1-3
Tezliklə şagirdlərin həyatı köklü şəkildə dəyişəcəkdi. Onların dünyası alt-üst olacaqdı. Belə bir vaxtda yalnız Allahdan möhkəm yapışmaq qalırdı. Məzmurçu həyatında belə anları çox yaşamışdı, buna görə də yazırdı: «Rəbbin xeyirxahlığını dirilər arasında görəcəyəm, buna şübhəm yoxdur» (Zəbur 27:13). «Ey Xudavənd Rəbb, gözlərimi Sənə dikmişəm, məni təhlükədə qoyma, Sənə pənah gətirmişəm» (Zəbur 141:8). Bəzən sübut edə bilmədiklərimizə inanmalı və başa düşə bilmədiklərimizi qəbul etməli oluruq. Əgər həyatımızın ən qaranlıq çağında onun mənalı olduğuna və mənasının sevgi olduğuna inanırıqsa, onda ən dözülməz şeylər belə, dözülən hala gələcək, zülmətdə işıq görünəcək.
İsa Allaha iman etmək əmrinə daha birini əlavə edir: «Mənə də iman edin». Əgər məzmurçu Allahın xeyirxahlığına güvənə bilirdisə, onda biz bu xeyirxahlığa nə qədər etibar etməliyik. Çünki bizim üçün İsa Allahın Özündə olan hər şeyi bizə verməyə hazır olduğunun sübutudur. Necə ki, Paul romalılara yazırdı: «O Öz Oğlunu belə, əsirgəməyib Onu hamımızın uğrunda ölümə təslim etdisə, Onunla birgə bütün şeyləri də bizə lütf etməyəcəkmi?» (Romalılara 8:32) İnananda ki, Allah bizə İsa vasitəsilə zahir olur, onda asan olmasa da, belə gözəl məhəbbət qarşısında başa düşmədiyimiz şeyləri qəbul etmək mümkün olur və həyatın fırtınasında imanı qoruyub saxlamaq olur. Daha sonra İsa onlara dedi: «Atamın evində çoxlu məskən var». İsa Atasının evi dedikdə göyləri nəzərdə tutur. Bəs «göylərdə çoxlu məskənlər var» deyəndə nəyi nəzərdə tutur? Bu necə məskəndir? Burada monai sözü işlədilir və müxtəlif mənalarda izah olunur. Üç fərziyyə var.
1. Yəhudilər inanırdılar ki, insanlar yer üzündə etdikləri xeyirxahlıq və sədaqətlərinə görə cənnətdə müxtəlif dərəcədə mükafat alacaqlar. «Xanokun sirləri» kitabında deyilir: «O dünyada insanlar üçün çoxlu məskənlər olacaq: yaxşılar üçün yaxşı, pislər üçün pis». Belə bir fikir səmanı insanların əməllərinə görə yerləşdirildiyi çoxlu otaqları olan nəhəng bir saray təsəvvürü yaradır.
2. Yunan yazıçısı Pausnisə görə monai sözü yoldakı pillələr deməkdir. Bizim üçün Müqəddəs Yazıların bu hissəsi həm göylərə gedən yolda, həm də göyün özündə daimi inkişaf və tərəqqi demək olardı. Bəzi məsihçi mütəfəkkirləri, o cümlədən Origen də inanırdı ki, insan öləndən sonra ruhu yer üzündə mövcud olan cənnət adlı bir yerə gedir. Orada insanın ruhu hazırlıq mərhələləri keçir. Yararlı olduğu halda o, havaya qaldırılacaq və Səmavi Padşahlığa çatana qədər monainin müxtəlif mərhələlərini keçəcək. Yunanlar buna göyün qatları, məsihçilər isə göylər deyir. Qatları keçərkən insanın ruh guya «göylərdən keçən» İsanın ardınca gedir (İbranilərə 4:14). İreney torpağa düşəndə yüz, bəziləri altmış, bəziləri isə cəmi otuz qat məhsul verən toxum haqqında şərh verir (Matta 13:8). Bəhrə müxtəlif olduğuna görə, mükafatlar da müxtəlifdir. Kimisi əbədiyyəti Allahın hüzurunda keçirməyə layiq olacaq, kimisi cənnət səviyyəsinə yüksələcək, kimisi isə «şəhər»in vətəndaşı olacaq. İsgəndəriyyəli Klement inanırdı ki, insanın sağlığında əldə etdiyi müqəddəslik nailiyyətlərinə mütənasib olaraq izzət dərəcələri, mükafatlar və mərhələlər vardır.
Bunda insan ruhu üçün cəlbedici nəsə var. Göylərdə davam edən tərəqqi ideyasında da cəlbedici nəsə var. Sırf insani baxımdan danışsaq, bəzən bizə elə gəlir ki, əgər biz birbaşa göylərin izzətinə bürünsək və Allahın hüzuruna gətirilsək, o dəqiqə kor olarıq. Bizə elə gəlir ki, hətta göylərdə belə daha böyük izzətə layiq olana qədər biz təmizlənməli və təkmilləşməliyik.
3. Amma ola bilsin, İsanın bu sözlərinin mənası daha sadə və gözəldir. «Atamın evində çoxlu məskən var» ifadəsi, sadəcə olaraq, hər kəsə yer çatacaq mənasına gələ bilər. Yerdəki evlər çox dar ola bilər. Otellər isə bəzən yorğun səyahətçiləri qəbul etmir, çünki orada yer olmur. Ancaq Atanın evində belə deyil. Çünki səma Atanın ürəyi qədər genişdir, orada hamı üçün həmişə yer var. İsa dostlarına deyir: «Qorxmayın. İnsanlar qapını üzünüzə bağlaya bilər. Amma siz göylərdə həmişə qəbul olunacaqsınız».
Bu hissədə başqa böyük həqiqətlər də əks olunur.
1. Burada İsanın dürüstlüyü aydın görünür. «Əgər olmasaydı, sizə deyərdim ki, sizin üçün yer hazırlamağa gedirəm?» İsa insanlara açıq dedi ki, məsihçi həyatın rahatlığına iddia etmir (Luka 9:57-58). İsa həyatın sonunda məsihçini gözləyən izzətdən danışsa da, onları təqib, nifrət və cəzalar barədə xəbərdar etdi (Matta 10:16-22). İsa insanlara açıq dedi ki, Onun ardınca getdiyi halda onları necə bir izzət və necə bir kədər gözləyəcək. O, ardıcıllarını aldadaraq asan yol vəd edən liderlərdən deyildi. O, insanları əsl izzətə çağırırdı.
2. Həmçinin burada İsanın rolundan bəhs edilir. «Gedib sizin üçün yer hazırlayandan sonra yenə gəlib sizi Öz yanıma götürəcəyəm». Əhdi-Cədidin ən böyük ideyalarından biri İsanın bizdən əvvəl getməsidir ki, biz Onun ardınca gedə bilək. O, önümüzdə yol açır və biz də Onun izi ilə gedirik. İsanın rolunu təsvir edən təsirli bir söz var. Bu söz prodromosdur (İbranilərə 6:20). Azərbaycan dilində öndər kimi səslənir. Bu sözün əsl mənasını açıqlayan iki tətbiq var. Roma ordusunda prodromaylar kəşfiyyat bölmələri idi. Onlar yolu yoxlamaq və yürüş edən qoşunların təhlükəsizliyini təmin etmək üçün ordunun önündə gedirdilər. İsgəndəriyyə limanına daxil olmaq çox çətin idi. Taxılla dolu nəhəng gəmilər limana yaxınlaşanda, onu qarşılamaq üçün kiçik bir qayıq buraxılırdı. Həmin qayıq karvanı boğazdan təhlükəsiz şəkildə sakit sulara aparmalı idi. Bu bələdçi qayığı prodromos, yəni öndər adlanırdı. O, qabaqda gedirdi ki, başqa gəmilər təhlükəsiz şəkildə onun ardınca gedə bilsinlər. İsa da belə etdi. O, göylərə və Allaha gedən yolu işıqlandırdı ki, biz Onun ardınca, Onun izi ilə gedə bilək.
3. Burada İsanın son qələbəsi görünür. O dedi ki, yenə gələcək. Məsihin İkinci gəlişi məsihçi düşüncəsindən və təbliğindən tez-tez qaçırılan vəhylərdən biridir. Maraqlıdır ki, imanlılar ya İsanın gəlişinə tamamilə biganədirlər, ya da yalnız onun haqqında düşünürlər. Düzdür, biz bunun nə vaxt və necə olacağını bilə bilmərik. Amma bir şey aydındır ki, tarix harasa gedir və kulminasiya nöqtəsi olmadan yarımçıq qalacaq. Tarixin bir sonu olmalıdır. Bu son İsa Məsihin zəfəri olacaq. Həmin vaxt O, dostlarını qəbul edəcəyini vəd edir.
4. İsa dedi: «Mənim olduğum yerdə siz də olasınız». Bu, ən sadə sözlərlə ifadə olunan ən böyük həqiqətdir: İsanın olduğu yer Ona iman edən üçün cənnətdir. Göylərin necə olacağını təxmin etməyə ehtiyac yoxdur. Məsihlə əbədi olacağımızı bilmək kifayətdir. Biz kimisə bütün qəlbimizlə sevəndə, həmişə onun yanında olmaq istəyirik. Məsihlə də belə olacaq. Bu dünyada Onunla əlaqəmiz güzgüdəki kimi tutqundur. Çünki biz zəifik və həmişə zirvədə ola bilmirik. Ən doğrusu, daim İsa Məsihlə birlikdə olmağımızı göylər adlandırmaqdır.
4-6
İsa hara getdiyini şagirdlərinə dəfələrlə söylədi. Amma nədənsə onlar bunu başa düşmürdülər. «Bir az müddət də Mən sizinlə olacağam, sonra isə Məni Göndərənin yanına gedəcəyəm» (Yəhya 7:33). İsa onlara dedi ki, Onu göndərən, Onunla bir olan Atanın yanına gedəcək. Lakin onlar hələ də nə baş verdiyini anlamırdılar. İsanın yolunu isə heç başa düşmürdülər, çünki bu yolda Çarmıx var idi. Şagirdlər tamamilə çaşqınlıq içində idilər, xüsusən də Tomas. O, qeyri-müəyyən, anlaşılmaz ifadələrlə kifayətlənmək üçün çox dürüst və çox ciddi idi. Tomas hər şeydə əmin olmaq istəyirdi. Buna görə də o, şübhələrini və başa düşə bilmədiyini dilinə gətirdi. Maraqlı odur ki, insanların şübhə ilə verdikləri suallar İsanın ən dərin həqiqətlərini üzə çıxarırdı. Heç kim öz şübhələrindən utanmamalıdır. Çünki axtaran tapar. Bu, doğrudan da belədir. İsa Tomasa cavab verdi: «Yol, həqiqət və həyat Mənəm». Bu sözlər bizə dahi görünür. Amma onları ilk dəfə eşidən yəhudi üçün daha əzəmətli səslənməli idi. İsanın bu fikrində yəhudilərin üç əsas dini anlayışı cəmlənmişdi. Bununla İsa ən böyük vəhyini açıqladı: bütün bu anlayışlar Onda tam yerinə yetirilir.
Yəhudilər insanın getməli olduğu yoldan və Allahın yollarından çox danışırdılar. Allah Musaya dedi: «Allahınız Rəbbin sizə əmr etdiklərinə diqqətlə əməl edin, onlardan nə sağa, nə də sola dönün. Bütünlüklə Allahınız Rəbbin sizə əmr etdiyi yolda gəzin. Onda sağ qalarsınız, xoş güzəranınız olar və mülk olaraq alacağınız torpaqda uzun ömür sürərsiniz» (Qanunun təkrarı 5:32-33). Musa İsrail xalqına dedi: «Ölümümdən sonra tamamilə pozulacağınızı, sizə əmr etdiyim yoldan azacağınızı bilirəm...» (Qanunun təkrarı 31:29). Yeşaya peyğəmbər insanlara dedi: «Sağa ya sola azdığınız vaxt arxanızdan «Yol budur, gedin bu yolla» deyilən səsi eşidəcəksiniz» (Yeşaya 30:21). Salehlərin yeni gözəl dünyası haqqında danışarkən Yeşaya peyğəmbər deyir ki, «orada bir yol olacaq, o yol «Müqəddəs yol» adlanacaq. Murdar adam oradan keçməyəcək, o yol qurtuluş tapanların yoludur. Ora ilə gedənlərdən heç biri, hətta ağılsızlar da keçsələr, əsla yolunu azmayacaq» (Yeşaya 35:8). Məzmurçunun duası belə idi: «Ya Rəbb, yolunu mənə öyrət...» (Zəbur 27:11). Yəhudilər Rəbbin yolu haqqında çox şey bilirdilər. İsa isə onlara dedi: «Yol Mənəm».
Bu nə deməkdir? Tutaq ki, biz yad bir şəhərə düşmüşük və yolu soruşduğumuz adamlar bizə deyir: «Qabaqdakı döngədən sağa dönün, sonra ikincidən sola dönün, parkdan sonra kilsənin yanından keçin, üçüncü döngədən sağa dönün, sizə lazım olan küçə dördüncü döngədədir». Çox güman, yolun yarısına çatmamış biz yolu azacağıq. Amma elə zənn edək ki, yolu soruşduğumuz adam bizə belə deyir: «Gəl, səni ora aparım». Belə olan halda, həmin adam bizim üçün yolun özünə çevrilir və biz heç vaxt yolu azmarıq. İsa da bizimlə belə edir. O, nəinki bizə nəsihət verir və istiqamət göstərir, həm də hər gün əlimizdən tutub, Özü bizi aparır, qüvvətləndirir, istiqamətləndirir. O bizə yolu demir, Özü yol olur.
İsa dedi: «Mən Həqiqətəm». Məzmurçu deyir: «Ya Rəbb, mənə yolunu göstər, Sənin həqiqətinlə addımlayım» (Zəbur 86:11). ). «Məhəbbətin gözümün önündə durur, Sənin sədaqətinlə gəzirəm» (Zəbur 26:3). «Mən sədaqət yolunu seçdim, hökmlərini gözümün önünə gətirdim» (Zəbur 119:30). Çox peyğəmbər bizə həqiqəti söylədi, amma onlardan heç biri bunu özündə təcəssüm etdirmədi. Əxlaqi həqiqətin çox mühüm bir xüsusiyyəti var. İnsanın xasiyyəti onun həndəsə, astronomiya və ya latın tədrisinə təsir göstərmir. Lakin o, əxlaqi həqiqəti öyrətmək niyyətində olduqda, onun xarakteri böyük əhəmiyyət kəsb edir. Zinakar əxlaqi təmizliyi, xəsis səxavətli olmağı, təkəbbürlü təvazökarlığı, qəzəbli adam sevgi, əsəbi adam isə rahatlıq və gözəlliyin üstünlükləri haqqında öyrədə bilməz. Onların hamısı uğursuzluğa məhkumdur. Mənəvi həqiqəti sözlə çatdırmaq olmur, o, canlı nümunədə göstərilir. Amma insanların arasında ən yaxşı müəllim belə, öyrətdiklərinə tam əməl edə bilməz. İsa Məsihdən başqa heç bir müəllim öyrətdiyi həqiqəti təcəssüm etdirməmişdir. Çoxları belə deyə bilər: «Mən həqiqəti öyrətmişəm». Yalnız İsa Məsih deyir ki, «Həqiqət Mənəm». İsada nəinki əxlaqi həqiqətin təzahürü ən yüksək nöqtəsinə çatdı, həm də mənəvi kamillik baş verdi.
İsa dedi: «Həyat Mənəm». Süleymanın məsəlləri kitabının müəllifi yazır: «Bu əmr çıraqdır, bu təlim nurdur, tərbiyə üçün edilən məzəmmət həyat yoludur» (Süleymanın məsəlləri 6:23). «...məzəmməti rədd edən yolunu azar» (Süleymanın məsəlləri 10:17). Məzmurçu deyir: «Mənə həyat yolunu öyrədirsən...» (Zəbur 16:11). İnsan bu dünyada həyat axtarışında olur. O, mücərrəd bilik axtarmır. Elə şeylər axtarır ki, həyatı yaxşılaşdırsın və yaşamağa dəysin. Sevgi həyat gətirir. İsanın etdiyi də məhz budur. İsa ilə həyat — əsl həyatdır.
Bütün bunları belə ifadə etmək olar: «Mənim vasitəm olmadan heç kim Atanın yanına gələ bilməz». Allaha gedən yol yalnız İsadır. Yalnız İsada Atanın necə olduğunu görürük. Yalnız O, qorxu və utanc hissi olmadan insanları Allahın hüzuruna gətirə bilər.
7-11
Çox güman ki, o dövrdə bunlar İsanın ən heyrətamiz sözləri idi. Yunanlar Allahı gözəgörünməz hesab edirdilər. Yəhudilərin isə imanlarının şəhadətinin bir hissəsi o idi ki, heç kim heç vaxt Allahı görməyib. İsa onlara dedi: «Məni görən, Atanı görmüş olur». Onda Filip qeyri-mümkün hesab etdiyi bir şey xahiş etdi. Bəlkə də, o, Allahın Musa peyğəmbərə izzətini göstərdiyi o möhtəşəm günləri xatırladı (Çıxış 33:12-32). Lakin onda da Allah Musaya demişdi: «Üzümü görə bilməzsən, çünki Məni görən adam sağ qalmaz». İsa Məsihin dövründə insanlar Allahın dərkolunmaz və bu qədər uzaqda olması fikrindən məyus idilər. Onlar heç vaxt Allahı görə biləcəklərini düşünməyə belə cəsarət etməzdilər. İsa isə burada son dərəcə sadə şəkildə deyir: «Məni görən, Atanı görmüş olur». İsanı görmək, Allahın necə olduğunu görmək deməkdir. İsaya baxanda biz deyə bilərik: «Budur, bizim kimi yaşayan Allah». Belə olan halda biz Allah haqqında çox qiymətli sözlər deyə bilərik.
1. Allah hər bir adi insan kimi doğulmaqla sadə bir evə və sadə bir ailəyə daxil oldu. Qədim dünyanın sakini Allahın yer üzünə gəlişini ancaq padşah kimi gəldiyini və sarayda doğulduğunu təsəvvür edə bilərdi.
2. Allah insan əməyindən utanmırdı. O, bu dünyaya zəhmətkeş insan kimi gəldi. İsa Nazaretdən olan dülgər idi. Allahın bizim çəkdiyimiz zəhməti başa düşdüyünü heç vaxt tam dərk etməyəcəyik. O, dolanmağın nə qədər çətin olduğunu, hesabı ödəməkdən imtina edən müştərilərlə dil tapmağın nə qədər çətin olduğunu bilir. O, sadə evdə, çoxuşaqlı ailədə həyatın çətinliklərini, iş günü ərzində başımıza gələ biləcək uğursuzluqları yaxşı bilirdi. Əhdi-Ətiqə görə, iş lənət hesab olunurdu. Qədim rəvayətdə deyilir ki, Eden bağında günaha görə cəzalardan biri belə olub: «Alın tərinlə çörək yeyəcəksən» (Yaradılış 3:19). Lakin Əhdi-Cədidə görə, iş izzətə çevrildi, çünki Allahın əli İsanın üzərində idi.
3. Allah sınağa çəkilməyin nə demək olduğunu bilir. İsanın həyatı bizə rahatlığı deyil, Allahın mübarizəsini göstərir. Dünyanın gərginliyindən kənarda rahatlıq içində yaşayan Allah hər kəs üçün başadüşülən olardı. Lakin İsa bizə insani sınaqlardan keçən Allahı göstərir. Tanrı döyüşü arxa cəbhədən idarə edən komandir deyil, savaşın nə olduğunu biləndir.
4. İsada biz sevən Allahı görürük. Məhəbbət həyata gəldiyi an, onunla birlikdə kədər də gəlir. Əgər hamıdan kənar yaşaya bilsəydik, həyatımızı elə qurardıq ki, heç kim və heç nə bizə toxunmasın, onda nə kədər, nə ağrı, nə də narahatlıq olardı. Biz İsada qayğıkeş, insanın həsrətini çəkən, onun ağrılarını hiss edən, sevən və ürəyində yaralarını daşıyan Allahı görürük.
5. İsada biz Çarmıxa çəkilən Allahı görürük. Bundan daha heyrətamiz heç nə yoxdur. İnsanı mühakimə edən Allahı təsəvvür etmək asandır. Əleyhdarlarını yer üzündən silən Allahı da həmçinin. Lakin insanın xilası üçün Çarmıxı seçən Tanrını təsəvvür etmək heç kimin ağlına gəlməz. «Məni görən, Atanı görmüş olur». İsa Allahın vəhyidir. Bu vəhy insanı heyrətə gətirir, təəccübləndirir və belə bir əzəmət qarşısında susdurur.
Bu hissədə İsa Öz fikrini daha da genişləndirir. Yəhudinin imtina edə bilməyəcəyi bir şey var idisə, o da təkallahlıq idi. Yəhudilər qatı monoteist idilər. Məsihçi imanının təhlükəsi ondan ibarətdir ki, biz İsanı bir növ kiçik Tanrı kimi təqdim edirik, necə ki çoxları bunu edir. Lakin İsa Özü dedi ki, Onun söylədiyi sözlər, etdiyi işlər Onun təşəbbüsü, Onun biliyi və qüdrətinin nəticəsi deyil. Bunların hamısı Allahındır. İsanın nitqi Onun vasitəsilə insanlara müraciət edən Allahın səsi idi. Onun etdiyi işlər Allahın qüdrətinin Onun vasitəsilə insanlara təzahürü idi. O, insanların qəbul edə biləcəyi tərzdə Allahı təcəssüm etdirən vasitə idi.
Biz Müəllim və tələbə münasibətini göstərən iki sadə və qeyri-kamil analogiya aparacağıq. Doktor Lyuis Mürhed böyük ilahiyyatçı və Allahın Kəlamının şərhçisi, professor A.B.Brus haqqında deyirdi ki, «adamlar Allahın insan vasitəsilə necə izzətləndiyini görmək üçün onun yanına gəlirdilər». Hər bir müəllim şagirdlərinə öyrətdiyi fənnin izzəti və gözəlliyindən nəsə ötürməyə borcludur. Məsihin təlimini öyrədən şəxs də (əgər o, kifayət qədər müqəddəsdirsə) şagirdlərinə Məsihin surətini və varlığını ötürməlidir. Professor A.B.Brus buna nail olmuşdu. İsa Məsihin də etdiyi bu idi. O, dinləyicilərinə Atanın izzətini və məhəbbətini çatdırırdı.
İkinci analogiyada A.L.Qossip A.B.Brusun digər tələbəsi Makqreqor haqqında yazır: «Şaiyə yayıldı ki, vaiz Makqreqor məbəddəki kafedranı professorluğa dəyişir, yəni vaiz əvəzinə o, seminariya professoru olacaq. Həmkarları çaşqınlıq içində ondan soruşdular ki, niyə belə qərar verib. O, fəxrlə cavab verdi ki, başqalarına ötürməli olduğu şeylər var və onları A.B.Brusdan öyrənib». Bir nəfər keçmiş müəlliminə belə yazmışdı: «Bilmirəm, bundan sonra nə qədər yaşayacağam. Bir onu bilirəm ki, ömrümün sonuna qədər sizin möhürünüz üzərimdə qalacaq». Çox vaxt tələbə sevimli müəlliminin səsini və davranışını təqlid edir. İsa da şagirdlərinə eynilə bu cür təsir edirdi, ancaq müqayisə olunmayacaq dərəcədə. O, Allahın səsi ilə — məhz Onun danışdığı tərzdə, Onun ağlı və ürəyi ilə danışırdı. Biz unutmamalıyıq ki, hər şey Allahdandır. İsa dünyaya könüllü şəkildə səfər etməyə gəlmədi. O, bunu Allahın inadkar ürəyini yumşaltmaq üçün etmədi. O ona görə gəldi ki, Allah dünyanı çox sevdi və vahid Oğlunu qurban verdi (Yəhya 3:16). Məsihin arxasında və Məsihin Özündə Allah dayanır.
Sonra İsa Özünü iki şeydə sınamağı — sözlərdə və əməllərdə sınamağı təklif etdi.
1. Əvvəlcə İsa Onun sözlərini sınamağı təklif etdi və onlara belə bir sual verdi: «Məgər Məni dinlədiyiniz zaman Allahın həqiqətini danışdığımı hiss etmirsiniz?» İstənilən uğurlu insanın sözləri həmişə göz qabağında olur. Möhtəşəm əsər oxuyanda onun böyüklüyünün tam olaraq nədən ibarət olduğunu və nə üçün qəlbimizi sarsıtdığını dərhal müəyyən edə bilmirik. Biz saitləri və s. kimi səsləri yoxlayıb təhlil edə bilərik. Lakin sonda elə bir məqama gəlib çatacağıq ki, təhlil gücsüz qalacaq. Buna baxmayaraq, asanlıqla və dərhal əsərin möhtəşəm olduğunu görürük. İsanın sözləri də belədir. İsanı dinləyəndə belə deyirik: «Kaş ki dünya Onun prinsipləri ilə yaşayaydı, onda hər şey necə də fərqli olardı! Kaş ki mən də Onun prinsipləri ilə yaşaya biləydim, onda necə də fərqli olardım!»
2. Sonra İsa Onun əməllərini sınamağı təklif edir. O, Filipə dedi: «...sözümə inanın. Heç olmasa o işlərə görə inanın». Vəftizçi Yəhya şagirdlərini İsanın yanına göndərib, Onun Məsih olub-olmadığını və ya başqasını gözləməli olduğunu soruşanda, Məsih belə cavab verdi: «Gedin, eşidib gördüklərinizi Yəhyaya bildirin: korlar görür, axsaqlar yeriyir, cüzamlılar pak olur, karlar eşidir, ölülər dirilir və yoxsullara Müjdə yayılır. Kim Mənə görə büdrəməsə, nə bəxtiyardır!» (Matta 11:1-6) İsanın sözlərinin sübutu ondan ibarət idi ki, Ondan əvvəl heç kim pis insanı yaxşı insana çevirə bilməyib.
Əslində, İsa Filipə dedi: «Mənə üz tut! Məni dinlə! Mənə iman et!» Bu gün də Məsihə Onun haqqında mübahisə etməklə deyil, Onun sözlərini eşitməklə, əməllərinə nəzər salmaqla, yəni şəxsən Onu tanımaqla iman etmək olar. İsanı şəxsən tanıyıb, Ona iman etməmək mümkün deyil.
12-14
Bu hissədə yer alan vədlərdən daha böyük vədlər, demək olar ki, yoxdur. Bu vədlərin dərin mənasını dərk etməliyik. Əks halda, həyat məyusluqla bitəcək.
1. İsa dedi ki, Onun şagirdləri nəinki Onun etdiklərini, həm də daha artığını edə biləcəklər. İsa bununla nə demək istəyirdi?
a) Şübhəsiz ki, o dövrdə erkən İmanlı Cəmiyyəti xəstəlikləri sağaltmaq gücünə malik idi. Həvari Paul Ruhun ənamlarını sadalayarkən şəfadan da bəhs edir (1Korinflilərə 12:9,28,30). Həvari Yaqub israr edir ki, cəmiyyətin ağsaqqalları xəstə məsihçilərin sağalmaları üçün dua etsinlər (Yaqub 5:14). Amma bu, İsanın nəzərdə tutduqlarının heç də hamısı deyildi. Erkən İmanlı Cəmiyyəti İsanın etdiyi işləri görsə də, İsadan daha artığını etdiyini söyləmək olmaz.
b) Bizim dövrdə xəstəlikləri sağaltmaq üçün çoxlu möhtəşəm üsullar var. Müasir dövrün həkimləri və cərrahları keçmişdə cadugərlik və ya möcüzə sayılan uğurlara imza atırlar. Cərrah yeni texnologiya, həkim yeni müalicə üsulları və möcüzəvi dərmanlar ilə son dərəcə heyrətamiz şəfalar həyata keçirə bilir. Qarşıda mükəmməlliyə aparan uzun yol olsa da, fiziki ağrı və iztirablar yavaş-yavaş müasir texnologiyanın qarşısında aciz qalır. Qeyd etmək lazımdır ki, texnologiyanın sürətli inkişafı yalnız İsa Məsihin təsiri altında mümkün olmuşdur. Sual yaranır: niyə alimlər hər cür xəstəlikləri sağaltmaq və ağrıları aradan qaldırmaqdan ötrü yol tapmaq üçün bu qədər səy göstərirlər? Cavab olaraq deyə bilərik ki, onlar bunu bilsələr də, bilməsələr də, İsa Öz Ruhunun köməyi ilə onlara deyir: «Bu insanlara kömək edin və onları sağaldın. Bu sizin vəzifəniz, məsuliyyətiniz və imtiyazınızdır». Bu o deməkdir ki, İsanın Ruhu xəstəliklərə qalib gəldi. Bunun nəticəsində bu gün insan İsanın dövründə xəyal belə etmədiyi şeyləri etmək gücünə sahibdir.
c) Amma biz bu hissənin ən mühüm məsələsinə hələ toxunmamışıq. Yadınıza salın, İsa bədəndə yaşadığı müddətdə Xoş Xəbəri yaymaqla nələrə nail oldu. O, İsraildən kənarda heç vaxt təbliğ etmədi, Avropa İsanın bu dünyada yaşadığı müddətdə Müjdəni eşitmədi. O, Romanın və dünyanın digər böyük şəhərlərinin mənəvi tənəzzülünü görmədi. Hətta Onun İsraildəki əleyhdarları da dindar insanlar idi. İlahiyyatçılar və fariseylər bütün həyatlarını atalarından miras qalan dinə həsr etmişdilər. Onların Allaha məqbul həyat tərzinə hörmət etdiklərinə və belə yaşamağa çalışdıqlarına şübhə yoxdur. Xoş Xəbər Məsihin yer üzündə yaşadığı dövrdə, evliliyin heç bir dəyəri olmadığı, zinanın ciddi günah sayılmadığı və pisliyin tropik meşə kimi çiçəkləndiyi bir vaxtda yayılmadı.
Amma ilk məsihçilər məhz bu cür dünyaya Xoş Xəbərlə üz tutdular. Məsih üçün belə bir dünyanı qazandılar. Çarmıx haqqındakı Xoş Xəbər İsanın yer üzündə yaşayarkən qazandığı qələbələrdən daha böyük qələbələr gətirdi. İsa əxlaqi oyanışdan, ruhani qələbədən danışırdı. İsa dedi ki, bütün bunlar O, Atanın yanına gedəndən sonra baş verəcək. Bununla O nə demək istəyirdi? O demək istəyirdi ki, yer üzündə yaşayarkən yalnız İsrail ilə məhdudlaşıb. Lakin ölüb yenidən diriləndən sonra cismi bu məhdudiyyətlərindən azad oldu. Onun Ruhu hər yerdə iş görə bilər.
2. İsa həmçinin dedi ki, Onun adı ilə edilən duaya cavab veriləcək. Bunu düzgün başa düşməyimiz vacibdir. Diqqət yetirin ki, Rəbb bütün dualarımızın cavablandırılacağını demədi. Dedi ki, Onun adı ilə edilən dualar cavablandırılacaq. Deməli, dua zamanı ən vacib şey Allahla Məsihin adı ilə danışıb-danışmamağımızdır. Duamız da elə bu cür sınanır. Heç kim şəxsi intiqam, şəxsi ambisiya və ya qeyri-məsihçi ideya və məqsədlər naminə dua edə bilməz. Dua edərkən özümüzdən həmişə soruşmalıyıq: «Mən bunu İsanın adı ilə diləyə bilərəmmi?» Belə bir sınağa tab gətirən, sonunda «Qoy Sənin iradən olsun!» deyə bilən dua həmişə qəbul olunur.
15-17
Həvari Yəhya üçün yalnız bir məhəbbət sınağı var idi, bu da itaətkarlıq idi. İsa Ata Allaha itaət etməklə Ona olan məhəbbətini göstərdi. Biz də itaət etməklə Məsihə olan məhəbbətimizi göstərməliyik. Necə ki bir nəfər deyib: Yəhyanın Müjdəsində bəhs edilən məhəbbət sadə sentimental hisslərdən ibarət deyil, həmişə əxlaq ifadə edir və özünü itaətdə göstərir. Biz sevgidən danışıb, yaxınlarına, sözdə sevdiyi insanlara kədər və iztirab yaşadanları yaxşı tanıyırıq. Elə uşaqlar var ki, ata-anasını sevdiyini deyir, amma eyni zamanda onları kədərləndirir, məyus edir. Arvadını sevdiyini deyən ərlər, ərini sevdiyini söyləyən arvadlar var. Hansı ki əsəbi, diqqətsiz davranışı ilə bir-birini incidir, bir-birinin həyatını zəhərləyirlər. İsanın öyrətdiyi məhəbbət qeyri-ciddi bir şey deyil. Onun öyrətdiyi məhəbbət yalnız həqiqi itaətdə təzahür edir.
Bununla belə, İsa bizi şərə qarşı mübarizədə təkbaşına qoymur. O bizə bir Köməkçi göndərəcəyini vəd edir. Yunan sözü olan parakletos əslində tərcümə olunmur. Azərbaycan dilində olan Müqəddəs Kitabda bu söz Vəsatətçi kimi tərcümə olunub, amma bu da onun əsl mənasını açıqlamır. Moffatın ingiliscə tərcüməsində bu söz Köməkçi kimi tərcümə olunub. Lakin parakletos sözünü dərindən araşdırsaq, Müqəddəs Ruh doktrinasının zənginliyindən nəsə qavraya bilərik. Bu söz, əslində, dəvət olunan şəxs anlamına gəlir. Amma nə üçün həmin şəxs dəvət olunmalıdır? Bu, parakletos sözünə özünəməxsus məna qatır. Yunanlar bu sözü müxtəlif şəkildə istifadə edirdilər. Məsələn, kiminsə müdafiəsi üçün məhkəmə prosesində şahid kimi çağırılan biri parakletos ola bilərdi. O, ağır cinayətdə ittiham olunan birini müdafiə etmək üçün çağırılan vəkil ola bilərdi. O, çətin məsələdə məsləhət vermək üçün dəvət olunan mütəxəssis, ya da ruhdan düşmüş əsgərləri ruhlandırmaq üçün çağırılan biri ola bilərdi. Parakletos (paraklit) çətinlik və ehtiyac anında köməyə çağırılan biridir. Vəsatətçi sözü bir vaxtlar Müqəddəs Ruhun təyinatına tam uyğun gəlirdi və belə tərcümə oxucunu qane edirdi. Çünki o, bir vaxtlar indikindən daha böyük məna daşıyırdı. Vəsatətçi sözünün ingiliscə tərcüməsi cəsarətli mənasını verən latın dilindəki fortis sözündən götürülmüşdür. Təsəlli verən isə ruhdan düşmüş adamı ruhlandırırdı. Bizim dövrümüzdə isə təsəlli həmişə kədərə aiddir. Təsəlli verən həmişə kədər içində olana təsəlli verir, halına acıyır. Şübhəsiz ki, Müqəddəs Ruh bizə həmişə təsəlli verir. Lakin biz Onu yalnız bu vəzifə ilə məhdudlaşdırsaq, Onu aşağılamış olarıq. Biz tez-tez həyatın öhdəsindən gəlməkdən danışırıq. Müqəddəs Ruhun köməyi də məhz bundan ibarətdir. O bizim acizliyimizi aradan qaldırıb, onu həyatın öhdəsindən gəlmək qabiliyyəti ilə əvəz edir. Müqəddəs Ruh məğlubiyyət həyatını qələbə həyatı ilə əvəz edir.
Məhz buna görə də İsa deyir: «Mən sizə çətin bir tapşırıq verirəm, sizi çətin işə göndərirəm. Ancaq sizi tək göndərmirəm. Sizə nə edəcəyinizi söyləyəcək və güc verəcək paraklet verirəm. O, istənilən tapşırığı yerinə yetirməkdə sizə kömək edəcək». Sonra İsa əlavə edir ki, dünya Müqəddəs Ruhu qəbul edə bilməz. Dünya dedikdə, sanki Allah heç mövcud deyilmiş kimi yaşayanları nəzərdə tutur. İsanın sözlərinin mahiyyəti belədir: biz yalnız gözlə görünənləri görürük. Astronom səmada adi bir insandan daha çox şey görür. Botanik bitkidə botanikadan xəbərsiz olan insandan daha çox şey görür. Rəssamlıqdan başı çıxan adam rəsmdən heç nə başa düşməyən birindən daha çox şey görür. Musiqidən azacıq da olsa anlayışı olan adam simfoniyadan heç nə başa düşməyən birindən daha çox faydalanacaq. Gördüklərimiz və hiss etdiklərimiz həmişə gördüklərimizə və yaşadıqlarımıza nə qədər töhfə verməyimizdən asılıdır. Allahı inkar edən, Ona qulaq asmayan insan Müqəddəs Ruhu qəbul edə bilməz. Müqəddəs Ruhu duada gözləmədən və bizdə yaşamağa dəvət etmədən qəbul etmək mümkün deyil.
Müqəddəs Ruh heç kimin ürəyinə soxulmur. O, dəvət olunmağı gözləyir və qəbul edilmək istəyir. Buna görə Müqəddəs Ruhun bütün gözəl keyfiyyətlərini qəbul etməyi istəyiriksə, dünyanın səs-küy və vurnuxması içərisində Onun üzərimizə endiyini sükutla gözləməyə mütləq vaxt tapacağıq.
18-24
Bu vaxta qədər şagirdlər nəsə pis şey baş verəcəyini hiss etməli idilər. Onlar hansısa faciənin yaxınlaşdığını görməli idilər. İsa dedi: «Sizi yetim qoymaram». Yetim — atasız insanlara deyilir. Amma eyni sözü şagirdlər sevimli müəllimini itirəndə də işlətmək olar. Platon deyir ki, Sokrat öləndə şagirdləri ömürlərinin sonunadək atasız, yetim qalacaqlarını düşündülər. Lakin İsa şagirdlərinə dedi ki, onlar yetim qalmayacaq. İsa «Yanınıza gələcəyəm» dedi. O, burada Özünün dirilməsindən və şagirdlərlə daim birlikdə olmasından danışır. Onlar İsanı görəcəklər, çünki O diriləcək, buna görə onlar da yaşayacaqlar. İsa onların ruhani dirilməsini, Onda yeni həyat qazanacaqlarını nəzərdə tuturdu. İndi onlar çaşqınlıq içində idilər, qaçılmaz faciə hissi onları keyitmişdir. Lakin gün gələcək, onların gözləri, zehinləri həqiqəti görmək, dərk etmək üçün açılacaq və ürəkləri alovlanacaq. O zaman, onlar, həqiqətən, İsanı görəcəklər. İsa Məsihin dirilməsindən sonra məhz belə oldu. Onun dirilməsi ümidsizliyi ümidə çevirdi. Onda şagirdlər başa düşdülər ki, O, həqiqətən, Allahın Oğludur. Bu hissədə üç əsas fikir var.
1. İlk növbədə burada sevgi var. Çünki Yəhya üçün sevgi hər şeyin əsasıdır. Allah İsanı sevir, İsa insanları sevir, insanlar İsa vasitəsilə Allahı sevirlər, insanlar bir-birlərini sevirlər. Göylər və yer, insan və Tanrı, insan və insan — hamısı sevgi bağları ilə bir-birinə bağlıdır.
2. Yəhya sevginin ən etibarlı sübutu kimi itaətin zəruriliyini vurğulayır. İsa diriləndən sonra fariseylərə, ilahiyyatçılara və Ona düşmən kəsilənlərə deyil, Onu sevənlərə göründü.
3. İtaət və etibar edən sevgi iki şeyə gətirib çıxarır. Birincisi, yüksək təhlükəsizliyə. Məsihin tam qələbəsi günü Onu sevən və Ona itaət edənlər kainatın dağılmasından qurtulacaqlar. İkincisi, onlar getdikcə Allahı daha çox dərk etməyə başlayacaqlar. Allah hər kəsə açılmır. Bunun öz prinsipi var: Allah Onun əmrlərinə əməl edənlərə zühur edir (açılır). Günahlı insan heç vaxt Allahın varlığını duymayacaq. Allah belə insandan istifadə edəcək, lakin onun Allahla heç vaxt ünsiyyəti olmayacaq. Allah Özünü yalnız Onu axtarana və zəifliklərinə baxmayaraq, Allaha can atanlara göstərir. Allah aşağı əyilir ki, belə insanları yuxarı qaldıra bilsin. Allahla ünsiyyət və Onun zühuru sevgidən, sevgi isə itaətdən asılıdır. Biz Allaha nə qədər çox itaət etsək, bir o qədər Onu dərk edirik. Allahın yolu ilə gedən insan istər-istəməz Onunla bir addımlayır.
25-31
Bu hissə tamamilə həqiqətlə doludur. Burada İsa beş həqiqət haqqında danışır.
1. O, Müttəfiqindən — Müqəddəs Ruhdan danışır.
a) Müqəddəs Ruh bizə hər şeyi öyrədəcək. Məsihə iman edən insan ömrünün sonuna qədər öyrənməlidir. Çünki ömrünün sonuna qədər Müqəddəs Ruh ona Allahın daha dərin həqiqətlərini açıqlayacaq. Öyrənməyə daha ehtiyacının olmadığını düşünən məsihçi hələ Müqəddəs Ruh haqqında təlimi dərk etməyə başlamamışdır.
b) Müqəddəs Ruh İsanın dediyi hər şeyi bizə xatırladır. Bunun iki mənası var:
1) Müqəddəs Ruh iman məsələlərində daim İsanın dediklərini yadımıza salır. Biz araşdırmalıyıq. Lakin bütün nəticələrimiz İsa Məsihin sözləri ilə müqayisə edilərək daim sınaqdan keçirilməlidir. Bizə həqiqəti axtarmaq lazım deyil. Çünki O Özü bizə həqiqəti açıqlayıb. Biz daha çox həqiqətin mənasını axtarmalıyıq. Müqəddəs Ruh bizi səhvlərdən və ağlın təkəbbüründən qoruyur.
2) Müqəddəs Ruh davranış məsələlərində bizi doğru yola yönəldəcək. Demək olar ki, hamımız nələrdənsə keçirik. Məsələn, pis bir şey etmək arzusuna düşəndə və artıq uçurumun kənarında dayananda, dərhal Məsihin sözlərini, hansısa ayəni və ya məzmuru, sevdiyimiz və heyran olduğumuz birinin sözlərini, uşaqlıqda və ya gənclikdə aldığımız nəsihəti xatırlayırıq. Ən böhranlı anda qəfildən bu fikirlər ağlımızdan keçir. Bu, Müqəddəs Ruhun işidir.
2. İsa Öz hədiyyəsindən danışır, bu hədiyyə Onun sülhdür. Müqəddəs Kitabda sülh sözü — talom — heç vaxt çətinliklərdən azad olmaq demək deyil. Bu söz bizim rifahımıza xidmət edən hər şey deməkdir. Dünyanın təklif etdiyi sülh unutmaq, çətinliklərdən qaçmaq və hadisələrlə üz-üzə gəlməkdən imtina etməkdir. İsanın təklif etdiyi sülh — qələbə sülhüdür. Heç bir çətinlik, heç bir kədər, heç bir təhlükə, heç bir əziyyət onu bizdən ala bilməz. İsanın verdiyi sülh heç bir şəraitdən asılı deyil.
3. İsa hara getdiyi haqqında danışır. O, Atanın yanına qayıdır və deyir ki, əgər şagirdlər Onu, həqiqətən, sevirlərsə, Onun ora getməsinə sevinməlidirlər. O, bu dünyanın məhdudiyyətlərindən azad olur. Əgər biz, doğrudan da, məsihçi imanının həqiqətini dərk etsəydik, əzizlərimiz Rəbbin yanına gedəndə həmişə sevinərdik. Bu o demək deyil ki, biz onlardan ayrıldığımıza görə acı çəkməzdik. Amma sevinərdik ki, sevdiklərimiz yer üzünün bəlalarından, sınağından daha yaxşı yerdədirlər. Onların ölməsinə üzülməzdik, amma onların ölümə yox, bəxtiyarlığa getdiklərini həmişə xatırlayardıq.
4. Rəbb İsa mübarizədən danışır. Çarmıx İsanın şər qüvvələrlə son mübarizəsi idi. Lakin O, bu döyüşdən qorxmurdu, çünki şərin Onu məğlub etmək gücündə olmadığını bilirdi. O, ölümə məğlubiyyətə deyil, qələbəyə arxayın olaraq getdi.
5. İsa burada Öz bərpasından danışır. İnsanlar o vaxt Çarmıxda rüsvayçılıqla məğlubiyyəti görürdülər. Amma İsa bilirdi ki, vaxt gələcək, onlar Onun Ataya itaətini və bütün insanlara məhəbbətini görəcəklər. İsanın yer üzündəki həyatına təkan verən hər şey özünün ən yüksək təzahürünü Çarmıxda tapdı.