Barclay
KİTABLARAudio kitablarHekayələrİlahilərFilmlər və cizgi filmləriXilas haqqında müjdəXoş xəbər hekayələri

Yəhyanın müjdəsi: 17-ci fəsil

V. Barklinin şərhləri

17-ci fəsil

1-5

ÇARMIXIN İZZƏTİ (Yəhya 17:1-5)

İsa Məsihin həyatının kulminasiya nöqtəsi Çarmıx idi. İsa üçün Çarmıx Onun həyatının izzəti və əbədiyyətdə izzəti idi. O dedi: «Bəşər Oğlunun izzətlənmək vaxtı gəldi» (Yəhya 12:23). İsa Çarmıxda qazanacağı izzətdən danışarkən nəyi nəzərdə tuturdu? Bu sualın bir neçə cavabı var.

1. Tarix dəfələrlə təsdiqləyib ki, bir çox dahi insanlar izzəti ölüm vasitəsilə qazanıblar. Onların ölümü və necə öldükləri insanlara onların kim olduqlarını görməyə imkan verib. Ola bilsin, onlar həyatda ikən səhv başa düşülüblər, qiymətləndirilməyiblər, cinayətkar kimi məhkum ediliblər, lakin onların ölümü onların tarixdəki əsl yerini üzə çıxarıb.

Avraam Linkolnun sağlığında çoxlu düşmənləri olub. Lakin qatilin gülləsi onu həyatdan məhrum edəndə, hətta tənqidçiləri belə onun böyüklüyünü görüb, «İndi o ölməzdir» deyiblər. Müdafiə naziri Stenton Linkolnu həmişə sadə və ədəbsiz hesab edirdi. O, heç vaxt ona qarşı nifrətini gizlətmirdi. Ancaq onun cəsədinə baxanda, göz yaşları içində demişdi: «Burada dünyanın indiyədək gördüyü ən böyük başçı yatır».

Janna d’Ark cadugər və bidətçi kimi odda yandırıldı. Camaatın içindən ingilislərdən biri and içmişdi ki, Janna d’Ark odda yandırılanda odun üstünə bir qucaq odun əlavə edəcək. Amma sonda «Qoy mənim də ruhum bu qadının ruhunun getdiyi yerə getsin» dedi. Montroz edam ediləndə, onu Edinburq küçələri ilə Merkat Çarmıxın yanına apardılar. Onun düşmənləri camaatı Montrozu təhqir etməyə sövq edirdi, hətta onu vurmaq üçün adamları döyüş sursatları ilə təmin etmişdilər. Lakin heç kim lənət etmək üçün nə ağzını açdı, nə də onu vurmaq üçün əl qaldırdı. O, bayram paltarı geyinmişdi, ayağında bağlamalı başmaq, əlində nazik ağ əlcək var idi. Şahidlərdən biri Ceyms Freyzer onun haqqında belə demişdi: «O, təntənəli şəkildə küçə ilə gedirdi. Onun üzü o qədər gözəllik, əzəmət və əhəmiyyət ifadə edirdi ki, hamı ona baxanda təəccüblənirdi. Bir çox düşmənləri onun dünyanın ən cəsur insan olduğunu etiraf etdilər və onda bütün izdihamı bürüyən cəsarət gördülər». Notarius Con Nikol onu cinayətkardan çox bəy kimi görürdü. İzdihamın içində olan ingilis məmurlardan biri öz rəhbərinə belə yazmışdı: «O, ölümü ilə Şotlandiyada daha çox düşməni məğlub etdi, nəinki sağlığında. Etiraf etməliyəm ki, hələ heç vaxt kişilərdə belə möhtəşəm duruş görməmişdim».

Şəhidlərin böyüklüyü daha çox onların ölümündə təzahür olunur. İsa ilə də belə oldu. Məhz buna görə Onun Çarmıxının yanında dayanan yüzbaşı ucadan dedi: «Doğrudan da, bu Adam Allahın Oğlu idi» (Matta 27:54). Çarmıx Məsihin izzəti idi, çünki O, heç vaxt ölümündən əvvəl belə əzəmətli görünməmişdi. Çarmıx Onun izzəti idi, Onun maqnitliyi insanları Ona elə çəkdi ki, hətta Onun həyatı onları belə cəlb edə bilməzdi. Həmin qüdrət bu gün də mövcuddur.

ÇARMIXIN İZZƏTİ (Yəhya 17:1-5 (ardı))

2. Çarmıx İsanın izzəti idi, çünki bu Onun xidmətinin yekunu idi. Bu hissədə İsa deyir: «Mən yerinə yetirməyi tapşırdığın işi tamamladım». Əgər İsa Çarmıxa getməsəydi, O Öz işini tamamlamazdı. Nə üçün? Çünki İsa dünyaya Allahın məhəbbətini insanlara həm çatdırmaq, həm də onu göstərmək üçün gəlmişdir. Əgər O, Çarmıxa getməsəydi, onda elə çıxır ki, Allahın məhəbbəti müəyyən bir həddə qədərdir, bundan artıq deyil. İsa Çarmıxa çəkilməklə göstərdi ki, Allahın insanları xilas etməkdən ötrü etməyəcəyi heç nə yoxdur, Allahın məhəbbəti hədsizdir.

Birinci Dünya Müharibəsindən qalan məşhur rəsmlərdən birində rabitəçinin sahə telefonunu təmir etdiyi təsvir olunur. O, lazım olan yerə vacib xəbəri ötürmək üçün zədələnmiş xətti yenicə təmir etmişdi ki, güllələndi. Rəsm onu ​​ölüm anında təsvir edir, aşağıda isə yalnız bir söz yazılıb: «Çatdırdım». O, vacib mesajın təyinat yerinə çata bilməsi üçün həyatını qurban verdi. Məsihin etdiyi də məhz budur. O, tapşırığı yerinə yetirdi, insanlara Allahın məhəbbətini çatdırdı. Bu isə İsa Məsih üçün Çarmıx demək idi. Çarmıx Onun izzəti idi, çünki O, Allahın Ona tapşırdığı işi tamamladı. O, insanları Allahın məhəbbətinə həmişəlik inandırdı.

3. Ancaq daha bir sual yaranır: Çarmıx Allahı necə izzətləndirə bilər? Allahı yalnız Ona itaət etməklə izzətləndirmək olar. Uşaq valideynlərinə itaət edəndə onlara hörmət etmiş olur. Bir ölkənin vətəndaşı ölkənin qanunlarına tabe olanda onu şərəfləndirir. Şagird müəllimin göstərişlərinə əməl edəndə ona hörmət edir. İsa Ataya tam itaət etməklə Onu izzətləndirdi. İncilin hekayəsi İsanın Çarmıxdan imtina edə biləcəyini açıq göstərir. İnsani baxımından desək, O, ümumiyyətlə, Yerusəlimə getməyə bilərdi. Lakin İsanın yer üzündə yaşadığı son günlərə baxanda adam demək istəyir: «Görün O, Ata Allahı necə sevirdi! Ona necə itaətli idi!» İsa Allaha tam itaət və məhəbbət göstərərək Onu Çarmıx vasitəsilə izzətləndirdi.

4. Ancaq bu da hələ hamısı deyil. İsa Allaha dua edirdi ki, O, həm Özünü, həm də Onu izzətləndirsin. Çarmıx son hədəf deyildi. Çarmıxın ardınca ölülərdən Dirilmə gəlir. Dirilmə İsanın bərpası idi. İsanın dirilməsi sübut etdi ki, insanlar ən dəhşətli pislik etsələr də, sonda O, yenə də qalib gələcək. Sanki Allah bir əli ilə Çarmıxa işarə edərək «İnsanların Oğlum haqqındakı rəyi bax budur» dedi. Digər əli ilə Dirilməyə işarə edərək «Bu isə Mənim rəyimdir» dedi. İnsanların İsaya edə biləcəyi ən böyük pislik Çarmıxda təzahür olundu. Ancaq ən böyük pislik belə, Ona qalib gələ bilmədi. Dirilmənin izzəti Çarmıxın mənasını üzə çıxartdı.

5. İsa üçün Çarmıx Atanın yanına qayıtmaq vasitəsi idi. O, «Ey Ata, dünya yaranmazdan əvvəl Mən Sənin yanında olarkən malik olduğum izzəti indi Mənə Öz yanında ver» deyə dua etdi. O, təhlükəli tapşırığı yerinə yetirmək üçün padşahın sarayını tərk edən, sonra tapşırığı başa vurub qələbənin izzətindən zövq almaq üçün evinə qalib kimi qayıdan cəngavərə bənzəyirdi. İsa Allahdan gəldi və Onun yanına qayıtdı. Aradakı rəşadət Çarmıx idi. Məhz buna görə Çarmıx İsa üçün izzət qapısı idi. Əgər O, bu qapıdan keçməkdən imtina etsəydi, izzət qazanmazdı. İsa üçün Çarmıx Allaha qayıdış idi.

ƏBƏDİ HƏYAT (Yəhya 17:1-5 (ardı))

Bu hissədə başqa mühüm fikir də var. Həmin fikir əbədi həyatın tərifini ehtiva edir. Əbədi həyat — yeganə həqiqi Allahı və Onun göndərdiyi İsa Məsihi tanımaqdır. Gəlin «əbədi» sözünün nə demək olduğunu özümüzə xatırladaq. Yunan dilində «əbədi» sözü aionis kimi səslənir. Bu da sonsuzluqdan daha çox həyatın keyfiyyətini bildirir. Çünki əbədi həyat bəziləri üçün arzuolunmaz olacaq. Bu söz yalnız bir Şəxsə — Allaha aiddir. Əbədi həyat — Allahın həyatıdır. Əbədi həyatı əldə etmək üçün Allahın həyatını səciyyələndirən əzəmətini, böyüklüyünü və sevincini, sülhünü və müqəddəsliyini təzahür etdirmək deməkdir.

Allahı tanımaq — bu, Əhdi-Ətiqin xarakterik fikridir. «Hikmət... Ona bağlananlar üçün o, həyat ağacıdır, ondan möhkəm yapışanlar nə bəxtiyardır!» (Süleymanın məsəlləri 3:18). «Bilik salehi xilas edər» (Süleymanın məsəlləri 11:9). Habaqquq peyğəmbər Qızıl Dövrü xəyal edərək deyirdi: «Çünki sular dənizi bürüdüyü kimi dünya Rəbbin izzətinin biliyi ilə doldurulacaq (Habaqquq 2:14). «Xalqım biliksizlikdən məhv oldu» (Huşə 4:6). Ravvinlərin şərhində belə bir sual verilir: «Qanunun bütün mahiyyəti Müqəddəs Yazıların hansı hissəsinə əsaslanır?» Sonra cavab verilir: «Bütün yollarında Onu tanı, O sənin yollarını düzəldər» (Süleymanın məsəlləri 3:6). Ravvinlərin başqa təfsirində deyilir ki, Amos peyğəmbər Qanunun bir çox əmrlərini bir əmrlə ifadə etdi: «Mənə tərəf dönün ki, sağ qalasınız!» (Amos 5:4) Çünki Allahı axtarmaq həqiqi həyat üçün zəruridir. Bəs Allahı tanımaq nə deməkdir?

1. Şübhəsiz ki, bunda əqli bilik elementi var. Bu, Allahın xasiyyətini bilmək deməkdir. Allahın xasiyyətini bilmək insanın həyatında əhəmiyyətli dəyişiklik yaradır. İki misal çəkək: inkişaf etməmiş ölkələrdə bütpərəstlər bir çox tanrılara inanır. Hər ağacda, dərədə, təpədə, dağda, çayda, daşda onlar üçün ruhu olan bir tanrı var. Bütün bu ruhlar insana düşmən kəsilib. Vəhşi insanlar (qəbilələr) həmin tanrıların qorxusu ilə yaşayırlar, onları qəzəbləndirməkdən qorxurlar. Məsihçi missionerləri deyir ki, onlar tək bir Tanrının mövcud olduğunu biləndə, ürəklərini bürüyən rahatlıq dalğasını təsəvvür etmək mümkün deyildi. Bu yeni bilik onlar üçün hər şeyi dəyişdi. Amma hər şeyi daha çox dəyişən Tanrının sərt və qəddar yox, sevgi olduğunu bilməkdir. Biz bu barədə indi bilirik. Lakin İsa Məsih gəlib Allahın sevgi olduğunu açıqlamasaydı, biz də bu barədə heç vaxt bilməzdik. Biz yeni həyata daxil oluruq və İsanın bizim üçün etdikləri sayəsində Allahın həyatına qovuşuruq: yəni Allahı tanımağa, Onun xasiyyətinin necə olduğunu dərk etməyə başlayırıq.

2. Amma başqa bir şey də var. Əhdi-Ətiq «bilmək» (Azərbaycan dilində «yaxınlıq etmək») sözünü cinsi həyata də tətbiq edir. «Adəm arvadı Həvva ilə yaxınlıq etdi və Həvva hamilə olub Qabili doğdu» (Yaradılış 4:1). Ər və arvadın bir-birini tanıması bütün biliklərin ən məhrəmidir. Ər və arvad iki deyil, bir bədəndir. Cinsi yaxınlıdan daha çox fikir, ruh və qəlbin yaxınlığı vacibdir. Bunlar əsl sevgi olduqda cinsi əlaqədən dana əvvəl yaranır. Deməli, Allahı tanımaq təkcə Onu əqlən dərk etmək deyil, həm də Onunla yer üzündəki ən yaxın və dəyərli birliyə bənzər şəxsi, yaxın münasibət qurmaq deməkdir. Ancaq yenə də İsasız belə yaxın münasibət nə təsəvvür edilə, nə də mümkün olardı. Yalnız İsa insanlara Allahın uzaq, əlçatmaz Varlıq olduğunu deyil, adı və təbiəti məhəbbət Olan Ata olduğunu açıqlayıb. Allahı tanımaq — Onun necə olduğunu bilmək, Onunla yaxın, şəxsi münasibət qurmaq deməkdir. Bunların heç biri İsa Məsihsiz mümkün deyil.

6-8

İSANIN YERİNƏ YETİRDİYİ TAPŞIRIQ (Yəhya 17:6-8)

İsa bizə yerinə yetirdiyi işin tərifini verir. O, Ataya deyir: «...adamlara Sənin adını aşkar etdim». Burada bizim üçün iki böyük fikir var.

1. Birincisi, Əhdi-Ətiq üçün tipik və ayrılmaz olan ad ideyası. Əhdi-Ətiqdə ad xüsusi şəkildə istifadə olunur. Ad təkcə insanın hansı adla çağırıldığını deyil, mümkün olduğu qədər onun xarakterini əks etdirir. Məzmurçu deyir: «İsmini tanıyanlar Sənə güvənir» (Zəbur 9:10). Bu o demək deyil ki, Rəbbin adını tanıyan, yəni adını bilən hər kəs Ona təvəkkül edəcək. Bu o deməkdir ki, Allahın necə olduğunu bilənlər, Onun xasiyyətini və təbiətini tanıyanlar Ona sevə-sevə güvənəcəklər. Başqa yerdə məzmurçu deyir: «Bəziləri döyüş arabaları, bəziləri atları ilə öyünür, bizsə Allahımız Rəbbin adı ilə öyünürük» (Zəbur 20:7). Orada daha sonra deyilir: «İsmini qardaşlarıma elan edəcəyəm, camaat arasında Sənə həmd söyləyəcəyəm» (Zəbur 22:22). Yəhudilər bu məzmur haqqında deyirdilər ki, məzmurçu Məsih və Onun görəcəyi iş haqqında peyğəmbərlik edir. Məsihin işi insanlara Allahın adını və Onun xasiyyətini açıqlamaqdan ibarət olacaq. Yeşaya peyğəmbər yeni dövr haqqında deyir: «...xalqım Mənim adımı tanıyacaq» (Yeşaya 52:6). Bu o deməkdir ki, Qızıl Dövrdə insanlar Allahın əslində necə olduğunu biləcəklər.

Beləcə İsa «...adamlara Sənin adını aşkar etdim» deyəndə, O, «Mən insanlara Allahın təbiətinin əslində necə olduğunu görməyə imkan verdim» deyirdi. Əslində bu, başqa yerdə deyilənlərlə eynidir: «Məni görən, Atanı görmüş olur» (Yəhya 14:9). İsanın ən böyük əhəmiyyəti ondadır ki, insanlar Onda Allahın ağlını, xasiyyətini və ürəyini görürlər.

2. İkinci fikir budur: daha sonrakı dövrlərdə yəhudilər Allahın adını çəkəndə, təxminən İHVH hərflərlə ifadə olunan və tetraqrammaton adlanan müqəddəs dörd hərfli simvolu nəzərdə tuturdular. Onlar bu adı o qədər müqəddəs sayırdılar ki, onu heç vaxt dilinə gətirmirdilər. Yalnız Kəffarə Günündə ən Müqəddəs yerə girən baş kahin bu adı dilinə gətirə bilərdi. Bu dörd hərf Yahve adını simvollaşdırır. Biz, adətən, Yehova sözünü işlədirik. Lakin saitlərdəki bu dəyişiklik Yehova sözündəki saitlərin Rəbb mənasını verən Adonay sözü ilə eyni olmasından irəli gəlir. İbrani əlifbasında, ümumiyyətlə, saitlər olmayıb. Onlar sonradan samitlərin üstündə və altında kiçik işarələr şəklində əlavə olunub. İHVH hərfləri müqəddəs sayıldığından, Adonay sözünün saitləri onların altına yerləşdirilirdi ki, oxucu Yahveh adını Adonay, yəni Rəbb deyə oxuya bilsin. Deməli, İsa Məsihin yer üzündə yaşadığı dövrdə Allahın adı o qədər müqəddəs tutulurdu ki, adi insanlar onu bilməməli və tələffüz etməməli idilər. Allah uzaq, gözəgörünməz bir Padşah idi. Onun adını adi adamlar çəkə bilməzdilər. Lakin İsa dedi: «Mən sizə Allahın adını açdım. Sizin müqəddəs saydığınız və dilinizə gətirməyə cəsarət etmədiyiniz o adı indi Mənim etdiklərimin sayəsində çəkə bilərsiniz. Mən uzaq, gözəgörünməz olan Allahı sizə o qədər yaxın etdim ki, hətta ən sadə insan belə, Onunla danışa və Onun adını ucadan tələffüz edə bilər». İsa iddia edir ki, O, insanlara Allahın təbiətini və xasiyyətini açıb. Onu insanlara o qədər yaxın edib ki, hətta ən təvazökar məsihçi belə, əvvəllər dilə gətirilməyən Allahın adını çəkə bilsin.

ŞAGİRDLİYİN MAHİYYƏTİ (Yəhya 17:6-8 (ardı))

Bu hissə həm də şagirdliyin mənasını və əhəmiyyətini işıqlandırır.

1. Şagirdlik İsanın Allahdan gəldiyi biliyə əsaslanır. Şagird — İsa Məsihin Allahın Elçisi olduğunu, Onun nitqinin Allahın səsi olduğunu, əməllərinin isə Allahın əməli olduğunu dərk edən şəxsdir. Şagird — Allahı Məsihdə görən və bütün kainatda heç kimin İsa kimi ola bilməyəcəyini anlayan biridir.

2. Şagirdlik itaətlə nümayiş etdirilir. Şagird — Allahın sözünü İsanın ağzından qəbul edərək yerinə yetirən şəxsdir. Bu, İsanın xidmətini qəbul edən biridir. Nə qədər ki, öz istədiyimizi yerinə yetirmək arzusu ilə yaşayırıq, biz şagird ola bilmərik. Çünki şagirdlik itaətə əsaslanır.

3. Şagirdlik məqsədlə verilir. İsanın şagirdləri Ona Allah tərəfindən verilmişdir. Allahın planına görə onlar şagird seçilmişdilər. Bu o demək deyil ki, Allah bəzi insanları şagird təyin edir, digərlərini isə bu çağırışdan məhrum edir. Bu, heç də şagirdliyin əvvəlcədən təyin olunması demək deyil. Məsələn, valideyn oğlunun böyük vəzifə tutmasını arzulayır, oğul isə atasının istəyini rədd edib öz yolunu tuta bilər. Eynilə, müəllim də şagirdinə Allahı izzətləndirmək üçün böyük tapşırıq verə bilər, amma tənbəl və eqoist tələbə bundan imtina edə bilər. Biz sevdiyimiz insan üçün uğurlu bir gələcək arzulayırıq, lakin arzumuz yerinə yetirilməmiş qala bilər. Fariseylər həm qismətə, həm də iradə azadlığına inanırdılar. Onlar deyirdilər ki, Allah qorxusundan başqa, hər şey Allahın yazdığı kimi gedir. Allahın hər bir insan üçün bir qisməti var. Bizim ən böyük məsuliyyətimiz odur ki, biz Allahın qədərini qəbul edə və ya ondan imtina edə bilərik. Buna baxmayaraq, biz yenə də taleyin deyil, Allahın əlindəyik. Bir nəfərin qeyd etdiyi kimi: «Qismət mahiyyətcə hərəkətə məcbur edən qüvvədir, tale isə Allahın bizim üçün nəzərdə tutduğu hərəkətdir. Heç kim məcbur olduğu işdən qaça bilməz, lakin hər kəs Allahın təyin etdiyi işdən qaça bilər.

Bütün fəsildə olduğu kimi, bu hissədə də İsanın gələcəyə əminliyi var. O, Allahın Ona verdiyi şagirdlərin yanında olarkən, onlara tapşırılan işi yerinə yetirəcəklərinə inanırdı və onlara görə Allaha şükür edirdi. Gəlin İsanın şagirdlərinin kim olduğunu xatırlayaq. Şərhçilərdən biri İsanın şagirdləri haqqında belə demişdi: «Üç illik əməkdən sonra qalileyalı on bir balıqçı. Amma bu, İsa üçün kifayət idi, çünki onlar Allahın işinin dünyada davam etdirilməsinin rəhnidirlər». İsa dünyanı tərk edəndə belə görünürdü ki, Onun böyük ümid bəsləməyə heç bir səbəbi yoxdur. Sanki O, az şeyə nail olub və az davamçı qazana bilib. Ortodoksal dindar yəhudilər Ona nifrət edirdilər. Lakin İsa insanlara etibar edirdi. O, əhəmiyyətsiz kimi görünən başlanğıcdan qorxmurdu. O, gələcəyə nikbin baxıb sanki deyirdi: «Mənim cəmi on bir sadə adamım var. Mən onlarla birlikdə dünyanı yenidən quracağam».

İsa Allaha inanırdı və insana etibar edirdi. İsanın bizə etibar etdiyini bilmək bizim üçün böyük ruhani dəstəkdir, çünki biz asanlıqla ruhdan düşürük. Biz insan zəifliyindən və başlanğıcdakı cüzi nəticədən qorxmamalıyıq. Biz də Məsihin imanlı ilə Allaha olan imanı və insana etibarı gücləndirməliyik. Yalnız bu halda biz ruhdan düşməyəcəyik, çünki bu iki tərəfli inam qarşımızda qeyri-məhdud imkanlar açacaq.

9-19

İSANIN ŞAGİRDLƏRİ ÜÇÜN ETDİYİ DUA (Yəhya 17:9-19)

Bu hissə o qədər böyük həqiqətlərlə doludur ki, biz onların yalnız kiçik qismini dərk edə bilərik. Burada Məsihin şagirdlərindən bəhs edilir.

1. Şagirdlər İsaya Allah tərəfindən verilmişdi. Bunu necə başa düşmək olar? Bu o deməkdir ki, Müqəddəs Ruh insanı İsa Məsihin çağırışına cavab verməyə sövq edir.

2. İsa şagirdləri vasitəsilə izzətləndi. Necə? Eynilə sağalmış xəstə ona şəfa verən həkimini, müvəffəqiyyətli tələbə çalışqan müəllimini şöhrətləndirdiyi kimi. İsa vasitəsilə yaxşı olan pis adam İsanın izzəti və şərəfidir.

3. Şagird — xidmətə vəkil edilmiş insandır. Allah İsanı müəyyən bir iş üçün göndərdiyi kimi, İsa da şagirdlərini müəyyən bir tapşırıqla göndərdi. Burada dünya sözünün sirri açıqlanır. İsa bütün dünya üçün deyil, onlar üçün dua etməklə başlayır. Lakin biz artıq bilirik ki, O, yer üzünə «dünyanı çox sevdiyi üçün» gəlib. Bu Müjdədən biz öyrəndik ki, dünya dedikdə — öz həyatını Allahsız quran insanların cəmiyyəti başa düşülür. İsa şagirdlərini məhz həmin cəmiyyətə göndərir ki, onlar vasitəsilə bu cəmiyyəti Allaha qaytarsın, onun şüurunu oyatsın və ona Allahı xatırlatsın. O, şagirdləri üçün dua edir ki, onlar dünyanı Məsihə tərəf yönəldə bilsinlər. Daha sonra bu hissədə biz görürük ki, İsa şagirdlərinə iki şey təklif edir:

1. Öz kamil sevincini. İsanın həmin vaxt şagirdlərə söylədiyi hər şey onlara sevinc gətirməli idi.

2. Onlara xəbərdarlıq edir. Onlara söyləyir ki, dünyadan fərqli olduqlarına görə dünyadan düşmənçilik və kin-küdurətdən başqa heç nə gözləməsinlər. Onların əxlaqi baxışları və standartları dünyadakılarla uyğun gəlmir, lakin onlar fırtınaları fəth etməkdə və dalğalarla mübarizə aparmaqda sevinc tapacaqlar. Dünyanın nifrəti ilə üzləşəndə ​​biz həqiqi məsihçi sevincini tapırıq.

Daha sonra bu hissədə İsa ən güclü ifadələrindən birini söyləyir. O, duada Allaha belə deyir: «Mənim olan hər şey Sənindir, Sənin olanlar da Mənimdir...». Bu ifadənin birinci hissəsi təbiidir və asan başa düşülür, çünki hər şey Allaha məxsusdur. İsa dəfələrlə bunu qeyd etmişdir. Lakin bu ifadənin ikinci hissəsi cəsarəti ilə adamı heyrətə gətirir: «Sənin olanlar da Mənimdir». Martin Lüter bu ifadə haqqında belə demişdir: «Heç bir yaradılış Allah haqqında bunu deyə bilməz». İsa Allahla olan birliyini hələ heç vaxt bu qədər aydın ifadə etməmişdi. O, Allahla birdir və Onun qüdrətini və haqqını təcəlli edir.

İSANIN ŞAGİRDLƏR ÜÇÜN ETDİYİ DUA (Yəhya 17:9-19 (ardı))

Bu hissədə ən maraqlısı İsanın şagirdləri üçün Atadan etdiyi xahişdir.

1. İsa Allahdan şagirdlərini dünyadan götürməsini istəməyib. İsa onların qurtulması üçün də dua etməyib. İsa onların qələbəsi üçün dua etdi. Monastırlarda gizlənən məsihçilik İsanın nəzərində heç də məsihçilik olmazdı. Bəzilərinin mahiyyətini yalnız duada, Kəlam üzərində düşünməkdə və dünyadan təcrid olunmaqda gördükləri məsihçilik, İsaya uğrunda canını qurban verdiyi imanın yarımçıq versiyası kimi görünərdi. O, iddia edirdi ki, insan öz imanını həyatın təlatümü içində göstərməlidir.

Əlbəttə, bizim duaya, Kəlam üzərində düşünməyə və Allahla təklikdə vaxt keçirməyə ehtiyacımız var. Lakin bunlar məsihçinin məqsədini təmsil etmir, məqsədə çatmaq üçün bir vasitədir. Məsihçinin məqsədi Məsihin yolunu dünyanın gündəlik solğunluğunda təzahür etdirməkdir. Məsihin yolu heç vaxt insanı həyatdan ayırmaq üçün nəzərdə tutulmayıb. Məsihin yolunun məqsədi insana istənilən şəraitdə mübarizə aparmaq və Məsihin təlimini həyatda tətbiq etmək üçün güc verməkdir. İman yolu bizə gündəlik problemlərdən qurtulmağı təklif etmir, onları həll etməyin açarını verir. O, rahat həyatı deyil, mübarizədə qələbəni təklif edir; insanın bütün problemlərdən yan keçə biləcəyi və bütün bəlalardan qaça biləcəyi həyat deyil, çətinliklərlə üz-üzə gələrkən qələbə çalacağı bir həyat təklif edir. Bununla belə, məsihçinin bu dünyadan olmamasının doğru olduğu kimi, onun dünyada məsihçi kimi yaşaması da eyni dərəcədə doğrudur. Başqa sözlə, «dünyada yaşamaq, amma bu dünyadan olmamaq». Bizim dünyanı tərk etmək arzumuz yox, onu Məsih üçün qazanmaq arzumuz olmalıdır.

2. İsa şagirdlərin birliyi üçün dua edirdi. İmanlı cəmiyyətlər arasında parçalanma və rəqabət olduğu yerdə Məsihin işi də, birlik üçün etdiyi dua da zərər görür. Qardaşlar arasında birlik olmayan yerdə Müjdə təbliğ edilə bilməz. Bölünmüş, rəqabət aparan imanlı cəmiyyətlər arasında dünyaya təbliğ etmək mümkün deyil. İsa dua edirdi ki, şagirdləri Onun Atası ilə bir olduğu kimi, onlar da bir olsunlar. Başqa elə bir dua yoxdur ki, bu dua qədər maneələrlə üzləşsin. Bu duanın həyata keçirilməsinə ayrı-ayrılıqda imanlılar və imanlı cəmiyyətlər mane olur.

3. İsa dua edirdi ki, Allah Onun şagirdlərini şeytanın hücumlarından qorusun. Müqəddəs Kitab mücərrəd kitab deyil və şərin mənşəyi barədə təfsilatı ilə açıqlamır. Lakin əminliklə dünyada şərin mövcudluğundan və Allaha düşmən kəsilən şər qüvvələrdən bəhs edir. Allahın gözətçi kimi başımızın üzərində dayanıb bizi şərdən qoruması, ruhlandırması və bizə sevinc bəxş etməsi bizi ürəkləndirir. Biz çox vaxt öz gücümüzlə yaşamağa çalışdığımız üçün yıxılırıq və bizi qoruyan Allahın bizə təklif etdiyi köməyi unuduruq.

4. İsa dua edirdi ki, Onun şagirdləri həqiqətlə təqdis olunsunlar. Təqdis olunmaq sözü — hageazein — hagios sifətindən yaranıb. Bu da müqəddəs və ya ayrılmış, fərqli kimi tərcümə olunur. Bu söz özündə iki fikir birləşdirir.

a) Bu sözün mənası — xüsusi xidmət üçün ayırmaq deməkdir. Allah Yeremya peyğəmbəri çağıranda ona dedi: «Mən sənə ananın bətnində surət verməzdən əvvəl səni tanıdım, doğulmazdan əvvəl səni təqdis edib millətlərə peyğəmbər etdim» (Yeremya 1:5). Yeremya peyğəmbər hələ doğulmazdan əvvəl Allah onu xüsusi xidmət üçün seçmişdi. Allah İsraildə kahinlik xidmətini quranda Musa peyğəmbərə Harunun oğullarını məsh etməyi və onları kahinlər təyin etməyi əmr etdi.

b) Amma hagiazein sözü təkcə xüsusi bir iş və ya xidmət üçün ayırmaq mənasını deyil, həm də insanı bu xidmət üçün lazım olacaq zəka, ürək və xarakter xüsusiyyətləri ilə təchiz etmək mənasını verir. İnsanın Allaha xidmət etməsi üçün müəyyən ilahi xüsusiyyətlərə — Allahın xeyirxahlığından və hikmətindən gələn bəzi şeylərə ehtiyacı var. Müqəddəs Allaha xidmət etməyi düşünən şəxs özü də müqəddəs olmalıdır. Allah nəinki insanı xüsusi bir xidmətə seçir və onu başqalarından ayırır, həm də ona həvalə edilmiş xidməti yerinə yetirmək üçün lazım olan keyfiyyətlərlə təchiz edir.

Biz unutmamalıyıq ki, Allah bizi xüsusi xidmət üçün seçib və ona həsr edib. Həmin xidmət bizim Onu sevməyimizdən, Ona itaət etməyimizdən və başqalarını Onun yanına gətirməyimizdən ibarətdir. Lakin Allah Onun işini görmək üçün bizi taleyin öhdəsinə və öz gücümüzə buraxmadı. Özümüzü Ona təslim etsək, Allah lütfü və mərhəməti ilə bizə xidmət etməyi öyrədəcək.

20-21

GƏLƏCƏYƏ BAXIŞ (Yəhya 17:20,21)

İsanın duası tədricən dünyanın hər yerinə çatdı. Əvvəlcə O Özü üçün dua etdi, çünki qarşıda Onu Çarmıx gözləyirdi. Sonra şagirdlərə keçdi, Allahdan onlar üçün kömək və müdafiə dilədi. İndi isə Onun duası uzaq gələcəyi əhatə edir. İsa gələcək əsrlərdə uzaq ölkələrdə yaşayan və Onun yolunu qəbul edənlər üçün dua edir.

Burada İsanın iki xüsusiyyəti aydın şəkildə ifadə olunur. Birincisi, biz Onun tam imanını və əminliyini görürük. Onun davamçılarının az olmasına və qarşıda Onu Çarmıx gözləməsinə baxmayaraq, Onun inamı sarsılmaz idi. O, gələcəkdə Ona iman edənlər üçün dua edirdi. Bu hissə bizim üçün xüsusilə qiymətli olmalıdır, çünki burada İsa bizim üçün dua edir. İkincisi, biz Onun şagirdlərində əmin olduğunu gördük. İsa onların hər şeyi başa düşmədiyini görürdü. O bilirdi ki, tezliklə hamı Onu ən çətin vaxtda tərk edəcək. Buna baxmayaraq, İsa məhz onlara Onun adını bütün dünyaya yaymağı həvalə etdi. İsa bir an olsa belə, nə Allaha olan imanını, nə də insanlara olan etibarını itirdi.

İsa gələcək İmanlı Cəmiyyəti üçün nə istədi? İsa yalvardı ki, O, Atası ilə bir olduğu kimi, Onun Cəmiyyətinin bütün üzvləri də bir olsunlar. O, hansı birliyi nəzərdə tuturdu? Bu, inzibati və ya təşkilati birlik, yaxud razılaşmaya əsaslanan birlik deyil, şəxsi ünsiyyət birliyidir. Biz artıq gördük ki, İsa ilə Onun Atası arasındakı birlik məhəbbət və itaətdə ifadə olunurdu. İsa məhəbbət birliyi üçün dua edirdi. O dua edirdi ki, insanlar Allahı sevdiyinə görə bir-birini də sevməkdə bir olsunlar. O, qəlbin qəlbə münasibətinə əsaslanan birlik üçün dua edirdi.

Məsihçilər heç vaxt imanlı cəmiyyətlərini eyni şəkildə təsis etməyəcəklər, heç vaxt eyni şəkildə Allaha ibadət etməyəcəklər, hətta eyni tərzdə iman etməyəcəklər. Lakin məsihçi birliyi bütün bu fərqlilikləri aşır və insanları bir-birinə sevgi ilə bağlayır. Tarix boyu olduğu kimi, bu gün də məsihçilər arasında birlik pozulur və maneələrlə qarşılaşır. Çünki insanlar öz kilsə təşkilatlarını, öz qaydalarını, öz ibadət tərzlərini bir-birilərindən daha çox sevirlər. Əgər biz İsa Məsihi və bir-birimizi həqiqətən sevsəydik, heç bir imanlı cəmiyyəti Məsihin şagirdlərini istisna etməzdi. Ancaq Allahın insan qəlbinə yerləşdirdiyi məhəbbət insanlar tərəfindən yaradılan, ayrı şəxslər və kilsələr arasında mövcud olan maneələri aşa bilər.

Bundan əlavə, birlik üçün dua edərkən İsa Allahdan dilədi ki, bu birlik dünyanı həqiqətə və Onu Atanın göndərdiyinə inandırsın. İnsanlar üçün birləşməkdənsə parçalanmaq daha təbiidir. İnsanlar bir araya gəlməkdənsə, müxtəlif istiqamətlərə dağılmağa meyillidirlər. Məsihçilər arasında həqiqi birlik olsaydı, bu, «fövqəltəbii izaha ehtiyacı olan fövqəltəbii fakt» olardı. İmanlı Cəmiyyətinin dünya qarşısında heç vaxt əsl birlik nümayiş etdirə bilməməsi acı həqiqətdir.

Məsihçilərin bölünməsinə baxanda dünya məsihçi inancının yüksək dəyərini görə bilmir. Qardaşlarımızla məhəbbət birliyini göstərmək hər birimizin borcudur. Bu, Məsihin duasına cavab olardı. Adi imanlılar, imanlı cəmiyyətinin üzvləri kilsə «rəhbər»lərinin etmək istəmədiklərini, yəni bir olmağı edə bilərlər, etməyə də borcludurlar.

22-26

İZZƏT ƏNAMI VƏ VƏDİ (Yəhya 17:22-26)

Məşhur şərhçi Bengel bu hissəni oxuyanda ucadan dedi: «Ah, məsihçinin izzəti nə qədər böyükdür!» Həqiqətən də, bu, belədir.

Birincisi, İsa deyir ki, O, şagirdlərinə Atanın Ona verdiyi izzəti verdi. Bunun nə demək olduğunu biz tam başa düşməliyik. İsanın izzəti necə idi? İsa bu barədə üç açıqlama verdi.

a) Onun izzəti Çarmıx idi. İsa Çarmıxa çəkiləcəyini deyil, izzətlənəcəyini söyləmişdi. Deməli, ilk növbədə və ən əsası, məsihçinin izzəti daşıyacağı Çarmıx olmalıdır. Məsih uğrunda əzab çəkmək — məsihçinin şərəfidir. Biz Çarmıxımızı cəza kimi qəbul etməməliyik, onu izzət kimi qəbul etməliyik. Cəngavərə verilən tapşırıq nə qədər çətin olurdusa, onun şöhrəti bir o qədər böyük olurdu. Tələbəyə, rəssama, cərraha verilən tapşırıq nə qədər çətin olursa, onlar bir o qədər şərəf qazanırlar. Buna görə də, məsihçi olmaq bizim üçün çətin olanda, bunu Allahın bizə verdiyi izzət hesab edək.

b) İsanın Allahın iradəsinə tam tabe olması Onun izzəti idi. Biz izzətimizi öz iradəmizdə deyil, Allahın iradəsini yerinə yetirməkdə tapırıq. Biz, çoxumuzun etdiyi kimi, öz istədiyimiz kimi davrananda həm özümüz, həm də başqalarına kədər və bədbəxtlik gətirmiş oluruq. Həyatın həqiqi izzətini yalnız Allahın iradəsinə itaət göstərməkdə tapmaq olar. İtaət nə qədər güclü olarsa, şöhrət bir o qədər parlaq və böyük olar.

c) İsanın izzəti onda idi ki, Onun Allahla olan münasibətini həyatından görmək olardı. İnsanlar Onun davranışında Allahla xüsusi əlaqənin olduğunu görürdülər. Onlar anlayırdılar ki, Allah Onunla olmasa, heç kim Onun yaşadığı kimi yaşaya bilməz. İsanın izzəti kimi, bizim izzətimiz də ondan ibarət olmalıdır ki, insanlar bizdə Allahı, davranışımızda Onunla yaxın münasibətdə olduğumuzu görsünlər.

İkincisi, İsa diləyir ki, şagirdləri Onun səmavi izzətini görsünlər. Məsihə iman edənlər əmindirlər ki, onlar Məsihin göylərdə izzətinə şərik olacaqlar. Əgər imanlı Məsihlə birlikdə Onun Çarmıxını bölüşürsə, deməli, Onun izzətini Onunla böləcək. «Əgər Onunla öldüksə, Onunla da yaşayacağıq; əgər dözəriksə, Onunla da birlikdə padşahlıq edəcəyik. Əgər Onu inkar etsək, O da bizi inkar edəcək» (2Timoteyə 2:11-12). «İndi biz güzgüdəki kimi tutqun görürük, o zaman isə üzbəüz görəcəyik...» (1Korinflilərə 13:12). Burada yaşadığımız sevinc gələcəkdə bizi gözləyən sevincin yalnız kiçik bir hissəciyidir. Məsih söz verdi ki, əgər biz Onun yer üzündəki izzətini və əzabını bölüşsək, əbədiyyətdə Onun zəfərini Onunla bölüşəcəyik. Belə vəddən daha böyük başqa bir şey varmı?

Bu duadan sonra İsa xəyanətin, mühakimənin və Çarmıxın önünə getdi. Onun artıq şagirdləri ilə danışmasına ehtiyac yox idi. Qarşıda Onu gözləyən dəhşətli əzabdan əvvəl İsanın söylədiyi son sözlərin ümidsizlik deyil, izzət sözləri olduğunu görmək necə də xoşdur.

Azərbaycan dilində Müqəddəs Kitab

İsa şagirdləri üçün yalvarır
1 İsa bunları söylədikdən sonra başını göyə qaldırıb dedi: «Ey Ata, vaxt gəldi; Öz Oğlunu izzətləndir ki, Oğul da Səni izzətləndirsin. 2 Sən Ona bütün bəşər üzərində səlahiyyət verdin ki, Ona verdiyin şəxslərin hamısına əbədi həyat versin. 3 Əbədi həyat da budur ki, Səni – yeganə həqiqi Allahı və göndərdiyin İsa Məsihi tanısınlar. 4 Mən yerinə yetirməyi tapşırdığın işi tamamlamaqla Səni yer üzündə izzətləndirdim. 5 Ey Ata, dünya yaranmazdan əvvəl Mən Sənin yanında olarkən malik olduğum izzəti indi Mənə Öz yanında ver.
6 Dünyadan Mənə verdiyin adamlara Sənin adını aşkar etdim. Onlar Səninki idi. Sən onları Mənə verdin və onlar Sənin sözünə riayət etdilər. 7 İndi də bilirlər ki, Mənə verdiyin bütün şeylər Səndəndir. 8 Çünki Mənə bildirdiyin sözləri onlara bildirdim, onlar da qəbul etdilər. Sənin yanından çıxıb gəldiyimi əminliklə bildilər və Məni Sən göndərdiyinə inandılar. 9 Mənim onlar üçün xahişim var. Dünya üçün deyil, Mənə verdiyin kəslər üçün xahişim var, çünki onlar Səninkidir. 10 Mənim olan hər şey Sənindir, Sənin olanlar da Mənimdir və Mən onlarda izzətlənmişəm. 11 Mən artıq dünyada deyiləm, onlarsa dünyadadır və Mən Sənin yanına gəlirəm. Ey Müqəddəs Ata, onları Mənə verdiyin adınla qoru ki, Bizim kimi bir olsunlar. 12 Onlarla birlikdə olduğum zaman onları Mənə verdiyin adınla qoruyurdum. Onları saxladım və Müqəddəs Yazı yerinə yetsin deyə həlaka gedən adamdan başqa, onlardan heç biri həlak olmadı. 13 İndi isə Sənin yanına gəlirəm. Dünyada ikən bu sözləri söyləyirəm ki, Mənim sevincim onlarda kamil olsun. 14 Mən onlara Sənin sözünü verdim. Dünya isə onlara nifrət etdi, çünki Mən dünyadan olmadığım kimi onlar da dünyadan deyil. 15 Onları dünyadan götürməyi deyil, şər olandan qorumağı Səndən xahiş edirəm. 16 Mən dünyadan olmadığım kimi onlar da dünyadan deyil. 17 Onları həqiqətlə təqdis et. Sənin sözün həqiqətdir. 18 Sən Məni dünyaya göndərdiyin kimi Mən də onları dünyaya göndərdim. 19 Mən Özümü onların uğrunda təqdis edirəm ki, onlar da həqiqətlə təqdis olunsun.
20 Yalnız onlar üçün deyil, onların sözü ilə Mənə iman edənlər üçün də xahiş edirəm ki, 21 hamısı bir olsun. Ey Ata, Sən Məndə, Mən də Səndə olduğum kimi onlar da Bizdə olsun ki, dünya Sənin Məni göndərdiyinə inansın. 22 Mənə verdiyin izzəti Mən də onlara verdim ki, Biz bir olduğumuz kimi onlar da bir olsun. 23 Mən onlarda, Sən də Məndə olmaqla bütünlüklə bir olsunlar ki, dünya Sənin Məni göndərdiyini, Məni sevdiyin kimi onları da sevdiyini bilsin. 24 Ey Ata, istəyirəm ki, Mənə verdiyin şəxslər də Mənim olduğum yerdə Mənimlə birlikdə olub Mənim izzətimi görsünlər. Bu izzəti dünya yaranmazdan əvvəl Məni sevdiyin üçün Mənə verdin. 25 Ey ədalətli Ata, dünya Səni tanımadı, Mənsə Səni tanıdım, bunlar da Sənin Məni göndərdiyini bildilər. 26 Sənin adını onlara bildirdim və yenə bildirəcəyəm ki, Sənin Mənə bəslədiyin məhəbbət onlarda olsun, Mən də onlarda olum».