Barclay
KİTABLARAudio kitablarHekayələrİlahilərFilmlər və cizgi filmləriXilas haqqında müjdəXoş xəbər hekayələri

Yəhyanın müjdəsi: 18-ci fəsil

V. Barklinin şərhləri

18-ci fəsil

1-11

BAĞDA HƏBSOLUNMA (Yəhya 18:1-11)

Axırıncı Şam yeməyi, İsanın şagirdlərə nəsihəti və duası bitəndə, İsa dostları ilə birlikdə yuxarı otaqdan çıxıb Getsemani bağına yollandı. Onlar darvazadan keçib sıldırım yamaca çıxmalı, oradan Qidron vadisinə enib, çayı keçməli idilər. Sonra isə həmin zeytun bağının yerləşdiyi vadinin o tayındakı təpəyə qalxmalı idilər. Qidron vadisindən keçmək simvolik məna daşıyırdı. Pasxa quzuları həmişə Məbəddə kəsilir və qanları Allaha qurban olaraq qurbangahın üzərinə tökülürdü. Məbəddə kəsilən quzuların sayı çox olurdu. Bir dəfə hesablama aparılanda, onların sayı 256 minə çatmışdı. Təsəvvürünüzə gətirin ki, heyvanların qanı qurbangahın üzərinə töküləndə, oradan vadiyə və Qidron çayına axanda, Məbədin həyətlərində nə baş verirdi. İsa Qidron çayından keçib Getsemani bağına gedəndə, Pasxa quzularının qanı çayı qırmızı rəngə boyamışdı. Şübhəsiz ki, axındakı suyun rənginə baxanda İsa tökəcəyi qan haqqında düşünürdü.

Qidron vadisini keçəndən sonra İsa və şagirdləri Getsemani bağının yamacında yerləşən Zeytun dağına getdilər. Getsemani — yağı sıxmaq üçün pres deməkdir. Zeytun yağı bu bağda bitən zeytunlardan sıxılırdı. Orada bir çox varlıların şəxsi bağları var idi. Yerusəlimdə şəxsi bağ salmaq üçün yer az idi, çünki şəhər təpənin üstündə qurulmuşdu. Bundan əlavə, müqəddəs torpaqda ağac gübrələrindən istifadə etmək qadağan idi. Buna görə də zəngin insanlar şəhərdən kənarda Zeytun dağının yamaclarında bağlar salırdılar.

Bu gün də zəvvarlara dağın yamacında kiçik bir bağ göstərilir. Fransiskan keşişləri bağa yaxşı qulluq edirlər. Bağın ortasında geniş ərazidə səkkiz qədim zeytun ağacı qorunub saxlanılır. Onlar H.V.Nortonun dediyi kimi, ağacdan daha çox qayalara bənzəyir. Onlar çox qədim ağaclardır, müsəlmanların İsraili fəth etməsindən əvvələ aid olduğu bilinir. Çətin ki, həmin ağaclar İsanın yer üzündə yaşadığı vaxtdan mövcud olsun. Amma şübhəsiz ki, Xilaskarın ayaqları Zeytun dağının yamacındakı cığırlara dəyirdi.

İsa həmin bağa gəldi. Çox güman, hansısa varlı sakin, İsa Məsihin gizli dostu (adı əbədi olaraq sirr qalacaq) Yerusəlimə səfəri zamanı bağın açarını və ondan istifadə etmək hüququnu İsaya vermişdi. İsa və şagirdləri təkliyə çəkilmək, hüzur və sakitlik axtarmaq üçün tez-tez buraya gəlirdilər. Yəhuda İsanın burada olduğunu bilirdi. O fikirləşdi ki, İsanın həbsini burada təşkil etmək rahat olar.

İsanı həbs etməyə gələn silahlı qüvvələrdə heyrətamiz bir şey var idi. Həvari Yəhya deyir ki, onların arasında baş kahinlərin və fariseylərin göndərdiyi bir dəstə əsgər və mühafizəçi var idi. Onlar Məbədin mühafizəçiləri idi. Məbədin rəhbərliyi Məbəddə asayişi qorumaq üçün mühafizəçilər saxlayırdı. Ali Şuranın da onun fərmanlarını yerinə yetirən öz əsgərləri var idi. Nəticə etibarı ilə, İsanı həbs etməyə gələn əsgərlər — Məbədin mühafizəçiləri yəhudilər idi. Lakin orada Roma əsgərlərinin bir dəstəsi də var idi. Dəstə speira adlanır. Bu söz üç mənanı ifadə edir. Yunan sözü olan speira 600 nəfərdən ibarət Roma koqortasını (qoşun dəstəsi) təsvir etmək üçün istifadə edilirdi. Əgər speira ehtiyat əsgər dəstəsi olsaydı, onun tərkibində 1000 nəfər ola bilərdi: 240 süvari və 760 piyada. Ancaq bəzən eyni söz Roma legionunun ən kiçik bölməsini — 200 əsgərdən ibarət manipulu təsvir etmək üçün istifadə olunurdu. Bu hissədə Yəhyanın işlətdiyi speira sözünün üç mümkün izahı bunlardır. Hətta bu sözün mənası ən kiçik bölmə — manipulu kimi şərh edilsə də, sadə bir Qalileyalı dülgərin həbsi üçün belə bir qüvvə həddindən artıq görünür.

Pasxa bayramı zamanı Yerusəlimdə həmişəkindən daha çox əsgər olurdu. Ehtiyat dəstələri Antoni Qülləsində yerləşirdi. Oradan Məbəd yaxşı görünürdü. Onlar istənilən vaxt oradan çıxa bilərdilər. Bununla belə, İsanın qüdrəti necə də tərifə layiqdir! Hakimiyyət Onu həbs etmək qərarına gələndə, az qala bütün ordunu səfərbər etsin.

BAĞDA HƏBSOLUNMA (Yəhya 18:1-11 (ardı))

İsanın xarakterini bağdakı həbs səhnəsi qədər bizə açan hadisələr İncildə azdır.

1. Bu səhnə bizə İsanın cəsarətini göstərir. Pasxa günü ay bədirlənmişdi və bağ, demək olar ki, gündüz kimi işıqlı idi. Lakin düşmənlər İsanı tutmaq üçün məşəllərlə gəlmişdilər. Nə üçün? Axı məşəllər işıqlandırma üçün lazım deyildi. Yəqin onlar elə düşünürdülər ki, İsanı ağacların arasında və bütün gizli künclərdə axtarmalı olacaqlar. Lakin İsa nəinki onlardan gizləndi, hətta onlar gələndə qarşılarına çıxıb «Kimi axtarırsınız?» deyə soruşdu. Onlar «Nazaretli İsanı» deyə cavab verdilər. İsa dərhal «Mənəm» dedi. Dağ yamacındakı kolluqların qaranlıq künclərində axtaracaqları Şəxs heç nəyə baxmayaraq, bütün izzəti ilə onların qarşısında dayanmışdı. Bu, hər şeylə üzləşməyə hazır olan İnsanın cəsarəti idi.

İspaniyadakı vətəndaş müharibəsi zamanı şəhərlərdən biri mühasirəyə alınmışdı. Mühasirəyə alınanlar arasında təslim olmaq istəyənlər də az deyildi. Onda onların lideri ayağa qalxıb dedi: «Diz üstə yaşamaqdansa, ayaq üstə ölmək yaxşıdır».

2. Bu səhnə bizə İsanın səlahiyyətini göstərir. İsa onların qarşısında tək, silahsız, müdafiəsiz dayanmışdı. Onların sayı çox idi, yüzlərlə idi və hamısı dişinə qədər silahlanmışdı. Amma nədənsə Ona yaxınlaşıb üz-üzə gələndə yerə qapandılar. Ondan elə bir qüdrət çıxırdı ki, tək olmasına baxmayaraq, Onu ordulardan güclü edirdi.

3. Bu səhnə bizə İsanın ölümü seçdiyini göstərir. Buradan bir daha görünür ki, O istəsəydi, ölümdən qaça bilərdi. O, əvvəllər etdiyi kimi, izdihamın arasından keçib uzaqlaşa bilərdi, lakin indi bunu etmədi. O, hətta düşmənlərinin Onu həbs etməsinə kömək etdi. İsa ölümü seçdi.

4. Bu səhnə bizə İsanın qayğıkeş sevgisini göstərir. O Özünü deyil, şagirdlərini düşündü. «Sizə dedim ki, Mənəm. Əgər Məni axtarırsınızsa, yanımdakıları buraxın getsinlər». İkinci Dünya Müharibəsinin çoxsaylı yaddaqalan epizodları arasında Tarrau missioneri Alfred Saddın həyatı diqqət çəkir. Yaponlar onun adasına enəndə onun yanında iyirmi kişi var idi, onların əksəriyyəti qarnizonda xidmət edən Yeni Zelandiya əsgərləri idi. Yaponlar Britaniya bayrağını yerə atıb, Sadda onu tapdalamağı əmr etdilər. O, bayrağa yaxınlaşdı, birdən sağa dönüb yan keçdi. Ona yenidən bayrağı tapdalamaq əmri verildi. Amma bu dəfə o, bayrağın sol tərəfindən dönüb yan keçdi. Əmr üçüncü dəfə təkrarlananda o, bayrağı əlinə alıb öpdü. Yaponlar bütün qrupu güllələməyə aparanda, onların bəziləri gənc olduğu üçün ruhdan düşdülər. Lakin Alfred Sadd onları ruhlandırırdı. Onları mərkəzdə düzmüşdülər. Həlledici məqamda Alfred Sadd yoldaşlarının qarşısında dayanıb çıxışı ilə onları ruhlandırdı. Çıxışını bitirdikdən sonra yoldaşlarının önünə keçdi ki, birinci onu güllələsinlər. Alfred Sadd özündən çox başqalarını düşünürdü. İsanın qayğıkeş məhəbbəti hətta Getsemani bağında da şagirdləri bürüyürdü.

5. Bu səhnə bizə İsanın tam itaətini göstərir. O, Peterə deyir: «Atanın Mənə verdiyi kasanı içməyimmi?» Axı bu, Allahın iradəsi idi. Bu da İsa üçün əsaslı səbəb idi. İsa ölənə qədər sadiq qaldı.

Bu epizodda daha bir nəfər var ki, onu gözdən qaçırmamalıyıq. Həmin şəxs Peterdir. Yalnız o, yüzlərlə düşmənlə vuruşmaq üçün qılıncını çəkdi. Tezliklə Peter Müəllimdən imtina edəcəkdi. Amma bu anda o, İsa Məsih naminə yüzlərlə əsgərə qarşı vuruşmağa hazır idi. Biz Peterin qorxaqlığından və zəifliyindən danışa bilərik. Lakin bu anda onun göstərdiyi böyük cəsarəti unutmamalıyıq.

12-14

İSA XANANIN QARŞISINDA (Yəhya 18:12-14, 19-24)

Hekayəmizi davam etdirmək üçün ard-arda iki hissə götürəcəyik, çünki hər ikisi baş kahin Xananın qarşısındakı mühakimədən bəhs edir. Eyni şeyi Peterlə də bağlı edəcəyik.

İsanı əvvəlcə Xananın yanına gətirdilər. Xanan məşhur insan idi. Ederşeym onun haqqında belə yazır: «Müasir yəhudi tarixində Xanan kimi heç kim məşhur olmamışdı. Heç kim baş kahin qədər uğurlu və şanslı sayılmırdı. Lakin eyni zamanda onun qədər nifrət qazanan da yox idi». Xanana güc verən Yerusəlimdəki taxtda oturanlar idi. O, altı yaşından on beş yaşına kimi baş kahin olub. Onun dörd oğlu da baş kahin vəzifəsini tuturdu, Qayafa isə kürəkəni idi. Təkcə bu fakt düşünməyə vadar edir, çünki bəzi məqamlara işıq salır. Yəhudilər azad olanda baş kahinlər ömürlük xidmət edirdilər. Lakin onların üzərinə Roma valiləri təyin edildikdə, baş kahin vəzifəsi rəqabət, rüşvət, intriqa və satqınlıq obyektinə çevrildi. Bu vəzifəni ən çox pul ödəyən, yaltaqlanan və ya Roma valisi ilə sövdələşməyə hazır olan əldə edirdi. Baş kahin təkcə rüşvətlə deyil, həm də ölkənin işğalçıları ilə əməkdaşlıq etməklə xoş rifah və nüfuz qazanırdı. Xananın ailəsi hədsiz zəngin idi, onun bütün ailə üzvləri intriqa və rüşvət yolu ilə vəzifəyə sahib olmuşdular. Bütün ailənin pərdəarxası gücü Xanan idi.

Xananın pul qazanma üsulu biabırçılıq idi. Məbəddəki bütpərəstlərin həyətində İsanın bir vaxtlar qovduğu qurbanlıq heyvan alverçiləri var idi. Bunlar sadə alverçilər deyil, soyğunçular idi. Məbəddə təqdim olunan hər qurban qüsursuz olmalı idi. Xüsusi müfəttişlər onun qüsursuz olub-olmadığını yoxlayırdılar. Əgər qurbanlıq heyvan Məbəddən kənar alınırdısa, müfəttişlər mütləq onda bir qüsur aşkar edirdilər. Onda qurban gətirən adamı Məbəddə satılan heyvanlara yönəldirdilər ki, burada özü üçün heç bir qüsuru olmayan, yoxlamadan keçirilmiş heyvan ala bilsin. Əslində, belə bir sistem rahat və faydalı görünürdü, əgər soyğunçuluq olmasaydı. İstənilən yerdə bir cüt göyərçini dörd yerli sikkəyə almaq olardı, Məbəddə isə yetmiş beş sikkəyə satılırdı. Bu, əsl soyğunçuluq idi. Qurbanlıq heyvanların satıldığı yerlər «Xananın bazarı» adlanırdı. Onlar Xananın ailəsinin mülkiyyəti idi. O, zəvvarları istismar edərək öz var-dövlətini artırırdı. Yəhudilər Xananın ailəsinə nifrət edirdilər. Hətta Talmudda belə sözlər var: «Vay Xanan evinin halına! Vay onların ilan kimi fışıltısına! Onlar baş kahinlərdir, oğulları xəzinədardır, kürəkənləri Məbədin keşikçiləridir, qulluqçuları isə camaatı dəyənəklə döyür». Bəli, Xanan və ailəsi belə bədnam tanınırdı.

İndi başa düşürük ki, nə üçün İsa ilk olaraq Xananın yanına gətirildi. Axı İsa onun qanuni mülkiyyətinə qəsd etmişdi. O, Məbəddə qurbanlıq heyvanları satanları qovmaqla Xananın ən zəif yerinə — pulqabısına toxunmuşdu! Xanan onu qıcıqlandıran Qalileyalının tutulmasından həzz alan ilk insan olmaq istəyirdi.

Xananın qarşısında aparılan istintaq ədalətə istehza idi. Qanun məhbusa onun ittihamına səbəb olacaq sualların verilməsini qadağan edirdi. Orta əsrlərin böyük yəhudi müəllimi Maymonid bunu belə ifadə edir: «Bizim həqiqi qanunumuz günahkarın etirafına görə ölüm cəzası təyin etmir». Xanan İsanı sorğu-sual edərkən yəhudi ədalətinin bu prinsipini pozmuşdu. İsa «Niyə Məndən soruşursan? Nə dediyimi eşidən adamlardan soruş» deməklə, məhz bu prinsipi xatırlatdı. Başqa sözlə: «Mənim haqqımda məlumatları qanuni şəkildə başqalarından soruş. Ədalətə əsaslanıb şahidlərini dindir». İsa bu sözləri söyləyəndən sonra orada duran mühafizəçilərdən biri «Sən baş kahinə mühakimə aparmağı öyrədirsən?» deyib Ona bir şillə vurdu. İsa cavab verdi: «Əgər mən pis bir söz demişəmsə, şahidləri çağırın. Mən sizə yalnız qanunu xatırlatdım. Məni buna görə vurursunuz?»

İsa ədalət gözləmirdi. İsa Xananın və onun həmkarlarının şəxsi maraqlarına toxunmuşdu. Ona görə də O, heç bir araşdırma aparılmadan mühakimə olundu. İnsan pis işlərlə məşğul olanda onun yalnız bir arzusu olur — bütün rəqiblərindən yaxa qurtarmaq. Əgər bunu düz yolla edə bilmirsə, onda istənilən yola əl atır.

15-18

QƏHRƏMAN VƏ QORXAQ (Yəhya 18:15-18, 25-27)

Digər şagirdlər İsanı tərk edib qaçanda, Peter bunu etməkdən imtina etdi. O, hətta İsa həbs olunduqdan sonra da Onun arxasınca getdi. Çünki Ondan ayrı qala bilmirdi. O, başqa şagirdlə birlikdə baş kahin Qayafanın həyətinə gəldi. Ora yalnız tanışlıqla girmək olardı.

Sözügedən digər şagirdlə bağlı çoxlu fərziyyələr var. Bəziləri düşünür ki, bu şagird adını bilmədiyimiz naməlum şəxsdir. Digərləri isə düşünürlər ki, bu, Ali Şuranın üzvü olan və baş kahini yaxşı tanıyan Nikodim və ya Arimateyalı Yusifdir. Hətta belə bir fərziyyə də var ki, həmin şagird Yəhuda İskaryot idi. Yəhuda sövdələşmə edərkən bir neçə dəfə baş kahinin həyətinə girib-çıxmışdı. Buna görə həm qulluqçu, həm də baş kahin onu tanıya bilərdi. Lakin bir hal bu ehtimalı istisna edir. Bağdakı hadisədən sonra Yəhudanın xəyanət etdiyi tamamilə aydın oldu. Bundan sonra çətin ki, Peter onunla ünsiyyətini davam etdirsin. Ən çox yayılmış ehtimal budur ki, həmin şagird Yəhyanın özü idi. Bu fərziyyə o qədər kök salıb ki, onu aradan qaldırmaq çətindir. Belə olan halda, sual yaranır: Qalileyalı Yəhyanın baş kahinlə yaxınlığı haradan idi?

Bununla bağlı iki fərziyyə var.

a) Həvari Yəhyanın şagirdi Polikarp (təvazökarlıq yepiskopu) dördüncü Müjdə haqqında öz fikirlərini yazmışdı. O, bu Müjdəni yazan Yəhyanın Məsihin sevimli şagirdi olduğuna heç vaxt şübhə etmirdi. Amma onun haqqında çox maraqlı başqa bir şey də deyir. Onun sözlərinə görə, Yəhya anadangəlmə kahin olub. Yəhyada da baş kahinlərin baş örtüklərinə taxdıqları və üzərində «Rəbbin müqəddəs yeri» sözləri yazılmış qızıl lövhə olan petalos var idi. Əgər bu fərziyyə doğrudursa, deməli, Yəhya baş kahinlə qohum idi. Lakin onun kahin mənşəli olduğuna inanmaq çətindir. Çünki Müjdə bizə onu Qalileyalı balıqçı kimi tanıdır.

b) İkinci fərziyyəni qəbul etmək daha asandır. Yəhyanın atası uğurlu balıqçılıq biznesinə sahib idi. O, hətta muzdlu işçilər də tuta bilərdi (Mark 1:20). Qalileyanın əsas sənayesi balıqçılıq idi. Təzə balıq təmtəraqlı qida sayılırdı. Çünki o dövrdə daşınma zamanı balığı təzə halda çatdırmaq üçün nəqliyyat yox idi. O dövrün qidası duzlu balıq hesab edilirdi. Belə ehtimal olunur ki, Yəhyanın atası duzlu balıq ticarəti ilə məşğul olub və baş kahinin evinin tədarükçüsü olub. Belə olan halda, Yəhya baş kahin və onun xidmətçilərini tanıya bilərdi, çünki o, atasının mallarını tez-tez müştərilərin evlərinə çatdırırdı. Bu nəzəriyyə bəzi rəvayətlərdə təsdiqini tapır. H.V.Norton Yerusəlimin kənarında ərəb kafesinə baş çəkməkdən danışır. Kafe kiçik idi. Lakin orada əvvəllər məsihçi kilsəsinə aid bəzi daşlar və tağlar var idi. Daha əvvəl isə həmin yer Yəhyanın atası Zavdayın evi olmuşdu. Fransiskanlar inanırdılar ki, Qalileyada balıq ticarəti ilə məşğul olan Zavdayın ailəsinin Yerusəlimdə filialı var idi. Onlar Qayafanın evini duzlu balıqla təmin edirdilər. Buna görə də Yəhya baş kahinin həyətinə daxil ola bilmişdi.

Amma bütün ehtimallara rəğmən, Peter baş kahinin həyətinə gəldi və orada üç dəfə Məsihi inkar etdi.

Maraqlı olan budur ki, İsa xoruz banlamazdan əvvəl Peterin Onu üç dəfə inkar edəcəyini demişdi. Peter İsanı inkar etdikdən dərhal sonra, ona və hamıya tanış olan xoruz banlamağını eşidəndə, Müəlliminin sözlərini xatırladı.

QƏHRƏMAN VƏ QORXAQ (Yəhya 18.15-18.25-27 (ardı))

Beləliklə, baş kahinin həyətində Peter öz Rəbbini inkar etdi. Kəlamın şərhçiləri və təbliğçiləri Peterə olduğu qədər heç kəsə qarşı belə ədalətsiz davranmamışdılar. Onun zəifliyi və rüsvayçılığı həmişə xüsusi vurğulanır. Amma unutmamalı olduğumuz başqa bir şey də var.

1. Unutmamalıyıq ki, Yəhyadan başqa (əgər Yəhya adı açıqlanmayan şagird idisə) bütün şagirdlər qaçmışdılar. Gəlin Peterin də nə etdiyini xatırlayaq. Getsemani bağında bu qədər alaya qarşı təkcə o, qılıncını çəkmişdi. İsa həbs edildikdən sonra yalnız o, İsanın ardınca getmişdi. Biz Peterin büdrəməsini deyil, ilk növbədə, onun cəsarətini xatırlamalıyıq. Başqaları qaçarkən, Peter cəsarəti sayəsində İsadan uzaqlaşmadı. Peterin başına gələn uğursuzluğa yalnız müstəsna cəsarəti olan adam tab gətirə bilərdi. Düzdür, o, imtahandan keçə bilmədi. Lakin digər şagirdlərin üzləşməyə belə cəsarət etmədiyi bir vəziyyətə düşdü. O, qorxaq olduğu üçün yox, cəsur olduğu üçün büdrədi.

2. Biz Peterin İsanı nə qədər çox sevdiyini xatırlamalıyıq. Başqaları Onu tərk etdi, Peter isə Onunla qaldı. Peter İsanı o qədər sevirdi ki, Onu tərk edə bilməzdi. Düzdür, o büdrədi. Lakin onun düşdüyü vəziyyət yalnız İsanı sədaqətlə sevən insanın başına gələ bilərdi.

3. Biz Peterin dirçəldiyini xatırlamalıyıq. Onun üçün asan olmadı. Onun büdrəməsi xəbəri sürətlə yayıldı, çünki insanlar qonşusunun pis gününə sevinirlər. Rəvayətə görə, insanlar Peterin rüsvayçılığını üzünə vurmaqdan ötrü onun yanından keçəndə xoruz kimi banlayırdılar. Lakin Peter ayağa qalxmaq üçün cəsarət və qətiyyətə malik idi. O yıxılsa da, sonradan yüksəlməyi bacardı.

Əsl Peter yuxarı otaqda sədaqətini bəyan etdi. Əsl Peter bağda ay işığında qılıncını çəkdi. Əsl Peter İsanın ardınca getdi, çünki Onun tək harasa getməsinə izin verməzdi. Təzyiq altında sınan və Rəbbini inkar edən Peter — əsl Peter deyildi.

İsanın gördüyü də məhz bu idi. İsanın ən böyük cəhəti ondadır ki, O, zahiri zəifliklərin və uğursuzluqların altında duran əsl insanı görə bilir. O bizi başa düşür. Nə etməyimizdən asılı olmayaraq, bizi sevir. Çünki bizi necə olduğumuza görə deyil, kim ola biləcəyimizə görə sevir. İsanın bağışlayan məhəbbəti o qədər böyükdür ki, O bizim əsl şəxsiyyətimizi və mahiyyətimizi görür. O bizim sədaqətimizi yox, Onun yanında qalmağımızı görür; günaha məğlub olmağımızı yox, məğlubiyyətdə belə yaxşılığa can atmağımızı görür.

19-24

Yəhyanın müjdəsi 18:19-24-dəki şərhə 18:12-14-də baxın.

25-27

Yəhyanın müjdəsi 18:25-26-dakı şərhə 18:15-18-də baxın.

28-40

Yəhyanın müjdəsi 18:28-40-dakı şərhə növbəti hissədə baxın.

Azərbaycan dilində Müqəddəs Kitab

İsanın həbs olunması
(Matta 26:47-56; Mark 14:43-50; Luka 22:55-57)
1 İsa bunları söylədikdən sonra şagirdləri ilə birgə çıxıb Qidron vadisinin o biri tayına keçdi. Orada bir bağça var idi. İsa və şagirdləri oraya girdilər. 2 Ona xəyanət edən Yəhuda da bu yeri tanıyırdı, çünki İsa tez-tez şagirdləri ilə orada yığışırdı. 3 Beləcə Yəhuda bir alay əsgərlə başçı kahinlərin və fariseylərin göndərdiyi bəzi mühafizəçiləri götürüb çıraqlar, məşəllər və silahlarla oraya gəldi. 4 İsa başına gələcək hər şeyi bildiyi üçün qabağa çıxdı və «Kimi axtarırsınız?» deyə onlardan soruşdu. 5 Ona cavab verdilər: «Nazaretli İsanı». İsa onlara «Mənəm» dedi. Ona xəyanət edən Yəhuda da onlarla yanaşı idi. 6 İsa onlara «Mənəm» deyəndə geri çəkilib yerə qapandılar. 7 Onda yenə «Kimi axtarırsınız?» deyə onlardan soruşdu. Onlar da «Nazaretli İsanı» dedilər. 8 İsa cavab verdi: «Sizə dedim ki, Mənəm. Əgər Məni axtarırsınızsa, yanımdakıları buraxın getsinlər». 9 Bunu etdi ki, əvvəlcə dediyi «Mənə verdiyin şəxslərin heç birini həlak olmağa qoymadım» sözü yerinə yetsin. 10 Şimon Peterin yanında qılınc var idi. Onu çəkib baş kahinin qulunu vuraraq sağ qulağını kəsdi. O qulun adı Məlik idi. 11 Onda İsa Peterə dedi: «Qılıncı qınına qoy! Atanın Mənə verdiyi kasanı içməyimmi?»
12 Beləcə minbaşı ilə alay və Yəhudi başçılarının mühafizəçiləri İsanı tutub əl-qolunu bağladılar. 13 Onu əvvəlcə Xananın yanına apardılar, çünki Xanan o il baş kahin olan Qayafanın qayınatası idi. 14 Bu həmin Qayafa idi ki, «bir Adamın xalq uğrunda ölməsi yaxşıdır» deyə Yəhudi başçılarına məsləhət vermişdi.
Peterin ilk inkarı
(Matta 26:69-70; Mark 14:66-68; Luka 22:55-57)
15 Şimon Peter və başqa bir şagird İsanın ardınca gedirdilər. Baş kahin həmin şagirdi tanıdığı üçün o, İsa ilə birlikdə baş kahinin həyətinə girdi. 16 Peter isə bayırda qapının yanında durmuşdu. O vaxt baş kahinin tanıdığı bu şagird bayıra çıxıb qapıçı qızla danışdı və Peteri içəri gətirdi. 17 Bu arada qapıçı qız Peterdən soruşdu: «Yoxsa sən də bu Adamın şagirdlərindənsən?» O isə «xeyr, deyiləm» dedi. 18 Soyuq olduğu üçün qullar və mühafizəçilər orada ocaq qalamışdılar və ətrafında dayanıb isinirdilər. Peter də onlarla yanaşı dayanıb isinirdi.
Baş kahinin yanında sorğu-sual
(Matta 26:59-66; Mark 14:55-64; Luka 22:66-71)
19 O vaxt baş kahin İsadan şagirdləri və təlimi barədə soruşdu. 20 İsa ona cavab verdi: «Mən dünyaya açıq söyləmişəm, Yəhudilərin hamısının toplaşdıqları sinaqoqlarda və məbəddə həmişə təlim öyrədirdim, Mən heç nəyi gizli söyləməmişəm. 21 Niyə Məndən soruşursan? Nə dediyimi eşidən adamlardan soruş. Axı onlar Mənim söylədiyim şeyləri bilirlər». 22 İsa bu sözləri söyləyəndən sonra orada duran mühafizəçilərdən biri «Baş kahinə beləmi cavab verirsən?» deyib Ona bir şillə vurdu. 23 İsa ona cavab verdi: «Əgər haqsız danışdımsa, haqsız olduğunu sübut et. Əgər doğru dedimsə, onda Məni nə üçün vurursan?» 24 Xanan Onu əl-qolu bağlı halda baş kahin Qayafanın yanına göndərdi.
Peterin ikinci və üçüncü inkarı
(Matta 26:71-75; Mark 14:69-72; Luka 22:58-62)
25 Şimon Peter bayırda durub isinirdi. Ondan soruşdular: «Yoxsa sən də Onun şagirdlərindənsən?» O inkar edib «xeyr, deyiləm» söylədi. 26 Baş kahinin qullarından biri Peterin vurub qulağını kəsdiyi adamın qohumu idi. Həmin qul «Səni bağçada Onunla birlikdə görmədimmi?» deyə Peterdən soruşdu. 27 Peter yenə inkar etdi. Həmin anda xoruz banladı.
İsa vali Pilatın önündə
(Matta 27:1-2,11-31; Mark 15:1-20; Luka 23:3-5,13-25)
28 Sonra Yəhudi başçıları İsanı Qayafanın yanından vali sarayına apardılar. Səhər açılırdı. Amma özləri vali sarayına girmədilər ki, murdar olmasınlar və Pasxa yeməyini yeyə bilsinlər. 29 Ona görə də Pilat bayıra, onların yanına çıxıb dedi: «Bu Adamı nədə ittiham edirsiniz?» 30 Onlar Pilata cavab verdilər: «Əgər bu Adam cinayətkar olmasaydı, Onu sənə təslim etməzdik». 31 Pilat onlara dedi: «Onu siz götürüb öz Qanununuza görə mühakimə edin». Yəhudi başçıları Pilata dedi: «Bizim heç kəsi edam etməyə icazəmiz yoxdur». 32 Onlar belə dedilər ki, İsanın necə bir ölümlə öləcəyinə işarə edərək söylədiyi söz yerinə yetsin.
33 Pilat yenə vali sarayına girdi, İsanı çağırıb Ona dedi: «Yəhudilərin Padşahı Sənsənmi?» 34 İsa cavab verdi: «Sən bunu özündənmi söyləyirsən, yoxsa başqaları sənə Mənim barəmdə danışdılar?» 35 Pilat dedi: «Məgər mən Yəhudiyəm? Səni Öz millətin və başçı kahinlər mənə təslim etdi. Söylə, nə etmisən?» 36 İsa cavab verdi: «Mənim Padşahlığım bu dünyadan deyil. Əgər Mənim Padşahlığım bu dünyadan olsaydı, xidmətçilərim Yəhudi başçılarına təslim edilməməyim üçün döyüşərdi, amma indi Mənim Padşahlığım buradan deyil». 37 Pilat ona dedi: «Demək, Sən Padşahsan?» İsa cavab verdi: «Sənin dediyin kimi Mən Padşaham. Mən həqiqət barədə şəhadət etmək üçün doğulub dünyaya gəldim. Həqiqətdən olan hər kəs Mənim səsimə qulaq asar». 38 Pilat Ona «Həqiqət nədir?» dedi.
Bunu deyəndən sonra yenə bayıra, Yəhudilərin yanına çıxıb onlara dedi: «Mən Onda heç bir təqsir görmürəm. 39 Axı sizdə bir adətdir ki, Pasxa zamanı mən sizin üçün bir nəfəri azad edirəm. İndi istəyirsinizsə, sizin üçün Yəhudilərin Padşahını azad edim?» 40 Bunun cavabında onlar yenə bağırıb dedi: «Bu adamı yox, Barabbanı azad et!» Barabba isə bir quldur idi.