1-4
XƏBƏRDARLIQ VƏ ÇAĞIRIŞ (Yəhya 16:1-4)
Bu Müjdə yazılanda bəzi imanlılar imandan dönmüşdülər, çünki təqiblər başlamışdı. Vəhy Kitabı qorxaqların və imansızların hamısını məzəmmət edir (Vəhy 21:8). Bitiniya valisi Plini xalqın arasında məsihçilərin olub-olmadığını öyrənmək üçün yoxlama aparanda, imperator Trayana belə bir məktub yazmışdı: «Bəziləri etiraf etdilər ki əvvəllər məsihçi olublar, lakin uzun illərdir, daha məsihçi deyillər. Elələri də var ki, iyirmi ildən çoxdur imanlarından uzaqlaşıblar». Hətta şücaət göstərən erkən İmanlı Cəmiyyətində belə, təqiblərə tab gətirə bilməyəcək qədər imanı zəif olanlar var idi.
İsa bunu qabaqcadan görmüş və bu barədə əvvəlcədən xəbərdarlıq etmişdi. O istəmirdi ki, kimsə Məsihi qəbul edərkən sonra təqiblərdən xəbəri olmadığını desin. Tindal düşmənləri tərəfindən təqib olunanda və xalqına Müqəddəs Kitabı ana dilinə (ingilis dilində) tərcümə etdirmək istədiyinə görə ölümlə üz-üzə gələndə, belə demişdi: «Mən başqa heç nə gözləmirdim». İsa insanlara təkcə izzət deyil, həm də Çarmıx təklif etdi.
İsa şagirdlərin başına gələcək iki növ təqibdən danışırdı. Onlar sinaqoqlardan qovulacaqlar. Sinaqoq yəhudi üçün böyük əhəmiyyət kəsb edirdi. Allahın evi yəhudilərin həyatında mühüm rol oynayırdı. Bəzi ravvinlər deyirdilər ki, sinaqoqdan kənarda edilən dualar Allah tərəfindən cavablandırılmır. Ancaq burada daha dərin bir şey var. Ola bilsin, hansısa böyük alim və ya ilahiyyatçı insanlarla ünsiyyətsiz keçinə bilər; işinə, düşüncələrinə qərq olaraq tək yaşaya bilər. Lakin şagirdlər sadə insanlar idi, onlar ünsiyyətə ehtiyac duyurdular. Onların sinaqoqdakı ibadətlərə ehtiyacı vardı. Onlar üçün qovulmağın və digər insanlarla ünsiyyətdən tamamilə məhrum olmağın öhdəsindən gəlmək çətin olardı. Ancaq Janna d’Arkın dediyi kimi «Allahla tək qalmaq daha yaxşıdır» ifadəsinin nə demək olduğunu bilsək, yaxşı olar. Bəzən Allahla təmas insanlar tərəfindən rədd olunmaq bahasına başa gəlir. İsa həmçinin deyirdi ki, insanlar Onun şagirdlərini təqib edəndə Allaha xidmət etdiklərini zənn edəcəklər. Burada latreyia sözü işlədilir, bu da Allahın Məbədindəki qurbangahda kahinin xidməti deməkdir. Bundan başqa, latreyia sözü istənilən dini ibadəti bildirir. Dinin faciələrindən biri də odur ki, insanlar kafir hesab etdikləri adamları təqib edərək, Allahı razı saldıqlarını düşünürlər. Həvari Paul İsanın adını tarix səhifələrindən silməyə və Onun Cəmiyyətini məhv etməyə çalışarkən, Allaha xidmət etdiyini zənn edirdi (Həvarilərin işləri 26:9-11). Bugünkü gündə İspan inkvizisiyasının işgəncə verənləri və hakimləri pis nüfuz qazanıblar. Lakin öz dövrlərində onlar bidətçilərə əzab verməklə, həqiqi imanı məcbur qəbul etdirməklə Allahın gözündə düzgün iş gördüklərinə və Ona xidmət etdiklərinə əmin idilər. Onların fikrincə, onlar bidətçiləri cəhənnəmdən xilas edirdilər. Bu, İsanın dediyi kimi, Allahı tanımadıqlarına görə baş verirdi. Kilsələrin də faciəsi onda idi ki, xidmətçilər iman yoluna olan öz baxışlarını aşılamağa çalışırdı. Onlar iddia edirdilər ki, İlahi həqiqətə malikdirlər və lütfə sahibdirlər. Bu şeylər bu gün də baş verir və bütün imanlı cəmiyyətlərinin birləşməsinə böyük maneə törədir. Təqiblər həmişə olacaq. Mütləq deyil ki, təqiblər qətl və işgəncələrlə müşayiət olunsun. Əgər insanlar Allahın həqiqətinin yalnız onlarda olduğunu düşünürlərsə, onda Allahın evindən qovulmaq da təqibdir.
İsa insanlarla necə rəftar etmək lazım olduğunu bilirdi. O, sanki onlara deyirdi: «Mən sizə bədəninizi yaralayacaq, ruhunuzu parçalayacaq ən çətin bir tapşırıq təklif edirəm. Bunu qəbul edəcək qədər cəsarətiniz varmı?»
İsa o vaxt da, bu gün də asan yolu deyil, izzət yolunu təklif edir. O istəyir ki, Onun çağırışına cavab verməyə hazır olanlar Onun adı uğrunda cəsarətlə irəli çıxsınlar.
5-11
Şagirdlər çaşqınlığa düşüb kədərə qapıldılar. Onların başa düşdükləri yalnız o idi ki, onlar İsanı itirirlər. Lakin İsa bütün bunların onların xeyrinə olduğunu izah etdi. Çünki O gedəndən sonra Onun yerinə Müqəddəs Ruh, Vəsatətçi gələcək. İsa bədəndə ikən onlarla hər yerdə ola bilmirdi. Onlar gah görüşür, gah da sağollaşırdı. İsa bədəndə ikən hər yerdə insanlara nəsihət verə, vicdanlarına xitab edə bilmirdi. O, məkan və zamanla məhdud idi. Müqəddəs Ruhun heç bir məhdudiyyəti yoxdur. Onun gəlişi «Budur, Mən dövrün sonuna qədər hər gün sizinləyəm» (Matta 28:20) vədinin yerinə yetirilməsi olacaq. Ruh əbədi davam edən ünsiyyət gətirəcək və məsihçi təbliğçiyə güc verəcək ki, onun təbliğ etdiyi yerdə nəticə fərqli olsun.
Burada, demək olar ki, Müqəddəs Ruhun işinin tam siyahısı əks olunub. Həvari Yəhya eleqheyn sözündən istifadə edir. Azərbaycan dilinə tərcümədə bu söz ifşa etmək, digər tərcümələrdə isə inandırmaq mənasını verir. Məsələ ondadır ki, bu sözün mənasını qənaətbəxş şəkildə çatdıracaq başqa bir söz yoxdur. Bu söz şahidləri çarpaz dindirərkən istifadə olunur. Yunanlar bəzən bu sözü vicdanın insan şüuruna və qəlbinə təsirini ifadə etmək üçün istifadə edirlər. Aydındır ki, bu cür çarpaz dindirmənin ikiqat təsiri var: bu, insanı törətdiyi cinayətdə ifşa edə və ya müdafiə etdiyi mövqeyin zəifliyinə inandıra bilər. Bu hissədə bizə hər iki məna lazımdır: ifşa etmək və inandırmaq. Müqəddəs Ruh həm ifşa edir, həm də inandırır — bu Onun ikiqat xidmətidir. Gəlin İsanın Müqəddəs Ruhun işi haqqında nə dediyinə nəzər salaq.
1. Müqəddəs Ruh dünyanı günah barədə ifşa edəcək. Yəhudilər İsanı Çarmıxa çəkilmək üçün təslim edəndə günah işlətdiklərini düşünmürdülər. Onlar fikirləşirdilər ki, Allaha xidmət edirlər. Lakin sonradan Məsihin Çarmıxa çəkilməsi xəbəri onlara təbliğ vasitəsilə çatanda, bu xəbər ürəklərinə ox kimi sancıldı (Həvarilərin işləri 2:37). Onlar birdən başa düşdülər ki, Çarmıxa çəkilmə tarixin ən dəhşətli cinayəti olub və bu günahı məhz onlar törədib. İnsana günahı dərk etdirən nədir? Onu Çarmıx qarşısında həlimləşdirən nədir? Bir dəfə hindli kəndlərinin birində bir missioner kənd daxmasının ağardılmış divarında proyektordan istifadə edərək slaydlar göstərirdi. Divarda Çarmıxa çəkilmiş Məsih görünəndə hindlilərdən biri yerindən sıçrayaraq qışqırdı: «Düş oradan! Orada Sən yox, mən asılmalıyam!» Nəyə görə İsraildə 2000 il əvvəl Çarmıxa çəkilmiş bir Adamın görünüşü əsrlər boyu insanların qəlbində belə ürəkparçalayan reaksiya yaradır? Bu, Müqəddəs Ruhun işidir.
2. Müqəddəs Ruh dünyanı salehlik barədə ifşa edəcək. Biz insanın məhz Məsihin salehliyinə görə ifşa olunduğunu görəndə, bu sözlərin mənasını anlamağa başlayırıq. İsa cinayətkar kimi Çarmıxa çəkildi. O, təqsirli bilinməsə də, mühakimə olundu. Onu qatı bidətçi hesab edən yəhudilərin tələbi ilə romalılar edama məhkum etdilər, halbuki buna yalnız ən dəhşətli cinayətkarlar layiq idi. İsaya olan baxışları dəyişən nə idi? Romalı yüzbaşının Çarmıxın önündəki kimi (Matta 27:54) və Paulun Dəməşqə gedən yolda olduğu kimi (Həvarilərin işləri 9:1-9), insanlara Çarmıxa çəkilən Allahın Oğlu olduğunu görməyə vadar edən nə idi? Onların Çarmıxa çəkilmiş yəhudi cinayətkarına əbədi ümid bəsləmələri təəccüblü deyilmi? Bu, Müqəddəs Ruhun işidir. İnsanları Məsihin dirilməsi və Atanın yanına yüksəlməsi ilə təsdiqlənmiş həqiqətə və salehliyə inandıran məhz Odur.
3. Müqəddəs Ruh insanları mühakimə barədə ifşa edəcək. Şər Çarmıxda məhkum və məğlub oldu. İnsanı gələcəkdə mühakimə gözlədiyinə inandıran nədir? Bu, Müqəddəs Ruhun işidir. Bizi Allahın hökm kürsüsü qarşısında dayanacağımıza əmin edən də Odur.
4. Bu yerdə qeyd olunmayan daha bir şey qalır. Biz günahımıza, Məsihin salehliyinə və mühakiməsinə görə ifşa olunanda, xilasın, bağışlanmanın və gələcək hökm günündən qurtuluşun Məsihdə olduğuna bizi inandıran nədir? Bu da Müqəddəs Ruhun işidir. Bizi Çarmıxa çəkilmiş Məsihdə Xilaskarımızı və Rəbbimizi tapacağımıza inandıran Odur. Müqəddəs Ruh bizi günahda ifşa edir və Xilaskarımızın olduğuna inandırır.
12-15
Burada İsa Müqəddəs Ruhu həqiqət Ruhu adlandırır. O həqiqət Ruhu ki, insanlara Allahın həqiqətini çatdırır. Biz bunu vəhy adlandırırıq. Müqəddəs Yazıların heç bir yeri bunu məhz belə adlandırılmalı olduğunu daha aydın izah etmir.
1. Vəhy daimi proses olmalıdır. İsanın o vaxt şagirdlərinə deyə bilmədiyi çox sözü var idi, çünki onlar hələ çox şeyi ağıllarına sığdıra bilmirdilər. İnsana ancaq onun başa düşə və ağlına sığa biləcək şeyləri söyləmək olar. Biz uşaqlara cəbri Nyutonun binomundan öyrətməyə başlamırıq, tədricən ona doğru aparırıq. Biz uşaqlara həndəsə öyrədəndə mürəkkəb teoremlərdən başlamırıq, tədricən onlara yaxınlaşırıq. Yunan və latın dilini öyrədəndə mürəkkəb ifadələrdən deyil, sadə və başadüşülən sözlərdən başlayırıq. Allah da eyni şəkildə insanlara Öz həqiqətlərini tədricən açır. Allah onlara qəbul edə və mənimsəyə biləcəyi həqiqətləri açır. Bu mühüm faktın müəyyən nəticələri var.
a) Əhdi-Ətiqin hissələrinin izahı bəzən bizi narahat edir. O dövrdə Allahın həqiqətinin yalnız məhdud bir hissəsi insan üçün anlaşılan ola bilərdi. Məsələn: Əhdi-Ətiqdə düşmən şəhərlərinin ələ keçirilməsi zamanı bütün sakinlərin məhv edilməsindən bəhs edən çoxlu yerlər var. Bu əmrin arxasında belə bir fikir dayanır ki, İsrail öz xalqının paklığını riskə ata və zərrə qədər olsa da, bütpərəstlik dini ilə qarışmasına yol verə bilməzdi. Belə riskdən qaçmaq üçün həqiqi Allaha ibadət etməyənlərin hamısı məhv edilməli idi. Beləcə yəhudilər tarixlərinin o mərhələsində anladılar ki, dinlərinin paklığını var-gücü ilə qorumaq lazımdır. Onlar bütpərəstləri məhv etməklə dinlərini qoruyub saxlayırdılar. İsa gələndə isə insanlar başa düşdülər ki, dinin saflığını bütpərəstləri ancaq Allah yoluna gətirməklə qoruyub saxlamaq olar. Bəli, Əhdi-Ətiq dövrünün insanları böyük həqiqəti dərk etmişdilər, amma yalnız onun bir tərəfini. Vəhy də məhz belə olmalıdır: Allah insanın ancaq dərk edə biləcəyini aça bilər.
b) Bu fakt həm də onu təsdiq edir ki, İlahi vəhyin sonu yoxdur. Bəzi insanlar İlahi vəhyi yalnız Müqəddəs Kitabda yazılanlarla məhdudlaşdırmaqda səhv edirlər. Onda elə çıxır ki, 100-cü ildə Əhdi-Cədidin sonuncu kitabı yazılandan sonra Allah daha danışmır. Lakin Allahın Ruhu daim fəaliyyət göstərir və daim insanlara Özünü açır. Doğrudur, Onun ali və misilsiz vəhyi İsa Məsih vasitəsilə gəldi. Lakin İsa kitab personajı deyil, İlahi vəhyin daima davam edən canlı bir Şəxsidir. Allah hələ də bizə İsa Məsih haqqında dərin açıqlamaları verməyə davam edir. O, 100-cü ildə danışmağı dayandırmadı. O, hələ də insanlara Öz həqiqətini açmağa davam edir.
2. Allahın insana verdiyi vəhy — istənilən həqiqətlərin vəhyidir. Bunun «teoloji həqiqət»lə məhdudlaşdığını düşünmək tamamilə yanlışdır. Təkcə ilahiyyatçılar və vaizlər Allahdan ilham almır. Əbədi qalan sözləri poetik formada insanlara çatdıran şair da ilham alır. H.F.Layt «Mənimlə qal» himninin sözlərini yazanda onu bəstələdiyini deyil, diktə olunaraq yazdığını hiss edirdi. Böyük bəstəkarlar əsərlərini ilhamlanaraq yazmışdılar. Handel məşhur «Halleluyah» nəqəratını necə yazdığından danışanda belə deyir: «Mən səmanın açıldığını və taxtda Əzəmətli, qar kimi ağ olan Tanrını gördüm». Məsələn, alim bütün bəşəriyyətə fayda verəcək nəsə kəşf edəndə, cərrah həyat qurtaracaq və ağrıları azaldacaq yeni vasitə icad edəndə, yaxud kimsə əzab çəkən bəşəriyyətə şəfa ümidini verəcək dərman kəşf edəndə, bu, Allahdan gələn ilhamdır. Hər həqiqət — İlahi həqiqətdir. Bütün həqiqətlərin aşkarlanması Müqəddəs Ruhun işidir.
3. Vəhy Allahdan gəlir. O, hər bir həqiqətin Sahibi və Açıqlayanıdır. Həqiqəti insan icad etməyib. Həqiqət Allahın ənamıdır. Bu bizim yarada biləcəyimiz bir şey deyil, artıq mövcud olan və üzə çıxarılması lazım olan şeydir. Bütün həqiqətlərin arxasında Allahın Özü dayanır.
4. Vəhy — İsa Məsihin gördüyü bütün işlərin mənasının və Onun Kim olduğunun bizə açıqlanmasıdır. İsanın əzəməti Onun tükənməzliyindədir. Hələ heç kim Onun söylədiyi və etdiyi hər şeyi tam dərk etməyib. Hələ heç bir insan Onun təliminin bizim həyatımız, imanımız, ayrı-ayrı şəxslər və bütün dünya, cəmiyyət və bütün xalq üçün olan mənasını tam dərk etməyib. Vəhy — İsanın Kim olduğuna dair yavaş-yavaş açılan kəşfdir.
İşin mahiyyəti də elə budur: vəhy bizə kitabdan və ya təsvirdən deyil, Var Olan Şəxsdən gəlir. Biz nə qədər çox İsaya bənzəsək, O bizə bir o qədər çox danışa biləcək. Onun vəhylərinə sahib olmaq üçün Onu Rəbb olaraq qəbul etmək lazımdır.
16-24
Burada İsa indiki zamanın hüdudundan kənar baxır. Belə etməklə İsa yəhudi təfəkküründə dərin kök salmış anlayışdan istifadə edir. Yəhudilər zamanın iki dövrə — indiki və gələcək dövrə bölündüyünə inanırdılar. İndiki dövr tamamilə korlanmış və lənət altındadır. Gələcək dövr isə Allahın Qızıl Dövrü olacaqdır. Bu iki dövr arasında, yeni dövrün başlandığından xəbər verən Məsihin zühurundan əvvəl, Rəbbin günü dayanır. Rəbbin günü — Qızıl Dövrün gəlişindən əvvəl dünyanın məhv olacağı dəhşətli bir gündür. Yəhudilər bu keçid dövrünü «Məsihin gəlişinin doğum sancıları» adlandırırdılar.
Müqəddəs Kitab bu dəhşətli dövrün təsvirləri ilə doludur. «Budur Rəbbin günü gəlir, amansızlıqla, qeyzlə, qızğın qəzəblə gəlir ki, yeri səhraya döndərsin, oradakı günahkarları məhv etsin» (Yeşaya 13:9). «Sionda şeypur çalın, Müqəddəs dağımda bərkdən çalın. Qoy ölkənin bütün əhalisi titrəsin, çünki Rəbbin günü gəlir, həmin gün yaxındadır. Qaranlıq zülmətli bir gün! Buludlu və qatı qaranlıq bir gün!» (Yoel 2:1-2) «Rəbbin günü isə oğru kimi gələcək. O gün göylər böyük gurultu ilə aradan qalxacaq. Ünsürlər yanaraq məhv olacaq. Yer üzü və onun üstündə hər şey ifşa olunacaq» (2Peter 3:10). Məsihin gəlişinin doğum sancılarının mənzərəsi belə idi.
İsa şagirdlərinə «Az bir müddətdən sonra Məni görməyəcəksiniz, az bir müddətdən də sonra yenə görəcəksiniz» deyəndə, bu mənzərədən istifadə etdi. «Gün gələcək, Padşahlığım yer üzündə bərqərar olacaq. Lakin həmin gündən əvvəl doğuş zamanı qadının doğum sancıları qəfil tutduğu kimi, siz də qəfil baş verəcək çətin sınaqlardan keçməli olacaqsınız. Amma sona qədər Mənə sadiq qalsanız, aldığınız xeyir-dualar sizin üçün çox qiymətli olacaq». Bunu deyəndən sonra İsa sadiqlərini gözləyən xeyir-duaları sadalamağa başladı.
1. Kədər onlar üçün sevincə çevriləcək. Bəzən elə gəlir ki, Məsihin yolu kədərdən başqa heç nə gətirmir, dünya isə yalnız sevinc bəxş edir. Amma gün gələcək, rollar dəyişəcək: dünyanın qayğısız sevinci kədərə, məsihçinin aşkar kədəri isə sevincə çevriləcək. İmanı ona baha başa gələn məsihçi həmişə yadda saxlamalıdır ki, bu, hər şeyin sonu deyil. Bir gün kədərin yerini sevinc tutacaq.
2. Məsihçinin sevinci iki qiymətli xüsusiyyətə malik olacaq.
a) Heç kim onun sevincini əlindən ala bilməyəcək. İmanlının sevinci təsadüf hallardan və dünyada baş verənlərdən asılı olmayacaq. Məsələ burasındadır ki, bütün dövrlərdə iztirab çəkən imanlılar məhz əzab-əziyyət zamanı İsa ilə ecazkar və sıx ünsiyyət qurduqlarına şəhadət edirdilər. Dünyanın verdiyi sevinc dünyanın təsirindən asılıdır, Məsihin verdiyi sevinc isə bu dünyada heç nədən asılı deyil.
b) Məsihçinin sevinci kamil olacaq. Dünyanın verdiyi ən böyük sevincdə belə həmişə nəsə çatışmır. Bəlkə də bu, peşmanlıq hissindən irəli gəlir, ya da üzərində ovuc boyda bir bulud var, ona görə sevinci tam yaşatmır, yaxud sevincin qısa olduğunu xatırladır. Amma Məsihin hüzurundan gələn sevincdə zərrə qədər də qeyri-kamillik kölgəsi yoxdur. O, kamil və tamdır.
3. Məsihçinin sevincində bütün acı-ağrılar unudulur. Ana yeni doğulan körpəsini görəndə ağrısını unudur. Şəhid cənnətin izzətinə daxil olanda iztirablarını unudur. Məsihə sədaqət insana baha başa gəlsə də, Məsihin əbədi sevincinə daxil olan kimi ödədiyi dəyəri unudacaq.
4. Tam bilik olacaq. Məsih şagirdlərinə deyir: «O gün Məndən heç nə soruşmayacaqsınız, sual verməyə ehtiyacınız olmayacaq». Bu dünyada həmişə cavabsız suallar və həll olunmamış problemlər var. Hər halda, biz gözlə görünənə deyil, imana görə həyat sürürük, həyatda anlamadığımız vəziyyətləri qəbul etməliyik. Biz həqiqətin yalnız kiçik hissələrini dərk edirik və Allahı yalnız qismən görürük. Lakin gələcək dövrdə Məsihin hüzurunda biliyin dolğunluğuna malik olacağıq.
5. Bizim Səmavi Ata ilə başqa münasibətimiz olacaq. Biz, həqiqətən, Allahı tanıdığımız zaman Onun hüzuruna gedib hər şey istəyə bilərik. Biz bilirik ki, qapı açıqdır, Onun adı — Atadır, ürəyi — məhəbbətdir. Biz valideynlərin onları görməkdən və hər şey haqqında danışmaqdan məmnun olduqlarına həmişə əmin olan uşaqlar kimiyik. İsa deyir ki, Allahla bu cür münasibətimiz olanda, Ondan hər şey istəyə bilərik və O, istədiyimizi bizə verəcək. Amma gəlin bunu insan nöqteyi-nəzərindən düşünək. Uşaq atasını sevəndə və ona güvənəndə yaxşı bilir ki, ata bəzən ona «yox» deyə bilər, çünki atanın müdrikliyi və sevgisi uşağın nəyə ehtiyacı olduğunu daha yaxşı bilir. Biz Allahla o qədər yaxın ola bilərik ki, duada Ondan hər şeyi diləyə bilərik, amma sonda həmişə «Qoy Sənin iradən olsun» deyəcəyik.
6. Allahla bu yeni münasibət yalnız İsa Məsihdə mümkündür. Allahla münasibət yalnız Onun adı ilə mövcuddur. Yalnız İsanın sayəsində sevincimiz sarsılmaz və kamildir. Biz tam biliyə malikik və Allahın qəlbinə gedən yol bizim üzümüzə həmişə açıqdır. Sahib olduğumuz hər şey bizə İsadan və Onun sayəsində gəlir. Onun adı ilə biz diləyirik, alırıq, Atanın hüzuruna gəlirik və qəbul olunuruq.
25-28
Müqəddəs Kitabın Azərbaycan dilinə tərcüməsində deyilir ki, İsa şagirdləri ilə məsəllərlə danışırdı. Yunan dilində paroimiya sözü istifadə olunur. İsanın məsəlləri barədə söhbət düşəndə, həmişə bu sözdən istifadə olunur. Mənası pərdələnmiş deyim deməkdir. Bunun aydın olması üçün yaxşı düşünmək lazımdır. Bu ifadəni, məsələn, ağılın dərk etməli olduğu müdriklərin mənalı qısa kəlamlarına şamil etmək olar, yaxud açmasını tapmalı olduğu tapmacaya. İsa deyir: «İndiyə qədər sizinlə həqiqəti eyhamlarla və örtülü şəkildə çatdırırdım ki, özünüz təxmin edib dediklərimi dərindən düşünəsiniz. İndi sizə həqiqəti açıq və tam aydınlıqla söyləyəcəyəm». Sonra O, Allahdan gəldiyini və yenidən Onun yanına qayıtdığını söyləyir. Bu Onun Allahın Oğlu olduğunu və Çarmıxın Onun üçün cinayətkarın edamı deyil, Allaha qayıdış yolu olduğunu göstərən böyük vəhydir.
Sonra İsa heç vaxt unutmamalı olduğumuz bir söz söyləyir. O deyir ki, Onun ardıcılları Allaha müraciət edə bilərlər, çünki Ata onları sevir. Artıq Onun şagirdlərinin istəklərini Allaha çatdırmağa ehtiyac yoxdur, onlar istəklərini özləri birbaşa Allaha deyə biləcəklər. Biz çox vaxt Allahı ciddi, İsanı isə həlim və mərhəmətli təsəvvür etməyə meyilliyik. Hərdən belə başa düşülür ki, sanki İsanın etdikləri Allahın insanlara münasibətini dəyişdi və mühakimə edən Allahı sevən Allaha çevirdi. Bu cür düşünmək yanlışdır, çünki burada İsa deyir: «Ata Özü sizi sevir, çünki siz Məni sevdiniz və Mənim Allahın yanından gəldiyimə inandınız». İsa bunu Çarmıxa çəkilməzdən əvvəl deyir. O, Allahın sevgi olacağı üçün yox, sevgi olduğunu bizə göstərmək üçün öldü. O, Allahın dünyaya nifrət etdiyi üçün deyil, Allahın dünyanı çox sevdiyi üçün gəldi. O, dünyaya Allahın məhəbbətini gətirdi, ona Atanın sevən ürəyini açıb göstərdi.
Sonra İsa deyir ki, Onun işi başa çatıb. O, Atanın yanından gəldi, indi də Çarmıx vasitəsilə Atanın yanına qayıdır. Allaha gedən yol artıq hər bir insanın üzünə açıqdır. İsanın daha onların dualarını Allaha çatdırmasına ehtiyac yoxdur; onlar özləri Ona dua edə bilərlər. Məsihi sevən Allah tərəfindən sevilir.
29-33
Burada şagirdlərin, nəhayət, İsaya necə təslim olduqlarına dair maraqlı məqam qeyd olunur. Onlar İsanın başqalarından nəsə soruşmağa ehtiyacı olmadığını başa düşəndə, Ona ürəkdən iman etdilər. Onlar nəyi nəzərdə tuturdular? Biz şagirdlərin 16:17-18-də İsanın sözlərindən necə çaşqın olduqlarını görürük. 16:19-cu ayədə İsa Ondan nə soruşmaq istədiklərini bilib onların sualına cavab verməyə başlayır. Başqa sözlə, İsa şagirdlərinin fikirlərini açıq bir kitab kimi oxuya bilirdi. Buna görə də onlar İsaya iman gətirdilər. Şotlandiyada səyahətçilərdən biri bir vaxtlar təbliğlərinə qulaq asmağa nəsib olan iki vaiz haqqında belə demişdi: «Biri mənə Allahın izzətini göstərdi», «O biri mənə ürəyimin dərinliklərini göstərdi». İsa hər ikisini edə bilirdi. Şagirdləri Onun, həqiqətən, Allahın Oğlu olduğuna inandıran məhz İsanın Allahı bu qədər yaxşı tanıması və insan ürəyinə bələd olması idi.
Lakin İsa realist idi. O, şagirdlərə dedi ki, onların imanlarına baxmayaraq, vaxt gələcək onlar İsanı tərk edəcəklər və həmin vaxt artıq gəlib çatmışdır. Bu da İsanın qeyri-adi xüsusiyyətlərindən biridir. O, şagirdlərin zəifliklərini, onların çatışmazlıqlarını bilirdi. Bilirdi ki, onlar ən çətin vaxtda Onu tərk edəcəklər. Lakin yenə də onları sevməyə davam edirdi. Ən gözəli isə odur ki, İsa onlara etibar etməyə davam edirdi. Bir insanı bağışlamaq və eyni zamanda ona artıq etibar edilə bilməyəcəyini bildirmək çox asandır. Amma İsa dedi: «Mən sizin zəifliklərinizi bilirəm. Məni tərk edəcəyinizi də bilirəm. Amma onu da bilirəm ki, siz qalib olacaqsınız». Hələ dünya tarixində bağışlanma və etibar heç vaxt bir-biri ilə bu qədər sıx bağlı olmamışdır. Burada bizim üçün necə də gözəl örnək var! Məsih bizə necə bağışlamağı, sonra bizə qarşı səhv edən və günah işlədən birinə necə etibar etməyi öyrədir.
Bu hissədə İsanın çox aydın şəkildə dediyi dörd məqam var.
1. İsanın tənha qalması. O, insanlar tərəfindən tərk edilməli idi. Lakin O, heç vaxt tamamilə yalqız deyildi, çünki Allah həmişə Onunla idi. Heç kim heç vaxt həqiqət uğrunda tək mübarizə aparmır, Allah həmişə belə insanın yanındadır. Saleh insan heç vaxt tamamilə tənha qalmır, çünki Allah onunladır.
2. İsanın bağışlaması. Biz bu barədə artıq qeyd etmişik. İsa bilirdi ki, dostları Onu tərk edəcək, lakin buna görə onları məzəmmət etmədi, hətta sonra da tənə vurmadı. O, insanları zəifliklərinə baxmayaraq sevir, onları görür və olduğu kimi sevirdi. Sevgi aydın olmalıdır. İnsanları ideallaşdırıb onları günahsız kimi təsəvvür edəndə, özümüzü məyusluğa məhkum etmiş oluruq. Biz insanları olduqları kimi sevməliyik.
3. İsanın rəğbəti. Bu hissədə «Məndə sülhünüz olsun deyə bunları sizə söylədim» ayəsi ilk baxışdan yersiz kimi görünür. Məsələ burasındadır ki, İsa şagirdlərinin zəifliyini onlara qabaqcadan söyləməsəydi, onlar sonradan Onun nə qədər pis vəziyyətdə qoyduqlarını anlayanda, pərişan olacaqdılar. Lakin İsa sanki onlara deyir: «Bunun baş verəcəyini bilirəm. Elə düşünməyin ki, sizin xəyanətiniz Məni təəccübləndirəcək. Məni tərk edəcəyinizi əvvəlcədən bilirdim. Amma bu Mənim sizə olan sevgimi dəyişmir. Siz sonradan peşman olanda, ruhdan düşməyin və ümidsizliyə qapılmayın». Burada biz İlahi şəfqət və bağışlanma görürük. İsa insanın günahının Ona necə zərər verəcəyini düşünmürdü. O, günahın insana necə zərər verəcəyini düşünürdü. Bəzən nə qədər incidiyimizi deyil, incidən adamın nə qədər təəssüfləndiyini, ona necə təsir etdiyini və nə qədər kədərləndiyini düşünsək, çox şey dəyişər.
4. İsanın ənamı — cəsarət və qələbədir. Tezliklə şagirdlərə bir şey sübut ediləcək: onlar görəcəklər ki, dünya İsaya ən dəhşətli pisliyi edib zərər vura bilər, amma Onu məğlub edə bilməz. O deyir: «Mənim qələbəm sizin qələbəniz olacaq. Dünya Mənimlə pis rəftar etdi, amma Mən qalib gəldim. Çarmıxın cəsarəti və qələbəsi də sizə məxsus ola bilər».