Barclay
KİTABLARAudio kitablarHekayələrİlahilərFilmlər və cizgi filmləriXilas haqqında müjdəXoş xəbər hekayələri

Yəhyanın müjdəsi: 12-ci fəsil

V. Barklinin şərhləri

12-ci fəsil

1-8

SEVGİNİN İSRAFI (Yəhya 12:1-8)

Biz bilirik ki, bir çox ilahiyyatçılar Yəhyanın Müjdəsinin bəzi hissələrinin yerinin dəyişdirildiyini düşünürlər. Bəziləri burada da ayələrin yerinin səhv düşdüyünü ehtimal edirlər. Moffatın variantında ayələr belə ardıcıllıqla yenidən düzülüb: 12:19-29, 1-18, 30, 31-42. Biz Müqəddəs Kitabın Azərbaycan dilində qəbul edilmiş qaydaya uyğun variantını oxuyuruq. Lakin oxucu bu hissəni yuxarıda təklif olunan ardıcıllıqla oxumağa çalışsa, hadisələr arasındakı əlaqəni daha aydın görər.

İsanın xidməti və həyatı sona yaxınlaşırdı. İsanın Pasxa bayramında Yerusəlimdə görünməsi həddindən artıq cəsarətli addım idi. Çünki artıq Onun həbsinə göstəriş verilmişdi, O da bundan xəbərdar idi (Yəhya 11:57). Şəhərdə o qədər insan var idi ki, gecələmək üçün yer tapa bilmirdi. Şəhərdən kənarda olan, lakin kifayət qədər yaxın yerləşən Bet-Anya insanları qəbul etməli olan yerlərdən biri idi.

İsa Bet-Anyaya gələndə Onun üçün şam yeməyi hazırlanmışdı. Görünür, bu, Marta, Məryəm və Lazarın evində baş vermişdi. Əks halda, süfrəni Marta açmazdı. Elə buradaca Məryəmin ürəyi Rəbbə məhəbbətlə dolub-daşdı. Onun yarım kiloya yaxın çox bahalı, ətirli yağı vardı. Müjdəçi Yəhya və Mark həmin ətirli yağı pistikos sifəti ilə qeyd edirlər (Mark 14:3; Yəhya 12:3). Qəribədir ki, heç kim bu sözün nə demək olduğunu dəqiq bilmir. Amma dörd ehtimal var. Bu söz sadiq və ya etibarlı mənasını verən pistos sifətindən yarana bilər, bu da «əsl» və ya «həqiqi» mənasını verir. Bu söz içmək mənasını verən pinein felindən yarana, buna görə də «maye» mənasını verə bilər. Bu söz sadəcə olaraq pistikoslu ətirli yağ kimi tərcümə edilən xüsusi bir ticarət adı, yəni bir növ brend ola bilər. Yaxud sadəcə püstə yağı mənasını verə bilər və onun xüsusi ekstraktı ola bilər. İstənilən halda, bu, çox bahalı yağ idi və Məryəm həmin yağla İsanın ayaqlarını məsh etdi. Yəhuda bu hərəkəti sərt şəkildə qınadı. O, bunu israfçılıq adlandırdı və dedi ki, bu yağ satılıb yoxsullara fayda verə bilərdi. İsa onu inandırmağa çalışdı ki, yoxsullara hər an kömək etmək olar. Lakin Ona indi yaxşılıq etmək üçün fürsət var, çünki tezliklə bu fürsət olmayacaq.

Burada bir sıra obrazlar var. Onlara diqqət yetirək.

1. Qarşımızda süfrədə xidmət edən Marta obrazı var. O, Rəbbi çox sevirdi və praktik qadın idi. O, yalnız öz əlləri ilə xidmət etməklə İsaya olan sevgisini göstərə bilərdi. Marta həmişə əlindən gələni edirdi. Həyatda böyük uğur qazanan insanlar ailələrinin qayğısına qalmağa borclu idilər. İsaya həm mətbəxdə, həm ictimai kafedrada, həm də istənilən peşədə uğurla xidmət etmək olar.

2. Sonra biz Rəbb İsanı hamıdan çox sevən Məryəmin obrazını görürük. Burada onun əməlində sevginin üç tərəfi aşkar olur.

a) Biz sevginin israfını görürük. Məryəm əlində olan ən qiymətli şeyi götürüb, onu tamamilə İsaya sərf etdi. Məsrəflərin hesabını tutan sevgi — sevgi deyil. Əsl sevgi hər şeyi qurban verir və daha çoxunu verə bilmədiyi üçün təəssüflənir. Qısa hekayələrin ustası yazıçı O.Henri «Münəccimlərin hədiyyəsi» adlı təsirli hekayə yazmışdı. Hekayədə gənc amerikalı cütlük Della və Cim çox kasıb idi. Onlar bir-birilərini çox sevirdilər. Hər birinin bir qiymətli əşyası var idi. Dellanın saçları o qədər uzun və gözəl idi ki, o, saçlarını açanda onu örtük kimi örtürdü. Cimin isə atasından miras qalmış qızıl saatı var idi. Milad bayramı yaxınlaşırdı və Dellanın Cimə hədiyyə almaq üçün cəmi bir dollar səksən senti var idi. Della saçını iyirmi dollara satdı və həmin pula Cimin saatı üçün platindən nazik zəncir aldı. Axşam evinə gələn Cim Dellanın kəsilmiş saçını görüb təəccübləndi. O, yavaş-yavaş öz hədiyyəsini — qiymətli daşlarla bəzədilmiş iki bahalı darağı Dellaya uzatdı. Cim onları almaq üçün qiymətli saatını satmışdı. Onların hər biri digərinə özündə olan ən qiymətlisini vermişdi. Əsl sevgi başqa cür hərəkət edə bilməz.

b) Biz sevginin təvazökarlığını görürük. İnsanın başını yağla məsh etmək — onu şərəfləndirmək demək idi. Məzmurçu deyir: «Başıma ətirli yağ çəkirsən» (Zəbur 23:5). Lakin Məryəm İsanın başına baxmağa belə cəsarət etmədi. O, təvazökarlıqla Onun ayaqlarını məsh etdi. İsaya xüsusi ehtiram göstərmək onun ağlına belə gəlmirdi. O, buna layiq ola biləcəyini heç ağlına da gətirmirdi.

c) Biz sevginin özünü inkar etməsini görürük. Məryəm İsanın ayaqlarını saçları ilə sildi. İsraildə heç bir ləyaqətli qadın başıaçıq camaatın qarşısına çıxmazdı. Toy günü qızın saçları bərk-bərk hörülürdü. Bundan sonra heç kim onu ​​küçədə saçı açıq halda görməzdi. Saçları açıq qoymaq həmişə əxlaqsızlıq əlaməti hesab edilirdi. Ancaq Məryəm bu barədə heç düşünmədi də. İnsanlar bir-birini sevəndə öz xüsusi dünyalarında yaşayırlar. Onlar başqalarının nə deyəcəyini düşünmədən, küçədə rahat əl-ələ gəzə bilirlər. Bir çox insanlar öz imanını göstərməkdən utanır, başqalarının nə düşünəcəyi və deyəcəyi ilə bağlı həmişə narahat olurlar. Ancaq Məryəm İsanı o qədər sevirdi ki, başqalarının nə düşündüyü ona maraqlı deyildi. Burada sevgi ilə bağlı başqa bir şey də var. Yəhya deyir ki, «yağın ətri evi bürüdü» (12:3). Başqa yerlərdə olduğu kimi, burada da Yəhyanın sözü ikiqat məna daşıyır. Bir çoxları bunu belə şərh edir ki, bütün İmanlı Cəmiyyəti (əsrlər boyu) Məryəmin əməlinin və onun məhəbbətinin ətri ilə doldu. Gözəl bir əməl bütün dünyanın var-dövləti olur və bütün həyata gözəllik bəxş edir. Vaxt keçdikcə bu əməl öz gözəlliyini itirmir.

SEVGİNİN İSRAFI (Yəhya 12:1-8 (ardı))

3. Sonra biz Yəhuda obrazını görürük.

a) İsa Yəhudaya güvəndiyini göstərdi. Yəhya 6:70-71-də deyilir ki, İsa Yəhudanın Ona xəyanət edəcəyini artıq bilirdi. «Siz On İki şagirdi Mən seçmədimmi? Amma sizdən biri iblisdir». Ola bilsin ki, İsa Yəhudanı onların qrupuna xəzinədar təyin edəndə, onun ürəyinə toxunmaq istəyirdi. Bəlkə də İsa onda şərəf hissini oyatmaq istəyirdi və sanki ona belə deyirdi: «Yəhuda, sən burada Mənə xidmət edə bilərsən. Görürsən ki, Mənim sənə ehtiyacım var». Yəhudaya münasibətdə bu yanaşma uğurlu alınmadı. Lakin bu, insanı bərpa etməyin yeganə yolunun güvən olduğu faktını dəyişdirmir. Çünki belə etməklə biz insandan sanki ən yaxşısını gözləyirmiş kimi davranırıq.

b) Biz burada şirnikləndirilmə qanunlarından birini görürük. İsa Yəhudada bu sahədə qabiliyyət görməsəydi, xəzinədarlığı ona həvalə etməzdi. İlahiyyatçı Vestkott öz şərhlərində bu kimi şirnikləndirmələr haqqında belə yazır: «Adətən, təbiətcə daha çox bacardığımız şeylərdə sınağa düşürük». Əgər insan pul məsələlərində bacarıqlıdırsa, o, pulu dünyada ən vacib şey hesab etmək sınağına düşə bilər. Cəmiyyətdə yüksək mövqe tutan insan yaxşı nüfuzdan daha vacib heç nəyin olmadığını düşünə bilər. Əgər insanda hər hansı bir istedad varsa, o, bununla fəxr edə bilər. Yəhudanın pulu idarə etmək qabiliyyəti var idi. Lakin o, pulu o qədər sevirdi ki, pula görə əvvəlcə oğru, sonra isə satqın oldu. Müqəddəs Kitab deyir ki, o, pulqabını özü ilə gəzdirirdi. Burada işlədilən feil yunan dilində bastatsein kimi səslənir. Mənası təkcə sahib olmaq və ya daşımaq deyil, oğurluq anlamında götürmək kimi izah olunur. Başqa sözlə, üstündə pul qutusu olan Yəhuda ondan daim öz mənfəəti, şəxsi ehtiyacları üçün istifadə edirdi. O, sınağa qabiliyyəti vasitəsilə çəkildi.

c) Biz görürük ki, insanın ətraf mühit haqqında təsəvvürü nə qədər təhrif oluna bilər. Yəhuda misilsiz sevgi aktının şahidi olmuşdu, amma bunu israfçılıq adlandırdı. Təbiətcə qəzəbli olduğuna görə o, hər şeyi qəzəb nöqteyi-nəzərindən görməyə başladı.

İnsanın görmə qabiliyyəti onun daxili vəziyyətindən asılıdır. O, ancaq görməyə qadir olduğu şeyləri görür. Əgər biz kimisə bəyəniriksə, onda qüsur görmürük. Amma kimisə bəyənmiriksə, onun hətta ən yaxşı işlərində belə qüsur axtarırıq. Azğın düşüncə gördüyü hər şeyi təhrif edir. Buna görə başqalarını həddindən artıq tənqid edəndə və onlarda qüsur axtaranda, dayanmalı və özümüzə baxmağa başlamalıyıq.

Sonda burada həyatın böyük bir həqiqəti aşkara çıxır. Bəzi şeylər hər zaman edilə bilər. Bəziləri isə vaxtında edilməyəndə, heç vaxt edilməyəcək. Bəzən daxilimizdə nəsə böyük və səxavətli bir iş görmək istəyi yaranır. Amma çox vaxt bunu sonraya — sabaha saxlayırıq. Beləcə nəcib istək keçir, iş isə yerinə yetirilməmiş qalır. Həyat qeyri-müəyyən bir şeydir: bu gün var, sabah yoxdur. Məsələn, biz kiməsə ruhlandırıcı, təsəlli və ya sevgi dolu bir söz demək istəyirik, amma bunu sonraya saxlayırıq və həmin söz deyilməmiş qalır. Nümunə üçün xeyirxah əməli etməkdən ötrü çox gec qalan faciəli hadisəyə diqqət yetirək. Tomas Karleyl arvadı Ceyni çox sevirdi, lakin o, əsəbi və dözülməz bir insan olduğuna görə həyat yoldaşını xoşbəxt edə bilmirdi. Gözlənilmədən arvadı öldü. Karleyl arvadının kağızlarını və qeydlər apardığı dəftəri vərəqləməyə başladı. Keçmiş günlər onda kədərli xatirələr oyatdı. Uzun yuxusuz gecələrdə başa düşdü ki, arvadı onun uşaq kimi kaprizlərindən nə qədər əziyyət çəkib. Onun səhvləri və nöqsanları yaddaşında yenidən canlandı. O, əvvəllər nöqsanlarına az diqqət yetirdiyi qədər, indi də acizyana peşmanlıq çəkərək, onları gözündə böyütməyə başladı. «Ah, — deyə Karleyl inildədi, — kaş onu bir daha görə bilsəydim, yalnız beş dəqiqəlik. Onda ona onu necə sevdiyimi söyləyə bilərdim. Axı o, bunu bilmirdi, heç vaxt bilmirdi». Ediləcək hər işin, deyiləcək hər sözün öz zamanı var. Vaxtında edilməyəndə, vaxtında deyilməyəndə o iş, o söz edilməmiş, deyilməmiş qalacaq.

Yəhuda gileyləndi ki, bahalı ətirli yağ satıla və pulu yoxsullara verilə bildiyi halda israf edilir. Lakin Müqəddəs Yazılarda deyildiyi kimi: «Ölkədə həmişə kasıblar olacaq, buna görə mən sizə belə əmr edirəm: mütləq öz ölkənizdəki kasıb və möhtac soydaşınıza qarşı əliaçıq olun» (Qanunun təkrarı 15:11). Kasıblara kömək istənilən vaxt edilə bilər. Lakin İsaya göstərilən canıyananlıq və məhəbbət Qolqota Çarmıxınadək məhdudlaşırdı. Unutmayaq ki, indi hərəkətə keçməliyik. Çünki fürsət çox vaxt bir də ələ düşmür. İndi edilməyənlər, xüsusən də vaxtında göstərilməyən sevgi sonradan acı təəssüf göz yaşlarına səbəb olur.

9-11

LAZARI DA ÖLDÜRMƏK PLANI (Yəhya 12:9-11)

Xalqın rəhbərləri üçün hər şey onlara sərf etməyən istiqamətə yönəlmişdi. Onlar üçün xoşagəlməz bir vəziyyət yaranmışdı. Bu vəziyyət xüsusilə sadukeylərdə — bütün kahinlərin mənsub olduğu partiyada əksini tapdı.

Bu vəziyyət, ilk növbədə, siyasi baxımdan təhdid yaradırdı. Sadukeylər varlı, aristokrat təbəqəyə mənsub idilər və Roma hakimiyyəti ilə əməkdaşlıq edirdilər. Onların məqsədi özləri üçün sərvət, rahatlıq təmin etmək idi. Nə qədər ki, onlara rəhbər vəzifələr verilmişdi, onlar Roma ilə əməkdaşlığa hazır idilər. Romalılar onlara öz tabeliyində olan padşahlıqlarda bir çox azadlıq vermişdilər. Onlara Roma qubernatorlarının nəzarəti altında özünü idarəetməyə icazə verilmişdi. Lakin ən kiçik ictimai iğtişaş yaranan kimi, Roma amansızcasına müdaxilə edir və onun tələblərini yerinə yetirməyənləri vəzifələrindən uzaqlaşdırırdı. Sadukeylər İsanı üsyanın potensial lideri kimi görürdülər. O, çoxlu insanları Öz tərəfinə çəkmişdi.

Gərgin atmosfer var idi. Nə qədər ki, xalqın üsyanı nəticəsində sadukeylərin rahatlığı pozulmamışdı, onlar İsadan qurtulmağa hazırlaşırdılar. Fariseylərdən fərqli olaraq, sadukeylər ölülərin dirilməsinə inanmırdılar. Lakin burada onların qarşısında İsanın diriltdiyi Lazar dururdu. Belə çıxırdı ki, onda qısa bir zamanda nəsə etməsələr, səlahiyyətləri və təlimlərinin əsası sarsılacaq. Ona görə onlar Lazarı da öldürmək qərarına gəldilər. İnsan mövqeyini qorumaq üçün hansısa ideyanı və ya insanı məhv etmək istəyəndə, o, vicdansız üsullara əl atır və bilərəkdən yalanı dəstəkləyir. Sadukeylər şəxsi maraqlarından ötrü həqiqəti boğmağa hazır idilər. Əksər insanlar üçün şəxsi mənfəət həyatda ən güclü motivatordur. Öz mövqelərini və nüfuzunu qorumaq üçün kahinlər və sadukeylər onlara mane olan hər şeyi məhv etməyə hazır idilər. Şəxsi mənfəətini həqiqətdən üstün tutan və həqiqətdən qorxan insan yazıq, acizdir.

12-19

PADŞAHSAYAĞI QƏBUL (Yəhya 12:12-19)

Pasxa, Əllinci günü və Çardaqlar bayramı yəhudilər üçün məcburi bayramlar idi. Pasxa bayramında dünyanın hər yerindən yəhudilər Yerusəlimə toplaşırdılar. Harada yaşamasından asılı olmayaraq, hər bir yəhudi Pasxa bayramında heç olmasa ömründə bir dəfə Yerusəlimə getməyə can atırdı. Bu günə qədər müxtəlif ölkələrdə Pasxa bayramını qeyd edən yəhudilər «Bu il burada, gələn il Yerusəlimdə» deyirlər. Həmin günlərdə Yerusəlim şəhəri və ətrafındakı şəhərlər, kəndlər insanlarla dolu olurdu. Bir dəfə Pasxa üçün qurbanlıq qoyunların sayı hesablandı və onların sayı 256 500 idi. Adətə görə, on nəfərə bir qurbanlıq qoyun düşürdü. Bu o deməkdir ki, şəhərə təxminən iki milyon yarım insan axışırdı. Hətta bu rəqəm şişirdilmiş olsa belə, qurbanların sayına görə, yenə də adam sayı çox idi. Lazarı dirildən İsanın Yerusəlimə gəldiyi barədə xəbər hər tərəfə yayıldı. Orada iki izdiham var idi: İsanı Bet-Anyadan müşayiət edən və Yerusəlimdən Onu qarşılamağa gələn izdiham. Bu iki izdiham, görünür, dənizin iki axını kimi bir-birinə qarışdı. İsa sıpanın üstündə gəlirdi və camaat onu Qalib kimi qarşıladı. İsanın belə təmtəraqla qarşılanması yəhudi başçılarını qorxuya saldı. Çünki onlara elə gəldi ki, İsanı izləyən izdihamı heç nə dayandıra bilməz. Bu, o qədər mühüm hadisə idi ki, biz orada dəqiq nə baş verdiyini anlamağa çalışmalıyıq.

1. Bu izdihamın içindəki bəzi adamlar, sadəcə olaraq, ölüləri dirildən İnsanı görmək üçün gələn tamaşaçılar idi. Bu qeyri-adi İnsana baxmaq onlara maraqlı idi. Lakin belə maraq tez keçib-gedir. Çünki bir həftə sonra onlar artıq İsanın ölümünü tələb edəcəkdilər.

2. Lakin o gün çoxları İsanı qalib kimi alqışladı. Həmin gün hökm sürən atmosfer məhz belə idi. Camaat İsaya qışqırdı: «Hosanna! Rəbbin ismi ilə gələn İsrailin Padşahına alqış olsun!» İbrani dilində hosanna «indi xilas et» deməkdir. Buna görə camaat, sözün əsl mənasında, «Ey Allah, bizi xilas et» deyə qışqırırdı.

Xalqın İsanı salamladığı sözlər orada baş verənlərə işıq salır. Bu sözlər Zəbur 118:25-26-dan götürülüb. Yəhudi xalqının yaddaşında bu məzmurla bağlı çox şey var idi. Bu, Allahı izzətləndirən, Hallel adlı həmd məzmurları qrupunun (113-118-ci Zəbur) sonuncu məzmurudur. Həmin həmd məzmurları hər bir yəhudi uşağın əzbər bilməli olduğu ilk məzmurlar idi. Bu məzmurlar Məbəddə həmd və şükür yığıncaqlarında tez-tez oxunurdu, Pasxa mərasiminin ayrılmaz hissəsi idi. Bununla yanaşı, bu məzmur həm də Çardaqlar bayramı ilə əlaqələndirilirdi. Bu bayramda yəhudilər özləri ilə Məbədə lulab adlanan xurma budaqları, zeytun və mərsin29 dəstələri gətirirdilər. İnsanlar hər gün Məbədə gəlib, bayramın ilk altı günündə bir dəfə, yeddinci günü isə yeddi dəfə yandırma qurbanları üçün olan böyük qurbangahın ətrafında dolanırdılar. Beləcə qurbangahın ətrafında dolanaraq, insanlar təntənəli surətdə həmin məzmurları, xüsusən də İsanı salamlayan 118-ci məzmurdan olan bu misraları oxuyurdular. Çox güman ki, bu məzmur Nehemya Yerusəlimin dağılmış divarlarını bərpa edəndə və Babil əsarətindən qayıdan yəhudilər yenidən Məbəddə öz Allahlarına ibadət edə bildiyi zaman ilk Çardaqlar bayramı üçün yazılmışdır (Nehemya 8:14-18). Həmin məzmur xüsusi, təntənəli hadisələr üçün yazılmışdır və xalq bunu bilirdi.

Bundan əlavə, bu, qələbə məzmuru idi. Məsələn, İsa Məsihin dövründən yüz il əvvəl suriyalılardan Akrivimi aldıqdan sonra Şimon Makkabini qarşılayan Yerusəlim izdihamı bu ayələri oxuyub qışqırırdı. Şübhəsiz ki, insanlar bu məzmuru oxuyanda İsaya Allahın Məsh etdiyi, Məsih, Xilaskar və gələcək olan Şəxs kimi baxırdılar. Onlar həm də İsada Qalibi görürdülər. Onlara elə gəlirdi ki, hər an şeypur çalınacaq, ordu toplanacaq və yəhudi xalqı Roma və bütün dünya üzərində çoxdan gözlədiyi qələbəsini qazanacaq. İsa Onu Qalib kimi qarşılayan izdihamın alqışları altında Yerusəlimə yaxınlaşdı. Lakin bu alqışlar, yəqin ki, Onun qulaqlarını incidirdi. Çünki xalq İsadan Onun onlara vermək istəmədiyini gözləyirdi və Onun insanların gözləntilərini doğrultmaq niyyəti yox idi.

PADŞAHSAYAĞI QƏBUL (Yəhya 12:12-19 (ardı))

3. Bu vəziyyətdə İsanın camaatla danışması mümkün deyildi. Onun səsi bu böyük insan kütləsinə çatmazdı. Buna görə də O, hamının görə bildiyini etdi. O, sıpanın belinə mindi. Belə jest iki məna daşıyırdı: birincisi, bu, Məsihliyə qəsdən iddia idi. Bu, Zəkəriyyə peyğəmbərin sözlərinin yerinə yetirilməsi idi. Yəhya bu hissəni dəqiq sitat gətirmir. Çünki ola bilsin, onu yadda saxladığı kimi qeyd edir. Amma peyğəmbər belə deyir: «Ey Sion qızı, böyük sevinclə coş, ey Yerusəlim qızı, hayqır! Bax padşahın sənə tərəf gəlir. O, ədalətli və xilaskardır. O, itaətkardır və bir eşşəyə — eşşəyin balası olan sıpaya minib gəlir» (Zəkəriyyə 9:9). Şübhəsiz ki, İsa gəlişini nümayiş etdirməklə Özünü Məsih elan etdi.

Bundan başqa, O Öz gəlişinin mahiyyətini elan etdi. Biz bu mənzərəni düzgün dərk etməliyik. Bizdə eşşək alçaq heyvan sayılsa da, şərqdə nəcib heyvan kimi qəbul edilirdi. İsrail hakimi Yairin «otuz sıpaya minən otuz oğlu» var idi (Hakimlər 10:4). Axitofel eşşəyə minmişdi (2Şamuel 17:23), padşah Şaulun oğlu Mefiboşet eşşəyin üstündə Davudun yanına gəlmişdi (2Şamuel 19:26). Adətə görə, padşah döyüşə atla gedirdi, amma sülh məqsədilə gələndə həmişə eşşəyə minirdi. İsanın davranışı göstərir ki, O, xalqın arzuladığı kimi döyüşən padşah deyil, sülh Hökmdarıdır. O zaman heç kim bunun fərqinə varmadı. Hətta başqalarından daha çox və daha yaxşı bilməli olan şagirdləri də bunu görə bilmədi. Görünür, onlar bir növ izdihamın hay-küyünə qapılmışdılar. Gələcək Olan onların yanına gəlmişdi. Lakin onlar arzuladıqları və görmək istədikləri şəxsi axtarırdılar. Ona görə də Allahın onlara göndərdiyi Şəxsi tanımadılar. İsa Özünün Kim olduğunu aydın şəkildə göstərdi, lakin heç kim Onu başa düşmədi.

4. İzdihamın arxa fonunda yəhudi başçıları dayanmışdı. Onlar özlərini çarəsiz və gücsüz hiss edirdilər. Görünür, İsaya qarşı bu çılğınlığı dayandırmaq üçün heç nə edə bilmirdilər. Onlar «Artıq aləm Onun ardınca getdi» deyirdilər. Yəhudi rəhbərlərinin bu sözlərində Yəhyanın məharətlə qeyd etdiyi istehzanın heyrətamiz nümunəsini bir daha görmək olar. Heç bir başqa Əhdi-Cədid müəllifi belə qısa şəkildə bu qədər çox şey deyə bilməzdi.

İndi İsanın düşmənləri deyirlər ki, bütün aləm Onun ardınca gəlir. Onlar nə dediklərini anlamadan həqiqəti söyləyirdilər. Növbəti hissə yunanların — dünyaya çox təsir edən ilk nümayəndələri, İsrailin hüdudlarından kənar Allahı ilk axtaranlar İsaya necə gəldiyini izah edir. Yəhudi rəhbərləri özləri də dərk etmədən gələcəkdən xəbər verirdilər. Baş verənlərin digər bir heyrətamiz məqamını qeyd etmədən bu hissəni bitirə bilmərik. Dünya tarixində nadir hallarda Məsihin Yerusəlimə daxil olduğu vaxt belə heyrətamiz şücaət müşahidə olunub. Unutmayaq ki, İsa axtarışda idi və hakimiyyət Onu öldürmək niyyətində idi.

Ehtiyatlılıq Onu bu aşkar addımdan çəkindirməli, Onu Qalileyaya və ya səhralara çəkilməyə sövq etməli idi. Əgər Onun Yerusəlimə getməsi zəruri idisə, ehtiyatlılıq ora gizli gedib gizlənməyi diktə etməli idi. Amma O elə gəldi ki, hamı Onu görsün. Bu, ən böyük cəsarətli addım idi. Çünki adi insanın belə bir vəziyyətdə edəcəyinin tam əksini edirdi. Bu, ən yüksək məhəbbət aktı idi. Çünki bu Onun ölümdən əvvəl son çağırışı idi.

20-22

HƏQİQƏTİ AXTARAN YUNANLAR (Yəhya 12:20-22)

Digər Müjdələrdən heç biri bu hadisədən bəhs etmir. Lakin burada yerində qeyd olunub. Dördüncü Müjdə ona görə yazılıb ki, yunanlar məsihçiliyi qiymətləndirə və başa düşə bilsinlər. Buna görə də ilk yunanların İsanın yanına gəlməsindən bəhs etməsi təbii haldır.

Yunanların Pasxa bayramında Yerusəlimdə olması qəribə görünməməlidir. Bunun üçün onların yəhudi dinini qəbul etməsi lazım deyildi. Yunanlar səyahət həvəsi və yeni şeylər öyrənmək istəyi ilə idarə olunan islahedilməz səyyahlar idi. Qədimdə belə bir ifadə var idi: «Siz afinalılar heç vaxt sakitləşməyəcək və başqalarına rahatlıq verməyəcəksiniz». Başqa bir ifadədə isə belə deyilirdi: «Siz yunanlar ürəkləri həmişə gənc olan uşaqlar kimisiniz». Bu hadisədən beş yüz il əvvəl Herodot, özünün dediyi kimi, biliyini artırmaq üçün bütün dünyanı gəzmişdi. Nil çayının yuxarı başında, müasir turistlərimizin etdiyi kimi, yunan səyyahlarından birinin öz adını cızdığı nəhəng Misir heykəli bu günə qədər qalmaqdadır. Təbii ki, yunanlar ticarət və kommersiya məqsədləri üçün də səyahət edirdilər. Lakin onlar qədim dünyada sırf səyahətdən zövq almaq üçün səyahət edən ilk insanlar idi. Buna görə də Yerusəlimdə bir qrup yunanın görünməsi təəccüblü deyildi. Onlar, sadəcə olaraq, şəhərə və insanlara baxmaq üçün gəlmişdilər. Bununla belə, yunanlar təkcə hər şeylə maraqlanan tamaşaçılar deyildilər. Onlar həm də həqiqət axtarışında idilər. Həqiqət axtarışında olarkən müəllimini tez-tez dəyişən, bir fəlsəfədən digərinə keçən, din ardınca din öyrənən yunana rast gəlmək adi hal idi. Yunan daim axtarışda olan və zehnini inkişaf etdirən insan idi.

Bəs necə oldu ki, bu yunanlar İsa haqqında öyrəndilər və Onunla maraqlandılar? İlahiyyatçı D.H.Bernard maraqlı fikir irəli sürür: «İsa xidmətinin son həftəsində Məbədi təmizlədi, sərrafların masalarını aşıraraq onları və göyərçin satanları qovdu. Həmin tacirlərin masaları bütpərəstlərin girməsinə icazə verilən Məbədin böyük həyətlərindən birincisində idi. Lakin oradan içəri girmək qadağan idi. Əgər həmin yunanlar Yerusəlimə səyahət edirdilərsə, mütləq Məbədin bütpərəstlər üçün olan həyətini ziyarət etməli idilər». Ola bilsin ki, onlar hətta İsa tacirləri Məbədin həyətindən qovduğu vaxt bu təsiredici mənzərənin şahidi olmuşlar. Bəlkə də onlar bunu etməyə qadir olan İnsan haqqında daha çox bilmək istəyirdilər. Ancaq necə olursa-olsun, bu hissə hekayənin çox vacib məqamlarından biridir. Çünki burada Müjdənin dünyanın hər yerinə yayılmasına işarə olunur. Yunanlar Filipə xahişlə müraciət etdilər. Niyə məhz Filipə? Bu suala heç kim dəqiq cavab verə bilmir. Filip yunan adıdır. Bəlkə də elə düşündülər ki, yunan adı olan bu adam onlara qarşı yumşaq davranacaq. Ancaq Filip nə edəcəyini bilmirdi. O, kömək üçün Andreyə müraciət etdi. Andrey də tərəddüd etmədən onları İsanın yanına apardı.

Andrey çoxdan başa düşmüşdü ki, İsa heç kimin gəlişindən narahat olmur. O, həqiqəti axtaran insanları heç vaxt Özündən uzaqlaşdırmır.

23-26

MARAQLI PARADOKS (Yəhya 12:23-26)

Əhdi-Cədiddə onu ilk dəfə eşidən adamı bu qədər təsirləndirəcək başqa bir hissə, demək olar ki, yoxdur. Bu hissə asan başa düşülən sözlərlə başlayır. Lakin heç kimin dərhal anlaya bilmədiyi bir sıra deyimlərlə bitir.

İsa dedi: «Bəşər Oğlunun izzətlənmək vaxtı gəldi». Aydın görünürdü ki, hansısa böhran baş qaldırır. İndi böhran vaxtı gəlib çatıb. Amma İsanın bu böhrana yanaşması başqalarının təsəvvür etdiyindən fərqli idi. O Özünü Bəşər Oğlu adlandırarkən, başqalarının bu sözləri, adətən, necə başa düşdüyünü nəzərdə tuturdu. Bu qısa ayənin heyrətamiz mənasını başa düşmək üçün o dövrdə yəhudilərin Bəşər Oğlu deyəndə nə anladıqlarını bilməliyik. Bu ifadəyə Daniel peyğəmbərin kitabında 7:13,14-də rast gəlinir: «Gecə gələn görüntülərdə gördüm ki, budur, bəşər oğluna bənzər Biri göyün buludları ilə gəlir. O, Əzəldən Var Olana yaxınlaşdı və Onun hüzuruna gətirildi. Ona hakimiyyət, izzət və padşahlıq verildi ki, bütün xalqlara, millətlərə və dillərə mənsub adamlar Ona xidmət etsin. Onun hakimiyyəti sona yetməyən əbədi hakimiyyətdir. Onun padşahlığı əsla yox olmayacaq».

Əvvəlki misralarda Daniel öz dövrünün qüdrətli dövlətlərini — Aşşur, Babil, Midiya və Fars imperiyasını təsvir edir. Bu dövlətlər o qədər qəddar idi ki, onları vəhşi heyvan şəklində təsəvvür etməmək mümkün deyildi: qartal qanadlı şir, dişləri arasında üç qabırğa sümüyü olan ayı, belində dörd quş qanadı və onun dörd başı olan bəbir, dəhşətli, heybətli, çox güclü, böyük dəmir dişləri olan və «hər şeyi əzib yeyən, qalıqları isə ayaqları altında tapdalayan» heyvan. Daniel peyğəmbər bu görüntüləri gördüyü vaxt dünya həmin dövlətlərin ixtiyarında idi. Sonra o gördü ki, dünyaya başqa insanpərvər, mülayim və xeyirxah bir səlahiyyət sahibi gəlir. Onu isə vəhşi heyvan kimi yox, insan obrazında təsvir etmək olar. Bu hissə onu göstərir ki, vəhşi azğınlıq zamanı keçəcək və yerini insanlıq dövrü tutacaq.

Bu, yəhudilərin arzusunda olduğu Qızıl Dövr idi. Həyat onlar üçün xoş keçəcək və onlar dünyaya hakim olacaqlar. Bəs bu Qızıl Dövr necə gələcəkdi? Onlar getdikcə daha çox başa düşürdülər ki, yəhudi xalqı kiçik və zəif olduğu üçün Qızıl Dövr Allahın müdaxiləsi olmadan gələ bilməz. Onlar inanırdılar ki, Allah Xilaskar göndərəcək. Daniel peyğəmbərin sözlərinə istinad edərək, Xilaskara Bəşər Oğlundan başqa ad tapa bilmirdilər. Beləcə simvolik sözlər insan obrazını aldı. Əhdi-Ətiq və Əhdi-Cədid arasında yəhudilərin Qızıl Dövrünü təsvir edən çoxlu kitablar yazıldı. Yəhudilər fəlakət və kədər içində olanda, başqa xalqların əsarətinə düşəndə belə, xəyallarını heç vaxt unutmurdular və ondan imtina etmirdilər. Belə kitablardan biri xüsusilə təsirli idi. Bu, Bəşər Oğlu haqqında dəfələrlə xəbərdarlıq edən Xanok peyğəmbərin Kitabı idi. Vaxt gələcək, Allah Onu yer üzünə göndərəcək və O, İlahi qüdrətlə gəlib yəhudilərin dünya hakimiyyətinə yol açacaq.

Yəhudilərin fikrincə, Bəşər Oğlu Allahın onlara göndərdiyi dünyanın yenilməz qalibi idi. İsa bunu bilirdi, ona görə «Bəşər Oğlunun izzətlənmək vaxtı gəldi» dedi. O, bunu deyəndə dinləyicilərin sanki nəfəsi kəsildi. Onlar elə bildilər ki, əbədiyyət şeypuru çalınıb, səma qoşunları yola düşüb, qalib yürüş başlayıb. Lakin İsa «izzətlənmək vaxtı gəldi» deyəndə onların düşündüyünü nəzərdə tutmurdu. Onlar elə fikirləşirdilər ki, dünyanın səltənətləri Fatehin ayaqları altına düşəcək. İsa isə «izzətlənmək» deyəndə Özünün Çarmıxa çəkiləcəyini nəzərdə tuturdu. Bəşər Oğlunun adı çəkiləndə onlar Allahın ordusunun qələbə çalacağını zənn edirdilər. İsa isə Çarmıxdakı qələbəsini nəzərdə tuturdu. İsanın söylədiyi ilk cümlə yəhudiləri sevindirdi. Lakin sonrakı cümlələri onları heyrətə saldı və çaşdırdı. Çünki qələbədən deyil, qurbandan və ölümdən danışırdı. Biz İsanın yəhudilərin gözləntilərini necə alt-üst etdiyini, qələbə arzusunu Çarmıxdakı qələbə ilə əvəz etdiyini başa düşməyənədək, İsanın və yəhudilərin Ona qarşı münasibətini dərk etməyəcəyik. Yəhudilərin İsanı başa düşməməsi təəccüblü deyil. Onların faciəsi onda idi ki, onlar İsanı anlamağa belə cəhd etmədilər.

MARAQLI PARADOKS (Yəhya 12:23-26 (ardı))

İsanın sözlərində əksini tapan bu paradoks nə idi? O, məsihçi imanının və həyatının mahiyyəti haqqında üçtərəfli əsas bir həqiqət söylədi.

1. O deyirdi ki, həyat ancaq ölüm vasitəsilə gəlir. Buğda təhlükəsiz yerdə saxlandıqca faydasız və bəhrəsiz olur. Amma sanki qəbirə qoyulurmuş kimi soyuq torpağa düşəndə bəhrə verir. İmanlı Cəmiyyəti Allah yolunda ölənlərin sayəsində böyüyüb və bu günədək böyüyür. Belə məşhur bir ifadə var: «Şəhidlərin qanı İmanlı Cəmiyyətinin toxumu oldu».

Həmişə belə olub. İnsanlar ölməyə hazır olanda böyük şeylər baş verir. İnsan öz şəxsi istək və ambisiyalarını dəfn etməyə hazır olanda Allaha faydalı olur. Kosmo Lanq Kenterberi arxiyepiskopu oldu. Lakin bir vaxtlar onun böyük dünyəvi məqsədləri var idi. Dindar bir dostunun sayəsində o, hər şeyi tərk edərək İngiltərə kilsəsinə qoşuldu. Pastorluq xidməti üçün Kuddesdonda hazırlıq kursu keçərkən, kilsədə dua vaxtı asanlıqla tanınan bir səs eşitdi: «Sən lazımsan!» Həmin andan etibarən Kosmo Lanq bütün şəxsi ambisiyalarını dəfn etdi və Allaha faydalı oldu. Ölüm vasitəsilə həyat gəlir. Ölüm bahasına olan sədaqət vasitəsilə bəşəriyyətin ən qiymətli xəzinələri yaranıb və bu günədək qorunub saxlanılır. Şəxsi istəklərin və şəxsi ehtirasların ölümü ilə insan Allahın xidmətçisinə çevrilir.

2. İsa dedi ki, bu dünyada canından ötrü qayğı çəkməyən onu əbədi həyat üçün qoruyar. Həyatını sevən insan iki hisslə motivasiya olunur: eqoizm və var-gücü ilə özünü maddi cəhətdən təmin etmək istəyi. İsa dəfələrlə təkrar edirdi ki, canını qoruyan onu itirəcək, canını qurban verən isə onu əbədi olaraq qazanacaq. Məşhur vaiz Kristmas Evene yorulmadan Məsihin Müjdəsini təbliğ edirdi. Bir dəfə ona deyəndə ki, «özünə yazığın gəlsin», o, belə cavab vermişdi: «Paslanmaqdansa yanmaq yaxşıdır». Janna d'Ark görəndə ki, düşmənləri daha güclüdür və vaxtı tükənir, Allaha dua edərək dedi: «Mənim bir ilim qalıb. Bacardığın qədər məndən istifadə et». İsa dəfələrlə Öz qanununu təkrarlayırdı: «Kim canını xilas etmək istəyirsə, onu itirəcək» (Matta 10:39; 16:25; Mark 8:35; Luka 9:24; 17:33).

Əgər dünyada şəxsi təhlükəsizliyini, eqoistcəsinə qazancını və uğurlarını unutmağa hazır insanlar olmasaydı, dünya çox şey itirərdi. Bu barədə düşünməliyik. Dünya özünü düşünmədən Allaha və yaxınlarına həsr edən insanlara borcludur. Əlbəttə, əgər biz «Nə qədər yavaş getsən, bir o qədər də irəli gedəcəksən» atalar sözü ilə hərəkət etsək, daha çox yaşayacağıq. Amma bu, həyat deyil.

3. İsa dedi ki, xidmət vasitəsilə ucalıq gəlir. Biz başqalarına xidmət edənləri məhəbbətlə xatırlayırıq. Bervik adlı bir xanım Liverpul şəhərindəki Qurtuluş Ordusunda çox fəal xidmətçi idi. Lakin təqaüdə çıxandan sonra o, Londona köçdü. İkinci Dünya Müharibəsi başladı və London güclü bombardman edildi. Həmin vaxt o, kifayət qədər qocalmışdı. Amma qərara gəldi ki, nəsə etsin. O, bir qutu dərman və ilk yardım ləvazimatlarını toplayıb, pəncərəyə belə bir lövhə asdı: «Kimin köməyə ehtiyacı varsa, qapını döysün». Beləcə insanlar onun yanına ilk yardıma gedirdilər. Bu, məsihçinin qonşusuna olan münasibətidir.

Təəssüf ki, dünyamız əsl xidmət etmək ideyasını tamamilə itirmək təhlükəsi ilə üz-üzədir. Çoxları müxtəlif müəssisələrdə sırf öz mənfəətləri üçün işləyir. Ola bilsin, varlana da bilərlər. Amma əminliklə demək olar ki, onlar heç vaxt sevilməyəcəklər. Sevgi. Budur, həyatdakı əsl sərvət.

İsa yəhudilərə həyata dair yeni baxış gətirdi. Onlar şöhrəti qələbədə, hakimiyyəti ələ keçirməkdə, idarə etmək hüququnda görürdülər. İsa isə qələbəni Çarmıxda görürdü. O öyrədirdi ki, həyat ancaq ölüm vasitəsilə gəlir; insan yalnız canını qurban verməklə onu qazana bilər; əsl ucalıq isə yalnız xidmətdən yaranır. Bu barədə düşünəndə, heyrətamiz olan odur ki, İsanın bu paradoksu, sadə həqiqətdən başqa bir şey deyil.

27-34

GƏRGİNLİKDƏN ƏMİNLİYƏ (Yəhya 12:27-34)

Bu hissədə Yəhya bizə İsanın gərginliyi qədər Onun zəfərini da açıqlayır. Həmçinin gərginliyin necə zəfərə çevrildiyini göstərir.

1. Yəhya burada Getsemani bağındakı mübarizədən danışmır. O, İsanın Çarmıxdan qaçmaq üçün Öz insani arzusu ilə necə mübarizə aparmağından bəhs edir. Heç kim otuz üç yaşında ölmək istəməz. Xüsusilə Çarmıxda. Lakin dünyanın xilası Ona baha başa gəlməsəydi, Məsihin Ataya itaətində cəlbedici heç nə olmazdı. Əsl cəsarət qorxunun yoxluğu demək deyil, qorxsa da, insanın öz vəzifəsini yerinə yetirməyə hazır olması deməkdir. Məsihin cəsarəti də məhz belə idi. Bir nəfərin qeyd etdiyi kimi: «Burada biz ölümün dəhşətini və itaətin gücünü görürük». Allahın iradəsi Çarmıxda idi. İsa onu qəbul etmək üçün bütün gücünü toplamalı idi.

2. Amma bu epizodun sonu gərginlik yox, zəfər və əminlikdir. İsa bilirdi ki, əgər O, sonadək getsə, şər birdəfəlik məğlub olacaq. Əgər O, ölümədək Allaha itaətli olsa, bu dünyanın rəisinə — şeytana sarsıdıcı zərbə vurulacaq. Bu son mübarizə qaranlığın və pisliyin gücünü əbədi olaraq məhv edəcək. İsa buna əmin idi. Həmçinin əmin idi ki, Onun Çarmıxa çəkilməsi hamını Özünə cəlb edəcəkdir. Bəli, İsa da qələbə istəyirdi. O, insanı həlimləşdirmək istəyirdi. Lakin bilirdi ki, bunu yalnız Özünü Çarmıxda bütün dünyaya göstərməklə edə bilər. O, böyük gərginliklə başladı və şanlı zəfərlə başa çatdırdı.

3. Gərginlik və zəfər arasında nə baş verdi? Gərginliyin zəfərə çevrilməsinə səbəb nə oldu? Göydən Allahın səsi gəldi. Allahın danışması həmişə böyük hadisələrə vəsilə olur. Bir vaxtlar yəhudilər Allahın insanla birbaşa danışdığına inanırdılar. Axı O, birbaşa Şamuel uşaq olarkən onunla danışmışdı (1Şamuel 3:1-14); İlyas peyğəmbər İzevelin qisasından qaçanda Allah birbaşa İlyasla danışmışdı (1Padşahlar 19:1-18); Temanlı Elifaz Əyyub peyğəmbərə dedi ki, o, Allahın səsini eşidir (Əyyub 4:16). Amma bütün bunlar qədim dövrlərdə baş vermişdi. İsanın dövründə yəhudilər artıq Tanrının insanla birbaşa danışmasına tərəddüd edirdilər. Allah indi onların xalqından uzaq idi. Peyğəmbər vasitəsilə danışan səs isə susmuşdu. Onlar inanırdılar ki, ibrani dilində qız səsi mənasını verən Baf-qol olur. Bu səs Müqəddəs Yazılardan sitat gətirir. Amma bu, Allahın birbaşa danışan səsi deyil. Bu səs sanki Allahın səsinin əks-sədası, güclə eşidilən pıçıltı idi. Lakin çoxlu şahidlərin yanında İsa ilə danışan Allahın səsinin əks-sədası deyildi. Bu, Allahın Özünün səsi idi. Böyük həqiqət də elə budur. İsanın simasında insanla danışan Tanrının göydən gələn səsinin uzaq əks-sədası deyil, Allahın birbaşa bizə yönəlmiş səsidir.

Qeyd etmək lazımdır ki, Allah İsa ilə həyatının və xidmətinin ən mühüm anlarında danışmışdı. Məsələn, İsa yer üzündəki xidmətinə təzəcə başlayanda və İordan çayında vəftiz olunanda (Mark 1:11), Çarmıxa çəkilmək üçün Yerusəlimə getməyə qərar verərkən dağda görkəmini dəyişəndə (Mark 9:7) Allah Onunla danışmışdı. İndi də insan ətinin və qanının Çarmıx əzabından əvvəl qüvvətlənməyə və İlahi köməyə ehtiyac duyanda, Allah yenə danışdı. Allah o dövrdə İsa üçün nə etdisə, bu gün hər bir insan üçün onu etməyə hazırdır. Bizə tapşırıq verəndə, nəzarətsiz buraxmır. Bizə göstərişlər verəndə, bizi taleyin ümidinə buraxmır. Tanrı susmur. Amma Onun səsinə qarşı həssas olsaq, O, həmişə həyatın gərginliyi çoxaldıqca və çətinliklər insan gücümüzü aşdıqca bizimlə danışar və zəif bədənimizi qüvvətləndirər. Bizim problemimiz Allahın bizimlə danışmamasında deyil, bizim Ona qulaq asmamağımızdadır.

GƏRGİNLİKDƏN ƏMİNLİYƏ (Yəhya 12:27-34 (ardı))

İsa dedi ki, O, yerdən yuxarı qaldırılanda, bütün insanları Özünə cəzb edəcək. Bəziləri hesab edirdilər ki, O, burada Onun göyə qaldırılmasını nəzərdə tutur. Deməli, İsa dirilmənin qüdrəti ilə ucaldılan zaman hamını Özünə tərəf çəkdi. Ancaq belə bir fikir həqiqətdən uzaqdır. İsa Çarmıxı nəzərdə tuturdu. İnsanlar da bunu bilirdilər. Buna görə də hamı bir daha təəccübləndi. Bəşər Oğlunun Çarmıxla nə əlaqəsi ola bilər? Məgər Bəşər Oğlu sarsılmaz səmavi orduların başında duran yenilməz bir rəhbər deyildimi? Məgər Onun Padşahlığı əbədi qalmalı deyildimi? «Ona hakimiyyət, izzət və padşahlıq verildi ki, bütün xalqlara, millətlərə və dillərə mənsub adamlar Ona xidmət etsin. Onun hakimiyyəti sona yetməyən əbədi hakimiyyətdir. Onun padşahlığı əsla yox olmayacaq» (Daniel 7:14). Məgər Qızıl dövrün Sahibi haqqında deyilməmişdimi ki, «Qulum Davud da əbədi olaraq onların rəhbəri olacaq» (Yezekel 37:25). Məgər Yeşaya peyğəmbər deməmişdimi ki, «Hakimiyyətinin və sülhünün artmasının sonu olmayacaq, O, Davudun taxtı və padşahlığı üzərində hökm sürəcək» (Yeşaya 9:7). Məgər məzmurçu Onun padşahlığı haqqında tərənnüm etməmişdimi: «Öz seçdiyimlə əhd kəsmişəm, Qulum Davud üçün belə and içmişəm...» (Zəbur 89:3). Yəhudilər Bəşər Oğlunu əbədi səltənətlə əlaqələndirirdilər. Lakin burada duran və Bəşər Oğlu olduğunu iddia edən Şəxs deyir ki, Çarmıxa çəkiləcək! Padşahlığı başlamadan sona çatmaq üzrə olan bu Bəşər Oğlu kimdir? Həqiqət isə belədir: İsa haqlı idi. O, ümidini Çarmıxın cazibə qüvvəsinə bağlamışdı. O, haqlı idi. Çünki güc ölsə də, sevgi ondan çox yaşayır. Güc hesabına yaradılan imperiyalar yoxa çıxdı, özündən sonra yalnız dumanlı və zəif xatirələr qoydu. Lakin İsa Məsihin Çarmıxa əsaslanan Padşahlığı ilbəil öz təsirini daha da genişləndirir. İsanın Çarmıxdakı ölümü Ona insanların qəlbinə əbədi nüfuz etməyə imkan verdi. Yəhudilərin Qalib Məsihi ilahiyyatçıların kitablarında haqqında yazdıqları Şəxsdir. Çarmıxdakı Sevgi Padşahı isə taxtı Ona iman edənlərin qəlbində əbədi olaraq möhürlənmiş Padşahdır. Padşahlığın yeganə möhkəm təməli — qurban verən sevgidir.

35-36

NUR OĞULLARI (Yəhya 12:35-36)

Bu hissədə gizli olan vəd və xəbərdarlıq həmişə məsihçi imanını müşayiət edir.

1. Biz burada işıq vədini görürük: İsanın ardınca gedən insan zülmətdən azad olur, çünki İsa Məsih dünyanın Nurudur. Elə kölgələr var ki, istənilən işığı gec-tez qaraldır. Məsələn, qorxu və təhlükə kölgəsi. Bəzən irəliyə baxmaqdan qorxuruq. Bəzən risk etməkdən və həyatdakı dəyişikliklərdən qorxuruq, xüsusilə başqalarının həyatında onların təsirini görəndə. Şübhə və əminsizlik kölgələri var. Bəzən qarşıdakı yol aydın olmadığından biz əlimizlə yoxlaya-yoxlaya gedirik və nədənsə yapışmaq üçün heç nə tapmırıq. Kədərin də kölgələri olur. Gec-tez günəş batır, işıq sönür. Amma İsanın ardınca gedən adam hər cür qorxu və şübhədən azad olur, qəlbində heç kimin əlindən ala bilməyəcəyi bir sevinc yaşayır.

2. Biz burada gizli xəbərdarlıq da görürük. Hər şeydə İsaya güvənmək, Onu Rəbb və Xilaskar kimi qəbul etmək qərarı indi verilməlidir. Həyatda hər şey vaxtında edilməlidir, əks halda, gecikə bilərsiniz. Elə iş var ki, onu ancaq fiziki güc sayəsində yerinə yetirmək olar. Elə şeylər var ki, onları ancaq zehin açıqlığı və yadda saxlamaq qabiliyyətimiz varkən öyrənə və mənimsəyə bilərik. Elə şeylər də var ki, onları vaxtında söyləmək və yerinə yetirmək lazımdır. Əks halda, həmin işlər üçün vaxt keçəcək və əldən buraxılanları demək və etmək çox gec olacaq. İsa ilə də belədir. İsa bunu deyərkən yəhudiləri Ona Çarmıxa çəkilməmişdən əvvəl iman etməyə çağırdı. Çünki sonra O onların yanında olmayacaqdı.

Bu, əbədi həqiqətdir. Statistika göstərir ki, insanlar on yeddi yaşına qədər asanlıqla imana gəlir. Sonra isə onların imana gəlmə ehtimalı azalır. Çünki insanın imansızlığı və dəyişmək istəməməsi nə qədər dərin olursa, onun yerindən tərpənməsi bir o qədər çətinləşir. İnsanlara ən böyük bəxtiyarlıq Məsihdə verilir. Bunu əldə etmək heç vaxt gec deyil. Amma məsələ budur ki, bu həqiqəti vaxtında dərk edəsən.

37-41

KOR-KORANƏ İMANSIZLIQ (Yəhya 12:37-41)

Bu hissə istər-istəməz bir çox insanı narahat edir. Həvari Yəhya Yeşaya peyğəmbərdən iki ayə sitat gətirir (Yeşaya 53:1-2). Burada peyğəmbər soruşur ki, onun Məsih haqqında söylədiklərinə inanan varmı? Allahın Onda göstərdiyi qüdrəti dərk edən varmı? Lakin ikinci hissədə (Yeşaya 6:9-10) deyilir: ««Get bu xalqa bunu çatdır: «Eşitdikcə eşidəcəksiniz, amma anlamayacaqsınız, gördükcə görəcəksiniz, amma qanmayacaqsınız. Bu xalqın ürəyini kütləşdir, qulaqlarını ağır eşidən elə, gözlərini yum ki, gözləri ilə görməsinlər, qulaqları ilə eşitməsinlər, ürəkləri ilə anlamasınlar və Mənə sarı dönüb şəfa tapmasınlar»». Bu hissə Əhdi-Cədiddə dəfələrlə təkrarlanır (Matta 13:14.15; Mark 4:12; Luka 8:10; Həvarilərin işləri 28:17; Romalılara 11:8; 2 Korinflilərə 3:14). Bu ayə insanda elə təəssürat yaradır ki, bəzi insanlar Allaha iman etməsin deyə, sanki Allah Özü onları imansızlığa məhkum edib. Bunu təsəvvür etmək dəhşətlidir. Belə düşünmək yanlışdır. Müqəddəs Yazıların bu hissələrini necə izah etsək də, İsanın bizə Özündə göstərdiyi Allahın bəzi insanları imansızlığa məhkum etməsinə inana bilmərik.

Bununla bağlı iki məqama toxunmaq lazımdır.

1. Biz özümüzü Yeşaya peyğəmbərin yerinə qoymalı, onun düşüncə tərzinə və qəlbinə nüfuz etməyə çalışmalıyıq. O, Allahdan aldığı sözü bəyan etdi və əlindən gələni əsirgəmədi, lakin xalq onu qəbul etməkdən imtina etdi. Sonda belə deməyə məcbur oldu: «Dediyim bütün vədlərə baxmayaraq, bunları deməyə də bilərdim. Çünki mənim sözüm xalqı yaxşılaşdırmaq əvəzinə, onu daha da pisləşdirir. Onlar dediklərimi qulaqardına vura bilərlər. Çünki onların laqeydliyi, itaətsizliyi və imansızlığı onları kütləşdirib. Sanki Allah onları ruhən korazehin edib». Yeşaya peyğəmbər bu sözləri ürəyi yana-yana deyir. Bu, sözləri xalqı yaxşılaşdıran deyil, əksinə, pisləşdirən və bundan tamamilə çaş-baş qalan adamın sözləridir. Bu ayəni hərfi mənada qəbul edənlər onu səhv başa düşəcəklər.

2. Amma burada başqa bir şey də var. Yəhudilər inanırdılar ki, baş verən hər şeyin arxasında Allah durur. Onlar inanırdılar ki, Allahın izni olmadan heç nə baş vermir. Buna görə də insanların Allahın Kəlamını qəbul etməməsi İlahi planın bir hissəsi kimi qəbul edilir. Amma belə demək daha yaxşı olar: Allah Öz hikməti və qüdrəti ilə insanların imansızlığından belə ali məqsədləri üçün istifadə edir. Həvari Paul da bu barədə danışır. O, Allahın yəhudilərin imansızlığından başqa millətlərin Məsihə iman etməsi üçün necə istifadə etdiyini gördü.

Biz bu hissəni Allahın bəzilərini imansızlığa məhkum etməsi kimi şərh etməməliyik. Əksinə, Allahın hətta insanların imansızlığından Öz məqsədi üçün istifadə etdiyini qəbul etməliyik. Yəhudilər Allahın təqsiri üzündən deyil, öz günahları üzündən Ona iman etmirdilər. Bu da bir sirr kimi Allahın ümumi planında öz yerini tutdu. Allah o qədər böyükdür ki, dünyada heç bir şey, hətta günah belə Onun hikmətindən kənarda deyil.

42-43

QORXAQLARIN İMANI (Yəhya 12:42-43)

Lakin heç də hamı İsanın sözlərini qulaqardına vurmurdu. Hətta yəhudi başçıları arasında belə Ona ürəyinin dərinliyində iman edənlər var idi. Sadəcə onlar iman etdiklərini açıq şəkildə etiraf etməkdən və sinaqoqdan qovulmaqdan qorxurdular. Belə insanlar mümkün olmayanı mümkün etməyə çalışırdılar, yəni Məsihin gizli şagirdləri olmaq istəyirdilər. Gizli şagirdlik deyə bir şey yoxdur, çünki ya gizlilik şagirdliyi öldürəcək, ya da şagirdlik gizliliyi. İynəni kisədə gizlətmək mümkün deyil. Əgər kisədə iynə varsa, bir qıraqdan çıxacaq. Əgər çıxmırsa, deməli, kisədə deyil.

Məsihin gizli ardıcılları qorxurdular ki, Məsihə imanlarını açıq şəkildə etiraf etsələr, çox şey itirərlər. Qəribədir, insanlar öz dəyərlərini çox vaxt səhv salırlar və hansısa böyük bir işi dəstəkləməkdən imtina edirlər. Çünki bu onların maraqlarına mane olur. Janna d'Ark hamı tərəfindən tərk edildiyini və tamamilə tək qaldığını anlayanda belə dedi: «Bəli, mən yer üzündə təkəm. Mən həmişə tək olmuşam. Atam qardaşlarıma deyirdi ki, qoyunlara baxmasam, məni suda boğsunlar, halbuki Fransa qan içində idi. Qoy Fransa məhv olsun, təki qoyunlarımız sağ-salamat qalsın». Bu fransız kəndlisi öz qoyunlarının təhlükəsizliyini ölkəsinin təhlükəsizliyindən üstün tuturdu. Yəhudi başçıları də onun kimi idilər. Onlar bilirdilər ki, İsa haqlıdır. Bilirdilər ki, digər kahinlər və başçılar Onu öldürmək və Onun bütün işlərini məhv etmək üçün sui-qəsd hazırlayırlar. Lakin Ona iman etdiklərini açıq etiraf etməyə hazır deyildilər. Çünki bu onların mövqelərinə, gəlirlərinə və xalq arasında hörmətlərinə baha başa gələcəkdi. Onlar həm cəmiyyətdən, həm sinaqoqdan qovulacaqdılar. Bu səbəbdən imanlarını müdafiə edəcək qədər cəsarətli deyil, ikiüzlülük edirdilər.

Həvari Yəhya onların vəziyyətini bir sözlə belə gözəl ifadə etmişdi: «...insanlardan izzət qazanmağı Allahdan izzət almaqdan artıq sevdilər» (12:43). Şübhəsiz ki, onlar özlərini müdrik və uzaqgörən hesab edirdilər. Eyni zamanda başa düşmürdülər ki, insan izzəti bir neçə il davam etsə də, Allahın izzəti əbədidir. Əsl hikmət və uzaqgörənlik insanın fikrindən çox Allahın fikrinə üstünlük verir. Zamanla yox, əbədiyyətlə düzgün münasibətdə olmaq daha yaxşıdır.

44-50

QAÇILMAZ MÜHAKİMƏ (Yəhya 12:44-50)

Yəhyanın Müjdəsinə görə, bu, İsanın açıq şəkildə söylədiyi son söz idi. Bundan sonra O, təklikdə şagirdlərini öyrədəcək, sonra isə Pilatın qarşısında dayanacaqdı. Bu isə camaata açıq şəkildə söylənilən son çıxış idi. İsa deyir ki, Onun yanına gələnlər Allahın yanına gəlirlər. Onu dinləmək Allahı dinləmək, Onu görmək Allahı görmək deməkdir. Onun vasitəsilə Allah insanla, insan da Allahla görüşür. Bu görüşün iki nəticəsi var və hər ikisi də hökmün mahiyyətini ehtiva edir.

1. İsa yenidən dördüncü Müjdəyə xas olan fikrə qayıdır. O, dünyaya DÜNYANI mühakimə etmək üçün deyil, onu xilas etmək üçün gəlib. İsanı insanlara göndərən Allahın qəzəbi deyil, məhəbbətidir. İsanın gəlişi qaçılmaz olaraq Özü ilə hökm də gətirir. Bu niyə belədir? Çünki insan İsaya bəslədiyi münasibətilə kim olduğunu, hansı mövqeyi tutduğunu göstərir. Bununla da özünü mühakimə edir. Əgər o, İsaya can atıb, amma istədiyi kimi yaşaya bilmirsə, artıq qəlbində Allahın təsirini hiss edib, buna görə də təhlükəsizlikdədir. Əgər o, İsada cazibədar bir şey görmürsə və Onun hüzuru ürəyinə toxunmursa, bu o deməkdir ki, o, Allaha qarşı biganədir, bununla da özünü mühakiməyə məruz qoyur. Yəhyanın Müjdəsində bu müqayisəyə tez-tez rast gəlinir. İsa insanları sevdiyinə görə yer üzünə gəldi. Bununla belə, O, həmişə həm seçim verir, həm də Özü ilə mühakimə gətirir. Daha əvvəl dediyimiz kimi, insana saf sevgi təklif etmək olar, o isə bunda yaxşı heç nə görməyə bilər. O zaman saf sevgi onun üçün mühakiməyə çevrilir. İsa Allahın məhək daşıdır. İnsanın Ona olan münasibəti ilə əslində kim olduğu aşkara çıxır.

2. İsa dedi ki, insanların Ondan eşitdiyi sözlər onları axirətdə mühakimə edəcək. Bu, ən vacib həqiqətlərdən biridir. İnsanı bilmədiklərinə görə ittiham etmək olmaz. Amma həqiqətin və yaxşılığın nə olduğunu bilə-bilə pislik edirsə, onun mühakiməsi daha ciddi olur. Ona görə də eşitdiyimiz hər bir hikmətli söz, həqiqəti bilmək üçün hər fürsət sonda əleyhimizə şahidlik edəcək. XVIII əsrdə yaşamış bir ilahiyyatçı sadə insanlar üçün məsihçi inancının bir növ katexizmini yazmışdı. Sonda belə bir SUAL vermişdi: «Müjdəyə məhəl qoymayan adamın aqibəti necə olacaq?» Cavab belə idi: «O, mühakimə olunacaq, xüsusilə «bu kitabı oxuduğuna görə»«.

Bildiyimiz, lakin qəbul etmədiyimiz hər şey Hökm günündə əleyhimizə şahidlik edəcək.

Azərbaycan dilində Müqəddəs Kitab

Məryəmin İsaya hədiyyəsi
(Matta 26:6-13; Mark 14:3-9)
1 Pasxadan altı gün əvvəl İsa Bet-Anyaya gəldi. İsanın ölülər arasından diriltdiyi Lazar da orada idi. 2 Orada İsanın şərəfinə ziyafət verdilər. Marta xidmət edirdi. Lazar da İsa ilə birgə süfrə arxasında oturanların arasında idi. 3 Məryəm isə bir litra çox qiymətli xalis nard yağını götürərək İsanın ayaqlarına çəkib onları saçları ilə sildi. Yağın ətri evi bürüdü. 4 Lakin İsanın şagirdlərindən biri, Ona xəyanət edəcək Yəhuda İskaryot dedi: 5 «Nə üçün bu ətir üç yüz dinara satılıb yoxsullara verilmədi?» 6 Bu sözü yoxsulların qayğısına qaldığı üçün deyil, oğru olduğuna görə söylədi, çünki özündə olan pul qutusuna qoyulanların bir hissəsini oğurlayırdı. 7 Onda İsa dedi: «Qadını rahat burax, qoy bunu Mənim dəfn günüm üçün saxlasın. 8 Çünki yoxsullar həmişə sizin yanınızdadır, Mənsə həmişə yanınızda olmayacağam».
9 Yəhudilərdən böyük bir kütlə İsanın orada olduğunu öyrənəndə həm İsaya görə, həm də Onun ölülər arasından diriltdiyi Lazarı görmək üçün oraya gəldi. 10 Onda başçı kahinlər öz aralarında Lazarı da öldürməyi qərara aldılar. 11 Çünki Lazara görə çoxlu Yəhudi gedib İsaya iman edirdi.
İsanın Yerusəlimə daxil olması
(Matta 21:1-11; Mark 11:1-11; Luka 19:28-40)
12 Ertəsi gün bayrama gələn böyük kütlə İsanın Yerusəlimə gələcəyini eşidəndə 13 xurma budaqları götürərək Onu qarşılamağa çıxdı. Onlar
«Hosanna!
Rəbbin ismi ilə gələn İsrailin Padşahına alqış olsun!»
deyə qışqırırdı. 14 İsa bir sıpa tapıb belinə mindi. Necə ki yazılıb:
15 «Ey Sion qızı, qorxma.
Bax Padşahın bir sıpaya minib gəlir».
16 Şagirdləri o zaman bu şeyləri anlamadılar. Lakin İsa izzətlənəndən sonra barəsində bunun yazıldığını və xalqın Ona nə etdiyini yada saldılar. 17 İsanın Lazarı qəbirdən çağırıb ölülər arasından diriltdiyi zaman Onun yanında olan camaat buna şahid idi. 18 Xalq İsanın bu əlaməti göstərdiyini eşitmişdi, buna görə də Onu qarşılamağa çıxdı. 19 Bu səbəbdən fariseylər bir-birlərinə dedilər: «Baxın əlinizdən bir iş gəlmir. Artıq aləm Onun ardınca getdi».
İsa öləcəyini əvvəlcədən bildirir
20 Bayramda Yerusəlimə ibadətə gələnlər arasında bəzi Yunanlar da var idi. 21 Onlar Qalileyanın Bet-Sayda şəhərindən olan Filipin yanına gəlib «ağa, biz İsanı görmək istəyirik» deyə ondan xahiş etdilər. 22 Filip gəlib Andreyə söylədi, Andrey və Filip də birgə gəlib İsaya xəbər verdilər. 23 İsa cavabında dedi: «Bəşər Oğlunun izzətlənmək vaxtı gəldi. 24 Doğrusunu, doğrusunu sizə deyirəm: əgər bir buğda dənəsi torpağa düşüb ölmürsə, tək qalır, amma ölürsə, çoxlu məhsul verir. 25 Öz canını sevən kəs onu itirər, bu dünyada canı üçün qayğı çəkməyənsə onu əbədi həyat üçün qoruyar. 26 Kim Mənə xidmət etmək istəsə, ardımca gəlsin. Mən harada olacağamsa, Mənim xidmətçim də orada olacaq. Kim Mənə xidmət etsə, Ata ona hörmət edəcək.
27 İndi ürəyim təlaş keçirir. Nə deyim? “Ey Ata, Məni bu andan xilas et” deyimmi? Lakin Mən elə bu an üçün gəldim. 28 Ey Ata, Öz adını izzətləndir!» Bunun cavabında göydən «Öz adımı izzətləndirdim, yenə də izzətləndirəcəyəm» deyə bir səs gəldi. 29 Orada duran xalqın bir qismi «göy guruldadı» dedi, başqaları isə «Onunla bir mələk danışdı» söylədi. 30 İsa cavab verdi: «Bu səs Mənim üçün deyil, sizin üçün gəldi. 31 İndi isə bu dünyaya hökm veriləcək və bu dünyanın hökmdarı bayıra atılacaq. 32 Mən yerdən yuxarı qaldırılsam, bütün insanları Özümə cəzb edəcəyəm». 33 İsa bu sözü söyləməklə necə bir ölümlə öləcəyinə işarə etdi. 34 Xalq Onun cavabında dedi: «Qanundan eşitdiyimizə görə Məsih əbədi qalacaq. Bəs Sən niyə “Bəşər Oğlu yuxarı qaldırılmalıdır” deyirsən? Bu Bəşər Oğlu kimdir?» 35 Onda İsa onlara dedi: «Qısa bir müddət də nur sizin aranızda olacaq. Nurunuz olarkən gəzin ki, sizi qaranlıq tutmasın. Çünki qaranlıqda gəzən hara getdiyini bilməz. 36 Nurunuz var ikən nura iman edin ki, nur övladları olasınız».
Xalqın inadkarlığı
İsa bu sözləri söyləyəndən sonra gedib onlardan gizləndi. 37 Onların qabağında bu qədər əlamət göstərdiyi halda yenə Ona iman etmirdilər. 38 Bunlar ona görə baş verdi ki, Yeşaya peyğəmbərin bu sözləri yerinə yetsin:
«Ya Rəbb, xəbərimizə kim inandı,
Rəbbin gücü kimə zühur oldu?»
39 Onlar iman edə bilmirdilər, ona görə ki Yeşaya başqa yerdə deyib:
40 «Allah onların gözlərini kor etdi
Və ürəklərini kütləşdirdi ki,
Gözləri ilə görməsinlər,
Ürəkləri ilə anlamasınlar
Və Mənə sarı dönməsinlər ki,
Mən onlara şəfa verim».
41 Yeşaya İsanın ehtişamını gördüyü üçün bu sözləri deyərək Onun barəsində danışıb. 42 Bununla bərabər, rəhbərlərdən bir çoxu İsaya iman etdi, lakin sinaqoqdan qovulmasınlar deyə fariseylərə görə bunu açıq bildirmədilər. 43 Çünki insanlardan izzət qazanmağı Allahdan izzət almaqdan artıq sevdilər.
44 İsa nida edib dedi: «Mənə iman edən Mənə deyil, Məni Göndərənə iman edir. 45 Məni görən də Məni Göndərəni görür. 46 Mən dünyaya nur olub gəldim ki, Mənə iman edən hər kəs qaranlıqda qalmasın. 47 Kim sözlərimi eşidib onlara riayət etməzsə, Mən onu mühakimə etmərəm, çünki dünyanı mühakimə etmək üçün deyil, onu xilas etmək üçün gəldim. 48 Məni rədd edib sözlərimi qəbul etməyəni mühakimə edən bir şey var: bu da Mənim söylədiyim sözdür ki, son gündə onu mühakimə edəcək. 49 Çünki Mən Özümdən söyləmədim, Məni göndərən Ata nə deyəcəyim və nə söyləyəcəyim haqqında Mənə əmr verdi. 50 Mən bilirəm ki, Onun əmri əbədi həyatdır. Beləcə Mənim söylədiklərimi Ata Mənə necə dedisə, eləcə də söyləyirəm».