1-10
İsa başqa yerlərdə olduğu kimi, bu hissədə də məsəllərdən istifadə edir. Məsəllər yəhudi xalqının dini irsinin bir hissəsi idi. İsrail Əhdi-Ətiqdə çox vaxt Allahın üzüm bağı kimi təsvir olunur. «İsrail nəsli Ordular Rəbbinin üzüm bağıdır» (Yeşaya 5:1-7). Yeremya peyğəmbər vasitəsilə Allah İsrailə deyir: «Mən səni gözəl meynə, tər-təmiz toxum kimi əkmişdim» (Yeremya 2:21). Allah Yezekel peyğəmbərin kitabının 15-ci fəslində İsraili üzümə bənzədir. Daha bir yerdə Allah deyir: «Sənin anan da çay kənarındakı bağında əkilmiş bir üzüm tənəyi kimi idi» (Yezekel 19:10). «İsrail bir qollu-budaqlı meynədir ki, bol-bol bar gətirir» (Huşə 10:1). «Misirdən tənək fidanı gətirərək qovduğun millətlərin torpağında əkdin» (Zəbur 80:9). Həqiqətən də, meynə İsrailin obrazına çevrildi. Meynə Makkabe sikkələrinin emblemi idi. Məbədin bəzəklərindən biri qızıl meynə budağı idi. O, Müqəddəs yerə girişi bəzəyirdi. Bir çox məşhur insanlar qızıldan meynə və ya bu meynənin bir giləsini tökdürməyi özlərinə şərəf hesab edirdilər. Meynə yəhudi tarixinin ayrılmaz hissəsi və İsrailin obrazı idi. İsa Özünü həqiqi Meynə adlandırır. Bu bəyanatın mahiyyəti alefinos sözündədir — doğru, həqiqi, əsl. Maraqlıdır ki, Əhdi-Ətiqdə meynənin təsviri həmişə cırlaşma ideyası ilə əlaqələndirilir. Yeşaya peyğəmbər cırlaşmış üzüm bağının təsvirini verir. Yeremya peyğəmbər deyir ki, Allahın tər-təmiz toxum kimi əkdiyi gözəl meynə «…cır, yabanı meynə oldu». Burada isə İsa yəhudilərə sanki deyir: «Siz elə bilirsiniz ki, əgər İsrail xalqına mənsubsunuzsa, deməli, Allahın həqiqi meynəsinin budağısınız? Xeyr, elə deyil. Peyğəmbərlərin dediyi kimi, siz cır meynəsiniz. Mən isə həqiqi Meynəyəm. İsrail xalqına mənsub olmaq sizi xilas etməyəcək. Yalnız Mənimlə canlı ünsiyyət sizi qurtaracaq. Çünki Mən Allahın Meynəsiyəm, siz də Mənə bağlı olmalısınız». İsa onlara izah etdi ki, Allahın xilasına aparan yol yəhudi qanı deyil, Ona olan imandır. Heç bir zahiri xüsusiyyət insanı Allah qarşısında saleh edə bilməz. Yalnız İsada qalmaqla buna nail olmaq olar.
İsa meynə təsvirini verməklə nədən bəhs etdiyini yaxşı bilirdi. Üzüm İsrailin hər yerində əkilirdi. Bu gün də belədir. Üzüm yaxşı bəhrə verməsi üçün intensiv qayğıya ehtiyacı olan bitkidir. Onu, adətən, təpələrin kənarlarında və ya düzənliklərdə əkirlər. Torpaq alaq otlarından tamamilə təmizlənməlidir. Bəzən çardaqlara sarılmış, bəzən ağzı çəngələ bənzər dayaqlara bərkidilərək yerlə sürünmüş halda olur. Bəzən də kənd evlərinin qapılarına sarmaşır. Ancaq üzümün harada bitməsindən asılı olmayaraq, torpağın alaq otlarından təmizlənməsi vacibdir. Üzümün budaqları hər tərəfə yayıldığından daim budanmağa və təmizlənməyə ehtiyac duyur. Üzümlər o qədər sürətlə böyüyür ki, hər yerə tez yayılacağını nəzərə alaraq, budaqları bir-birindən üç metr məsafədə əkmək lazımdır. Cavan meynələrə ilk üç ildə meyvə gətirməyə icazə verilmir. Onun həyati qabiliyyətini qorumaq üçün hər il budanır. Yetkinlik yaşına çatanda ildə iki dəfə budanır: yanvar və dekabr aylarında. Meynənin iki növ budağı var: bəhrəli və bəhrəsiz. Bəhrəsiz budaqlar çox qısa kəsilir ki, əsas gövdədən güc almasın. Meynə budanmadan istənilən bəhrəni verə bilməz. Rəbb İsa bunu bilirdi.
Qeyd etmək yerinə düşər ki, üzümün budağı heç nəyə yaramır. O, istifadə üçün kifayət qədər yumşaqdır. Qanuna görə, insanlardan vaxtaşırı Məbədə qurbangah üçün odun gətirmək tələb olunurdu. Bu halda üzüm budağının təqdim edilməsinə icazə verilmirdi. Kəsilmiş üzüm budaqları ocağa atılmaqdan başqa heç nəyə yaramırdı. Bu təfərrüat İsanın bəhrəsiz budaqlar haqqında dediyi sözləri daha yaxşı izah edir.
O deyir ki, Onun ardıcılları üzümün budaqları kimidir. Onlardan bəziləri üzümün canlı budaqları kimi bəhrəli və təzədir; digərləri heç bir bəhrə vermədiyi üçün faydasızdır. İsa bəhrəsiz budaqlardan danışarkən kimi nəzərdə tuturdu? Bu sualın iki cavabı var. O, ilk növbədə israilliləri nəzərdə tuturdu. Onlar Allahın meynəsinin budaqları idi. Məgər peyğəmbərlər onları belə təsvir etmirdimi? Lakin onlar Allaha qulaq asmırdılar, Onu inkar edirdilər və buna görə də qurumuş və yararsız budaqlara çevrildilər. İkincisi, İsa məsihçiləri nəzərdə tuturdu. O məsihçiləri ki, bəhrəsiz budaqlar, meyvəsiz yarpaqlar kimi sözdə güclü, əməldə faydasız idilər, Allahdan üz döndərmişdilər. Onlar Müjdəni eşidib qəbul etdilər, lakin bir vaxtlar xidmət etməyə söz verdikləri Müəllimlərinə xain çıxıb Ondan üz döndərdilər.
Beləliklə, bəhrəsiz budaqlara çevrilməyin üç yolu var:
İsa Məsihə itaət etməkdən tamamilə imtina etmək;
Onu dinləmək və yalnız dildə tərifləmək, amma əməllərlə dəstəkləməmək;
Onu Rəbb kimi qəbul etmək, çətin vəziyyətə düşən kimi və ya istədiyimizi etmək istəyən kimi Ondan üz döndərmək.
Ancaq yadda saxlamalıyıq ki, Əhdi-Cədidin əsas prinsiplərindən biri səmərəsizliyin və bəhrəsizliyin fəlakətə səbəb olmasıdır.
Bu hissə Məsihdə qalmaqdan bəhs edir. Bu nə deməkdir? Məlumdur ki, məsihçi sirli şəkildə Məsihdə qalır və Məsih də görünməz şəkildə onda yaşayır. Ancaq elə imanlılar var ki, (bəlkə də əksəriyyəti) heç vaxt bunu təcrübədə yaşamayıblar. Əgər biz onlardan biriyiksə, özümüzü qınamayaq. Çünki lazımi təcrübə qazanmağın daha sadə yolu var və bu yol hər kəs üçün əlçatandır.
Gəlin insanların həyatından analogiya gətirək. Düzdür, bütün analogiyalar natamam olsa da, onun əsas hissəsindən istifadə etməyə çalışacağıq. Fərz edək ki, iradəsi zəif olan insan vəsvəsəyə düşüb, yolunu azıb və dincliyini itirib. Tutaq ki, onun güclü xarakterli və sevən bir dostu var. Bu dost onu düşdüyü vəziyyətdən çıxarır. Özünə gələn insan düz yolda yalnız onu xilas edən dostu ilə sıx əlaqə yaratmaqla qala bilər. Əgər dostu ilə əlaqəsi kəsilsə, çox güman, xarakter zəifliyi onu yenidən büdrədəcək, köhnə vəsvəsələr qayıdacaq və o, yenidən yıxılacaq. Onun xilası dostu ilə daimi sıx ünsiyyətdən asılıdır.
Elə hallar olur ki, əclaf insan yaxşı insanların yanında məskunlaşır. Onun yaxşı mühitdə olması özü üçün təhlükəsizlik şəraiti yaradır. Lakin yaxşı insanlardan ayrılıb müstəqil olan kimi, dərhal yıxılır. Pisliyə qalib gəlmək üçün yaxşılıqla sıx təmasda olmaq lazımdır.
Robertson adlı məşhur bir təbliğçi var idi. Onun həmyerlisi sadə bir dükan sahibi idi. O, dükanın arxa otağının divarında qəhrəmanı və ilham mənbəyi hesab etdiyi Robertsonun portretini asmışdı. Hər dəfə fırıldağa yol vermək istəyəndə, o, dərhal bu otağa qaçıb, vəsvəsə keçənə qədər Robertsonun portretinə baxırdı. Xeyirxahlıqla daimi təmas bizi xeyirxah edir.
İsanın həyatının xüsusiliyi Onun Ata ilə daimi əlaqəsi idi. İsa Ata ilə görüşmək üçün tez-tez təkliyə çəkilirdi. Biz də İsaya bağlı qalmalıyıq. Ancaq qətiyyətli addımlar atmasaq, bunu edə bilmərik. Məsələn, səhər duasını götürək: səhər bir neçə dəqiqə dua etmək gün ərzində bizə kömək edir. Çünki ürəyimizdə Məsih olmadan şərə tab gətirə bilmərik. Bəzilərimiz üçün Məsihdə olmaq sözlə ifadə edilə bilməyən sirli bir təcrübə olacaq. Çoxları üçün bu Onunla daimi əlaqə deməkdir. Bu, həyatın, duanın və duada sükutun elə planlaşdırılması deməkdir ki, bir günümüz belə Onsuz keçməsin.
Nəhayət, qeyd etmək lazımdır ki, Məsihdə qalmağın iki nəticəsi var: birincisi, Məsihin yaxşı şagirdi öz həyatını zənginləşdirir, yəni Məsihlə əlaqə onu bəhrəli budaq edir. İkincisi, o, Allahı izzətləndirir: onun həyat tərzi başqalarını Allaha yönəldir. Biz Allah üçün çoxlu bəhrə gətirəndə və Məsihin şagirdləri kimi yaşayanda, Allah izzətlənir. Məsihçi həyatının ən gözəl xüsusiyyəti onun davranışı ilə Allahı izzətləndirməsidir.
11-17
Bu hissədəki əsas ayə odur ki, şagirdləri İsanı seçmədi, O, şagirdlərini seçdi. Biz Allahı seçmədik, lakin Allah Öz mərhəməti ilə bizə bir çağırış edib, sevgi təklif etdi.
Bu hissədən biz niyə seçildiyimizi və nəyə çağırıldığımızı görə bilərik.
1. Biz sevinməyə çağırılmışıq. Məsihin yolu nə qədər çətin olsa da, bu yolda irəlilədikcə onun sonu sevinclidir. Doğru olanı edəndə həmişə sevinirik. Məsihçi həmişə sevinir. O, Məsihin şən döyüşçüsüdür. Kədərli olmaq məsihçi adına ziddir. Heç nə qara, uzun paltar və oruc tutmuş üzlər qədər məsihçiliyə zərər vurmamışdır. Doğrudur, məsihçi günahkardır, lakin o, satın alınmış günahkardır. Onun sevinci bundadır. Həyat yolunu İsa Məsihlə birlikdə addımlayan insan necə xoşbəxt ola bilməz?
2. Biz sevgi üçün seçilmişik. Biz dünyaya bir-birimizi sevmək üçün göndərilmişik. Bəzən özümüzü elə aparırıq ki, sanki dünyaya bir-birimizlə yarışmağa, mübahisə etməyə və dalaşmağa göndərilmişik. Amma məsihçi öz həyat tərzi ilə məsihçiliyin yaxınlarına məhəbbət olduğunu göstərməlidir.
Burada İsa Öz böyük vəhylərindən daha birini bəyan edir. Əgər biz Ondan «Nəyə əsasən bizə deyirsən ki, bir-birimizi sevək?» deyə soruşsaq, O, belə cavab verər: «Heç kəsin məhəbbəti dostları uğrunda canını qurban verən adamın məhəbbətindən üstün ola bilməz». İsa dostları uğrunda canını qurban verdi. Onun bizə sevgidən danışmağa haqqı var idi. Bir çox insanlar başqalarına bir-birilərini sevməyi söyləyirlər, halbuki həyatları bunun əksini göstərir. İsa şagirdlərinə bir əmr verdi, Özü də bunu nümunə göstərərək yerinə yetirdi.
3. İsa bizi dostları adlandırır. O, şagirdlərinə deyir ki, onları artıq qul deyil, dost adlandırır. Onun bu ifadəsi onu ilk dəfə eşidənlər üçün daha dəyərli və əhəmiyyətli səslənir, nəinki bu ifadəyə öyrəşmiş bizim üçün. Doulos — qul deməkdir. Allahın qulu alçaldıcı ləqəb deyil, yüksək şərəf tituludur. Məsələn, Musa peyğəmbər Allahın qulu (doulos) idi (Qanunun təkrarı 34:5); Yeşua da bu titulu daşıyırdı (Yeşua 24:29); Davud Allahın qulu adlandırıldığı üçün sevinirdi (Zəbur 89:20); Paul Məsihin və Allahın qulu adını daşımağı özünə şərəf hesab edirdi (Titə 1:1); həmçinin Yaqub da (Yaqub 1:1). Qədimdə dahi insanlar douloi — Allahın qulları adı ilə fəxr edirdilər. İsa isə deyir: «Mənim sizin üçün daha yaxşı xəbərim var: siz artıq Mənim qullarım deyil, dostlarımsınız». Məsih Allahla daha yaxın münasibət təklif edir. Məsihdən əvvəl yaşayan ən böyük iman adamları belə münasibətə nail olmayıblar. Ancaq Allahla dostluq ideyası çoxdan yaranıb. Bu dostluğun keçmişi var. Məsələn, İbrahim peyğəmbər Allahın dostu idi (Yeşaya 41:8). Roma imperatorunun sarayında, eləcə də şərq şahlarının saraylarında bu anlayışa daha çox işıq salan bir adət mövcud idi. Saray əyanları arasında padşahın və ya imperatorun dostları adlandırılan xüsusi bir qrup var idi. Onlar istənilən vaxt şahla görüşə bilirdilər, hətta səhərlər onun yataq otağına girə bilirdilər. O, vəzirləri və generalları, rəisləri və dövlət adamları ilə danışmazdan əvvəl onlarla danışırdı. Padşahın dostları onunla yaxın əlaqədə olan insanlar idi. İsa bizi Onun dostları və Allahın dostları olmağa çağırır. Bu, çox yüksək təklifdir. Bu o deməkdir ki, artıq Allaha uzaqdan həsrətlə baxmağa ehtiyac yoxdur. Biz nə ağasının hüzuruna girməyə haqqı olmayan qul, nə də milli, təntənəli tədbirlər zamanı şahı uzaqdan uzağa görən izdihamıq. İsa bizə Allahla bu yaxınlığı bəxş etdi ki, O bizim üçün daha uzaq və yad deyil, yaxın Dost olsun.
4. İsa bizi təkcə böyük imtiyazlara görə seçmədi. O bizi Onun həmkarları olmağa çağırdı. Qul heç vaxt şərik ola bilməz. Yunan qanunlarında qullara canlı alətlər deyilirdi. Ağa heç vaxt öz fikirlərini qulu ilə bölüşmürdü. Qul sadəcə ona tapşırılan işi yerinə yetirməli idi. İsa isə dedi: «Siz Mənim qullarım deyilsiniz, həmkarlarımsınız, çünki Atamdan eşitdiyim bütün sözləri sizə bildirdim. Mən sizinlə nə edəcəyimi və nə üçün edəcəyimi bölüşdüm». İsa bizi Öz işinə şərik etməklə şərəfləndirdi. O, planlarını, düşüncələrini bizimlə bölüşdü və ürəyini bizə açdı. Biz ciddi seçim qarşısındayıq: ya Məsihin dəvətini qəbul edib Onunla birlikdə dünyanı Allaha yönəldirik, ya da bu dəvəti rədd edirik.
5. İsa bizi Onun elçiləri olmaq üçün seçdi. O deyir: «Mən sizi dünyaya göndərmək üçün seçdim». O bizi dünyadan çıxmaq üçün deyil, Onu dünyada təmsil etmək üçün seçdi. Cəngavər kral Arturun sarayına girəndə, bunu ömrünün qalan hissəsini başqa cəngavərlərlə ziyafət və ünsiyyətdə keçirmək üçün yox, padşaha «Məni şərəfli bir işə göndər ki, sənin üçün şücaət göstərə bilim» demək üçün edirdi. İsa bizi seçdi ki, əvvəlcə Onun yanına gələk, sonra isə Onun üçün dünyaya gedək. Bu, günümüzün gündəlik rejimi və bütün həyatımızın ritmi olmalıdır.
6. İsa bizi seçdi ki, Onun müjdəçiləri olaq. O bizi seçdi ki, zamanın sınağına tab gətirəcək bəhrələr verək. Məsih barədə müjdələmək üçün məsihçi olmaq lazımdır. Məsihin yolunu yalnız şəxsi nümunə ilə müjdələmək olar. İsa bizi dünyaya ona görə göndərmir ki, biz insanları dəlillərlə və mübahisələrlə (hər halda təhdidlərlə deyil) Ona tərəf cəlb edək. Ona görə göndərir ki, bunu yalnız öz həyatımızla edək. Başqa sözlə, elə yaşayaq ki, bizim yaxşı bəhrələrimiz başqalarında yaxşı bəhrə gətirmək istəyi oyatsın.
7. İsa bizi Allahın ailəsinin imtiyazlı üzvləri olmaq üçün seçdi. Belə ki, İsanın adı ilə Atadan nə diləsək, bizə verilsin. Burada yenə qarşımızda dua haqqında böyük həqiqətlərdən biri var. Bunu düzgün başa düşməyimiz vacibdir. Əgər bu həqiqətə düşünmədən yanaşsaq, bizə elə gələ bilər ki, məsihçi hər şeyi istəyə bilər və həmişə istədiyini alacaqdır. Biz bu barədə əvvəllər danışmışıq, lakin bu məsələni bir daha düşünmək bizim üçün faydalı olar. Müjdə dua haqqında müəyyən dərs verir.
a) Dua imanla edilməlidir (Yaqub 5:15). Əgər dua formal olaraq yalnız əzbərlənmiş söz və ifadələrin vərdişlə təkrarlanmasıdırsa, faydalı ola bilməz. Dua edən şəxs dəyişikliyin mümkünlüyünə inanmırsa, dua etməyinin nə mənası var? Duanın təsirli olması üçün Allahın sevgisinə və Onun sonsuz imkanlarına inanmaq lazımdır.
b) Dua Məsihin adı ilə olmalıdır. Biz Rəbb İsaya məqbul olmayan bir şey üçün dua etməməliyik, qadağan olunmuş nəsə istəməməliyik və ya bir insana, yaxud əşyaya sahib olmağa çalışmamalıyıq. Məsihçi başqasını incidəcək şəxsi ambisiyaları üçün dua etməməlidir. Biz adı Sevgi Olanın adı ilə düşmənlərimizdən qisas almaq üçün dua edə bilmərik. Hər dəfə duanı ambisiyalarımızı yerinə yetirmək və istəklərimizi təmin etmək vasitəsinə çevirsək, uğur qazanacağımıza ümid etməməliyik, çünki belə dua — dua sayılmır.
c) Dua Allahın iradəsinə uyğun olmalıdır: «Qoy Sənin iradən olsun». Dua edərkən həmişə yadda saxlamalıyıq ki, Allah hər şeyi bizdən yaxşı bilir. Buna görə də duamızın mahiyyəti Rəbbin iradəsini dəyişdirmək deyil, Onun iradəsini yerinə yetirmək olmalıdır. Dua istədiyimizi əldə etməyə deyil, Allahın Öz iradəsinə uyğun olaraq bizə verdiyini qəbul etməyə yönəlməlidir.
d) Dua heç vaxt eqoistcəsinə edilməməlidir. İsa izah edir: «Yenə sizə doğrusunu deyirəm: yer üzündə sizlərdən iki nəfər diləyəcəkləri hər hansı bir şey üçün razılığa gələrsə, göylərdə olan Atam onların istəklərini yerinə yetirəcək. Çünki harada iki və ya üç nəfər Mənim adımla yığılarsa, Mən də orada, onların arasındayam» (Matta 18:19-20). Bu hissəni hərfi mənada şərh etmək olmaz. Çünki elə çıxır ki, hansısa ehtiyaca cavab almaq üçün kifayət qədər insan dua etsə, o dua qəbul ediləcəkdir. Bunu belə başa düşmək lazımdır: dua edərkən heç kim yalnız özünü və öz ehtiyaclarını düşünməməlidir. Sadə bir misal götürək: bayrama hazırlaşan adam günəşli hava, əkinçi isə yağış üçün dua edir. Dua edəndə biz düşünməliyik ki, istədiyimiz yalnız bizə xeyir verəcək, yoxsa başqalarına da faydası olacaq? Duada ən böyük vəsvəsə odur ki, sanki başqa heç kim yox imiş kimi dua edirik.
İsa bizi Allahın ailəsinin imtiyazlı üzvləri olmaq üçün seçdi. Biz bütün ehtiyaclarımızı Allaha deyə bilərik və deməliyik də. Onunla həm ehtiyaclarımızı, həm də sevincimizi bölüşməliyik. Lakin dua edərkən Allahın Öz müdrikliyi və məhəbbəti ilə bizə göndərəcəyi cavabı qəbul etməyə də hazır olmalıyıq.
18-21
Yəhyanın belə fərqli xüsusiyyəti var: hər şeyi ya qara, ya da ağ görmək. Onun yalnız iki anlayışı var: İmanlı Cəmiyyəti və dünya. Onlar arasında heç bir əlaqə, ortaq nəsə yoxdur. Onun mövqeyi belədir: «Sən o biri tərəfdə dayan, çünki bu tərəfdə mən durmuşam». O, başa düşürdü ki, insan ya dünyada, ya da Məsihdə olmalıdır. Çünki dünya ilə Məsih arasında ortaq heç nə yoxdur.
Bundan əlavə, nəzərə almaq lazımdır ki, həmin vaxta qədər İmanlı Cəmiyyəti daim təqib təhlükəsi altında yaşayırdı. İmanlılar Məsihin adı uğrunda təqib olunurdular. Məsihçilik qeyri-qanuni hesab edilirdi. Hakimin təqsirləndirilən şəxsdən məsihçi olub-olmadığını soruşması kifayət idi ki, əməlindən asılı olmayaraq, onu ya həbsə, ya da ölümə məhkum etsin. Yəhya bu vəziyyət barədə aydın yazır. Bir şey aydındır — heç bir məsihçi ona təqiblər barədə xəbərdarlıq edilmədiyini deyə bilməzdi, çünki İsa bu barədə açıq şəkildə danışırdı. «Amma siz ehtiyatlı olun. Adamlar sizi məhkəmələrə çəkəcək, sinaqoqlarda döyəcəklər. Onlara şəhadət etmək üçün siz Mənə görə valilərin və padşahların qarşısında duracaqsınız. Qardaş qardaşı, ata övladını ölümə təslim edəcək. Övladlar ata-anasına qarşı çıxıb onları edam etdirəcək. Mənim adıma görə hamı sizə nifrət edəcək. Amma axıracan dözən xilas olacaq» (Matta 10:17-22, 23-29; Mark 13:9, 12, 13; Luka 12,2-9. 51-53).
Yəhya Müjdəni yazanda bu təqiblər çoxdan başlamışdı. Tasit «cinayətlərinə görə nifrət edilən və camaatın məsihçi adlandırdığı» insanlardan danışırdı. Svetoni «yeni pis bir xurafat ardınca gedən xalq»dan bəhs edirdi. Nə üçün məsihçilərə bu qədər nifrət var idi?
Roma hökuməti məsihçilərə nifrət edirdi, çünki onları qeyri-loyal vətəndaşlar hesab edirdi. Hökumətin mövqeyi aydın və sadə idi. İmperiya böyük idi, Fərat çayından İngiltərəyə və indiki Almaniyadan Misirə qədər uzanırdı. İmperiyaya bir çox ölkələr və xalqlar daxil idi. Bu qədər böyük kütləni birləşdirə biləcək bir qüvvə lazım idi. Bu birləşdirici amil də Qeysərə sitayiş idi. Qeysərə sitayiş zorla qəbul etdirilməmişdi, xalqın özündən gəlirdi. Qədim zamanlarda Roma ilahəsi — Romanın ruhu var idi. Romanın həmin ruhunun imperatorda təcəssüm olunduğuna xalqın inanmasını təsəvvür etmək çətin deyil. Roma təbəələrinin hökuməti sevmədiyini düşünmək yanlışdır. İmperatorluğun əksər xalqları ona minnətdar idilər. Roma hökuməti ədalət gətirdi, xalqları qeyri-sabit, eqoist padşahlardan qurtardı. Roma hökuməti sülh və firavanlıq gətirdi. Ölkələr soyğunçulardan, dəniz quldurlarından təmizləndi. Roma dünyası roman kimi bütün dünyaya yayıldı.
Kiçik Asiyada belə bir fikir yaranmışdı ki, Roma tanrısı Roma imperatorunda təcəssüm olunub. İnsanları belə düşündürən Romanın onlara gətirdiyi yaxşı güzərana görə minnətdarlıq hissi idi. İmperatorlar əvvəlcə xalqların onlara sitayiş etməsini pisləyirdilər. Onlar təkid edirdilər ki, onlar yalnız insanlardır və tanrı səviyyəsinə qaldırılmağa layiq deyillər. Amma sonra bu davranışın qarşısını ala bilməyəcəklərini gördülər. İmperatora sitayiş əvvəlcə yalnız Kiçik Asiya ilə məhdudlaşırdı. Lakin tezliklə hər yerə yayıldı. Hökumət də bundan istifadə edə biləcəyini gördü. Bu ona lazım olan birləşdirici amil idi. Nəhayət, böyük imperiyanın hər bir vətəndaşının Roma tanrısı üçün bir çimdik buxur yandırdığı gün təyin edildi. Bununla da o özünü Roma İmperiyasının sadiq təbəəsi hesab etdiyini göstərirdi və buna görə vəsiqə alırdı.
Beləcə hər kəsdə Romaya mənsub olduğunu və ona sadiqliyini təsdiq edən bir adət yarandı. O vaxt Roma tolerant idi. Adam bir çimdik buxur yandırıb «Qeysər ağadır» dedikdən sonra, gedib istədiyi tanrıya ibadət edə bilərdi, bir şərtlə ki, bu ibadət ictimai ədəb və asayiş qaydalarını pozmasın. Məsihçilər məhz bu sitayişi rədd etdilər. Onlar Rəbb İsa Məsihdən başqa heç kimə «Ağa» demirdilər. Onlar bu adətlərə riayət etməkdən imtina etdilər, buna görə də Roma hökuməti onları təhlükəli və vəfasız hesab edərək, amansızcasına təqib etdi.
Hökumət məsihçiləri ona görə təqib edirdi ki, onların Məsihdən başqa padşahı yox idi. Onlar Məsihi həyatlarında birinci yerə qoyduqları üçün təqibə məruz qaldılar.
Məsihçiləri təqib edən təkcə hökumət deyildi. Camaat da onlara nifrət edirdi. Niyə? Çünki camaat məsihçilər haqqında yayılan böhtanlara inanırdı. Şübhəsiz, bu böhtanları müəyyən qədər yəhudilər yaymışdılar. Onların Roma hökuməti ilə birbaşa əlaqəsi var idi. Ən azı iki misal çəkək: Pompeyin qadın imperatoru və Neronun sevimli aktyoru Aliturus yəhudi dininə inanırdı. Yəhudilər bütün bunların yalan olduğunu bilsələr də, böhtanlarını onların vasitəsilə hökumətə çatdırırdılar. Beləcə məsihçilərə qarşı dörd ümumi ittiham formalaşdı.
1. Məsihçilərin üsyançı olduqları deyilirdi. Biz bu cür böhtanların səbəblərini artıq araşdırmışıq. Məsihçilərin əslində ölkənin ən yaxşı vətəndaşları olduqlarını sübut etməsi və özlərinə haqq qazandırması faydasız idi. Onlar bir çimdik buxur yandırmaqdan və «Qeysər ağadır» deməkdən imtina etmişdilər. Buna görə həmişəlik üsyançı, təhlükəli və vəfasız vətəndaşlar kimi damğalanmışdılar.
2. Məsihçilərin adamyeyən olduqları deyilirdi. Bu ittiham Rəbbin süfrəsindəki sözlərdən irəli gəlirdi: «Bu Mənim sizin üçün verilən bədənimdir» və «…bu, Əhdin bağlanması və günahların bağışlanması üçün çoxları uğrunda axıdılan Mənim qanımdır». Məsihçilərin Rəbbin süfrəsində adamyeyənliklə məşğul olması hekayəsinə inanmağa hazır olan cahil xalq arasında belə bir şayiə yaymaq çətin deyildi. Bu böhtan damğa kimi həmişəlik onlara vurulmuşdu. Ona görə camaatın məsihçilərə bu qədər nifrət etməsi təəccüblü deyildi.
3. Məsihçilər haqqında deyirdilər ki, onlar ən pis pozğunluqla məşğul olurlar. Məsihçilərin hər həftə birlikdə yığışıb şam etməkləri məhəbbət süfrəsi (aqape) adlanırdı. Onlar görüşəndə bir-birilərini müqəddəs öpüşlə salamlayırdılar. Məhəbbət süfrəsinin əslində cinsi həzlə dolu eyş-işrət olduğunu, məsihçilərin bir-biri ilə görüşdüyü zaman simvollarının guya müqəddəs öpüş olduğu haqqında şayiələr yaymaq çətin deyildi.
4. Məsihçilər qəsdən şəhəri yandıranlar hesab olunurdular. Onlar Məsihin İkinci Gəlişini gözləyirdilər, peyğəmbərliklərə görə, onda bütün dünya yanmalı idi. «Rəbbin günü isə oğru kimi gələcək. O gün göylər böyük gurultu ilə aradan qalxacaq. Ünsürlər yanaraq məhv olacaq. Yer üzü və onun üstündə hər şey ifşa olunacaq» (2Peter 3:10).
Neronun hakimiyyəti dövründə Romanı məhv edən yanğın baş verdi. Bu hadisəni dünyanı məhv edəcək yanğını təbliğ edən insanlarla əlaqələndirmək çətin deyildi.
5. Məsihçilər haqqında deyirdilər ki, onlar ailələri dağıdır, nikahları pozur, evlərə ayrılıq gətirirlər. Bu, müəyyən mənada doğru idi. Məsihçilik, həqiqətən, sülh deyil, qılınc gətirmişdir (Matta 10:34). Adətən, belə olurdu ki, arvad Məsihi qəbul edir, ər etmirdi, yaxud uşaqlar qəbul edir, valideynlər etmirdi. Onda təbii olaraq ailədə parçalanma yaranır, harmoniya itirdi.
Məsihçilərə qarşı bu ittihamlar yəhudilərin köməyi ilə hər yerə yayıldı.
Bu nifrət məsihçiliyin başlanğıcında mövcud idi, lakin bu gün də dünya məsihçilərə nifrət edir. Əvvəl dediyimiz kimi, Yəhya dünya dedikdə, Allahsız yaşayan insan toplusunu nəzərdə tuturdu. Allahı həyatda yeganə reallıq kimi görən insanla Onu tamamilə lazımsız bilən insan arasında ayrılıq qaçılmazdı. Dünyanın istənilən zamana aid ümumi xüsusiyyətləri var.
1. Dünya həmişə fərqli olan insanlara şübhə ilə yanaşır. Bu, hər şeydə özünü göstərir. Məsələn, hazırda çətir ən çox yayılmış məişət əşyalarından biridir. Lakin Yona Hanvey bu əşyanı ilk dəfə yağışlı havada İngiltərə sakinlərinə təqdim etmək məqsədilə şəhərin küçələrində çətirlə gəzəndə ona daş və palçıq atmışdılar. İstər fərqli geyimdə olsun, istərsə də fərqli fikirlər ifadə etsin, başqalarından fərqlənən hər kəs avtomatik olaraq şübhəyə məruz qalır. Onu ya ekssentrik, ya dəli, ya da təhlükəli hesab edəcəklər. Beləcə onun həyatı məhv olacaq.
2. Dünya onu məzəmmət edən insanları sevmir. Yaxşı olmaq təhlükəlidir. Buna klassik misal olaraq, Afinada Aristidin30 başına gələnləri göstərmək olar. Ona «Ədalətli Aristid» deyirdilər, amma buna baxmayaraq, o sürgün edildi. Afina vətəndaşlarından birindən niyə Aristidin sürgün edilməsinə səs verdiyini soruşanda, o, Aristidin ədalətli adlandırılmasını eşitməkdən bezdiyini söylədi. Sokrat da eyni səbəbdən öldürüldü. Ona «Mozalan» (Ovod) ləqəbi verilmişdi. Çünki insanları düşünməyə, özünü təftiş etməyə vadar edirdi. Adamlar da buna dözməyərək onu öldürdülər. Dünya standartlarından daha yüksək davranış standartına can atmaq təhlükəlidir; başqalarından daha yaxşı davranmaq təhlükəlidir. İndiki vaxtda insanlar başqalarından daha yaxşı və daha səmərəli işlədiklərinə görə də təqib olunurlar.
3. Geniş mənada desək, dünya dissidentlərə31 qarşı həmişə şübhə ilə yanaşır. Dünya müəyyən bir nizamı sevir. Dünya insana damğa vurub, onu bir qutuya qoymaqdan zövq alır. Kim ki bu dünyəvi təsnifata dözmür, bəlaya düçar olur. Deyirlər ki, hətta toyuqlar da bir-birilərini tanıyır. Əgər eyni rəngli toyuqların yanına fərqli rəngdə olan bir toyuq buraxsaq, onu mütləq dimdikləyəcəklər.
Məsihçinin qarşısına qoyulan ən mühüm tələb odur ki, o, hamıdan fərqli olmaq üçün kifayət qədər cəsarətli olsun. Fərqli olmaq təhlükəlidir. Amma bu riski qəbul etmədən heç kim məsihçi ola bilməz. Çünki bu dünyanın insanları ilə Məsihin xalqı arasında fərq olmalıdır.
22-25
Burada İsa biliyin məsuliyyət daşıdığı fikrini bir daha vurğulayır. İsa yer üzünə gəlməzdən əvvəl insanların Allahı tanımaq üçün belə müstəsna imkanları yox idi. İnsanlar heç vaxt Onun səsini eşitməmişdilər, Allahın onlarda görmək istədiyi həyat tərzini heç vaxt aydın görməmişdilər. Onları belə olduqlarına görə qınamaq düzgün olmazdı. Elə şeylər var ki, uşağa icazə verilir, böyüklərə isə icazə verilmir, çünki uşaq hələ hər şeyi başa düşmür, böyüklərin isə dərketmə qabiliyyəti var. Elə şeylər var ki, pis tərbiyə alana icazə verilir, tərbiyəli adama isə icazə verilmir. Heç kim kobud və mədəni insandan eyni davranışı gözləmir. İnsan nə qədər çox biliyə malikdirsə, ona bir o qədər imtiyazlar verilir, davranışına görə bir o qədər məsuliyyət daşıyır.
İsa iki şey etdi. Birincisi, günahı ifşa etdi. O, insanlara Allahı kədərləndirən və Onu razı salan şeyləri söylədi. Onlara Allahı razı salan hansı yolla getməli olduqlarını izah etdi və Özü də bu yolu onlara göstərdi. İkincisi, O, günahın çarəsini verdi. O, keçmiş günahların bağışlanmasına yol açdı, insanın günaha qalib gəlməsinə və yaxşılıq etməsinə kömək edəcək güc verdi. İsanın insanlara verdiyi imtiyaz və bilik budur.
Tutaq ki, insan xəstələnib və məsləhət almaq üçün həkimə müraciət edir. Həkim xəstəliyə diaqnoz qoyub, dərman yazır. Əgər xəstə diaqnozu rədd edib dərman qəbul etmədiyinə görə ölsə və ya ömürlük şikəst qalsa, onun özündən başqa kimisə günahlandırmağa haqqı yoxdur. Ancaq yəhudilərin etdikləri də məhz bu idi. Həvari Yəhya qeyd edir ki, yəhudilər onlar haqqında əvvəlcədən deyildiyi kimi hərəkət etdilər: «Mənə nahaqdan nifrət etdilər» (Zəbur 35:19; 69:5).
Biz də bu gün eyni şeyi edə bilərik. Çoxları Məsihə qarşı açıq düşmənçilik etmir. Lakin çoxları elə yaşayır ki, sanki Məsih heç gəlməyib, yəni sadəcə olaraq Ona əhəmiyyət vermirlər. Amma həyat Ağasına laqeyd yanaşan adam, istər yer üzündə, istərsə də göylərdə əsl həyatı dərk etmir.
26-27
Burada Yəhya ürəyinə yaxın və düşüncəsində həmişə bir-biri ilə sıx bağlı olan iki fikirdən istifadə edir.
Birinci fikir: Müqəddəs Ruhun şəhadəti. Yəhya Müqəddəs Ruh haqqında danışanda nəyi nəzərdə tutur? Bir qədər sonra bu barədə ətraflı danışmaq fürsətimiz olacaq. Amma hələlik bunu belə təsəvvür edək: kimsə bizə İsa haqqında danışanda və Onun surəti gözümüzün önündə canlananda, Onun başqasının yox, məhz Allahın Oğlunun surəti olduğu qənaətinə necə gəlirik? İnsan ağlını və ürəyini riqqətə gətirən Müqəddəs Ruhun təsiridir. Müqəddəs Ruh bizi vadar edir ki, bizə təqdim olunan İsa Məsihin surətinə cavab verək.
İkinci fikir: insanın İsa Məsih haqqında şəhadəti. İsa şagirdlərinə deyir: «Siz də şəhadət edəcəksiniz, çünki başlanğıcdan Mənimlə birlikdəsiniz». Məsihçinin şəhadətinin üç elementi var.
1.Məsihçinin şəhadəti Məsihlə uzun müddət şəxsi ünsiyyətin nəticəsidir. Şagirdlər uzun müddət İsanın yanında olduğuna görə Onun şahidləri idilər. Onlar əvvəldən Onunla birlikdə idilər. Şahid baxıb «Mən bilirəm ki, bu doğrudur» deyə bilən adamdır. Şəxsi təcrübə olmadan heç bir şəhadət ola bilməz.
2. Məsihçinin şəhadəti daxili imanın nəticəsidir. Şəxsi əminlik ən şübhəsiz amildir. İnsan ağzını açan kimi, biz onun öz dediklərinə inanıb-inanmadığını o dəqiqə anlayırıq. Məsihlə sıx ünsiyyətdən irəli gələn dərin, daxili əminlik olmadan heç bir məsihçi şəhadəti uğurlu ola bilməz.
3. Məsihçinin şəhadəti səssiz şəhadət deyil. Şahid təkcə görüb bilən deyil, həm də bu haqda danışmağa hazır olandır. Məsihin şahidi təkcə Məsihi tanıyan və Ona iman edən deyil, həm də başqalarının Onu tanımasını və Ona inanmasını istəyən şəxsdir.
Bizim imtiyazımız var. Həmin imtiyaz bizə bu dünyada Məsihin şahidləri olmaq məsuliyyətini verir. Lakin biz Məsihə yaxın olmadan, Ona daxilən əmin olmadan, imanımızın zahiri, şifahi şəhadəti olmadan Onun şahidi ola bilmərik.