Barclay
KİTABLARAudio kitablarHekayələrİlahilərFilmlər və cizgi filmləriXilas haqqında müjdəXoş xəbər hekayələri

Yəhyanın müjdəsi: 11-ci fəsil

V. Barklinin şərhləri

11-ci fəsil

1-5

İZZƏTƏ APARAN YOLDA (Yəhya 11:1-5)

İnsanın dünyada sahib ola biləcəyi ən qiymətli şey evi və ailəsidir ki, o, istənilən vaxt gəlib orada dinclik, rahatlıq, anlayış və sevgi tapa bilir. İsanın isə Öz evi, başını qoymağa yeri yox idi (Luka 9:58). Lakin Bet-Anyadakı bu ailədə O Özünə məhz belə bir yer tapmışdı. Burada Onu sevən üç nəfər var idi. İsa burada həyatdakı gərginlikdən həmişə rahatlıq tapırdı.

Anlayış və rahatlıq bir insanın digərinə verə biləcəyi ən qiymətli hədiyyədir. Biləndə ki, həmişə rahatlıqla üz tuta biləcəyiniz yer var və orada sizin xəyallarınıza rişxənd etməyəcəklər, dərin düşüncələrinizi səhv başa düşməyəcəklər — bundan gözəl dünyada heç nə yoxdur. Bu münasibəti pulla almaq mümkün deyil. Belə münasibət dəbdəbəli qonaqpərvərlik tələb etmir. Bunun üçün yalnız xeyirxah ürək lazımdır. Yorğunlar üçün istirahətdən daha böyük hədiyyə ola bilməz. İsanın da Məryəm, Marta və Lazarın Bet-Anyadakı kiçik evlərində tapdığı hədiyyə də məhz bu idi.

Lazar adının mənası «Allah mənim köməyimdir» deməkdir. Bu, Eleazar adı ilə eyni məna daşıyır. Lazar xəstələndi və bacılar bu barədə İsaya xəbər göndərdilər. Qeyd etmək yerinə düşərdi ki, İsanın onların yanına gəlməsi üçün yalnız bir xəbər kifayət idi. Avqustin bu hadisəyə diqqət yönəldərək deyirdi ki, İsanın Lazarın xəstələndiyini bilməsi bəs elədi. Çünki bir insanın eyni anda kimisə sevməsi və çətin anda onu buraxması mümkün deyil.

Yazıçı S.F.Andryus Birinci Dünya Müharibəsində orduda birlikdə xidmət edən iki dostun hekayəsindən bəhs edir. Onlardan biri yaralanmışdı və neytral zonada qalmışdı. Digəri dostuna kömək etmək üçün həyatını riskə ataraq sürünə-sürünə həmin əraziyə keçmişdi. Dostunun yanına çatanda yaralı əsgər başını qaldırıb sakitcə dedi: «Bilirdim ki, gələcəksən».

İsa bilirdi ki, Lazarın hansı vəziyyətdə olmasından asılı olmayaraq, O, bunun öhdəsindən gələ bilər. Özünün dediyi kimi, «bu xəstəliyin nəticəsi ölüm yox, Allahın izzəti və Allah Oğlunun bununla izzət qazanması olacaq». Bu ifadə iki mənada doğru idi.

1. Şəfa, şübhəsiz ki, insanlara Allahın izzətini aydın görmək imkanı verəcək.

2. Ancaq bu, hər şey demək deyildi. Bu Müjdədə İsa Çarmıxa çəkilmə ilə əlaqədar olaraq Öz izzətini dönə-dönə vurğulayır. Müjdəçi Yəhya 7:39-da deyir ki, Müqəddəs Ruh hələ yox idi, çünki İsa hələ izzətlənməmişdi, yəni hələ Çarmıxda ölməmişdi. Bəzi yəhudi dinini qəbul edən yunanlar Filipə yaxınlaşıb İsanı görmək istəyəndə, İsa dedi: «Bəşər Oğlunun izzətlənmək vaxtı gəldi» (12:23). İsa çoxlu bəhrə vermək üçün torpağa düşməli və ölməli olan buğda dənəsindən danışanda, Çarmıxa çəkiləcəyini və izzətlənəcəyini nəzərdə tuturdu. 12:16-da Yəhya deyir ki, şagirdlər bütün bunları İsa izzətlənəndən sonra, yəni ölüb diriləndən sonra xatırladılar. Dördüncü Müjdə aydın şəkildə göstərir ki, İsa Çarmıxda ən yüksək izzətini və izzətə aparan yolu görürdü. Buna görə də, O, Lazarın şəfasının Allahın izzəti üçün olduğunu söyləyəndə, yaxşı bilirdi ki, Bet-Anyaya gəlməyi və Lazarı sağaltmağı Onu Çarmıxa bir addım da yaxınlaşdırır. Necə ki sonradan elə də oldu.

Başımıza hər hansı iş gələndə və ya xəstələnəndə, xüsusilə bu vəziyyətdə Rəbbə sadiq qalanda, daşıdığımız bu Çarmıxı təkcə öz izzətimiz kimi deyil, həm də daha böyük izzətə aparan vasitə kimi görmək çox vacibdir. İsanın izzətlənməsi üçün Qolqota Çarmıxından başqa yolu yox idi. Onun ardınca gedən hər kəsdə də belə olmalıdır.

6-10

VAXT ÇOX DEYİL, AMMA KİFAYƏT QƏDƏRDİR (Yəhya 11:6-10)

Lazarın xəstəliyi barədə xəbəri alandan sonra İsanın daha iki gün yubanması bizə qəribə görünə bilər. Müqəddəs Yazıların şərhçiləri bu gecikmənin səbəbini müxtəlif cür izah edirlər.

1. Belə bir fikir var ki, İsa qəsdən yubanırdı, yəni Bet-Anyaya gələndə Lazar artıq ölmüş olsun.

2. Bu onu göstərir ki, İsanın gecikməsi Onun möcüzəsini daha da təsirli edərdi. Ölmüş adamı dörd gündən sonra diriltmək möcüzəsi heç nə ilə müqayisə oluna bilməzdi.

3. Yəhyanın bu hadisəni belə izah etməsinin səbəbi var. O göstərmək istəyirdi ki, İsa heç vaxt başqalarının Onu dilə tutması əsasında hərəkət etmirdi. Məsələn, Qalileyanın Qana şəhərindəki toy ziyafətində suyun şəraba çevrilməsi haqqında hekayədə (2:1-11) Məryəm İsaya yaxınlaşdı və Ona ev sahiblərinin düşdüyü çətin vəziyyətdən danışdı. İsanın ilk cavabı belə oldu: «Ana, Məndən nə istəyirsən? Mənim vaxtım hələ çatmayıb». Yəni başqa sözlə: «İndi Məni narahat etmə, qoy Öz bildiyim kimi edim». İnsanlar İsanın gördüyü işləri görsünlər deyə, qardaşları Onu Yəhudeyaya getməyə dəvət edəndə (7:1-10) İsa əvvəlcə imtina etdi, lakin sonra Özü lazım bildiyi vaxt getdi. İsa başqalarının təzyiqi və ya təsiri altında deyil, lazımi anda Öz bildiyi kimi hərəkət edirdi. O, indi də belə edir. Bizim üçün bu xəbərdarlıqdır. Çünki biz çox vaxt istəyirik ki, İsa bizim diləklərimizi bizim istədiyimiz kimi etsin. Amma biz Ona tam sərbəstlik verməliyik.

Nəhayət, İsa Yəhudeyaya gedəcəyini bildirəndə, şagirdləri heyrətə gəldilər. Çünki İsa sonuncu dəfə orada olanda yəhudilər Onu daşqalaq etməyə cəhd etmişdilər. Şagirdlər də bunu unutmamışdılar. Belə bir vaxtda Yəhudeya səfəri onlara intihar kimi görünürdü. Burada İsa onlara böyük və əbədi həqiqəti ehtiva edən bir söz söylədi. «Gündə on iki saat yoxdurmu?» Bu sualda üç vacib məqam var.

1. Gün günəş batana qədər bitə bilməz. Günün ixtiyarında on iki saat var və nə olursa-olsun, onlar keçməlidir. Günün saatları dəqiq təyin olunub və məhduddur. Bu saatları nə qısaltmaq, nə də uzatmaq olar. İlahi zaman nizamında insanın ixtiyarında bütöv bir gün var, istər qısa, istərsə də uzun olsun.

2. Əgər gündə on iki saat varsa, demək, insanın görməli olduğu işləri etmək üçün kifayət qədər vaxtı var. Tələsmək lazım deyil.

3. Ancaq gün ərzində on iki saat varsa belə, bu, cəmi on iki saatdır. Onu uzatmaq mümkün deyil. Buna görə də vaxtı boş yerə itirmək olmaz. Zaman kifayət qədərdir, amma çox deyil. Ona görə də bizə verilən vaxtdan maksimum istifadə edilməlidir.

Şekspirin sələfi Kristofer Marlo (1564-1593) Doktor Faust haqqında olan əfsanəni faciə şəklində səhnələşdirdi. Alman şairi Höte bu əfsanəni poetik şəkildə işləyib. «Faust»un bu variantı müxtəlif dillərə tərcümə olunaraq bütün dünyada tanınıb. Bütün əfsanələrdə Faust pis ruhların köməyi ilə həyatdan tam zövq almaq üçün şeytanla əlaqə saxlayan insan kimi təsvir olunmuşdur. İblis Fausta iyirmi dörd il ərzində kömək etdi, sonra canını cəhənnəmə apardı. Ölümündən qabaq Faust iblislə sövdələşmənin nə qədər dəhşətli olduğunu gördü. Biz K.Marlounun variantında bu sözlərə rast gəlirik:

Ah, Faust, qalıb sənin cəmi bir saatın.

Orada isə əbədi lənət qazanacaqsan.

Ey göyün qatları, gedişinizi dayandırın

Elə ki zaman dayansın, gecə də gəlməsin.

Ey gözəl təbiət, sən yenidən oyan,

Oyan ki daha bir gün də bəxş edəsən,

Ya da qalan bu son bir saatı həftəyə, aya, ilə çevir

Qoy Faust tövbə edib canını xilas edə bilsin.

Dərin sükut bürüyüb hər yeri, zaman keçir,

Ulduzlar öz axarı ilə dövran edir.

Vaxt tamamlanacaq, şər gələcək

Faust da əbədi lənətlənəcək.

Dünyada heç nə Fausta daha çox vaxt qazandıra bilməzdi. Bu, insan həyatındakı ən dəhşətli faktlardan biridir. Bir gün on iki saatdan ibarətdir, gündə də cəmi on iki saat var. Tələsməyə ehtiyac yoxdur, amma zamanı israf etməyə də vaxt yoxdur. Vaxt kifayət qədərdir, amma çox deyil, ümumiyyətlə isə artıq vaxt yoxdur.

GECƏ VƏ GÜNDÜZ (Yəhya 11:6-10 (ardı))

İsa Öz fikirlərini açıqlamağa davam edir. «Kim gündüz vaxtı gəzərsə, büdrəməz, çünki bu dünyanın nurunu görür. Lakin kim gecə vaxtı gəzərsə, büdrəyər, çünki daxilində nur yoxdur».

Yəhya yenə iki məna daşıyan ifadə işlədir: biri səthi, digəri dərindir. Amma hər ikisi doğrudur.

1. İsanın sözlərinin ilk mənası doğrudur və biz bunu öyrənməliyik. Yəhudilərdə gün romalılarda olduğu kimi, günəş çıxandan gün batana qədər on iki bərabər vaxta bölünürdü. Bu o deməkdir ki, ilin vaxtından asılı olaraq «saat» dəyişirdi. İlk baxışdan İsa sadəcə olaraq deyir ki, gündüz yeriyən büdrəməz, gecə yeriyən isə yolu görmədiyi üçün büdrəyər. O dövrdə küçə işıqları yox idi və qaranlıq çökəndə səyahət etmək imkanı olmurdu.

İsa deyir ki, insan öz işini gün ərzində bitirməlidir, çünki gecə gələndə o, artıq heç nə edə bilməyəcək. Əgər bir iş görəcəksənsə, yaxşı olar ki, həmin gün o işi tamamlayasan. Narahatlıq və qaçaqaç çox vaxt ona görə baş verir ki, insan əvvəllər etməli olduğu işi sonradan bitirməyə çalışır. İnsan öz qiymətli vaxtını elə sərf etməlidir ki, nə qədər xoş olsa da, faydasız xırdalıqlara vaxtı getməsin və hər günün sonunda zamana borclu qalmasın. İsanın sözlərinin ilk mənası budur.

2. Amma İsanın sözlərinin altında daha böyük məna var. Kim dünyanın nuru sözünü eşidəndə İsa haqqında düşünməyə bilər? Yəhya yenə də gecə və qaranlıq sözlərindən Məsihsiz həyatı, şərin hökmran olduğu həyatı təsvir etmək üçün istifadə edir. Rəblə Axırıncı Şam yeməyindən sonra Yəhuda pis niyyətini həyata keçirmək və İsaya xəyanət etmək üçün sövdələşmək məqsədilə otaqdan çıxanda, Yəhya yaranmış vəziyyətin dramatik xarakterini çatdırır: «Yəhuda tikəni alan kimi dərhal bayıra çıxdı. Artıq gecə idi» (13: 30). İnsan Məsihi tərk edəndə və günah onu üstələyəndə gecə gəlir.

Düzdür, Müjdə Allah məhəbbətinə əsaslanır. Amma istəsək də, istəməsək də, orada bir xəbərdarlıq var. İnsanın Məsih vasitəsilə Allahla barışmaq üçün yalnız müəyyən bir vaxtı var. Əgər o, bu vaxt ərzində Allahla barışmasa, hökm qaçılmaz olacaq. Buna görə də Rəbb İsa deyir: «İşini tamamla. Dünyanın işığı hələ varkən Allahla barış. Çünki elə vaxt gələcək ki, sənin üçün gecə düşəcək və o zaman çox gec olacaq».

Başqa heç bir Müjdə dördüncü Müjdə qədər Allahın dünyanı sevdiyini təsvir etmir. Ancaq bu Müjdə iki məqamı qeyd edir: vaxtında çatmağı bacaranların izzəti və gecikənlərin faciəsi.

11-16

QƏRARLI İNSAN (Yəhya 11:11-16)

Yəhya burada da İsanın sözlərini çatdırmaq üçün öz üsulundan istifadə edir. Dördüncü Müjdədə İsanın nitqi həmişə eyni ardıcıllıqla gedir. Məsələn, İsa çox sadə səslənən bir söz deyir. Onun sözləri dinləyicilər tərəfindən səhv başa düşülür. Onda İsa nə demək istədiyini daha ətraflı və təfərrüatlı şəkildə izah etməyə başlayır. Nikodimlə göylərdən doğulmanın əhəmiyyəti haqqında söhbət edərkən (3:3-8), yaxud samariyalı qadınla həyat suyu haqqında söhbətdə (4:10-15) belə idi.

Burada İsa əvvəlcə deyir ki, Lazar yuxuya gedib. Bu, şagirdlər üçün yaxşı xəbər idi, çünki onlar bilirdilər ki, yuxudan yaxşı dərman yoxdur. Amma yuxu sözünün həmişə daha dərin və ciddi mənası olub. İsa Yairə söyləmişdir ki, qızı yatıb (Matta 9:24). Stefanın daşlanaraq öldürüldüyü zaman deyilirdi ki, o, gözlərini bu həyata yumub (Həvarilərin işləri 7:60). Paul Məsihin dirilib zühur edərkən Onu görən qardaşlar barədə danışanda vəfat etmişdir (yuxuya getmişdir) sözünü işlədir (1Korinflilərə 15:6). Beləliklə, İsa onlara Lazarın öldüyünü birbaşa söyləməli oldu. Sonra onlara dedi ki, bu hadisə baş verəndə Özünün orada olmadığına görə sevinir, çünki indi şagirdlərin Ona olan imanları daha da güclənəcək.

Məsihçiliyin son sübutu Məsihin işlərinə baxmaqdır. Sözlər inandırıcı olmaya bilər. Amma əməlin əleyhinə heç kim heç nə deyə bilməz. Məsih qorxağı qəhrəmana, şübhə edəni möminə, eqoisti hamının xidmətçisinə, pis insanı xeyirxah insana çevirir. Bu sadə faktlar daha çox inandırır.

Bütün möminlərin üzərinə qoyulan ən böyük məsuliyyət də elə budur. Allahın planı ondan ibarətdir ki, hər birimiz Onun qüdrətinin canlı şahidi olaq. Bizim vəzifəmiz Məsihi təkcə sözlərlə tərifləmək deyil, çünki sözlər həmişə mübahisə yarada bilər. Bizim vəzifəmiz Məsihin bizim üçün nə etdiyini həyatımızla göstərməkdir. Cənab Con Reif bir dəfə belə demişdir: «Mən həyatda böhranları deyil, onların açdıqları imkanları sevirəm». Lazarın ölümü İsa üçün sevinc doğuran böhran idi. Çünki bu Ona Allahın nə edə biləcəyini ən heyrətamiz şəkildə göstərmək imkanı verirdi. Bizim həyatımızda da hər böhran bir fürsətə yol açmalıdır.

Həmin an şagirdlərin hamısı Tomasın qəti sözünü eşitməsəydilər, bəlkə də, İsanın ardınca getməkdən imtina edə bilərdilər. Şagirdlərin hamısı əmin idi ki, Yerusəlimdə onları ölüm gözləyir. Buna görə də ora getməyə tələsmirdilər. Lakin birdən Tomasın səsi eşidildi: «Biz də gedək ki, Onunla ölək».

Həmin dövrdə bütün yəhudilər iki ad daşıyırdılar: biri yəhudi adı idi, bu adla o, yaxın ətrafına tanınırdı. İkincisi isə daha geniş dairədə tanınan yunan adı idi. Tomasın yunanca adı Didimus idi, yəni Əkiz deməkdir. Eynilə daş sözü yunanca Peter, ibranicə isə Kefa deməkdir. Yəhudi Tabita adı yunanca Dorkas idi, yəni ceyran deməkdir.

Bu anda Tomas böyük cəsarət göstərdi. Tomasda R.Strahanın dediyi kimi: «Nəyisə gözləyən iman deyil, sadiq məyusluq idi». Ancaq Tomas bir şeyə əmin idi — nə olursa-olsun, o, İsanı tərk etməyəcək.

Hilbert Frankau Birinci Dünya Müharibəsi zamanı dostluq etdiyi bir zabitdən söz açır. Bu zabit artilleriya müşahidəçisi idi. Onun vəzifəsi bağlı aerostata qalxıb, topçulara hədəfi vurub-vurmadıqlarını və ya mərmilərinin hədəfə çatıb-çatmadığını bildirmək idi. Bu, insana verilə biləcək ən təhlükəli tapşırıqlardan biri idi. Aerostat bir yerə bağlı olduğu üçün düşməndən yayınmaq mümkün deyildi. O, bir növ düşmən silahları və təyyarələri üçün stasionar hədəf idi. Hilbert Frankau dostu haqqında belə deyirdi: «Hər dəfə yerə bağlanmış aerostata qalxanda o, əsəb xəstəsinə çevrilirdi, buna baxmayaraq, tapşırığından imtina etmirdi».

Bu, cəsarətin ən yüksək nümunəsidir. Bu o demək deyil ki, insan qətiyyən qorxmur. Biz qorxmayanda cəsarətli addım atmaq bizim üçün asan olur. Amma insan başına pis şeylərin gələ biləcəyini dərk edib qorxsa da, buna baxmayaraq, geri çəkilmədiyi vaxt əsl cəsarət yaranır. Həmin gün Tomas da belə idi. Heç kim qorxduğuna görə utanmamalıdır. O adam utanmalıdır ki, ürəyinin dərinliyində etməli olduğu şeyi ona etməyə imkan verməyən qorxunun qarşısını ala bilmir.

17-19

HÜZÜR YERİ (Yəhya 11:17-19)

Bu mənzərəni təsəvvür etmək üçün yəhudi evində matəmin necə saxlanıldığını bilməliyik. İsti iqlimə görə İsraildə ölənləri mümkün qədər tez dəfn edirdilər. Vaxt var idi ki, dəfn çox bahalı bir mərasim idi. Mərhumun cəsədi ən nəfis yağlar və məlhəmlərlə məsh edilir, ona bahalı paltarlar geyindirilirdi. Qəbirə cənazə ilə birlikdə hər cür zinət əşyaları qoyulurdu. Birinci əsrin ortalarında bütün bunlar pulun israfına çevrilmişdi. Təbii ki, heç kim qonşusundan geri qalmaq istəmirdi. Buna görə qəbirə qoyulan dəfn paltarları, xəzinələr getdikcə daha dəbdəbəli və bahalı olurdu. Adət ağır bir yükə çevrilmişdi. Lakin məşhur ravvin II Qamliel ortaya çıxana qədər heç kim bu adəti ​​ləğv etməyə cəsarət etmirdi. O vəsiyyət etmişdir ki, onu ən sadə kətan paltarında dəfn etsinlər. Beləliklə, o, dəfn mərasiminin dəbdəbəsini aradan qaldırdı. Bu günə qədər yəhudilərin dəfn mərasimində onları dəbdəbəli dəfn mərasimlərindən xilas edən ravvin Qamlielin xatirəsinə şərab içilir. Bundan sonra ölülərə sadə kətan paltarı geyindirməyə başladılar. Bəzən bu paltarı səyahət paltarı adlandırırdılar.

Dəfn mərasiminə hər kəs gələ bilərdi. Hamı nəzakət və hörmət xatirinə mərasimdə iştirak edirdi. Adət-ənənəyə görə, qadınlar cənazənin önündə gedirdilər. Çünki dünyaya günah və onunla birlikdə ölümü qadınlar gətirmişdilər. Qəbrin yanında vida çıxışları edilirdi. Hər kəs dərin hüznlə başsağlığı verirdi. Cənazə dəfn olunandan sonra qonaqlar iki cərgəyə düzülüb, mərhumun yaxınlarının birinci getməsinə şərait yaradırdılar. Belə müdrik qaydalar çox idi: mərhumun qohumlarını boş, lazımsız söhbətlərlə narahat etməməli, onlara əziyyət verilməməli idi. Onları öz kədərləri ilə baş-başa buraxmaq lazım idi.

Hüzr düşən evdə dəyişilməz adətlər var idi. Cəsəd evdə olarkən ət yemək və şərab içmək, qutucuqlarını taxmaq (Qanundan sitatlar saxlamaq üçün balaca qutu) və hər hansı bir şeyi öyrənmək qadağan idi. Evdə yemək hazırlamaq olmazdı, meyitin yanında yemək qadağan idi. Cəsəd evdən çıxarılan kimi evdəki bütün əşyalar divarlara tərəf çevrilir, ağlayanlar yerdə və ya alçaq skamyalarda otururdular.

Dəfndən qayıtdıqdan sonra ailə dostları tərəfindən hazırlanmış ehsan verilirdi. Ehsan — çörək, qaynadılmış yumurta və mərciməkdən ibarət olurdu. Dairəvi yumurta və mərcimək daim ölümə doğru yuvarlanan həyatı simvolizə edirdi. Əsas matəm yeddi gün davam edirdi, bunun ilk üç günü ağlaşma idi. Bu yeddi gün ərzində məlhəm sürtmək, ayaqqabı geyinmək, dərs oxumaq, iş görmək, hətta yuyunmaq belə olmazdı. Bir həftəlik əsas matəm sonradan yerini nisbətən yüngül bir aya verirdi.

Beləliklə, İsanın Bet-Anyadakı evdə çoxlu insanla rastlaşması istənilən yəhudi evində yas mərasimi üçün xarakterik bir şey idi. Mərhumun yaxınlarına gəlib başsağlığı vermək hər bir yəhudinin müqəddəs borcu idi. Talmud öyrədirdi ki, xəstələrə baş çəkmək ruhu cəhənnəmdən azad edir. Orta əsrlərin böyük yəhudi ilahiyyatçısı Maymonid də öyrədirdi ki, xəstələri ziyarət etmək bütün digər xeyirxahlıqlardan üstündür. Xəstələri ziyarət etmək və yaslılara başsağlığı vermək yəhudi dininin vacib hissəsi idi. Ravvinlərdən biri Qanunun təkrarı 13:4-də yazılan «Siz Allahınız Rəbbin ardınca gedin...» əmrini belə şərh edirdi: hər bir yəhudi bunu Müqəddəs Yazılarda göstərilən Allahın işlərini yerinə yetirmək əmri kimi qəbul etməlidir. Allah çılpaqları geyindirirdi (Yaradılış 3:21), xəstələri ziyarət edirdi (Yaradılış 18:1), ağlayanlara Özünü göstərirdi (Yaradılış 25:11), ölüləri dəfn edirdi (Qanunun təkrarı 34:6). Bütün bunlarda biz Allahı təqlid etməliyik. Ölənlərə hörmət olaraq yasını tutmaq və kədərli yaxınlarına başsağlığı vermək hər bir yəhudinin borcu idi. Qəbirdən uzaqlaşanda yas tutanlar «Ruhuna rəhmət» deyir, sonra isə hər dəfə mərhumun adını xatırlayanda xeyir-dua verirdilər. Yəhudilərin ölənin yaxınlarına başsağlığı verməkdə və mərhuma olan borclarını ödəməkdə təsiredici bir şey var.

Həmin gün İsa bacıların dərdinə şərik çıxan insanlarla dolu evə gəldi.

20-27

DİRİLMƏ VƏ HƏYAT

Bu hissədə də Marta öz nüfuzuna sadiq qalır. Luka Marta və Məryəm haqqında danışarkən (Luka 10:38-42), Martanı işgüzar, çalışqan, Məryəmi isə sakit, dərin düşüncəli kimi təqdim edir. İsanın Bet-Anyaya yaxınlaşdığı məlum olan kimi Marta yerində durmayıb, Onu qarşılamağa qaçdı. Məryəm isə evdə qaldı.

Marta İsa ilə görüşəndə ​​Ona ürəyindəkiləri söylədi. Qarşımızda Müqəddəs Kitabdakı ən təsirli və səmimi söhbətlərdən biri dayanır. Marta təkcə eyhamla deyil, həm də sarsılmaz imanla danışdı: «Ya Rəbb, əgər Sən burada olsaydın, qardaşım ölməzdi». Bu sözlərlə onun fikirlərini təxmin etmək olar.

O demək istəyirdi ki, «Niyə xəbər alan kimi gəlmədin? İndi çox gecdir». Lakin Marta bu sözü bitirməmiş faktlar başqa şey desə də, fikrini belə yekunlaşdırdı: «Ancaq bilirəm ki, Sən indi də Allahdan nə diləsən, O Sənə verəcək».

İsa ona dedi: «Qardaşın diriləcək». Marta cavab verdi: «Bilirəm ki, dirilmə zamanı, son gündə o da diriləcək». Onu da qeyd etmək yerinə düşər ki, Əhdi-Ətiq mütəfəkkirləri ölümdən sonra real həyata, demək olar ki, inanmırdılar. Qədim dövrlərdə yəhudilər inanırdılar ki, hər bir insanın ruhu — istər yaxşı, istərsə də pis olsun, öləndən sonra Şeola, yəni ölülər diyarına gedir. Ölülərin ruhlarının məskunlaşdığı bu yer səhv olaraq cəhənnəm kimi tərcümə edilmişdir. Şeol hamının başa düşdüyü kimi əzab yeri deyil, ölülər diyarı idi. Hamı fərq qoyulmadan öləndən sonra oraya gedir və orada qəribə, dumanlı, rahat, sevincsiz, «kölgə» həyat tərzi keçirirdi. Əhdi-Ətiq dövründə böyük əksəriyyətin anlayışı belədir. «Səni ölüb-gedən insan xatırlamaz. O necə ölülər diyarından Sənə şükür etsin?» (Zəbur 6:5) «Qanımı töküb qəbirə düşsəm, Sənə fayda verərmi? Torpaq Sənə şükür edə bilərmi, sədaqətini elan edə bilərmi?» (Zəbur 30:9). Məzmurçu öldürülən insanlar haqqında belə deyir: «Yaddaşından silinmişəm, köməyindən əlimi üzmüşəm, məzarda yatan meyitlər kimiyəm» (Zəbur 88:5). «Xariqələrini ölülərəmi göstərəcəksən? Kölgələrmi qalxıb Sənə şükür edəcək? Məhəbbətin məzardamı, sədaqətin Həlak yerindəmi bəyan olunacaq? Xariqələrin qaranlıqdamı, ədalətin unudulma diyarındamı tanınacaq?» (Zəbur 88:10-13). «Ölənlər, sükut diyarına düşənlər Rəbbə həmd etmirlər» (Zəbur 115:17). Vaiz kədərlə deyir: «Çalışmaq üçün nə bacarırsan, var gücünlə et. Çünki gedəcəyin ölülər diyarında nə iş, nə fikir, nə bilik, nə də hikmət var» (Vaiz 9:10).

Padşah Xizqiya axirətlə bağlı bədbin inancını belə ifadə edir: «Axı ölülər diyarı Sənə şükür etməz, ölüm həmdlər söyləməz, qəbirə düşənlər Sənin sədaqətinə ümid etməz» (Yeşaya 38:18). İnsan öldükdən sonra başqa insanlardan və Tanrıdan ayrıldığı sükut və unudulma diyarına düşür. Yazıçı C.E.Makfaden deyirdi: «Din tarixində insanların əsrlər boyu o dünyadakı mükafata ümid etmədən ən nəcib əməlləri, borclarını yerinə yetirmələri, öz yüklərini və kədərlərini daşımalarından daha gözəl hadisə yoxdur».

Əhdi-Ətiqdə çox nadir hallarda kimsə cəsarətli iman sıçrayışı edərdi. Məzmurçu deyir: «Elə bunun üçün qəlbim sevinir, ruhum şad olur, cismim əmin-amanlıqda yaşayır. Çünki məni ölülər diyarına atmazsan, mömin insanını qəbirə salmazsan. Mənə həyat yolunu öyrədirsən, doyunca sevinc Sənin hüzurundadır, sağ əlində hər zaman səadət var» (Zəbur 16:9-11). «Amma daim Səninlə olmuşam, Mənim sağ əlimdən tutmusan. Nəsihətinlə mənə yol göstərirsən, sonra məni şərəfə çatdıracaqsan» (Zəbur 73:23-24). Məzmurçu əmin idi ki, Allahla düzgün, canlı münasibəti olanları hətta ölüm belə Ondan ayırmayacaq. Amma o dövrdə belə iman yalnız güclü imana malik olanlarda olurdu, buna hər kəs sahib deyildi. Sonda Əhdi-Ətiqdə başına gələn bütün ağır bədbəxtlikləri qarşısında nida edən Əyyubun ölməz ümidi əksini tapır: «Amma mən bilirəm ki, Satınalanım yaşayır, axırda O, yer üzərində dayanacaq. Dərim yox olandan sonra bədən alıb Allahı görəcəyəm. Mən Ona baxacağam, başqası yox, mən öz gözlərimlə görəcəyəm. Budur, ürəyim həsrətdən üzülür!» (Əyyub 19:25-27). Burada biz yəhudilərin axirətlə bağlı inancının toxumunu görürük.

İsrailin tarixi fəlakətlər, əsirlər, köləlik və məğlubiyyətlərlə doludur. Lakin yəhudi xalqı əmin idi ki, onlar Allaha məxsusdurlar. Bu əminlik yer üzündə o qədər aydın görünməsə də, onlar köhnə dünyanın çatışmazlıqlarının düzələcəyi yeni, fərqli bir dünyaya ümid edirdilər. Onlar inanırdılar ki, Allahın planının və Onun ədalətinin tam həyata keçməsi üçün başqa bir həyat və başqa bir dünya lazımdır. Məhz bu hiss yəhudiləri ölümdən sonrakı həyatın mövcud olduğuna inanmağa vadar edirdi.

Düzdür, İsanın dövründə axirətin mövcudluğunu qəbul etməyən sadukeylər var idi. Lakin fariseylər və xalqın böyük əksəriyyəti buna inanırdı. Onlar deyirdilər ki, ölüm anında iki dünya — müvəqqəti və əbədi dünya görüşüb öpüşür və ölülər Allahı görür. Onlar bu dünyadan köçən adamları heç vaxt ölü adlandırmırdılar, onların yuxuya getdiklərinə inanırdılar. Onların inamı bu qədər güclü idi. Buna görə Marta İsaya ölülərin dirilməsi barədə əminliklə deyəndə, xalqının ali imanına istinad edirdi.

DİRİLMƏ VƏ HƏYAT (Yəhya 11:20-27 (ardı))

İsa Martanın inancına yeni məna verən bir söz dedi: «Dirilmə və həyat Mənəm. Mənə iman edən ölsə də, yaşayar, yaşayıb Mənə iman edən də heç vaxt ölməz». O, tam olaraq nə demək istəyirdi? Onun nə demək istədiyini başa düşmək üçün bir ömür kifayət etməz. Amma biz dərk edə biləcəyimiz qədər dərk etməyə çalışmalıyıq.

Bir şey aydındır: İsa fiziki həyatı nəzərdə tutmurdu, çünki fiziki nöqteyi-nəzərdən Məsihə iman edən insanın ölməməsi mümkün deyil. Məsihə iman edənlər də, bütün insanlar kimi, fiziki ölürlər. Biz fiziki deyil, daha dərin bir izahat axtarmalıyıq.

1. İsa günah içində ölümə işarə edir. O, sanki deyir: «İnsan günah nöqteyi-nəzərindən ölü olsa və həyata aid hər şeyi itirsə belə, Mən ona yenidən həyat verə bilərəm».

Tarixi baxımdan bu, tamamilə doğrudur. A.M.Çirqvin Tokiçi İşiini misal gətirir. İşiinin misilsiz cinayət təcrübəsi var idi. O, kişiləri, qadınları və uşaqları ən amansız şəkildə öldürürdü. Onun yolunu kəsən hər kəsi amansızcasına məhv edirdi. Nəhayət, həbsxanaya düşdü və orada edam olunacağı günü gözlədi. Onu iki kanadalı qadın ziyarət etdi. Onlar İşii ilə kameranın barmaqlıqları arasından danışmaq istəyirdilər. Lakin o, qəfəsdəki heyvan kimi qəzəbli və qəddar baxışlarla onları süzürdü. Sonda qadınlar İşiini danışmağa məcbur etmək cəhdlərindən əl çəkdilər. Lakin sağollaşanda ona İncil hədiyyə etdilər. Qadınlar ümid edirdilər ki, onların uğursuzluğa düçar olduqları yerdə İncil uğur qazanacaq. İşii həvəslə İncili oxumağa başladı. Beləcə Çarmıx hekayəsinə gəlib çatdı. Orada o, «Ata, onları bağışla, çünki nə etdiklərini bilmirlər» sözləri ilə qarşılaşdı. Bu sözlər onu dərindən sarsıtdı. İşii deyirdi: «Mən bir anlıq dayandım. Sanki kimsə ürəyimi uzun mismarla deşirdi. Buna Məsihin sevgisi demək olarmı? Yoxsa bu Onun mərhəməti idi? Buna nə ad verəcəyimi bilmirəm. Ancaq bir onu bilirəm ki, mən İsaya iman etdim və qəddar ürəyim dəyişdi». Bir qədər sonra məhkum edilmiş cinayətkar edam kürsüsünə gedəndə o, artıq keçmişin qəddar, qəzəbli heyvanı deyil, gülümsəyən, nur saçan bir insan idi. Qatil yenidən doğuldu, İsa Toçiki İşiini həyata qaytardı.

Bizim yaşadıqlarımız bu qədər dramatik olmaya bilər. Bəzən insan o qədər eqoist ola bilər ki, başqalarının ehtiyaclarına biganə yanaşar. İnsan başqalarının hisslərinə qarşı laqeyd ola bilər. Yaxud da insan çirkaba o qədər qərq olur ki, namus və vicdan baxımından ölü sayılır. Ya da insan o qədər ümidsizliyə qapıla bilər ki, sonda ruhən ölü olar. İsa Məsih belə insanları dirildir. Tarixdən görürük ki, İsa saysız-hesabsız milyonlarla belə insanı diriltdi. Onun toxunuşu öz gücünü hələ də itirməyib.

2. İsa gələcək həyatı da nəzərdə tuturdu. O bizə həyatımızda ölümün son olmadığına əminlik bəxş etdi. Mömin Eduardın son sözləri belə idi: «Ağlama, mən ölməyəcəyəm. Ümid edirəm ki, fani dünyanı tərk edərək, dirilər diyarında Rəbbin xeyir-duasını görəcəyəm». Biz bu dünyanı dirilər dünyası, ya da həyat olan dünya adlandırırıq. Ancaq onu fani və ölülər dünyası adlandırmaq daha düzgün olardı. İsa Məsih vasitəsilə biz qüruba doğru deyil, günəşin doğmasına doğru getdiyimizi öyrəndik. Sözün əsl mənasında, biz ölüm yolunda deyilik, həyat yolundayıq.

Bəs bu necə baş verir? Bu biz İsa Məsihə iman edəndə baş verir. Bunun mənası nədir? İsaya iman etmək — Onun dediyi hər sözü həqiqət kimi qəbul etmək və həyatını Ona etibar etmək deməkdir. Belə etməklə biz Allahla yeni bir münasibət qururuq.

1. Allahın Məsihin Onu bizə təqdim etdiyi kimi olduğuna inananda, Onun məhəbbətinə və ilk növbədə, Onun Xilaskar Allah olduğuna tam əmin oluruq. Ölüm qorxusu yox olur, çünki ölüm bizi Sevənlə görüş deməkdir.

2. Bundan başqa, biz həyatla da yeni münasibətə giririk. Məsihin yolunu qəbul edəndə, Onun əmrləri bizim üçün qanun olur. Başa düşəndə ki, İsa Onun əmrlərinə uyğun yaşamaqda bizə kömək etməyə həmişə hazırdır, onda ​​bütün həyatımız yenilənir, yeni gözəlliyə, saflığa və qüdrətə bürünür. Məsihin yolunu qəbul etdikdən sonra həyat o qədər gözəl olur ki, onun nə vaxtsa bitəcəyini təsəvvür etmək çətindir.

Biz İsa Məsihə iman edəndə, Onun Allah haqqında, həyat haqqında dediyi hər şeyi qəbul edəndə və tamamilə Ona arxalananda, həqiqətən də, dirilirik. Çünki allahsız həyata xas olan qorxudan, günahkar həyatı səciyyələndirən ümidsizlikdən azad oluruq. Günahın nəticəsi olan ölümdən həyat dirilir və o qədər zəngin, dolğun olur ki, belə bir həyat ölə bilməz, yalnız daha ali həyata keçid edə bilər.

28-33

İSANIN TƏLAŞI (Yəhya 11:28-33)

Marta İsanın onların yanına gəldiyini Məryəmə söyləmək üçün evə qayıtdı. Camaat bilməmiş o, bunu bacısına sakitcə demək istəyirdi ki, Məryəm bir neçə dəqiqə İsa ilə tək qalsın. Əks halda, camaat onları əhatəyə alıb bu fürsətə imkan verməyəcəkdilər. Lakin qonaqlar Məryəmin cəld ayağa qalxıb harasa qaçdığını görəndə, düşündülər ki, yəqin, Lazarın məzarına gedir. Yəhudilərin adət-ənənəsinə görə, dəfndən sonrakı ilk həftə qadınlar imkan düşdükcə qəbirin yanına gedib, orada ağlaya bilərdilər. Məryəm İsanı eynilə Marta kimi salamladı: İsa onlarla olsaydı, qardaşı ölməzdi.

İsa Məryəmi və bacılara təsəlli verən camaatın necə ağladığını gördü. Qeyd etmək lazımdır ki, bu, adi ağlaşma deyildi. Demək olar ki, isterik qışqırıq və hıçqırıq idi. Çünki yəhudi nöqteyi-nəzərinə görə, ağlaşma nə qədər çox olurdusa, mərhuma bir o qədər çox hörmət edilirdi.

İndi biz tərcümə ilə bağlı müəyyən çətinliklərə rast gəlirik. Burada «əhvalı pozuldu və təlaşa düşdü» kimi tərcümə olunan söz embrimasfay felindən yaranır. Bu söz daha üç yerdə istifadə olunur: Matta 9:30-da — İsa sağaltdığı korlara bu barədə heç kimə danışmamağı qəti şəkildə söylədiyi vaxt; Mark 1:43-də — İsa cüzamlını yola salıb ciddi tapşırıq verən vaxt; Mark 14:5-də — qonaqlar İsanın başını bahalı yağla məsh edən qadına qarşı gileylənəndə və bunu israf hesab edəndə. Hər bir halda bu söz müəyyən dərəcədə ciddilik, hətta qəzəb hissi ifadə edirdi. Bu söz danlaq və sərt tapşırıq mənasını verir.

Nə üçün İsa qəzəbləndi? Belə bir ehtimal var ki, Bet-Anyaya gələn yəhudilərin bu fəryadı ikiüzlülük idi. Bu yalançı ağlaşma İsanı qəzəbləndirdi. Çox güman, bu, qonaqlara münasibətdə belə idi. Lakin bunun Marta və Məryəmlə bağlı olduğu qənaətinə gəlmək üçün heç bir əsas yoxdur. Bu səbəbdən İsanın embrimasfayı, yəni qəzəblənməsi ehtimalı azdır.

Tərcümədə deyilir: «İsa... yəhudilərin ağladığını görəndə əhvalı pozuldu və təlaşa düşdü». Buradan belə nəticə çıxartmaq olar: İsa daxilən o qədər kədərləndi ki, bərk narahat oldu. Belə izahat həqiqətə daha yaxındır. Klassik danışıq yunan dilində embrimasfay feli fınxırmaq (atlarda olduğu kimi) mənasını verir. Amma burada bu söz İsanın köksündə qeyri-ixtiyari iniltiyə səbəb olan sarsıntı kimi başa düşülməlidir.

Bu, İncildəki ən dəyərli hadisələrdən biridir: kədərli insanların vəziyyəti İsaya o qədər dərin təsir etdi ki, ürəyi ağrıdan sıxıldı.

Ancaq bu, hamısı deyil. Bunu oxuyan istənilən yunan üçün (bunun yunanlar üçün yazıldığını unutmamalıyıq), burada canlandırılan hadisə heyrətamiz görünməlidir. Yəhyanın Müjdəsi İsada Allahı göstərmək, Onun ağlı və hisslərini əks etdirmək üçün yazılmışdır. Yunanlar Allahı hissiyyatsız, laqeyd bir Varlıq (apateya) kimi qəbul edirdilər. Necə oldu ki, yunanlar Tanrı haqqında belə fikirləşirdilər? Onlar belə mülahizə yürüdürdülər ki, əgər O, sevinc, kədər, heyranlıq və həzz hissinin nə olduğunu bilirsə, deməli, təsir altına düşə bilər. Əgər bir varlıq digərinə təsir etmək iqtidarındadırsa, onda onu öz hakimiyyəti altında saxlayır. Ancaq heç kim Allaha hakim ola bilməz. Deməli, Allah heç bir duyğuya malik deyil. Yunanlar uzaq olan, ayrı düşən, duyğusuz və şəfqətsiz bir Tanrıya inanırdılar.

İsanın təqdim etdiyi mənzərə nə qədər fərqli idi. O, şəfqətdən ürəyi sıxılan, ağrıyan Allahı bizə göstərdi. Məsihin etdiyi ən böyük iş o idi ki, O bizə sevən və qayğıkeş Allah haqqında danışdı. Təkcə Onun haqqında danışmadı, həm də Onu Özündə göstərdi.

34-44

ÖLÜLƏRİ OYADAN SƏS (Yəhya 11:34-44)

Biz son səhnəyə gəlib çatdıq. Biz bir daha İsanın başqalarının kədərinə görə kədərləndiyini görürük. «İsa ağladı» sətirlərini oxuyan bir yunan üçün bu, hekayədə ən çox diqqət çəkən söz olmalıdır. Allahın Oğlunun ağlaması onlar üçün, demək olar ki, inanılmaz idi.

Biz gözlərimiz önündə adi bir İsrail məzarını təsəvvür etməliyik. Məzar ya təbii mağara, ya da süni şəkildə oyulmuş çökəklik olmalı idi. Mağaranın ağzı kifayət qədər geniş idi. İçəridə məzar çox həcmli idi — dərinliyi bir metr yarım, eni iki metr yarımdan çox və hündürlüyü üç metr idi. Məzarın divarlarında rəflər oyulurdu — üçü hər divarda, ikisi isə girişlə üzbəüz daxili divarda olurdu. Ölünü həmin rəflərə qoyurdular. Meyiti kəfənə bükür, qollar və ayaqları ayrıca sarğı ilə sarıyırdılar. Baş üçün xüsusi örtük olurdu. Mağaranın qapıları yox idi. Lakin mərhum dəfn edildikdən sonra girişi böyük daşla bağlayır və beləcə məzarı möhürləyirdilər.

İsa məzarın girişindəki daşı yuvarlamağı əmr etdi. Marta elə düşündü ki, İsa son dəfə dostunun üzünə baxmaq istəyir. O, həmin an İsanın bu xahişində başqa səbəb görmədi. Buna görə də dedi ki, cəsəd artıq dörd gündür məzardadır və güclü meyit qoxusu yayır. Bundan əlavə, yəhudilərdə belə bir inanc var idi ki, ilk dörd gün ərzində mərhumun ruhu bədəni ətrafında dolanır, bədənə qayıtmağa çalışır. Lakin dörd gündən sonra məzarı tamamilə tərk edir, çünki bu vaxta qədər mərhumun üzü tanınmaz dərəcədə çürüyür.

Lakin İsa ölümü geri çəkən bir əmr söylədi. Lazar qəbirdən çıxdı. Kəfənə bürünmüş ölü bir adamın qəbirdən çıxdığını təsəvvür etmək qorxulu idi. İsa orada duranlara dedi ki, onu açıb buraxsınlar.

Burada bir məqama xüsusi diqqət yetirməliyik.

1. İsa dua etdi. Ondan çıxan qüvvə Ona məxsus deyildi. Bu güc Allahdan idi. Möcüzələr — duaların cavabıdır.

2. İsa yalnız Allahın izzətini axtarırdı. O, bu möcüzəni Öz izzəti üçün etmədi. İlyas peyğəmbər Baal peyğəmbərləri ilə həlledici mübarizəyə girəndə, Allaha belə dua etdi: «Səsimi eşit, ya Rəbb, mənə cavab ver. Qoy bu xalq bilsin ki, Sən Allahsan, ya Rəbb, onda onların ürəyini Özünə tərəf döndərəcəksən» (1Padşahlar 18:37).

İsa hər şeyi Allahın qüdrəti və Onun izzəti üçün edirdi. Biz Ondan necə də fərqlənirik!

Nə qədər olub ki, biz öz səylərimizə üstünlük vermişik və etdiyimiz işləri şəxsi şöhrətimiz üçün etmişik. Əgər biz özümüz hərəkət etməyi dayandırsaydıq və əsas yeri Allaha versəydik, həyatımızda daha çox möcüzələr baş verərdi.

11-ci fəsil

1-44

LAZARIN DİRİLMƏSİ (Yəhya 11:1-44)

Biz Lazarın dirilməsini təsvir edildiyi kimi izah etməyə çalışdıq. Lakin o faktı inkar edə bilmərik ki, bu, İsanın ən böyük möcüzələrindən biri idi. Gəlin daha ətraflı nəzər salaq.

1. Digər Müjdələrdə ölülərin dirilməsi möcüzələrinin təsvirləri var. Məsələn, Yairin qızı (Matta 9:18-26; Mark 5:21-43; Luka 8:40-56), Nain şəhərindəki dul qadınının oğlu haqqında hekayələr var (Luka 7:11-16). Hər iki halda dirilmə ölümdən dərhal sonra baş verdi. Hər iki halda asanlıqla düşünmək olar ki, mərhumlar ölməyiblər, sadəcə huşlarını itiriblər. Biz artıq gördük ki, İsrailin isti iqliminə görə adamlar öləndən dərhal sonra dəfn edilməli idilər. Qəbirlərin araşdırılmasından bilirik ki, məhz bu tələskənliyə görə çox vaxt diri-diri basdırılma halları olurdu. Bəlkə də bu möcüzələr İsanın iki gəncin həyatını dəhşətli ölümdən xilas etməsinə səbəb oldu. Lakin Lazarın dirilməsi tamamilə fərqli haldır. Digər Müjdələrdə bir insanın ölümündən sonra dördüncü gündə — bədəninin artıq parçalanmağa başladığı gündə dirilməsi möcüzəsi ilə müqayisə edilə bilən başqa möcüzə yoxdur.

2. Digər üç Müjdədə Lazarın dirilməsindən söz açılmır. Əgər digər müjdəçilər bu möcüzədən xəbərdar idilərsə, onlar bunu necə qeyd etməyə bilərdilər? Əgər həqiqətən də, bu baş veribsə, necə ola bilər ki, onların bundan xəbəri olmasın? Cavab belə ola bilər ki, Mark Müjdəni Peterin şəhadəti əsasında yazmışdı. Yəhyanın Müjdəsində isə Peter haqqında nə 5-ci, nə də 7-12-ci fəsillərdə heç nə deyilmir. Tomas bu fəsillərdə On iki həvarinin nümayəndəsi kimi çıxış edir. Belə bir fərziyyə var ki, Peter həmin vaxt İsanın yanında olmayıb. O, yalnız Axırıncı Şam yeməyində qalan şagirdlərə qoşulub. Ancaq belə bir fərziyyə çətin ki, həqiqət olsun. Hətta Peter o vaxt orada olmayıbsa, şübhəsiz ki, bütün müjdəçilər belə qeyri-adi bir möcüzə haqqında eşitmişdilər.

3. Burada bəlkə də ən diqqətəlayiq məqam odur ki, Yəhya bu möcüzədə yəhudi rəhbərlərinin İsaya qarşı müəyyən tədbirlər görməsinin ən mühüm səbəbini göstərir (11:47-54). Başqa sözlə, Lazarın dirilməsi İsanın Çarmıxa çəkilməsinin birbaşa səbəbi idi. Digər üç Müjdədə Məsihin Çarmıxa çəkilməsinin əsas səbəbi Yerusəlim Məbədinin təmizlənməsi hesab edilir. Digər üç Müjdənin Çarmıxa çəkilmənin xüsusi səbəbi olan və ya ən azı bunun üçün əsas təkan rolunu oynayan bir hadisə haqqında niyə heç nə demədiyini başa düşmək çətindir.

4. Amma digər tərəfdən, demək olar ki, Lazarın dirilməsi möcüzəsi olmasaydı, İsanın Yerusəlimə təntənəli girişi mümkün olmazdı. İsanın Yerusəlimdə belə sevincli, təntənəli qəbulunu başqa necə izah etmək olar? Ancaq yenə də fakt odur ki, digər Müjdələrdə bu hadisənin uyğun olduğu yer yoxdur.

Əgər bu hadisə tarixi fakt deyilsə, onda onu necə izah edə bilərik?

1. Renan belə bir fikir irəli sürür ki, bütün bunlar Məryəm, Marta və Lazarın qəsdən etdiyi saxtakarlıqdır. Ancaq belə bir izahat ağlabatan deyil. Bir qədər sonra Renan özü fikirlərini təkzib edib.

2. Belə bir fərziyyə də var idi ki, Lazar həmin vaxtı huşsuz olub. Lakin bu da Müjdədə deyilənlərə əsasən sübuta yetirilə bilməz, çünki onun ölümünün təfərrüatları haqqında kifayət qədər çox danışılır.

3. Bəziləri bunun sadəcə olaraq İsanın «dirilmə və həyat Mənəm» sözləri ilə əlaqəli bir alleqoriya olduğunu deyirlər, yəni İsanın sözlərini praktiki şəraitdə təsvir etmək üçün bir hekayə kimidir. Ancaq belə olan halda, bu, yalnız və yalnız həqiqətin həddindən artıq təhrifi ola bilər.

4. Belə bir fikir də var idi ki, bu hekayə varlı adam və Lazar məsəli ilə bağlıdır (Luka 16:19-31). Həmin məsəl belə bir ifadə ilə bitir ki, kimsə ölümdən dirilsə belə, yəhudilər yenə də buna inanmayacaqlar. Buna görə fərziyyə ondan ibarətdir ki, Lazarın dirilməsi hekayəsi İsanın həqiqətən kimisə ölümdən diriltdiyini göstərmək üçün yazılmışdır, amma yəhudilər Ona yenə də iman etmədilər.

Bu hekayəni araşdıraraq sonda demək məcburiyyətindəyik ki, əslində onun haradan qaynaqlandığını bilməsək də, şübhəsiz, çox əhəmiyyətli və böyük bir şey baş verib.

Amma biz bu hekayənin doğruluğuna əminik, çünki Allahın Kəlamı həqiqətdir. Həm də yaddan çıxarmaq olmaz ki, Bet-Anya indiyədək Lazarın adına uyğun olaraq «Azarieh» adlandırılır.

Amerikalı professor Robert Makafi Braun bu hekayənin nəticələrindən biri haqqında danışır. O, Yaponiyadan Amerikaya tərxis olunmaq üçün 1500 dəniz piyadasını daşıyan nəqliyyat gəmisində ordu kapellanı kimi xidmət etmişdir. Günlərin bir günü o, kiçik bir qrup əsgər tərəfindən onlarla birlikdə Müqəddəs Kitab dərslərini öyrətmək üçün dəvət aldı. O, buna çox təəccüblənmişdi. O, bu fürsətdən istifadə etdi və səyahətin sonunda onlar bu fəsilə gəlib çatdılar. Dərsdən sonra əsgərlərdən biri onun yanına gəlib belə dedi: «Bu hekayədəki hər şey mənə işarə edir». O, son altı ayda, sözün əsl mənasında, necə cəhənnəm yaşadığını danışdı. Həmin əsgər orta məktəbi bitirdikdən sonra dəniz piyadalarına yazılmış və Yaponiyaya göndərilmişdi.

O, həyatdan yorulmuşdu və darıxdırıcılıqdan dəhşətli bir bəlaya düşmüşdü. Allahdan başqa heç kim bu barədə bilmirdi. O, vicdan əzabı çəkirdi. Həyatı bərbad görünürdü. Ailəsi ilə necə görüşəcəyini təsəvvür edə bilmirdi, baxmayaraq ki, onun başına gələnləri onların bilməsinə ehtiyac yox idi. Ancaq o özünü elə hiss edirdi ki, sanki intihar edib. Sonda əsgər dedi: «Bu fəsli oxumaqla mən dirildim. Mən bilirəm ki, İsanın burada danışdığı dirilmə gerçəkdir, çünki O məni ölülər arasından diriltdi». Düzdür, bununla həmin gəncin çətinlikləri bitmədi. Onu çətin bir yol gözləyirdi. Lakin o, İsada əsl dirilmə və həyat tapdı.

47-53

SÖZLƏRİN İRONİYASI (Yəhya 11:47-53)

Burada yəhudi başçılarının obrazı çox aydın görünür. Bet-Anyada baş verən möcüzə onları hərəkətə keçməyə sövq etdi. İsanın sərbəst hərəkət etməsinə icazə vermək olmazdı, çünki getdikcə daha çox insan Onun ardınca gedirdi. Yəhudi başçıları vəziyyəti müzakirə etmək üçün şura çağırmaq qərarına gəldilər. Şuraya fariseylər və sadukeylər daxil idi. Amma fariseylər siyasi partiya deyil, sırf dini partiya idilər. Onların əsas vəzifəsi Qanunun diqqətlə icra edilməsindən ibarət idi. Onlar üçün ölkəni kimin idarə etdiyi maraqlı deyildi. Əsas o idi ki, onlara yəhudi dini qanunlarının göstərişlərinin hər bir təfərrüatına riayət etmək imkanı verilsin. Sadukeylər isə varlı aristokratlardan ibarət siyasi qrup idi. Onlar düşmənlə əməkdaşlıq edən kollaborasionist idilər, yəni azadlıq, zəngin və rahat yaşamaq, mövqelərindən maneəsiz istifadə etməkdən ötrü Roma ilə əməkdaşlığa hazır idilər. Kahinlərin hamısı sadukey olduğuna görə, şurada fariseylərdən daha çox sadukeylərin səsi üstünlük təşkil edirdi. Yəhya çox böyük ustalıqla bu insanların tipik xüsusiyyətlərini təsvir edir. Əvvəla, onlar nəzakətsiz idilər.

Tarixçi İosif Flavi onlar haqqında yazırdı ki, «öz aralarında belə, yad adamlarla olduğu kimi, çox kobud və sərt davranırdılar» («Yəhudi müharibəsi» 2.8.14). «Siz heç nə bilmirsiniz» baş kahin Qayafa həmkarlarına deyir (Yəhya 11:49). Başqa sözlə, «Siz axmaq, kütbeyin varlıqlarsınız». Biz burada sadukeylərə xas olan təkəbbürü görürük. Onların təkəbbür və sərtliyi İsanın nitqindəki mülayimlik və məhəbbətlə ziddiyyət təşkil edir. Sadukeyləri maraqlandıran yeganə şey siyasi və sosial səlahiyyətlərini, nüfuzlarını qorumaq idi. Onlar qorxurdular ki, İsa xalqı Özünə cəlb edər və hökumətə qarşı fitnə-fəsad törədə bilər. Roma ümumən öz təbəələrinə qarşı dözümlü idi. Lakin imperiyanın nəhəng böyüklüyünü nəzərə alaraq, ictimai iğtişaşlara yol verə bilməzdi. Buna görə onları həmişə amansızlıqla yatırırdı. Əgər İsa xalqın üsyanına səbəb olsaydı, Roma bütün var gücü ilə Ona hücum edərdi. Bu da sadukeylərə mövqelərini və səlahiyyətlərini itirmək bahasına başa gələcəkdi. İsanın haqlı və ya haqsız olduğunu soruşmaq onların ağlına belə gəlmirdi. Onları yalnız bir şey maraqlandırırdı: Roma müdaxilə etsəydi, bunun nəticələri nə olardı və bu onların rahatlığına, mövqelərinə necə təsir edə bilərdi? Onlar hər şeyi həqiqət nöqteyi-nəzərindən yox, öz şəxsi karyerası nöqteyi-nəzərindən mühakimə edirdilər. Bildiyimiz kimi, insanlar hələ də Allahın iradəsi əvəzinə öz karyerasına üstünlük verirlər. Sonra sözlərin ironiyasının ilk nümunəsini görürük. Bəzən insan elə söz deyir ki, özü də onun tam mənasını anlamır. Sadukeylər, onları rahatlıq və mövqelərindən məhrum edə biləcək Romadan qorxaraq İsanın uzaqlaşdırılmasını tələb etdilər.

70-ci ildə qorxduqları başlarına gəldi. Yəhudilərin inadından yorulan Roma hökuməti Yerusəlimi mühasirəyə aldı, onu yerlə yeksan etdi və Məbədin olduğu yeri viran qoydu. Maraqlıdır, görəsən yəhudilər İsanı öz Məsihləri kimi qəbul etsəydilər, nə baş verərdi? Lakin xalqını «xilas etmək» üçün atdıqları addımlar onları məhv etdi. Bütün bunlar 70-ci ildə baş verdi. Yəhyanın Müjdəsi isə təxminən 100-cü ildə yazılmışdı. Onu oxuyanların hamısı sadukeylərin sözlərinin böyük ironiyasını görə bildi.

Baş kahin Qayafa belə bir nitq söylədi: «Başa düşmürsünüz ki, bütün bu millətin məhv olmağındansa bir Adamın xalq uğrunda ölməsi sizin üçün daha yaxşıdır?» Yəhudilər inanırdılar ki, baş kahin Allahdan söz almaq üçün Ona müraciət edəndə, Allahın Özü onun dili ilə danışır. Musa peyğəmbərin dövründə Musa Yeşuanı özündən sonra İsrail xalqına rəhbərlik etmək üçün müavin təyin etdi. Yeşua Musa peyğəmbər qədər xalq qarşısında nüfuzlu olmalı idi. Məsləhətə ehtiyac duyanda isə kahin Eleazara müraciət etməli idi ki, Eleazar onun adından Allahla danışsın «... Yeşua ilə bütün İsraillilər icması Eleazarın əmri ilə döyüşə gedib-gəlsinlər» (Saylar 27:18-21). Baş kahin Allahın sözünü xalqın rəhbərlərinə ötürən idi. Həmin il Qayafa bu vəzifəni icra edirdi. Sözlərin ironiyasına daha bir misal: Qayafa demək istəyirdi ki, bütün xalqı Roma hakimiyyətinin əlindən xilas etmək üçün İsanın əzab içində ölməsi daha yaxşıdır. Ancaq İsa xalqı əbədi xilas etmək üçün əziyyət çəkməli və ölməli idi. Qayafa dediyi sözlərin daha dərin və ali mənasını dərk etmirdi. Allah ağlagəlməz insanlar vasitəsilə danışa bilər. Bəzən də dediklərini dərk etməyən insan vasitəsilə Öz sözünü çatdırır. O, hətta pis adamdan belə istifadə edə bilər. İsa təkcə yəhudi xalqı üçün deyil, bütün dünya xalqları üçün ölməli idi. Erkən İmanlı Cəmiyyəti bu sözləri gözəl formada tətbiq etdi. İmanlı Cəmiyyətinin ibadətdə istifadə etdiyi ilk kitabı «On İki Həvarinin Təlimi» — «Didaxe» idi. Bu kitab həvarilərin dövründən 100 il sonra yazılmışdı. Rəbbin süfrəsi zamanı çörək bölünəndə belə dua etmək adət idi: «Ya Rəbb, bu çörək tarlada necə səpələnib, sonradan bir yerə yığıldığı kimi, İmanlı Cəmiyyətini də belə dünyanın hər yerindən Öz Padşahlığında bir yerə yığ» (Didaxe 9:4). Çörək ayrı-ayrı hissəciklərdən, bir-birinə bərkidilmiş ayrı-ayrı buğda dənələrindən hazırlanır. Biz də hər dəfə Rəbbin süfrəsini qəbul edəndə bu barədə düşünməliyik.

54-57

İSANIN TƏQİBİ (Yəhya 11:54-57)

İsa lazımsız yerə təhlükə ilə riskə getmirdi. O, canını qurban verməyə hazır idi. Lakin xidməti bitməmiş canını mənasız yerə qurban verməzdi. Ona görə də İsa Yerusəlimin şimalında yerləşən dağlara — Bet-Elin yaxınlığındakı Efrayim şəhərinə getdi (2Salnamələr 13:19).

Bu zaman Yerusəlim ölkənin hər yerindən gələn insanlarla dolu idi. Pasxa bayramı yaxınlaşırdı. Heç bir yəhudi Məbəddə paklanmadan bayramda iştirak etməzdi. İnsanlar çox şeyə toxunmaqdan murdarlana bilərdilər. Bu səbəbdən yəhudilər lazımi qurbanları təqdim etməyə və paklanma mərasimi üçün tələb olunan ayinləri yerinə yetirməkdən ötrü Yerusəlimə tez getməyə tələsirdilər. Qanunda deyilirdi: «Hər bir insan bayramdan əvvəl paklanmağa borcludur».

Paklanma mərasimi Məbəddə baş tuturdu və çox vaxt tələb edirdi. Buna görə də öz növbəsini gözləyərkən yəhudilər kiçik qruplarda toplanırdılar. Onlar nə baş verdiyini bilirdilər, xalqın başçıları ilə İsa arasındakı ölümcül rəqabətdən xəbərdar idilər. Ümumiyyətlə, insanlar onlardan üstün olan qüvvələrə cəsarətlə qarşı çıxan şəxslərlə maraqlanırdılar. Onlara İsanın bayrama gəlib-gəlməyəcəyi maraqlı idi və düşündülər ki, Onun gəlmək ehtimalı azdır. Axı onların düşündüyü kimi, Qalileyalı dülgər yəhudi kahinliyinin və siyasi hakimiyyətin gücünə müqavimət göstərmək iqtidarında ola bilməzdi. Lakin onlar bu düşüncələrində yanıldılar. İsanın gəlmək vaxtı çatanda, dünyada heç bir qüvvə Ona mane ola bilməzdi. O gəldi.

Martin Lüter də onu riskli işlərdən çəkindirənlərə əhəmiyyət vermirdi. O, «kardinallara, papalara, krallara, imperatorlara və cəhənnəmlə birgə bütün cinlərə əhəmiyyət verməyərək», gözündə düzgün görünən yolu qəbul edirdi. Onu Roma katolik kilsəsinin sui-istifadələrinə qarşı hücumlara cavab vermək üçün Vormsa çağıranda, o, təhlükə barədə kifayət qədər xəbərdarlıq almışdı. Amma onun cavabı belə oldu: «Əgər Vormsda evlərin damındakı kirəmitdən daha çox cin olsa belə, yenə də gedəcəyəm». Biləndə ki, V Karl onu ələ keçirmək niyyətindədir, onda belə dedi: «V Karl üstümə yağış yağdırsa belə, gedəcəyəm». Lüterin qorxmadığını söyləmək olmaz. Çünki çıxışları zamanı dəfələrlə səsi titrəyir, dizləri əsirdi. Amma onun qorxuya qalib gələn cəsarəti var idi. Məsihçi düzgün olanı etdiyi zaman nəticələrdən qorxmur. O, hərəkətsizliyinin nəticələrindən qorxur.

Bu fəslin son ayələri göstərir ki, həmin vaxt hakimiyyət İsanı qarabaqara izləyirdi. Bəlkə də hakimiyyət orqanları Onu həbs etməyin daha asan yolu barədə məlumat verən şəxsə mükafat elan etmişdilər. Bəlkə də Yəhudanı şirnikləndirən də məhz bu idi. Amma buna baxmayaraq, İsa Yerusəlimə gəldi. O, şəhərin mərkəzindən uzaqda olan xiyabanlarda gizlənərək deyil, açıq şəkildə xalqın diqqətini Özünə cəlb etmək üçün gəldi. Biz Onun ölümün gözünə dik baxan cəsarəti qarşısında heyranlıqla baş əyməliyik.

Azərbaycan dilində Müqəddəs Kitab

İsa ölən Lazarı dirildir
1 Lazar adlı bir adam xəstələnmişdi. O, Məryəmlə bacısı Martanın yaşadığı Bet-Anya kəndindən idi. 2 Rəbbin üzərinə ətirli yağ çəkib ayaqlarını saçları ilə silən həmin Məryəm idi. Xəstələnən Lazar onun qardaşı idi. 3 Bu səbəbdən iki bacı «ya Rəbb, sevdiyin adam xəstədir» deyə İsaya xəbər göndərdi. 4 İsa bunu eşidib dedi: «Bu xəstəliyin nəticəsi ölüm yox, Allahın izzəti və Allah Oğlunun bununla izzət qazanması olacaq».
5 İsa Martanı, onun bacısını və Lazarı sevirdi. 6 Buna görə də Lazarın xəstələndiyini eşidəndə olduğu yerdə daha iki gün qaldı. 7 Sonra isə şagirdlərə «yenə Yəhudeyaya gedək» dedi. 8 Şagirdlər Ona dedilər: «Rabbi, oradakı Yəhudilər bir az əvvəl Səni daşqalaq etməyə çalışırdı. Sən yenə də oraya qayıdırsan?» 9 İsa cavab verdi: «Gündə on iki saat yoxdurmu? Kim gündüz vaxtı gəzərsə, büdrəməz, çünki bu dünyanın nurunu görür. 10 Lakin kim gecə vaxtı gəzərsə, büdrəyər, çünki daxilində nur yoxdur». 11 İsa bu sözləri söylədikdən sonra onlara dedi: «Dostumuz Lazar uyuyub. Mən onu oyatmaq üçün gedirəm». 12 Onda şagirdlər Ona dedilər: «Əgər uyuyubsa, sağalacaq». 13 İsa onun ölümü barədə danışmışdı, amma onlar elə bildilər ki, yuxuya getdiyini söyləyib. 14 Onda İsa onlara açıqca dedi: «Lazar ölüb. 15 Mən də sizin uğrunuzda, iman etməyiniz üçün orada olmadığıma sevinirəm. Amma gəlin onun yanına gedək». 16 «Əkiz» adlanan Tomas o biri şagirdlərə dedi: «Biz də gedək ki, Onunla ölək».
17 İsa gəlib Lazarın artıq dörd gündən bəri qəbirdə olduğunu bildi. 18 Bet-Anya ilə Yerusəlim arasında on beş stadi məsafə var idi. 19 Bir çox Yəhudi Marta və Məryəmə qardaşlarının ölümünə görə təsəlli verməyə gəlmişdi. 20 Marta İsanın gəldiyini eşidəndə Onu qarşılamağa çıxdı, ancaq Məryəm evdə oturmuşdu. 21 Marta İsaya dedi: «Ya Rəbb, əgər Sən burada olsaydın, qardaşım ölməzdi. 22 Ancaq bilirəm ki, Sən indi də Allahdan nə diləsən, O Sənə verəcək». 23 İsa ona «qardaşın diriləcək» dedi. 24 Marta Ona dedi: «Bilirəm ki, dirilmə zamanı, son gündə o da diriləcək». 25 İsa ona dedi: «Dirilmə və həyat Mənəm. Mənə iman edən ölsə də, yaşayar, 26 yaşayıb Mənə iman edən də heç vaxt ölməz. Buna inanırsanmı?» 27 Marta Ona cavab verdi: «Bəli, ya Rəbb, inanıram ki, dünyaya gəlməli olan Allahın Oğlu Məsih Sənsən».
28 Marta bunu söylədikdən sonra gedib bacısı Məryəmi gizlicə çağırdı və dedi: «Müəllim buradadır, səni çağırır». 29 Məryəm bunu eşidən kimi tez qalxıb İsanın yanına getdi. 30 İsa hələ kəndə girməyib Martanın Onu qarşıladığı yerdə qalmışdı. 31 Məryəmlə birgə evdə olan və ona təsəlli verən Yəhudilər qadının tez qalxıb bayıra çıxdığını görəndə elə bildilər ki, ağlamaq üçün qəbirin yanına gedir. Buna görə də onun ardınca getdilər. 32 Məryəm İsanın olduğu yerə gəlib Onu gördü və ayaqlarına düşüb dedi: «Ya Rəbb, əgər Sən burada olsaydın, qardaşım ölməzdi». 33 İsa onun və yanında gələn Yəhudilərin ağladığını görəndə əhvalı pozuldu və təlaşa düşdü. 34 İsa onlardan «Mərhumu haraya qoymusunuz?» deyə soruşdu. Ona «Ağa, gəl bax» dedilər. 35 İsa ağladı. 36 Onda Yəhudilər «Bax onu necə də sevirmiş!» söylədilər. 37 Lakin onlardan bəzisi dedi: «Korun gözlərini açan bu Şəxs bir şey edə bilməzdi ki, bu adam ölməsin?»
38 O zaman İsa yenə əhvalı pozulmuş halda qəbirin yanına gəldi. Qəbir bir mağara idi və ağzına daş qoyulmuşdu. 39 İsa «daşı götürün» dedi. Mərhumun bacısı Marta Ona dedi: «Ya Rəbb, artıq iylənib, çünki öldüyü dörd gündür». 40 İsa dedi: «Axı Mən sənə söyləmədimmi, iman etsən, Allahın izzətini görəcəksən?» 41 Beləcə daşı götürdülər. İsa da başını yuxarı qaldırıb dedi: «Ey Ata, Məni eşitdiyin üçün Sənə şükür edirəm. 42 Bilirəm ki, Məni həmişə eşidirsən. Lakin bunu ətrafımda duran xalq üçün söylədim ki, Məni Sən göndərdiyinə inansınlar». 43 Bu sözləri söylədikdən sonra «Lazar, bayıra çıx!» deyə bərkdən qışqırdı. 44 Ölü də bayıra çıxdı. Onun əl-ayağı sarğılarla və üzü dəsmalla bağlanmışdı. İsa onlara «onu açın və buraxın getsin» dedi.
45 Onda Məryəmin yanına gələn və İsanın nə etdiyini görən Yəhudilərin bir çoxu Ona iman etdi. 46 Lakin onlardan bəzisi fariseylərin yanına gedib İsanın nə etdiyini onlara danışdı.
Fariseylərin İsanı öldürmək niyyətləri
(Matta 26:1-5; Mark 14:1-2; Luka 22:1-2)
47 Onda başçı kahinlər və fariseylər Ali Şuranı toplayıb dedilər: «Nə edək? Bu Adam çoxlu əlamət göstərir. 48 Əgər Ona mane olmasaq, hamı Ona iman edəcək. Romalılar da gəlib məbədimizi və millətimizi məhv edəcək». 49 Orada olanlardan biri, həmin il baş kahin olan Qayafa onlara dedi: «Siz heç nə bilmirsiniz. 50 Başa düşmürsünüz ki, bütün bu millətin məhv olmağındansa bir Adamın xalq uğrunda ölməsi sizin üçün daha yaxşıdır?» 51 O bu sözləri özündən söyləmədi, lakin o il baş kahin olduğu üçün peyğəmbərlik edib xəbər verdi ki, İsa bu millətin uğrunda – 52 təkcə millətin uğrunda deyil, Allahın hər tərəfə səpələnmiş övladlarını bir yerə toplamaq üçün öləcək. 53 Beləcə o gündən etibarən İsanı öldürməyi qərara aldılar.
54 Buna görə də İsa daha Yəhudilərin arasında açıq gəzmirdi. Oradan çöllüyə yaxın diyara, Efrayim adlanan şəhərə getdi və şagirdlərlə orada qaldı.
55 Yəhudilərin Pasxa bayramı yaxınlaşırdı. Çoxlu adam paklanmaq üçün Pasxadan qabaq kəndlərdən Yerusəlimə getdi. 56 Onlar İsanı axtarırdılar və məbəddə dayanıb bir-birlərinə deyirdilər: «Necə fikirləşirsiniz? O, bayrama heç gəlməyəcəkmi?» 57 Başçı kahinlər və fariseylər Onu tutmaq məqsədi ilə «harada olduğunu kim bilirsə, göstərsin» deyə əmr vermişdilər.