gözlərimizi tutur. Amma unutmayaq ki, belə anlarda bizim göz yaşlarımız xudbin olur, çünki biz tənha qaldığımıza, itirdiyimizə və daxilimizdə boşluq hiss etdiyimizə görə, yəni özümüzə görə ağlayırıq. Biz ölən adam üçün ağlamırıq, özümüz üçün ağlayırıq. Bu, təbii və qaçılmazdır. Ancaq eyni zamanda göz yaşlarımızın bizi kor etməsinə imkan verməməliyik ki, cənnət və əbədi həyatın izzətini görə bilək. Göz yaşları olmalıdır, amma onlar vasitəsilə biz izzəti görməliyik.

2. Məryəm başqa istiqamətə baxdığına görə İsanı tanımadı. O, gözlərini məzardan çəkə bilmirdi, buna görə də arxası İsaya tərəf çevrilmişdi. Biz də bəzən Məryəm kimi oluruq. Belə hallarda bizim də gözümüz qəbirin rütubətli torpağına dikilir; ancaq gözümüzü oradan çəkməliyik. Sevdiklərimiz orada deyil, onların fani bədənləri qəbirdə olsa da, özləri İsa ilə cənnətdədir, Allahın izzəti ilə üz-üzədir. Həyatımıza kədər gələndə göz yaşlarımızın göylərin əzəmətini pərdələməsinə imkan verməməliyik, cənnəti bizə unutduracaq qədər gözümüzü torpağa dikməməliyik.

Pastorlardan biri günlərin bir günü nə məsihçi inancı, nə də məsihçi əlaqəsi olan insanlar üçün dəfn mərasimi keçirməli olur. O bu barədə belə danışırdı: «Vidalaşma mərasimi bitəndə gənc qadınlardan biri tabuta baxıb hönkürə-hönkürə dedi: «Əlvida, ata!» Məsihçi ümidi olmayanlar üçün son belədir». Bizim üçünsə bu, «Hələlik, Allahla görüşənədək!» deməkdir. Sözün əsl mənasında isə «tezliklə görüşərik» deməkdir.

XOŞ XƏBƏRİN YAYILMASI (Yəhya 20:11-18 (ardı))

Bu hissədə çətin olan bir məqam var. Məryəm İsanı tanıyandan sonra İsa ona dedi: «Mənə toxunma, çünki Mən hələ Atanın yanına qalxmamışam…» Ancaq bir neçə ayədən sonra görürük ki, İsa Tomasdan Ona toxunmasını xahiş edir (Yəhya 20:27). Lukanın Müjdəsində biz görürük ki, İsa şagirdlərini Ona toxunaraq əllərinə, ayaqlarına baxmağa dəvət edir: «Əllərimə və ayaqlarıma baxın. Bu — Mən Özüməm! Mənə toxunun və baxın, çünki Məndə olduğunu gördüyünüz kimi ruhun əti və sümüyü olmur» (Luka 24:39). Mattanın Müjdəsində oxuyuruq ki, şagirdlər İsa ilə görüşəndə ​​»...İsanın ayaqlarına sarılaraq Ona səcdə qıldılar» (Matta 28:9). Yəhyanın Müjdəsində isə hətta ifadənin özü belə çətindir. Yəhyanın Müjdəsində İsa deyir: «Mənə toxunma, çünki Mən hələ Atanın yanına qalxmamışam», sanki Atanın yanına qalxsaydı, Ona toxunmaq olardı. Bu hissə üçün heç bir izahat qənaətbəxş deyil.

1. Bəzi məsihçi alimləri bu məsələyə ruhani cəhətdən yanaşırlar. Deyirlər ki, İsa Məsihə yalnız Onun Göyə qalxmasından sonra toxunmaq olar. Həm də əhəmiyyətli olan fiziki, əl ilə toxunuş deyil, ölülərdən dirilən və əbədi yaşayan Rəblə iman vasitəsilə təmasdır. Təbii ki, bu, doğru və önəmlidir. Amma bizə elə gəlir ki, burada söhbət başqa şeydən gedir.

2. Arami dilindən yunanca tərcümədə səhv olduğu deyilir. İsa, əlbəttə ki, arami dilində danışırdı. Yəhya bizə Məsihin sözlərini orijinal arami dilindən yunanca tərcüməsində çatdırır. Buna görə güman edilir ki, İsa əslində belə demişdir: «Mənə toxunma, ancaq Mən Atamın yanına qalxmamış, get, qardaşlarıma söylə». Başqa sözlə: «İndi sevincindən Mənə səcdə etməyə vaxt itirmə, get sevincini digər şagirdlərlə bölüş». Bəlkə də ən düzgün izahat budur. Yunan dilində indiki zamanda əmr forması «Mənə toxunma» mənasını verməlidir, yəni «Məndən yapışıb qalma, çünki Mən tezliklə Atanın yanına gedəcəyəm. Mən göyə qaldırılmazdan əvvəl şagirdlərimlə mümkün qədər tez-tez görüşmək istəyirəm. Get, onlarla bizim sevincimizi bölüş. Qoy yer üzündə qalmağımın bir dəqiqəsi belə boşa getməsin». Burada məna böyükdür. Məryəmin etdiyi də məhz bu idi.

3. Amma daha bir ehtimal var. Digər üç Müjdədə İsanı qəfildən tanıyanların qorxduğu vurğulanır. Matta 28:10-da İsa deyir: «Qorxmayın». Mark 16:8-də deyilir: «Onları bir lərzə bürümüşdü, mat qalmışdılar. Qorxularından heç kimə bir söz demirdilər». Göründüyü kimi, Yəhyanın hekayəsində bu ehtiramlı qorxu yoxdur. Bəzən masoretlər və ya Müqəddəs Yazıları üzündən köçürən insanlar əlyazmalardan asanlıqla baş çıxara bilmədikləri üçün onları köçürərkən hərf səhvlərinə yol verirdilər. Bəzi ilahiyyatçılar hesab edirlər ki, Yəhya me anmou — «Mənə toxunma» deyil, me ptoou — «Qorxma!» deyə yazmışdı. (Ptoein feli qorxudan titrəmək deməkdir). Belə olan halda, İsa Məryəmə dedi: «Qorxma, Mən hələ Atamın yanına qalxmamışam. Mən burada, sənin yanındayam».

Bu hissənin heç bir izahatı tam qaneedici və ya əhatəli deyil. Lakin qeyd etdiyimiz üç izahatdan ikinci ehtimal, ola bilsin, daha ağlabatandır. Ancaq necə olursa-olsun, İsa Məryəmi şagirdlərinin yanına göndərdi ki, onlara dəfələrlə söylədiklərinin tezliklə yerinə yetəcəyini və Atasının yanına qayıdacağını bildirsin. Məryəm qaçıb şagirdlərə xoş xəbəri çatdırdı: «Rəbbi görmüşəm!»

Məsihçiliyin mahiyyəti də elə Məryəmin çatdırdığı xəbərdən ibarətdir. Çünki əsl məsihçi «Mən Rəbbi görmüşəm» deyə bilən şəxsdir. Məsihçilik — İsa haqqında olan biliyə sahib olmaq demək deyil, İsanın Özünü tanımaqdır. Onun haqqında mübahisə etmək deyil, Onunla görüşməkdir. İsanın sağ olduğuna əmin olmaq deməkdir.

19-23

MƏSİHİN TAPŞIRIĞI (Yəhya 20:19-23)

Çox güman, şagirdlər Məsihlə Axırıncı Şam yeməyini yedikləri yuxarı otaqda toplaşmağa davam edirdilər. İndi onlar daha çox qorxduqlarına görə orada toplaşırdılar. Onlar İsanın ölümünə nail olmuş və indi onlara qarşı yönələ biləcək yəhudilərin zəhər kimi işləyən qəzəbindən xəbərdar idilər. Onlar qorxa-qorxa yuxarı otaqda toplaşırdılar, çöldəki hər addıma, hər qapı döyülməsinə diqqət yetirirdilər. Qorxurdular ki, Ali Şuranın adamları onları da həbs etmək üçün hər an gələ bilər.

Günlərin bir günü onlar otaqda oturarkən, qəfildən İsa onların ortasında durub «Sizə salam olsun!» dedi. Bu, «Üzərinizə əmin-amanlıq gəlsin» sözündən daha böyük məna daşıyır. Mənası «Qoy Allahdan gələn ən yaxşı şeylər üzərinizə gəlsin» deməkdir. Bu cür salamlamadan sonra İsa şagirdlərinə İmanlı Cəmiyyətinin heç vaxt unutmamalı olduğu bir tapşırıq verdi.

1. O dedi ki, Allah Onu göndərdiyi kimi, O da onları göndərir. Vestkott bunu «İmanlı Cəmiyyətinin Nizamnaməsi» adlandırır.

a) Bu o deməkdir ki, İsa Məsih Həvari Paulun «Məsihin Bədəni» adlandırdığı İmanlı Cəmiyyətə ehtiyac duyur (Efeslilərə 1:23; 1Korinflilərə 12:12). İsa bütün insanlara Xoş Xəbərlə gəldi, indi isə Atanın yanına qayıdır. Onun bu xəbəri İmanlı Cəmiyyəti tərəfindən yayılmasa, o, heç vaxt bütün insanlara çatmayacaq. İmanlı Cəmiyyətinin İsanın sözlərini bəyan etmək üçün dili var; Onun göstərişlərini yerinə yetirmək üçün ayaqları var; Onun işini görmək üçün əlləri var. Xoş Xəbəri yaymaq İmanlı Cəmiyyətinə həvalə edildi. İmanlı Cəmiyyəti bütün dünyada Xilaskarı izzətləndirmək işini həyata keçirir.

b) Bu o deməkdir ki, İmanlı Cəmiyyətinin İsaya ehtiyacı var. Tapşırığı yerinə yetirməkdən ötrü göndərilmək üçün qüvvət verən, müjdəni təsirli edən və kömək üçün müraciət oluna biləcək Göndərən Şəxs olmalıdır. İsa olmadan İmanlı Cəmiyyətinin nə müjdəsi, nə təsiri, nə nuru, nə də müdafiəsi var. İmanlı Cəmiyyətinin İsa Məsihə ehtiyacı var.

c) İsanın İmanlı Cəmiyyətinə verdiyi tapşırıq Atanın İsaya tapşırığı ilə eyni səviyyədədir. Dördüncü Müjdəni oxuyan şəxs İsa ilə Ata Allah arasındakı əlaqənin İsanın mükəmməl itaətinə, təvazökarlığına və məhəbbətinə əsaslandığını görməyə bilməz. İsa kamil itaət və məhəbbət göstərdiyinə görə Allahın kamil elçisi ola bildi. Eləcə də İmanlı Cəmiyyəti İsaya tamamilə itaət etdiyi, Ona kamil məhəbbət bəslədiyi halda Onun elçisi və əlində aləti ola bilər. İmanlı Cəmiyyəti heç vaxt öz ideyalarını yaymamalıdır, yalnız Məsihin təlimini — Onun Xoş Xəbərini yaymalıdır. O, insan qanunlarına tabe olmamalı, Məsihin iradəsini yerinə yetirməlidir. İsa Məsihin iradəsini və rəhbərliyini nəzərə almadan problemlərini öz gücü və müdrikliyi ilə həll etməyə çalışan İmanlı Cəmiyyəti zərər görür.

2. İsa şagirdlərinin üzərinə üfürdü və onlara Müqəddəs Ruh verdi. Şübhəsiz ki, bu, insanın yaradılışını xatırladır: «Rəbb Allah yerin torpağından insanı düzəltdi və onun burnuna həyat nəfəsi üfürdü» (Yaradılış 2:7). Bu, Yezekel peyğəmbərin görüntüdə ölü, quru sümüklərlə dolu vadidə gördüyü və Rəbbin sözlərini eşitdiyi şeyə bənzəyir: «Ey nəfəs, küləyin əsdiyi dörd səmtdən gəl, bu öldürülən adamların üzərinə üfür ki, dirilsinlər» (Yezekel 37:9). Müqəddəs Ruhun gəlişi yeni yaradılışa, həyatın ölümdən dirçəlməsinə bənzəyir. Müqəddəs Ruh İmanlı Cəmiyyətini dolduranda, İmanlı Cəmiyyəti öz işini yerinə yetirmək üçün yenidən doğulur.

3. İsa şagirdlərinə dedi: «Kimin günahlarını bağışlasanız, bağışlanır, kimin günahlarını bağışlamasanız, bağışlanmamış qalır» (Yəhya 20:23). Bu sözləri düzgün başa düşmək üçün onların əsl mənasına xüsusi diqqət yetirməliyik. Bir şey aydındır: heç bir insan başqasının günahlarını bağışlaya bilməz. Ancaq başqa bir şey də var — İmanlı Cəmiyyəti Allahın bağışlanma müjdəsini insanlara çatdırmaq imtiyazına malikdir. Tutaq ki, kimsə bizə başqa bir adamdan xəbər gətirir. Aldığımız xəbərin qiyməti onun həmin şəxslə nə dərəcədə tanış olmasından asılı olacaq. Əgər kimsə başqasının fikirlərini bizə şərh etməyə çalışırsa, bilirik ki, onun təfsirinin dəyəri şərh etdiyi şəxslə yaxınlığından asılıdır.

Həvarilərin Məsihin Sözünü dünyaya bəyan etmək səlahiyyəti var idi, çünki onlar İsanı daha yaxşı tanıyırdılar. Onlar hansısa insanın sidq ürəkdən tövbə etdiyini görəndə, Məsihin həmin adam üçün bəxş etdiyi kamil bağışlanmanı əminliklə çatdıra bilirdilər. Digər tərəfdən, kiminsə həqiqi tövbə etmədiyini, Allahın məhəbbətindən və lütfündən istifadə etdiyini görəndə, həmin adama deyirdilər ki, qəlbi dəyişməyənə qədər onun üçün bağışlanma yoxdur. Bu ifadə günahları bağışlamaq hüququnun nə vaxtsa bir şəxsə və ya bir qrup insana həvalə edildiyini ifadə etmir. Bu o deməkdir ki, bağışlanma xəbərini çatdırmaq hüququ həvarilərə, sonra isə İsa Məsihin bütün şagirdlərinə verilmişdir. O cümlədən günahlarından tövbə etməyənlərə bağışlanma olmadığı barədə xəbərdarlıq etmək hüququ da. Bu ifadə İmanlı Cəmiyyətinin tövbə edənə bağışlandığını elan etmək və tövbə etməyənləri Allahın mərhəmətindən məhrum olduqları barədə xəbərdar etmək vəzifəsindən bəhs edir.

24-29

ŞÜBHƏ EDƏN ŞƏXS ƏMİN OLDU (Yəhya 20:24-29)

Çarmıx Tomas üçün gözlənilməz hal deyildi. İsaya Lazarın xəstə olması barədə xəbər çatanda və O, Bet-Anyaya getmək istədiyini söyləyəndə, Tomas dedi: «Biz də gedək ki, Onunla ölək» (Yəhya 11:16) Tomas təbiətcə qorxaq deyildi, pessimist idi. Şübhəsiz ki, o, İsanı sevirdi. Digər həvarilər tərəddüd edib qorxanda, Tomas İsa ilə Yerusəlimə gedib Onunla birlikdə ölməyə hazır idi.

Hər şey onun gözlədiyi kimi oldu. Lakin bu baş verəndə o qədər sarsıldı ki, insanların gözünə baxa bilmirdi, kənara çəkilib kədərə qapılmışdı. Kral Beşinci Georq deyirdi ki, onun həyat qaydalarından biri belədir: «Əziyyət çəkməliyəmsə, icazə verin, yaxşı öyrədilmiş heyvan kimi əzab çəkim — yəni tənhalığa qapılım». Tomas təkliyə çəkilib acısını təkbaşına yaşamaq istəyirdi. Ona görə İsa ilk dəfə şagirdlərə görünəndə, Tomas onların yanında deyildi. Amma bu barədə eşidəndə, bunun həqiqət olması ona inanılmaz gəlirdi, bu səbəbdən Tomas İsanın dirilməsinə inanmadı. O, bədbinliyə qapılaraq bəyan etdi ki, İsanın əllərində mıxların açdığı yaraları görməsə, mıxların yerinə barmağı ilə toxunmasa, böyründəki nizə ilə deşilən yarasına əlini qoymasa (burada İsanın ayaqlarındakı yaralardan bəhs edilmir, görünür, insanları Çarmıxa çəkəndə, ayaqlarını çox vaxt Çarmıxa mismarla deyil, kəndirlə bağlayırdılar), İsanın ölülərdən dirilməsinə heç vaxt inanmayacaq.

Bir həftə keçəndən sonra İsa yenidən şagirdlərinə göründü. Bu dəfə Tomas da onların yanında idi. İsa onun haqqında hər şeyi bilirdi. O, Tomasın sözlərini təkrarlayaq ondan etmək istədiklərini etməyi xahiş etdi. Tomasın ürəyi məhəbbət və sədaqətlə dolub-daşdı. Onun deyə bildiyi yalnız «Ya Rəbbim və Allahım!» oldu. İsa ona dedi: «Tomas, iman etmək üçün hər şeyi gözlərinlə görməli idin, amma vaxt gələcək, insanlar Məni iman gözü ilə görüb iman edəcəklər».

Bu hekayədən Tomasın xarakteri bizə aydın olur.

1. Tomas məsihçilərlə ünsiyyətdən qaçmaqla səhv etdi. O, cəmiyyət əvəzinə təklik axtarırdı. O, qardaşlarının yanında olmadığına görə İsanın ilk gəlişini qaçırmışdı. Biz də imanlılarla ünsiyyətdən qaçıb tənhalığa üstünlük verəndə çox şey itiririk. İmanlı Cəmiyyətindəki ünsiyyətin bizə verdiyini tənhalıq verə bilməz. Adətən, kədər bizi bürüyəndə, çox vaxt tənhalığa qapılmağa və insanlardan qaçmağa meylli oluruq. Amma kədərimizə baxmayaraq, biz məhz həmin vaxt Məsihə iman edənlərlə ünsiyyət axtarmalıyıq, çünki onda Məsihlə üz-üzə görüşə bilərik.

2. Bununla belə, Tomasın iki böyük yaxşı cəhəti vardı. O, başa düşməyəndə anladığını, inanmayanda inandığını deyə bilmirdi. Bu onun dürüstlüyündən irəli gəlirdi. Şübhə edən Tomas şübhə etmədiyini iddia edib riyakarlığa yol verməzdi. O, mənasını tam dərk etmədən müəyyən mühakimə yürüdən adamlardan deyildi. Tomas həmişə hər şeydə əmin olmalı idi. Onun xasiyyəti məhz bu cür idi.

Nədənsə əmin olmağa çalışan insanın imanı daha həqiqi və safdır, nəinki heç vaxt dərindən düşünməyən və əslində inanmayan, ümumi şeyləri təkrarlayan adamın imanı. Hər şeylə maraqlanan əminsizlik sonda tam əminliyə çevrilir.

3. Tomasın başqa yaxşı cəhəti də o idi ki, o, əmin olduqdan sonra hər şeyi olduğu kimi qəbul etdi. «Ya Rəbbim və Allahım!» deyə o, ucadan söylədi. Tomasda natamamlıq yox idi. O, şübhələrini sadəcə ağlını inkişaf etdirməkdən ötrü bildirmirdi. O, ona görə şübhə ilə yanaşırdı ki, tam əmin ola bilsin. Əmin olduqdan sonra isə özünü tamamilə əmin olduğu şeyə həsr edirdi. İsa Məsihin Rəbb olduğuna əvvəlcə şübhə edən, sonra əmin olan insanın imanı daha böyük olur, nəinki heç vaxt dərk edə bilməyəcəyi şeyləri düşünmədən qəbul edən insanın.

SONRAKI GÜNLƏRDƏ TOMAS (Yəhya 20:24-29 (ardı))

Sonrakı günlərdə Tomasın başına gələnləri dəqiq bilmirik. Ancaq onun hekayəsi olduğunu iddia edən bir apokrif kitabı var — bu, «Tomasın İşləri» kıtabıdır. Təbii ki, bu sadə bir rəvayətdir, amma rəvayətin arxasında da kiçik bir tarix gizlənə bilər. Həmin hekayədə Tomas elə öz xarakterində qalır. Gəlin həmin hekayənin kiçik bir hissəsinə baxaq.

İsanın göyə qaldırılmasından sonra şagirdlər dünyanı öz aralarında bölüşdürdülər ki, hər kəs Müjdəni yaymaq üçün müəyyən bir pay alsın. Tomasa Hindistan düşdü (Cənubi Hindistandakı Tomas kilsəsi ondan qaynaqlanır). Əvvəlcə Tomas ora getməkdən imtina etdi və dedi ki, belə uzun səfər üçün o, çox zəifdir. O dedi: «Mən yəhudiyəm, hinduların arasında həqiqəti necə təbliğ edə bilərəm?» Gecə İsa ona görünüb dedi: «Qorxma, Tomas, Hindistana get və orada Müjdəni təbliğ et, çünki lütfüm üzərindədir». Ancaq Tomas inad edərək getməkdən imtina etdi: «Məni hara göndərirsən göndər, amma hinduların yanına getməyəcəyəm».

Həmin ərəfədə Hindistandan səyyar bir tacir Yerusəlimə gəldi. Onun adı Avvanes idi. O, padşah Qundaforus tərəfindən göndərildi ki, yaxşı bir dülgər tapıb Hindistana gətirsin. Tomas dülgər idi. İsa bazara, Avvanesin yanına gəlib soruşdu: «Yaxşı dülgər almaq istəyirsənmi?» O, «Bəli» deyə cavab verdi. İsa ona dedi: «Mənim yaxşı bir dülgər qulum var, onu sənə satmaq istəyirəm», eyni zamanda kənarda dayanan Toması göstərdi. Onlar qiymətdə razılaşdılar, beləcə Tomas satıldı. Alqı-satqı müqaviləsində isə belə deyilirdi: «Mən, dülgər Yusifin Oğlu İsa təsdiq edirəm ki, Tomas adlı qulumu Hindistan padşahı Qundaforusun taciri Avvanesə satdım». Satış sənədi imzalananda İsa Toması Avvanesin yanına gətirdi. Avvanes soruşdu: «Bu sənin Ağandır?» Tomas «Bəli» deyə cavab verdi. Avvanes dedi: «Mən səni Ondan aldım». Tomas bir söz demədi, səhər erkən oyanıb dua etdi, sonra İsaya dedi: «Məni göndərdiyin yerə gedəcəyəm. Qoy Sənin iradən olsun!» Əsl Tomas məhz belə idi — inanmaqda, razılaşmaqda ləng, lakin qərar verəndən sonra sadiq və itaətli.

Daha sonra hekayədə deyilir ki, padşah Qundaforus Tomasa saray tikməyi əmr etdi. Tomas bu əmri yerinə yetirəcəyini söylədi. Padşah ona materiallar almaq və işçilər tutmaq üçün çoxlu pul verdi, lakin Tomas hamısını yoxsullara payladı. Padşaha isə sarayının yavaş-yavaş tikildiyini söylədi. Günlərin bir günü padşah şübhələndi və Toması yanına çağırtdırdı: «Saray hazırdırmı?» — padşah soruşdu. Tomas «Bəli» cavab verdi: «Yaxşı, onda gedək onu mənə göstər» padşah dedi. Tomas cavab verdi: «Sən onu indi görməyəcəksən, öləndə görəcəksən». Əvvəlcə padşah çox qəzəbləndi və Tomasın həyatı təhlükə altına düşdü. Lakin sonra padşah İsa Məsihə iman etdi, beləcə Tomas Hindistana məsihçiliyi gətirdi.

Tomasın xarakterində xoş və valehedici bir şey var idi. Nəyəsə inanmaq onun üçün heç vaxt asan olmayıb, eynilə itaət etmək də. O, mütləq əmin olmalı, xərcləri əvvəlcədən hesablamalı idi. Lakin bütün xərcləri hesablayıb, hər şeyi ölçüb-biçəndən və əmin olduqdan sonra onun qarşısını almaq mümkün deyildi. O, iman və itaətin son həddinə qədər gedib çatırdı. Tomasın imanı kimi iman səthi imandan daha yaxşıdır. Onun itaəti hər şeyə razı olan, sonra isə asanlıqla fikrini dəyişən səssiz itaətkarlıqdan daha yaxşıdır.

30-31

MÜJDƏNİN MƏQSƏDİ (Yəhya 20:30-31)

Güman etmək olar ki, ilkin plana görə, Müjdə bu ayələrlə bitməli idi. Növbəti fəsil son söz və ya əlavə kimi görünür. Lakin heç bir ayə bu ayələrdə olduğu qədər Müjdələrin yazılma məqsədini bu dərəcədə gözəl açıqlamır.

1. Əslində Müjdələrin məqsədi İsanın tam həyatını əks etdirmək deyildi. Müjdələr İsanın yaşadığı hər gününü açıqlamır, müəyyən hadisələri seçilib qələmə almasıdır. Müjdələr İsanın dediyi və etdiyi hər şeydən bəhs etmir, Onun necə olduğunu və nə etdiyini göstərir.

2. Həmçinin Müjdələr İsanın tərcümeyi-halı üçün nəzərdə tutulmayıb. Müjdələrin məqsədi İsanı Xilaskar, Müəllim və Rəbb kimi göstərmək idi, məlumat vermək deyil, həyat bəxş etmək idi. Müjdələr İsanı elə təsəvvür etməli idi ki, Onun haqqında oxuyanlar bu cür danışan, öyrədən və hərəkət edən İnsanın Allahın Oğlu və Xilaskar olduğunu görə bilsinlər. Ona iman etməklə əsl həyatın sirrini kəşf edə bilsinlər.

Əgər biz Müjdələrə hekayə və ya tərcümeyi-hal kimi yanaşsaq, yanaşmamız yanlış ruhda olar. Biz onları məlumat axtaran tarixçilər kimi deyil, Allahı axtaran insanlar kimi oxumalıyıq.

Azərbaycan dilində Müqəddəs Kitab

İsanın dirilməsi
(Matta 28:1-8; Mark 16:1-8; Luka 24:1-12)
1 Həftənin ilk günü tezdən, hələ qaranlıq ikən Məcdəlli Məryəm qəbirin yanına gəldi. O gördü ki, daş qəbirin ağzından götürülüb. 2 Onda qaçıb Şimon Peterlə İsanın sevimlisi olan o biri şagirdin yanına gəldi və onlara dedi: «Rəbbi qəbirdən aparıblar və hara qoyulduğunu bilmirik». 3 Peterlə o biri şagird bayıra çıxıb qəbirə tərəf getdilər. 4 İkisi birgə qaçırdı, amma o biri şagird Peterdən daha cəld qaçdı və qabaqca qəbirə o çatdı. 5 Əyilib içəri baxdı və kətan bezlərin düşüb-qaldığını gördü, ancaq içəri girmədi. 6 O vaxt onun ardınca Şimon Peter də gəlib qəbirə girdi. O, düşüb-qalan kətan bezləri 7 və İsanın başına qoyulmuş dəsmalı gördü. Dəsmal kətan bezlərin yanında deyil, başqa bir yerdə bükülü qalmışdı. 8 Onda qəbirin yanına qabaqca gələn o biri şagird də içəri girib bunları gördü və iman etdi. 9 Çünki onlar İsanın mütləq ölülər arasından diriləcəyini bildirən Müqəddəs Yazını hələ anlamırdılar. 10 Beləcə şagirdlər yenə evlərinə qayıtdılar.
İsanın Məcdəlli Məryəmə görünməsi
(Matta 28:9-10; Mark 16:9-11)
11 Məryəm isə ağlayaraq qəbirin bayırında dayanmışdı. Ağlaya-ağlaya əyilib qəbirin içinə baxdı. 12 Orada ağ paltar geymiş iki mələk gördü: biri İsanın cəsədinin qoyulduğu yerin başında, o biri isə ayağında oturmuşdu. 13 Onlar Məryəmdən «Ey qadın, niyə ağlayırsan?» deyə soruşdu. Məryəm də onlara dedi: «Rəbbimi qəbirdən aparıblar və hara qoyduqlarını bilmirəm». 14 Bunu deyəndən sonra arxaya dönüb İsanın orada dayandığını gördü, amma Onun İsa olduğunu bilmədi. 15 İsa ondan soruşdu: «Ey qadın, niyə ağlayırsan? Kimi axtarırsan?» Məryəm Onun bağban olduğunu güman edərək dedi: «Ağa, əgər Onu Sən aparmısansa, hara qoyduğunu mənə söylə, mən də Onu götürüm». 16 İsa ona «Məryəm!» dedi. O da dönüb İsaya ibranicə «Rabbuni!» dedi. «Rabbuni» «Müəllim» deməkdir. 17 İsa ona dedi: «Mənə toxunma, çünki Mən hələ Atanın yanına qalxmamışam. Amma qardaşlarımın yanına gedib onlara söylə: Öz Atamın – sizin Atanızın, Öz Allahımın – sizin Allahınızın yanına qalxıram». 18 Məcdəlli Məryəm şagirdlərin yanına gəldi, onlara «Rəbbi görmüşəm!» deyib onun özünə bunları söylədiyini bildirdi.
İsanın şagirdlərinə görünməsi
(Matta 28:16-20; Mark 16:14-18; Luka 24:36-49)
19 O gün – həftənin ilk günü axşam çağı Yəhudi başçılarından qorxduqları üçün şagirdlərin olduqları yerin qapıları bağlı olsa da, İsa içəri girdi. O ortada durub onlara «Sizə salam olsun!» dedi. 20 Bunu söyləyib onlara əllərini və böyrünü göstərdi. Şagirdlər də Rəbbi görüb sevindilər. 21 İsa yenə onlara dedi: «Sizə salam olsun! Ata Məni göndərdiyi kimi Mən də sizi göndərirəm». 22 Bunu söylədikdən sonra onların üzərinə üfürərək dedi: «Müqəddəs Ruhu alın! 23 Kimin günahlarını bağışlasanız, bağışlanır, kimin günahlarını bağışlamasanız, bağışlanmamış qalır».
İsanın Tomasa görünməsi
24 Lakin On İki şagirddən biri «Əkiz» adlanan Tomas İsa gələndə onların yanında deyildi. 25 O biri şagirdlər Tomasa «Rəbbi gördük» deyəndə onlara söylədi: «Əgər Onun əllərində mıxların açdığı yaraları görməsəm, mıxların yerinə barmağımla toxunmasam, böyrünə də əlimi qoymasam, buna heç inanmaram». 26 Səkkiz gündən sonra İsanın şagirdləri yenə otaqda toplaşanda Tomas da onların yanında idi. Qapılar bağlı olsa da, İsa içəri girdi. O ortada durub «Sizə salam olsun!» dedi. 27 Bundan sonra Tomasa söylədi: «Barmağını buraya uzat, əllərimə bax, əlini də uzat, böyrümə qoy. İmansız olma, imanlı ol!» 28 Tomas cavab verib Ona «Ya Rəbbim və Allahım!» dedi. 29 İsa ona dedi: «Sən Məni gördüyün üçünmü iman etdin? Görmədən iman edənlər nə bəxtiyardır!»
30 İsa şagirdlərinin gözü önündə bir çox başqa əlamətlər də göstərdi ki, bu kitabda yazılmayıb. 31 Amma buradakılar onun üçün yazılıb ki, siz İsanın Məsih – Allahın Oğlu olduğuna inanasınız və iman edərək Onun adı ilə həyata malik olasınız.