Barclay
KİTABLARAudio kitablarHekayələrİlahilərFilmlər və cizgi filmləriXilas haqqında müjdəXoş xəbər hekayələri

Yəhyanın müjdəsi: 13-cü fəsil

V. Barklinin şərhləri

13-cü fəsil

1-17

XİDMƏTİN ƏZƏMƏTİ (Yəhya 13:1-17)

Biz bu hissəyə hərtərəfli baxmalıyıq. Amma əvvəlcə ona bütövlükdə nəzər salaq. Müjdələrdə çox az hadisə bu hekayədəki qədər Məsihin əsl xarakterini və məhəbbətini açıqlayır. İsanın Kim ola biləcəyini və nələr edə biləcəyini düşünəndə. Onun necə böyük bir möcüzə olduğunu başa düşmək bizim üçün asan olur.

1. İsa Məsih hər şeyin Ona verildiyini bilirdi. O bilirdi ki, Onun iztirab vaxtı yaxındır. Eyni zamanda izzətlənəcəyi vaxtın da yaxın olduğunu bilirdi. Bunu bilmək Onu qürurlandıra bilərdi. Amma qüdrət və izzətin Ona məxsus olduğunu bilə-bilə O, şagirdlərin ayaqlarını yudu. Onda ən böyük qürurun baş qaldıra biləcəyi anda, O, ən böyük təvazökarlığı göstərdi. Sevgi həmişə belədir. Məsələn, kimsə xəstələnəndə, onu sevən adam ona ən ağlasığmaz xidmətləri göstərməyə və bunu sevə-sevə etməyə hazırdır. Sevgi belə olur. Bəzən insanlar ən aşağı işləri görməyi özlərinə yaraşdırmırlar. İsa belə deyildi. O, bütün yaradılışın Rəbbi olduğunu bilə-bilə, şagirdlərin ayaqlarını yudu.

2. İsa Allahdan gəldiyini və Allahın yanına qayıdacağını bilirdi. O, insanlara və dünyaya xor baxa bilərdi. O, elə düşünə bilərdi ki, Onun yer üzündəki işi başa çatıb və indi Allaha qayıdır. Amma Allah Ona xüsusilə yaxın olan vaxt İsa insanlara xidmətin ən ali səviyyəsini göstərdi. Adətən, bayram şənliklərində qullar qonaqların ayaqlarını yuyurdular. Düzdür, ravvinin tələbələri müəllimlərinə xidmət edirdilər, lakin ayaqları yumaq heç kimin ağlına da gəlməzdi. İsada diqqət çəkən odur ki, Allaha olan yaxınlığı Onu insanlardan uzaqlaşdırmırdı, əksinə, Onu insanlara daha da yaxınlaşdırırdı. Allaha yaxın olan insan, insanlara da yaxındır. Bu fikir həmişə doğrudur.

Assizli Fransisk haqqında belə bir rəvayət var ki, o, gəncliyində çox zəngin olub. O, həmişə hər şeyin ən yaxşısını əldə etməyə çalışırdı. O, hər cəhətdən aristokratların aristokratı idi. Ancaq buna baxmayaraq, qəlbində rahatlıq yox idi. Günlərin bir günü atın belində şəhərdən kənarda gəzərkən, cüzamlı adam gördü. Bu adamın bədəni yaralar və qaysaqlarla örtülmüşdü. O, çox dəhşətli görünürdü. Başqa vaxt olsaydı, hər şeydən iyrənən Fransisk nifrət və ikrah hissi ilə üzünü ondan çevirərdi. Amma bu dəfə Fransiskin qəlbində nəsə baş verdi. O, atından düşüb cüzamlıya yaxınlaşdı və onu qucaqladı. Cüzamlının gözündə Fransisk İsa Məsih kimi göründü. Əzab çəkən bəşəriyyətə nə qədər yaxın olsaq, Allaha bir o qədər yaxın olarıq və ya əksinə.

3. İsa bilirdi ki, tezliklə O, ələ veriləcək. Bu Onda kin və nifrət yarada bilərdi. Lakin bunun əksi baş verdi — İsanın ürəyi daha böyük məhəbbətlə dolub-daşdı. O, nə qədər çox incidilirdisə, alçaldılırdısa, məsxərəyə qoyulurdusa, bir o qədər çox sevirdi. Pisliyə müqavimət göstərmək, təhqirlərdən incimək təbii haldır. İsa Məsih isə ən ağır təhqirlərə, ağrılara, hətta xəyanətə dərin təvazökarlıq və məhəbbətlə cavab verirdi.

XİDMƏTİN ƏZƏMƏTİ (Yəhya 13:1-17 (ardı))

Biz burada hər şeyin deyilmədiyini görürük. Əgər Lukanın Müjdəsində bu şam yeməyinin təsvirinə baxsaq, belə ifadəyə rast gələrik: «Aralarında onlardan kimin ən böyük sayılacağı barəsində bir mübahisə də oldu» (Luka 22:24). Hətta İsanın Çarmıxa çəkiləcəyi vaxt yaxınlaşanda belə, şagirdlər birincilik və nüfuz uğrunda mübahisə edirdilər. Ola bilsin, İsanı şagirdlərinin ayağını yumağa məcbur edən məhz bu mübahisə olub.

İsrailin yolları asfaltsız və çirkli olurdu. Günəşli havada yolları bir neçə santimetr toz bağlayırdı, yağışda isə bütün bu toz palçığa çevrilirdi. İnsanların geyindiyi ayaqqabılar yüngül və üstü açıq idi. Ayaqqabı, bir qayda olaraq, altlıqdan və ayağa bərkidilən bir cüt kəmərdən ibarət idi, yəni ən primitiv səndəl növü idi. Bu cür ayaqqabılar ayağı yolun tozundan və kirindən qorumurdu. Buna görə də hər evin qarşısında qonaqların ayaqlarını yumağa hazır vəziyyətdə duran, əlində bir qab su və dəsmal olan xidmətçi görmək olardı. Yaddaşa həkk olunan həmin axşam İsanın şagirdlərinin toplandığı evin qarşısında heç bir qulluqçu yox idi. Buna görə, adətən, zəngin evlərdə qulluqçuların göstərdiyi xidməti şagirdlər öz aralarında bölüşdürmüşdü. Çox güman, həmin axşam onlar İsanın Padşahlığında kimin ən böyük olacağına dair rəqabətə elə qapılmışdılar ki, yuxarı otağın girişində ayaqları yumaq üçün su və dəsmal hazırlamaq heç kəsin ağlına gəlməmişdi. İsa Özü bu səhvi ən gözəl şəkildə düzəltdi.

İsa heç bir şagirdin hazır olmadığı xidməti etdi. Sonra dedi: «Mənim sizə nə etdiyimi bilirsinizmi? Siz Məni «Müəllim» və «Rəbb» deyə çağırırsınız və doğru deyirsiniz, çünki Mən elə Oyam. İndi ki Mən Rəbb və Müəllim olduğum halda sizin ayaqlarınızı yudum, siz də bir-birinizin ayaqlarını yumalısınız. Çünki sizə nümunə göstərdim ki, Mənim sizə etdiyimi siz də bir-birinizə edəsiniz».

İsanın bu əməli bizi düşündürməlidir. Hətta imanlı cəmiyyətlərində belə kiməsə istədiyi yer verilmədiyi üçün problem yaranır. Hətta böyük xidmətçilər tutduqları vəzifənin tələb etdiyi nüfuza uyğun münasibət görməyəndə inciyirlər. Burada ibrətamiz dərs odur ki, böyüklüyün yalnız bir yolu var — böyük xidmət. Dünya öz ləyaqətini tələb edən insanlarla doludur, halbuki həmin vaxt onlar diz çökərək qardaşlarına xidmət göstərməlidirlər. Həyatın bütün sahələrində birinciliyə can atmaq və itaət etməyi istəməmək hər şeyin nizamını pozur. İdmançıya yalnız bir dəfə oynamaq qadağan edildiyinə görə o, bir daha oynamaq istəmir. Siyasətçi özünü layiq bildiyi vəzifəyə keçməyəndə, aşağı vəzifəni qəbul etməkdən imtina edir. Xor üzvü istədiyi solonu ala bilmədiyinə görə, ümumiyyətlə, oxumaqdan imtina edir.

Hər bir cəmiyyətdə belə adamlar var: kimsə ya göstərilən kiçik diqqətsizlikdən hirslənir, ya da bir neçə gün dalbadal küsmüş halda qaşqabaqlı gəzir. Hər dəfə öz ləyaqətimiz, səlahiyyətimiz və mövqeyimiz haqqında düşünmək istəyəndə, gəlin Allahın Oğlunu əlində dəsmal, şagirdləri qarşısında diz çökmüş halda xatırlayaq. Onu həm nökər, həm də padşah edən bu xüsusi təvazökarlığa malik olan Şəxs, həqiqətən də, böyük Şəxsdir. Donald Hankinin «Sevimli kapitan» əsərində kapitanın səfərdən sonra tabeliyində olanlara necə qayğı göstərdiyini təsvir edən belə bir gözəl parça var:

«Biz bilirdik ki, o bizim kapitanımızdır, bizdən qat-qat yaxşı xasiyyətə malikdir, əsl hörmətə layiq olandır. Məncə, məhz bu xüsusiyyətinə görə o öz ləyaqətini itirmədən təvazökar ola bilirdi. O, həqiqətən, çox təvazökar idi, ən kiçik problemlərimizə belə diqqət yetirirdi. Biz səfərə çıxanda ayaqlarımızdan qan gəlir, suluq bağlayırdı. O, ayaqlarımıza elə qulluq edirdi ki, sanki bu bizim deyil, onun ayaqlarıdır. Təbii ki, hər səfərdən sonra ayaqlarımız yoxlanırdı. Qayda belə idi. Amma kapitanımız üçün bu, sadəcə qayda deyildi. O, otağımıza gəlir, kiminsə ayaqları ağrıyırdısa, həkim kimi həmin adamın qarşısında diz çöküb onları diqqətlə yoxlayırdı. Sonra da dərman yazırdı və dərhal çavuşa gətizdirirdi. Əgər suluğu deşmək lazım gəlirdisə, o, çox vaxt özü bununla məşğul olurdu. Bunu təmiz iynə ilə edirdi ki, yaraya çirk düşməsin. O, ayaqlarımızı vacib hesab edirdi və bilirdi ki, biz onlara diqqət yetirmirik. Onun bizimlə rəftarında Məsihə bənzər nəsə var idi. Biz onu çox sevir və hörmət edirdik».

İnsanlar qarşısında məhz Məsih kimi əyilən adamı padşah kimi sevir, hörmət edir və onun xatirəsini yaşadırlar.

VACİB YUMA (Yəhya 13:1-17 (ardı))

Daha əvvəl gördük ki, müjdəçi Yəhyanın sözlərində həmişə iki məna axtarmaq lazımdır: birinci vacib məna, ikincisi daha vacib məna. Zahirən baxanda bu epizod unudulmaz təvazökarlıq nümunəsidir. Lakin burada daha böyük dərs var. Burada maraqlı bir məqam da var. Əvvəlcə Peter İsaya ayaqlarını yumağa icazə vermir. Amma İsa ona deyir ki, əgər Ona ayaqlarını yumağa icazə verməsə, onun Rəbbin yanında yeri olmayacaq. Bundan sonra Peter təkcə ayaqlarını deyil, əllərini və başını da yumağı xahiş edir. İsa cavab verir ki, yalnız ayaqları yumaq kifayətdir. İki məna daşıyan bu cümlə belə səslənir: «Çimmiş adam üçün təkcə ayaqlarını yumaq kifayətdir, çünki başdan-başa təmizdir» (13:10).

Şübhəsiz ki, burada məsihçi vəftizinə işarə edilir. «Əgər səni yumasam, Mənim yanımda yerin olmaz» sözlərini belə ifadə etmək olar: «Vəftiz olmadan insan İmanlı Cəmiyyətinin üzvü ola bilməz». Adətə görə, əgər insan yola çıxmazdan əvvəl evdə yuyunurdusa, onda onun ancaq ayaqları yuyulmalı idi. Bu, zahiri mənadır. Daxili mənası isə daha dərindir: evə yalnız yuyulmuşlar girə bilər. Məhz buna görə İsa Peterə deyir: «Sənin bədəninin yuyulmasına ehtiyac yoxdur, bunu özün də edə bilərsən. Lakin sənin iman evinə girməyə imkan verəcək xüsusi yuyulmaya ehtiyacın var». Bunun başqa bir mənası da odur ki, Peter İsaya ayaqlarını yumağa icazə verməyəndə, İsa ona dedi: «Ayaqlarını yumağa icazə vermirsən? Bil ki, onsuz hər şeyi itirəcəksən».

İmanlı Cəmiyyətinə vəftiz yolu ilə daxil olmaq olar, yəni oraya girməzdən əvvəl adam yuyunmalıdır. Bu o demək deyil ki, insan vəftiz olunmasa (məsələn, Çarmıxdakı quldur kimi) xilas olmayacaq. Bu o deməkdir ki, əgər insanın vəftiz olunmaq imkanı varsa, o, Xilaskarı Məsihə olan imanını bəyan etməlidir.

18-20

XƏYANƏTİN RÜSVAYÇILIĞI VƏ SƏDAQƏTİN İZZƏTİ (Yəhya 13:18-20)

Bu hissədə üç məqam vurğulanır.

1. Yəhudanın vəfasızlığının açıq-aşkar təsvir olunan qəddarlığı. Bu, xüsusilə şərq adamı üçün başadüşüləndir. İsa hamıya tanış olan Məzmurdan sitat gətirir: «Hətta etibarlı saydığım ən yaxın dostum, çörəyimi yeyən mənə xəyanət etdi» (Zəbur 41:10). Şərqdə kiminləsə çörək kəsmək dostluq və sədaqət əlaməti sayılır. 2Şamuel 9:7-13-də deyilir ki, padşah Davud Şaulun nəslindən olan Yonatanın oğlu Mefiboşetə (Şaulun oğlu) «padşahın süfrəsində yemək yeməyə» icazə verirdi, halbuki onu asanlıqla məhv edə bilərdi. 1Padşahlar 18:19-da deyilir ki, Baal peyğəmbərləri İzevelin süfrəsindən yeyirdilər. Əgər adam çörək böldüyü dostuna xəyanət edibsə, bu, hədsiz alçaqlıq sayılırdı. Məzmurçu bu cür xəyanəti ən acı təhqir hesab edir: «Aralarında qırğın var, meydanlarından hədə-qorxu və fırıldaq çıxır. Əgər məni düşmən təhqir etsəydi, dözərdim, yağı qarşımda qürrələnsəydi, gizlənərdim. Amma bunu sən etdin, ey rəfiqim, ey yoldaşım, ürək həmdəmim. Səninlə şirin-şirin söhbət edərdik, Allah evinə birgə gedərdik» (Zəbur 55:12-14). Dünyada bu kəskin inciklik ağrısı — yaxın adamın vəfasızlıq etməsi hələ də mövcuddur. Çoxları bu ağrının nə olduğunu yaxşı bilir. «Çörəyimi yeyən Mənə xəyanət etdi» ifadəsi qəddarlıqdan bəhs edir və həmişə yəhudi dilində qəddarlığı təsvir etmək üçün istifadə olunurdu. Burada İsa qəzəblənmir. Əksinə, dərin təəssüf hissi keçirir. O, ürəyinə vurduğu zərbəyə baxmayaraq, Yəhudaya son çağırış edir.

2. Burada həmçinin vurğulanır ki, bu faciə Allahın planının bir hissəsi idi və İsa tərəfindən tam və qeyd-şərtsiz qəbul edildi. Hər şey Müqəddəs Yazıların söylədiyi kimi oldu. Dünyanın satınalınmasının Allahın ürəyini yaralayacağına bir an belə şübhə yox idi. İsa nə baş verdiyini, baş verənlərin qiymətini bilirdi və bunu qəbul etməyə hazır idi. O istəmirdi ki, şagirdləri Onun gözlənilməz vəziyyətə düşdüyünü və orada ilişib qaldığını düşünsünlər. Onu öldürmürdülər. Ölümü O Özü seçdi. Lakin həmin anda şagirdləri bunu görə bilmədilər və Onunla nə baş verdiyini anlamadılar. Ancaq İsa istəyirdi ki, gələcəkdə onlar geriyə baxanda hər şeyi xatırlasınlar və dərk etsinlər.

3. Bu hissə təkcə xəyanətin əzabını və acısını deyil, həm də sədaqətin izzətini vurğulayır. Gün gələcək, həmin şagirdlər İsa Məsihin xəbərini dünyanın hər yerinə çatdıracaqlar. Həmin vaxt onlar Allahın nümayəndələri olacaqlar. Səfir öz adından, qabiliyyəti və keyfiyyətlərinə güvənərək getmir, ölkəsinin izzəti və şərəfi adından gedir. Onu eşitmək — ölkəsini eşitmək, ona şərəf vermək — ölkəsinə şərəf vermək deməkdir. Onu salamlamaq — ölkəsini və onu göndərən hökmdarı salamlamaq deməkdir. Məsihçinin ən böyük şərəfi və ən böyük məsuliyyəti İsa Məsihi dünyada təmsil etməsidir. Biz Onun haqqında danışır, Onun vasitəsilə və Onun üçün hərəkət edirik.

21-30

SEVGİNİN SON ÇAĞIRIŞI (Yəhya 13:21-30a)

Bu mənzərəni özlüyümüzdə təsəvvür edəndə, oradakı bəzi hadisələr aydın şəkildə görünür və diqqətimizi cəlb edir. Yəhudanın xəyanəti bütün çirkinliyi ilə təsvir olunur. O, möhtəşəm aktyor və mahir fırıldaqçı idi. Bir şey aydındır ki, əgər şagirdlər Yəhudanın niyyətini bilsəydilər, o, yuxarı otaqdan sağ çıxmazdı. Görünür, o, şagirdlərlə birlikdə olduğu vaxt özünü mülayim və sadiq şagird kimi aparıb, İsadan başqa hamını aldadıb. Yəhuda təkcə təkəbbürlü yaramaz deyildi, həm də hiyləgər ikiüzlü idi. Burada bizim üçün bir xəbərdarlıq var: zahiri davranışımızla biz insanları aldada bilərik, lakin Məsihin hər şeyi görən gözündən yayına bilmərik. Amma burada təkcə Yəhudanın ikiüzlülüyündən bəhs olunmur. Əgər baş verənləri düzgün anlayırıqsa, onda görəcəyik ki, İsa dönə-dönə Yəhudanı fikrindən daşınmağa çağırır.

Yəhudilərin süfrə arxasında necə oturduğuna diqqət yetirək. Onlar əslində oturmurdular, uzanmış vəziyyətdə olurdular. Masa bir qalın taxta parçasından hazırlanırdı, onun ətrafında bir növ kiçik (uzunsov) taxtlar qoyulurdu. Masa düzbucaqlı deyil, at nalı şəklində olurdu. Onun başı sahibin yeri idi. Qonaqlar sol dirsəklərinə söykənərək, sol tərəfə uzanır, sağ əlləri ilə yemək yeyirdilər. Bu vəziyyətdə hər qonağın başı, demək olar ki, sol tərəfdəki adamın sinəsinə düşürdü. İsa alçaq masanın başında oturmuşdu. Sevimli şagirdi isə, çox güman, sağ tərəfində oturmuşdu. Çünki o, dirsəyinə söykənəndə, başı İsanın sinəsinə söykənmişdi.

İsanın sevimli şagirdinin adı heç vaxt çəkilmir. Bəzi ilahiyyatçılar onun Lazar olduğunu düşünürdülər, çünki Lazar haqqında deyilirdi ki, İsa onu sevir (Yəhya 11:36). Digərləri onun sonda İsanın ardınca getməyə qərar verən zəngin gənc olduğunu düşünürdülər, çünki onun haqqında da deyilirdi ki, «İsa onu sevir» (Mark 10:21). Bəziləri İsaya xüsusilə yaxın olan hansısa naməlum şagirdin olduğunu deyirdilər. Digərləri isə bu adamın real olmadığını, Məsihin əsl şagirdi necə olmalıdır fikrini irəli sürürdülər. Ancaq üstünlük təşkil edən fikir budur ki, həmin şagird Müjdəçi Yəhyanın özü idi. Biz də bu fikirlə razıyıq.

Yəhudanın süfrədə tutduğu yer xüsusi diqqət çəkir. Çox güman, İsa onunla birbaşa və şəxsən, başqalarının eşitmədiyi tərzdə danışa bilirdi. Əgər bu belədirsə, onda Yəhuda yalnız bir yer tuta bilərdi — bu da İsanın sol tərəfində. Onda Yəhyanın başı İsanın sinəsinə düşdüyü kimi, İsanın da başı Yəhudanın sinəsinə düşürdü. Sahibinin sol tərəfindəki yer ən şərəfli yer sayılırdı və ən yaxın dosta verilirdi. Şam yeməyi başlayanda, yəqin ki, İsa Yəhudaya dedi: «Yəhuda, bu gün Mənim yanımda otur, səninlə şəxsən danışmaq istəyirəm». İsanın yanında oturmaq dəvəti artıq vicdana müraciət idi.

Ancaq bu, hamısı deyil. Ev sahibinin əlindən yemək tikəsi qəbul etmək də yaxın dostluğun əlaməti idi. Boaz Ruta nə qədər hörmət etdiyini göstərmək istəyəndə, onu biçinçilərlə nahara dəvət etdi və dedi: «Buraya gəl, sən də çörəkdən ye, tikəni sirkə-şirəyə batır» (Rut 2:14). Ərəblərdə quzunun ən yağlı tikəsini qoparıb hörmətli qonağa vermək adəti var. Bu, avropalı üçün həmişə xoş olmasa da, dostluq əlaməti kimi tikəni nəzakətlə qəbul edir. İsanın Yəhudaya tikəni verməsi də xüsusi dostluq əlaməti idi. Amma şagirdlər buna əhəmiyyət vermədilər. Deməli, onlar İsanın Yəhuda ilə mehriban rəftarına o qədər öyrəşmişdilər ki, bu dəfə də heç bir əhəmiyyət vermədilər. Yəhuda həmişə Rəbbin dostluğu və məhəbbəti ilə əhatə olunmuşdu.

Təəssüf ki, Yəhudanın qara ürəyinə dəfələrlə müraciət edilsə də, xain öz qərarında möhkəm qaldı və fikrini dəyişmədi. Allah bizi sevgi çağırışlarına belə biganəlikdən uzaq etsin.

SEVGİNİN SON ÇAĞIRIŞI (Yəhya 13:21-30a (ardı))

Beləliklə, İsa Yəhudanı məqsədindən çəkindirmək üçün dəfələrlə xeyirxahlıq və nəvaziş göstərsə də, yenə də faciə baş verdi. Onda həlledici an gəlib çatdı. İsa uzatmağın mənasız olduğunu bilərək Yəhudaya «Nə edəcəksənsə, tez et!» dedi. Gərginliyin artdığı bir mühitdə faydasız çağırışları davam etdirmək nəyə lazımdır? Əgər bu baş verməlidirsə, onda qoy tez baş versin.

Şagirdlər hələ də nə baş verdiyini bilmirdilər. Onlar elə fikirləşirdilər ki, İsa Yəhudanı nahar üçün nəsə almağa, ya da yoxsullara bir şey verməyə göndərib. Adətə görə, insanlar bayram vaxtı heç nəyi olmayanlara pay göndərirdilər. Bu vaxt insanlar həmişəkindən daha çox kasıblarla bölüşürdülər. Buna görə də pul qutusu Yəhudada olduğu üçün şagirdlər elə düşünürdülər ki, İsa Yəhudanı yoxsullara ianə vermək üçün göndərib. Belə ki, onlar da hamı kimi Pasxa bayramını qeyd edə bilsinlər.

Yəhuda İsadan tikəni qəbul edəndə, şeytan onun içinə girdi. Sevgi çağırışının nifrətə çevrildiyini düşünmək qorxuncdur. Amma şeytanın işi məhz belədir. O, ən gözəl xəbəri elə təhrif edə bilər ki, xəbər ən dəhşətli şeyə çevrilsin. O, sevgini ehtirasa, müqəddəsliyi şöhrətpərəstliyə, tərbiyəni vəhşiliyə, qəlb bağlılığını məğrurluğa çevirə bilər. Biz hər zaman ayıq olmalıyıq ki, şeytan həyatımızdakı gözəllikləri öz alçaq məqsədləri üçün istifadə etməsin.

Yəhuda çölə çıxanda artıq gecə idi. Gecə idi, çünki gün artıq bitmişdi. Amma burada gecə sözü başqa bir məna da verir. Burada başqa gecədən bəhs olunur. Öz şəxsi məqsədlərini güdən insan Məsihi tərk edəndə, onun həyatını gecənin qaranlığı bürüyür. İnsan xeyirxah çağırışlara cavab vermək əvəzinə, pisliyə qulaq asanda, həmişə gecənin zülməti gəlir. Nifrət sevginin işığını boğanda, qaranlıq gəlir. İnsan İsa Məsihdən üz döndərəndə, zülmət olur.

Məsihə itaət edəndə biz işıqda gəzirik, lakin Ondan üz döndərən kimi qaranlığa qərq oluruq. Qarşımızda iki yol var — işıqlı və qaranlıq. Qoy Allah bizə düzgün seçim etmək üçün müdriklik versin. Çünki bilirik ki, insan qaranlıqda asanlıqla yolunu aza bilər.

30-cu ayənin ikinci yarısının şərhinə növbəti hissədə baxın.

31-32

DÖRDQAT İZZƏT (Yəhya 13:30-32)

Bu hissədə dördqat izzət var.

1. İsanın izzətlənmək vaxtı gəlib çatdı. Gərginlik keçdi, Yəhuda çölə çıxdı və Çarmıx qaçılmaz oldu. Çarmıx Onun izzətlənəcəyi yer idi. Burada biz yenə əbədi həqiqətlə üz-üzə dayanırıq: özünü qurban verənlər izzətlənir. İstənilən döyüşdə ən yüksək izzət sağ qalanlara deyil, bu döyüşdə canını qurban verənlərə məxsusdur. Tibdə zənginləşən həkimləri deyil, başqalarını sağaltmaq üçün özünü qurban verənlər yadda qalır. Tarix bizə sadə dərs öyrədir: özünü qurban verənlər ən yüksək şöhrəti qazandılar.

2. İsa Allahı izzətləndirdi. O, Ataya itaət etməklə Onu izzətləndirdi. İnsan ancaq itaət etməklə öz rəhbərinə ona hörmət etdiyini, sevdiyini və güvəndiyini sübut edə bilər; lazım gələrsə, hətta ölümədək gedə bilər. Uşaq yalnız itaətkarlığı ilə valideynlərinə hörmət etdiyini və onları sevdiyini göstərir. İsa ölümədək itaət etməklə Atasına ən yüksək şərəf və izzəti verdi.

3. Allah İsada izzətləndi. Allahın ən yüksək izzətinin İsanın təcəssümündə və Çarmıxa çəkilməsində aşkar olması bizə qəribə görünə bilər. Sevilməkdən daha gözəl heç nə yoxdur. Əgər Allah uzaq, sakit və laqeyd olsaydı, insanların kədərinə və ağrılarına biganə qalsaydı, insanlar Ondan qorxardılar. Bəlkə də Ona pərəstiş edərdilər, amma heç vaxt Onu sevməzdilər. Fədakarlıq qanunu təkcə dünyəvi deyil, həm də səmavi qanundur. İsanın yer üzünə insan kimi gəlməsi və Çarmıxa çəkilməsi ilə Allahın izzəti tamamilə özünü göstərdi.

4. Allah İsanı izzətləndirəcək. Bu, baş verənlərin digər tərəfidir. Həmin anda Çarmıx İsanın izzəti idi. Lakin Onu daha böyük izzət gözləyirdi. Qarşıda həm Dirilmə, həm də göyə qaldırılma olacaqdı. Daha sonra isə Əhdi-Cədidin Onun İkinci Gəlişi kimi bəhs etdiyi tam və son zəfər var idi. Çarmıxda İsa Öz izzətini tapdı. Lakin gün gələcək ki, bütün dünya, bütün kainat Onun izzətini görəcək. Həmin gün artıq gəlib çatır. Məsihin ucaldılması Onun alçaldılmasından sonra gəlməli idi, izzət taxtına isə Çarmıxa çəkildikdən sonra oturmalı idi. Tikanlı tac izzət tacına çevrilməli idi. İndi Onun yolu Çarmıxdan keçməlidir. Amma qarşıda Onu bütün dünyanın görəcəyi Padşahın zəfəri gözləyir.

33-35

VİDA ƏMRİ (Yəhya 13:33-35)

İsa şagirdlərinə son əmrini söylədi. Vaxt qısa idi. Şagirdlərin Onun səsini eşitməsi vacib idi. Çünki İsa onların gedə bilməyəcəkləri bir yola çıxırdı. O, tək getməli olduğu bir yola çıxırdı. Lakin onları tərk etməzdən əvvəl əmr etdi ki, onları sevdiyi kimi, onlar da bir-birilərini sevsinlər. Bu bizim üçün, eləcə də başqaları ilə münasibətlərimiz üçün nə deməkdir? İsa şagirdlərini necə sevirdi?

1. İsa onları fədakarcasına sevirdi. İnsan nə qədər dərin sevsə də, yenə onda eqoizm elementi qalır. Bəlkə də bunu bilərəkdən etmirik, amma biz çox vaxt öz mənfəətimiz haqqında düşünürük. Biz ala biləcəyimiz xoşbəxtlik və ya sevilmədiyimiz halda rastlaşacağımız tənhalıq barədə düşünürük. Çox vaxt özümüzdən soruşuruq: «Bu sevginin mənə nə faydası var?» Adətən, biz şüur altında şəxsi istəklərimizi və almaqdan çox vermək istəyimizi saxlayırıq. Lakin İsa heç vaxt Öz mənfəətini güdmürdü. Onun yeganə arzusu sevdikləri uğrunda Özünü qurban vermək idi.

2. İsa şagirdlərini canını qurban verməklə sevirdi. İsanın onlar üçün olan məhəbbətinin həddi yox idi. O, şagirdləri üçün hər şeyə hazır idi. Elə bir tələb yox idi ki, Onun üçün çox görünsün. Əgər sevgi Çarmıx demək idisə, İsa ora getməyə də hazır idi. Bəzən biz səhv olaraq belə qənaətə gəlirik ki, sevgi bizi xoşbəxt etməlidir. Düzdür, nəticədə o bizi xoşbəxt edir. Amma özü ilə birlikdə əzab da gətirir, hətta Çarmıxa çəkilmək belə tələb edə bilər.

3. İsa şagirdlərini anlayışla sevirdi. İsa onları hərtərəfli tanıyırdı. Biz insanlarla birlikdə yaşamayana qədər onları tanımırıq. İnsanlarla vaxtaşırı görüşəndə onların yaxşı tərəflərini görürük. Onlarla yaşayanda isə zəifliklərini də öyrənirik. İsa aylarca şagirdləri ilə birlikdə yaşadı. Onlar haqqında bilməli olduğu hər şeyi bilirdi və onları sevirdi! Bəzən deyirik ki, sevginin gözü kordur. Amma belə deyil. Çünki kor olan sevgi sonda məyusluqla bitir. Əsl sevgi açıq gözlə baxır və xəyali insanı deyil, gerçək olanı sevir. Onu olduğu kimi sevir. İsanın bizi olduğumuz kimi sevməyi üçün kifayət qədər məhəbbəti var.

4. İsa şagirdlərini bağışlayaraq sevirdi. Çətin anda hamı Onu tərk etdi. Yer üzündə yaşadığı vaxt şagirdlərdən heç biri Onu başa düşmürdü. Onların hamısı kor, duyğusuz, öyrənməyə ləng, zəif anlayışlı idi. Sonda qorxaq çıxdılar. Lakin İsa onlardan incimirdi. Elə bir nöqsan yox idi ki, İsa onu bağışlaya bilməsin. Bağışlamağa hazır olmayan sevgi yalnız məhv ola bilər. Biz yazıq varlıqlarıq. Həmişə sevdiklərimizi incidirik. Buna görə də hər şeyə tab gətirən sevgi bağışlamalıdır. Bağışlamayan sevgi məhvə məhkumdur.

36-38

TƏRƏDDÜD EDƏN SƏDAQƏT (Yəhya 13:36-38)

Peterlə Yəhuda arasındakı fərq nə idi? Yəhuda İsaya xəyanət etdi. Onun adı dəhşətli biabırçılıqla əlaqələndirilir. Peter isə çətin anda and içərək İsanı inkar etsə də, həmişə dəyərli hesab olunur. Fərq budur: Yəhudanın xəyanəti əvvəlcədən düşünülmüş, qəsdən soyuqqanlılıqla həyata keçirilmişdir. Şübhəsiz ki, Yəhudanın xəyanəti diqqətlə düşünülmüş bir planın nəticəsi idi. Buna görə də o, geri dönmək çağırışlarına sonadək məhəl qoymadı. Peterin inkarı haqqında demək olar ki, o, bunu əvvəlcədən düşünməmişdi. Peter İsanı inkar etmək niyyətində deyildi, sadəcə olaraq, hisslərinə əsir düşdü. Halbuki ürəyi həmişə İsaya qarşı düzgün münasibətdə idi. Soyuqqanlıqla və bilərəkdən edilən günahla, zəif iradə və ya həyəcan səbəbindən qeyri-ixtiyarı edilən günah arasında həmişə böyük fərq var. İnsanın bilə-bilə etdiyi günahla, zəif düşdüyü və ya nə etdiyini bilməyəcək qədər həyəcanlı olduğu vaxt etdiyi günah arasında həmişə fərq var. Allah bizi qəsdən özümüzü və sevdiklərimizi incitməkdən qorusun! Peterin İsaya münasibətində təsirli nəsə var.

1. İsa Peterin bütün zəif cəhətlərini bilirdi. O, Peterin impulsivliyini, qeyri-sabitliyini və düşünmədən danışmağa meylli olduğunu bilirdi. O, Peterin sədaqətinin gücü qədər qətiyyətinin də zəif olduğunu bilirdi. Bir sözlə, Peteri olduğu kimi tanıyırdı.

2. İsa Peterin Onu nə qədər sevdiyini də bilirdi. Kaş başa düşə biləydik ki, çox vaxt bizi incidən, məyus edən insanlar bunu qəsdən etmirlər. Çünki onlar bizi ürəkdən sevirlər. Axı insanda əsas olan onun çatışmazlıqları və zəiflikləri deyil, sevgisidir. İsa bilirdi ki, Peter Onu sevir. Əgər insanların bizi ürəkdən sevdiklərini həmişə xatırlasaq, zəifliklərini bağışlayar və bir çox inciklikdən, faciəli ayrılmalardan qaçardıq.

3. İsa Peteri təkcə olduğu kimi deyil, həm də ola biləcəyi kimi tanıyırdı. O bilirdi ki, Peter indi Onun ardınca gedə bilməsə də, gələcəkdə Onun uğrunda iztirab çəkəcək. Məsihin böyüklüyü ondadır ki, O, qorxaq insanda qəhrəman görür. Çünki insanı olduğu kimi deyil, gələcəkdə Onun əlində necə olacağı kimi görür. Onun insanın necə ola biləcəyini görən sevgi dolu gözləri var. O, həmçinin insanın da buna nail olmasına kömək edən gücə malikdir.

Azərbaycan dilində Müqəddəs Kitab

İsa şagirdlərinin ayaqlarını yuyur
1 Pasxa bayramı ərəfəsi idi. İsa artıq bu dünyadan ayrılıb Atanın yanına gedəcəyi məqamın gəldiyini bilirdi. O, dünyada Özünə məxsus olanları həmişə sevmişdi və axıra qədər də sevdi. 2 Axşam yeməyi zamanı iblis artıq Ona xəyanət etmək fikrini Şimon İskaryot oğlu Yəhudanın ürəyinə qoymuşdu. 3 İsa Atanın hər şeyi Onun ixtiyarına verdiyini, Allahdan gəldiyini və Allahın yanına qayıdacağını bilirdi. 4 O, süfrədən qalxıb üst paltarını bir yana qoydu və bir dəsmal götürüb belinə bağladı. 5 Sonra ləyənə su töküb şagirdlərin ayaqlarını yumağa və belinə bağladığı dəsmalla silməyə başladı. 6 İsa Şimon Peterə yaxınlaşanda o, İsaya «Ya Rəbb, Sənmi mənim ayaqlarımı yuyacaqsan?» dedi. 7 İsa cavabında ona dedi: «Mənim nə etdiyimi sən indi bilməzsən, amma sonra anlayacaqsan». 8 Peter Ona dedi: «Mənim ayaqlarımı heç vaxt yumayacaqsan!» İsa ona cavab verdi: «Əgər səni yumasam, Mənim yanımda yerin olmaz». 9 Şimon Peter Ona dedi: «Ya Rəbb, təkcə ayaqlarımı deyil, əllərimi və başımı da yu». 10 İsa ona dedi: «Çimmiş adam üçün təkcə ayaqlarını yumaq kifayətdir, çünki başdan-başa təmizdir. Siz də təmizsiniz, amma hamınız yox». 11 Çünki Ona kimin xəyanət edəcəyini bilirdi, buna görə də «hamınız təmiz deyilsiniz» söylədi.
12 İsa onların ayaqlarını yuduqdan sonra paltarını geyindi və yenə süfrəyə oturaraq onlara dedi: «Mənim sizə nə etdiyimi bilirsinizmi? 13 Siz Məni “Müəllim” və “Rəbb” deyə çağırırsınız və doğru deyirsiniz, çünki Mən elə Oyam. 14 İndi ki Mən Rəbb və Müəllim olduğum halda sizin ayaqlarınızı yudum, siz də bir-birinizin ayaqlarını yumalısınız. 15 Çünki sizə nümunə göstərdim ki, Mənim sizə etdiyimi siz də bir-birinizə edəsiniz. 16 Doğrusunu, doğrusunu sizə deyirəm: qul ağasından, elçi də onu göndərəndən üstün deyil. 17 Əgər bu şeyləri bilib onlara əməl edirsinizsə, bəxtiyarsınız.
18 Hamınız barədə söyləmirəm. Mən Öz seçdiklərimi tanıyıram. Amma qoy “çörəyimi yeyən Mənə xəyanət etdi” deyən Müqəddəs Yazı yerinə yetsin. 19 İndi bu şeylər baş verməzdən əvvəl sizə bunları söyləyirəm ki, baş verəndə inanasınız: Mən Oyam. 20 Doğrusunu, doğrusunu sizə deyirəm: Mənim göndərdiyim bir nəfəri qəbul edən şəxs Məni qəbul edər, Məni qəbul edən də Məni Göndərəni qəbul edər».
Yəhudanın xəyanəti
(Matta 26:20-25; Mark 14:17-21; Luka 22:21-33)
21 İsa bu sözləri söylədikdən sonra ürəyi təlaşa düşdü və şəhadət edib dedi: «Doğrusunu, doğrusunu sizə deyirəm: sizlərdən biri Mənə xəyanət edəcək». 22 Şagirdlər Onun kimin barəsində danışdığını bilməyib çaşqınlıq içində qalaraq bir-birlərinə baxırdılar. 23 Şagirdlərindən biri – İsanın sevimli şagirdi Onun köksünə sığınmışdı. 24 Şimon Peter həmin şagirdə işarə etdi ki, kimin barəsində danışdığını Ondan soruşsun. 25 Həmin şagird İsanın sinəsinə əyilərək Ondan soruşdu: «Ya Rəbb, o kimdir?» 26 İsa cavab verdi: «Bu çörək tikəsini batırıb kimə versəm, odur». Tikəni batırıb Şimon İskaryot oğlu Yəhudaya verdi. 27 Yəhuda tikəni alan kimi Şeytan onun içinə girdi. İsa ona «Nə edəcəksənsə, tez et!» dedi. 28 İsanın bunu niyə ona söylədiyini süfrədə oturanların heç biri başa düşmədi. 29 Pul qutusu Yəhudada olduğu üçün bəziləri güman etdi ki, İsa ona «bayrama bizə lazım olan şeyləri al» yaxud «yoxsullara bir şey ver» deyir. 30 Yəhuda tikəni alan kimi dərhal bayıra çıxdı. Artıq gecə idi.
Bir-birinizi sevin
31 O çıxandan sonra İsa dedi: «İndi Bəşər Oğlu izzətləndi və Allah da Onda izzətləndi. 32 İndi ki Allah Onda izzətləndi, Allah da Onu Özündə izzətləndirəcək, tezliklə izzətləndirəcək. 33 Ey övladlarım! Az bir müddət də sizinlə olacağam. Siz Məni axtaracaqsınız. Yəhudilərə “Mənim getdiyim yerə siz gələ bilməzsiniz” dediyim kimi indi sizə də bunu söyləyirəm. 34 Sizə yeni bir əmr verirəm: bir-birinizi sevin, Mən sizi sevdiyim kimi siz də bir-birinizi sevin. 35 Əgər bir-birinizə məhəbbətiniz olsa, bütün insanlar biləcək ki, siz Mənim şagirdlərimsiniz».
Peterin inkarı barədə peyğəmbərlik
(Matta 26:31-35; Mark 14:27-31; Luka 22:31-34)
36 Şimon Peter İsadan soruşdu: «Ya Rəbb, hara gedirsən?» İsa cavab verdi: «Getdiyim yerə indi ardımca gələ bilməzsən, amma sonra ardımca gələcəksən». 37 Peter Ona dedi: «Ya Rəbb, niyə indi ardınca gələ bilmərəm? Sənin üçün canımı qurban verərəm». 38 İsa ona dedi: «Mənim üçün canını qurban verərsənmi? Doğrusunu, doğrusunu sənə deyirəm: xoruz banlamazdan əvvəl sən Məni üç dəfə inkar edəcəksən.