Barclay
KİTABLARAudio kitablarHekayələrİlahilərFilmlər və cizgi filmləriXilas haqqında müjdəXoş xəbər hekayələri

Yəhyanın müjdəsi: 19-cu fəsil

V. Barklinin şərhləri

19-cu fəsil

1-16

İSA VƏ PİLAT (Yəhya 18:28-19:16)

Nəhayət, Pilat İsanı Çarmıxa çəkilmək üçün təslim etdi. İsanı götürüb apardılar. Bu, İsanın Əhdi-Cədiddə olan sınaqlarının ən dramatik təsviridir. Bu səhnəni hissələrə bölsək, mənzərənin tam təsviri itəcək. Bu hekayə bütövlükdə oxunmalıdır. Onu öyrənmək və dərk etmək üçün çox vaxt lazımdır. Bu hissənin dramatikliyi personajların toqquşmasından və bir-biri ilə qarşılıqlı əlaqəsindən ibarətdir. Buna görə də yaxşı olar ki, hekayəni hissə-hissə deyil, onun iştirakçılarının xarakterlərini nəzərdən keçirək.

Yəhudilərdən başlayaq. İsanın yer üzündə yaşadığı dövrdə yəhudilər Romaya tabe idilər. Romalılar onlara idarəçilik üçün kifayət qədər sərbəstlik vermişdilər. Amma buna baxmayaraq, onların ölüm hökmünü icra etmək hüququ yox idi. Qılınc hüququ (ius gladia) Romaya aid idi. Eynilə Talmudda deyildiyi kimi: «Həyat və ölüm məsələlərində hökm vermək hüququ Məbədin dağıdılmasından qırx il əvvəl İsraildən alınmışdı». İsrailin ilk Roma valisi Koloni idi. Tarixçi İosif Flavi onun bu vəzifəyə təyin edilməsi haqqında belə yazırdı: «Əvvəlcə o, Qeysər tərəfindən həyat və ölüm məsələlərinə qərar vermək səlahiyyəti ilə prokurator təyin edildi» (İosif «Yəhudi müharibələri» 2:8,1). Həmin tarixçi bəzi düşmənlərini edam etmək qərarına gələn Xanan adlı bir kahindən də bəhs edir. Nisbətən təmkinli olan yəhudilər Xananın belə bir qərar qəbul etməyə və həyata keçirməyə haqqı olmadığını əsas gətirərək onun bu qərarına qarşı çıxdılar. Xanana qərarını yerinə yetirməyə icazə verilmədi, hətta buna cəhd etdiyinə görə onu vəzifəsindən uzaqlaşdırdılar (İosif Flavi «Yəhudilərin qədimliyi» 20:9,1). Düzdür, Stefanda olduğu kimi, bəzən yəhudilər kimisə yerindəcə özbaşına cəzalandırırdılar. Lakin qanuna görə, onların heç kimi edam etmək hüququ yox idi. Elə buna görə İsanı Çarmıxa çəkməzdən əvvəl Pilatın yanına gətirməyə məcbur oldular.

Əgər yəhudilərin cinayətkarları edam etmək hüququ olsaydı, onlar İsanı daşqalaq edərdilər. Qanunda deyilir: «Rəbbin adına küfr edən hər kəs öldürülməlidir. Bütün icma onu daşqalaq etsin» (Levililər 24:16). Belə olan halda, cinayəti təsdiqləyən şahidlərin birinci daş atmaq hüququ var idi. «O adamı əvvəlcə şahidlər, sonra isə bütün xalq daşqalaq etsin. Beləliklə, aranızdan pisliyi atın» (Qanunun təkrarı 17:7). «Onlar belə dedilər ki, İsanın necə bir ölümlə öləcəyinə işarə edərək söylədiyi söz yerinə yetsin» (Yəhya 18:32) deyən ayənin mənası budur. İsa həmçinin dedi ki, O, yerdən yuxarı qaldırılanda, yəni Çarmıxa çəkiləndə, hamını Özünə cəzb edəcək (Yəhya 12:32). Bu peyğəmbərliyin yerinə yetirilməsi üçün İsa daşqalaq yox, Çarmıxa çəkilməli idi. Roma qanunları yəhudilərə cinayətkarları edam etməyə icazə vermədiyi üçün İsa Roma üsulu ilə ölməli idi, yəni Çarmıxa çəkilməli idi.

Yəhudilər əvvəldən sona qədər Pilatdan öz məqsədləri üçün istifadə etməyə çalışdılar. Onlar İsanı öldürə bilməzdilər, ona görə də qərara gəldilər ki, İsanı onlar üçün romalılar öldürsünlər.

İSA VƏ PİLAT (Yəhya 18:28-19:16 (ardı))

Ancaq bu, yəhudilər haqqında hələ hər şey deyil.

1. Onlar əvvəldən İsaya nifrət edirdilər. Amma burada onların nifrəti isterik vəhşi nidaya çevrildi: «Çarmıxa çək, Çarmıxa çək!» Nəhayət, nifrətləri o həddə gəlib çatdı ki, vicdan, mərhəmət, hətta sadə insanlıq çağırışına kar oldular. Bu dünyada heç nə nifrət qədər sağlam düşüncə tərzini təhrif etmir. Bir dəfə nifrətə qapılan insan sağlam düşünə, görə və eşidə bilmir. Nifrət dəhşətlidir, çünki insanı sağlam düşüncədən məhrum edir.

2. Nifrət hissi yəhudilərin hədlərini itirməsinə səbəb olmuşdu. Onlar mərasim təmizliyinə o qədər diqqətlə və dəqiq yanaşırdılar ki, valinin sarayına girməyə cəsarət etmədilər. Eyni zamanda Allahın Oğlunu Çarmıxa çəkmək üçün əllərindən gələni etdilər. Pasxanı yemək hüququna sahib olmaq üçün bir yəhudi tamamilə pak olmalıdır. Əgər onlar Pilatın ərazisinə girsəydilər, ikiqat murdar sayılardılar. Birincisi, onların qanununa görə: «Bütpərəstlərin məskəni murdardır». İkincisi, orada maya ola bilərdi. Pasxa isə Mayasız Çörək bayramı idi. Yəhudilər bayrama hazırlaşanda evdə günahın və şərin simvolu olan maya axtarırdılar və mayalı çörəyin son qırıntılarına qədər evdən çıxarmalı idilər. Pilatın sarayına girmək — yəhudi üçün Pasxa bayramından əvvəl maya olan yerə girmək demək idi. Ancaq yəhudi maya ola biləcək bütpərəstin evinə girsə belə, o, yalnız axşama qədər murdar sayılacaqdı. Bundan sonra o, yenidən paklanmaq üçün təntənəli yuyunma mərasimindən keçməli olacaqdı.

İndi isə gəlin yəhudilərin nə etdiklərinə baxaq. Onlar mərasim qanununun hər bir təfərrüatını diqqətlə yerinə yetirirdilər, eyni zamanda da Allahın Oğlunu Çarmıxa qədər təqib edirdilər. Bunu insandan həmişə gözləmək olar. Bir çox imanlı cəmiyyətinin üzvləri ən xırda şeylərdən ötrü narahat olur, amma Allahın sevgi və bağışlama qanununu hər gün pozurlar. Elə imanlı cəmiyyətləri var ki, orada paltarlara, qab-qacaq və mebelə qulluq qaydaları, mərasimlər və ayinlər xırdalığına qədər yerinə yetirilir. Lakin daha çox sevgi və ünsiyyət çatışmazlığı ilə diqqət çəkir. Dünyada ən acınacaqlı hal odur ki, insan ağlı vacib şeyləri birinci yerə qoymaq qabiliyyətini itirsin.

3. Yəhudilər Pilatın qarşısında İsaya olan ittihamlarını dəyişdilər. Onlar İsanı sorğu-sual edəndə Onu küfrdə ittiham etdilər (Matta 26:65). Amma onlar yaxşı bilirdilər ki, Pilat belə bir ittihamı nəzərə almayacaq və bunun dini məsələ olduğunu söyləyəcək. Bunu isə Pilatsız da həll edə bilərdilər. Beləcə yəhudilər sonda İsanı fitnəkarlıqda və siyasi üsyanda ittiham etməyə qərar verdilər. İttihamlarının yalan olduğunu bilə-bilə, onlar İsanı Özünü padşah elan etməkdə günahlandırdılar. Nifrət dəhşətlidir, həqiqəti təhrif etmək üçün heç vaxt ləngiməz.

4. İsanın ölümünə nail olmaqdan ötrü yəhudilər bütün prinsiplərindən üz çevirdilər. O gün dedikləri ən dəhşətli söz «Qeysərdən başqa padşahımız yoxdur!» idi. Şamuel peyğəmbərin xalqa sözü bu olmuşdur: «...Rəbb Allahınız sizə padşah ikən...» (1Şamuel 12:12). Gideona xalqı idarə etməyi təklif edəndə o, belə cavab verdi: «Nə mən sizin üstünüzdə hakimlik edəcəyəm, nə də oğlum. Sizə hökmranlığı Rəbb edəcək» (Hakimlər 8:23). Romalılar İsraili ələ keçirəndə, xalqa vergi tətbiq etmək üçün siyahıyaalma apardılar. Bu zaman yəhudilər üsyan edib dedilər ki, onların Padşahı yalnız Allahdır və yalnız Ona hörmət edəcəklər. Buna görə də, yəhudi başçıları Pilata Qeysərdən başqa padşahlarının olmadığını söyləyəndə, bu, tarixdə ən ciddi dönüş idi. Çox güman, bu ifadə Pilatı heyrətləndirdi və o, çaşqınlıqla onlara baxdı. Yəhudilər İsadan qurtulmaq üçün bütün prinsiplərindən üz döndərməyə hazır idilər. Dəhşətli mənzərədir: nifrət yəhudilərin gözünü elə tutmuşdur ki, onlar dəlilik həddinə çatmışdılar; bütün mərhəməti, hədlərini, ədaləti, prinsiplərini, hətta Allahın Özünü də unutmuşdular. Dünya tarixində heç bir insana qarşı nifrət bu qədər aydın şəkildə nümayiş etdirilməmişdir.

İSA VƏ PİLAT (Yəhya 18:28-19:16 (ardı))

İndi isə bu dramın başqa bir personajına — Pilata keçək. İstintaq zamanı onun davranışı, demək olar ki, anlaşılmazdır. Pilat yəhudilərin İsaya qarşı ittihamlarının uydurma olduğunu, Onun günahkar olmadığını yaxşı bilirdi. Bu, tamamilə aydın idi. İsa Pilatda çox yüksək təəssürat oyatmışdı. Onu mühakimə etmək istəmirdi. Lakin buna baxmayaraq, o, İsanı mühakimə etdi və ölümə məhkum etdi. Əvvəlcə o, bu işə baxmaqdan, ümumiyyətlə, imtina etmək istədi. Sonra Pasxa bayramı münasibətilə bir cinayətkarı azad etmək lazım gəldiyi üçün Onu azad etməyi təklif etdi. Daha sonra yəhudiləri razı salmaqdan ötrü Onu qamçı ilə döyməyi əmr etdi. Pilat sona qədər yəhudilərə onların mənfur hiylələrində iştirak etmək istəmədiyini qətiyyətlə söyləməyə cəsarət etmədi. Biz İosif Flavinin və Filonun əlyazmalarında Pilat haqqında deyilənlərlə tanış olmasaq, onu başa düşə bilmərik. Bunu daha yaxşı başa düşmək üçün tarixə ekskursiya etməliyik.

Birincisi, Roma valisi Yəhudeyada nə işlə məşğul idi? Eramızdan əvvəl 4-cü ildə bütün İsrailin padşahı olan Böyük Hirod öldü. Bütün çatışmazlıqlarına baxmayaraq, o, bir çox cəhətdən yaxşı padşah idi və Roma hakimiyyəti ilə yaxşı münasibətdə idi. O, vəsiyyətində səltənəti üç oğlu arasında bölüşdürdü. Antipa Qalileyanı və Pereyanı aldı; Filip şimal-şərqdə yaşayış olmayan Vatanea, Avrantida və Traxonit bölgələrini aldı; o vaxt cəmi on səkkiz yaşı olan Arxela isə İdumeyanı, Yəhudeyanı və Samariyanı aldı. Romalılar padşahlığın bu cür bölgüsünü bəyəndilər və təsdiqlədilər.

Antipa və Filip sakit və müvəffəqiyyətlə hökmranlıq edirdilər. Amma Arxela o qədər zalımcasına hökmranlıq edirdi ki, yəhudilər özləri romalılardan onu taxtdan salıb, onlara prokonsul32 təyin etməyi xahiş etdilər. Çox güman, onlar Suriyanın əyalətinə qoşulmağı gözləyirdilər. Suriyanın ərazisi o qədər böyük idi ki, onlara istədiklərini etmək üçün tam azadlıq veriləcəkdi. Bütün Roma əyaləti iki sinfə bölünmüşdü. Birinci sinif qoşunların saxlanması üçün nəzərdə tutulmuşdu və birbaşa imperatorun nəzarəti altında idi. Həmin ərazi imperiya əyalətləri hesab olunurdu. İkincisi, qoşunların yerləşdirilməsinə ehtiyac olmayan, Senatın nəzarəti altında olan, dinc və sakit əyalətlər hesab olunurdu və Senat əyalətləri adlanırdı.

İsrail üsyankar bir ölkə idi. Burada qoşunların yerləşdirilməsinə ehtiyac var idi, buna görə də imperatorun nəzarəti və idarəsi altında idi. Ən böyük əyalətlər prokonsul və ya legat tərəfindən idarə olunurdu. Suriya da belə idi. Eyni sinifdən olan kiçik əyalətlər vali tərəfindən idarə olunurdu. O, vilayətin hərbi və hüquqi idarəsinə tam nəzarət edirdi. O, ildə ən azı bir dəfə vilayətin hər bir bölgəsinə səfər edir, məsələləri araşdırır və şikayətlərə qulaq asırdı. O, vergilərin yığılmasına rəhbərlik edirdi, lakin onları qaldırmaq hüququna malik deyildi. O, xəzinədən maaş alırdı, insanlardan rüşvət və ya hədiyyə qəbul etməyi isə qəti qadağan idi. Əgər vali bu tələbi pozardısa, vilayətin sakinləri onu imperatora şikayət etmək hüququna malik idilər. Qeysər Avqust İsrailin işlərini idarə etmək üçün vali təyin etdi. İlk belə vali 6-cı ildə təyin edilmişdi. Pilat bu xidmətə 26-cı ildə başladı və 35-ci ilə qədər xidmət etdi. İsrail çətin vilayət idi və ciddi, müdrik idarəetməyə ehtiyacı var idi. Biz Pilatın keçmişini bilmirik. Amma o, İsrailin məsul şəxsi kimi vəzifəyə təyin edilmişdisə, demək, yaxşı idarəçi idi. İsraili nizamla idarə etmək lazım idi, çünki xəritəyə nəzər saldıqda onun Misirlə Suriya arasında körpü olduğunu görmək olar.

Lakin vali Pilat uğursuz hökmdar oldu. Görünür, o, vəzifəsinə yəhudilərə qarşı hörmətsizlik və rəğbətsizliklə başladı. Üç biabırçı hadisə onun karyerasına kölgə saldı.

Birinci hadisə onun Yerusəlimə ilk səfəri zamanı baş verdi. Yerusəlim vilayətin paytaxtı deyildi. Paytaxt Qeysəriyyə idi. Lakin vali tez-tez Yerusəlimə gəlir və həmişə şəhərin qərb tərəfində yerləşən Hirodun köhnə sarayında qalırdı. Pilat özü ilə həmişə bir dəstə əsgər gətirirdi. Əsgərlər özləri ilə imperatorun şəkili olan bayraq daşıyırdı. Romada imperatorlar, daha əvvəl dediyimiz kimi, tanrı hesab edilirdi, lakin yəhudilər üçün büt sayılırdı. Əvvəlki Roma valiləri, yəhudi dininin incəliklərinə hörmət edərək, şəhərə girməzdən əvvəl bu bəzəkləri bayraqlarından götürürdülər. Amma Pilat bunu etməkdən imtina etdi. Yəhudilər ondan bayraqlardakı bəzəkləri götürməsini xahiş etdilər. Pilat isə bunu xurafat sayaraq yəhudilərin inancını görməzdən gəldi. O, Qeysəriyyəyə qayıtdı. Ancaq yəhudilər onun ardınca gedərək, beş gün ərzində onun qapısını döydülər və israrla istəklərinə əməl olunmasını tələb etdilər.

Nəhayət, Pilat onlarla amfiteatrda görüşməyə razılaşdı. Orada onları əsgərlərlə mühasirəyə aldı və bildirdi ki, tələblərindən əl çəkməsələr, onların hər birini yerindəcə öldürmək məcburiyyətində qalacaq. Əsgərlər onların boynunu vursun deyə, yəhudilər boyunlarını açdılar. Lakin Pilat belə müdafiəsiz insanları edam edə bilməzdi. O, məğlub olduğunu etiraf etdi və söz verdi ki, növbəti dəfə Yerusəlimə gələndə əsgərlərin bayraqlarından imperatorun şəklini çıxaracaq. Pilat xidmətinə belə pis başladı.

İkinci insident Yerusəlimdə su kəməri ilə bağlı baş verdi. Yerusəlimdə həmişə su qıtlığı var idi. Pilat yeni su təchizatı sistemi çəkməyə qərar verdi. Bəs bunun üçün vəsaiti haradan götürmək olardı? O, milyonların toplandığı Məbədin xəzinəsini qarət etdi. Çox güman, onun götürdüyü pullar Məbədin xidmətlərini dəstəkləmək üçün qoyulan ianələr deyildi. Ehtimal ki, o, qurban adlanan pulları götürdü. Həmin pulların müqəddəs məqsədlər üçün istifadə olunması qadağan idi. Şəhərdə isə su təchizatının qurulmasına böyük ehtiyac var idi. Onun tikintisi bahalı və böyük miqyaslı bir iş idi. Çünki oradan axan su qurbanların sayını nəzərə alaraq paklanmaq məqsədilə həmişə suya ehtiyacı olan Məbəd üçün də faydalı idi. Amma bu, xalqın xoşuna gəlmədi və nümayişkarənə şəkildə Pilatın əleyhinə çıxdı. Şəhərin küçələri izdihamla doldu. Pilat sadə paltar geyinmiş və gizli silahları olan əsgərlərini izdihamın arasına buraxdı. Bir işarə ilə onlar kütləyə hücum etdilər. Bu zaman yəhudilərin çoxu bıçaq və dəyənəklərlə öldürüldü. Pilat yenidən təhlükə qarşısında qaldı, çünki imperatora ondan şikayət edilə bilərdi.

Üçüncü hadisə Pilat üçün daha arzuolunmaz idi. Artıq gördüyümüz kimi, Pilat Yerusəlimə səfər edəndə Hirodun sarayında qalırdı. Onun əmri ilə üzərində imperator Tiberinin təsviri olan qalxanlar düzəldilmişdi. Bunlar Pilatın imperatorun şərəfinə verdiyi sözün yerinə yetirilməsi idi. İmperator tanrı hesab olunurdu. Bu isə o deməkdir ki, müqəddəs şəhərdə yəhudilərin gözü qarşısında yad tanrının təsviri nümayiş etdirilirdi. Camaat qəzəbləndi. Şəhərin bütün nüfuzlu adamları, hətta Pilatı dəstəkləyənlər də ondan bu qalxanları yığışdırmağı xahiş etdilər. Pilat onların xahişlərini yerinə yetirməkdən imtina etdi. Onda yəhudilər imperator Tiberiyə şikayət etdilər və o, Pilata qalxanları götürməyi əmr etdi. Pilatın xidmətini necə bitirdiyinə diqqət yetirmək vacibdir. Bu, 35-ci ildə İsanın Çarmıxa çəkilməsindən bir müddət sonra baş vermişdi. Samariyada üsyan başladı. Bu, çox ciddi üsyan deyildi. Lakin Pilat onu qəddarcasına edamlarla yatırtdı. Samariyalılar həmişə Romanın sadiq vətəndaşları hesab olunurdular. Buna görə Suriya leqatı onların müdafiəsinə qalxdı. Tiberi Pilatın Romaya gəlməsini əmr etdi. Pilat hələ yolda ikən Tiberi öldü. Bildiyimizə görə, Pilat əməllərinə görə heç vaxt mühakimə olunmadı. Amma o vaxtdan etibarən o, dünya tarixi səhnəsindən yoxa çıxdı.

Pilatın özünü niyə belə qəribə apardığı indi aydın olur. Yəhudilər Pilatı İsanı Çarmıxa çəkməyə məcbur etmək üçün şantaja əl atdılar: «Əgər bu Adamı azad etsən, qeysərin dostu deyilsən» dedilər. Başqa sözlə, «Artıq pis ad çıxarmısan. Bundan əvvəl də səndən şikayət olunub. Səni vəzifədən azad edəcəklər». Həmin gün Yerusəlimdə Pilatın keçmişi üzə çıxdı və onu təqib etməyə başladı. Yəhudilər ondan Məsihin ölüm hökmünü tələb etdilər. Onun əvvəlki səhvləri yəhudilərin tələbindən qaçmağa mane oldu. Pilat vəzifəsini itirməkdən qorxurdu. Bir tərəfdən adamın Pilata yazığı gəlir. O, doğru olanı etmək istəyirdi, lakin yəhudilərə «yox!» deməyə cəsarəti çatmadı. O öz vəzifəsini saxlamaq üçün Məsihi Çarmıxa çəkdi.

İSA VƏ PİLAT (Yəhya 18:28-19:16 (ardı))

Biz Pilatın hekayəsi ilə tanış olduq. İndi İsanın məhkəməsi zamanı onun özünü necə apardığına nəzər salaq. Pilat İsanı ölümə məhkum etmək istəmirdi. Çünki Onun təqsirsizliyinə əmin idi. Amma keçmişdə etdikləri buna imkan vermədi.

1. Pilat məsuliyyəti başqasının üzərinə atmağa çalışdı və yəhudilərə belə dedi: «Onu özünüz götürüb qanununuza görə mühakimə edin». O, İsanın məsələsində məsuliyyətdən yayınmaq istəyirdi. Amma heç bir insan bu məsuliyyətdən yayına bilməz. Heç kim İsa ilə bağlı məsələdə bizim yerimizə qərar verə bilməz. Buna özümüz qərar verməliyik.

2. Pilat düşdüyü çətin vəziyyətdən çıxmağa çalışdı. O, bir cinayətkarı azadlığa buraxmaq adətindən istifadə etdi və İsanın azad edilməsini təklif etdi. O, İsanın Özü ilə birbaşa ünsiyyətdən qaçmaq üçün Ondan yan keçmək istəyirdi. Lakin bunu da heç kim heç vaxt edə bilməz. İnsan İsa ilə bağlı şəxsi qərarından yayına bilməz. Onunla bağlı biz özümüz qərar verməliyik — İsanı qəbul edək, yoxsa rədd edək.

3. Pilat güzəştə getməklə nəyə nail ola biləcəyini görmək istədi. O, İsanın qamçılanmasını əmr etdi. Pilat ümid edirdi ki, bu, yəhudiləri qane edəcək, yaxud ən azından onların İsaya qarşı düşmənçiliklərinin şiddətini azaldacaq. Amma insan bunu da edə bilməz. Heç kim İsaya münasibətdə güzəştə gedə bilməz — heç kim iki ağaya xidmət edə bilməz. Biz ya İsanın tərəfində, ya da Ona qarşı ola bilərik.

4. Pilat camaatı yola gətirməyə cəhd etdi. O, qamçılanmış İsanı izdihamın önünə çıxartdı. Sonra xalqdan soruşdu: «Padşahınızımı Çarmıxa çəkim?» Pilat onların şəfqət və mərhəmət hissini oyatmağa, bununla da vəziyyəti öz xeyrinə dəyişməyə çalışdı. Ancaq heç kim başqalarına səslənməklə şəxsi qərarından qaça bilməz. Heç kim İsa Məsihə münasibətdə şəxsi mühakimə və şəxsi qərardan qaça bilməz.

Sonda Pilat məğlub olduğunu etiraf etdi. O, İsanı camaata təslim etdi. Çünki onun düzgün qərar verməyə və düzgün olanı etməyə cəsarəti çatmırdı.

Ancaq burada da Pilatın xarakterinə işıq salan bir məqam var.

1. Burada onun köhnə nifrətinə işarə edilir. O, İsadan padşah olub-olmadığını soruşdu. İsa cavab verdi ki, bunu özü belə düşündüyü üçün, yoxsa başqalarının ona söylədiklərinə əsaslanaraq soruşur? Pilat cavab verdi: «Məgər mən yəhudiyəm? Yəhudilərin qanunlarını haradan bilim?» O, yəhudilərin ədavət və xurafatlarına qarışmaq məcburiyyətində qalmadığına görə qürrələnirdi. Məhz bu qüruru onu pis vali etmişdi. Heç kim insanların düşüncə tərzini anlamağa çalışmadan onları müvəffəqiyyətlə idarə edə bilməz.

2. Burada həmçinin Pilatın özünəməxsus xurafat marağı aydın görünür. O, İsanın haradan gəldiyini bilmək istəyirdi və təkcə Onun doğulduğu yeri nəzərdə tutmurdu. İsanın Özünü Allahın Oğlu adlandırdığını eşidəndə, daha da narahat oldu. Pilat dindardan daha çox mövhumatçı idi. O qorxdu ki, burada müəyyən qədər həqiqət ola bilər. O, yəhudilərdən qorxduğuna görə İsanın lehinə qərar verməkdən çəkinirdi. Amma Onun əleyhinə qərar verməkdən də çəkinirdi. Çünki ürəyinin dərinliyində Allahın Onunla əlaqəsi olduğundan şübhələnirdi.

3. Pilatın qəlbini nəsə narahat edirdi. İsa həqiqətə şəhadət etməyə gəldiyini deyəndə, Pilat dərhal Ondan soruşdu: «Həqiqət nədir?» İnsan bu sualı müxtəlif cür verə bilər. O, bunu kinayəli və istehzalı yumorla soruşa bilər. İngilis yazıçısı Bekon Pilatın sualını təkrarlayaraq onun haqqında belə yazırdı: Pilat «Həqiqət nədir?» deyə zarafatla soruşdu və cavabını gözləmədi». Lakin Pilat sualını kinayəli şəkildə vermədi. O, cavabın necə olacağına əhəmiyyət verməyən adam deyildi. Onun zirehi çatlamışdı. Pilat bu sualı fikirli və yorğun halda verdi.

Dünya standartlarına görə Pilat uğurlu insan idi. O, demək olar ki, Roma hakimiyyətində zirvəyə çatmışdı. Roma əyalətlərindən birinin general-qubernatoru idi. Lakin onda yenə də nəsə çatışmırdı. Pilat sadə və bir növ böyük Qalileyalının hüzurunda gördü ki, həqiqət onun üçün hələ də sirr olaraq qalır. O, indi özünü elə bir vəziyyətə salıb ki, həqiqəti dərk etməkdən ötrü heç bir imkanı yoxdur. Bəlkə də o, zarafatyana soruşdu, amma zarafatı acı idi.

Bir nəfər bir neçə məşhur insan arasında «Həyat yaşamağa dəyərmi?» mövzusunda mübahisənin şahidi oldu. O, sonda belə bir nəticəyə gəldi: «Düzdür, onlar zarafat edirdilər. Amma ölüm qapısını döyən zarafatçılar kimi zarafat edirdilər».

Pilat da belə insanlardan biri idi. O, İsa Məsihlə görüşəndə dərhal həyatında nəyin çatışmadığını başa düşdü. Həmin gün o, ömür boyu axtardığı hər şeyi tapa bilərdi. Lakin keçmişinə baxmayaraq, dünyaya qarşı çıxmağa və şanlı gələcək üçün Məsihin müdafiəsinə qalxmağa cəsarəti çatmadı.

İSA VƏ PİLAT (Yəhya 18:28-19:16 (ardı))

İsanın məhkəməsi zamanı izdiham haqqında danışdıq, sonra Pilat haqqında danışdıq. İndi isə bu dramın baş qəhrəmanı — Rəbb İsa haqqında danışacağıq. O, bir neçə maraqlı cizgilərlə təsvir edilmişdir.

1. Bu hadisədə İsanın böyüklüyünü görməmək mümkün deyil. O Özünü elə aparırdı ki, sanki mühakimə olunmur. İnsan Məsihə baxanda elə bir hiss keçirir ki, sanki mühakimə olunan İsa deyil, özüdür. Olar bilsin, Pilat yəhudilərə nifrət edirdi, amma İsaya nifrət edə bilmirdi. Biz istər-istəməz görürük ki, buradakı hadisələri Pilat yox, İsa idarə edir. Pilat tamamilə çaşqın vəziyyətdədir və bu dolaşıq vəziyyətdə çarəsizcə çırpınır. İsanın əzəməti insan mühakiməsi qarşısında dayandığı həmin andakı kimi heç vaxt parlamamışdı.

2. İsa Öz Padşahlığı haqqında birbaşa danışır və deyir ki, Padşahlığı bu dünyadan deyil. Adətən, Yerusəlimdə atmosfer həmişə gərgin olurdu. Pasxa bayramında isə partlayış həddinə çatırdı. Romalılar bunu yaxşı bildikləri üçün Pasxa bayramında şəhərə əlavə əsgər dəstələri göndərirdilər. Pilatın ixtiyarında heç vaxt üç mindən çox əsgər olmayıb: onların bəziləri Qeysəriyyədə, bəziləri Samariyada yerləşdirilmişdi. Yerusəlimdə bir neçə yüz nəfər idi. Əgər İsa üsyan qaldırıb Pilatla mübarizə aparmaq istəsəydi, istənilən vaxt bunu asanlıqla edə bilərdi. Lakin İsa aydın şəkildə bildirir ki, Onun Padşahlığı bu dünyadan deyil. Onun Padşahlığı gücə əsaslanmır, insanların qəlbində qurulur. Düzdür, İsa qələbə axtardığını heç vaxt inkar etmirdi, amma bu qələbə — sevgi qələbəsi olmalı idi.

3. İsa dünyaya nə üçün gəldiyini deyir. O gəldi ki, həqiqətə şəhadət etsin. O gəldi ki, insanlara Allah haqqında, özləri haqqında, həyat haqqında həqiqəti söyləsin. Təxminlər, axtarışlar və yarıhəqiqət günləri arxada qaldı. İsa insanlara həqiqəti söyləmək üçün gəldi. Bu bizim Onu ya qəbul, ya da rədd etməyimizin əsas səbəblərindən biridir. Həqiqət yarı yolda qalmır. İnsan ya onu qəbul edir, ya da rədd edir.

4. Biz İsanın fiziki cəsarətini görürük. Pilat Onu qamçılamağı əmr etdi. Belə bir cəzaya məhkum edilmiş şəxsi xüsusi dirəyə bağlayırdılar ki, bütün kürəyi açıq qalsın. Qamçı kəmərdən, kəndirdən, bəzən də budaqdan hazırlanırdı. Qamçı boyunca qurğuşun topları və ya iti sümük parçaları bərkidilirdi. Onlar, sözün əsl mənasında, insanın kürəyini cırıq-cırıq edirdi. Çox az adam qamçılanmaya tab gətirə bilirdi. Bu zaman bəziləri ölür, bəziləri ya huşunu, ya da ağlını itirirdi. İsa isə bu cəzaya dözdü. Bundan sonra Pilat Onu camaatın qarşısına çıxarıb «O Adam budur!» dedi. Burada yenə də Yəhyanın Müjdəsinə xas olan ikiqat məna var. Pilatın bir istəyi var idi — xalqda mərhəmət hissi oyatmaq. O, sanki belə deyirdi: «Yazıq, yaralı, qana bulaşmış bu İnsana baxın! Görün, nə qədər bədbəxtdir! Məgər belə bir İnsanı boş yerə ölümə sürükləyə bilərsinizmi?» Pilat bunu deyəndə onun səsindəki dəyişikliyi hiss etmək olardı, onun gözlərində dərin heyranlıq hissi vardı. Şəfqət hissi oyatmaq üçün bunu yarı nifrətlə demək əvəzinə, o, bunu heyranlıqla deyir. Çünki heyranlığını gizlədə bilmir. Pilatın yunan dilində işlətdiyi ho antropos sözü danışıq dilində «insan» mənasını verir. Lakin bir müddət sonra yunan mütəfəkkirləri bunu «səmavi insan, ideal insan, cəsarət nümunəsi» mənasında işlətdilər. İsa haqqında nə desək də, bir şey həmişə həqiqət olaraq qalacaq: Onun qəhrəmanlığı bəşər tarixində misilsizdir. O, əsl İnsandır.

İSA VƏ PİLAT (Yəhya 18:28-19:16 (ardı))

5. İsanın məhkəməsində biz Onun ölümünün insanların iradəsindən asılı olmadığını və Allahın hamı üzərində hökmran olduğunu görürük. Pilat İsaya xəbərdarlıq etdi ki, Onu azad etmək və ya Çarmıxa çəkmək səlahiyyəti var. Lakin İsa ona cavab verdi ki, əgər ona yuxarıdan, yəni Allah tərəfindən verilməsəydi, Onun üzərində heç bir səlahiyyəti olmazdı. Ümumiyyətlə, Məsihin Çarmıxa çəkilməsi vəziyyəti idarə edə bilməyən ümidsizliyə düçar olmuş bir insanın vəziyyətinə bənzəmir. Bu, məqsədə — Çarmıxa doğru zəfər yürüşü edən İnsanın vəziyyətinə bənzəyir.

6. Burada həmçinin İsanın sükutunun heyrətamiz mənzərəsi də canlanır. İsa Pilatın çox sualına cavab vermədi. O, çox vaxt susurdu. O, baş kahinin qarşısında susdu (Matta 26:63; Mark 14:61). O, Hirodun qarşısında susdu (Luka 23:9). O, yəhudi başçıları Onun haqqında Pilata şikayət edəndə susdu (Matta 27:14; Mark 15:5).

Biz özümüz də bəzən insanlarla söhbət zamanı elə bir vəziyyətə düşürük ki, mübahisələr və mülahizələr faydasız və lazımsız olur. Çünki onlarla ortaq heç bir şeyimiz yoxdur. Biz sanki fərqli dillərdə danışırıq. Bəli, insanlar, həqiqətən, fərqli düşüncə və ruhani dildə danışanda belə olur. Qorxulusu odur ki, İsa insanla danışmasın. İnsanın ağlını qürur və özbaşınalıq bürüyəndə İsanın dediyi heç bir söz ona çatmır. Bundan dəhşətli heç nə yoxdur.

7. Nəhayət, ola bilsin, İsanın məhkəməsində dramatik kulminasiya var. Bu da dəhşətli istehzanın parlaq nümunəsidir. Pilat sonda İsanı camaatın qarşısına çıxarır və ibranicə Qabbata, yəni Daş döşəmə deyilən yerdə hökm kürsüsünə oturur (Yəhya 19:13). Həmin yer hökm kürsüsünün dayandığı mərmər mozaika ilə döşənmiş meydança idi. Hakim bu yerdən öz hökmünü oxuyurdu. Lakin yunan mətnində bema — mühakimə kürsüsü və kafitsein sözlərindən istifadə olunur. Oturmaq feli həm təsirli, həm də təsirsiz ola bilər. Bu, ya özü oturmaq, ya da başqasını oturtmaq mənasını verə bilər. Ola bilsin, Pilat son istehza jesti kimi köhnə tünd qırmızı paltarda, başında tikanlı tac və alnından qan daman İsanı xalqın qarşısına çıxarıb, Onu hökm kürsüsünə oturtdu. Sonra İsanı göstərərək xalqdan soruşdu: «Padşahınızımı Çarmıxa çəkim?» Apokrif kitabı «Peterin Müjdəsi»ndə yazılıb ki, onlar İsanı hökm kürsüsünə oturdub istehza ilə dedilər: «Ey İsrailin Padşahı, ədalətlə hökm et!» Əzabkeş Yustin həmçinin deyir ki, onlar «İsanı hökm kürsüsündə oturdub dedilər: «Bizim hakimimiz ol»«. Bəlkə də Pilat istehza ilə İsanı hakim kimi təsvir etməyə çalışıb. Əgər bu, həqiqətən də, belə olubsa, onda necə də acı ironiya idi! Məsxərəyə qoyulan Şəxs əslində həqiqətən Hökmdar idi. Vaxt gələcək, İsanı hakim kimi ələ salanlar Onun əbədi Hökm Kürsüsü qarşısında Onunla görüşəcəklər. Onda İsaya necə istehza etdiklərini xatırlayacaqlar.

İSA VƏ PİLAT (Yəhya 18:28-19:16 (ardı))

Biz İsanın məhkəməsinin əsas personajlarını nəzərdən keçirdik: nifrət dolu yəhudiləri, öz qorxulu keçmişi ilə Pilatı və sakit, padşah əzəməti ilə İsanı. Amma orada səhnənin dolayı iştirakçısı olan başqa insanlar da var idi.

1. Məsələn, əsgərlər. İsa qamçılanmaq üçün onlara təslim ediləndə, onlar Pilatın əmrini yerinə yetirərək əsgərlərə xas olan kobudluqla əyləndilər. O, padşahdır? Deməli, Ona paltar geyindirmək və tac taxmaq lazımdır. Onlar İsa üçün köhnə qırmızı paltar tapdılar, tikanlardan tac toxuyub Onun başına qoydular, sonra Onu ələ salıb yanaqlarına şillə vurdular. Onlar qədim dövrlərdə insanların oynadıqları oyunu oynadılar. Əsgərlər İsanı ələ salaraq qamçıladılar. Bununla belə, İsanın məhkəməsində iştirak edənlərin arasında ən az günahkar olan əsgərlər idi. Çünki onlar nə etdiklərini bilmirdilər. Çox güman, onları Qeysəriyyədən gətirmişdilər. Əsgərlər burada baş verənlərdən xəbərsiz idilər. Onlar üçün İsa adi cinayətkar idi.

Burada acı ironiyanın başqa bir nümunəsi də var. Əsgərlər İsanı padşahın obrazı kimi ələ salırdılar, halbuki O, həqiqətən də, Padşah idi, həm də yeganə. Zarafatın altında əbədi bir həqiqət gizlənirdi.

İSA VƏ PİLAT (Yəhya 18:28-19:16 (ardı))

2. Bu səhnənin sonuncu iştirakçısı Yəhyanın haqqında çox qısa danışdığı Barabbadır. Cinayətkarı bayram günündə azad etmək adəti haqqında heç nə bilmirik. Bu barədə yalnız Müjdədə deyilənləri görürük. Digər Müjdələr mənzərəni bir qədər tamamlayır. Bütün məlumatları toplayanda görürük ki, Barabba şəhərdəki üsyanda iştirak etmiş və ən azı bir qətl törətmiş məşhur quldurdur (Matta 27:15-26; Mark 15:6-15; Luka 23:17-25; Həvarilərin işləri 3:14).

Maraqlısı odur ki, Barabba adının iki mümkün mənşəyi var. Birincisi, Atanın oğlu mənasını verən Var Abbadan, ikincisi ravvinin oğlu mənasını verən Var Rabbandan irəli gələ bilər. Ola bilsin, Barabba hansısa ravvinin oğlu, nəcib bir ailənin Allahdan uzaqlaşmış övladıdır. Buna görə də cinayətkar olmasına baxmayaraq, Robin Qud kimi xalq tərəfindən sevilməsi tamamilə gözləniləndir. Barabbanın xırda fırıldaqçı və ya gecələr insanların evinə soxulan sadə oğru olduğunu düşünmək əsassızdır. O, lestes, yəni soyğunçu idi. Bəlkə də Yerexo yolundan keçənlərə qəsd edənlərdən və gecə vaxtı səyyahları qarət edənlərdən biri idi. Daha böyük ehtimalla, o, nəyin bahasına olursa-olsun, İsraili Roma əsarətindən azad edəcəyinə söz verən fanatiklərdən biri idi. Bunun üçün hətta cinayətə əl atmaq lazım gəlsə belə. Barabba quldur idi, lakin həyatı macəra, romantika və parlaqlıqla dolu idi, bu da onu izdihamın sevimli qəhrəmanına çevirmişdi. Eyni zamanda o, nizam-intizam və qanun keşikçiləri üçün baş bəlası idi.

Barabba adının başqa bir maraqlı tərəfi də var. Bu onun ata adı idi. Məsələn, Yəhya oğlu Peter kimi. Bar Yunus ata adı, Şimon isə öz adı idi. Beləliklə, Barabbanın da öz adı olmalı idi. Əhdi-Cədidin bəzi yunan əlyazmalarında, bəzi Suriya tərcümələrində Barabba İsa deyə çağırılır. Bu ehtimal mümkündür. Çünki İsa adı o vaxtlar kifayət qədər geniş yayılmışdı. İsa ibranicə Yoşa adının yunan versiyası idi. Əgər bu, həqiqətən də, belə idisə, onda camaatın seçimi daha dramatik idi. Çünki o zaman Pilat cinayətkarı onlara təslim etməyi təklif edəndə xalq qışqırdı: «Bizə Nazaretli İsanı yox, Barabba İsanı ver».

Kütlənin seçimi dəhşətli idi. Barabba zorakılıq və qantökən bir insan idi. Onun üçün soyğunçuluq məqsədə çatmaqdan ötrü bir vasitə idi. İsa məhəbbət dolu və həlim İnsan idi. Onun Padşahlığı insanların qəlbində qurulmuşdu. Bəşər tarixinin faciəsi ondadır ki, insanlar əsrlər boyu Barabbanın yolu ilə getdilər, İsanın yolundan isə imtina etdilər.

Barabbanın həyatının necə bitdiyi heç kəsə məlum deyil. Lakin yazıçı Con Oksenqam əsərlərindən birində Barabbanın ehtimal olunan sonunun xəyali təsvirini verib. O yazır ki, Barabba əvvəlcə azadlıqdan başqa heç nə düşünə bilmirdi. Sonra o yaşasın deyə ölən İnsana baxmağa başladı. Bu onu İsaya cəlb etdi və sonu görmək üçün Onun ardınca getdi. O, İsanın Çarmıxını daşıdığını seyr edərkən beynində bir fikir dolaşırdı: «O deyil, mən bu Çarmıxı daşımalıydım. O məni xilas etdi!» O, Çarmıxda asılan İsaya baxanda bir şey düşündü: «Burada O yox, mən asılmalıydım. O məndən ötrü öldü». Bilmirik, bu, həqiqətən də, belə olub, yoxsa yox. Amma bir şey dəqiqdir: Barabba İsanın xilas etmək üçün canını verdiyi günahkarlardan biri idi.

17-22

ÇARMIX YOLU (Yəhya 19:17-22)

Çarmıxa çəkilməkdən daha dəhşətli ölüm yox idi. Hətta Romalıların özləri də bu barədə düşünəndə titrəyirdilər. Siseron Çarmıxın «ən qəddar və dəhşətli bir ölüm» olduğunu bəyan edir. Tasit bunun «biabırçı bir ölüm» olduğunu söyləyir. Bu cəza növü əvvəlcə farslara aid idi. Farslar torpağı müqəddəs hesab edirdilər. Torpağı cinayətkar cəsədi ilə murdarlamamaq üçün onu yerdən yuxarı qaldırırdılar. Cinayətkar Çarmıxa mıxlanır və ölümə tərk edilirdi ki, leşyeyən qartallar və qara qarğalar onun işini bitirsinlər. Karfagenlilər bu edam üsulunu farslardan, romalılar isə karfagenlilərdən götürmüşdülər.

Romalılar ölkənin özündə deyil, yalnız əyalətlərdə Çarmıx cəzasını tətbiq edirdilər, özü də ancaq qullara. Roma vətəndaşının belə bir ölümlə ölməsi ağlasığmaz idi. Siseron deyirdi: «Roma vətəndaşının əl-qolunun bağlanması artıq cinayətdir. Bundan daha pisi döyülməsi və öldürülməsi ata qətlinə bərabər cinayətdir. Gör indi Çarmıxda ölüm nə deməkdir? Belə bir iyrənc hadisəni təsvir etmək mümkün deyil. Çünki onu təsvir etməkdə sözlər acizdir». Ancaq qədim dövrdə hər kəsin qorxduğu bu cür ölümlə — qula və cinayətkara layiq ölümlə Rəbbimiz İsa öldü.

Çarmıxa çəkilmə həmişə eyni şəkildə həyata keçirilirdi. İşə baxıldıqdan və cinayətkarın hökmü çıxarıldıqdan sonra hakim taleyüklü ifadəni səsləndirirdi: «İbisad krusem — Sən Çarmıxa çəkiləcəksən!» Hökm dərhal yerinə yetirilirdi: cinayətkar dörd əsgərin əhatəsində gedir, çiyinlərinə Çarmıx qoyulurdu. Adətən, edamdan əvvəl cinayətkar qamçılanırdı. Buna görə də cinayətkarın bədəninin hansı vəziyyətdə olduğunu təsəvvür etmək olar. Sona qədər ayaq üstə qalsın deyə bəzən onu edam yerinə çatanadək qamçılayır və qovalayırdılar. Öndə əlində məhkumun cinayətini təsvir edən lövhə tutmuş zabit gedirdi. Cinayətkarı edam yerinə çatanadək mümkün qədər çox küçədən keçirirdilər. Bunun iki səbəbi var idi. Birincisi, mümkün qədər çox insanın gözünün odunu almaq üçün, ikincisi, (bu, daha mərhəmətli səbəbdir) lövhəni görən kimsə onun müdafiəsinə şahidlik edə bilsin. Belə olan halda, proses dayandırılır və cinayətkar yenidən mühakimə olunurdu. Yerusəlimdə edam yeri «Kəllə yeri», yəhudilərdə isə Qolqota adlanırdı. Həmin yer, çox güman ki, şəhərdən kənarda idi. Çünki şəhərdə heç kimin edam edilməsinə icazə verilmirdi. Amma dəqiq harada yerləşdiyi bilinmir.

Kəllə yeri bir çox dəhşətli səbəblərə görə belə adlanırdı. Rəvayətə görə, Adəmin kəlləsi orada basdırıldığı üçün həmin yer belə adlandırılırdı. Belə bir ehtimal da var ki, həmin yer cinayətkarların kəllələri ilə dolu olması səbəbindən belə ad qazanıb. Amma çətin ki, bu ehtimal düz olsun. Çünki Roma qanunlarına görə cinayətkar susuzluqdan və aclıqdan ölənə qədər Çarmıxda asılı qalmalı idi. Bu işgəncə bəzən bir neçə gün davam edə bilərdi. Lakin yəhudi qanunlarına görə, edam edilənlər gün batmamış çıxarılmalı və dəfn edilməli idi. Roma qanunlarına görə, cinayətkarın cəsədi yeyilmək üçün qarğalar və sahibsiz itlərə verilir və heç basdırılmırdı. Bu isə yəhudi qanunlarına zidd idi. Ona görə də yəhudilərin edam yerinin kəllələrlə dolu olması ehtimalı azdır. Həmin yer, çox güman, kəlləyə bənzədiyi üçün belə adlanırdı. Ancaq necə olursa-olsun, dəhşətli hadisələrin törədildiyi həmin yerin «Kəllə yeri» adlanması özü qorxunc idi. Beləliklə, İsa qamçılanmış, yaralı halda, qanı axa-axa, kürəyindən dəri və ət qopa-qopa Çarmıxını edam yerinə aparırdı.

ÇARMIX YOLU (Yəhya 19:17-22 (ardı))

Bu hissədə diqqət yetirməli olduğumuz daha iki məqam var. Çarmıx üzərindəki yazı üç dildə idi: yəhudi, yunan və roma. Bunlar antik dövrün üç böyük dövlətinin dilləri idi. Allahda hər bir xalq tarixən öz rolunu oynayır. Hər xalqın dünyaya öyrətməli olduğu mühüm dərsi var. Bu üç dövlət də dünya tarixinə öz töhfələrini verib. Yunanıstan dünyaya forma və düşüncənin gözəlliyini öyrədib. Roma dünyaya qanunvericiliyi və dövləti idarəetməni öyrədib. Yəhudilər dünyaya din gətirərək, həqiqi, var Olan Allaha ibadət etməyi öyrədiblər. Bütün bunların hamısı İsada təzahür etmişdir. Dünya Onda Allahın əzəmətli gözəlliyini və ən yüksək zəkasını gördü. Allahın Qanunu və Allahın Padşahlığı Onda idi. Onda Allahın Özünün surəti var idi. Dünyanın arzuladığı və axtardığı hər şey İsanın Şəxsiyyətində birləşmişdi. Buna görə də, o dövrdə dünyanın hər üç dilində Onun Padşah adlandırılması təsadüfi deyildi. Bu, Allahın işarəsi və iradəsi idi.

Şübhəsiz ki, Pilat həmin yazını yəhudiləri qıcıqlandırmaq və qəzəbləndirmək üçün Çarmıxa qeyd etmişdi. Yəhudilər bir qədər əvvəl demişdilər ki, onların Qeysərdən başqa padşahı yoxdur. Pilat da rişxəndlə Çarmıx üzərinə həmin yazını qeyd etdi. Yəhudi başçıları ondan bir neçə dəfə bu yazını silməyi və ya heç olmasa dəyişdirməyi xahiş etdilər. Lakin o, qəti şəkildə rədd etdi və belə cavab verdi: «Nə yazdımsa, yazdım». Burada biz həm də bir qarış belə geri çəkilməyən və boyun əyməyən Pilatın xasiyyətini görürük. Bir qədər əvvəl o, İsanı edam edəcəyinə, yoxsa buraxacağına dair tərəddüd edirdi. Sonda isə yəhudilərin təhdid və şantajı vasitəsilə fikrini dəyişdirməsinə icazə verdi. Yazı ilə bağlı qəti olan Pilat Çarmıxa çəkilmə mövzusunda zəiflik göstərdi. Həyatın ironiyası ondan ibarətdir ki, biz xırda məqamlarda israrlı, vacib məqamlarda isə zəiflik göstəririk. Əgər Pilat yəhudilərin qəsbkarlıq taktikalarına müqavimət göstərə bilsəydi və onu öz iradələrinə tabe etdirməsinə imkan verməsəydi, o, tarixə ən güclü və ən böyük adamlardan biri kimi düşərdi. Amma vacib məsələdə güzəştə getdiyinə, ikinci dərəcəli məsələdə israr etdiyinə görə, adını bədnam etdi. Pilat vacib olmayan bir şey üçün ayağa qalxan və bunu çox gec edən bir adam idi.

ÇARMIXA ÇƏKİLMƏ ZAMANI HAQQINDA QEYD

Dördüncü Müjdədə bir böyük çətinlik var. Biz araşdırdığımız vaxt həmin yerə əhəmiyyət verməmişik. İndi isə yalnız yüngülcə üstündən keçə bilərik, çünki bu, ümumilikdə həll olunmayan bir problemdir.

Aydın görünür ki, dördüncü Müjdə və digər üç Müjdə Çarmıxa çəkilmə üçün müxtəlif tarixlər verir və İsanın şagirdləri ilə birlikdə keçirdiyi Axırıncı Şam yeməyinə dair fərqli fikirlər ifadə edir.

Sinoptik Müjdələrdən aydın olur ki, Axırıncı Şam yeməyi Pasxa bayramına təsadüf edir və İsa Pasxada Çarmıxa çəkildi. Unutmayaq ki, yəhudilərdə gün axşam saat 6-da başlayırdı. Bizim üçünsə bu, bir gün əvvəl deməkdir. Başqa sözlə, Pasxa bayramı Nisan ayının 15-nə düşürdü. Amma bizim təqvimə görə Nisanın 15-i 14-ü axşam saat 6-da başlayırdı. Müjdəçi Mark bunu açıq şəkildə ifadə edir: «Pasxa quzusunun qurban kəsildiyi Mayasız Çörək bayramının ilk günü şagirdləri İsadan soruşdular: «Sənin Pasxa yeməyin üçün haraya gedib hazırlıq görməyimizi istəyirsən?» İsa onlara lazımi göstərişləri verir. Daha sonra biz oxuyuruq: «Hər şeyin Onun dediyi kimi olduğunu gördülər və Pasxa yeməyi üçün hazırlıq etdilər. Axşam düşəndə İsa On İki şagirdi ilə birlikdə gəldi» (Mark 14:12-17). Şübhəsiz ki, Mark Axırıncı Şam yeməyinin Pasxa ərəfəsində olduğunu və İsanın Pasxada Çarmıxa çəkildiyini göstərmək istəyirdi. Matta və Luka da eyni şeyi deyir.

Digər tərəfdən, müjdəçi Yəhya əmindir ki, İsa Pasxa bayramından bir gün əvvəl Çarmıxa çəkilib. O, Axırıncı Şam yeməyinin təsvirinə bu sözlərlə başlayır: «Pasxa bayramı ərəfəsi idi...» (Yəhya 13:1). Yəhuda yuxarı otaqdan çıxanda hamı onun bayram üçün alış-verişə getdiyini düşündü (Yəhya 13:29). Yəhudilər Pasxa bayramından əvvəl murdarlanmamaq və Pasxanı qəbul edə bilmək üçün valinin sarayına girməyə cəsarət etmədilər (Yəhya 18:28). Məhkəmə Pasxa bayramına hazırlıq zamanı baş vermişdi (Yəhya 19:14).

Burada heç bir kompromis izahı olmayan ziddiyyət var. Ya Sinoptik Müjdələr, ya da Yəhyanın Müjdəsi doğrudur. İlahiyyatçıların fikirləri fərqlidir. Sinoptik Müjdələrin variantı daha düzgün görünür. Yəhya isə həmişə gizli məna axtarırdı. Onun təsvirinə görə İsa altıncı saatda Çarmıxa çəkildi (Yəhya 19:14). Məhz həmin saatda Məbəddə Pasxa quzuları kəsilirdi. Çox güman, Yəhya hadisələri elə düzüb qoşdu ki, İsa məhz Pasxa quzuları kəsilərkən Çarmıxa çəkildi. Belə ki, insanlar Onda bəşəriyyəti xilas edən və bütün dünyanın günahlarını Öz üzərinə götürən həqiqi Pasxa Quzunu görsünlər. Görünür, fakt cəhətdən Sinoptik Müjdələr, həqiqət cəhətdən isə Yəhya haqlıdır. Onu həmişə tarixi faktlardan çox əbədi həqiqətlər maraqlandırırdı. Bu hissədə yaranan ziddiyyətin tam izahı yoxdur. Lakin belə izah bizə daha ağlabatan görünür.

23-24

ÇARMIXIN YANINDA OLANLAR (Yəhya 19:23,24)

Əsgərlər İsanı Çarmıxa çəkəndə hərəsinə bir hissə düşsün deyə Onun paltarını götürüb dörd hissəyə böldülər; eləcə də tikişsiz və başdan-ayağa toxunma olan köynəyini götürdülər. «Onlar bir-birinə dedilər: «Bunu cırmayaq, püşk ataq, görək kimin olur». Müqəddəs Yazıdakı «Aralarında paltarlarımı bölüşdürdülər, geyimim üçün püşk atdılar» sözü yerinə yetsin deyə əsgərlər bunu etdilər».

Biz artıq gördük ki, cinayətkar dörd əsgərin müşayiəti ilə edam yerinə aparılırdı. Bu əsgərlərin əlavə qazanclarından biri də edam olunanların paltarları idi. Hər yəhudinin paltarı beş hissədən ibarət idi: ayaqqabı, çalma, kəmər, tikişsiz köynək və xalat kimi üst paltar. Bu halda beş geyim dörd döyüşçü arasında bölünməli idi. Onlar püşk ataraq paltarları bölüşdürdülər, bircə tikişsiz köynək qaldı. Həmin köynək tikişsiz idi və bir parçadan toxunmuşdu. Dörd hissəyə bölünsəydi, yararsız hala düşərdi. Buna görə əsgərlər ayrıca püşk atmağa qərar verdilər. Bu səhnədə diqqət yönəldəcəyimiz bir neçə məqam var.

1. Başqa heç bir səhnə dünyanın Məsihə qarşı laqeydliyini belə göstərmir. Çarmıxda Məsih dəhşətli əzab içində ölür, Çarmıxın altında isə heç nə olmamış kimi əsgərlər Onun paltarları üçün püşk atırlar. Rəssamlardan biri Məsihi böyük şəhərdə əlləri deşilmiş halda dayanaraq təsvir etmişdir. Onun yanından isə izdiham ötüb keçir. Bir qadından başqa heç kim Ona fikir vermir. Şəklin altında isə belə bir sual var: «Ey yoldan keçənlər, məgər vecinizə deyil?» Faciə dünyanın Məsihə qarşı düşmənçiliyində deyil, biganəliyindədir. Dünya Məsihin məhəbbətinə elə baxır ki, sanki o, heç kimə lazım deyil.

2. Belə rəvayət var ki, həmin tikişsiz köynəyi İsanın anası Məryəm toxuyub və Oğlu xidmətə başlayanda, ​​Ona verib. Bu, Məryəmin Oğluna son hədiyyəsi idi. Əgər bu rəvayət doğrudursa (çox güman ki, doğrudur, çünki yəhudilərin belə bir adəti var idi), onda ananın Oğluna verdiyi son hədiyyəsini püşkə qoyan əsgərlərin vicdansızlığı ikiqat dəhşətlidir.

3. Burada başqa bir şey də var. İsanın köynəyinin yuxarıdan aşağıya doğru tikişsiz toxunduğu deyilir. Belə köynəyi məhz baş kahinlər geyinirdi. Yada salaq ki, baş kahinin vəzifəsi Allahla insan arasında vasitəçilik etmək idi. Latın dilində kahin körpü qurucu mənasını verən pontifeks adlanır. Həqiqətən də, kahin Allahla insan arasında körpü qurmaqla məşğuldur. Bu vəzifəni heç kim heç vaxt İsa kimi yerinə yetirməyib. O, insanları Allaha yaxınlaşdıran kamil Baş Kahindir. Biz dəfələrlə gördük ki, müjdəçi Yəhyanın əksər qeydlərində iki məna var: zahiri və gizli. Yəhya bizə tikişsiz köynək haqqında danışarkən, təkcə İsanın geyindiyi paltarı nəzərdə tutmur. O, İsanın kamil Baş Kahin və Allahın hüzuruna aparan kamil yol olduğunu nəzərdə tutur.

4. Sonda biz bu səhnədə Əhdi-Ətiq peyğəmbərliyinin yerinə yetirildiyini görürük: «Aralarında paltarlarımı bölüşdürdülər, geyimim üçün püşk atırlar» (Zəbur 22:18).

25-27

OĞULLUQ SEVGİSİ (Yəhya 19:25-27)

Son anlarında İsa tamamilə tək deyildi. Çarmıxın yanında onu sevən qadınlar da var idi. Şərhçilərdən birinin dediyinə görə, o dövrdə qadınlara elə laqeyd yanaşırdılar ki, heç kim İsanın qadın şagirdlərinə əhəmiyyət vermirdi. Buna görə də həmin qadınlar İsanın yanında, Çarmıxın ətrafında dayanmaqla heç bir təhlükəyə məruz qalmırdılar. Belə izahat yanlış və ağlabatan deyil. Roma hakimiyyətinin Çarmıxa layiq bildiyi biri ilə əlaqə saxlamaq həmişə təhlükəli idi. Ortodoksal yuxarı təbəqələrin bidətçi hesab etdiyi birinə sevgi göstərmək həmişə təhlükəlidir. Qadınlar əhəmiyyətsiz sayıldıqları, onlar üçün heç bir təhlükənin olmadığına görə deyil, İsanı sevdiklərinə görə orada idilər. Sevgi isə qorxunu qovar.

Qadınlardan ibarət bu qrup qəribə qrup idi. Klopanın arvadı Məryəm haqqında, demək olar ki, heç nə bilmirik. Başqalarını isə az da olsa tanıyırıq. Buna görə də onların üzərində bir az dayanacağıq.

1. İsanın anası Məryəm orada idi. Ola bilər ki, o, nə baş verdiyini anlamırdı, amma sevirdi. Onun Oğlunun Çarmıxının yanında olması təbii idi, çünki o, İsanın anası idi. İsa qanun qarşısında cinayətkar ola bilərdi, lakin O, Məryəmin Oğlu idi. Məryəm Çarmıxın önündə dayananda ürəyində əbədi ana sevgisi var idi.

2. Çarmıxın yanında Məryəmin bacısı da var idi (bəziləri hesab edir ki, burada dörd qadının adı çəkilir, yəni bu hissə belə oxunmalıdır: «...anası, anasının bacısı Klopanın arvadı Məryəm»). Biz onun haqqında başqa Müjdələrdən də öyrənirik (Matta 27:56; Mark 15:40). Bu, Yaqub və Yəhyanın anası Şalomit idi. Bir gün o, İsanın yanına gəlib Ondan oğullarına Padşahlığın sağında və solunda yer verməsini istədi (Matta 20:20). İsa da ona belə iddialı xəyalların nə qədər faydasız olduğunu göstərdi. Şalomit İsa tərəfindən məzəmmət edilmiş və xahişi yerə salınmış bir qadın idi. Buna baxmayaraq, o, yenə də burada, Çarmıxın yanında idi. Şalomitin burada olması onun haqqında və İsa haqqında çox şey deyir. Bu onun məzəmməti qəbul etmək və həmişəki kimi sədaqətlə sevməyə davam etmək üçün kifayət qədər təvazökar olduğunu göstərir. Həm də onu göstərir ki, İsa hətta məzəmmət edəndə belə, məhəbbət hiss olunur. Şalomitin Çarmıxın yanında olması bizə məzəmməti necə etməyi və necə qəbul etməyi öyrədir.

3. Məcdəlli Məryəm də orada idi. Onun haqqında bildiyimiz tək şey İsanın ondan yeddi cini qovmasıdır (Mark 16:9; Luka 8:2). O, İsanın onun üçün etdiklərini unuda bilmirdi. İsanın məhəbbəti onu xilas etdi, Məryəmin sevgisi isə sonsuz idi. Məryəmin ürəyinə yazılmış şüar belə idi: «İsanın mənim üçün etdiklərini heç vaxt unutmayacağam». Bundan başqa, bu hissədə bütün İncil hekayəsində olan ən gözəl hadisələrdən biri təsvir olunur. İsa Anasını görəndə onun gələcəyini düşünməyə bilməzdi. O, anasını qardaşlarına həvalə edə bilməzdi, çünki onlar hələ Ona iman etməmişdilər (Yəhya 7:5). Yəhya buna ikiqat layiq idi. Çünki o, İsanın həm xalası oğlu, həm də sevimli şagirdi idi. İsanın anasını məhz Yəhyaya, Yəhyanı isə anasına həvalə etməsi aydın məsələdir. Belə ki, İsa onların yanında olmayanda, onlar bir-birilərinə təsəlli verə bilsinlər. İsa ölüm ayağında olarkən, dünyanın qurtuluşu ipdən asılı vəziyyətdə olarkən, O, anasının gələcək aqibətini düşünürdü. O, anasının böyük Oğlu idi. Hətta amansız iztirablar içində belə, ailəsini düşündü. İsa Çarmıxda olanda Özündən çox başqalarının əzablarını düşünürdü.

28-30

QALİBİYYƏTLİ SON (Yəhya 19:28-30)

Bu hissədə biz İsanın əzablarının iki tərəfini görürük.

1. Biz burada ən dəhşətli insani iztirablarla qarşılaşırıq. İsa Çarmıxda olarkən susuzluq əzabı yaşadı. Yəhya Müjdəsini təxminən eramızın 100-cü illərində yazarkən, qnostisizm adlı yeni bir dini təriqət yarandı. Qnostisizmin təhlükəli yanlış təsəvvürlərindən biri də bu idi ki, ruhani olan hər şey yaxşıdır, maddi olan hər şey pisdir. Buradan hamıya məlum nəticələr ortaya çıxdı. Onlardan biri o idi ki, Allah Ruhdur və heç vaxt bədən şəklini ala bilməz. Çünki bədən maddidir, maddi olan hər şey isə pisdir. Buna görə də, qnostiklər inanırdılar ki, İsa yer üzündə heç vaxt bədəndə olmayıb. Məsələn, onlar deyirdilər ki, İsa yeriyəndə ayaq izləri qalmırdı, çünki O, kabusa bənzər pak Ruh idi. Daha sonra onlar sübut etməyə çalışırdılar ki, Allah heç vaxt əzab çəkə bilməz. Buna görə də İsa əslində əzab çəkməyib və Çarmıxın bütün mərhələlərini ağrısız keçib. Belə düşünməklə qnostiklər İsaya və Allaha izzət verdiklərinə inanırdılar, halbuki İsaya və Onun işinə zərər verirdilər. İnsanı xilas etmək üçün İsa İnsan olmalı idi. Buna görə Müjdəçi Yəhya vurğulayır ki, İsa susuzluq yanğısı çəkdi. Beləcə göstərmək istəyirdi ki, O, həqiqətən İnsan olub və Çarmıx əzabına dözüb. Yəhya İsanın həqiqi insanlığını və əsil əzabını vurğulamaq üçün səylərini əsirgəmir.

2. Biz İsanın zəfəri ilə qarşılaşırıq. Dörd Müjdəni müqayisə edəndə biz diqqət çəkən bir şey görürük. Digər Müjdələr bizə İsanın «tamam oldu» söylədiyini demir. Lakin Onun ucadan fəryad edərək öldüyünü qeyd edir (Matta 27:50; Mark 15:37; Luka 23:46). Yəhya isə İsanın yüksək səsli fəryadından bəhs etmir, yalnız İsanın «Tamam oldu» söylədiyini deyir. İsanın ucadan fəryad etməsi ilə «tamam oldu» sözü eyniləşdirilir. Yunan dilində «tamam oldu» tetelestai deməkdir. İsa bu qalibiyyət nidası ilə öldü. O, «tamam oldu» sözünü kədərli, məğlub səslə deyil, qələbə nidası ilə sevinc içində ucadan söylədi. Çünki qələbə Onunla idi. Çarmıxda asılarkən İsa sınmış və məğlub olmuş kimi görünürdü, lakin O, qalib olduğunu bilirdi.

Bu hissədəki son ifadə vəziyyəti daha aydın edir. Burada deyilir ki, İsa başını əyib RUHUNU tapşırdı. Yəhya burada elə söz işlədir ki, başını yastığa qoymaqla eyni mənanı verir. İsanın mübarizəsi bitdi və O, döyüşdə qalib gəldi. Artıq Çarmıxda olarkən O, xidmətini başa vurmuş insan kimi qələbə sevinci yaşadı. O insan ki, indi məmnunluq və rahat şəkildə başını əyə bilərdi.

Burada diqqət yetirməli olduğumuz daha iki məqam var. Yəhya Əhdi-Ətiq peyğəmbərliyi ilə bağlı İsanın «susuzluğunu» qeyd edir və bunu peyğəmbərliyin yerinə yetirilməsi kimi görür. O, Zəbur 69:21-də qeyd olunanları nəzərdə tutur: «Mənə yemək əvəzinə öd verdilər, susayanda sirkə içirtdilər». Yəhya deyir ki, süngəri şərab sirkəsinə batıraraq züfaya taxıb İsanın ağzına yaxınlaşdırdılar. Züfa çubuğu, çətin ki, belə bir iş üçün uyğun olsun, çünki o, çox möhkəm və uzun olmur. Bu o qədər ağlabatan görünmür ki, hətta bəzi ilahiyyatçılar burada səhv olduğunu düşünürlər. Çünki züfaya oxşar söz nizə mənasındadır. Lakin Yəhya züfa yazıb və züfanı nəzərdə tutub. Əgər biz İsrail xalqı Misiri tərk edərkən qeyd etdikləri ilk Pasxa bayramına nəzər salsaq, ölüm mələyinin bütün Misir evlərini gəzib ilk oğlanları öldürməli olduğunu xatırlayarıq. İsraillilər bir quzu kəsib qanını qapının dirəklərinə sürtməli idilər ki, ölüm mələyi qanı görəndə oradan yan keçsin. Allah belə əmr etmişdi: «Bir çəngə züfa otu götürüb ləyəndə olan qana batırın və oradakı qandan qapının üst dirəyinə və yan taxtalarına sürtün. Səhərə qədər heç kəs evinin qapısından çıxmasın» (Çıxış 12:22). Pasxa quzusunun qanı Allahın xalqını ölümdən xilas etdi. İsanın qanı isə dünyanı günahdan xilas etməli idi. Təkcə züfanın adının çəkilməsi hər bir yəhudiyə ölümü ilə bütün dünyanı günah və məhv olmaqdan xilas edən Allahın Pasxa Quzusunu xatırlatmalı idi.

31-37

SU VƏ QAN (Yəhya 19:31-37)

Yəhudilər romalılara baxanda daha mərhəmətli idilər. Romalılar, adətlərinə uyğun olaraq, kimisə Çarmıxa çəkəndə, qurbanı Çarmıxda ölümlə təkbaşına buraxırdılar. Edam edilən adam günlərlə qızmar günəş altında və gecənin soyuğunda susuzluqdan, yaralı bədəninin üstünə yığılan ağcaqanad və milçəklərdən əzab çəkirdi. Çox vaxt insanlar bu cür əzablardan ağıllarını itirib ölürdülər. Romalılar edam edilmiş adamları dəfn etmirdilər. Onları götürüb itlər, vəhşi heyvanlar və quşlara yem kimi atırdılar.

Yəhudi qanunu fərqli idi. Orada deyilirdi: «Əgər bir adam bir günahdan ötrü ölüm cəzasına məhkum olunub ağacdan asılırsa, meyiti gecə ağacda asılı qoymayın, mütləq onu həmin gün basdırın, çünki asılan adam Allahın lənətinə düçar olub. Allahınız Rəbbin irs olaraq sizə verəcəyi torpağı murdarlamayın» (Qanunun təkrarı 21:22-23). Yəhudilərin dini kitabı Mişnada da deyilirdi: «Edam edilən adamı gecə tərk edən hər kəs əmri pozmuş olur». Ali Şura dəfn üçün iki yer ayırmalı idi: biri cinayətə görə edam edilən və ailəsi ilə birlikdə dəfn edilməsi qadağan olanlar üçün, digəri isə adi ölülər üçün. Bu hadisədə isə cəsədlərin gecə Çarmıxda qalmaması xüsusilə vacib idi. Çünki səhərisi Şənbə günü idi, həm də adi Şənbə deyil, Pasxa Şənbəsi idi.

Əgər cinayətkarın ölüm prosesi uzun sürürdüsə, ölümü sürətləndirmək üçün sərt üsuldan istifadə olunurdu. Ağır çəkiclə cinayətkarın baldırlarını qırırdılar. İsa ilə birlikdə Çarmıxa çəkilmiş cinayətkarlara da məhz belə etdilər. Amma İsa öldüyü üçün bu sərt üsuldan yan keçdi. Yəhya deyir ki, bu, İsa haqqında Pasxa quzusunun sümükləri qırılmasın deyən başqa bir Əhdi-Ətiq peyğəmbərliyini yerinə yetirdi: «Ondan sabaha qədər heç nə qalmasın və bir sümük belə qırılmasın» (Saylar 9:12). Müjdəçi bir daha xalqı ölümdən xilas edən Pasxa Quzusunun İsa olduğunu qeyd edir.

Sonda daha bir qeyri-adi hadisə baş verdi. Əsgərlər İsanın artıq öldüyünü görəndə çəkiclə Onun baldırlarını qırmadılar. Amma İsanın öldüyünə əmin olmaq üçün onlardan biri nizə ilə Onun böyrünü deşdi, oradan su və qan axdı.

Yəhya bu vəziyyətə xüsusi əhəmiyyət verir. O, burada peyğəmbərliyin yerinə yetdiyini görür: «Davud nəsli və Yerusəlimdə yaşayanların üzərinə lütf və yalvarış ruhunu tökəcəyəm. Onlar Mənə — bədənini deşdikləri şəxsə baxacaq və vahid oğluna yas tutan adam kimi ona yas tutacaq, ilk oğlu üçün dərd çəkən adam kimi dərd çəkəcək» (Zəkəriyyə 12:10). Daha sonra müjdəçi Yəhya qeyd edir ki, bütün bunları gözləri ilə görən şahid var və onun ifadəsi doğrudur.

Gəlin əslində nə baş verdiyinə baxaq. Biz tam əmin olmasaq da, deyə bilərik ki, İsa ola bilsin, ürək partlamasından ölüb. Adətən, ölən insanın cəsədi qanamır. Belə ehtimal olunur ki, İsanın həm fiziki, həm də ruhani əzabları çox güclü olduğundan Onun ürəyi partlayıb. Belə olan halda, ürəkdən gələn qan perikardial kisədə su ilə qarışa bilərdi. Əsgər nizəsi ilə İsanın böyrünü deşəndə, həmin su və qan qarışığı töküldü. İsanın, sözün əsl mənasında, ürəyi partlamışdı.

Nə üçün müjdəçi Yəhya bunu belə xüsusi vurğulayır? Bunun iki səbəbi var.

1. Şəxsən Yəhya üçün bu, İsanın əsl İnsan olmasının, həqiqi insan bədəninə malik olmasının sonuncu təkzibedilməz sübutu idi. Bu, İsanın kabus və ya ruh olduğunu, qeyri-real cəsarətə sahib olduğunu söyləyən qnostiklərə cavab idi. Bu, İsanın bizim kimi ət və qana malik olduğuna sübut idi.

2. Bununla belə, Yəhya üçün bu, təkcə İsanın insan olmasının sübutu deyildi. Bu, İmanlı Cəmiyyətinin ən vacib iki müqəddəs mərasiminin simvolu idi. Biri suya əsaslanan su vəftizi, ikincisi isə qana əsaslanan Rəbbin Süfrəsi idi. Vəftiz zamanı su Allahın İsa Məsihdəki təqdis edən lütfünü, Rəbbin Süfrəsində içilən şərab günahkarları günahlarından xilas edən İsanın qanını simvolizə edir. Xilaskarın deşilmiş böyründən tökülən su vəftiz suyunda təqdisi və Rəbbin Süfrəsində xatırladığımız qan Məsihin qanındakı xilası bildirir.

Əbədi Daş, aralan,

Qoy Səndə mən gizlənim!

Yaradan axan su, qan

Qoy günahlarımı yusun,

Məni şərdən pak etsin!

38-42

İSAYA VERİLƏN SON ŞƏRƏF (Yəhya 19:38-42)

Beləliklə, İsa öldü. Ölülər üçün mərasimi dərhal yerinə yetirmək lazım idi, çünki heç kimin bir iş görə bilmədiyi Şənbənin başlamasına az qalmışdı. İsanın dostları kasıb idilər və Onu layiqli şəkildə dəfn edə bilməzdilər. Lakin iki nəfər Rəbbin cəsədinin qayğısına qaldı.

Onlardan biri Arimateyalı Yusif idi. O, İsanın şagirdi idi, lakin Ali Şuranın üzvü olduğuna və yəhudilərdən qorxduğuna görə şagirdliyini gizli saxlayırdı. Digəri Nikodim idi. Yəhudi adətinə görə, ölülərin cəsədi buxura batırılmış kəfənə bükülməli idi. Nikodim Padşahı məsh etmək üçün kifayət qədər məlhəm (mirra və aloe tərkibi) gətirdi. Yusif İsaya bağda qəbir, Nikodim isə kəfən və ətirli məlhəmlər verdi.

Burada həm faciə, həm də izzət var.

Faciə o idi ki, Nikodim də, Yusif də həm Ali Şuranın üzvləri, həm də İsanın gizli şagirdləri idilər. İsa mühakimə olunanda və Onun haqqında hökm çıxarılanda, onlar ya Şuranın iclasında iştirak etməmişdilər, ya da müzakirə zamanı susmuşdular. Əgər İsanı mühakimə və təhqir edən səslər arasında ən azı bir səs Onu müdafiə etmək üçün yüksəlsəydi, İsanın vəziyyəti necə də əhəmiyyətli dərəcədə dəyişərdi! Sərt, bədxah simalar arasında ən azı bir simada sədaqət görmək necə də gözəl olardı! Lakin Nikodim və Yusif qorxdular.

Biz çox vaxt yaxşılığımızı sonraya — insan artıq həyatda olmayan vaxta saxlayırıq. Sağ ikən göstərilən sədaqət Padşah üçün ayrılmış təzə qəbirdən və buxura batırılmış kəfəndən nə qədər gözəl olardı. Sağ ikən hədiyyə olunan bir çiçək ölümdən sonra qoyulan bütün çələnglərdən daha dəyərlidir. Sağ ikən deyilən sevgi və minnətdarlıq sözü ölümdən sonra deyilən bütün təriflərdən daha dəyərlidir.

İzzət isə onda idi ki, ölüm Nikodim və Yusif üçün həyatın edə bilmədiyini etdi. İsa Çarmıxda ölən kimi Yusif bütün qorxusunu unutdu və İsanın cəsədini ona versinlər deyə Roma valisinə müraciət etdi. İsa Çarmıxda ölən kimi Nikodim Onu insanlar qarşısında izzətləndirmək üçün orada idi. Qorxaqlıq, qətiyyətsizlik və gizlənmək aradan qalxdı, İsanın sağlığında insanlardan qorxanlar Onun ölümündən sonra açıq şəkildə özünü Onun tərəfdarı elan etdilər. İsanın ölümündən bir saat belə keçməmiş Onun peyğəmbərliyi yerinə yetdi: «Mən yerdən yuxarı qaldırılsam, bütün insanları Özümə cəzb edəcəyəm» (Yəhya 12:32). Bəlkə də Ali Şuranın iclasında Nikodimin susması və ya orada olmaması İsanı məyus etdi. Lakin İsa bilirdi ki, bu iki şagird O, Çarmıxa çəkiləndən sonra qorxunu kənara atacaq. Buna görə də İsanın ürəyi onlara görə sevinirdi. Çarmıxın gücü artıq onların həyatına təsir etmiş və onları İsaya cəlb etmişdir. Artıq o vaxtdan Çarmıxın gücü qorxaqları cəsarətli, tərəddüd edənləri qətiyyətli insanlara çevirərək İsa Məsihin tərəfdarları etdi.

Azərbaycan dilində Müqəddəs Kitab

İsanın ölümə məhkum edilməsi
1 Onda Pilat İsanı aparıb qamçılatdı. 2 Əsgərlər də tikandan bir tac hörüb Onun başına qoydular və Ona tünd qırmızı paltar geyindirdilər. 3 Onlar İsanın yanına gəlib «Yəhudilərin Padşahı sağ olsun!» deyirdilər və Ona şillə vururdular. 4 Pilat yenə bayıra çıxıb Yəhudilərə dedi: «Budur, Onu bayıra, sizin yanınıza gətirirəm ki, Onda bir təqsir görmədiyimi biləsiniz». 5 O zaman İsa başında tikandan tac, əynində tünd qırmızı paltar bayıra çıxdı. Pilat onlara dedi: «O Adam budur!» 6 Başçı kahinlər və mühafizəçilər Onu gördükdə «Çarmıxa çək, çarmıxa çək!» deyə bağırdılar. Pilat onlara dedi: «Onu özünüz götürüb çarmıxa çəkin, çünki mən Onda bir təqsir görmürəm». 7 Yəhudilər ona cavab verdilər: «Bizim bir qanunumuz var, bu qanuna görə O ölməlidir, çünki Özünü Allahın Oğlu adlandırır».
8 Pilat bu sözü eşidəndə daha da qorxdu. 9 Yenə vali sarayına girib İsadan soruşdu: «Sən haradansan?» Amma İsa ona cavab vermədi. 10 Pilat Ona dedi: «Mənəmi cavab vermirsən? Bilmirsən ki, Səni azad etməyə yaxud çarmıxa çəkməyə səlahiyyətim var?» 11 İsa ona cavab verdi: «Əgər sənə yuxarıdan verilməsəydi, Mənim üzərimdə heç bir səlahiyyətin olmazdı. Buna görə də Məni sənə təslim edənin günahı daha böyükdür». 12 Bundan sonra Pilat Onu azad etməyə çalışdı, ancaq Yəhudilər bağırıb dedilər: «Əgər bu Adamı azad etsən, qeysərin dostu deyilsən. Kim özünü padşah elan edirsə, qeysərə qarşı çıxmış olur».
13 Pilat bu sözü eşitdikdə İsanı bayıra apardı və ibranicə Qabbata, yəni Daş döşəmə deyilən yerdə hökm kürsüsünə oturdu. 14 Pasxaya hazırlıq günü idi. Altıncı saat radələri idi. Pilat Yəhudilərə «Padşahınız budur!» dedi. 15 Amma onlar «Yox, rədd olsun, rədd olsun! Onu çarmıxa çək!» deyə bağırdı. Pilat onlardan soruşdu: «Padşahınızımı çarmıxa çəkim?» Başçı kahinlər cavab verdilər: «Qeysərdən başqa padşahımız yoxdur!» 16 Onda Pilat İsanı çarmıxa çəkilmək üçün onlara təslim etdi.
İsanın çarmıxa çəkilməsi
(Matta 27:32-44; Mark 15:21-32; Luka 23:24-43)
Əsgərlər İsanı götürüb apardılar. 17 İsa çarmıxını Özü daşıyaraq ibranicə Qolqota, yəni «Kəllə yeri» adlanan yerə çıxdı. 18 Orada Onu və başqa iki nəfəri çarmıxa çəkdilər: biri İsanın sağında, o biri isə solunda idi, İsa da ortada idi. 19 Pilat bir lövhə yazıb onu çarmıxın üstündə asdırdı. Orada belə yazılmışdı: «Yəhudilərin Padşahı Nazaretli İsa». 20 Yəhudilərin bir çoxu bu lövhəni oxudu, çünki İsanın çarmıxa çəkildiyi yer şəhərə yaxın idi və lövhədə ibranicə, latınca və yunanca yazılmışdı. 21 Bunu görüb Yəhudi başçı kahinləri Pilata dedilər: «“Yəhudilərin Padşahı” yox, “Özünü Yəhudilərin Padşahı adlandıran” yaz». 22 Pilat cavab verdi: «Nə yazdımsa, yazdım».
23 Əsgərlər İsanı çarmıxa çəkdikləri zaman Onun paltarlarını götürüb hər əsgər üçün bir pay olmaqla dörd hissəyə böldülər. Tikişsiz və başdan-ayağa toxunma olan köynəyini götürdülər. 24 Onlar bir-birinə dedilər: «Bunu cırmayaq, püşk ataq, görək kimin olur». Müqəddəs Yazıdakı
«Aralarında paltarlarımı bölüşdürdülər,
Geyimim üçün püşk atdılar»
sözü yerinə yetsin deyə əsgərlər bunu etdilər.
25 İsanın çarmıxı yanında anası, anasının bacısı, Klopanın arvadı Məryəm və Məcdəlli Məryəm dayanmışdı. 26 İsa anasını və onun yanında Öz sevimli şagirdinin dayandığını gördükdə anasına dedi: «Ana, bu sənin oğlundur!» 27 Sonra isə şagirdə dedi: «Bu da sənin anandır!» Həmin andan sonra şagird onu öz evinə apardı.
İsanın ölümü
(Matta 27:45-56; Mark 15:33-41; Luka 23:44-49)
28 Daha sonra İsa hər şeyin artıq tamam olduğunu bilərək Müqəddəs Yazı tam yerinə yetsin deyə «Susadım!» dedi. 29 Orada şərab sirkəsi ilə dolu bir qab qoyulmuşdu. Bir süngəri şərab sirkəsinə batıraraq züfaya taxıb İsanın ağzına yaxınlaşdırdılar. 30 İsa şərab sirkəsini daddı. Sonra «tamam oldu» dedi və başını əyib ruhunu tapşırdı.
31 Hazırlıq günü olduğuna görə Yəhudi başçıları Pilatdan çarmıxa çəkilənlərin baldırlarının qırılmasını və cəsədlərin götürülməsini xahiş etdilər. Onlar cəsədlərin Şənbə günü çarmıxda qalmasını istəmirdilər, çünki o Şənbə günü böyük bir bayram idi. 32 Onda əsgərlər gəlib əvvəl İsa ilə çarmıxa çəkilən bir adamın, sonra isə o biri adamın baldırlarını qırdılar. 33 İsanın yanına gələndə isə Onun artıq öldüyünü görüb baldırlarını qırmadılar. 34 Amma əsgərlərdən biri Onun böyrünü nizə ilə deşdi, o anda oradan qan və su axdı. 35 Bunu görən adam özü şəhadət edir və onun şəhadəti doğrudur, sizin də iman etməyiniz üçün həqiqəti söylədiyini bilir. 36 Bunlar ona görə oldu ki, Müqəddəs Yazıdakı «Onun bir sümüyü də qırılmayacaq» sözü yerinə yetsin. 37 Yenə başqa bir Yazıda «bədənini deşdikləri Şəxsə baxacaqlar» deyilir.
İsanın dəfni
(Matta 27:57-61; Mark 15:42-47; Luka 23:50-56)
38 Bundan sonra Arimateyalı Yusif Pilatdan İsanın cəsədini götürməyi xahiş etdi. Yusif İsanın şagirdi idi, amma Yəhudi başçılarından qorxduğu üçün bunu gizli saxlayırdı. Pilat ona izin verdi və Yusif gəlib İsanın cəsədini götürdü. 39 Vaxtı ilə gecə ikən İsanın yanına gələn Nikodim də gəlib yüz litraya qədər qarışıq mirra və əzvay gətirdi. 40 İsanın cəsədini götürüb Yəhudilərin dəfn adətinə uyğun olaraq ətirlərlə birgə kətan bezlərə sarıdılar. 41 İsanın çarmıxa çəkildiyi yerdə bir bağça, bu bağçanın içində də hələ heç kəsin qoyulmadığı təzə bir qəbir var idi. 42 Qəbir yaxında olduğuna görə İsanın cəsədini oraya qoydular, çünki o gün Yəhudilərin Hazırlıq günü idi.